“Ayın bölünməsi” möcüzəsini inkar edənlərə suallar və cavablar



Allah Rəsulunun (s) şəraitə uyğun olaraq müxtəlif möcüzələri olmuşdur. Bu möcüzələrin bir qismi Quran ayələrində də öz əksini tapmış, bəziləri isə tarxi mənbələrdə, hədislərdə və siyər kitablarında yer almışdır. Bu möcüzələr hidayət, qarşı tərəfə höccət olması və bu kimi səbəblərə dayanmaqdadır. Peyğəmbər (s) zamanında möcüzəni gördüyü halda inkar edənlər olduğu kimi, zamanımızda da bu ilahi möcüzələri dolayı yollarla inkar edənlər mövcuddur. Mövzunu yaxşı anlamaq üçün ilk öncə bu mövzuda olan ayəni oxuyaq.
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ
“Qiyamət çox yaxınlaşdı və ay parçalandı. (Qəmər 1)
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
“Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək (bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir deyərlər.” (Qəmər 2)
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءهُمْ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
“Və (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki, hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır.” (Qəmər 3)
Ayın bölünməsi hadisəsi tarixi mənbələr belə qeyd edir: “Əbu Nuaym İsfəhani, İbn Abbas, İbn Məsud bu hadisəni belə nəql edir. Müşriklərdən bir qismi Əbu Cəhl, Vəlid ibn Muğirə, As bin Hişam, Əsvəd bin Muttəlib və bir çoxları peyğəmbərin yanına gələrək “əgər sən həqiqi peyğəmbərsənsə ayı iki hissəyə böl.”
Peyğəmbər (s) buyurdu: “Əgər bunu etsəm iman gətirəcəksinizmi?”
Müşriklər “bəli bunu etsən iman edərik” dedilər. Peyğəmbər (s) Allahın izni ilə ayı ikiyə böldüyündə müşriklər “Bu ancaq bir sehrdir” deyərək inkarçılıq mövqeyini tutdular. Peyğəmbər (s) bu hadisədən sonra “şahid olun” deyə buyurdu.
Bəziləri isə, Muhəmməd (s) bizi sehrlədisə digər məntəqələrdə olanları sehirləyə bilməz. Başqa yerlərdən gələn şəxslərdən soruşarıq” dedilər. Məkkəyə gələn kimsələrdən də bir çoxu bu hadisəni təsdiqlədi. Lakin o müşriklər yenə də sehr deyərək müsəlman olmaqdan üz çevirdilər.
Bu ayənin təfsirində əksər alim və müfəssirlər hadisəni təsdiqləmişlər. Bu hadisə səhih mənbələrdə qeyd olunmuşdur.
(Qurtubi, Təfsir c 17, səh. 127; Suyuti Əd-durrul-Mənsur c 6, səh 133; Təbəri Təfsir c 27, səh 85, Əbu Nuaym Dəlailun-nubuvvə c 1, səh 280-281; Əbul-Fida Əl-bidayətun-nihayə c 3, səh 119-120; Beyhəqi Dəlailun-nubuvvə c 2 səh. 266-267; Zəhəbi – Tarixul-İslam; Əhməd bin Hənbəl, Müsnəd c 4, səh 82; Tirmizi, Sünən c 5, səh 398.)
Sual: Nə üçün müşriklər məhz ayın bölünməsi kimi bir hadisəni istədilər?
Cavab: Çünki, onlar peyğəmbərin möcüzələrini sehr və cadu bilirdilər və inanırdılar ki, cadunun yerdə onlara təsiri var. Odur ki, səma cismi ayın bölünməsini istədilər.
Ayın bölünməsi ayəsi Qiyamətlə bağlıdır?
Bəziləri bu ayəni Qiyamət gününə bağlamağa cəhd edirlər. Lakin, sözügedən ayənin davamında (Qəmər 2) məsələnin Qiyamətlə bağlı olmadığının şahidi oluruq.
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
“Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək (bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir deyərlər.” (Qəmər 2)
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءهُمْ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
“Və (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki, hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır.” (Qəmər 3)
Qəmər sürəsinin sözügedən ayələrinin təfsirində əhli sünnənin görkəmli müfəssiri Fəxri Razi deyir: “Əksər müfəssirlər ayın yarılması etiqadındadırlar və səhih rəvayətlər də buna dəlalət edir. Əql baxımından da buna heç bir şübhə yoxdur. Hər şeydən öncə bu sözü bizə sadiq (doğru danışan) bir peyğəmbər (s) çatdırmışdır. Buna görə bunu qəbul etməliyik.”
Həmçinin Təbərisi Məcməul-Bəyan təfsirində həmin ayələri şərh edərkən ayın bölünməsi hadisəsini təsdiqləyir və bu hadisənin bir çox hörmətli səhabələr tərəfindən nəql olunduğunu vurğulayır.
Bu ayələri Qiyamətə aid edənlərə suallar.
1. Fərz edək ki, iddianız doğrudur. Onda “Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək (bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir deyərlər.” (Qəmər 2) ayəsini necə izah edirsiniz?
2. Qiyamət günü hər hansı bir möcüzəyə nə ehtiyac var? Möcüzə dünyada peyğəmbərlərə verilən bir üstünlükdür ki, onun vasitəsilə insanları hidayət edir və ya höccəti onlara tamamlayırlar.
3. Qiyamət günü möcüzəni kim və kimə göstərəcək?
4. Qurana görə Qiyamət günü insanlar öz günahlarına görə peşmançılıq hissi keçirəcək və peyğəmbərin (s) şəfaətinə nail olmağa can atacaqlar. Bu baxımdan peyğəmbərdən (s) üz döndərib, ona “bu sehrdir” demələri Quran baxımından absurddur.
Bəziləri bu məsələni inkar etməkdən ötrü gülüş doğuran iddialar yürüdürlər ki, onları bura yazmaq belə istəmədik. Ayın bölünməsini inkar edən ilahiyyatçı ən azın sözügedən sürənin ikinci ayəsinə baxsaydı məsələ həll olardı.

Ayın bölünməsi möcüzəsinə tutulan irad və cavablar.
Sual: Ayın bölünməsi hadisəsi nə üçün başqa xalqların tarix kitablarında gəlməmişdir?
Cavab: Hədislərdə qeyd olunduğu kimi hadisə gecə baş vermişdir. Gecə vaxtı insanlar adətən evlərində istirahətdə yaxud yuxuda olur. Bəzi ölkələrdə bizdə gecə olduqda onlarda gündüzün olmasını düşündükdə həmin məntəqədə yaşayan insanların da bunu görə bilməməsi başa düşüləndir. Digər yöndən bir məntəqədə baş verən hadisəni digər məntəqənin sakinləri görməsə, bu baş verən hadisənin olmaması anlamına gəlir? Bu günkü günümüzdə də digər ölkələrdə müxtəlif hadisələr baş verir. Bu məlumatları biz yalnız internet və KİV-ri vasitəsi ilə əldə edə bilirik. Əgər bu vasitələr olmasa biz necə digər ölkələrdəki hadisələrdən xəbər tuta bilərik?





Bütün bunlarla yanaşı, digər xalqların tarixi mənbələrində bu hadisə öz təsdiqini tapmaqdadır. Bir neçəsinə nəzər salaq;
a) Cənubi-şərqi Asyada İndoneziya mihracələri (Hindistanda racadan daha böyük hökmdarlara verilən ad) tərəfindən belə bir hadisənin baş verdiyinə dair sənədlər mövcuddur. Hindistanda bir binanın üzərində “bu bina ay yarılan gecə bünövrəsi qoyulmuşdur” yazılıb.
 (Tarix boyunca Tövhid və tövhid mübarizəsi Hz peyğəmbərin həyatı c 1, səh 347)
b) Hindistanın Dhar şəhərinin racası tərəfindən tutulmuş qeyd. Eyni zamandan qalan bir hind kitabında da “ayın ikiyə bölündüyü tarix yazılmışdır. (Muvəzzəh, Kəlam elmi səh. 161, İki Cahan günəşi səh. 204, Cüneyd Suavi)

Ayədən əldə ediləcək ibrətlər.

·         انشَقَّ الْقَمَرُ  - “Ay parçalandı” - Allah bəndə ona yaxın olsun deyə ayın bölünməsinə belə razılıq verir. Bəzən bir mübəlliğ də insanların hidayəti uğruna ay kimi özünü fəda etməlidir.
·        اقْتَرَبَتِ السَّاعَةُ  Qiyamət yaxınlaşdı.” - Son peyğəmbərin (s) gəlişi ilə nübuvvət sona çatdı və Qiyamət insanlığın bir addımındadır. O böyük günə hazır olaq. Sürənin ilk ayəsinin belə başlaması da buna dəlildir.
·         سِحْرٌ مُّسْتَمِرٌّ  - “Davam edən sehr” – Zəlalət əhli haqqı gözləri ilə görsə belə yenə ondan üz döndərmək üçün bir bəhanə tapacaq.



Mahir Şəkərov - İlahiyyatçı yazar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir