“Hər şeyin cavabını dini mətnlərdə axtaran saysız-hesabsız dindarlarımız var!” iddiasına cavab.


Bəziləri “Quraniləri” inkar, yaxud tənqid edərkən o qədər ifrata varırlar ki, özləri onlardan daha mənfi mövqedə dururlar.
Fəlsəfə, irfan və bu kimi elmi sahələr insanın inkişafına səbəb olmalıdır. Nəinki, bu elm sahələrini yanlış analiz edərək İslam əleyhinə şüarlar səsləndirək. Peyğəmbərlərin ən şərəflisini hansısa filosof ilə (məsələn, Fridrix Nitsşe) üzə-üzə qoyub, onları müqayisə etmək, dolayı yollarla az da olsa onun sözlərini Quran kəlamından, peyğəmbər (s) hədisindən daha öndə bilmək çox yanlış bir yoldur. Bu təfəkkürdə olan insanların halı, uçurumun kənarında duran və bir dəstəni də özləri ilə uçuruma yuvartlamaq istəyənlərə bənzəyir.

Hər şey Quranda varmı?

Bu məsələnin iki yönü var:
1.     Hər şeyin Quranda birbaşa olması ilə əlaqəli qeydlər. Məsələn, Quranda hansısa mövzunun konkret şəkildə olması. 2+2 = 4 kimi. Hansısa tarixi şəxsiyyətin həyat və fəaliyyəti və sair. Etraf etməliyik bir sıra mövzular bu cür konkret şəkildə Quranda gəlməyib. Bunun özünün də hikmət və fəlsəfəsi vardır.

2. Quran bütün mövzulara işarə etmişdir. Heç bir elm, heç bir hadisə Qurandan kənarda deyil.
“Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (“Ənam” surəsi, 59)

Müqəddəs Qurani-Kərim Quranda birbaşa olmayan mövzuları öyrənməyimiz üçün bizi istiqamətləndirir, bizə ünvan göstərir:
 “Əgər bilmirsinizsə zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun. (“Nəhl” surəsi, 43)

“Zikr əhli” ayəsinin təfsirində “əhli-beyt”, “hər zəmanənin imamı” və bu cür yaxın mənalar zikr edilmişdir. Məşhur mənalardan biri də “hər əsrin din və digər sahələr üzrə mütəxəssisidir.
Yəni, İslam özü bizi digər elmi sahələri, digər həyat bilgilərini öyrənməyiniz üçün o sahənin əhlinə yönləndirir.

Digər bir ayəni oxuyaq: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..” (“Həşr” surəsi, 7)
İslam peyğəmbəri (s) də öz növbəsində bir sıra məsələləri insanlar üçün izah və təfsir etmiş, bəzən isə onlara istiqamət verərək, ünvan göstərmişdir. Ayə ilə əlaqəli maraqlı bir hadisəni də nəzərinizə çatdıraq.
Bir gün İmam Şafei Məscidul-Həramda əyləşərək “mənə hər nə sual versəniz, sizə Allahın kitabı Quran ilə cavab verərəm” deyir. Bir nəfər yerindən qalxaraq ona həcc ilə bağlı bir sual verir. İmam Şafei onun cavabını Quran ilə deyil hədis ilə verdikdə həmin şəxs etiraz edərək deyir: “Axı sən iddia etdin ki, bizə Quranla cavab verəcəksən?” İmam Şafei ona baxaraq deyir: “Müsəlman”! Bəs sən Quran oxumursan? Quran demir ki, Peyğəmbər sizə nə versə onu götürün və nəyi qadağan etsə ondan uzaqlaşın?" deyərək Həşr sürəsinin 7-ci ayəsini ona xatırladır və həmin şəxsə başa salır ki, bəzi mövzular birbaşa Quranda yoxdursa, bu “filan şey Quranda yoxdur” anlamına gəlməz.

Bu mövzuda İbn Abbasında sözlərinə istinad etmək yerinə düşərdi. İbn Abbas deyirdi: Dəvəmin ipi də itsə gedib onu Quranda taparam. (Cəlaləddin Süyuti, “Əl-İtqan fi ulumil-Quran”, c. 2, səh. 273.)
 Lakin, indi bəziləri “hər şeyin cavabını dini mətnlərdə axtaran saysız-hesabsız dindarlarımız var!” iddiası çıxış etməyə başlayıb.

İbn Abbas yenə deyir: “Bütün elmlər, Quranda mövcuddur. Lakin insanların anlayışları onu dərk etməyə acizdir.” (Huseyn Avni, Ecazı Quran, səh. 28; Cəlaləddin Süyuti, “Əl-İtqan fi ulumil-Quran”, c. 1, səh. 33. c. 2. səh. 277-278.)

“Hər şeyin cavabını dini mətnlərdə axtaran saysız-hesabsız dindarlarımız var!” deyənlərə xanım Fizzəni də nümunə göstərmək olar. Ona verilən bütün suallara çox incə dəqiqliklə Quranla cavab vermiş və dəfələrlə bu halı ilə insanları təəccübləndirmişdir.

Fizzənin bütün söhbəti yalnız Quran ayələri idi
Abdullah ibn Mübarək rəvayət edir ki, bir gün Məkkəyə gedərkən səhrada azıb qalmış bir qadına rast gəldim.
Qadından soruşdum ki, sən kimsən? Mənə Quran ayəsi ilə cavab verdi:
“Salam de, onlar tezliklə biləcəklər”. (“Zuxruf” surəsi, 89)
Başa düşdüm ki, salam vermədiyimə görə qadın məni tənbeh edir. Salam verdim, cavabında bu ayəni oxudu:
“Rəhmli Allahdan onlara salam deyiləcəkdir”. (“Yasin” surəsi, 58)
Soruşdum: “Sən bu səhrada nə edirsən?”. Cavab verdi:
“Hər kimi Allah azdırsa, hidayət olmaz”. (“Əraf” surəsi, 186)
Başa düşdüm ki, qadın səhrada azıb yolu itirib.
Soruşdum ki, cinlərdənsən, yoxsa insansan? (O dövrdə ərəblər arasında cinlərin
varlığına inam elə güclü idi ki, bəzən hər hansı varlığın cin, yoxsa
insan olduğuna şübhə edirdilər). Qadın cavabında bu ayəni oxudu:
“Ey Adəm oğlu, zinətlərinizi götürün!”. (“Əraf” surəsi, 31)
Başa düşdüm ki, qadın Bəni-Adəmdəndir. Xəbər aldım: “Haradan gəlirsən? ”. Cavab verdi:
“Onlar uzaqdan çağrılırlar”. (“Fussilət” surəsi, 44)
Bildim ki, uzaqdan gəlir. Hara getdiyini soruşdum, belə dedi:
“Öz bəndəsini bir gecə Məscidül-həramdan Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir” (“İsra” surəsi, 1).
Başa düşdüm ki, qarı həccə gedirmiş. Maraqlandım ki, neçə gündür səhradasan? Cavab verdi:
“Üç bütöv gecə”. (“Məryəm” surəsi, 10)
Dedim ki, bəs bu müddətdə çörəyi və suyu haradan tapırdın? Bu ayəni oxudu:
“Məni yedirib-içirən Odur! (yəni Allahdır)” (“Şüəra” surəsi, 79)
Soruşdum: “Bəs necə dəstəmaz alırdın?” Cavab verdi:
“Əgər su tapmasanız, pak torpaqla təyəmmüm edin”. (“Maidə” surəsi, 6)
Başa düşdüm ki, su olmadığından təyəmmüm edirmiş.
Soruşdum: “Yemək istəyirsənmi?” . Bu ayəni oxudu:
“Sonra gecəyə kimi oruc tutun”. (“Bəqərə” surəsi, 187)
Anladım ki, oruc tutur. Dedim: “Axı, Ramazan ayı deyil”. Cavab verdi:
“Hər kim könüllü olaraq, vacib olandan artıq xeyirli bir iş görsə, bilsin ki, Allah razı qalan və hər şeydən xəbərdardır”. (“Bəqərə” surəsi, 158)
Ayədən bildim ki, qadın müstəhəbb oruc tutub.
Qadının daim Quran ayələri ilə danışması mənə çox qəribə gəldi. Səbəbini soruşanda bu ayəni oxudu:
“Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən (iki mələk) var”. (“Qaf” surəsi, 18)
Soruşdum: “Hansı qəbilədənsən?”. Belə dedi:

“Bilmədiyin işin ardınca getmə”. (“İsra” surəsi, 36)
Başa düşdüm ki, deyəsən, yersiz sual vermişəm. Ona görə qadından üzr istədim. Bu ayə ilə cavabımı verdi:
“Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!”. (“Yusif” surəsi, 92)
Başa düşdüm ki, qadın yersiz sualıma görə üzrümü qəbul edib məni bağışladı.
Dedim: “İstəyirsənmi dəvəmə minəsən?”. Cavab verdi:
“Allah gördüyünüz hər bir yaxşı işi bilir”. (“Bəqərə” surəsi, 197).
Başa düşdüm ki, dəvəyə minməyə etiraz etmir. Əvvəlcə fikirləşdim ki, qadını tərkimə alım və dəvənin belində ikimiz də gedək. Qadın bu fikrimi ayə ilə rədd
etdi: “Əgər yerdə və göydə Allahdan savayı başqa tanrılar da olsaydılar, hər ikisi (yer və göy) dağılardı”. (“Ənbiya” surəsi, 22)
Anladım ki, onu tərkimə almağımı istəmir və dəvəyə tək minmək arzusundadır. Mən dəvəni yatıranda qadın bu ayəni oxudu:
“Möminlərə de ki, gözlərini yumsunlar”.  (Nur, 30)
Başa düşdüm ki, qarı dəvəyə minərkən mənim ona baxmağımı istəmir. Üzümü kənara çevirdim. Qarı dəvənin tərkinə qalxmaq istəyəndə paltarının ətəyi
dəvənin ayağı altında qalıb cırıldı. O bu ayəni oxudu:
“Başınızahər nə müsibət gəlsə, bilin ki, öz əlinizlə qazanmısınız”. (“Şura” surəsi, 30)
Mən dəvəni bir daha yatırtdım. Qadın aşağıdakı ayəni oxuya-oxuya dəvəyə süvar oldu:
“Bizə bunu (dəvəni) tabe edən (Allah) müqəddəsdir”. (“Zuxruf” surəsi, 13).
Mən əvvəlcə dəvəni sürətlə sürürdüm. Qadın dedi:
“Yerişində müvazinəti gözlə və səsini yüksəltmə!” (“Loğman” surəsi, 19).
Soruşdum: “Ərin varmı?”. Cavab verdi:
“Ey iman gətirənlər, qanınızı qaraldacaq şeylər barədə soruşmayın!”. (“Maidə” surəsi, 101)
Başa düşdüm ki, yenə yersiz sual vermişəm.
İrəlidə bir karvan göründü. Mən həmin karvana doğru yol aldım. Qadından soruşdum ki, övladın yaxud başqa qohumun varmı? Bu ayə ilə cavab verdi:
“Mal və övlad dünya həyatının zinətidir”. (“Kəhf”, 46)
Başa düşdüm ki, uşaqları var. Soruşdum: “Uşaqların hansı peşənin sahibidirlər?” Cavab verdi: “Allah əlamətlər yaratdı; insanlar ulduz vasitəsilə öz yollarını taparlar”. (“Nəhl” surəsi, 16).
Anladım ki. qadının oğulları bələdçidirlər. Oğullarının adını xəbər alanda bu ayələri oxudu:
“Allah İbrahimi özünə dost tutdu”. (“Nisa” surəsi, 125)
“Allah Musa ilə sözlə danışdı”. (“Nisa” surəsi, 164)
“Ey Yəhya, kitabdan möhkəm yapış!” (“Məryəm” surəsi, 12).
Mən karvanın qarşısında durub qarının oğullarının adını (İbrahim, Musa və Yəhya) çağırdım. Onlar tez bizə yaxınlaşdılar. Qadın oğullarını görəndə söylədi:
“İndi birinizi bu pulla şəhərə göndərin ki, görsün ən təmiz yemək hansıdırsa, ondan sizə ruzi gətirsin”. (“Kəhf” surəsi, 19)
Qadının oğulların dan biri gedib yemək hazırladı. Qadın, Həzrət Şüeyb Peyğəmbərin (ə) qızının dilindən söylənilən bu ayə ilə oğlanlara tapşırdı ki, ona bələdçilik edib gətirdiyim üçün mənə pul versinlər:
“Ata, bunu muzd la çoban tut! Çünki bu güclü və əmanətdar adam muzdla tutduqlarının hamısından daha xeyirlidir”. (“Qəsəs” surəsi, 26)
Oğlanlar mənə bir miqdar pul verdilər. Qarı daha çox pul verilməsini təkid etmək üçün dedi: “Allah istədiyi şəxs üçün qat-qat artırar”. (“Bəqərə” surəsi, 261).
Oğulları mənim muzdumu artırdılar. Mən həmin qadının kimliyi barədə soruşdum. Dedilər ki, bu, vaxtilə Həzrət Fatimənin  kənizi olmuş Fizzədir. Özü də 20 ildir ki, yalnız Quran ayələri vasitəsilə danışır, Quran ayəsindən savayı heç nə söyləmir.
Bu ibrətli hekayə də bizə bunu başa salır ki, Quranda hələ gündəlik istifadə edilən sual-cavabın cavabları da vardır. Bu cür dəlillərdən sonra kim bizi Quranda uzaq qalmağa səsləyə, “hər şeyin cavabını dini mətnlərdə axtaran saysız-hesabsız dindarlarımız var!” deməyə mənəvi haqqı çatar?!

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir