"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti
Radikal – Nədir radikal və
kimdir radikal? Bəzilərinin bilib bilmədən danışdığı, haqq-nahaq istifadə
etdiyi bir söz...
Radikal fransız (bəzi kitablarda
yunan (latın) ) sözü olub, köklü dəyişiklik tərəfdarı, mənasına gəlir. Əlbəttə
bu onun ilk və bir mənasıdır. Bu söz müxtəlif elmi sahələrdə də istifadə
edilmişdir.
Radikal
sözü elmdə.
Radikal sözü
Riyaziyyatda: “Kökalma əməliyyatını, eləcə
də kökalmanın nəticəsini göstərən işarə (√).”
Radikal sözü
Kimyada: “Bir birləşmədən
digərinə dəyişikliksiz keçən atomlar qrupu.”
Radikal sözü
Siyasətdə: “Baxışlarında və
dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs.”
“Radikallar partiyasının (sol
siyasi partiyalardan birinin) üzvü, yaxud onun tərəfdarı olan şəxs (bu
partiyaların proqramında dövlət çərçivəsində və onun mənafeyinə uyğun olaraq
demokratik islahat irəli sürülür).”
Radikal
sözü, lüğətdəki mənaları.
Radikal sözünün
xüsusi mənası: - Radikal odur ki, fikir və ya əməldə həddi aşır. (Unutmayaq ki, hətta
yaxşı işdə də həddi aşmaq olmaz.) (Bəqərə 256)
Radikal sözünü ümumi
mənaları: ifrat siyasi
görüşlər, qəti hərəkət və tədbirlər tərəfdarı, ekstremist, qorxmaz.
Radikal sözünün bir mənası da
gördüyünüz kimi “qorxmaz”dır. Amma bu qorxmazlıq mənfi mənada istfifadə olunur.
Bu qorxmazlıq əksər zamanlar elə faciələrə yol açır ki, nəinki bir şəxs bütün
cəmiyyət ondan zərər görür. İnsanlarda qorxu hissinin olması fitri hisdir və bu
ilahi bir nemətdir. İnsan əlini atəşə vurmağa qorxmasaydı əli yanardı. Vəhşi
heyvandan qorxusu olmasaydı öz ehtiyatını tutmaz və çox asanlıqla vəhşi
heyvanların yeminə çevrilərdi. Bütün həyatımızda bunun nümunələri vardır. Bəzən
hansısa işləri etməməyimizin səbəbi onun nəticələrindən qorxduğumuza görədir.
Hətta dini mənbələrimizdə də var ki, bir qisim insanlar məhz Allahdan – onun
Cəhənnəmindən qorxduqları üçün ibadət edir. Onları ibadətə sövq edən səbəb yenə
qoxudur. İslam qorxaqlığı bəyənmir. Amma heç bir şeydən qorxmamağı da bəyənmir.
Hər bir işdə olduğu kimi orta yolu tutmağımızı buyurur.
Radikal sözünün qorxusuz
mənasına gəlməsi, şəxsin yersiz qorxmazlığıdır. Özünə partlayıcılar bağlayaraq
“mən qorxmazam” deyərək intihara getməyi qorxmazlıq yox, ağılsızlıq kimi
dəyərləndirmək lazımdır. Radikal bir işin adı, radikalizm isə onun
nəticəsi hesab oluna bilər.
Radikalizm - Dövlətin mənafeyi
çərçivəsində demokratik islahat həyata keçirməyi tələb edən siyasi cərəyan;
Radikalların dünyagörüşü, onların həyata keçirdikləri siyasət.
Nəzəri və təcrübi məsələlərin
(xüsusən siyasi məsələlərin) həllində əsaslı qəti üsulların tətbiqi və bu
üsulların müdafiə edilməsi.
Radikal sözü istənilən sahədə
istifadə oluna bilər. İstənilən bir sahədə kəskin mövqe sərgiləmək və yalnız öz
ideyasını nəyin bahasına olursa-olsun (doğru və yanlışlığa baxmadan) həyata
keçirtməyin özü də radikallıq hesab olunur. Hətta bəzi xarici ölkələrdə
“iqtisadi radikallıq” məfhumu mövcuddur.Bəzi ölkələrdə bu söz xüsusi isim kimi
özünü göstərmişdir. Belə ki, bəzi bank və şirkət adlarının “Radikal” olduğunu
müşahidə edirik. Yeri gəlmişkən qeyd edək ki, İslamda radikallıq yoxdur, və bu
sözün İslam və din ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Bu sözün
İslama aid edilməsi də, qeyri ənənəvi təriqətlərin bir çirkin oyunudur ki, buna
toxunacağıq.
Alman filosofu, siyasətçisi,
marksizm-leninizm nəzəriyyəsinin banisi Karl Marks mövzu ilə bağlı deyir:
“Radikal yəni, bir məsələnin kökünə - dərinliklərinə - getməkdir.”
Bir şəxs hər hansı bir mövzu
barədə məlumatlı olmasa necə o məsələnin kökündə duran hadisələr barədə söz aça
bilər? Necə o məsələlərin həlli yolunu tapıb, onu müxtəlif baxışlar baxımından
təhlil edə bilər? Yalnız öz fikrini bəyənən və onu kəskin - radikal - şəkildə
ortaya qoyan, necə müxtəlif fikirlərin içərisindən ən gözəlini seçə bilər?
Radikal şəxsin halı, xəstənin
xəstəliyini aydınlaşdıra bilməyən və beləliklə də ona öz bildiyi yolla müalicə
edən və bu yolda digər mütəxəssis həkimlərin rəy və fikirlərini öyrənməyən və
səhv müalicə yolunu seçməklə cahilliyini yanlış əməlləri ilə gizlədən həkim
kimidir.
Radikal
şəxslərin bəzi xüsusiyyətləri.
Radikal şəxslər adətən
mühafizəkar olurlar. Müasirliklə və həmçinin elmi-tərəqqinin inkişafı ilə heç
cür barışa bilmirlər. Qeyri ənənəvi təriqətlər (sələfi-vəhhabilər)in
nümayəndələri buna bariz nümunədirlər. Bir sıra dini ayinlərin icrasında yersiz
kəskinlik nümayiş etdirərək “bunlar bidətdir,” peyğəmbər (s) zamanında belə
şeylər yox idi” deyərkən, bəzi məsələlərdə (qısa balaq kimi) hələ də
mühafizəkarlıqlarını qorumağa səy edirlər. Hələ də anlamırlar ki, Allah
Rəsulunun (s) “paltarınızı qısaldın” əmri o zamanın şəraitinə uyğun olan bir
əməl idi və dövrümüzlə ümumiyyətlə əlaqəsi belə yoxdur. Paltarı uzun geyinmək,
onu yerlə sürümək o zaman, həmin cəmiyyətin təfəkkür tərzində özündən
razılığın,təkəbbürün nişanəsi idi. Odur ki, İslam peyğəmbəri (s) onların əksinə
olaraq, paltarın qısaldılmasını əmr edir. Yəni, əslində peyğəmbər (s) insanları
təvazökarlığa dəvət edir. İndiki şəraitə nəzər salaq. Görək həqiqətən də
paltarı qısaltmaq indiki cəmiyyətimizin təfəkküründə təkəbbürlük hesab
olunurmu? Əlbəttə xeyr. Deməli, artıq bu əməl mühafizəkarlıq dairəsindən xaric
olunaraq tərəqqiyə doğru getməlidir. Başqa sözlə, biz nəzər edib baxmalıyıq ki,
təkəbbürün nişanələri indi nələrdir? Onları tapıb müasir həyatımızda o mənfi
xislətlərdən uzaq durmalıyıq. Bu təfəkkürə sahib olanlar, hətta təsbehi də
bidət – dinə əlavə - hesab edirlər. Baxmayaraq ki, təsbeh zikrlərin həyata
keçirilməsində, habelə yadda saxlanılmasında alternativ vasitədir. Hər halda bu
yersiz mühafizəkarlıq radikal düşüncəli şəxslərin bir növ xüsusiyyətinə
çevrilib. Siz onlara nə qədər dəlil və isbatlar desəniz, əməli şəkildə mənbələr
göstərsəniz, təcrübə bunu göstərir ki, təəssüfkeşlik kimi bir düşmən onlara
həqiqətləri görməyə mane olur. Onlarla edilən müzakirələr əksər zamanlar
nəticəsiz qalır. Bu cür mühafizəkarlıqla məsələyə yanaşanlara “gerici” də
deyilir. Müasir zamanın tələblərini, keçmişə müraciət edərək həll etməyə
çalışırlar. İnkişaf və elmi-tərəqqi ilə sanki ziddirlər. Bu mənfi xüsusiyyət
barədə kifayət qədər danışmaq olar.
Radikal şəxslərdə olan ikinci
xüsusiyyət isə onların öncəki xüsusiyyətləri ilə ziddiyyət təşkil edir. Öncəki
mərhələdə dini mövzularda öz mühafizəkarlıqlarını qoruyanlar, öz dünya
həyatlarının gedişatında əsasən bunun ziddinə əməl edirlər. Məsələn, sadə həyat
tərzi deyil, lüks bir yaşayışa can atırlar. Onlar öncəki məsələdə
mühafizəkarlıqda həddi aşdıqları kimi eyni mövzuda yenə də həddi aşırlar. Belə
halda onlara “niyə sizdə peyğəmbər (s) kimi sadə yaşamırsınız? Bəs bu
əməlləriniz bidət deyil?” dedikdə ya susur, yaxud özlərinin haqlılığını
göstərmək üçün müxtəlif “dəlillərə” əl atırlar. Bu cür şəxslərin hər iki
xüsusiyyətdə də orta yolu tuta bilmədiklərindən, əməlləri cəmiyyət tərəfindən
zaman-zaman məzəmmət olunur. Onların ikinci xüsusiyyətini də ifratçılıq
adlandırmaq olar. Bu ifratçılıq bir iddianı müdafiə edərkən də gözə çarpır.
Belə ki, bir fikri sübuta yetirmək üçün həddindən artıq irəli gedərək
ifratçılığa yol verirlər. Ədəb və əxlaqi normalara belə riayət etmirlər. Çox
təəssüf ki, bu cür düşüncələrin əsirinə çevrilənlər özlərini müsəlman kimi
qələmə verərək din və İslamın adına da ləkə gətirirlər. Bu cür şəxslər həm ölkə
daxilində həmçinin xaricində mövcuddur. Özlərinə müxtəlif adlar seçərək
fəaliyyət göstərən radikallar, məqsədlərinə yetişmədikdə daha təhlükəli yola əl
atırlar. Onlar özlərini və əməllərini ənənəvi məzhəblərə aid etməklə
məqsədlərinə daha tez çatmaq istəyirlər. Və beləliklə radikal sözünün İslam və
müsəlmanlara aid edilməsində bu mənfi və məkrli addımın əvəzsiz rolu oldu. İslamla
əlaqəsi belə olmayan “radikal” sözü, bu gün elə bir hala düşdü ki, “radikal”
deyildikdə din və islam başa düşüldü. Elmi termin olan “radikal” faciəli
aqibətlə üzbə-üz oldu. Və beləliklə də müasir zamanda “radikal” sözü
əsl mahiyyətini tədricən itirdi və eybəcər səhnələrin adına çevrildi. Bəzən
radikal sözü çox yersiz olaraq həqiqi İslama və müsəlmanlara da aid edilir ki,
bu da yuxarıda qeyd etdiyimiz mənfi işlərin acı nəticəsidir. İslam dini sevgi,
sülh və məhəbbət dinidir. Hətta dini və şəriət məsələlərini belə başqalarına
çatdırarkən olduqca səmimi və məhəbbət dolu olmalıyıq. Təkfirçilik
ruhiyyəsindən uzaq olmalı, biri fikrimizi qəbul etmədikdə belə məhəbbət
bağlarını qoparmamalıyıq. Dini təbliğ edirik deyə bəzən insanlara əsəbləşmək,
səsini ucaltmaq, “mən haqqam” deyərək müxtəlif söz və ifadələri işlətmək özü də
o mənfi düşüncədən xəbər vermirmi?
Bu gün özlərini ənənəvi
məzhəbə aid edənlər hətta dinin təbliğində də radikallığını aydın şəkildə
göstərir, onlar kimi düşünməyənləri edam edirlər. Ötən illərin (2015) Ramazan
və Qurban bayramında radikal düşüncənin əsiri olanlar elə çirkin işə əl atdılar
ki, o çirkin işin vasitəsi ilə İslama qarşı da bəzilərində ikrah hissi oyandı.
Belə ki, bayramı qan ilə elan edərək, müsəlman əsirlərinin başını kəsib video
çarx vasitəsi ilə bütün dünyaya nümayiş etdirdilər. Özlərini din təbliğatçısı
kimi qələmə verən bu radikal düşüncəli şəxslər dinin təbliğini elə eybəcər bir
hala salıblar ki, bu mövzu üzərində bir qədər dayanmağı lazım bildim. Çünki,
din necə təbliğ və nümayiş olunsa qarşı tərəfdə də dinə qarşı adətən o cür
münasibət formalaşacaq. Əzizlər! Çalışaq ki, insanları dinə dəvət edərkən də
səbr və təmkin yolunu seçək, Quran buyuran yolu özümüzə ülgü edək.
Uca Allah buyurur:
“(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl,
oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl
tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin
Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha
yaxşı tanıyır.” (Nəhl 125)
Bəli, ədəb və ərkan mütləq
qorunmalı, qarşı tərəflə danışarkən mülayim olmaq lazımdır.Hətta qarşımızdakı
kafir belə olsa. Məsələ daha da aydın olsun deyə Qurandan məsələ ilə bağlı bir
hadisəni qeyd edək. Bildiyiniz kimi Firon Allaha üsyanı, və zülmkarlığı ilə
həddini aşmışdı.İş o yerə çatmışdı ki, Firon özünü Allah elan etdi. (Naziat 24)
Uca Allah o dövrün peyğəmbərini Hz Musa və qardaşı Harun (ə) Fironun yanına
göndərərkən buyurduğu bu ayə çox ibrətamizdir. “Fironun yanına gedin ki, o,
həddini aşaraq azğınlaşıb.Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu
(və qəbul etməyə yaxınlaşdı).” (Taha 43-44) Deməli qarşı tərəflə kobud
danışmaq, ədəb və ərkandan kənar olduğu kimi, Quranın prinsiplərinə də ziddir.
İnsanlarla fikir mübadiləsi
apararkən diqqət edəcəyimiz bir məsələ təhqir və söyüş kimi nalayiq söz və
hərəkətlərdən çəkinməyimizdir. Bu da Quranın istəyidir. Uca Allah buyurur:
“Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki,
onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün
əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə
(Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.” (Ənam 108)
Deməli İslamı təliğ edərkən
qarşı tərəfi təhqir edib söymək olmaz. Hətta qarşı tərəf kafir də olsa, hətta
İslam libasına bürünmüş vəhhabilər də olsa. İslami dəyərləri qarşı tərəfə
çatdırarkən təhqirdən qətiyyətlə uzaq durmalıyıq. Bu həm Qurana həm də əziz
İslam peyğəmbərinin (s) əxlaqına ziddir.
Diqqət olunası bir məqamda
bundan ibarətdir ki, qarşı tərəfə fikrimizi dəlil və subutlar əsasında təqdim
etməliyik.Kor-koranə olaraq məcburi şəkildə inansanlara nəyisə qəbul etdirmək
məntiqə və ağıla zidd olduğu kimi Qurana da ziddir. “(Etiqad, danışıq və
əməldə) bilmədiyin şeyin arxasınca getmə.” (İsra 36)
Başqa bir mübarək ayədə Allah
bizi dəlil və subutla danışmağa dəvət edərək buyurur: “De: Əgər doğruçusunuzsa
dəlil-sübutunuzu gətirin.” (Bəqərə 111)
Digər bir ayədə isə bu mətləbə
işarə olunaraq buyrulur: “(Ya Peyğəmbər,) de: Bu mənim yolumdur. Mən və mənə
tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik.”
Daha bir mühum məsələ bundan
ibarətdir ki, qarşı tərəflə danışdığımız zaman, gətirdiyimiz subut və dəlillərə
baxmayaraq əgər yenə də fikrimizi qəbul etmirsə, belə bir halda belə onu təhqir
edib alçatmağa haqqımız yoxdur. Allah hətta bəzi yerlərdə peyğəmbərini (s)
xristianlarla belə vəhdətə dəvət edərək buyurmuşdur: “De: Ey kitab əhli, gəlin
bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi
kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan
başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq...” (Ali İmran 64)
Başqa bir ayədə isə belə
buyrulur: “Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə
çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə
İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək
istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) sən mömin deyilsən deməyin...”
Radikallıq mənfi düşüncə
tərzidir. Radikal şəxs istəyir ki, hamı onun kimi düşünə, onun təfəkkür tərzinə
uyğun bir həyat yolu seçə. Radikal şəxslər başqalarının fikir azadlığına hörmət
eləmir, yalnız öz fikrlərini doğru hesab edirlər.Onlarla həmfikir olmayanları
hətta bəzən bir ölkənin əhalisini də bütünlüklə və çox asanlıqla ittiham edir,
öz düşüncələrinə uyğun onlara cəzalar tətbiq edirlər.
Quran
və rəvayətlərdə radikallığın – həddini aşmağın – məzəmmət olunması.
Radikallıq qoyulan hədd və
sərhədi aşmaqdır. İstər təfrit istərsə də ifrat ola, hər iki halda da İslam
bunu bəyənmir. Əksinə, İslam bizə bu ikisinin arasında orta yol tutmağı tövsiyə
edir.
“Dində məcburiyyət yoxdur.”
(Bəqərə 256)
...(Keçmişdəki azğınlıq və
itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi
istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdiyi həddi) aşmaq olan
hər kəsə itaət etmə! (Kəhf 28)
Odur ki, sənə əmr olunduğu
kimi sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz
tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi
görür. (Hud 112)
İslam heç bir məsələdə
ifratçılığı sevmir. Dinimiz ibadət mövzusunda da həddi aşmamağı bizə tövsiyə
edir. Hz peyğəmbər (s) səhabələrinə buyurdu: “Gücünüzün və taqətinizin yetdiyi
qədər (nafilə) ibadət edin. Allaha xoş olan, çox əməl deyil, az olub davamlı
olanıdır. (Buxari, İman, 16; Muslim, Salat, 283; Muvatta, Salatul-leyl, 4;
Nəsai, Qiyamul-leyl 1) Allah Rəsulu (s) səhabələrinə xitabən dediyi bu kəlam
məsələni necə də gözəl şəkildə aydınlaşdırır.
İslami mənbələrə baxsaq
görərik ki, Allah Rəsulu (s) ölüləri kəfənə bükərkən belə lazımı qədər parçadan
istifadə etməyi əmr edir. (Əbu Davud, Cənaiz 35)
İslam peyğəmbəri (s) bir
dəfəsində Qurra sakinlərinə səslənərək buyurdu: “Ey Qurra camaatı! Doğru yolda
gedin. Siz bir çox məsələlərdə önə keçənlərsiniz. Əgər (doğru yoldan ayrılaraq
ifrat və təfritlə), sağa və sola meyl edəcək olsanız (pisliklərdə çox önə
keçmiş) böyük bir zəlalətə düşmüş olacaqsınız. (Buxari, İtisam 2)
Başqa bir mübarək hədisdə yenə
buyrulur: “Orta yolu tutun, gözəlliyə yaxın olanı axtarın. Günün müəyyən
edilmiş hissələrində ibadət edin. Tədricən hədəfinizə vara bilərsiniz.
Unutmayın! Heç kimsə (Allahın rəhməti olmasa) öz əməli ilə Cənnətə girə
bilməyəcəkdir.” Bir nəfər soruşdu: “Sizdəmi ey Allahın peyğəmbəri?” Buyurdu:
Bəli, hətta mən də.” (Buxari, Kitabul-mərza 1918)
Buxari və Nəsaidə gələn bir
hədisdə “Bu din rahatlıqdır. Kimsə insanları çətinliyə salmaq, və həddi aşmaya
səy göstərməsin.”
Əhməd bin Hənbəlin hədis
kitabında gəlmişdir ki, Allah Rəsulu (s) buyurdu: “Siz mübaliğə ilə dində
hədəfinizə çata bilməzsiniz. Dinin ən gözəl tətbiq üsulu sadə və rahat
olanıdır.”
Ənəs bin Malik rəvayət edir:
Bir neçə səhabə peyğəmbərin (s) evinə gələrək, onun ibadəti barədə
xanımlarından xəbər aldılar. Məsələdən hali olduqdan sonra “Peyğəmbərlə (s)
özümüzü müqayisə edə bilmərik. O kim, biz kim? Az ibadət də ona kifayət edər.”
dedilər. Daha sonra onlardan biri dilləndi: “Bu gündən etibarən gecə namazını
tərk etmərəm.” Digər biri: “Mən də ömrüm boyu oruc tutaram.” Başqa birisi dedi:
“Mən də həyat yoldaşımla əlaqəmi kəsib, bir daha onlarla yaxınlıq etməyəcəyəm.”
Bu hadisədən xəbərdar olan
əziz peyğəmbərimiz (s) onları bir yerə cəm edib buyurdu: “Eşitdim ki, siz bu
cür sözlər demisiniz. Allaha and olsun ki, içinizdə, Allahdan ən çox qorxan və
qadağanlarından ən çox çəkinən mənəm.Buna baxmayaraq bəzən oruc tutub bəzən
yemək yeyirəm, bəzən ibadət edib bəzən yatıram, xanımlarla da əlaqəni kəsmirəm.
Mənim yolum budur.Kim mənim yolumu bəyənməsə məndən deyildir.” (Buxari, Nikah,
1; Muslim, Nikah, 5: Nəsai, Nikah, 4;)
Radikal
cərəyanlar.
Radikal cərəyanlardan nümunə
çəkməzdən öncə bunu vurğulamaq yerinə düşərdi ki, radikallıq hansı cərəyanın
daxilində olursa olsun mənfi bir işdir. Heç bir məzhəb, firqə bu işi ilə özünə
haqq qazandıra bilməz. Ənənəvi məzhəblərdən istər şiə, istərsə də sünnilik daim
radikal və radikal qüvvələrə qarşı olmuşdur. Bunu bilmək üçün tarixə baş çəkmək
kifayət edər.
Mövzumuzda qeyd etdiyimiz kimi
radikal həm də din və şəriət məsələlərində həddi aşana deyilir. Gəlin bir
reallığı mövzumuz daxilində sizlərlə bölüşək. İnsanların əksəriyyətinin hər gün
müraciət etdiyi sosial şəbəkələr, bu gün bəzən zərərli işlərin mərkəzinə
çevrilir. Heç kimə sir deyil ki, bir çox zərərli, qeyri ənənəvi radikal
qruplaşmalar da sosial mühitdən məharətlə istifadə edir, fikir və
ideologiyalarını ən sürətli vasitə hesab olunan sosial şəbəkələr vasitəsi ilə
yayırlar. Sosial şəbəkələrdə müşahidə olunan məzhəblərarası mühahisələrdə çox
zaman ürəkaçan mənzərələr ilə nəticələnmir. Beləki, hər kəs öz məzhəb
banislərinin müdafiəsinə qalxır və dəlillər gətirir. Ən acınacaqlı hal isə
bundan ibarətdir ki, bəzən bu kəskin mübahisə iki ənənəvi məzhəbin (sünni və
şiənin) arasında da baş verir. Əhli sünnə öz müqəddəs hesab etdiklərini müdafiə
edərkən, şiə də onun müqəddəs bildiyini lənətləyir. Əlbəttə qeyd etmək lazımdır
ki, həm şiə və həm də sünni alimləri bu edilən işləri qətiyyətlə pisləyir. Hər
iki məzhəb alimləri aydın şəkildə fətvalar verib qeyd edirlər ki, sosial
şəbəkələrdə qarşı tərəfin müqəddəslərini təhqir edib və lənət göndərmək olmaz.
O fətvalara bir nəzər salaq.
Sual: Bəziləri sosial
şəbəkələrdə və ya bəzi yığıncaqlarda əhli sünnə müqəddəslərinə açıq şəkildə
lənət göndərir və ya təhqir edici sözlər söyləyirlər. Bu da qarşı tərəfdə haqlı
narazılığa səbəb olur və bu da İslami vəhdətin pozulmasına xidmət edir. Sizin
bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah
Xamenei dəftərxana:Müsəlmanlar arasında ixtilaf yaradan hər bir iş haramdır.
Onları təhqir etməməlidirlər.
Cavab: Salam. Ayətullah Vəhid
dəftərxana: Qeyd etdiyiniz işləri görməsinlər.
Cavab: Salam. Ayətullah Behcət
dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Fazil
dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah
Sistani dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz
deyil.
Cavab: Salam. Ayətullah
Məkarim dəftərxana: Müsəlmanlar arasında təfriqə salan işlərdən çəkinmək
lazımdır. Bütün müsəlmanlar düşmən qarşısında birləşməlidirlər.
Gördüyünüz kimi şiə aləminin
böyük mərcəi-təqlidləri öz müqəllidlərinə, ardıcıllarına bu işləri
görməmələrini əksinə, hər iki ənənəvi məzhəbin yeganə düşməni qarşısında
birləşməyi tövsiyə edirlər. Eyni fətvaları əhli sünnə alimləri də vermişlər.
Məsələn, "Əl-Əzhər" müftisi Şeyx Şəltuta və bir çox başqa alimlərə
görə, cəfəri fiqhinə təqlid etmək dörd əhli-sünnə məzhəbinə təqlidlə eyni və
mötəbərdir.
Elə isə, sosial şəbəkələrdə
bir-birini lənətləyənlər kimlərdir? Böyük alimlərin birinin sözü ilə desək;
“Müqəddəsləri ictimai yerlərdə təhqir edənlər nə sünnidirlər və nə də şiə.
Onlar düşmən muzdurlarıdırlar.”
Bu gün bir şiə müctəhidlərin
fətvasına məhəl qoymadan, “özüm bilərəm”, “öz işimdir”, deyib din adı altında
ictimai mühitdə lənət yazmağı ilə vəhdəti pozursa, bilsin ki, bu əməl onu
tədricən “radikallıq” (şəriət məsələlərində həddi aşmaq) bataqlığına
sürükləyəcəkdir. Bu gün bütün İslam düşmənləri bu iki dəstəni (şiə və sünnini)
aradan aparmaq üçün birləşib səy etdiyi halda, müsəlmanların öz düşmənlərini
unudub bir-biri ilə çəkişməsi necə də ağıldan kənar bir addımdır. Bəzən bu
məsələdə iş o həddə çatır ki, müctəhidin verdiyi fətvalar belə təhrifə məruz
qalır, dəyişdirilir. Çox təəssüf ki, şiə və sünni adı altında gedən bu
çəkişmədən yenə İslam ziyan çəkir. Ona görə də KİV-də tez-tez “radikal sünni”,
“radikal şiə”, “radikal İslam” sözlərini eşdirik. Bunlar kökündən yanlış
ifadələrdir. Biz nə sünnini nə şiəni və nə də onların hər ikisnin istinad
mənbəyi –İslamı – radikal bilmirik. “İslam” sözünə radikal ifadəsin əlavə
edənlər niyə unudurlar ki, İslam özü də radikallığa qarşıdır və bu məzmunda ayə
və hədisləri qeyd etdik.İslam radikallığa qarşı olduğu və onunla müabrizə
apardığı halda, necə ola bilər ki, onun mənsubları (sünni və şiə) radikal
olsunlar? Bu mümkündürmü? Əsla. Əgər kimsə özünü bu ənənəvi məzhəblərə aid edib
və radikallıq nümayiş etdirirsə ona “sünni” və ya “şiə” deyə xitab etməyin.
Deyin: “O İslam libasına bürünmüş, düşmən muzudurudur.”
İslam dini tarix boyu radikallığın əksinə sülh
və barış dini olduğubu əməli şəkildə isbat edib.
Əgər biri, (həkim olmadığı
halda) əyninə həkim paltarı geyinib bir xəstənin ölümünə səbəb olursa biz bütün
tibb müəssiəsni bu həkimə görə günahlandırıb şablon fikirlər səsləndirək? Eyni
məsələni bütün mövzularda istifadə edə bilərik. Bu gün kimsə şiə və ya sünni
libasını geyinib İslam adı altında Quranın, peyğəmbərin (s) və alimlərinin
fətvalarına zidd mövqe tutursa onun İslamdan belə payı yoxdur. Bu mənanı əldə
rəhbər tutub deyə bilərik ki, İslam və onun mənsubları radikal ola bilməz. Əgər
radikaldırlarsa, onda İslama mənsub deyillər.
Radikal cərəyanlar dedikdə heç
şübhəsiz ilk ağıla gələn “vəhhabilik” adı altında fəaliyyətə başlayan, daha
sonra “sələfi,” “əhli sünnə vəl-cəmaət” və günümüzdə “İŞİD” kimi adı hallanan
cərəyandır. Bir cərəyan barədə dolğun məlumata sahib olmaq üçün o cərəyanın
qurucusunu və göstərdiyi “fəaliyyətə” bələd olmaq lazımdır. Elə isə gəlin ilk
öncə vəhhabilik adı fəaliyyətə başlayan dırnaqarası təriqəti yaxından öyrənək.
Vəhhabilik
necə və kimin əli quruldu?
İngilis casusu Mister
Hemfin Əbdulvəhhabla tanışlığı və onu azdırması: Vaxtı ilə ingilislərin müstəmləkələrə çevirdiyi
ölkələrə nəzarət etmək üçün 1710-cu ildə xüsusi bir nazirlik Müstəmləkələrə
nəzarət nazirliyi (MNN) quruldu. Müstəmləkələrə nəzarət nazirliyi 10 nəfər casus
təyin etdi ki, bunlardan biri də Mister Hemf idi. Bunların ilk tapşırığı iki
maddədən ibarət olur;
1.Əlimizə keçmiş əraziləri
əlimizdə saxlamaq. 2.Əlimizə keçməmiş əraziləri ələ keçirmək. Bunları
Hindistan, Çin, Fransa, Rusiya kimi böyük dövlətlərə və əsasən müsəlman
ölkələrinə (başda Türkiyə, Misir, İraq, Nəcəf və İran olmaqla) göndərirlər.
Mister Hemf ilk olaraq Türkiyəyə-İstanbula gedir.İstanbulda Əhməd əfəndi aında
bir alimlə tanış olur.Mister Hemf Əhməd əfəndiyə deyir: “Mənim valideynlərim
ölüb, özümədə heç bir şey miras qalmayıb. İstəyirəm həm dini öyrənim, həm də
işləyib pul qazanım. Əhməd əfəndi deyir: “Sənə üç səbəbdən ötrü hörmət
lazımdır: 1. Sən müsəlmansan. Unutma ki bütün müsəlmanlar qardaşdılar. 2. Sən
qonaqsan. Peyğəmbər (s) buyurur: “Qonağa hörmət edin.” 3. Sən işləmək
istəyirsən. Çalışıb işləmək də savabdır.”
Mister Hemf iki il ərzində
İslamı (Hənəfi fiqhini) və Quranı öyrənir. Cümə günləri isə bir dülgərin
yanında işləyir. Həmçinin Əhməd əfəndi ona ərəbcə və türkcə dil dərsləri də
keçir. Mister Hemf tez bir müddətdə Əhməd əfəndinin hörmətini qazanır. Əhməd
əfəndi qızını ona vermək istəsə də o bundan imtina edir. İstanbulda öz işini
bitirən Mister Hemf yeni tapşırıq almaq üçün Londuna gedir. Altı ay Londunda
qalır və əmisi qızı Mariya ilə evlənir. Bu vaxt onun 22 yaşı olur.
MNN-yi Mister Hemfə iki
maddədən ibarət yeni bir tapşırıq verir. 1.Müsəlmanların zəif nöqtələrini
öyrənib, qarşı durma yaratmaq üçün onları qruplara bölmək. 2.Bunları etdikdən
sonra ümumi proqramı tədricən həyata keçirtmək. Tapşırığı alan Mister Hemf
Bəsrə şəhərinə gəlir. Bu şəhərdə həm şiə həm də sünni olur. O, şiələrin də
fiqhini öyrənir. Mister Hemf deyir ki; “Mən bir dəfə MNN-də dedim ki, əgər
müsəlmanlar öz aralarındakı ixtilafı başa düşsəydilər, sünni şiə söhbətini
aradan qaldıra bilsələr onlar birləşərdilər.” Mənə dedilər: “Sənin vəzifən bu
ixtilafı qızışdırmaqdır onları birləşdirmək yox.”
Bir müddət Bəsrədə baqqal
dükanında qalır və fars dilini öyrənir. Mister Hemf deyir: “Bir gün bir cavan
oğlan iştirak etdiyim məclisə gəldi. O, ərəb fars və türk dilini bilirdi. O,
son dərəcə çılğın, yüksək səslə danışan və əsəbi bir adam idi. Həmişə Osmanlı
hökümətini pisləyərdi. Bu cavanın adı Muhəmməd ibn Əbdul-Vəhhab idi. O, zahirən
özünü sünni kimi qələmə verirdi. Amma o əhli sünnənin dörd məzhəbdən olmasını qəbul
etmirdi və deyirdi ki; “Quranda məzhəblər haqda heç bir dəlil yoxdur. O,
peyğəmbərin (s) hədislərinə heç bir əhəmiyyət vermirdi. Əbdul-Vəhhab özünə güvənən
və lovğa biri idi. Əbdul-Vəhhab deyirdi: “Peyğəmbər buyurub: “Mən sizin
aranızda Quranı və sünnəni əmanət qoyuram.” Peyğəmbər deməyib ki; Mən Quranı,
sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm.”
Mister Hemf deyir: “Mən
axtardığımı tapmışdım. Əbdul-Vəhhabın alimlərə hörmətsizliyi, heç bir məzhəbə
inanmağı, Quran və sünnəni öz fikirlərinə uyğun təfsir etməsi onun zəif
cəhətləri idi. Onu yoldan azdırmaq çox rahat idi.”
Əbdul-Vəhhab Əbu Hənifəyə çox
yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm” deyirdi. Mən
onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tərifləyərdim. Bir dəfə
ona dedim."Sən Ömər və Əlidən daha böyüksən. Əgər peyğəmbər həyatda
olsaydı səni öz canişini təyin edərdi. Mən İslamın sənin əlinlə genişlənib yüksələcəyini
görürəm. İslamı bütün dünyaya ancaq sən yayacaqsan"
Mister Hemf deyir: Əbdul-Vəhhabla
qərara gəldik ki, Qurana yeni bir təfsir yazaq. Elə bir təfsir ki, bütün
təfsirlərə müxalif olsun. Bu işdə məqsədim onu tamam yoldan azdırmaq idi.
Əbdul-Vəhhab da mənim etimadımı qazanmaq üçün dediklərimi qəbul edirdi. Bir gün
ona dedim ki şərab haram deyil. O, mənə nə qədər Quran ayəsi və hədis gətirsə
də mən hamısını inkar edib deyirdim. Yezid və onun kimi bəzi xəlifələr şərab
içmişlər. Özünü onlarla müqayisə et. Gör onlar düz yoldadadılar yoxsa sən.
Onlar Quran və sünnəni səndən daha yaxşı bilirdilər. Şərab Quranda haram yox,
məkruhdur. Əbdul-Vəhhab bu sözlərdən sonra içki içir.
Mister Hemf bu barədə MNN
(Müstəmləkələrə Nəzarət Nazirliyinə) xəbər verir. MNN- yi deyir: “Biz İspanyanı
(Əndəlusu) da içki və zina ilə ələ aldıq.” Sözünə davam edən Mister Hemf deyir:
Ona dedim: “Allah Quranda buyurur: "Rəbbinizi zikr etməklə səcdə
edənlərdən ol." Bu ayədən belə nəticə çıxır ki namaz əvəzinə Allahı zikr
etmək də olar. Əbdul-Vəhhab: “Düz deyirsən! Bəzi mötəbər şəxslər olub ki namaz
əvəzinə Allahı zikr ediblər” dedi: Mister Hemf: Onun bu sözünə çox sevindim.
Çünki, onda namaz haqda bu cür fikir yarada bilmişdim. Sonralar gördüm ki o
namaza əhəmiyyət vermir, bəzən qılır bəzən qılmırdı. Əsasən sübh namazını
qılmırdı. Mən iman libasını yavaş-yavaş onun əynindən çıxartdım. Mister Hemf
bir müddət Əbdul-Vəhhabla bu cür təbliğat aparır və hər ay öz fəaliyyəti bağlı
MNN-nə məlumat göndərir. Mister Hemf deyir: Bir gün ona yuxu gördüyümü
söylədim. Dedim ki dünən gecə peyğəmbəri yuxuda gördüm. O bir kürsüdə
əyləşmişdi. Sən içəri daxil olanda üzündən nur saçılırdı. Peyğəmbər sənin
alnından öpdü və dedi: Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə
vəkilimsən. Sən dedin:Ya Rəsulullah! Mən öz elmimi insanlara açmağa qorxuram.
Peyğəmbər buyurdu: Sən dahisən heç nədən qorxma. Əbdul-Vəhhab bu yuxuya o qədər
inanır ki hətta Mister Hemfden bir neçə dəfə həqiqətən yuxunu görüb-görmədiyini
soruşur.
Vəhhabilər belə bir şəxsin
dalınca düşüblər ki, o içki içir, namaza biganə yanaşır (onu müstəhəb sayır).
Bir sözlə Əbdul-Vəhhab Mister Hemfin əlində oyuncaq olmuşdu. Elə ki, Əbdul-Vəhhab
Mister Hemfin yuxusunu eşidir. Bu yuxudan sonra o məzhəb qurmaq fikrinə düşür.
Amma ilk öncə əhalinin ona qarşı çıxacağından qorxur və buna cəsarət etmir.
Bundan xəbər tutan MNN-yi Əbdul-Vəhhaba lazım olan qədər pul hətta
təhlükəsizliyini qorumaq üçün əsgər də göndərir.Bundan ürəklənən və cəsarətə
gələn Əbdul-Vəhhab hicri qəməri 1143, miladi 1730-cu ildə öz çirkin
fəaliyyətini yaymaq üçün tərəfdar yığmağa başlayır.Daha sonra Məhəmməd ibn Səud
da ona qoşulur.Dini işlərə Əbdul-vəhhab, siyasi işlərə Məhəmməd ibn Səud
rəhbərlik edir.Və beləliklə Dəriyyə şəhərində “Vəhhabi” firqəsi yarandı. Əbdul-Vəhhab
Mister Hemfin iki planını həyata keçirdə bilmir. 1.Kəbəni dağıtmaq. 2.Quranın
təhrif olunmuş variantını çap edib yaymaq.
Hərbi
əməliyyatlar.
Əbdul-Vəhhab özünə dəstə
düzəldərək İslama zidd fikirlərini yaymağa başlayır. Alimlər görəndə ki bunlar
açıq-aşkar İslamla müharibə edir onları 1745-ci ildə həbs edirlər. Vəhhabilər
1785, 1797-1798-ci ildə Məkkə Mədinəyə hücum edib oranı işğal etmək isyədilər.
Nəhayət 1800-cu ildə vəhhabilər şəhəri hər tərəfdən mühasirəyə alıb, şəhərin
giriş və çıxışını bağlayırlar. Mühasirədə olan Məkkə əhalisi şiddətli aclıq
çəkir. Hətta iş o yerə çatır ki camaat it və pişik əti yeməli olur. Aclıq və
çətinliyə dözə bilməyən əhali vəhhabilərlə müqavilə bağlayır.Bundan sonra
vəhhabilər şəhərə daxil olub yeddi il orda hakimlik etdilər.Bu illər ərzində
Kəbəyə qarşı hörmətsizlik olundu və insanlar yeddi il həcc ziyarətinə gedə
bilmədilər. Həmçinin Mədinəyə hücum edərək İslam peyğəmbərinin (s) məzarı
yerləşən müqəddəs otağı dağıdıb içində olan qiymətli əşyaları və xəzinəni qarət
etdilər.Bütün bunlar o zaman baş verirdi ki Osmanlı dövlətinin daxilində
parçalanma gedir, sultanlar tez-tez dəyişir, başqa dövlətlərlə müharibə
aparırdı. Eləki Osmanlı dövlətinin başı müharibədən açıldı və gördü ki
vəhhabilər Məkkə, Mədinə,Yəmən, Şam, Misir və Hicazı talan edib xaraba
qoyurlar. 1806-cı ildə Sultan 2-ci Mahmud vəhhabilərin üzərinə Tosun paşanın
komandanlığı ilə ordu göndərsə də döyüş məğlubiyyətlə başa çatır. Bu
məğlubiyyətdən sonra Osmanlı dövləti 1807-ci ildə Məhəmməd Əli Paşanın
başçılığı altında hazırlıqlı və mütəşəkkil bir ordu göndərir. Bu ordu vasitəsi
ilə vəhhabiləri o torpaqlardan çıxarırlar. Vəhhabilər əvvəlki mərkəzlərinə
Dəriyyə şəhərinə qaçırlar. Vəhhabilər insanların azad şəkildə onlara
qoşulmadığını gördükdə zorla bu işi həyata keçirtməyə cəhd edirlər. Hər kim
vəhhabiləri qəbul etmirdisı onları ayaqyalın şəkildə səhraya aparır və
öldürməklə hədələyirdilər.Hətta onları qəbul etməyən lakin Quran oxuyub
öyrətməklə məşğul olan insanlarında başlarını kəsirdilər.İş o yerə çatır ki
vəhhabilər məscidə girib rüku və səcdədə olanları qətlə yetirirdilər.Məsciddə
olan Quran və hədis kitablarını küçəyə ataraq onu ayaqlayıb keçirdilər. (Bu
hadisələr hicri qəməri 1217-ci ildə baş verib).Vəhhabilərin bu işlərini görən
İslam dünyasının görkəmli alimləri vəhhabiləri kafir adlandırırlar. Bu batil və
azğın firqə yaranan gündən,dininə məhəbbət bəsləyən hər bir alim o,firqənin
batil olması haqda kitablar yazıblar. Nümunə üçün bir neçəsini qeyd edirəm;
1.Əbdul-Vəhhabın qardaşı Şeyx
Süleyman yazdığı "Əssəvaiqul- ilahiyə fi rəddi ələl vəhhabiyyə.
2. Ən-nuquluş-şəriyyə fi rəddi
ələl vəhhabiyə-Şeyx Həsən ibn Ömər Şətta Hənbəli Dəməşqi.
3.İzhaqul batil fi rəddi ələl
vəhhabiyə - Məhəmməd ibn Davud Həmədani.
4.Əd-dururus səniyyə fi rəddi
ələl vəhhabiyyə-Şeyxul-islam və Məkkənin böyük müftisi Əhməd Zeyni Dehlan.
5.Ər rəddu ələl vəhhabiyyə-
Məhəmməd Cavad Bəlaği.
6.Əl intimar lil-əvliyail
əbrar-Taifli Şeyx Tahir Hənəfi.
7.Vəhhabilərə cavab-Şeyx Mehdi
ibn Məhəmmədəli İsfəhani.
8.Əssəvaiqu vər ruud-Əfifuddin
Abdullah ibn Davud Hənbəli.
9.Vəhhabilər- Əli Əsğər
Fəqihi.
10.Əbdul vəhhabın ustadı
Məhəmməd ibn Süleyman da onun əleyhinə bir məqalə yazıb. O məqalə Şeyx
Süleymanın kitabına əlavə olunub. Həmçinin digər müəllimi Abdullah ibn Əbdul
Lətif Şafai "Təcridu Seyfil cihad, limuddətik ictihad"adlı kitabında
onu tənqid edir.
Bu məlumatları, bu kitablardan
da əldə edə bilərsiniz.
1.İngilis casusunun etirafları
və ingilislərin İslamla düşmənçiliyi. (İngilis dilindən tərcümə edən M.Siddiq
Gümüş-türkcə 1999).
2.İslam həqiqətlərini öyrənək,
vəhhabi toruna düşməyək. (Düşmənin İslamı necə yıxaq adlı planı) – Türkcədən
çevirən Muhəmməd İntixabov -2009.)
3.Vəhhabilik nədir və
vəhhabilər kimdir? (Kitabça -2004, Şəki)
Vəhhabilik
bu gün.
Ölkəmiz müstəqillik əldə
etdikdən sonra, vicdan azadlıqları ilə bağlı hüquqlar bərpa olunmaya başladı.
Məscid və kilsələrin azad fəaliyyətinə rəsmən icazə verildi. Konstitusiyamızın
18-ci maddəsində bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, insan
şəxsiyyətini alçaldan və insanlıq prinsiplərinə zidd olan dini baxışların isə
qadağanlığı göstərilir. Bundan sui-istifadə edərək bir sıra setka və cərəyanlar
da Azərbaycanda öz ideyalarını yaymağa cəhd edirlər. Bəziləri öz ideyalarını öz
adları (xristian missionerləri, krişnaçı rahiblər, satanist setkalar və s) ilə
təbliğ edərkən, bir sıra cərəyanlar isə (sələfi-vəhhabilik, nurçuluq və s)
İslam adı altında məkrli planlarını həm daxildə və həm də xaricdə həyata
keçirməyə başladılar. Etiraf etmək lazımdır ki, radikal cərəyanlar adətən
xaricdən maliyyələşir və bir çox hallarda onların fikir və düşüncələrini ölkədə
bu və ya digər hallarda yaymağa başlayırlar. İngilis casusu Mister Hemferin
xatirələrinə nəzər saldıqda bunu aydın şəkildə görə bilirik.
Sələfi-vəhhabilik bu gün ölkə daxilində
əvvəlki illərdə olduğu kimi sərt və kəskin təbliğat apara bilməslər də, ölkədən
xaricdə cəm olaraq din adı altında öz çirkin oyunlarını həyata keçirtməyə nail
olurlar. Bununla yetinməyərək Azərbayacan və eləcə də digər qonşu ölkələrə
səslənərək onları “cihada” səsləyirlər. Bu təbliğat öz bəhrəsini təəssüf ki
verir və bəzi rayon və şəhərdlərdən xarici ölkələrə səfər edirlər. Pul, vəzifə
və ya cihad eşqinə düşüb gedənlərin əksəriyyəti döyüşlər zamanı öldürülür qadın
və uşaqları bu günkü adı ilə İŞİD-çilərin xidmətçisinə çevrilir. Daha açıq
desək cinsi istismara məruz qalırlar. Bu gün İŞİD adı ilə fəaliyyət göstərən
sələfi-vəhhabilər olduqca çirkin bir mənzərə yaradırlar. Diqqət edin! Bu radikal
düşüncəli şəxslər, “Allahu Əkbər” deyərək, “Lə iləhə İlləllah” deyərək insan
başını kəsir və çox təəssüf ki, bu proseslər “İslam” adı ilə həyata keçir. Əsl
problem elə buradadır. Öz məkrli oyunlarına din və İslamı alət etmək ən çirkin
bir addımdır. Odur ki, KİV-ri, həmçinin bizlər bu məkrli planların İslam adına
yazılmaması üçün əlimizdən gələni etməli, maarifləndirici tədbirlər
keçirtməliyik. Ümid edirik ki, bir gün bütün dünya bu radikallara İslam adı ilə
yox, elə onların öz layiq olduqları adı ilə çağıracaq və bu fitnələrə
uymayacaq.
Nurçuluq-
Öz sözünü Quran sözü ilə eyniləşdirən cərəyan.
Nurçuluq XX əsrdə Türkiyəli
din mübəlliği Bədiüz-zaman Səid Nursinin (1878-1960) yaratdığı ideoloji
cərəyanın adıdır. Bu cərəyanın ardıcıllarına “nurçular” deyilir. “Nurçu”
sözünün həm “Səid Nursi tərəfdarı”, həm də “nur ideologiyasının ardıcılı”
mənasını daşıdığını söyləyirlər. Nurçular öz təbliğat şəbəkələrinin iş
prinsipini “hizmət” (xidmət) adlandırırlar. Nurçuluğun əsasları Səid Nursinin
“Risaleyi-Nur” külliyatında ifadə edilmişdir. “Risaleyi-Nur” 130 müstəqil
risalədən (kitabdan) ibarətdir. Nurçular bu kitabın Allah tərəfindən Səid
Nursiyə ilham edildiyini, Qurani-kərimin ən gözəl təfsiri olduğunu və
ümumiyyətlə, Qurandan sonra ən mükəm¬məl kitab sayıldığını iddia edirlər.
Nurçuluqda Qurandan və sünnədən sonra ən əsas dini qaynaq “Risaleyi-Nur”
sayılır. Nurçula¬rın hər biri “Nur məktəbi”nin şagirdi hesab edilir. Səid
Nursi, "Sikkeyi Təsdiqi Qeybi" adlı risaləsində öz yazdıqlarını
Quranla eyni sayır, özünü Allahla danışan peyğəmbərlərlə bərabər tutur. Və risalədə
belə bir şərh gətirir: "Risaleyi Nur"u Allah Qurani-Kərimdə
imzalamışdır. Hz Məhəmməd başda olmaqla, Hz. Əli, Əbdülqadir Geylani, Mühitidin
Ərəbi və o biri böyüklər də Risaleyi Nura imza qoymuşlar."
Səid Nursi (Saidi Kürdü),
"Sönməz Risaləsi"ndə bu sözlərlə "Risaleyi Nur"u
tərifləməkdədir : "Risaleyi Nur Quranın aynasıdır, bir möcüzə
xüsusiyyətindədir... Risaləyi Nura kimsə etiraz edə bilməz; onunla heç nə
ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz."
Səid Nursiyə görə Risaleyi Nur
ona Allah tərəfindən bilavasitə endirilmişdir. "Bədiüzzaman Cavab Verir,
1960" adlı əsərində də "Risaleyi Nur, Səid Nursiyə Allah tərəfindən
verilmişdir." deyilir. Nursinin "Məsnəvini Nuriyyə" adlı
yazısında isə bu ifadələr vardır :
"Risaleyi Nur Quranın bir
möcüzəsi olduğundan hər şeydə bir mərifət pəncərəsi açmışdır. Bu kitab Qurana
aid bir sirri həll edərək bir illik bir işi bir saatda bitirəcək vəziyyətə
gəlmişdir... Risaleyi Nur Musa peyğəmbərin əsası kimi hara dəydisə oradan su
çıxarmışdır." İslam dininə görə başda insan olmaqla, bütün yaradılmışlar
öz dillərin tərəfindən Allahın adını xatırlayarlar. Səid Nursi isə baxın bu
mövzuda nə deyir: "Risaleyi Nuru yalnız quşlar deyil, göydə və yerdə olan
bütün varlıqlar alqışlar."
Səid Nursi yazılarının bir
çoxunda özünün bəzi yerlərdə üstü örtülü, bəzi yerlərdə isə çox açıq şəkildə
Allahla vasitəsiz danışdığını vurğulayır. Onun "Xidmət Rəhbəri"
dediyi yazısında bu ifadələr vardır :
"...Amma onda (Risaleyi
Nurda) yazılanlar Quranın tayıdır. Hamısı Allahdandır... Peyğəmbərimiz Qurani
Kərimin yalnız bir tərcüməçisi idi. Ustad da (Səidi Kürdü) Risaleyi Nurun
yalnız bir tərcüməçisi kimidir." "İman Həqiqətləri" başlıqlı
yazısında isə bunu deyir : "Risaleyi Nur peyğəmbərimizin risalətini yəni
peyğəmbərliyinin bir mirasını ustada verər."
Risaleyi Nurun "Xidmət
Risaləsi" hissəsində yazılan bu sözlər də maraqlıdır :
"Risaleyi Nura etiraz
edilə bilməz. Ediləcək hər etiraz ən ulu kəslərdən, Kutbu'l Əzəmdən də gəlsə
diqqət edilməməlidir."
İslam terminologiyasında
Kutbu'l Əzəm peyğəmbər deməkdir.
"Qurani Kərim və Risaleyi
Nur, Rəhman və Rəhim olan Allahın nazil etdiyidir. Qurani Kərim və Risaleyi
Nurun enməsi əziz və hakim olan Allahdandır."
"Və o nur həm
Qurani-Kərimdir, həm də Risaleyi Nurda.""
"Risaleyi Nurun 129
parçası Qurandan uzanan elektrik telinin ucuna ilişən 129 elektrik lampası
kimidir."
İslam dininin və Qurani
Kərimin necə təhriflərə uğradılaraq Nurçuluq adlanan bu sayıqlamanın Allahın
buyurduğu kimi göstərməyə çalışıldığı açıqca ortadadır.
Səid Nursi "Nur
Meyvələri" adlı əsərində də belə yazır :
"Risaleyi Nuru oxumaq və
ya yazmaq alim olmaq üçün kifayətdir, başqa məlumata ehtiyac yoxdur."
Səid Nursiyə görə
"Risaleyi Nur, ona xidmət edənləri ən başda Nur tələbələrini mütləq
cənnətə aparacaq." Orta əsrlər Avropasında kilsələr də zəngin kəslərə
böyük pullar qarşılığında cənnətdən torpaq satırdılar.
Nurçuluq hər hansı dini
özəllikli və ya sırf sufi təmayüllü cərəyan deyil. Bu, daha çox təfsirə
dayaqlanan, əxlaqi və ictimai yönümlü bir hərəkat¬dır. Nurçular fiqhi
məsələlərdə hənəfidirlər. Lakin fiqhi yanaşma onlarda prioritet cəhət deyil.
Ənənəvi sünni məzhəblərində güclü olan sxolastika və şəriətçilik onlarda demək
olar ki müşahidə edilmir.
Nurçuluqla sufilik arasında da
fərqli və oxşar cəhətlər mövcuddur. Belə ki, sufilikdən fərqli olaraq,
nurçuluqda xüsusi zikr qaydaları, riyazət, xirqə almaq, çilə və sairə bu kimi
ayinlər yoxdur. Amma nurçuluqdakı Səid Nursi kultu onu sufilikdəki mürşid
iyerarxiyasına yaxınlaşdırır.
Nurçuların fəaliyyətində
missionerlərə xas olan cəhətlər aydın görünür. Belə ki, hər bir nurçu (“Nur
məktəbi”nin şagirdi) mütləq Qurandan sonra “Risaleyi-Nur”u oxumalı, bu kitabı
başqaları üçün də təbliğ etməli, “Nur məktəbi”nə yeni şagirdlər gətirməlidir.
Nurçuların əqidəsincə, Quranı “Risaleyi-Nur”¬suz anlamaq mümkün deyildir.
Bununla belə, nurçular İslam dininin qaydalarına və ibadət əməllərinə
sadiqlikləri ilə seçilirlər.
Nurçuluq hərəkatında Səid
Nursi kultu güclüdür. Bu hərəkatın ardıcılları Peyğəmbərin buyurduğu bir hədisə
əsasən, hər əsrin başında İslamın ənənələrini dirildən, ümməti hidayət edən bir
din rəhbərinin gəldiyini və XX əsrdə bu missiyanın Allah tərəfindən Səid
Nursiyə həvalə olunduğunu iddia edir¬lər.
Səid Nursinin təlimlərində
İslamın rəmzlərlə şərhinə (təvilə) böyük önəm verilir, əbcəd hesabı və sairədən
geniş istifadə edilir. Nursiyə görə, Quran ayələrinin fərqli məna qatları
vardır. Hətta onun bəzi Quran ayələrini əbcəd hesabına uyğunlaşdıraraq, hicri
1545-ci, miladi 2120-ci ildə qiyamətin qopacağını xəbər verdiyi də söylənilir.
Səid Nursi Türkiyədə respublika
quruluşu tətbiq edildikdən sonra dünyəvi dövlətə qar¬şı çıxmış, əsərlərində
dini dövlət modelini müdafiə etmiş, buna görə də Türkiyə hökuməti tərəfindən
təqiblərə məruz qalmışdı. Bəzi müəlliflər onun kürd mənşəli olduğunu
söyləməklə, əslində Türkiyə daxilində müstəqil kürd dövləti qurmaq ideyasına
xidmət etdiyini yazmışlar. Tarixdən məlumdur ki, Səid Nursi Türkiyə
Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə qarşı mənfi münasibətdə olmuş,
hətta onu Dəccal adlandırmışdı. Bununla belə, Səid Nursi siyasi həyata dərindən
qatılmamış, heç bir siyasi partiyanı və qrupu müdafiə etməmiş, dövlət
ifarəçiliyinə öz ardıcıllarını yeritmək fikrində olmamışdır. Bu, Fathullah
Gülənin xətti ilə klassik nurçuluğun arasında olan əsas fərqli cəhətlərdən
biridir.
Nurçuluq hərəkatı Səid
Nursinin vəfatın¬dan sonra bir neçə şaxələrə bölündü. Xosrov Altınbaşakın
başçılığı altında bir qrup “Risaleyi-Nur”un yalnız ərəb əlifbası ilə və əllə
yazılmasını caiz bilir, bu kitabın çap olunmuş variantda oxunmasını düzgün
saymırlar. Bunlara “yazıçılar” qrupu deyirlər. Əks mövqedə duran “oxuyucular”
qolu isə “Risaleyi-Nur”un mətbəələrdə latın əlifbası ilə çap olunub xalq
arasında yayılmasını dəstəkləyir. Bunlardan əlavə, nurçuluğun əsasən, öz
liderlərinin adı ilə adlandırılan Kutlular (Yeni Asya), Sunqur Ağabey, Kırkıncı
Hoca, Said Özdemir, Mehmet Fırıncı (Nesil), Abdullah Yegin, Mehmet Kürdoğlu
kimi şaxələri də vardır. Bu şaxələrin bir qismi kitab nəşrinə (əsasən,
“Risaleyi-Nur” külliyyatının çapı və yayımı), bir qismi qəzet və jurnal nəşrinə,
bir qismi televiziya və radio yayımçılığına üstünlük verir. Türkiyədə bir neçə
iri nəşriyyat, qəzet, radio kanalı bunların əlindədir. Bəzi şaxələr qapalı
şəkildə fəaliyyət göztərir. Onların təşkil etdiyi kurslarda (dərsanələrdə)
nurçuluq təlimi öyrədilir. Fəthullah Gülən tərəfin¬dən idarə edilən şaxə də
təhsil istiqamətində daha geniş fəaliyyət göstərir, KİV-də, vəqf qurumlarında,
bank sistemində və dövlət orqanlarında hərə¬katın şəbəkəsini yaradır.
Hal-hazırda böyük qalmaqallara
səbəb olan Fəthullah Gülən hərəkatı nurçuluğun bir qoludur. Bəziləri bu
hərəkatla klassik nurçuluq arasında prinsipial fərqlərin olduğunu iddia edərək,
Fəthullah Güləni nurçuluq təlimini təhrif etməkdə təqsirləndirirlər.
Zənnimizcə, Fəthullah Gülən hərəkatının klassik nurçuluqla bəzi fərqli
cəhətləri olsa da, bu fərqləri şişirtmək və bu iki cərəyanı bir-birindən
tamamilə ayırmaq düzgün deyil. Gülənçi hərəkatla klassik nurçuluq arasındakı
əsas fərqliliklər siyasi baxış tərzində və təbliğat metodlarındadır. Belə ki,
Bədiüz-zaman Səid Nursi siyasi proseslərə dərindən nüfuz etməməyə üstünlük
verir, hökumətə qarşı öz narazılığını əsasən şəriət hökmlərinə əməl edilməməsi
üzərində motivasiya edirdi. Səid Nursinin təlimlərində yalnız Türkiyədəki layik
hökumət deyil, kommunizm və imperializm də tənqid edilir. S.Nursi bütün dünyada
dinin arxa plana keçməsindən, sosialist və kapitalist quruluşların hakimiyyətə
gəlməsindən narahat idi. O, bunları axirəz-zamanın əlamətlərindən, Dəccalın
gəlişini tezləşdirən səbəblərdən biri olaraq dəyərləndirirdi. Çıxış yolunu
Qurana sarılmaqda, onu düzgün şəkildə (yəni “Risaleyi-Nur”da göstərilən
formada) anlamaqda, dini maarifi artırmaqda görürdü.
Fəthullah Gülən hərəkatı isə
siyasi proseslərə daha fəal və çevik reaksiya verməsi ilə seçilir. Türkiyədə və
hizmət şəbəkəsinin qurulduğu sair ölkələrdə iş adamlarını öz tərəfinə çəkmək,
özəl təhsil şəbəkəsi vasitəsilə kadrlar yetişdirmək, lazım gələrsə şantaj və
sairə üsullardan yararlanmaq, şəbəkənin imkanlı üzvlərindən bəzən qeyri-qanuni
və qeyri-əxlaqi yollarla ianələr əldə etmək onları başqa nurçulardan
fərqləndirən əsas cəhətlərdir.
Klassik nurçuluq İslam
qanunlarına daha sadiqdir. Məsələn, təsəttür (qadınların hicabı) məsələsində
S.Nursi sırf dini münasibət göstərir və hicabı dəstəkləyirdi. F.Gülən isə
təsəttürü füruatdan, yəni İslamın ikinci dərəcəli, qeyri-vacib əmrlərindən
sayır.
Fəthullah Gülənin liderlik
etdiyi hərəkatda sair nurçu qollardan fərqli olaraq, Səid Nursi kultu daha az
hiss olunur. Hətta Fəthullah Gülənin özü çıxış və yazılarında Səid Nursini ən
zəruri hallarda xatırladır və onu “Bədiüz-zaman” ləqəbi ilə deyil,
“Hazreti-Pir” işarəsi ilə təqdim edir. Burada “Risaleyi-Nur”la yanaşı, hətta
bəlkə ondan daha artıq dərəcədə Fəthullah Gülənin kitabları və “vaaz diskləri”
təbliğ edilir. Yüz il bundan əvvəlki Osmanlı ləhcəsində qələmə alınmış
“Risaleyi-Nur”un gülənçilər tərəfindən müasir üsluba çevrilib yayımlanması da
onları qalan nurçulardan fərqləndirir.
Digər nurçu qollarının
Fəthullah Gülənə qarşı irəli sürdüyü ittihamlardan biri də bundan ibarətdir ki,
Səid Nursi həyatı boyunca mübarizə aparmış, təqiblərə baxmayaraq dirəniş
göstərmiş və mühacirət etməmişdir. Amma Fəthullah Gülən 1999-cu ildən bəri
ABŞ-də məskunlaşıb. Türkiyənin mübarizə səhnəsini tərk edib xaricə getməsi bir
çoxlarının, o cümlədən, bəzi nurçu liderlərinin onu qorxaq və xain
adlandırmasına səbəb olmuşdur.
Nurçuluq hərəkatı 1965-91-ci
illər arasın¬da Türkiyədə qadağan edilmişdi. 1991-ci il¬dən bəri nurçular ölkə
ərazisində yenə sər¬bəst fəaliyyət göstərirlər. Son aylarda Türkiyədə baş verən
məlum hadisələr nəticəsində nurçuluğa, xüsusən də onun F.Gülənçi qoluna qarşı
təzyiqlər başlayıb. Türkiyədən əlavə, Azərbaycan, Rusiya, Orta Asiya
dövlətləri, ABŞ, Amerika, Avstraliya kimi ölkələrdə də nurçuluq hərəkatı özünə
ardıcıllar qazanmışdır.
Nurçuların bir qolu olan
Fətullah Gülənçilər son günlərdə Türkiyədə baş verən terror hadisələri ilə öz
əsl kimliklərini ortaya qodular.
(Nurçuluq
mövzusunda yazılanların bəzi hissəsi http://az.islam.az/ və
http://az.313news.net/ saytlarının araşdırması idi. Təşəkkür edirik)
Mahir
Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder