Təbliğat silahı
Müsəlman cəmiyyətin əməl etmədiyi və beləliklə öz əleyhinə yönəlmiş
güclü bir SİLAH – TƏBLİĞAT.
Bu gün əkəsriyyətimizin özümüzə vəzifə bilmədiyi, müsəlmanlar arasında
məzluma çevrilən İLAHİ BİR HÖKM – TƏBLİĞAT.
İslam düşmənlərinin müsəlmanların əleyhinə gecə gündüz istifadə
etdikləri və təəssüflə qeyd edək ki, bir çox mənada nail olduqları, bir MƏSƏLƏ
– TƏBLİĞAT.
Çoxlarımızın mənasını belə bilmədiyimiz bir SÖZ – TƏBLİĞAT
Nədir “Təbliğ” dedikdə görəsən neçə nəfər bu suala düzgün cavab verəcək?
İndi fikirləşirsiniz ki, “təbliğ” sözünün mənası nəyisə, kimlərəsə
“çatdırmaq”dır? Hələ də belə düşünürük? Çox təəssüf...
Elə bu səhv düşüncəmizin nəticəsidir ki, hər sözü, harda, necə gəldi
düşünmədən, olduğumuz şəraiti və məkanı nəzərə almadan, qarşımızdakı şəxsin
kimliyinə baxmadan və “təbliğ” sahəsində Quranın və İslamın buyuruqlarına məhəl
qoymadan, öz istəklərimiz əsasında “təbliğ” edirik və bu da nəticəsiz qalır.
İlahi hədəflərə müvafiq olmayan hər iş kimi bu da müvəffəqiyyət ələyindən keçə
bilmir. Zahirdə özümüzü təbliğatçı kimi görsək də, ilahi baxışda bizim etdiklərimiz ilahi “təbliğat”dan çox-çox uzaq olur. Yaxşı nədir TƏBLİĞAT?
Təbliğ sözünün əsl mənası: Təbliğ hər hansı bir xəbəri münasib və təsirli vasitədən
istifadə etməklə çatdırmağa deyilir.
Deməli, təbliğdə təkcə çatdırmaq yox, münasib və təsirli vasitə də mühum
rol oynayır.
Təbliğat dini vəzifə olmaqla yanaşı həm də fitri bir məsələdir. Allah
bunu bütün canlılların fitrətində qoymuşdur. Süleyman ordusunun gəlişini, qarışqalardan
birinin digərinə xəbər verməsi, (Nəml 18)
şanapipiyin Səba xalqının günəşə sitayiş etmələrini Hz Süleymana xəbər
verməsi kimi. (Nəml 24)
Bu ilahi vəzifənin tarixçəsi insanların yaranması ilə başlayaraq
qiyamətəcən davam edəcək. (Fatir 24)
Ona görə də asanlıqla deyə bilərik ki, yer üzündə yaşayan ilk şəxs,
eyni zamanda ilk mübəlliğdir.
Təbliğ silahı zalımların əlində olduqda, ondan ancaq öz nəfsi istəklərinə
görə istifadə edirlər. Amma ilahi peyğəmbərlər və ilahi insanlar isə bu vasitədən ilahi hədəflərin yer
üzündə bərqərar olması üçün istifadə edirlər. (Nəhl 36, Ənfal 24)
Müasir zamanda biz müxtəlif təbliğ vasitələrindən istifadə edə bilərik.
Bu hər kəsin özünə görə dəyişə bilən bir məsələdir. Dünya məhşurlarının təbliğ barədə
dediklərini nəzərdən keçirtdikdə bir neçə cümlə diqqətimi çəkdi.
Napaleon deyir: “Qəzetləri yazan qələmin səsi, məni
güllələrin səsindən daha çox qorxudur.”
Amerikanın keçmiş ölkə başçısı Karter deyir: “ Təbliğ
üçün xərclənən bir dollar, silaha xərclənən on dollardan daha yaxşıdır.”
Hitlerin təbliğat üzrə naziri deyir: “Qaz vasitəsi
ilə yüzlərlə insan zəhərlənir, lakin yalan və şayiə ilə yüz milyon insanı da zəhərləmək
olar.”
Bu təbliğ vasitələri siz oxuculara heç də yad deyildir. Müxtəlif
virusları yaradan, daha sonra onlara qarşı vaksinləri hazırlayanlar da eyni mənbədir.
Bu virus, həm də məlumat sahəsində olur ki, bunun heç vaksinləri də satılmır.
KİV-ri bu virusa elə aludə olub ki, gəl görəsən... Bunun vaksini sadəcə düşünmək
və ağıldan düzgün istifadə etməkdir.
Biz niyə bu hala düşdük? Niyə fitrətimizdə yatan təbliğat silahımız
pas atıb? Niyə oyanmırıq? Və ya niyə oyanmaq istəmirik?
Yəhudilərlə bağlı bir sənədli filmi izləyirdim. Yəhudilərin təbliğ
üsullarından danışırdı. O zaman özümə maraqlı gələn iki hissəni qeyd etmişdim.
Onları sizinlə də bölüşüm. Stat: “... Biz yəhudilər təbliği özümüzə vəzifə
bilirik. Əgər bir yerdə toplu halda yaşasaq içimizdən bir neçə nəfər təbliği
özünə vəzifə bilir. Yəni etdiyimiz səhvləri bizə xatırladır və bizə alternativ
yollar göstərir...
Şərhçi: “Yəhudilərin digər təbliğ üsulu isə ikili təbliğ üsuludur.
Beləki içlərindən biri bir sahədə müvəffəqdirsə, onda bir nəfəri də özünə həmkar
seçərək bahəm fəaliyyət göstərirlər. O araşdırır, digəri isə onu işlərini cəmiyyətdə təbliğ edir.”
Bu metodlar sizə tanış gəldimi? Yəhudinin dediyi “təbliği özümüzə vəzifə bilirik,” sözü əslində Allahın bizə əmr
etdiyi işdir ki, ondan uzaq düşmüşük.
Buda ayəsi: (Ey müsəlmanlar!)
İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis
əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat
tapmış şəxslərdir. (Ali-İmran 104)
Videonu şərh edənin də qeyd etdiyi metod, yenə də Quranın təbliğat
üsuludur. Hz Musa və Hz Harunun birgə fəaliyyətini əks etdirən nümunəvi bir
metod. Beləki Hz Musa və Harun təbliğ
işlərini aralarında bölürlər. İslami hədislər də bizi bu cür təbliğə səsləyir:
“Allah rəhm etsin o bəndəyə ki, başqası ilə birləşib, bizim yolumuzu təbliğ
edir.”
Tarix boyu müsəlmanların əzilməsinin və onlara qarşı çox asanlıqla əks
təbliğatın aparılmasının başlıca səbəblərindən biri də, bu cür təbliğat təşkilatlarının
və birliklərinin olmamasına görədir.
Təbliğatda müvəffəq olmamağımızın bir səbəbi də, ətrafımızda baş verən
hadisələrdən xəbərsiz olmağımız və ya baş verənləri düzgün dəyərləndirə bilməməyimizdir.
Allah Rəsulunun (s) həyatında baş verən bir hadisə çox ibrətamizdir.
İslam peyğəmbəri (s) Mədinəyə hicrət edərkən Hz Əlini (ə) öz
yatağında yatırtmaq sürəti ilə onu Məkkədə qoyaraq, Mədinəyə tərəf hicrət edir.
Sizcə hz Əli (ə) niyə bütün təhlükələr rəğmən o yatağa yatdı? Buna ilk verəcəyimiz
cavab, dini kitablardan oxuduğumuz, çox
qısa şəkildə ifadə etsək, “peyğəmbərin rahat Məkkəyə hicrət etməsi üçün.”
cavabı zehnimizə gəlir. Bu cavab öz-özlüyündə düzdür. Amma sizcə səbəb təkcə elə
bu idi? Əsla! Bu təbliğatın üsullarından biridir. Allah Rəsulunun
(s) bu addımını sadəcə yuxarıdakı cavabla məhdudlaşdırmaq o həzrətə zülm
olardı. İslam peyğəmbəri (s) Hz Əlinin Məkkədə qoyma səbəbləri çoxdur.
Mövzumuzla əlaqəsi olan bu hissədir ki, Peyğəmbər (s) özündən sonra Məkkə hadisələrindən
xəbərsiz olmaması üçün bu addımı atdı və bu ilahi hədəflərə və həm də özündən
öncəki peyğəmbərlərin hədəflərinə tam şəkildə uyğun idi. Bunu Quran bizə deyir.
(Yəhudinin bu sözündən sonra dünən
öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər
Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin
ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf
səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx
get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Qəsəs 20)
Bu ayədən də məlum olur ki, Hz
Musanın şəhərdə gizli məmurları var idi ki, baş verənlərdən onu xəbərdar etsin.
Deməli bir müsəlman üçün sağlam informasiya da təbliğatı və atacağı addım üçün
şərtdir.
Allah Rəsulu hicrətdən öncə Məsəbi Mədinəyə göndərməklə, hicrətdən sonra
Abbası Məkkədə qoymaqla informasiya mübadiləsini qorudu.
Eyni işi Hz Hüseyn (ə) də gördü.
Beləki Kərbəladan öncə Məhəmməd Hənəfiyyəni Mədinədə saxladı ki Mədinənin xəbərlərindən
onu xəbərdar etsin və Müslim ibn Əqili Kufəyə
göndərdi ki,oranın vəziyyətini öyrənib xəbər versin.
İslam düşmənlərinin buügünkü güclü
hiylələri, siyasətləri müqabilində təbliğat, təkcə bir-iki nəfərin işi deyil. Gərək
savadlı, elmdə müvəffəq olan şəxslər – gənclər, Allahın ayələrinin digərlərinə
çatdırmaqda maraqlı olalar. İslam bayrağı altında, heç bir məzhəb fərqi
qoymadan hamıya qucaq aça və ilahi vəhdətin carçısına çevrilə. Gərək elə olmaya
ki, bir nəfərin aradan getməsi ilə bütün vəhdət pozula. Camaat namazında olduğu
kimi. Əgər imamın başına bir hadisə gələrsə və ya namazdan çıxmağa məcbur
olarsa onda digəri onu əvəz edir. Bəs bizdə necə o digərlər varmı?
Allah Rəsulu nə üçün, Mütə
döyüşündə bir neçə sərkərdə təyin etdi?
Allah Rəsulunun (s) bu addımı təsadüfi idi? Əlbəttə xeyr.O həzrət (s) bununla bizə dərs
keçdi. “Bir cəmiyyətdə, bir təşkilat, bir qurum, bir müəssə təsis etsəz, mütləq
orda o rəhbəri əvəz edən biri olsun.” mesajını verdi. Amma təəssüf ki, o mesajı
oxuya bilməmişik...
Tarixi hadisədən ibrət almayan
bizlər, Quranın ayəsini də görmürükmü?
Uhud döyüşündə peyğəmbərin ölüm
şayiəsi yayıldı. Bir dəstə müsəlman döyüşü tərk etdi və meydandan qaçdılar.
Nazil olan bu ayə, o qaçanların timsalında Qiyamətə qədər bütün insanlığa bir
mesaj verdi. “Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz.(dininizdən
dönər və ya döyüşdən qaçacaqsınız?”
(Ali-İmran 144)
Ayədən əldə olunan nəticə budur
ki, gərək müsəlmanların birlik və təbliğatı elə güclü ola ki, hətta peyğəmbərin
(s) də dünyadan getməsi bu birliyi və təbliğatı sarsıtmaya.
Əgər bugün təbliğat silahını bir kənara
qoyub, “MƏNƏ NƏ” desək, onda ilahi əzabı gözləyək.
(Daha ətraflı Şəms sürəsi,
ayə 14, Əraf, 77, Hud 65, Şuəra 157. Qəmər 29- ayələrini təfsirinə müraciət
edin.)
Yaxşı işlər görən, “mən Allaha təslim olanlardanam” deyərək insanları
Allaha tərəf çağıran kimsədən daha yaxşı danışan kimdir? (Fussilət 33)
Allah Rəsulu (s) bir gün əshabına buyurur: “Sizə bir dəstə
insanlardan xəbər verimmi ki, onlar nə peyğəmbərdirlər və nə də şəhid. Amma
Qiyamət günü peyğəmbər və şəhidlər onların Allah qatındakı məqamlarına qibtə edəcəklər.Nurdan
minbərlər üzərinə oturmuşlar və hamı onları tanıyar.”
Əshab: Onlar kimlərdir ey Allahın Rəsulu! (s)
Allah Rəsulu (s): “Onlar Allah qullarını Allaha sevdirən, və qulları
da Allaha sevdirən kimsələrdir.Yer üzündə Allahın dinini yayan, insanlara nəsihət
verən və dini təbliğ edənlər kimsələrdir.”
Dedilər: “Ey Allahın Rəsulu!
(s) Allahı bəndələrinə sevdirməyi başa
düşdük. Bəs Allahın bəndələrini, Allaha sevdirmək necə olur?”
Buyurdu: “İnsanlara Allahın sevdiyi şeyləri əmr edənlər,sevmədiyi
şeylərdən də çəkindirərlər. İnsanlar da bunlara əməl edincə Allah da onları sevər.”
Bəli, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək.
Zahirdə əhəmiyyət vermədiyimiz, amma atom bombasından daha da güclü bir
silahdır təbliğat. Bu cür güclü silaha malik olduğumuz halda, Allah və Rəsulu
(s) da bu silahın bütün texniki taktiki
xüsusiyyətləri (TTX) ni bizə hədislərdə dəfələrlə dediyi halda, hətta bu
silahdan istifadə qaydasını da bizə praktik olaraq göstərdiyi halda biz hələ də,
acizcəsinə oturub əlimizi qoynumuza qoymuşuqsa, düşmənlərin çirkli təbliğat
oyunlarından gileyləniriksə, və bu oyunlarda məğlubiyyət sorağımıza gəlirsə,
onda kül bizim başımıza...
Nə üçün keçmişdəki müsəlman qardaşlarımızın təbliğat üsullarından
istifadə etmirik? Nə üçün başımıza gələn müsibətlərdən ibrət dərsi
almırıq?
Ən azından müqəddəs kitabımıza nəzər salsaq, təbliğ barəsində kifayət
qədər ayələrə rast gələcəyik. Bəlkə də o ayələri və zikr edəcəyim hadisələri əzbər
bilirik. Amma o ayələr həyatımızı, yaşayışımız dəyişmirsə nə fayda?! Bütün
Quranı da əzbər bilsək, heçnə dəyişməz. Odur ki Quran bilənə deyil, bildiyinə əməl
edənə alim deyir. Kiçik yaşlarımda aldığım bir dəftərin üzərində Quranın bu məntiqinə
söykənən bir cümlə yazılmışdı; “Alim bilən
deyil, bildiyini vicdanında dayandırnadır.”
Deməli bildiklərimizi yaşayışımıza daşımaq kimi bir məsuliyyətimiz
var.
İslamı necə təbliğ edək?
Bu suala hər fərdin şəraiti, yaşadığı mühit, qarşısındakı şəxslər, və
ən mühum olanı onun elmi biliklərə hansı səviyyədə malik olması və digər şəraitləri
nəzərə alınaraq cavab verilməldir. Amma təəssüflə qeyd edək ki, bu suala çox
zaman cavab verilərkən bu deyilənlər nəzərə alınmır və acı aqibətini yenə də
müsəlmanlar görür. İslam peyğəmbərinin (s) öz həyatına qısa nəzər saldıqda onun
8 növ təbliğdən istifadə etdiyinin müşahidə edirik. Mümkündür bəzi oxucular bu
dediklərimizdən daha artıq üsulu o həzrətin həyatından bizə göstərə. Bu
mümkündür. Çünki, bu sayacaqlarım sadəcə, o həzrətin həyatından çıxarış edə
bildiyim nöqtələrdir.
1.Ən yaxınlarından başlaması. (Şuəra 214)
2. Zaman və məkana riayət etməsi.
3.Qarşısındakı şəxsə uyğun təbliğ metodu seçməsi.
4.Tədriciliyə (azdan çoxa, asan olandan çətinə doğru) diqqət etməsi.
(İsra 106)
5.Hər fürsəti dəyərləndirməsi.
6.Asanlaşdırıb çətinləşdirməməsi.
(Bəqərə 185, Həcc 78)
7.Müjdələyib nifrət etdirməməsi. (Səbə 28)
8.İlahi əzaba qarşı xəbərdarlıq etməsi. (Səbə 28)
Təbliğ, insanın özü ilə başlamalıdır. Əks təqdirdə bünövrə möhkəm
olmaz. “Həqiqətən özünü pak edən nicat
tapdı, təkamülə yetişdi...” (Əla sürəsi 14)
“Qalx qövmünü (Allahın əzabı
ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə! (və ya nəfsini günahlardan
pak et) Pis işlərdən uzaqlaş! Bütləri tərk et!” (Muddəssir 2-5)
Ayədə peyğəmbərə (s) olunan xitablar qiyamətəcən bütün təbliğçilərə
olunan bir xitabdır. Məlum məsələdir ki, Allah Rəsulu (s) günahdan pak və bütlərdən
uzaq idi.
Təbliğ etmək istəyən şəxs, bu
ayədəki nöqtələrə diqqət etməlidir.
“Qalx qövmünü qorxut!” – Bəzən ictimai varlıq kimi mənəvi xəstələrin
sorağına getmək lazımdır.
“Öz Rəbbini uca tut.” – Allahın adı ilə işə başlamalı və ondan yardım
istəməliyik.
“Libasını təmizlə! (və ya nəfsini günahlardan pak et) Pis işlərdən
uzaqlaş!” – Libasını təmizlə sözünün əslində libasla heç bir əlaqəsi yoxdur. Bu
ayədə “libas” nəfsə işarədir. Necə ki, libas insanın bədənini örtür, və bəzən
onunla soyuq və isti arasında maniə yaradır. Eləcə də nəfs də, insan da günaha
aludə olduqda həqiqətin önünü kəsən bir pərdəyə çevrilir və beləliklə də özü ilə Allah arasında bir maniə
yaranır.
Quranın bu kimi xitab üslubu, başqa ayələrdə də öz əksini tapır.
(Daha ətraflı Muddəssir 2-5, və Taha 12-ci ayələrin təfsirinə bax)
1.Təbliğə yaxınlarımızdan başlayaq.
Deməli əvvəl yolu getməli daha sonra isə bələdçi olmalıyıq.Bu bələdçiliyə
də evimizdən başlamalıyıq. Bu da bir
başa Quranın bizə buyuruğudur. “Ey peyğəmbər! Öz zövcələrinə, qızlarına və
möminlərin zövcələrinə de...” (Əhzab 59)
Daha sonra qohumlar: “ Öz yaxın qohumalarını çəkindir.” (Şuəra 214)
Daha sonra yerləşdiyi məntəqə və ətrafı: “...Ona görə ki, Məkkə əhlini və onun ətrafında
olanları çəkindirəsən.” (Ənam 92)
Və nəhayət bütün bəşəriyyət: “Bu Quran bütün bəşəri çəkindirmək
üçündür.” (Muddəssir 36)
Bu tədriciliyin bir sıra səbəbləri vardır ki yenə də hikmətli Quran
ayələri bunu bizə çatdırır.
Dedilər: Ey
Şueyb, biz sənin dediklərinin əksəriyyətini başa düşmürük və şübhəsiz, səni öz
aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daş-qalaq edərdik. Sənin
bizim üzərimizdə heç bir qüdrətin yoxdur. (Hud 91)
Lut peyğəmbər də
öz qövmünün əməlləri qarşısında aciz qaldıqda və ona dəstək olacaq yaxınlarının
yoxluğunu hiss edərək demişdi. “Kaş ki,
sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya
sığınardım. (Hud 80)
Allah Rəsulu (s)
bu ayəni ətrafındakılara çatdırdıqdan sonra dedi: “Allah Luta rəhmət eləsin. O
çox sağlam və möhkəm yerə (Rəbbinə) sığınırdı. Allah Hz Lutun bu duası hörmətinə
ondan sonra gələn bütün peyğəmbərlərə, özünə dəstək verəcək qohum əqraba ehsan
etdi.”
Bu baxımdandır
ki İslam qohum əqrabaya yaxşılığı, ehsanı, infaqı mühum amil hesab edir. Hətta
vərəsəlik məsələsində qohum əqrabanın haqqının digərlərindən daha üstün
olmasını bizə çatdırır. “Qohumlar (vərəsəlik
məsələsində) bir-birlərinə Allahın
kitabında möminlərdən və mühacirlərdən daha layiqdirlər.” (Əhzab 6)
Təbliğ sahəsində
də yaxınlarımıza diqqət etməliyik. Quran buyurur: “Ey iman edənlər! Özünüzü və
ailənizi yanacağı insanlardan və daşdan ibarət olan oddan qoruyun. (Təhrim 6)
2. Zaman və məkana riayət etmək.
Əziz peyğəmbərimizin (s) təbliğdə diqqət etdiyi
mühüm bir məsələ də zaman və məkanın düzgün seçilməsidir. Əvvəl gərək qarşı tərəfi
haqq sözü eşitməyə hazır vəziyyətə gətirək, daha sonra isə ilahi ayələri onlara
çatdıraq. Bu Quranın öyrətdiyi təlimdir. Quranın məhz Qədr gecəsi nazil olması,
təsadüfi deyildir. Allah, bütü insanlığa qiyamətəcən nur olacaq hidayət
kitabını təsirli və mübarək bir zamanda göndərir.
“Həqiqətən də, Biz onu (Quranı) Qədr gecəsi
nazil etdik.” (Qədr 1)
İlahi ayələr peyğəmbərə (s) nazil olan kimi peyğəmbər
(s) həmin ayələri heç də hər kəsə söyləmir. Çünki, o zaman hamı o ayələri eşitməyə
hazır deyildi. Yalnız üç il sonra açıq dəvətə Allah tərəfindən icazə verilir.
“(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı)
açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər.” (Hicr 94)
Allah Rəsulunun (s) həyatına baxsaq bütün
zamanlarda zaman və məkan ünsürünə diqqət etmişdir. Həmçinin Quranın xəbər
verdiyi kimi digər peyğəmbərlər də bu xüsusa diqqət etmişlər. Necəki Hz Zəkəriyya
və Hz Yaqub (ə) dua məsələsində (Ali-İmran 38, Yusif 97-98), Hz İbrahim
(ə) Allahı ətrafındakılara sübut etmək üçün gecəni seçməsi (Ənam 76) və
Hz Yusifin (ə) yuxu təbirində zamana və məkana diqqət etməsi. (Yusif 40)
Müasir
günümüzdə təbliğ üçün məscidlərin də rolu əvəzsizdir.Amma bəzən məsciddən
xaricdə də elmi-ictimai konfranslar təşkil olunmalı və cəmiyyətimizin
probleminin həlli yolunu müzakirə edib, fikir mübadiləsi aparıb həlli yolunda
çalışılmalıdır. Elə cümə günündə qılınan cümə namazının da əsl fəlsəfəsi budur.
Təəssüf ki bundan da çox-çox uzaq düşmüşük.
Bu cür elmi konfransaların təşkilinin bir
faydası da məscidə gəlməyən insanların bu şəraitdən faydalanıb, məscidə gələ
bilməsi üçün zəmin yaratmaqdır.
3.Qarşımızdakı şəxsə uyğun olaraq təbliğ
metodu seçək.
Mübəlliğin qarşısındakını tanıması, eyni ilə həkimin xəstəni tanıması
qədər vacibdir. Necəki, həkim xəstəni tanımadan ona düzgün diaqnoz qoya bilməz,
eləcə də mənəvi xəstəliyə tutulan şəxsi də tanımadan onun müalicəsinə girişmək
faydasızdır. Allah Rəsulunun (s) mübarək həyatına baxdıqda yenə də gözəl nümunələr
gözlər önünə sərilir. Qarşısındakı hər bir şəxsin şəraitinə uyğun olaraq,
onunla münasib dillə danışması o həzərtin Qurandan aldığı bir dərs idi. Bu dərsin
faydası əslində insanın özü üçündür. Quran bunu belə bəyan edir: “Kafirlərin
Allah əvəzinə çağırdıqlarını (bütləri) söyməyin ki, onlar da ədavət və nadanlıq
üzündən Allahı söyərlər.” (Ənam 108)
Allah Rəsuluna verilən “Əməllərin ən fəzilətlisi
hansıdır?” sualına qarşısındakı şəxsə və zamana görə;
-
Allaha iman, Allah yolunda
cihad və həcc.
-
Allahı zikr etmək.
-
Namaz
-
Allah üçün sevmək.
-
Ana-ataya xidmət.
-
Hicrət
şəklində cavablar vermişdir.
Həmçinin “sədəqənin ən fəzilətlsi hansıdır?” deyə
soruşan bir kasıba; “Kasıb olanın güc və qüdrəti ilə insanlara kömək etməsidir”
buyurarkən, eyni sualı soruşan bir qəbilə başçısına; “Quyu qazdırmaq, su
çıxartmaqdır” cavabını vermişdir.
O həzrətin yolunu getdiyini iddia edən bizlər,
bu məsələlərə çox da diqqət etmirik və acı nəticələrini də zaman-zaman
yaşayırıq.
4.Tədriciliyə (azdan çoxa, asan olandan
çətinə doğru) diqqət edək.(İsra 106)
Tədricilik də diqqət edəcəyimiz bir üsuldur. Bu üsulu Uca Rəbbimiz
Quranı və Onun hökmlərini bizə nazil etməklə öyrətmişdir.
“Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq ki, onu insanlara
tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən nazil etdik.” (Kəhf 106)
Quranın 23 ildə nazil olması da yenə ilahi hikmətdəndir. Mövzumuzla
olan əlaqə cəhətindən məsələyə yanaşdıqda
deyə bilərik ki, Rəbbimiz həm də bizə bu yolla, “təbliği də tədrici edin”
mesajını verir.Bu tədricilik bir sıra məsələlərdə (içki, qumar, rüşvət və s)
özünü göstərmiş, və Allah Rəsulu (s) da ilahi hökmləri tədrici olaraq insanlara
çatdırmışdır.
Biz də Quranın və sünnənin bizə öyrətdiyi üslubu izləməli və içində
olduğumuz cəmiyyətin şəraitini nəzərə alaraq təbliğimizi kiçik addımlarla
başlayıb ilahi hədəfələrə tərəf yol almalıyıq.
5.Hər fürsəti dəyərləndirmək.
“Təbliğ”i
sadəcə bir məkana aid etmək Allah Rəsulunun (s) təbliğ üsuluna ziddir.
Mübəlliğ gərək, hər düşdüyü mühitdə təbliğə zərurət yarandığı təqdirdə bunu etməlidir.
Bəzən ətrafımızda baş verən hadisələrin fonunda, o hadisəni ilahi baxışla təhlil
edib qarşı tərəfə çatdıra bilərik. Fikrimiz daha da aydın olsun deyə aşağıdakı
nümunələrə diqqət edək;
Bir gün Allah Rəsulu (s) bir neçə əshabı ilə səfərə
çıxmışdı. Yolda yemək üçün tonqal qalamaq istədilər. Səhabələrdən bəziləri
dedi: “Ey Allahın Rəsulu! (s) bu səhrada tonqal qalamaq üçün heçnə yoxdur.”
Allah Rəsulu (s) buyurdu: “Siz axtarın.” Bəli, bir qədər sonra hər biri əlində kiçik odun qırıqları ilə döndülər
və beləliklə böyük bir tonqal qalandı. Allah Rəsulu (s) bu zamanı fürsət bilib
buyurdu: “İnsanın günahları da belədir. Şeytan günahı bəzəyərək, onu insana
kiçik göstərir. Amma kiçik günahlar
yığılaraq böyük günahlara çevrilir.”
Yenə Allah Rəsulu (s) kəsdiyi bir qoyunun ətini
bölərkən həyat yoldaşlarından biri “ey Allahın Rəsulu! Ətin hamısını böldük.
Bizə təkcə budu qaldı” dediyində peyğəmbərimiz bu gözəl fürsəti dəyərləndirib
tarixə keçəcək bu sözləri qeyd etdi: “Təkcə budu bizə qalmadı.”
Və ya Salman Farisi kimi ki, həmişə çiynində bir
xurcun ilə gəzərdi. Bir gün şəhərə sel gəldiyində hamı mal-mülkünün evin
arxasınca qaçdığında Salman Farsi bir təpəyə çıxaraq “ey insanlar! Qiyamətdə
belə olacaq. Kimin yükü yüngül olsa o nicat tapacaq” deyərək bu fürsətdən ən
yaxşı şəkildə istifadə etdi.
Və ya Hz İsa kimi ki, ölmüş it cəsədinin
yanından keçərəkən həvariləri ölmüş it haqqında şikayətləndiklərində Hz İsa
“onun nə gözəl dişləri var” deyərək, həvarilərini, bu ələ düşməz fürsətdən
istifadə edərək nəsihət etmişdir.
6.Asanlaşdıraq, çətinləşdirməyək. (Bəqərə
185, Həcc 78)
Allah sizə yüngüllük gətirmək istəyir. İnsan zəif və aciz
yaradılmışdır. (Nisa 28)
Diqqət edəcəyimiz bir önəmli xüsusda dini məsələləri
insanlara asan formada çatdırmaqdır. İnsan fitrəti və psixologiyası rahatlığa
meyillidir. Bir şeyə alışdıqdan sonra onu rahat həyata keçirə bilər. Qabağına
çıxan ağır məsuliyyətli bir təklif qarşısında digər məsələlərin də inkarına yol
aça bilər. Odur ki, şəri qaydalar əsasında insanlar üçün ən asan yolu seçmək,
asan olandan çətinə, əsasdan təfərrüata, zahirdən batinə getməliyik. İnsanlar
müxtəlif xarakterlərə malikdirlər. Uca Rəbbimiz buyurur: “Allah sizin üçün
asanlıq istəyir, sizin üçün çətinlik istəmir.” (Bəqərə 185)
“... İslam dinində sizin üçün heç bir məşəqqət və
dözülməz çətinlik qoymayıb...” (Həc 78)
Şərh sürəsi nazil olduqda Allah Rəsulu (s)
Allahın hər çətinliyin müqabilində iki asanlıq buyurmasına sevinmiş və
buyurmuşdur: “Bir çətinlik iki asana əsla qalib gələ bilməz. Bəli iki asanlıq,
biri çətinliklə yanaşı verilən və biri çətinlikdən sonrakı asanlıq.
“(Bil ki) şübhəsiz, hər bir çətinliklə yanaşı
bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!” (Şərh
5-6)
Allah Rəsulu (s) başqa bir hədisdə buyurur: “Biz
insanların ağılları ölçüsündə danışmaqla əmr olunduq.”
Bu məsələyə olan əhəmiyyətdəndir ki, hətta camaat namazında da kiçik sürələrin
oxunması tövsiyə olunmuşdur. Çünki camaat namazı ümumidir. O namazda
kiçik-böyük, qoca-cavan, qadın ola bilər. Odur ki, dinimiz orta bir yol
tutmağımızı əmr edərək, camaat namazında kiçik sürələrin oxunmasını
buyurmuşdur.
Bir gecə camaata namaz qıldıran Muaz ibni Cəbəl
Bəqərə sürəsini oxumuş və beləliklə də, bəzi müsəlmanların etirazına səbəb
olmuşdur. Bunu eşidən Allah Rəsulu (s) buyurdu: “Ey Muaz sən fitnə çıxarmaq istəyirsən?
Vəş-şəmsi, Vəl-ləyli oxu.” Bu hədis
geniş olduğundan sadəcə mövzu ilə əlaqəli
olan hissəni yazdım. Mənbəsini, hədisi tədqiq etmək istəyənlər üçün qeyd edirəm
. (Muslim, Salat, 178; Buxari, əzan, 60,63, 66)
Deməli, hətta ibadətdə də həddi aşmaq olmaz. Bu
məsələyə diqqət etməmək, insanların camaat namazından uzaqlaşmasına səbəb olan
amilə çevrilə bilər. Necəki, yuxarıda qeyd etdiyimiz hədisdə qarşı tərəf ağır
iş rejimini dəlil gətirərək uzun sürələrin oxunması barədə peyğəmbərə (s) şikayət
etmişdi. (həmin mənbə)
7.Müjdələyib nifrət etdirməyək. (Səbə
28)
İnsanlara hər şeyi sadəcə qorxu vasitəsi ilə qəbul etdirmək, nəhayətində
nifrətə səbəb olacaq. Bu təkcə dini məsələlərdə deyil digər ictimai işlərdə də
belədir. Bu baxımdan psixoluqların da insanlarla, xüsusən uşaqlarla bağlı
tövsiyələrini oxuduqda bunu müşahidə etmək olar.
Qurani kərimdə də həm insanlara müjdə və həm də onları Allahın əzabı
ilə qorxudan ayələr mövcuddur. Quranın günahkarlara da;
“Ey mənim zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən
ümidinizi kəsməyin. Şübhəsiz Allah bütün günahları bağışlayır.Çünki bağışlayan
və mehriban Odur.” (Zumər 53)
deyə xitab etməsi məsələnin əhəmiyyətini bizə çatdırır. Bu ilahi ayənin
bərəkəti ilə neçə-neçə insanlar İslama üz gətirdilər və həqiqi həyat tapdılar.
Qurani-kərim Allah Rəsulunu (s) bizə “müjdə verən” və “qorxudan” kimi
tanıtdırır. (Səbə 28)
Allah Rəsulu (s) bu da metoddan istifadə edərək, ilahi təbliğinin
ilkin mərhələlərini bu üsulla həyata keçirtmişdir. İnsanlarda olan əxlaqi
keyfiyyətləri kəşf edərək, o əxlaqi keyfiyyətin müsbət cəhətlərini onlara
çatdırmış və beləliklə də onların hidayət olmasına vəsilə olmuşdur.
8.İlahi əzaba qarşı xəbərdarlıq etmək.
(Səbə 28)
Allah Rəsulunun təbliğdə diqqət etdiyi bir
xüsusda, insanları ilahi əzabla qorxutmaq idi. Bu səbəblə müjdə ilə hidayət
olmayanları ilahi əzab ilə qorxutmuş, Cəhənnəm əzabından söz açan ayələri
onlara oxumuş və bu yolla hidayətlərinə çalışmışdır. Bəzən müjdə ilə hidayət
olmayanlar, ilahi əzabın qorxusundan İslamı qəbul etmişdilər. Bu iki üslub
(müjdə və qorxu) da nəhayətində onları ilahi əzabdan xilas etmək üçün idi. Bir
hədisə nümunə üçün baxaq;
“Siz Qiyamət günü yaxşı əməllərinizlə deyil
günahlarınızla qarşıma gəlsəniz, mən sizdən üz çevirəcəyəm.” O zaman siz mənə
“Ya Muhamməd” deyə çağırarsınız. Mən isə belə edərəm.”
Allah Rəsulu “belə edərəm” buyurarkən üzünü
onlardan başqa bir tərəfə çevirdi və bunu iki dəfə təkrar etdi.
Sizə qısa şəkildə peyğəmbərimizin (s) təbliğdə
istifadə etdiyi üsulları çatdırdıq. Əlbəttə
ki, sizlər bunları, dini mənbələrdən daha geniş şəkildə oxuyub və araşdıra bilərsiniz.
İndi isə daha önəmli bir bölümə keçək.
Peyğəmbərimizin təbliğ
və dəvət vasitələri.
1.
Qurani-Kərim.
2.
Möcüzələri.
3.
Əməli ilə.
4.
Yetişdirdiyi müəllim
və mübəlliğlər.
5.
Məktub və elçilər.
6.
Gələn heyətlər.
7.
Bəxşiş, hədiyyə,
ziyafət və toplantılar.
Bu vasitələrin hər biri haqda
mütaliə edib, araşdırmağınızı siz əzizlərin öhdəsinə buraxırıq. Çünki bu vasitələrin
təbliğdə mühum rolu var. Bu vasitələri mütaliə edərkən bir sıra əxlaqi məsələləri
də öyrənmiş olacaqsınız. Təbliğ üsulu və
təbliğ vasitəsi hər bir kəsə görə dəyişə bilər. Bu təbiidir. Mühum olan məsələ
yuxarıda da qeyd etdiyimiz kimi,düzgün şəraiti və düzgün zamanı seçə bilməkdir.
Təbliğat sahəsində nə qədər deyilsə və yazılsa
yenə də azdır. Bugün biz müsəlmanlar təbliğdən sözün əsl mənasından uzaq
düşmüşük. Səbəbləri də çox sadədir. Çox sadə sözlərlə özümüzə bəhanə tapıb, məsuliyyəti
boynumuzdan atırıq. Amma bizə elə gəlir ki, biz məsuliyyətdən boyun qaçırtdıq.
Halbuki bu işdən boyun qaçırtdığımıza görə ilahi məhkəmədə məsuliyyətə cəlb
olunarıq.
Təbliğlə bağlı apardığım araşdırma zamanı bir
müsəlmanı utandıracaq bəzi faktlarla rastlaşdım. Həqiqətən utanc verici idi.
Gecə-gündüz lənətləyib, bəyənəmədiyimiz din düşmənləri təbliğ sahəsində elə işlər
görürlər ki...
Ey müsəlman qardaşım! Bəs biz niyə sakit əyləşib
haqq olan dinimizi təbliğ etmirik?
Onlar batil olduqları halda bu qədər
əmək və güc sərf etdikləri halda bizə nə olub ki, haqq olduğumuzu bildiyimiz
halda bu yolda heçnə etmirik?!
Kilsə İncili 1200 dilə tərcümə edib və həmin
İncili radio vasitəsi ilə səsləndirərək bütün dünyaya yayıblar. Hətta Azərbaycanımıza
qədər gəlib çıxıblar. Bəs müqəddəs
kitabımız Qurani-Kərim necə? Kifayət qədər tərcümə olunub? Quran sahəsində
insanlara faydalı olan hansı addımları atmışıq?
Quranı insanlara kifayət qədər tanıtdıra bilmişik? İncillə bağlı bir məsələ
də diqqətimi çəkdi. Xristianlar təhrif olunmuş İncili təkcə tərcüməsi ilə kifayətlənmir.
Onlar o İncili sələndirib gözəl fon
musiqisi ilə də tərcüməsini oxuyurlar. Hələ bitmədi. O İncillərin uşaqlar üçün
olan variantını da gözəl rəsm əsərləri ilə bəzəyərək, xüsusi rəng çalarlarından
istifadə etməklə hazırlayıblar. Bütün bunlar internet və saytlarda da geniş təbliğ
olunur. Yaxşı biz nə etmişik? İndiyəcən neçə dini məlumatı xaricə dilə tərcümə
edib, müsəlmanların ixtiyarında qoymuşuq?
Başqa bir fakt isə marksizm kimi batil məktəblər
öz rəhbərlərinin kitablarını, çıxışlarını, həyat və fəaliyyətini 101 dilə tərcümə
edib dünyaya yaydılar. Bəs biz? Öz dəyər və qiymət verdiyimiz din alimlərimizin,
rəhbərlərimizin, kitablarını, çıxışlarını, insanalara çatdıra bilirikmi? 101
deyil, heç olmasa bir dilə tərcümə etmişikmi? Niyə biz tez yoruluruq? Niyə biz
ilahi təbliği bu qədər əhəmiyyətsiz hesab edirik?
Bəzən bir önəmli məsələ haqqında internetdən məlumat
əldə etmək istədikdə ya tapa bilmirik, ya da tapdıqlarmız bizi qane etmir.
Çünki, biz də düşünürük ki kimlərsə onu ora qoymalıdır və biz hazır axtarıb
tapmalıyıq. Və beləliklə hamı bizim kimi düşünür və nəticə sıfıra bərabər olur.
Bu barədə bir maraqlı hekayti sizinlə bölüşüm. Bir məmləkətdə bir şah böyük bir
hovuz tikdirir. Hovuzun tikintisi axşam çağı bitir. Şah əmr verir ki, bütün əhali
bir qab süd gətirib bu hovuza töksün. Bəli bütün şəhər ora axışır. Bir kişi
öz-özünə düşünür ki, mən ora su töksəm bu qaranlıqda heç kim bilməz. Həm də mənim
bir qab suyum, o qədər südün içində bilinməz. Bəli elə də edir və süd əvəzinə
su tökərək gedir. Səhər açıldıqda hovuza baxan məmurlar hovuzun hamısının su
olduğunu görürlər. Məlum olur ki, hamı o kişi kimi düşünüb və nəhayətində hamı
hovuza süd yox, su töküb.
Bizim də bugünkü gündə bir çox məsələlərdə
halımız bu cürdür.
2012-ci ilin statistik rəqəmlərinə görə Afrikada
təxminən 15 min məsihi mübəlliği 16671 ali məktəbdə, 500 dini məktəbdə, 600 xəstəxanada,
120 qaçqın düşərgələrində, 511 poliklinikada fəaliyyət göstərirlər? Halbuki bu
qaçqın və müsəlmanların əksəriyyəti müsəlmandırlar.
Kilsə dünyada 36450 ibtidai məktəb, 11154 orta məktəb
tikib. Elə təkcə Afrikada 5 milyon müsəlman şagirdi məsihilərin məktəblərində təhsil
alır.
Bu rəqəmlər bizə nəsə demir? Bunlara baxıb, müsbət
nəticə çıxartmaq lazımdır. Biz müsəlmanlar əgər təbliğ və elm sahəsində
keçmişimizdən ibrət alsaq, onda elm sahəsində misli görünməmiş bir yenilik
olacaq. Çünki bütün elmlərin əsası İslamdır. Və bu iddia ilə illər öncə bir
araşdırma təqdim edərək, müsəlmanaların bütün elm sahələrində olan fəaliyyətlərini
bir-bir qeyd etmişik.
Bugün hər bir müsəlman bacardığı bir işlə İslama
xidmət etməldir. Hər bir kəsin bir sahədə potensilaı vardır. Gərək onlar üzə
çıxa və müsəlmanlar Quran buyuran kimi bir
yerdə ( Ali-İmran 104) ilahi hədəflərin təbliğində çalışalar.
İslami hədislər də bizi bu cür təbliğə səsləyir: Hədisdə buyurulur: “Allah rəhm etsin o bəndəyə ki,
başqası ilə birləşib, bizim yolumuzu təbliğ edir.”
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder