Fazil Mustafa nə vaxtacan söyüş söyüb ədəbsizlik edəcək?



Ümummilli Lider - Ümummilli təhqir



Allah Rəsulu (s) buyurur: “Söyüş söyən kimi həyasız yoxdur.”
Sözümə bu mübarək hədislə başlamağım heç də əbəs deyil, çünki biz Fazil Mustafadan söz açacağıq. Amma bir qədər sonra...

Əvvəla, bunu bilməliyik ki, dinimizə görə söyüş söymək çox nadir xəstəliklərdən biri hesab edilir. Hər kəs bu xəstəliyə tutulmur. Quran və hədislərə əsasən, bu xəstəliyin bir əlaməti var – Allahdan uzaq düşmək. Allah-təala Quranda belə buyurur: “Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (“İsra” surəsi, 64)

Yəqin ariflər bir işarə ilə söhbətin nədən getdiyini anladılar.

Dinimiz təhqirə də yol verilməsinin əleyhinə olan uca bir dindir. Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, cəsarətli və qüdrətli insanlar təhqir və böhtana heç vaxt əl atmır, əksinə, öz mövqelərini dəlillərlə ortaya qoyurlar. Təhqir və böhtan müqəddəs dinimizdə yolverilməz bir əməl sayılır. Mübarək bir hədisdə Allah Rəsulu (s) buyurur: “Heç bir müsəlmanı alçaldıb təhqir etmə! Çünki onların ən kiçiyi də Allah yanında böyükdür” (Tənbihul-Xəvatir, c.1, s.31).

Allah Rəsulu (s): “Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər.” (Tənbihul- Xəvatir, c. 2, səh.122).

Bəli, biz elə bir dinin ardıcıllarıyıq ki, onun ana kitabı olan Quran hətta bütü də təhqir edib söyməyi rəva görmür: “Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.” (“Ənam” surəsi, 108)


İlahiyyatçı, şərqşünas Famil Şirvanov

Artıq əsas mövzumuza keçid ala bilərik. Ölkəmizin dəyərli ziyalısı, ilahiyyatçısı, şərqşünas Famil Şirvanova qarşı millət vəkili Fazil Mustafa tərəfindən ədəbsizlik olundu. Biz buna ədəbsizlik deyib keçiriksə, bu bizim sadəlövhlüyümüzdən deyil, alicənablığımızdandır. Loğman həkimin də buyurduğu kimi, ədəbi ədəbsizdən də öyrənmək olur. Bir ədəbsiz söyüş söyürsə, biz söymürük. Bir ədəbsiz təhqir və böhtana əl atırsa biz atmırıq.
Bəli, Fazil Mustafadan danışırdım - onun dəyərli ziyalımıza qarşı yersiz hiddətindən... Bu qəzəbin səbəbi isə şərqşünasın yazdığı bir məqalə olmuşdur. Məqalədə yer alan bəzi cümlələr Fazil Mustafa və məsləkdaşlarını bərk narahat edib və...
İstəmirdim yazam. Amma yazmadıqca bu “və”lərin qarşısı boş qalmaz. Deyəsən bəziləri təhrif olunmuş İncildəki “bir üzünə bir şillə vurdularsa, digər üzünü çevir və səbr et” yalanının müsəlmanlara tətbiq etmək niyyətindədirlər.
Hə, harda qalmışdıq? Bəli, “və”də. Və Fazil Mustafa ölkəmizin ən dəyərli və ziyalı şəxslərindən birinə qarşı ən böyük ədəbsizliyi etdi. İctimai yerdə, öz rəsmi facebook səhifəsində, bütün Azərbaycan xalqının gözü qarşısında dəyərli alimimizi və o cümlədən bu xalqın övladlarını “erməni-fars törəməsi” adlandırdı. Heç utanmadı da...
Din dövlətdən ayrı olsa da, bu mövzuda ortaq cəhətləri vardır. Dinimiz insanları söyüb təhqir etməyi qəti pislədiyi halda, dövlətimiz də qanunları ilə bu işi qadağan edir və məlum mövzular Cinayət məcəlləsində yer almaqdadır. Biz hüquqi dövlətdə yaşayırıq Fazil bəy! Bu ölkə xaricdə oturan muzdlu vətən xainlərinin dediyi kimi xarabaxana deyil ki, hər kəs istədiyi havanı çalıb oynasın.
Deyəsən Fazil bəy, hüquqi bir dövlətdə yaşadığımızı və necə gəldi, kimə gəldi söz atıb, təhqir edə bilməyəcəyimizi unudub. Elə isə təkrar biliyin anasıdır deyib insanları təhqir edib alçaltmaq barədə qanunların bir qismini milləti təhqir edən “millət vəkili”nə xatırlatmaq istəyirik;

Maddə 148. Təhqir.
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 148-1. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə
İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə —min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Fazil Mustafanın ölkənin ziyalısı barədə istifadə etdiyi “erməni-fars törəməsi” ifadələri qanun ələyindən keçsə necə olacaq? Ölkəsini, millətini sevib uğrunda can yandıran bir şəxs barədə bu nə ədəbsiz cümlədir? Bu cəsarəti haradan alır? “Millət vəkili” statusunu ona verən millətin nümayəndəsini ən çirkin sözlərlə aşağılamaq? Ayıb olsun.
Fazil bəy, yadınızdadırsa 2015-ci ilin Ramazanında barəmdə də oxşar ifadələr yazmışdınız. Bilirsiz səbəbi nə idi? Çox sadə bir səbəbi vardı. Siz (2015-ci ilin 17 İyulunda, cümə günü, saat 13:52-də) Səudiyyə və Türkiyənin mediasına əsasən, hay-küy salmışdınız ki, bayram şənbə günü deyil, cümə günüdür. Siz nə ilahiyyatçı-ruhani deyildiz, nə də rəsmi qurumun (QMİ) nümayəndəsi. Elə buna görə də sizin yazdığınız elə sizə qaldı. Bir qism cümə günü, digər bir qism isə şənbə günü bayram etdi.
Hə maraqlısı burasıdır. Bilirsiz nə oldu? Sizin etimad edib güvəndiyiniz Ərəbistan və Türkiyə mediası daha sonra etiraf edib məlumat yaydılar ki, “aaa bayram şənbə günü imiş...”
Ərəbistandakı “ağıllılar”da kəffarə verdilər guya. Heç bilinmədi bizim Azərbaycanda əyləşib Ərəbistanla uçmaq istəyənlərin kəffarəsi necə oldu? Sələfi-vəhhabilərin Azərbaycandakı rəhbəri kimi bilinən Qamət Süleymanov da etiraf edib dedi ki, biz səhv etdik, tələsdik.” Videoportallarda bu tarixi əks etdirən video görüntülər var.
İyul ayının 19-u “Nə oldu Fazil?” adlı bir yazım sosial şəbəkədə geniş yayıldı. Biz sizdən soruşurduq ki axı nə oldu bu verdiyiniz proqnoz? Bəs cümə günü bayram idi? Və sair və ilaxır. Lakin siz, sizə qarşı heç bir tənqid belə olmayan yazıya təhqirlə cavab verib dəyərli ziyalımız barədə işlətdiyiniz oxşar ifadələri o zaman da qeyd etdiniz. O yazdıqlarınızın hamısı qorunur və saxlanılır. Kim bilir, bəlkə bir gün bu qədər səbirli olmayıb, yazı yazmaq yerinə yazdıqlarınızı qanun ələyindən keçirtdik...
Bəli, məlum məsələyə görə Ərəbistan üzr istədi, hətta Qamət də əşşi deyib bu həqiqəti əxilərlə paylaşdı. Etiraz edib Belə şey ola bilərmi?” deyənlərə “Təəccüblənməyin, bəli ola bilər” deyib yola verdi. Amma siz Fazil Mustafa təvazökarlıq edərək bu millətə nümunə ola bilərdiz. Deyə bilərdiz ki, bəli, səhv oldu filan. Lakin siz gözləntimizi boşa çıxartmadınız və bir kəlmə də olsun bu barədə yazmadınız.
Fikirləri ilə razılaşmadığınız şəxsləri tez İranpərəst, fars adlandırırsız. Bəs indi biz nə deyək? Azərbaycanda əyləşib Ərəbistan təqvimini burda yeritmək istəyinizi necə başa düşək? Axı siz hərdəm tv-lərdə savadlı insan kimi qələmə verilirsiniz. Yəni, siz guya anlamırsınız ki, ayın görünməsi şəriət, məzhəb, ümumiyyətlə, din mövzusu deyil? Axı bu üfüqlə bağlıdır və bunu hər hansı bir ölkə və məzhəblə bağlamaq ağıldan kənar bir işdir. Bilmirəm 7-8-ci siniflərin dərsliyində yer alan bu məlumatı bilirdiz ya yox, lakin biz isbat etdik ki, bu kimi sözlər ölkəni qarışdırmaq istəyənlərin fitnəsidir. Sərdar Cəlaloğlunun ifadəsi ilə desək “Siz ölkədə süni də olsa, şiə sünni müharibəsi yaratmaq niyyətindəsiz.” Bu Sərdar Cəlaloğlunun barənizdə olan iddiasıdır.
Fazil bəy keçmişə bir nəzər salaq. Daha başlamışıqda... Bir də sizinlə belə dərdləşmək imkanı kim bilir haçan olar. Elə bilməyin etdiklərinizi, yazdıqlarınızı silməklə yaddan çıxır. Hər şey bu xalqın xatirindədir, hətta ziyarətgahlara boş şeydir demyiniz də, nəzir qutusuna nəzir salanları axmaq adlandırmağınız da, Fətullah Güləni necə müdafiə etməyiniz də, sabiq prezident Heydər Əliyevi necə təhqir etməyiniz də... Hardan başlayaq Fazil bəy?
2016-cı ilin Avqustunda sizə yazıb bildirdik ki, “ziyarətgahlar barədə fikrinizi ədəblə də bildirə bilərdiniz. Hətta siz daha da irəli gedərək ora nəzir salanları axmaq adlandırmışdınız. Xatırladınız hə?
Dünənəcən Fətulla Gülənin müdafiəçisi idiniz, nurçulara toz qondurmurduz. Doğurdane sizə nə olmuşdu o zaman? Fətulla Gülənə görə dünyaya od vurub yandırmağı belə gözə almışdınız. Ay aman... Siz Fətulla Gülənin iç üzünü açıb göstərənləri yenə də ictimai yerlərdə “şərəfsiz” adlandırırdınız. Amma sonra nə oldu bəy? Sizə sübut olundu ki, o ağzınızın suyu axdığı məktəblər hamısı xalqın millətin əleyhinə yönəlibmiş. Millətin beynini təhsil adı altında yuyub terrorçu yetişdirən ocaqların ocağı elə söndü ki, közü də qalmadı. Amma siz Türkiyəni bir gecədə qan gölünə çevirən o terrorçulara görə ölkənin ziyalı və elm admlarını zaman-zaman təhqir etdiniz. Niyə? Niyə? Niyə?
Fətulla Gülənə elə od qoydular ki, az qala o alov burdakıları da yandırıb yaxdı. Amma nədənsə daha nurçular barədə səsiniz sorağınız gəlmir. Daha nurçuları tənqid və hətta təhqir edənlərə də gözünün üstə qaşın var deyə bilmirsiz. Hətta istəsəz də deyə bilməzsiniz, eləmi?
Fətullah Gülən terror təşkilatının açdığı terror ocaqlarında insanlara əxlaq, ədəb təlim-tərbiyə aşılanmır? Ancaq, təhqir və söyüş təlimi alırlar?
Nə isə, Fətulla məsələsini də bir kənara qoyub keçirik lap ümummilli bir məsələyə, bu xalqın ümummilli təhqirinə.
Fazil Mustafa ümummilli lideri niyə təhqir edir?
Ziyalılarımızı təhqir edən Fazil Mustafa hətta çəkinmədən ümummilli lideri də təhqir edib və bunu qəzetdə də dərc elətdirib. İşə bax ha, oturasan dövlətin Milli Məclisində sonra da onun prezindenti barədə ağzına gələni danışasan? Əcəb işdir.
Hə Fazil bəy! Yadınızdadır “Yeni Müsavat” qəzetinə verdiyiniz müsahibə? Facebookdan status silmək deyil bu.
Siz yazmışdınız: “Zaman gələcək, nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub Heydər Əliyevə abidə ucaldacaqlar. Mənə subut edin ki, H. Əliyev turkdü, edə bilməzsiniz, çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. Mənə sübut edin ki, H. Əliyev müsəlmandı, mənə sübut edin ki, H. Əliyev insandı!” (Bu məqaləni Fazil Mustafa (Qəzənfəroğlu) “QƏLBİ AZƏRBAYCANDAN OLMAYANLARA TÖVSİYƏ” başlığı ilə “Yeni Müsavat” qəzetinin 14 oktyabr 2003-cü il, №278(2205) -da çap etdirib)
Daha ətraflı bax: http://www.xeber.info/index.php/c-miyy-t/item/1708-fazil-mustafa-maerhum-heydaer-aeliyev-baraedae-nae-laer-deyib

Yaxşı, özünüz deyin bütün bunlardan sonra biz sizə nə ad verək?
Ərəbistan təqvimini Ramazan aylarında bu ölkədə tətbiq etməyinizi necə anlayaq? Buna görə sizə bir ad, Fətulla Güləni müdafiə etdiyinizə görə bir ad, prezidenti təhqir etdiyinizə görə də başqa bir ad verək? Yox, bu bizim adətimiz deyil. Bu siz və bu da keçmişiniz... Özünüz özünüzə ən yaxşı qiyməti verin.
Əgər həqiqətən də ölkə üçün, bu ölkənin insanları üçün narahatsınızsa, onda ciddi problemlərin həllinə çalışın. Artıq neçə müddətdir ki, ölkədə buraxılan dərsliklərdə ciddi nöqsanlar aşkarlanır. Bəziləri isə ədəb və əxlaqdan belə uzaqdır ki, onun barəsində burada söz açmaq istəmirik. Ölkəsini, millətini sevənlər barədə “erməni” ifadəsini istifadə etmək yerinə bu qəbildən olan problemlərin həlli üçün çalışın.
Sözümü elə başladığım mübarək hədislə də bitirirəm: Allah Rəsulu (s) buyurur: “Söyüş söyən kimi həyasız yoxdur.”

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir