Şəhid olmaq istəyirəm

Səma olmaq istəyirəm. Torpaqlarımızı ən uca zirvədən qartal baxışı ilə süzmək üçün...
Külək olmaq istəyirəm, İşğalda olan torpaqlarımızı ziyarət etmək üçün...
Torpaq olmaq istəyirəm, düşmən tapdağında qalan torpaq. O torpaqların nələr çəkdiyini anlamaq üçün...
Qulaq olmaq istəyirəm. Torpaqlarımızın haray səslərini eşidə biləcək bir qulaq...
Dil olmaq istəyirəm. O harayı insanlara çatdıran, onları agah edən bir dil...
Göz olmaq istəyirəm. Hər şeyin həqiqətini görən bir göz...
İnam olmaq istəyirəm. Xarici dövlətlərin yalançı səs vermə vədlərinə inanmayan bir inam...
Bulud olmaq istəyirəm. Doya-doya şəhidlərimizə göz yaşı axıtmaq üçün...
Xəbər olmaq istəyirəm – Azadlıq Xəbəri.
Səngər olmaq istəyirəm. Düşmənlə vuruşan əsgərlərimizi qorumaq üçün...
Əsgər olmaq istəyirəm. Əlində silah, qəlbində iman, könlündə cəsarət və eşq olan əsgər...
Silah olmaq istəyirəm. Düşməni məhv edən bir silah...
Bülbül olmaq istəyirəm. İllərdir həsrətində olduğumuz və əsgərlərimizin sevinclə topladıqları bir xarı bülbül...
Tabut olmaq istəyirəm... Şəhidlərin mübarək nəşlərini daşıyan bir tabut...
Göz yaşı olmaq istəyirəm. Şəhidlərin mübarək məzarlarını sulamaq üçün...
Söz olmaq istəyirəm. Şəhidlərin son sözləri...
Arzu olmaq istəyirəm. Şəhidlərin ürəyində nakam qalan arzu...
Rəhmət olmaq istəyirəm. Hər bir kəsin dilindən şəhid ruhuna qovuşan rəhmət...
Körpə olmaq istəyirəm. Atasının şəhid olduğunu illər sonra anlayacaq bir körpə...
Uşaq olmaq istəyirəm. Şəhid atasının məzara getdiyini görüb heçnə anlamayan, gülümsəyən bir uşaq...
Və yenə uşaq olmaq istəyirəm. Atasının yoxluğunu anlayan, şəklini əlində tutaraq, yaşarmış gözləri ilə məzara tərəf yollanan uşaq...
Dəsmal olmaq istəyirəm.  Şəhid analarının, balalarının, əzizlərinin göz yaşlarını öz qəlbinə həkk edən bir dəsmal...
Ürək olmaq istəyirəm. Şəhid verənlərin  bu ayrılığına necə dözmələrini yaşamaq üçün...
Bayraq olmaq istəyirəm. Şəhidlərin tabutunu, məzarını bəzəyən bir bayraq...
Səbr olmaq istəyirəm. Şəhidinin yoxluğuna dözə bilməyənlərə güc vermək üçün...
Məzar olmaq istəyirəm. Bir şəhidi əmanət olaraq Qiyamətə qədər hifz etmək üçün...
Şəhid məzarına başdaşı olmaq istəyirəm. Üzərimdə “şəhid” sözü yazılacaq bir başdaşı...
Şillə olmaq istəyirəm. Şəhid ailələrinə dil uzadan alçaqların üzlərinə çırpılmaq üçün...
Günəş olmaq istəyirəm. Lələ-Təpədən ucalaraq şəhid məzarını salamlayan bir günəş.
Elm olmaq istəyirəm cahillərin qəlbində bitmək üçün... Bəlkə daha deməsinlər ki “bir təpəyə görə o qədər əsgəri fəda etməyə gərək varmı?”
Reklam banerləri olmaq istəyirəm. Şəhid oğullarımızı tanıtdıran bir reklam baneri.
Qeyrət olmaq istəyirəm. Vətəndən, qeyrətdən uzaq olanların vicdanlarını sızlatmaq üçün...
Qaz olmaq istəyirəm. Ermənistan kilsələrindən fərar edərək, şəhid ailələrinin soyuq evlərini isitmək üçün...
İldırım olmaq istəyirəm. Şəhidlərin ruhlarına hörmət etməyərək əxlaqsız şou verlişlər yayan TV-ləri öz qüdrətimlə yandırıb kül etmək üçün...
Əsgər olmaq istəyirəm. Amma Onun (ə.f) əsgəri. Bədir əsgərlərinin sayını tamamlamaq üçün... O məzlum komandirə (ə.f) kömək olmaq üçün. O Məzluma (ə.f) xidmət etmək üçün...
Və...   
Və şəhid olmaq istəyirəm. Şəhidləri qarşılayan o şəhidi görmək üçün...

İlahiyyatçı yazar / Mahir Şəkərov





Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir