“Merac” hadisəsinin Quran, hədis, əql və müasir elm baxımından araşdırılması
Peyğəmbərimizin (s) həyatında baş verən və müxaliflər tərəfindən inkar edilən hadisələrdən biri də “Merac” hadisəsidir. Bu hadisə “İsra” sürəsində və “Nəcm” sürəsində gəlmiş, lakin təfərrüatları hədis və təfsirlərdə gəlmişdir. Merac sözü lüğətdə: Merac عُرُج (uruc) sözündən olub, yuxarıya yüksəlmə mənasını verir. Bəzi lüğətlər bu yüksəlməni nərdivanla müqayisə etmiş və bu yüksəlməni dərəcə-dərəcə, pillə-pillə yüksəlmə kimi məna etmişlər. Bu söz müxtəlif qəliblərdə Quranda gəlmiş və bu mənalarda istifadə edilmişdir. (Bax: “Məaric”, 3-4, “Hicr” 14) Merac sözü istilahda: Bu söz istilahda, peyğəmbərin (s) Məscidul-Həramdan Məscidul- Əqsaya, oradan da göylərə səfər etməsinə deyilir. Merac hadisəsi hədislərdə Məscidul-Həramdan Məscidul- Əqsaya hərəkət sözügedən səfərin başlanğıcı kimi göstərilmiş, bundan sonra yer, sonra göy və daha irimiqyaslı bir səfərin baş verdiyi qeyd edilmişdir. Bu ilahi səfərin necəliyi, səfər zamanı peyğəmbərin (s) başına gələnlər, onun nələri görməsi ilə b...