Əhli sünnənin dörd məzhəb alimi və digər alimlərinin dili ilə Elşad Mirinin “Nə İsa peyğəmbər gələcək, nə də İmam Mehdi!” iddiasının dəlillərlə puç edilməsi. (İsa da gələcək, Mehdi də!)
Şübhə 1: Hz. İsa (ə) və Hz. Mehdi yer üzünə gəlməyəcəkdir.
Şübhə 2: Hz. İsa
(ə) Hz. Mehdinin arxasında namaz qılmaz.
Şübhə 3: Hz. İsa
yaxud Hz. Mehdi gəldikdə namazı hansı məzhəbə uyğun qılacaqlar?
Cavablar:
Məhdəviyyət inancını hansısa məzhəbin, firqənin inancı
kimi təqdim edənlər, çox güman ki, az mütaliə edənlərdir. Məhdəviyyət inancı
ümumbəşər bir ideologiyadır. Hz.Mehdinin gəlişini zaman-zaman hər hansı bir
məzhəbə aid etmək, bəzən daha da irəli gedərək onun gəlişini tamamilə inkar
etmək, heç şübhəsiz İslam düşmənlərinin əsas vəzifələrindən biridir. Zamanın
keçməsi ilə Hz. Mehdiyə əqidəsi sabit İslami əqidələrdən biri olmuşdur. Sünni
alimləri və ümumxalq kütlələr bu əqidədə o qədər həmahəng və müvafiq idilər ki,
əgər bir nəfər müxalif tapılsaydı və onu inkar etsəydi, yaxud bu barədə
şəkk-şübhə yaratsaydı, alimlər və tədqiqatçılar onunla müxalifətə qalxıb lazımı
cavab verirdilər. Çünki, o şəxs həqiqətdə İslamın danılmaz əqidələrindən birini
– rəvayətlərdə peyğəmbərdən (s) təvatür həddində nəql olunduğu halda –
şəkk-şübhə yaratmış olurdu.
Bu əqidədə şübhə yaradan və cavabı sünni alimləri
tərəfindən verilənlərdən bəzisinə nəzər salaq;
1. 8-ci
hicri əsrinin alimlərindən olan və məşhur “Tarix” kitabının müəllifi İbni
Xəldun (“Daru ehyait-turasil-ərəbiyy” çapı, s. 311) öz kitabının müqəddiməsində
deyir: “Bil ki, bütün müsəlmanların arasında belə bir məşhur bir əqidə vardır:
hökmən axirəz-zamanda əhli-beytdən olan bir kişi zühur edəcək, dinə kömək edib
ədaləti yayacaq, müsəlmanlar da ona itaət edəcəklər, o, bütün İslam ölkələrinə
hakim olacaq. Onun adı Mehdi olacaqdır. Dəccalın gəlişi və ondan sonra baş
verəcək hadisələr də Qiyamətin danılmaz əlamətləri olduğu halda, onun
zühurundan sonra baş verəcəkdir. İsa (ə) ondan sonra yer üzünə nazil olaraq
Dəccalı qətlə yetirəcək, yaxud Mehdinin zühuru ilə eyni zamanda nazil olacaq,
Dəccalı öldürməkdə ona kömək edəcək və namazda Mehdiyə iqtida edəcəkdir.”
(“İbni Xəldunun müqəddiməsi” səh. 311)
Görkəmli əhli sünnə alimi daha sonra Hz. Mehdinin
barəsində nəql olunan 27 hədisi araşdırır, bəzi raviləri tənqid edir və öz
münaqişələrinin sonunda deyir: “Mehdi və onun axirəz-zamanda zühur etməsi ilə
əlaqədar rəvayətlərin hamısı bunlardan ibarətdir. Gördüyünüz kimi, azacıq
miqdar istisna olmaqla, yerdə qalanlar barədə tənqid və mülahizələrə yer
vardır.” (“İbni Xəldunun müqəddiməsi” səh. 322)
Bundan sonra sufilərin Mehdi barəsindəki bəzi
nəzərlərini tənqid etmiş, axırda sözünü onlara cavabla yekunlaşdırmışdır.
2. Əhli sünnənin digər bir
alimi Əli Kurani “Zühur əsri” kitabında yazır: “Mən əvvəllər, “Əqidətu əhli
sunnə vəl-əsər fil-Məhdil-muntəzər” ünvanlı bir tədqiqat da yazmışdım. Bu məqalə
Mədinədə nəşr edilən, “Əl-Camiətul-İslamiyyə” jurnalının 1388-ci ilin Zilqədə
ayındakı 3-cü nömrəsində çap edilmişdi. Həmin məqalə aşağıdakı on hissədən
ibarətdir:
1. Peyğəmbərdən (s) Hz. Mehdi ilə əlaqədar rəvayətləri
nəql edən səhabələrin adları.
2. Hz. Mehdi barəsindəki rəvayətləri öz kitablarında
bir yerə yığan sünni alimlərinin adları.
3. Hz. Mehdi barəsində ayrılıqda kitab yazan sünni
alimlərinin adları.
4. Hz. Mehdi barəsindəki hədislərin təvatür həddində
olmasına hökm edən alimlər.
5. “Səhihi Buxari” və “Səhihi Müslim”də Hz. Mehdi
barəsindəki bəzi rəvayətlərin bəyanı.
6. Qeyd olunan
bu iki kitabdan başqa sair kitablarda Hz. Mehdi barəsində gələn rəvayətlərin –
sənədlərini zikr etməkdə - bəyanı.
7. Hz. Mehdi ilə
əlaqədar rəvayətlərə etiraz edən alimlərin adları.
8. Hz. Mehdi ilə
əlaqədar rəvayətləri inkar edən, yaxud onda şəkk-şübhə yaradanların adları ki,
onların sözləri də müxtəsər şəkildə bəyan olunur.
9. Hz. Mehdi ilə
əlaqədar rəvayətlərin arasında ziddiyyətin varlığı təsəvvür olunan mətləblərin
bəyanı və onların cavabı.
10. Hz. Mehdinin
axirəz-zamanda zühur etməsinə etiqadın elə qeybə etiqad olması, eləcə də
əhli-sünnənin Hz. Mehdiyə etiqadının şiəlikdəki etiqaddan təsirlənməməsi və
bunların arasında heç bir əlaqənin olmaması barəsində yekun sözümüz.
(Əli-Kurani “Zühur əsri” s. 329-330)
3. İbn Qeyyim Cövzi (əhli sünnə alimi): Bu alim də Hz.
Mehdi barədə rəvayətlərdən söz açmış və İbn Macənin “Sünən” kitabında Abdullah
ibn Məsuddan nəql olunan hədisi qeyd edir: “Biz peyğəmbərin (s) yanında idik
ki, Bəni Haşimdən olan cavanlar ora gəldilər. Peyğəmbər (s) onları görən kimi
gözlərindən yaş axmağa başladı və rəngi dəyişildi. Soruşduq: “Biz sizdə elə bir
haləti müşahidə edirik ki, narahat oluruq. Peyğəmbər (s) buyurdu: Allah biz
əhli-beyt üçün axirəti dünyadan üstün etmişdir. Əlbəttə tezliklə bəla, müsibət
və sərgərdanlığa düçar olacaqlar, nəhayət məşriqdən qara bayraqlara malik olan
bir qövm gələrək haqqı tələb edəcəklər, lakin haqları onlara verilməyəcək.
Sonra mübarizəyə qalxaraq qələbə çalacaqlar. Bu zaman onların istəkləri həyata
keçəcəkdir, lakin bu dəfə özləri qəbul etməyəcək nəhayət bayraqlarını mənim
xanədanımdan bir kişiyə həvalə edəcəklər. O, yer üzünü əvvəllər zülm və
haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Belə isə, hər kəs o
zamanı görsə, hətta qarın üzərində sürünməklə olsa belə, onların yanına
tələsməlidir.” (Həmçinin bax: Sünəni-Əbu Davud, c. 14, s. 402)
Bu alimlərdən
savayı, əhli sünnənin təfsir alimi Cəlaləddin Suyuti, İbn Həcər Heysəmi, Əbu
Fida İbni Kəsir, İbni Əbil Hədid Mötəzili, Əl-Əzhər universitetinin müəllimi
Şeyx Məhəmməd Xızr Hüseyn, Şeyx Nasirəddin Əlbani, Ədvi Misri, Səduddin
Təftəzani, Qirmani Dəməşqi, Muhyiddin Ərəbi, Şərif Bərzənki, Səmhudi, Əllamə
Xeyruddin Alusi, Əllamə Mənavi, Maliki məzhəbi alimi Kəttani Maliki kimi
görkəmli əhli sünnə alimləri və daha neçə-neçə alimlər Qiyamətdən öncə Hz.
İsanın və Mehdinin gələcəyini dəlillərlə qeyd edirlər. Bundan əlavə əhli
sünnənin dörd məzhəb alimləri də Hz. İsanın və Mehdinin gələcəyini öz
kitablarında təsdiq etmişlər. Çünki, Hz. İsanın nazil olması və Hz. Mehdinin
zühuru əhli sünnə etiqadında inkaredilməz bir həqiqətdir.
“Səhihi-Buxari”,
“Səhih-Muslim”, “İbn Macə” və s. hədis kitabları başdan-başa bu mövzuda
hədislərlə doludur. Nümunə üçün birin zikr edək: “Dünyanın ömrünə təkcə bir gün
qalsa da, Allah mənim əhli-beytimdən bir nəfər göndərəcək. O , (daha əvvəl)
zülmlə dolduğu kimi dünyanı ədalətlə dolduracaq.” (“Sünəni-Əbu Davud”, c. 14,
s. 402)
Bir neçə əhli sünnə aliminin bu barədə sözləri.
Hafiz Əskalani
“ət-Təhzib” cild 9, səh. 144-də yazır: “Hz. Mehdi və onun Əhli-beytdən olduğu
yeddi il hökumət edəcəyi, yer üzünü ədalətlə dolduracağı, Hz. İsanın onunla
birlikdə zühur edəcəyi, dəccalı (fikirlə) öldürəcəyi, ümmətə imamət edəcəyi və
İsanın onun arxasında namaz qılacağına dair peyğəmbərdən (s) nəql olunan
hədislər, ravilərinin sayının çoxluğundan mütəvatir və məşhurdur.”
Bunu Suyuti də
“əl-Havi lil-Fətava” kitabında eyni ilə nəql edir.
İbni-Həcəri-Heysəmi,
“Əs-Savaiq”, səh. 165-də (Misir çapı) deyir: Əbu Hüseyni-Acuri belə deyir: Hz.
Mehdinin zühuru, əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı, İsa (ə)
ilə birlikdə zühur edəcəyi və Fələstin torpaqlarındakı “Babı-Led” də dəccalı öldürmək
üçün ona kömək edəcəyi, ümmətə imamət edəcəyi və İsanın (ə) da onun arxasında
namaz qılacağına dair peyğəmbərdən (s) nəql olunan hədislər, ravilərinin
sayının çoxluğundan mütəvatir və məşhurdur.”
Şəblənci “Nur-ul
Əbsar”, səh. 171-də (Misir Şa’biyye çapı.) yazır: “Hz. Mehdinin Əhli-beytdən
olduğu və yer üzünü ədalətlə dolduracağına dair peyğəmbər dən (s) nəql olunan
rəvayətlər mütəvatirdir və dəccalı öldürmək üçün İsaya kömək edəcəyini bildirən
hədislər də mütəvatirdir.”
Misirli Şeyx
Məhəmmədi-Hənəfi “İthafu Əhl-əl-İslam” (əl yazma) adlı kitabında yazır: “Hz.
Mehdinin zühur edəcəyinə dair peyğəmbərdən (s) nəql olunan hədislər
mütəvatirdir.”
Tədqiqatçı
Məhəmməd ibn Rəsul Bərzənci “əl-İşaatu li Əşrat-is Sae” (s. 87, Misir çapı.)
adlı kitabında deyir: “Məhəmməd ibn Həsən Əsfəvi “Mənaqib-Şafii ” adlı
kitabında belə yazır: Hz. Mehdi və onun Peyğəmbərin Əhli-beytindən olduğuna
dair Rəsulullahdan (s) nəql olunan rəvayətlər mütəvatirdir.”
Şeyx Məhəmməd
Sabban “İsafur Rağibin səh.140-da (Misir çapı.) deyir: “Hz. Mehdinin zühuru,
əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı və Fələstindəki “Babı-Led”
də dəccalı öldürmək üçün İsaya kömək edəcəyi, ümmətə imam olub İsanın onun
arxasında namaz qılacağına dair peyğəmbərdən (s) gəlib çatan hədislər
mütəvatirdir.”
Süveydi
“Səbaiquz-Zəhəb” səh.78-də (Misir çapı.) yazır: “Alimlərin üzərində ittifaq
etdikləri şey budur ki, Hz. Mehdi axırzamanda qiyam edəcək və yer üzünü
ədalətlə dolduracaq.”
Peyğəmbərimizin
(s) Hz. Mehdi müjdəsi Hənəfi, Hənbəli, Şafii və Maliki məzhəblərində əhli-sünnə
inancı kimi dəyişməzdir.
Hənəfi məzhəbində Hz. Mehdi (ə) inancı.
Yaşadığı illərdə
bir neçə səhabəni görən, Əbu Hənifə Hz. İsanın (ə) nüzulunu və Hz. Mehdinin
zühurunu müjdələyən məzhəb imamlarındandır. Birbaşa səhabələrdən elm və hədis
öyrəndiyinə görə, Əbu Hənifə Hz. Mehdinin zühurunun inkaredilməz olduğunu
bildirmişdir.
İslam aləmində
əqaid məsələləri (İslam dinində fərz olan xüsuslar, imanın əsasları, dinin əsas
qayda və hökmləri) haqqında İmam Əbu Hənifənin yazdığı “Fiqhul-əkbər” və
“Vəsiyyət” adlı risalələri çox önəmli əhli-sünnə mənbələrindəndir. Əbu
Hənifənin “Fiqhul-əkbər” adlı əsəri əhli-sünnə inancının əsasını təşkil edir.
Hənəfi imamı İmami-əzəm Əbu Hənifə Hz. İsanın (ə) nüzulunu və Hz. Mehdinin
gəlişini inkaredilməz mövzu kimi risaləsində belə bildirir: “Dəccalın və
Yəcucun çıxması, Günəşin qərbdən doğması, Hz. İsanın (ə) göydən enməsi və səhih
xəbərlərdəki digər Qiyamət əlamətləri haqdır və olacaqdır. Qiyamətin böyük
əlamətlərindən başqaları da var. Məsələn, Mehdinin gəlməsi kimi. Bütün bu
hadisələr səhih xəbərlərin məlumat verdiyi kimi haqdır və baş verəcəkdir”.
(Fiqhul-əkbər tərcüməsi, İmami-əzəm Əbu Hənifə, hazırlayan Əli Rıza Kaşəli,
səh. 99)
Yenə yazır:
“Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, Hz. İsanın və
digər qiyamət əlamətləri səhih xəbərlərdə varid olduğu vəchlə (etibarlı
xəbərlərdən bizə çatdığı şəklilə) haqdır, olacaqdır.” (Əbu Hənifə, Numan bin
Sabit (150/767), Fiqhul-əkbər, tərcümə edən: H. Basri Çantay, Ankara, 1982)
Qiyamət qopacağı
zaman Hz. İsa (ə) yer üzünə enəcək. Hz. İsa (ə) gəlməzdən əvvəl Hz. Mehdi Məkkə
və Mədinə hərəmlərindəki müqəddəs yerdə ortaya çıxacaq, sonra Qüdsə gələcək.
Ondan sonra dəccal gələcək, İsa (ə) da Dəməşqdə şərqin minarəsindən enərək
dəccalı təsirsiz hala salacaq və dəccal orada bir zərbə ilə
zərərsizləşdiriləcək. İsa (ə) yer üzünə endikdə duzun suda əridiyi kimi, dəccal
da əriyəcək . Bundan sonra İsa (ə) Hz. Mehdi ilə görüşəcək. Birlikdə namaz
qılınacaq. Mehdi (ə) namazı qıldırması üçün Hz. İsaya işarə edəcək, lakin İsa
(ə): “Sən bu namazı qıldırmağa məndən daha çox layiqsən” deyəcək. Hz. İsa Allah
Rəsulunun (s) (s) şəriətinə tabe olduğu üzə çıxsın deyə Hz. Mehdiyə tabe
olacaq. Beləliklə, birlikdə namaz qılacaqlar. (İmami-əzəm, Fiqhul-əkbər,
Əliyyul-Qari şərhi, tərcümə, Yunus Vəhbi Yavuz, əlavəli 3-cü nəşr, Çağrı
nəşriyyatı, səh. 284)
Şafii məzhəbində Hz. Mehdi (ə) inancı
Hicri 150-ci
ildə Qəzzada anadan olan İmam Şafiinin Əbu Hənifənin vəfat etdiyi il doğulması
İslam alimləri tərəfindən əhəmiyyətli hesab olunur. İmam Şafii Məkkəyə gələrək
hədis təhsili almış, kiçik yaşda Quranı əzbərləmiş və İmam Malikin yanına
gələrək fiqhi məsələləri mükəmməl öyrənmişdir. Quran və hədis bilgisi mükəmməl
olan İmam Şafii də Əbu Hənifə kimi Hz. Mehdinin (ə) zühurunu müjdələmişdir.
O yazır:
“Qiyamətə yaxın zamanda Hz. Mehdi adlanan müsəlman sərkərdə çıxacaq və
müsəlmanların imanlarını yeniləyib, yer üzündə geniş yayılmış zülm və
təcavüzləri aradan qaldırıb yerinə haqq və ədaləti yerləşdirəcək. Bir çox hədis
və əqidə kitablarında açıq şəkildə ifadə edildiyi kimi, Hz. Mehdinin çıxışının
ardınca dəccal adlanan bir sərkərdə çıxacaq, rəhbərliyi altında yetmiş döyüşçü
ilə islami fəaliyyəti dayandırmaq üçün hərəkətə keçəcək və nəticədə
müsəlmanlarla vuruşacaq, əvvəlcə, nə qədər qələbə çalsa da, sonda məğlub
olacaq. Hz. İsa (ə) Allahın əmri ilə görə qalxdığı kimi, Qiyamətə yaxın zamanda
yenə Allahın əmri ilə yer üzünə enəcək və İslam ədalətini tətbiq edəcək. İmanı
zəif olan bunu qeyri-mümkün hesab edə bilər. Lakin Allahın qüdrətinə isnad etdikdə,
bu, çox asandır. (Böyük Şafii ilmihalı, Halil Günenç, əlavəli 2-ci nəşr, səh.
23)
Maliki məzhəbində Hz. Mehdi (ə) inancı
Maliki
məzhəbində də Hz. İsanın (ə) gəlişi əsas inanclardandır. İmam Malikin
“Əl-Muvəttə” əsərində Hz. İsanın (ə) ikinci dəfə yer üzünə gəlməsinə və Hz.
Mehdinin (ə) zühuruna diqqət çəkilmişdir. (Əl-Muvəttə, İmam Malik, 2-ci cild)
Hənbəli məzhəbində Hz. Mehdi (ə) inancı
Hənbəli
məzhəbinin banisi Əhməd ibn Hənbəl əsərlərində Hz. İsanın (ə) gəlişini, dəccalı
öldürəcəyini qəbul edir. Axırzaman əlamətləri ilə bağlı çox maraqlı məlumatlar
verir. Əhməd ibn Hənbəl dəccalın şərindən iztiazə ilə (Allaha sığınaraq)
hədisləri nəql edərək axırzamanda zühur edəcəyini və Hz. İsa (ə) tərəfindən
öldürüləcəyini qəbul edir. (İslam əqaidinin üç şəxsiyyəti, Dr. Yusuf Şevki
Yavuz, səh. 49)
Peyğəmbərimiz
(s) Hz. Mehdinin (ə) bütün məzhəbləri aradan qaldıraraq dini, əslində, əvvəlki
vəziyyətinə qaytaracağını bildirmişdir
Hz. Mehdinin
(ə.s.) mühüm xüsusiyyətləri arasında ən böyük mücəddid (hər əsrin əvvəlində
dini həqiqətləri dövrün tələbinə görə öyrədən böyük İslam alimi) və ən böyük
müctəhid (ehtiyac olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi) vəsfləri də
var. Bu vəsfə malik böyük şəxslər İslam topluluqlarına nümunə olmuş, yol
göstərmiş, zamanın mənəvi lideri olmuş öndərlərdir. Bu öndərlərdən bəziləri
ictihad etmə (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma)
və hökm vermə vəsflərinə görə məzhəb öndərləri olmuş, müsəlmanlar da onlara
tabe olmuşdur. Bu müctəhid və mücəddidlərdən ən böyükləri isə Hz. Mehdi olacaq.
Bu da Hz. Mehdinin ictihad edən (üsuluna uyğun olaraq Quran və hədislər
vasitəsilə hökm çıxarma) və hökm verən səlahiyyətli şəxs kimi bütün məzhəbləri
aradan qaldıracağını göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə, digər
bütün məzhəbləri ləğv etməlidir. Dövründə hər kəsin ona tabe olacağını
bildirilməsi də bunu təsdiq edir. İslam tarixinin ən böyük alimlərindən biri
olan Muhyiddin Ərəbi isə “Futuhatul-Məkkiyyə” adlı əsərində bu barədə belə
məlumat verir: “Hz. Mehdi dini peyğəmbərin zamanında olduğu kimi eyni ilə
tətbiq edəcək. Yer üzündəki, məzhəbləri aradan qaldıracaq. Xalis həqiqi dindən
başqa heç bir məzhəb qalmayacaq.” (Muhəmməd bin Rəsul əl-Hüseyn əl-Bərzənci,
Qiyamət əlamətləri, səh. 186-187)
Dəyərli İslam
alimi Hüseyn Hilmi İşıq da “Səadəti-əbədiyyə” adlı əsərində Hz. Mehdinin bu
xüsusiyyətini belə xəbər vermişdir: “Hz. Mehdi axır zamanda dünyaya gələcək.O,
Rəsulullahın (s) nəslindən olacaq. O, İsa (ə) ilə görüşəcək. Məzhəbləri aradan
qaldıracaq, sadəcə onun məzhəbi qalacaq. (H. Hilmi İşık, Saadeti-Ebediye, səh.
35)
Nəticə: Hz. İsa və Hz. Mehdi hər ikisi təkrar yer üzünə
gələrək ədaləti bərqərar edəcəklər. Hz. İsa (ə), namazda Hz. Mehdiyə iqtida
edəcəkdir. Hz. Mehdi hədislərə əsasən peyğəmbərdən sonra yaranmış bütün
məzhəbləri aradan aparacaq və əsl xalis İslamı yer üzərində yenidən bərpa
edəcəkdir. Namazı da məhz Hz. peyğəmbərin (s) bizə öyrətdiyi kimi qılacaqdır.
Yorumlar
Yorum Gönder