“Nə üçün ancaq Hüseynə (ə) matəm saxlanılır, peyğəmbərə (s) matəm saxlanılmır?” şübhəsinə cavab


Şübhə: “Nə üçün ancaq Hüseynə (ə) matəm saxlanılır, peyğəmbərə (s) matəm saxlanılmır?”
Necə də cılız və düşünülməmiş bir iraddır. Görəsən bunlara kim deyib ki, müsəlmanlar peyğəmbərə (s) matəm saxlamır? Bunu harada, necə müşahidə edib və bu cür uydurma qənaətə gəliblər? Hər bir müsəlman öz peyğəmbərinin (s) şəhadətində onun dünyadan getməsinə üzülür, kədərlənir. Yəqin imam Hüseynə (ə) irad tutmağa başları qarışan “peyğəmbər (s) sünnəsinin davamçılarının” heç peyğəmbər (s) də yadlarına düşmür. Digər tərəfdən, kimsə peyğəmbərə (s) matəm saxlamırsa, həzrəti Hüseynə (ə) də matəm saxlaya bilməz deyə bir qayda varmı? Bunu hardan uydurdunuz? Matəm keçirtmək vacib bir əməl deyil, müstəhəbb- savabı olan bir işdir. Hər bir şəxs istər bunu qeyd edər istərsə də etməz. Heç kim də digərini buna görə qınaya bilməz və bu ağılsızlıq olardı. Çünki Allah özü də bu işi tərk edəni qınamır. Lakin bu şəxs müəyyən savab və faydalı əməllərdən uzaq düşmüş olacaqdır. Fərz edək ki, qarşımıza iki müstəhəbb əməl çıxmışdır. Biz bunlardan birini tərk edib digərini etsək heç bir ağıl sahibi bizə buna görə irad tutmaz. Bu qədər sadə məsələni anlamayanlar, sadə fiqhi terminləri ya ayinlərin hökmünü dərk etməyənlər hələ üstəlik irad da tutur? Ümumiyyətlə imam Hüseynə kimsə matəm saxlayanda niyə siz narahat olursunuz? Peyğəmbərin (s) sünnəsini yaşadanları təşviq etmək yerinə onlara irad tutursunuz? Siz də keçmiş rəhbərləriniz kimi peyğəmbər (s) sünnəsini aradan aparmağa səy göstərirsiniz? Ya müsəlman olub sünnəyə əməl edin ya da bu dini yaşadanların qarşısından çəkilin.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir