Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)


Ağlamaq fitri bir işdir:
Əvvəla bunu bilək ki, insanın ağlaması fitri bir məsələdir. Yəni bu işi Allah özü insanın daxilində qərar vermişdir. Elə buna görə də heç bir ilahi hökm insan fitrətinə zidd deyildir. İnsanoğlu yaşayışında müxtəlif hadisələrlə qarşılaşır. Hadisələr gərəyi bəzən insan gülür bəzən isə ağlayır. Ağlamaq və gülmək insanoğlunun təbii ehtiyacıdır. İnsana üz verən müsibət zamanı ağlamaq insanı daxili böhrandan, acıdan uzaqlaşdırır. İnsan bəzən qəm və qüssədən ağalayarkən, bəzən isə sevincdən ağlayır. Dilimizdə də istifadə olunan “sevinc göz yaşları” bu halın sözlə ifadəsidir. Göz yaşı qəlbdə olan acının kədərin görünən formasıdır. Göz yaşı batindəki acının zahirdəki təcəssümüdür.
Quran və dini rəvayətlərdə gəlmişdir ki, insan ağlamaq vasitəsi ilə qəlbinin pasını təmizləyir və tövbə üçün zəmin yaradır. Tövbənin daha tez qəbul olunma şərtindən biri də ağlar gözlə edilən duadır. Bir sözlə ağlamağın insana həm tibbi, həm ruhi həm də siyasi faydası vardır.

Saxta hədisin Quran, hədis və əql baxımından rəddi.
Bəziləri dünyasını dəyişənlərə ağlamağı qadağan etmək yaxud əzadarlıq məclislərinə kölgə salmaq üçün saxta bir hədisə əl atırlar.
Saxta hədis: Guya ki peyğəmbər (s) buyurub: “Dünyasını dəyişənlər üçün ağlamayın. Siz ona ağladıqda ona əzab verilər.”

Bu hədis həm əql, Quran və hədis baxımından batildir:
1. Saxta hədisin əqli cəhətdən batilliyi: - Əgər biz qəbul etsək ki peyğəmbər (s) belə bir hədis deyib və dünyasını dəyişənlərə ağlamağı qadağan edib, onda peyğəmbər (s) niyə özü dünyasını dəyişənlərə ağlayıb? Necə olur ki, peyğəmbər (s) bir işi qadağan etdiyi halda digər tərəfdən qadağan etdiyi bu işi özü həyata keçirir? Növbəti mərhələdə həmin hədislərə işarə olunacaq.
2. Saxta hədisin Quran baxımından batilliyi:
Quranda əzadarlıq mədəniyyəti.
Qurani-Kərim baxımından dünyasını dəyişən şəxsə, və ya öz yaxınlarını itirən şəxs ağlaya və ya kədərlənə bilər? Ümumiyyətlə İslamın əzadarlığa münasibəti necədir?
Mövzu ilə bağlı Qurana nəzər yetirdikdə, əzadarlıq və ağlamağı qadağan edən bircə dənə də olsun ayənin olmamasının şahidi oluruq. Quran nəinki ağlamağı qadağan etmir hətta təsdiqləyir.
Ümumi camaatın ağlaması və kədərlənməsi: “Biz sizi aclıq, qorxu,mal- dövlətlə, övladla, məhsul qıtlığı ilə imtahan edərik. (Ya peyğəmbər) Müjdə ver o kəslərə ki, onlara bir müsibət baş verdikdə onlar deyərlər: Biz Allaha məxsusuq və ona tərəf qayıdarıq.” (“Bəqərə” surəsi, 155-156)
Ayədən məlum olur ki, müsibət zamanı ağlamaq olar lakin, bu müsibətlərin Allahdan olduğunu unutmamalıyıq.
Möminlərin Quran nazil olarkən ağlaması: “Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən.” (“Maidə,” surəsi, 83)
Quran bu ayədə peyğəmbərə (s) ayə nazil olarkən möminlərin hallarına işarə edir. Həmin halın içərisində yenə də ağlamağı müşahidə edirik.
Allahın elm verdiyi kimsələrin ağlaması: “Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.” (“İsra,” surəsi, 109)
Ayə Allahın elm verdiyi kimsələr barədədir və yenə də Allah onların üstünlüyü kimi ağlamağı qeyd edir.
Peyğəmbərlərin (ə) ağlaması: “Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.” (“Məryəm,” surəsi, 58)
Bu ayə ilahi peyğəmbərlər barəsindədir. Allah onları yad edərkən onların bir nişanəsi kimi ağlamağı qeyd etmişdir.

Allahın bir qism insanlara ağlamağı əmr etməsi: “Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar (Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar).” (“Tövbə,” 82)
Gördüyünüz kimi bu və bu kimi digər qeyd etdiyimiz ayələrdə Allah ağlamağı əmr etmişdir. Əgər ağlamaq qadağan olan bir əməl olsaydı, Allah insanları ona təşviq etməz və bu ayələri qeyd etməklə, ağlamağı təsdiq etməzdi.
Bütün ayələrlə tanış olduqdan sonra sizə bu məsələdə ən mühüm dəlili tədiqm edək.
Əzadarlıq məraismlərini inkar edənlərə Qurandan 80 illik əzadarlıq nümunəsi
Qurani-Kərimin “Yusif” surəsində həyatımız üçün mühüm olan bir çox ibrətamiz qissələr vardır. Bunlardan biri də Həzrəti Yaqubun (ə) oğlu Yusif üçün göz yaşı töküb ağlamasıdır. Əlbəttə, bu ağlamağı digərlərindən seçən nüanslar vardır. Ayəni ozuyaraq sözümüzə davam edək:
“(Yaqub dedi) Heyif sənə yazıq Yusif. Dərd qəmdən ağlamaqdan gözləri kor oldu. (Oğlanları ona dedi) Allaha and olsun ki sən Yusif deyə-deyə ya xəstələnib əldən düşəcək ya da öləcəksən.” (“Yusif” surəsi, 84-85)
Həzrəti Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyü üçün təxminən 40 il (bəzi mənbələrdə 70-80 il) ağlayır. O qədər ağlayır ki, hər iki gözü kor olur. Həzrəti Yaqub (ə) oğlu Yusifin sağ salamat olduğunu bildiyi halda gözləri kor olana qədər ağlayır. Hətta məsələ xəstəlik və ölüm həddinə qədər çatır. Yaqub (ə) oğlunun ölmədiyini bildiyi halda və bütün bunlara baxmayaraq, bu qədər ağlayırsa biz niyə ağlamayaq? Başqa bir sözlə Quran bu işə icazə verdiyi halda, kimin nə ixtiyarı var ki, dünyasını dəyişənlərə ağlamağı qadağan etsin və bu işə mane olsun?
Bütün ilahi peyğəmbərlər bizlərə bir nümunədir. Elə isə bu mövzuda bizə nümunə olan Həzrəti Yaqubun (ə) oğluna uzun illər ağlamasını niyə bəziləri gözardı edir? Qurani-Kərim Həzrəti Yaqubun (ə) bu əməlini gətirməklə bu işi təsdiq edir və bütün müsəlmanlara bunu bir nümunə göstərir.
Əhli sünnə təfsirlərinə əsasən Həzrəti Yaqub 80 il Həzrəti Yusifə (ə) ağlayıb göz yaşı tökdü, matəm saxladı.
İbnul Covzi öz təfsirində “Yusif” surəsinin təfsirində yazır: Həsənul-Bəsri deyir: “Həzrəti Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyünə görə 80 il ona göz yaşı tökdü, qəmləndi. Həmin zamanda yer üzərində Allah yanında Həzrəti Yaqubdan (ə) daha əziz birisi yox idi.” (İbnul Covzi “Zədul Məsir fi ilmit-təfsir” səh. 713)
Digər bir təfsir sözügedən ayənin təfsirində yuxarıda qeyd olunan məsələləri qeyd etdikdən sonra yazır: “Bünyaminin xəbəri Həzrəti Yaquba çatdıqda (ə) uzaq Həzrəti Yaqubun (ə) dər qəmi daha da artdı. Bu minvalla onların qovuşması 80 il uzandı. Bu müddət ərzində Həzrəti Yaqubun gözünün yaşı qurumadı.” (Hafiz Bəğəvi - “Məalimut-tənzil” c. 4, səh. 267)
Digər bir təfsir “Yusif” surəsinin 84-cü ayəsinin təfsirində yazır: “Həzrəti Yaqub (ə) oğlu Yusif (ə) üçün o qədər ağladı ki, gözlərinin hər ikisi ağardı.” (“Ənvarut-tənzil, Əsrarut-təvil” c. 3, səh. 174)
Quran təfsirlərində qeyd olunan ayənin təfsirində oxşar sözlər çoxdur. Məsələn, Həzrəti Yaqubun (ə) müsibətinin həddinin 70 oğlu ölən ananın müsibəti həddində olması və Həzrəti Yaquba 100 şəhidin savabı verilməsi (Hafiz Bəğəvi - “Məalimut-tənzil” c. 4, səh. 269), Yaqubun (ə) Həzrəti Yusif üçün çox üzülüb ağlaması (Şövkani “Fəthul-Qədir” 709 )
Eyni mətləbə digər əhli sünnə alimi Zəməxşəri də işarə edərək yazır: Zəməxşəri bu ayənin təfsirində özünün “Kəşşaf” kitabında yazır: “Həzrət Yaqubun (ə) Həzrət Yusifin (ə) ayrılığından onunla görüşənədək ağlamaqdan gözlərinin yaşı qurudu. Bu müddət 80 il davam etdi. Allah yanında yer üzündə bu işdən dəyərli bir iş yox idi.” (Zəməxşəri, “Kəşşaf”, c. 2, səh. 339)
Bu təfsirdə Peyğəmbərdən (s) belə bir rəvayət də nəql olunmuşdur: Peyğəmbər (s) Cəbraildan (ə) soruşdu: “Yusifin (ə) ayrılığı səbəbinə Yəqubun (ə) başına nələr gəldi?” Cəbrayıl (ə) ərz etdi: “70 qadının balasının yasında oturmasının savabı qədər onun başına iş gəldi”. Həzrət (s) soruşdu: “Həzrət Yaqubun (ə) bu səbrinə görə mükafatı nə qədərdir?” Cəbrayıl (ə) ərz etdi: “Yüz şəhidin savabı qədər.” (Zəməxşəri, “Kəşşaf,” c. 2, səh. 339)
Digər əhli sünnə alimi Cəlaləddin Suyuti İbn Cərirdən, o da İkrimədən nəqlən belə yazır: “Cəbrail (ə) Həzrət Yusif (ə) zindanda olarkən onun yanına gəlib salam verdi. Yusif (ə) ondan soruşdu: “Ey Allahın yanında hörmətli olan mələk, iyin gözəl, paltarın da təmizdir, Yəqubdan (ə) xəbər gətirmisən?” Cəbrail (ə) ərz etdi: “Bəli, o, çox ağır qəm-qüssəyə qərq olub”. Yusif (ə) soruşdu: “Bunun mükafatı nə qədərdir?” Cəbrail (ə) ərz etdi: “70 qadının balasının yasında oturmasının savabı qədər onun savabı vardır”. Həzrət (ə) soruşdu: “Mən onunla görüşə biləcəyəm?” Cəbrail (ə) ərz etdi: “Bəli”. Yusif (ə) bu sözü eşitməklə aram oldu.” (Cəlaləddin Suyuti, “Əd-Durrul-mənsur,” c. 4, səh. 31)
Suyuti yenə belə yazır: “Yaqub (ə) Yusif (ə) üçün qəm-qüssədən gözləri ağaranadək 80 il ağladı.” (Cəlaləddin Suyuti, “Əd-Durrul-mənsur,” c. 4, səh. 31; Təfsiri Təbəri, c. 1, səh. 250)
Bütün bunlarla yanaşı daha bir məqam vardır. Təfsiri Qurtubi “Yusif” surəsinin 84-cü ayəsindən Həzrəti Yaqubun (ə) ağlamasından danışarkən, deyir: “Ağlamaq, kədərlənmək qadağan deyil ki. Qadağan olunan budur ki, insan kədər ona üz verəndə paltarını cıra, hay-küy sala və bəyənilməyən sözlər deyə.” (“Təfsiri Qutubi” c. 11, səh. 432 )
Qurtubinin sözünü qüvvətləndirən bir hədisi də nəzərinizə çatdıraq. Bu hadisəni Tirmizi belə rəvayət edir: “Peyğəmbər (s) Əbdurrəhmanın əlindən tutub onunla birlikdə İbrahimin yastığına yaxınlaşdı.Onu qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdurrəhman: Siz ağlayırsız? Məgər siz bizə ağlamağı qadağan etmədiniz? Peyğəmbər (s): Xeyr! Mən sizi iki dəstənin, günahkar axmaq və səfehlerin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim. Çünki onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr edirlər.” (Tirmizi 4 c, səh. 226- cənaiz kitabı).
Quran ayələri və həmin ayələrin təfsirinə əsasən gördük ki, Həzrəti Yaqub (ə) 80 il oğlu Yusifə (ə) matəm saxladı. Deməli, əzadarlıq etməyin heç bir eybi yoxdur. Çünki bu işi bütün insanlığa nümunə şəxslərdən biri olan Həzrəti Yaqub (ə) etmişdir və Quran da onun etdiyi bu əməli inkar etməmişdir. Əksinə onu bizə çatdırmaqla təsdiq etmişdir. Həzrəti Yaqubun 80 illik matəminə iradınız varmı?
Həzrəti Yusifin (ə) göz yaşı töküb ağlaması: Həzrəti Yusifdə (ə) zindanda ağlayıb göz yaşı tökmüşdür. İbn Abbasdan belə nəql olunur: “Həzrət Yusif (ə) zindana düşəndə elə ağlayırdı ki, zindanın qapıları, divarları, hətta tavanı belə onunla birgə ağlayırdı.” (“Təfsir əl-Qurtubi,” c. 9, səh. 88.
3. Saxta hədisin hədis baxımından batilliyi:
Peyğəmbərin (s) sünnəsində ağlamaq.
İslam peyğəmbərinin (s) həyatından bizə məlumdur ki peyğəmbər (s) özü də dünyadan köçənlərə ağlayıb.
Peyğəmbər (s) anasının qəbri üstə ağlayır: Əbu Hüreyrə deyir: “Peyğəmbəri-əkrəm (s) anasının qəbrini ziyarət etdi və ağladı. Onunla gələnlər də ağladı.” (“Səhihi Muslim” c.2 səh. 671, “Musnədi Əhməd” c. 2, səh. 441, “Nəsai” c. 4, səh. 90, “İbn Macə” c. 1, səh. 501, “Əbu Davud” c. 3, səh. 195; Hakim ən-Nisaburi, “əl-Müstədrək,” c.1, səh.357; İbn Şəbbə, “Tarix əl-Mədinə,” c.1, səh.118)
Peyğəmbərin (s) Əbd əl-Müttəlib üçün ağlaması: Həzrət Əbdul Müttəlib dünyasını dəyişəndən sonra Allah Rəsulu (s) əziz babası üçün ağladı. Ümmü Əymən deyir: “Mən Allah Rəsulunu (s) Əbdul Müttəlibin yatağının aşağı tərəfinə gedərək ağladığını gördüm.” (Sibt ibn əl-Covzi, “Təzkirə əl-xəvas,” səh.7)
Peyğəmbərin (s) Əbu Talib üçün ağlaması:
Peyğəmbərin (s) himayəçisi və eyni zamanda əmisi Əbu Talib dünyasını dəyişəndə onun üçün ağladı. Həzrət Əli (ə) bu mənzərəni belə qeyd edir: “Mən Əbu Talibin ölüm xəbərini Həzrətə (s) verdikdə ağladı və mənə belə buyurdu: “Get ona qüsl ver, kəfənlə və torpağa tapşır! Allah onu bağışlasın və Öz mərhəmətində qərarlaşdırsın!” (İbn Səd, “ət-Təbəqat əl-kubra,” c.1, səh.105)
Peyğəmbər (s) oğlu İbrahim üçün ağlayır: “Ənəs ibni Malik deyir: “Peyğəmbərlə (s) bərabər evə daxil olduq. Oğlu İbrahim can verirdi. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı. Əbdurrəhman ibni Ovf dedi: Ey Allahın rəsulu (s) mən nə görürəm siz ağlayırsız? Peyğəmbər (s) buyurdu: Ey Əbdurrəhman! Düz görürsən. Gözlər yaşlı, qəlb də kədərlidir. Ey İbrahim! Sənin ayrılığın bizi kədərləndirdi.” (“Səhih əl-Buxari,” c. 2, səh.85; “Səhih Müslim,” “Kitab əl-fəzail”, “Bab Rəhmətuhu bi əs-sibyan”, c. 4, səh.1808; İbn Əbd Rəbbih, “əl-İqd əl-fərid,” “Kitab ət-təziyə”, c. 3, səh.19; İbn Macə, “Sünən,” “Bab ma caə fi əl-buka əla əl-meyyit”, c.1, səh. 506, h. 1589; Əbd ər-Rəzzaq, “əl-Müsənnəf,” “Bab əs-səbr və əl-buka və ən-niyahə”, c. 3, səh. 552, h. 6672; Həmçinin bax: “Şafii İlmihalı” səh. 216)
Ənəs deyir: “Eləki İbrahim vəfat etdi, peyğəmbər (s) buyurdu: Onu hələ kəfənə bükməyin. Qoy son dəfə onunla görüşüm. Sonra peyğəmbər (s) ona tərəf əyilərək ağladı.” (“İbn Macə” c. 1, səh. 473- cənaiz kitabı).
Bu hadisəni Tirmizi belə rəvayət edir: “Peyğəmbər (s) Əbdurrəhmanın əlindən tutub onunla birlikdə İbrahimin yastığına yaxınlaşdı. Onu qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdurrəhman dedi: Siz ağlayırsız? Məgər siz bizə ağlamağı qadağan etmədiniz? Peyğəmbər (s) buyurdu: Xeyr! Mən sizi iki dəstənin, günahkar axmaq və səfehlerin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim. Çünki onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr edirlər.” (“Tirmizi” c. 4, səh. 226- cənaiz kitabı).
Peyğəmbər (s) öz nəvəsi üçün ağlayır: “Peyğəmbərin (s) qızı Zeynəb peyğəmbərə (s) xəbər göndərdi ki bizə gəlsin oğlum can verir. Peyğəmbər (s) Səd ibn Übadə və əshabından bir neçə nəfərlə onun evinə gəldilər. Peyğəmbər (s) ağlamağa başladı. Səd dedi: Ey Allahın rəsulu (s)! Mən nə görürəm, siz ağlayırsız? Peyğəmbər (s) buyurdu: Ağlamaq Allahın bəndələrinin qəlbinə qoyduğu bir rəhmət və bağlılıqdır.” (“Buxari” c .4, s 3-191, “Muslim” 2 c, səh. 636, “Müsnədi Əhməd” c.5, səh. 204-206-207, “Nəsai” c. 4, səh. 22)
Peyğəmbər (s) öz əmisi Həmzə üçün ağlayır: “Peyğəmbər (s) Uhud döyüşündən sonra gördü ki, hamı öz ölənləri üçün ağlayır. Peyğəmbər (s): Niyə Həmzəyə ağlayan yoxdur? Gedin Həmzəyə ağlayın.” (“Müsnədi Əhməd” c. 2, səh. 40. “Tarixi Təbəri” c. 2 səh. 532; “Səhih əl-Buxari,” “Kitab əl-cənaiz”, “Babu qovl ən-Nəbi yuəzzəb əl-meyyitu bibəzi bukai əhlihi”, c.1, səh. 431, h.1224, və “Kitab əl-mərza”, “Babu iyadə əs-sibyan”, c. 5, səh.2141, h.5331 və “Kitab əl-iman və ən-nəzur”, “Babu qovl Allahi-Təala “və əqsəmu billah”, c. 6, səh. 2452, h. 6279; “Səhih Müslim,” “Kitab əl-cənaiz”, “Bab əl-bukai əla əl-meyyit”, c. 2, səh. 635, h.923; ən-Nəsai, “Sünən əs-suğra,” “Kitab əl-cənaiz”, “Bab əl-əmr bil-ihtisabi və əs-səbri ində nuzul əl-musibəh”, c. 4, səh. 22, h.1868; ən-Nəsai, “Sünən əl-kubra,” “Kitab əl-cənaiz”, “Bab əl-əmr bil-ihtisabi və əs-səbri ində nuzul əl-musibəh”, c.1, səh. 612, h.1995; Əbi Davud, “Sünən,” “Kitab əl-cənaiz”, “Babu fi əl-buka əla əl-meyyit”, c. 3, səh.193, h.3125; Əbd ər-Rəzzaq, “əl-Müsənnəf,” “Bab əs-səbr və əl-buka və ən-niyahə”, c. 3, səh.551, h. 6670)
Hələbi öz “əs-Sirə” kitabında yazır: “Peyğəmbər (s) Həmzənin qanlı cəsədini görüb ağladı, lakin onu bədən əzalarının kəsilməsindən, ciyərinin çıxarılmasından xəbərdar olduqdan sonra isə fəryad edərək ağlamağa başladı.” (Nurəddin əl-Hələbi, “əs-Sirə əl-hələbiyyə,” c. 2, səh.247)
Həzrətin (s) əmisi Həmzənin əzasında ağlaması o qədər şiddətli idi ki, İbn Məsud bu barədə deyir: “Biz Allah Rəsulunun (s) əmisi Həmzəyə ağladığı kimi kimsəyə ağladığını görməmişdik. Həzrət (s) onu qibləyə tərəf qoydu. Sonra cənazənin yanında dayandı, o qədər uca səslə ağladı ki, qəşş etmək halına yetişdi. Sonra cənazəyə xitabən buyurdu: “Ey Allah Rəsulunun (s) əmisi! Ey Həmzə! Ey Allahın şiri! Ey Allah Rəsulunun (s) şiri! Ey Həmzə! Ey yaxşı işlər görən! Ey Həmzə! Ey çətinlikləri həll edən! Ey Həmzə! Ey Allah Rəsulunun (s) çətinliklərini uzaqlaşdıran!” (Muhibidin ət-Təbəri, “Zəxair əl-uqba,” səh.181)
Lakin Həzrət Peyğəmbərin (s) ağlamaq macərası Həzrətin (s) Uhud döyüşündən qayıdan zaman Mədinə camaatının evlərindən şəhidlər üçün qalxan ağlamaq səsləri ilə başladı: Həzrət Peyğəmbər (s) Mədinə camaatının (Bəni Əbd Əl-Əşhəl və Bəni Zəfər qəbilələrinin) evlərinin yanından keçərkən onların öz şəhidləri üçün ağlamaq və növhə səslərini eşitdi. Həzrətin (s) gözləri doldu və ağladı. Sonra isə buyurdu: “Lakin əmim Həmzənin ağlayanı yoxdur.” Səd ibn Məaz və Useyd ibn Həzir Bəni Əbd Əl-Əşhəl qəbiləsinin evlərinə qayıdarkən onların qadınlarına göstəriş verdilər ki, öz qəm-qüssələrini sinələrində dondurub əvvəlcə Həzrət Peyğəmbərin (s) əmisi Həmzə üçün ağlayıb əzadarlıq etsinlər.
Əbu Cəfər ət-Təbəri, “ət-Tarix,” c. 2, səh.210; İbn Hişam, “Əs-Sirə ən-Nəbəviyyə,” c. 3, səh.613; “Əs-Siqat,” c.1, səh.234; İbn Kəsir, “Əl-Bidayə və ən-Nihayə,” c. 4, səh. 54-55
Bundan sonra Peyğəmbərin (s) bu göstərişini eşidən hər kəs hər hansı bir şəhidə ağlamamışdan əvvəl birinci Həmzəyə ağlayardılar: “Peyğəmbərin (s) “Əmim Həmzənin ağlayanı yoxdur!” kəlamını eşidəndən sonra heç bir qadın öz ölüsünə Həmzə üçün ağlamazdan əvvəl ağlamadı.” (İbn Həcər əl-Heysəmi, “Məcmə əz-Zəvaid,” c. 6, səh.126)
Əza məclislərində Həmzə üçün ağlamağın davam etdirilməsi.

İbn Kəsir deyir: “Bu günə qədər də Ənsar qadınları öz ölənlərinə ağlamazdan əvvəl, birinci Həmzəyə ağlayırlar”.
Əhməd ibn Hənbəl İbn Ömərdən nəql edir ki, Allahın Rəsulu (s) Uhuddan qayıdan zaman Ənsarın qadınlarının öz şəhidləri üçün ağladığını müşahidə etdi. İbn Ömər deyir ki, Allahın Rəsulu (s) buyurdu: “Lakin Həmzənin ağlayanı yoxdur.” (İbn Ömər) dedi: "Həzrət (s) bir az yatıb istirahət edəndən sonra qadınlar Həmzə üçün ağlamağa başladılar. O gündən bu günədək qadınlar əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə əzadarlıq edirlər.”
İbn Kəsir bunu deyəndən sonra belə bir nəzər irəli sürür: “Bu rəvayət Müslimin şərtinə görə səhihdir.” (İbn Kəsir, “əl-Bidayə və ən-Nihayə,” c. 4, səh. 55)
Vaqidi də bu məsələnin davam etdiyini, qadınların əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə ağladığını deyir: Vaqidi deyir: “O zamandan indiyədək qadınlar birinci Həmzəyə əzadarlıq edirlər.” (İbn əl-Əsir, “Usd əl-Ğabə,” c. 2, səh.48)
İbn Səd də həmin məsələlərə işarə edərək deyir: “O gündən Ənsarın qadınları birinci Həmzəyə, sonra isə öz ölənlərinə ağlayırlar.” (İbn Səd, “ət-Təbəqat əl-kubra,” c. 2, səh. 44)
Peyğəmbər (s) əmisi oğlu Cəfərə ağlayır: “Cəfər və əshabı şəhid olandan sonra Allahın rəsulu (s) onun evinə getdi və onun övladlarını yanına çağırdı, gözlərindən yaş axan halda onları qoxuladı. Cəfərin xanımı dedi: Anam atam sizə fəda olsun, sizi ağladan nədir? Yoxsa Cəfərdən sizə bir xəbərmi çatıb? Peyğəmbər (s): Bəli, bu gün şəhid oldular. Əsma deyir: Mən yerimdən durub ağladım. Fatimənin evinə daxil olanda gördüm ki, o, ağlayaraq deyir: Vay əmim. Peyğəmbər (s) buyurdu: Həqiqətən ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar.” (“Tarix ibni Əsir” c. 2, səh. 90; İbn Əbd əl-Birr, “əl-İstiab,” c.1, səh.313; İbn əl-Əsir, “Usd əl-ğabə,” c.1, səh.241; İbn Həcər əl-Əsqəlani, “əl-İsabə,” c. 2, səh. 238; İbn əl-Əsir, “əl-Kamil fi ət-tarix,” c. 2, səh.420)
Peyğəmbərin (s) Fatimə bint Əsəd üçün ağlaması: Əbu Talibin həyat yoldaşı və Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd Həzrət Peyğəmbərin (s) yanında sevimli kəslərdən idi. O da həmçinin Həzrəti (s) müdafiə etmək üçün çox səy göstərmişdi. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər (s) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarixçilər belə deyir: “Peyğəmbər (s) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.” (Muhibiddin “ət-Təbəri, Zəxair əl-uqba,” səh.56)

Peyğəmbər (s) öz nəvəsi Hüseyn üçün ağlayır: “Harisin qızı Ummul-Fəzl peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Keçən gecə xoşagəlməz bir yuxu gördüm. Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimə düşür. Peyğəmbər (s) buyurdu: Yaxşı yuxu görmüsən. İnşallah qızım Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq. O xanım deyir: Peyğəmbər (s) dediyi kimi Fatimə Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular.Bir gün peyğəmbərin (s) yanına getdim. Bir də gördüm ki, peyğəmbərin (s) gözündən sel kimi yaş axır. Xanım deyir: Dedim: Ey Allahın rəsulu! Sizi ağladan nədir? Peyğəmbər (s): Hz Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, bu uşağı məndən sonra şəhid edəcəklər.” (“Kənzul- ummal” c. 8, səh. 199) Bu barədə digər hədislər üçün bax: (“Tirmizi” c. 13, səh. 193, “Musnəd-Əhməd ibn Hənbəl” c. 4, səh. 294)
Peyğəmbər (s) Mütə döyüşündə şəhid olanlara ağlayır: “İslam peyğəmbəri (s) miladi 629-cu ildə Zeyd bin Harisənin başçılığı altında Qüdsün cənubundakı Mütə qəsəbəsinə 3000 nəfərlik ordu göndərir.Və göstəriş verir ki, Zeyd şəhid olsa Cəfər sərkərdə olsun. Cəfər şəhid olsa Abdullah ibni Rəvaha başçı olsun. O, da şəhid olsa müsəlmanlar özləri bir sərkərdə seçsin. Onlar gedir və üçü də şəhid olur. Onların şəhadət xəbəri gəlməmiş peyğəmbər (s) bunu camaata çatdırır və buyurur: Zeyd bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu. Sonra Cəfər bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu.Sonra Cəfər bayrağı ələ aldı, o da şəhid oldu. Ondan sonra bayrağı ibn Rəvaha götürdü və o da şəhid oldu. Peyğəmbər (s) bunu deyəndə gözündən yaş axırdı.” (“Buxari” c. 2, səh. 204. “İbn Kəsir əl- Bidayətu vən-nihayə” c. 4, səh. 255)
Zeyd ibn Harisənin şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması: Zeyd ibn Harisə Mutə döyüşünün komandirlərindən idi. Belə ki, o, Allah Rəsulunun (s) göstərişi ilə Cəfər ibn Əbi Talib və Abdullah ibn Rəvahə ilə birlikdə müharibənin rəhbərliyini öz öhdəsinə götürmüşdü. Onun şəhadət xəbəri bildirilən kimi Allah Rəsulu (s) onun evinə getdi. Zeydin qızı Həzrəti (s) görən kimi boğazını qəhər tutdu və uca səslə ağlamağa başladı. Həzrət (s) də ağladı. Soruşdular ki, “niyə ağlayırsınız?” Həzrət (s) buyurdu: “Dostun dosta olan məhəbbətindən (ağlayıram).” (Muhəmməd əl-Munəvi, “Feyz əl-qədir,” c. 3, səh. 695)

Peyğəmbər (s) vəfat etmiş Osman ibn Məzunu gözündən yaş axan halda öpdü: (“Musnəd” hədis nömrə 23765, Əhməd ibn Hənbəl; Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn,” c.1, səh.514, h.1334; ət-Tirmizi, “Sünən,” “Kitab əl-cənaiz bab ma caə fi təqbil əl-meyyit”, c.3, səh.314, h.989; ət-Təbərani, “əl-Mucəm əl-Kəbir,” bab Aişə bint Qüddamə ibn Məzun əl-Cəmhiyyə, c. 24, səh.343, h. 855; əl-Beyhəqi, “əs-Sünən əl-kəbir,” c.3, səh.407, h 6503; əz-Zəməxşəri, “Rəbi əl-əbrar,” c. 4, səh.187; İbn əl-Əsir, “Cami əl-üsul,” c.11, səh.105)
Peyğəmbər (s) Həzrəti Xədicə üçün ağlayır: “Həzrəti Xədicə vəfat etdikdə bu hadisə peyğəmbərə (s) çox təsir edir. Xədicənin vəfatından sonra bir il peyğəmbəri (s) gülən görmədilər.O peyğəmbər (s) ki, daim gülümsəyər, insanlarla gülərüz rəftar edərdi. Ona görə də peyğəmbərə (s) “Zəhhak” yəni, çox gülümsəyən ləqəbi vermişdilər. Peyğəmbərin (s) Həzrəti Xədicəyə bu qədər ağlaması bəzilərini narahat etdi. Dedilər: Sən Xədicə üçün niyə bu qədər ağlayırsan? O qoca və yaşlı idi. Biz Xədicədən daha cavan və gözəlik. Peyğəmbər (s) buyurdu: Mən ona niyə ağlamayım ki? Hamı məni inkar edəndə o, məni təsdiq etdi. Hamı mənə arxa çevirəndə o mənə dayaq oldu. Mənə bu yolda heç kim kömək olmayanda o mənə köməkçi oldu...”
Peyğəmbərin (s) Uhud şəhidi olan Səd ibn Rəbi üçün ağlaması: Hakim “əl-Müstədrək” kitabında Cabir ibn Abdullahdan nəql edərək yazır: “Səd ibn Rəbi Uhudda şəhid olandan sonra Allahın Rəsulu (s) Mədinəyə qayıtdı... Allahın Rəsulu (s) onun evinə daxil oldu, biz də Həzrətlə (s) birgə daxil olduq. And olsun Allaha ki, o evdə ev əşyaları və döşənəcək yox idi. Biz Həzrətin (s) yanında oturduq. Həzrət (s) bizim üçün Səd ibn Rəbinin şəxsiyyəti haqqında danışdı və onun üçün Allahdan rəhmət dilədi... Bu sözləri eşidən qadınlar ağlamağa başladılar. Həzrətin (s) gözləri də doldu və qadınları ağlamaqdan çəkindirmədi.” (Vaqidi, “əl-Məğazi,” c.1, səh.329-330; Təqi əd-Din əl-Muqrizi, “İmta əl-əsma,” c.13, səh.269)

Allah Rəsulunun (s) imam Hüseynə əzadarlıq etməsi.

Peyğəmbərin (s) İmam Hüseynin (ə) bir yaşında ona ağlaması.
Əl-Xəvarizmi özünün “Məqtəl əl-Hüseyn” əsərində yazır: “İmam Hüseyn (ə) bir yaşına çatan zaman Peyğəmbərə (s) qanadları qana boyanmış və üzləri pərişan on iki mələk nazil oldu. Onlar Həzrətə (ə) İmam Hüseynin (ə) başına gələcək hadisələrdən xəbər verdilər.” (Əbu əl-Muəyyəd əl-Xəvarizmi, Məqtəl əl-Hüseyn, c.1, səh.163)
Peyğəmbərin (s) İmam Hüseynin (ə) iki yaşında ona ağlaması.
İbn Abbasın belə dediyi rəvayət olunur: “İmam Hüseyn (ə) iki yaşına çatanda Peyğəmbər (s) səfərdə idi. Yolun ortasında dayandı, “Hamımız Allah üçünük və Ona tərəf qayıdacağıq” ayəsini oxudu və gözlərindən yaş axdı. Bunun səbəbini soruşduqda Həzrət (s) buyurdu: “Cəbrayıl (ə) mənə Fərat çayının sahilində yerləşən Kərbəla adlı məntəqə haqqında xəbər verib buyurdu ki, bu yerdə övladım Hüseyn ibn Fatimə (ə) şəhadətə çatacaqdır.” Soruşdular: “Ey Allahın Rəsulu (s), kim onu şəhadətə çatdıracaqdır?” Həzrət (s) buyurdu: “Onu Yezid adlı bir şəxs şəhid edəcəkdir, Allah ondan Öz bərəkətini götürsün! Sanki mən Hüseynin (ə) qətlgahını və dəfn olunduğu yeri, hədiyyə aparmaq üçün başının kəsildiyini görürəm. And olsun Allaha ki, oğlum Hüseynin (ə) kəsilmiş başına baxıb sevinənlərin qəlbi ilə dili arasında Allah ayrılıq salacaq.”
İbn Abbas davamında deyir: “Sonra Peyğəmbər (s) səfərdən qayıtdı, həzin halda minbərə çıxdı və camaat üçün xütbə oxuyub moizə elədi. İmam Həsən (ə) və İmam Hüseyn (ə) də Həzrətin (s) yanında idi. Həzrət (s) xütbəni bitirən kimi sağ əlini İmam Həsənin (ə) başına, sol əlini isə İmam Hüseynin (ə) başına qoydu, sonra başını göyə qaldıraraq ərz etdi: “Ya Allah, mən sənin bəndən və peyğəmbərin olan Məhəmmədəm (s). Bu iki nəfər də mənim pak itrətim, övladlarım və yer üzündə olan canişinlərimdir. Ya Allah, Cəbrayıl (ə) mənə xəbər verdi ki, mənim bu oğlum alçaqcasına öldürüləcək. Ya Allah, onun qətlini mübarək qərar ver, onu şəhidlərin sərvəri qərar ver! Çünki Sən hər şeyə qadirsən! Onu alçaqcasına öldürənə bərəkətini nazil etmə!”
İbn Abbas deyir: “Məsciddə olanlar fəryad edib ağlamağa başladılar.” Peyğəmbər (s) buyurdu: “Ağlayırsınızmı və ona kömək etməyəcəksinizmi? Ya Allah, Sən Özün onun himayədarı və köməkçisi ol!”

İbn Abbas deyir: “Sonra yenidən Həzrət (s) üzü qızarmış və rəngi dəyişmiş vəziyyətdə minbərə qayıtdı, qısa, lakin çox bəlağətli bir xütbə oxudu. Bu xütbəni Həzrət (s) gözləri yaşla dolu bir halda oxudu.” Sonra buyurdu: “Ey insanlar, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Allahın kitabıdır. Digəri isə ölümümün rahatlıq səbəbi, qəlbimin meyvəsi olan itrətimdir. Bu ikisi cənnətdə, Kövsər hovuzunun kənarında mənə yetişənədək bir-birindən ayrılmazlar. Agah olun, mən Allahın məndən onlar barəsində istədiyindən başqa sizdən bir şey istəmirəm. Bu da yaxınlarıma olan sevgidən başqa bir şey deyildir. Ehtiyatlı olun ki, sabah hovuzun kənarında itrətimə qarşı olan kin və zülmünüzlə mənimlə görüşməyəsiniz... Agah olun, Cəbrayıl (ə) mənə xəbər verdi ki, mənim ümmətim oğlum Hüseyni (ə) çətinlik və bəla ilə dolu olan bir yerdə (Kərbəlada) öldürəcək. Allah onun qatilinə dünyanın sonunadək lənət eləsin!”

Sonra Həzrət (s) minbərdən endi. Mühacir və Ənsarın hər biri Hüseynin (ə) qətlə yetiriləcəyinə yəqin etdilər.” (“Əhməd ibn Əsəm əl-Kufi, əl-Futuh,” c. 4, səh. 325)

Ümmətin ailəsinə kin-küdurət bəsləyəcəyi ilə əlaqədar Həzrətin (s) ağlaması.
Yunis ibn Həbban Ənəs ibn Malikdən belə rəvayət edir: “Biz Allahın Rəsulu (s) ilə birlikdə idik. Əli ibn Əbu Talib də bizimlə idi. Mədinə ətrafında olan bağların birindən keçirdik. Əli (ə) ərz elədi: “Ey Allahın Rəsulu (s), görürsənmi bu bağ necə gözəldir?” Peyğəmbər (s) buyurdu: “Sənin cənnətdə olan bağın bu bağdan daha gözəldir.” Yeddi belə bağın içindən keçdik, hər bağa yetişəndə bu iki böyük şəxsiyyət arasında eyni dialoq baş verdi. Sonra Peyğəmbər (s) dayandı, biz də dayandıq. Həzrət (s) başını Əlinin (ə) başına qoyaraq ağladı. Əli (ə) ərz elədi: “Ey Allahın Rəsulu (s), səni nə ağlatdı?” Həzrət (s) buyurdu: “Bu tayfa sənə qarşı olan kin və düşmənçiliklərini mən dünyadan gedənədək üzə çıxarmayacaqlar.” (İbn Həcər əl-Heysəmi, Məcmə əz-zəvaid, c.9, səh.118; Müttəqi əl-Hindi, Kənz əl-ummal, c.13, səh.176; İbn Əbi əl-Hədid, Şərh Nəhcul-bəlağə, c.4, səh.107; Əbu əl-Muəyyəd əl-Xəvarizmi, Məqtəl əl-Hüseyn, səh. 65; Süleyman əl-Qunduzi, Yənabi əl-məvəddə, c.1, səh.134)
Ümmü Sələmənin hədisi.
Ümmü Sələmə Peyğəmbərin (s) pak təbiətli və böyük şəxsiyyətli həyat yoldaşlarından biri olmuşdur. O, Peyğəmbərin (s) sirə və həyatında olan mühüm hissələri nəql etmişdir. O, Peyğəmbərin (s) İmam Hüseyn (ə) üçün ağlaması macərasını belə nəql edir: “Bir gün Həzrət Rəsul (s) mənim evimdə oturmuşdu və belə buyurdu: “Heç kəs mənim yanıma girməsin!” Mən də bayırda gözlədim. Bu zaman Hüseyn (ə) evə daxil oldu. Otaqdan ağlamaq səsi eşitdim. Araşdırma aparmaq üçün otağa daxil oldum. Gördüm ki, Hüseyn (ə) Peyğəmbərin (s) dizinin üstündə oturmuş, Həzrət (s) də onun başına əl çəkərək ağlayırdı. Ərz elədim: “And olsun Allaha, Hüseynin (ə) evə daxil olmasından xəbərim olmayıb, (yoxsa sizin otağınıza girməsinin qarşısını alardım)”. Həzrət (s) buyurdu: “İndi Cəbrayıl (ə) bizimlə idi, məndən soruşdu: “Hüseyni (ə) sevirsənmi?” Dedim: “Bəli.” Dedi: “Tezliklə sənin ümmətin Hüseyni (ə) Kərbəla adlı bir yerə qətlə yetirəcək.” Cəbrayıl (ə) Hüseynin (ə) türbətindən mənə göstərdi...” (İbn Həcər əl-Heysəmi, Məcmə əz-zəvaid, c.9, səh.189)
Ümmü Sələmə başqa bir hədisdə deyir: “Peyğəmbər (s) mənə buyurdu: “Qapıda otur və heç kəsi içəri daxil olmağa qoyma!” Mən otağın qapısının ağzında oturdum. Hüseyn (ə) evə daxil oldu. İstədim ki, onu Peyğəmbərin (s) otağına girməsinə mane olum, lakin o, otağa məndən tez daxil oldu. Mən də içəri daxil olub dedim: “Ey Allahın Peyğəmbəri (s), siz mənə əmr etmişdiniz ki, otağa heç kəsi qoymayım, lakin sənin oğlun gəldi, istədim durub içəri girməsinə mane olum, o, məndən əvvəl otağa daxil oldu.”
Uzun bir müddət sonra yenidən içəri daxil oldum. Gördüm ki, Həzrətin (ə) hər iki əlində bir şey var, gözlərindən yaş axır, Hüseyn (ə) Həzrətin (s) qucağındadır. Bunun səbəbini soruşdum. Həzrət (s) buyurdu: “Bəli, Cəbrayıl (ə) indi mənə nazil oldu və mənə xəbər verdi ki, mənim ümmətim bu uşağı qətlə yetirəcək. Bir az da Hüseynin (ə) türbətindən mənim üçün gətirdi. İndi həmin torpaq mənim əlimdədir.” (Ət-Təbərani, əl-Mucəm əl-kəbir, c.3, s.109; İbn Rəhaveyh, əl-Müsnəd, c.4, səh.131)

Aişənin hədisi.
Peyğəmbərin (s) başqa bir xanımı olan Aişə deyir: “Hüseyn ibn Əli (ə) Peyğəmbərin (s) otağına daxil oldu. Peyğəmbərə (s) vəhy nazil olurdu. Həzrət (s) arxasını dayamışdı. Cəbrayıl (ə) Peyğəmbərə (s) dedi: “Ya Məhəmməd (s), Hüseyni (ə) sevirsənmi?” Həzrət (s) buyurdu: “Ya Cəbrayıl (ə), niyə öz oğlumu sevməyim ki?” Cəbrayıl (ə) dedi: “Sənin ümmətin səndən sonra onu qətlə yetirəcək!” Sonra Cəbrayıl (ə) əlini uzadıb Hüseynin (ə) ağ rəngli türbətindən Həzrətə (s) gətirib dedi: “Adı Təff olan bu yerdə oğlun qətlə yetiriləcəkdir.” Cəbrayıl (ə) gedəndən sonra Həzrət əlində türbət, ağlayaraq bayıra çıxdı və buyurdu: “Ya Aişə, Cəbrayıl (ə) mənə xəbər verdi ki, oğlum Hüseyn (ə) Təff adlı yerdə qətlə yetiriləcək və mənim ümmətim məndən sonra fitnə törədəcək.” Sonra Həzrət (ə) səhabələrin yanına gedib ağladı. Səhabələrin içində Əli (ə), Əbu Bəkr, Ömər, Hüzeyfə, Əmmar, Əbu Zərr də var idi. Soruşdular: “Ey Allahın Rəsulu (s) səni ağladan nədir?” Həzrət (s) buyurdu: “Cəbrayıl (ə) mənə xəbər verdi ki, oğlum Hüseyn (ə) Təff adlı yerdə qətlə yetiriləcək və mənə bu türbəti verdi. Mənə xəbər verdi ki, Hüseyn (ə) bu torpaqda dəfn ediləcək.” (Ət-Təbərani, əl-Mucəm əl-kəbir, c.3, səh.107; Əl-Heysəmi, Məcmə əz-zəvaid, c. 9, səh.187; İbn Əsakir, c.7, səh. 260)

İmam Hüseynin (ə) şəhadətindən sonra Peyğəmbərin (s) əzadarlıq etməsi.
Əbu Səid əl-Əşəc bizə rəvayət etdi (və dedi): Əbu Xalid əl-Əhmər bizə rəvayət etdi (və dedi): Rəzin bizə rəvayət etdi (və dedi): Səlma mənə rəvayət etdi (və dedi): “Ümmü Sələmənin yanına daxil oldum, o ağlayırdı.” Ona dedim: “Səni ağladan nədir?” Dedi: “Peyğəmbəri (s) yuxuda gördüm. Başı, saqqalı torpaqlı idi. Dedim: “Ey Allahın Rəsulu (s), nə olub sənə?” Dedi: “Bir az bundan əvvəl Hüseynin (ə) qətlə yetirilməsinin şahidi oldum.” (Əbu İsa ət-Tirmizi, əs-Sünən, “Babu fəzail əs-səhabə”, “babu mənaqib əl-Həsən (ə) və əl-Hüseyn (ə)”, c.12, səh.195)

Peyğəmbərin (s) ağlamaq barədə duası.
Qurtubinin təfsirində Allahla münacatı zamanı Həzrət Peyğəmbərin (s) Allahdan belə bir istəyinə işarə olunub: “Ey Allah! Məni Sənin üçün ağlayanlardan və xuşu edənlərdən qərar ver!” (“Təfsir əl-Qurtubi,” c. 11, səh. 215)
O Həzrətdən (s) nəql olunan başqa bir duada deyilir: “Ey Allah! Mənə ağlayan gözlər inayət elə!” (“Əl-Munavi, Feyz əl-qədir,” c. 2, səh. 181)
Diqqət edirsinizsə Allah Rəsulu (s) ağlayan göz və özünün ağlayanlardan olması barədə dua edir. Əgər bu iş qadağan, haram yaxud bidətdirsə onda Allah Rəsulu niyə belə dua edir?

Ağlamaq barədə digər ümumi hədislər.

Allah Rəsulu (s) buyurur: “İki göz cəhənnəm atəşindən amandadır: Allah qorxusundan ağlayan göz və camaatın canını, namusunu və əmin-amanlığını qorumaq üçün gecələr yatmayan göz.” (“Sunəni-Tirmizi,” c. 3, səh. 96)

Allaha görə ağlamaq.
Buxari öz “Səhih”ində Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edir: “Yeddi qrupu Allah Öz rəhmətinin kölgəsində qərarlaşdıracaq ... Yanında Allah xatırlananda gözlərindən yaş gələn kəsləri.” (“Səhih Buxari,” c. 7, səh. 185)

Allah qorxusundan ağlamaq.

“Tirmizi” öz “Sünən”ində belə nəql edir: “Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Allah qorxusundan ağlayan kəs cəhənnəmə daxil olmayacaq.” (“Sunən Tirmizi,” c. 3, səh. 380)
Allahın Peyğəmbəri (s): “Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır.” (“Biharul-Ənvar”, c. 93, səh. 331, hədis 15)
Dünyada ağlamaq axirətdə ağlamağın qarşısını alır.
Hafiz İsfəhani öz kitabında Peyğəmbərdən (s) belə bir hədis nəql edir: “Dünyada günahlarına görə ağlayan kəsin üzünə Allah cəhənnəmi haram edər.” (Hafiz İsfəhani, “Zikru əxbari İsfəhan”, c. 2, səh. 171)
Allahın Peyğəmbəri (s): “Kimin gözündən Allah qorxusundan bir milçək boyda yaş çıxsa, Allah “böyük qorxu” günündə onu qorxusuz edər.” (“Biharul-Ənvar”, c. 93, səh.336, hədis 30)
Peyğəmbərin (s) həyat tərzində ağlamağın yeri.
Namazda ağlaması.
Abdullah ibn Şihhir nəql edir: “Allah Rəsulu (s) namaz qılırdı. Yanına yaxınlaşdım. Elə için-için ağlayırdı ki, elə bil ocağın üstündə qazan qaynayırdı” (“Əbu Davud”, “Salət”, 158.)
Abdullah ibn Amr rəvayət edir: “Bir gün günəş tutulmuşdu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) namaz qılmaq üçün ayağa qalxdı. Orada olanlar da qalxıb namaz qılmağa başladılar. Namazın qiyamını xeyli uzatdı. Sonra rükuya getdi və rükuda da bir o qədər dayandı. Rükudan qalxıb səcdəyə getdi və səcdəni də xeyli uzatdı. Səcdədən başını qaldırıb cəlsədə uzun müddət oturdu. İkinci səcdəsi də xeyli çəkdi. İkinci rükəti də bu şəkildə uzun qıldı. İkinci rükətin səcdəsində dərindən nəfəs aldı. Ağlaya-ağlaya dua edirdi: “Ey Rəbbim! Sən mənə onların arasında oduğum müddətdə əzab etməyəcəyini vəd etmədinmi? Ey Rəbbim, ümmətim nə qədər ki Sənə tövbə edib yalvarır, bağışlanma diləyir, ona əzab etməyəcəyinə söz vermədinmi?! Budur qapına gəlmişik, Səndən əfv diləyir və Sənə yalvarırıq”.
İki rükətlik namaz qurtaranda günəşin üzü açılmışdı. Peyğəmbərimiz namazdan sonra Allaha həmd-səna edib camaata xitab etdi: “Günəş və Ay Allahın var və bir olduğunu göstərən dəlillərdir. Ayın və ya Günəşin tutulduğunu görəndə Allahı zikrə (namaza) tələsin. Allaha and olsun ki, Cənnət mənə o qədər yaxınlaşdırıldı ki, (əl uzatsaydım), üzüm salxımlarından dərə bilərdim. Cəhənnəm də o qədər yaxınlaşdırıldı ki, sizi əhatəsinə almaqdan qorxub Allaha sığındım” (“Müslim”, Küsuf, 3; “İbn Macə”, İqamətüs-salət 152.)
Quran ayələrini dinləyərkən ağlaması.
Peyğəmbərimiz (s) bir gün Abdullah ibn Məsuda: “Quran oxu, dinləyim”, – deyir. Abdullah ibn Məsud həyəcanla: “Quran Sənə nazil olduğu halda mən onu Sizə necə oxuya bilərəm, ey Allahın Rəsulu?” – deyə sual edir. “Mən başqasından Quran dinləməyi xoşlayıram”, − deyə cavabını verir Allah Rəsulu. Abdullah ibn Məsud “Nisa” surəsini oxumağa başlayır. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və Səni də onlara şahid çəkəcəyimiz zaman onların halı necə olacaq” ayəsinə çatanda Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) göz yaşları selə dönür” (“Buxari”, “Təfsirul-Quran”, 81.)

Ümmətinin qurtuluşu üçün ağlaması.
Allah Rəsulu (s) ümməti haqqında duyğu və düşüncələrini dua və göz yaşları ilə dilə gətirirdi. Ümmətinin üstündə tir-tir əsir, nicat tapsın deyə dualarla Rəhmli Rəbbə yalvarırdı. Bir gün, “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (“Maidə” 118), “Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən! (“İbrahim” surəsi, 36) məallı ayələri təkrar edə-edə sabaha qədər ağlamışdı. Uca Allah Cəbraili (əleyhissalam) göndərib bu göz yaşlarının səbəbini sormuş və: “Ümmətinə görə Səni kədərləndirməyəcəm” (“Müslim”, İman, 346) müjdəsi ilə Ona təsəlli vermişdi.
Peyğəmbərin (s) ölülərə ağlamaq olmaz deyənlərin sözünü rədd etməsi.
“Bir nəfər peyğəmbərin (s) yanına gələrək dedi: Eşitdiyimə görə ağlamağı qadağan etmisiniz. Peyğəmbər (s) buyurdu: Xeyr. Mən vəfat edən şəxsə ağlamağı qadağan etməmişəm. Əksinə etiraz dolu ağlamağı üz cırıb, yaxa yırtmağı qadağan etmişəm. Bu rəhmət dolu göz yaşıdır. Gözüm ağlayır, qəlbim qəmlə doludur. Lakin Allahın narazı olduğu heç bir sözü dilimə gətirmərəm.”
Digər bir hədis də bu barədə belədir: Peyğəmbərə (s) dedilər: Siz ağlayırsınız? Məgər siz deyildinizmi bizi ağlamağa qoymayan? Peyğəmbər (s) buyurdu: “Xeyr. Mən iki dəstənin axmaqlarını və səfehlərini ahu -fəğan və fəryad etməkdən çəkindirmişəm.Onlar müsibət gördükdə üzlərini cırır, şeytani nalələr edirlər. (“Tirmizi” c. 4, səh. 226)
Digər bir hədisdə Allah Rəsulu (s) buyurur: “Musibət vaxtı, vay şivən qoparan, paltarını cıran və özünə qarğış edən mənim ümmətim deyil.” (“Buxari,” Cənaiz 36-38-39, “Muslim”, İman 165)
Əbu Hüreyrə deyir: “Bir gün peyğəmbərin yanından ağlaya-ağlaya bir cənazə aparırdılar. Bəziləri ağlayanlara mane olmaq istədi. Peyğəmbər (s) buyurdu: “Onlarla işiniz olmasın, çünki dərdləri təzə, gözləri yaşlı, canları isə musibətə düçar olubdur.” (“Əl-Müstədrək əla əs-səhiheyn,” Kitab əl-cənaiz, c.1, s.381, h.1406; ən-Nəsai, “Sunən əs-suğra,” Kitab əl-cənaiz, bab ər-rüxsə fi əl-bukai əla əl-meyyit, c.4, s.19, h.1850,; Əhməd ibn Hənbəl, “əl-Müsnəd,” Bab musnədi Əbu Hüreyrə, c.2, səh.444, h.9729; İbn Macə, “Sünən,” Kitab əl-cənaiz, Babu ma caə fi əl-bukai əla əl-meyyit, c.1, səh.505, h.1587)
Peyğəmbərin (s) səhabələrinə ağlamağı tövsiyə etməsi.
Peyğəmbərimiz: “Əhsən, nəfsinə hakim olanlara! Əhsən, evini qonaq üçün hazır saxlayanlara! Əhsən, xətalarına göz yaşı tökənlərə” (Münziri, “ət-Tərğib vət-tərhib”, c. 4, səh.116) – buyuraraq səhabələrini göz yaşı tökməyə çağırmışdır.
Ənəs ibn Malik nəql edir: “Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir gün bizə elə sözlər danışdı ki, o vaxtadək eşitməmişdik. Sonra da: “Əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülər çox ağlayardınız” buyurdu. Bunu eşidən səhabələr əlləri ilə üzlərini örtüb hıçqıra-hıçqıra ağladılar” (“Buxari”, Kusuf 2, Əyman, 3; “Müslim”, Salət, 112, Kisuf, 1, Fəzail, 134)
Peyğəmbərimiz (s) Allah qorxusundan tökülən göz yaşlarının ilahi əzaba qalxan olduğunu bildirmişdir: “İki göz vardır ki, Axirət günü onları Cəhənnəm odu yandırmaz. Biri Allah qorxusundan yaş tökən göz, biri də sərhəddə keşik çəkən göz” (“Tirmizi”, Fəzailul-cihad 8; “Nəsai,” Cihad 8)

Günahlara görə ağlamağı tövsiyə etməsi.
Peyğəmbərimiz (s) nicat yolunu soruşan Uqbə ibn Amirə işlədiyi günahlara ağlamağı tövsiyə etmişdi. Həzrət Üqbə hadisəni belə nəql edir: “Nicat yolu, qurtuluş nədədir?” − deyə Allah Rəsulundan soruşdum. “Dilinə hakim ol, evin geniş olsun, günahlarına ağla” buyurdu” (“Tirmizi,” Zöhd, 60)

Sad ibn Əbu Vəqqas Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: “(Allah qorxusundan) ağlayın. Ağlamağınız gəlməsə, özünüzü məcbur edin” (“İbn Macə””, Zöhd, 19)
Allah qorxusundan ağlamağı tövsiyə etməsi.
Allah Rəsulu (s) buyurdu: “Allah öz kölgəsindən başqa sığınacaq olmayan qiyamət günü yeddi şəxsi kölgəsi altına alıb himayə edəcək. (Birincisi) adil imam (rəhbər), (ikincisi) ömrünü ibadətlə keçirən gənc, (üçüncüsü) məscidlərə qəlbən bağlanan (mömin), (dördüncüsü) Allah üçün bir-birini sevib bir yerə yığışan və Allah üçün bir-birindən ayrılan iki insan, (beşincisi) var-dövlətli və gözəl bir qadının təklifini (nəfsinə hakim olub) “Mən Allahdan qorxuram” deyib rədd edən adam, (altıncısı) sədəqəni gizli verən, (yeddincisi) tənha qalanda Allahı zikr edib gözləri yaşla dolan (mömin)” (“Buxari,” Əzan, 36; “Müslim”, Zəkat, 91)
Əbu Ümamə Sudayy ibn Aclan əl-Bahilidən rəvayət edilən bir hədisdə Allah Rəsulu (s) belə buyurmuşdur: “Allah qatında iki damladan və ya iki izdən daha gözəl bir şey yoxdur. İki damla – Allah qorxusu ilə tökülən göz yaşı və Allah yolunda axıdılan qandır. İki iz isə Allah yolunda çarpışarkən alınan yara izi və fərzləri yerinə yetirərkən alına düşən səcdə izidir” (“Tirmizi,” Fəzailul-cihad, 26)

Səhabələrin həyatında ağlamaq.

Məkkə camaatının Peyğəmbərin (s) vəfatından sonra əzadarlıq etməsi:
Səid ibn Müsəyyibin dediyinə görə, Peyğəmbər (s) vəfat edən zaman Məkkə şəhəri camaatın ağlamaq və ah-nalə səslərindən lərzəyə gəlirdi.
“Peyğəmbərin (s) vəfatı zamanı Məkkə şəhəri bütünlüklə ah-nalə səsinə bürünmüşdü.” (Muhəmməd əl-Fakihi əl-Məkki, Əxbaru Məkkə, c.3, səh.80)
Peyğəmbərin (s) əzasında Aişənin və digər Mədinə qadınlarının əzadarlıq etmələri.
Aişə deyir: “(Peyğəmbərin (s) vəfatından sonra) ayağa qalxdım, gedib qadınlarla birlikdə sinəmə və üzümə vurmağa başladım.” (İbn Hişam, əs-Sirə ən-Nəbəviyyə, c.4, səh.305)
Həzrət Əlinin (ə) Məhəmməd ibn Əbu Bəkr üçün ağlaması.
“Təzkirə əl-xəvvas” kitabının müəllifi yazır: “Məhəmməd ibn Əbu Bəkrin ölüm xəbəri Əliyə yetişdikdə ağladı, onun ölümünə təəssüfləndi və onun qatilini lənətlədi.” (Sibt ibn əl-Cəuzi, Təzkirə əl-xəvvas, səh.102)
Numan ibn Muqrin üçün Ömərin ağlaması.
Numan ibn Muqrinin ölüm xəbəri Ömər ibn Xəttaba yetişdikdə Ömər onun üçün əlini başına qoyub ağlayırdı. İbn Əbi Şeybə “əl-Müsənnəf” kitabında yazır: “Əbu Osman deyir: “Numan ibn Muqrinin ölüm xəbərini Ömərə çatdırdım, o, bu xəbəri eşidəndə əlini başına qoyub ağladı.” (İbn Əbi Şeybə, əl-Müsənnəf, c.3, səh.175 və c.8, səh.21)
Xalid ibn Vəlid üçün qadınların ağlamasına Ömərin icazə verməsi və özünün də onlarla birlikdə əzadarlıq etməsi.
Hakim “əl-Müstədrək” kitabında yazır: “Əbu Vail deyir: “Ömərə dedilər ki, Bəni Müğeyrə qəbiləsinin qadınları yığışıb Xalid ibn Vəlid üçün əzadarlıq edib ağlayırlar. Sənə əziyyət olar deyə bizim də bundan xoşumuz gəlmədi. Əgər mümkünsə, sən onlara bu işi qadağan et!” Ömər dedi: “Özlərinə vurub nalə etməyənədək bir neçə damcı gözlərindən yaş axıtmalarının eybi yoxdur.” (Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, səh.336)
“Əl-Əğani” kitabının müəllifi bu məsələyə əlavə də etmişdir: “Əbu Bəkr əl-Həzli deyir: “Ömər ibn əl-Xəttab Bəni Məxzum qəbiləsinin qadınlarının Xalid ibn Vəlid üçün ağlamaq səslərini eşidib ağlamağa başladı və dedi: “Qadınlara deyin ki, Əbu Süleyman (Xalid ibn Vəlid) haqqında nə bilirlərsə, etsinlər, lakin yalan danışmasınlar! Ağlayanlar Əbu Süleyman kimilərinə ağlasınlar!” (Əbu əl-Fərəc əl-İsfahani, əl-Əğani, c.22, səh.98)
Ömərin ölümü ilə əlaqədar İbn Məsudun əzadarlıq etməsi.
“(Ömərin ölümündən sonra) İbn Məsud onun qəbrinin kənarında dayanıb ağladı.” (İbn Əbd Rəbbih, əl-İqd əl-fərid, c.4, səh.283)
Abdullah ibn Rəvahənin Həmzə üçün əzadarlıq etməsi.
Abdullah ibn Rəvahə Həmzə üçün ağladı və onun üçün mərsiyə də yazdı. (İbn Hişam, əs-Sirə ən-Nəbəviyyə, c.3, səh.171)
İmam Hüseynin (ə) şəhadət xəbərini eşidən zaman Mədinə camaatının ağlaması.
İbn Cərir ət-Təbəri öz “ət-Tarix” kitabında belə nəql edir: “Ubeydullah ibn Ziyad İmam Hüseyni (ə) şəhadətə çatdırandan sonra Həzrətin (ə) başını ona gətirdilər. İbn Ziyad Əbd əl-Məlik ibn Əbi əl-Haris əs-Silmini çağırıb dedi: “Mədinəyə get, Hüseynin (ə) öldürülməsi xəbəri ilə Əmr ibn Səidi (O zaman Mədinənin əmiri idi) müjdələ!” ... Əbd əl-Məlik deyir ki: “Mədinəyə çatdım. Qüreyşdən olan bir kişi ilə qarşılaşdım. O kişi dedi: “Nə xəbər var?” Dedim ki, “xəbər əmirdəndir.” O, sözümün mənasını başa düşərək “Hamımız Allahınıq və Ona tərəf qayıdacağıq!” ayəsini söylədi və sonra dedi: “Hüseyn ibn Əli (ə) öldürülmüşdür.”
Əmr ibn Səidin yanına daxil oldum. O, mənə dedi: “Arxandakı nədir elə?” Dedim: “Əmir üçün məxfi olan şey!” Hüseyn ibn Əli (ə) öldürülmüşdür. Mənə dedi ki, bu xəbəri yayım. Mən də bu xəbəri şəhər camaatı arasında yaydım.
And olsun Allaha ki, ömrümdə Mədinə qadınlarının nalələri kimi nalələr eşitməmişdim. Onlar öz evlərində Hüseyn ibn Əliyə (ə) əzadarlıq edib ağlayırdılar...” (İbn Cərir ət-Təbəri, ət-Tarix, c.3, səh.342)
Səhabə tabeinlərin Aşura müsibətinə ağlamaları.
1. İbn Abbas : – Səbt ibn Covzi deyir: “İmam Hüseyn (ə) şəhid oluqdan sonra İbn Abbas daim ağlayırdı. Hətta axırda gözləri tutuldu. Digər mənbə yazır: “İbn Abbas Hz Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür. (İbn Cuzi, - “Təzkirətul-xəvas,” səh. 225; Xarəzmi – “Məqtəl,” səh. 162)
2. Ənəs ibn Malik: – “İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona etiraz edib, “Hüseyn (ə) hamıdan çox peyğəmbərə (s) oxşayırdı, sən isə onu şəhid etdin” söylədi.” (“Yənaibul-Məvəddət,” səh. 389; İbn Həcər, “Səvaiqul-muhriqə,” səh. 198; “Tarixun-nihayə,” səh. 69)
3. Zeyd ibn Ərqəm: – Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayına, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə etiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. Zeyd ibn Ərqəm valiyə belə deyir: Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! Peyğəmbərin (s) övladını təhqir etmək olmaz.Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm. Sonra isə ağlamağa başladı.İbn Ziyad hiddətlənərək ona dedi: Sakit ol. Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyə əmr edərdim. Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı: Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz. Hüseyni (ə), Fatimənin övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək. Sonra üzünü İbn Ziyada çevirərək dedi: Ey ibn Ziyad! Peyğəmbərlərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin! (İbn Həcər, “Səvaiqul-muhriqə,” səh.198; “Tarixun-nihayə,” səh. 69; “Tarixi-Təbəri” c. 4, səh. 21; İbn Covzi, “Təzkirətul-xəvas,” səh. 231 və s.)
4. Rəbi ibn Xeysəm: – “Rəbi ibn Xeysəm Hz Hüseynin (ə) şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə dedi: Elə cavanları şəhid etdilər ki, peyğəmbər onları gördüyü zaman olduqca mərhəmət və məhəbbətlə davranırdı. Öz mübarək əlləri ilə onlara yemək verər və qucağına alardı.” (İbn Covzi, “Təzkirətul-xəvas,” səh. 240 və 265)
5. Həsən Bəsri: – İmam Hüseynin şəhid olduğunu eşitdən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərək belə deyirdi: Xar olsun öz peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun, qiyamət günü İmam Hüseynin (ə) babası və atası ibn Mərcanədən (İbn Ziyaddan) intiqam alacaqdır. (İbn Covzi, “Təzkirətul-xəvas,” səh. 265; “Mucəmul-Kəbir,” c. 3, səh. 127)
6. Ümmü Sələmə – Peyğəmbərin (s) həyat yoldaşı: – İbn Abbas deyir: “Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı.Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: Ey Əbdul-Muttəlib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər. (“Tarixi İbn Əsir,” c. 4, səh. 405; “Müsnədi Əhməd,” c. 1, səh. 283)
Peyğəmbərin (s) həyat yoldaşları Ümmü Sələmənin evində əzadarlıq qurmuş, peyğəmbərin (s) məscidini qara parçalarla bükmüşdülər. (İmaməddin Qureyşi, “Uyunul-əxbar və fununul-əsrar,” səh. 109)
Əhli sünnə alimlərinin Aşura mərasimlərini qeyd etməsi.
Hicrətin 352-ci ilində İmam Hüseyn (ə) üçün əzadarlıq məclislərinin qurulması.
Əz-Zəhəbi “Vəqaye” kitabının şərhində 352-ci ilin əzadarlığını belə yazır: “Sabit deyir: “Muizz əd-dövlə bazarların bağlanmasını əmr etdi. Dəyirmanlarda un üyüdülməsini və aşpazxanaların fəaliyyətini qadağan etdi. (Məmurlar) əzadarlıq bayraqlarını bazarlardan asdılar. Qadınlar baş-gözlərinə vura-vura saçları dağınıq halda küçələrə tökülüşdülər, əzadarlıq edib növhə oxudular. Bu, Bağdad şəhərində əzadarlıqla bağlı birinci mərasim idi.” (Şəms əd-Din əz-Zəhəbi, Tarix əl-İslam, c.26, səh.11)
Əhli-sünnə alimlərindən olan Sibt ibn əl-Cəuzinin vasitəsilə İmam Hüseynə (ə) əzadarlıq məclisinin təşkil edilməsi.
Digər tərəfdən də bəzi əhli-sünnə alimlərinin arasında İmam Hüseynə (ə) əzadarlıq etmələrinin şahidi də vardır. İbn Kəsir “əl-Bidayə və ən-nihayə” kitabında belə yazır: “Aşura günü camaat Sibt ibn əl-Cəuzidən istədi ki, minbərə çıxıb İmam Hüseynin (ə) şəhadətindən, onun keyfiyyətindən danışsın. O, bu istəyi qəbul edib minbərə qalxıb minbərə söykəndi. Uzun bir sükutdan sonra dəsmalı götürüb üzünə qoydu və şiddətlə ağlamağa başladı. Bu zaman ağlayaraq bu iki beyti söylədi:
“Vay o kəsin halına ki, şəfaətçisi onun düşməni olsun!
Qiyamət günü surətlərə üfürüləcək,
Sonda Fatimə (ə) məhşərə gələcək!
Hüseynin (ə) qanına bulaşmış paltarı geyinmiş halda!”
Sonra Sibt ibn əl-Cəuzi minbərdən enib göz yaşı tökərək evinə getdi.
(İbn Kəsir, əl-Bidayə və ən-nihayə, c.13, s.207 (Hicrətin 654-cü ilin hadisələri) )
Əbd əl-Mömin (v. 346 h. q.) üçün əzadarlığın keçirilməsi
Əbd əl-Mömin ibn Xələf Zahirilik məzhəbinin fəqihlərindən və Məhəmməd ibn Davudun ideoloji məktəbinin davamçılarından olmuşdur. Əbu Cəfər ən-Nəsəfi onun cənazə müşayiətinin və orda əzadarlıq keçirilməsini nəql etmişdir.
(İbn Əsakir, Tarix Mədinə Dəməşq, c.10, səh.272; Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.15, səh.480)
Əl-Cuveyni əş-Şafei (v. 478 h.q.) üçün əzadarlığın keçirilməsi.
Əz-Zəhəbi İmam əl-Hərəmeyn əl-Cuveyninin ölümü və onun üçün əzadarlığın keçirilməsi barədə belə yazır: “Onu atasının yanında dəfn etdilər. Əza məclisində onun minbərini sındırdılar. Bazarları bağladılar. Onun məclisində qəsidələr oxudular. Onun 400-ə yaxın tələbəsi var idi. O tələbələr bütün qələmlərini, mürəkkəb qablarını sındırdılar və bir il əza saxladılar. Onlar bir il başlarına bağladıqları çalmanı bağlamadılar. Bu işə o qədər israr etdilər ki, heç kəs başına çalma bükməyə cəsarət etmirdi. Bu müddətdə tələbələr şəhərin küçə və bazarlarında gəzir, növhə oxuyur, ifrat dərəcədə qışqırıb dözümsüzlük göstərirdilər.” (Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.18, səh.476)
Əlbəttə ki, yuxarıdakı mətndə qeyd olunan tələbələrin əzadarlığı özü-özlüyündə təqdirəlayiqdir. Lakin onların bəzi ifrat dərəcədə gördükləri işlər qəbuledilməzdir. Minbəri, qələmlərini və mürəkkəb qablarını sındırmaları, bir il başlarına çalma bağlamamaları, hər kəsi bu işdən çəkindirmələri heç vaxt təqdirəlayiq hesab edilə bilməz. Bəlkə də, əz-Zəhəbi elə bu şeylərə görə öz nəzərini belə bildirmişdir: “Nəzərim budur ki, bu cür işlər əcəmlərə aiddir, dinə tabe olan alimlər belə işləri etməzlər.” (Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.18, səh.476)
İbn əl-Cəuzi (v. 654 h.q.) üçün əzadarlığın keçirilməsi.
Əz-Zəhəbi İbn əl-Covzinin ölümü haqqında yazır: “Sibt ibn əl-Cəuzi cümə gecəsi şam və işa namazları arasında, Ramazan ayının on üçü dünyadan köçmüşdür... Bazarlar bağlandı, bir çox insan onun yas mərasiminə gəldi... Camaatın çoxluğu, havanın çox isti olması camaatı oruclarını açmağa vadar etdi və bir çoxu özlərini istidən suya atdılar... Ramazan ayı boyunca camaat onun qəbrinin kənarında gecələdi, onun qəbrinin üstündə şam yandırıb Quran xətm etdilər. Şənbə günü əzadarlıq məclisi təşkil etdilər, onun barəsində çıxışlar olundu. Çox insan iştirak edirdi. Onun barəsində mərsiyələr oxundu...” (Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nübəla, c.21, səh.379)
Ömər ibn Əbd əl-Əzizin vəfatında (v. 101 h.q.) asimanın ağlaması.
Xalid ibn Rəbi deyir: “Tövratda yazılmışdır ki, göy və yer qırx gecə-gündüz Ömər ibn Əbd əl-Əziz üçün ağladı!!!”
(Şuəyb əl-Hurəyfiş, ər-Rəvz əl-faiq, səh. 255; Əllamə əl-Əmini, əl-Ğədir, c.11, səh.120)
İbn Əsakirin vəfatında (v. 571 h. q.) asimanın ağlaması.
Oğlu deyir: “Həmin il yağış yağmamışdı. İbn Əsakir vəfat edəndən sonra və cənazəsini yerdən götürəndə asiman yağmaq vəziyyətinə düşdü. Sanki bu yağış asimanın göz yaşları idi, belə ki, bol-bol və şiddətlə yağacağını göstərirdi.”
(Yaqub əl-Həməvi, Mucəm əl-udəba, c.4, səh.41, “Bəlx tərəfdə 246-cı ildə görünməmiş qan yağdı”, səh.17)
Əz-Zəhəbi Bağdad əhalisinin İmam Hüseyn (ə) üçün əzadarlıq keçirmələrini nəql edərkən yazır: “352-ci ilin hadisələri: Bu ilin Aşura günündə Muizz əd-dövlə Bağdad əhalisinə Hüseyn ibn Əli (ə) üçün matəm saxlamalarına göstəriş verdi. Əmr verdi ki, bazarları bağlasınlar, əza bayraqlarını assınlar, aşpazxanalar yemək bişirməsinlər. Bu, Onun (ə) üçün keçirilən birinci əzadarlıq idi. (Şəms əd-Din əz-Zəhəbi, əl-İbər fi xəbər min ğeyr, c.1, səh.146)
Doqquzuncu əsrin əhli-sünnə alimlərindən olan Cəmal əd-Din Əbu əl-Məhasin Yusif ibn Təğribirdi əl-Utabəki Bağdad camaatının əzadarlıq keçirmələrini belə yazır: “Hicrətin 352-ci ili, Əli ibn Əl-Əxşidin hakimiyyəti. Bu ildə Aşura günü Muizz əd-dövlə camaata bazarların və aşpazxanaların bağlanmasını, matəm bayraqlarının bazarlarda asılmasını göstəriş verdi... Hüseyn ibn Əli (r.a) üçün matəm məclislərinin qurulmasını tapşıdı...” (Cəmal əd-Din əl-Utabəki, ən-Nucum əz-zahirə, c.2, səh.334)
Əbdülcəlil Razi h.q tarixi ilə 560-cı ildə “Kitabu nəqz” adlı əsərində yazır: “Hər kəsə məlumdur ki, Hənəfi və Şafei, həmçinin onun ardıcılları və davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər.”
Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h.q vəfat) Bağdadda, Əmir Əbbadi Qütbuddin (562 h.q vəfat) Bağdadda, Əbu Mənsur Ümdəddin Şafei - Nişapurda, Xacə Əşəri Hənəfi – Nişapurda, Qazi Hənəfi və digərləri də hər il Aşura əzadarlığı üçün mərasim keçirilən alimlərdəndir. Bu barədə bəzi kitablarda məlumar verilmişdir. O cümlədən; Silsilətuz-zəhəb”, “Rəşahət”, “Məqamati-Cami”, “Məqtəli- Xarəzmi”, “Tarixi-Təbəri”, “İthafus-suəda fi mənaqibi seyyiduş-şuhəda”, (Əfiuddin Hənəfi), “Cövrul-Əşqiya”, (Qadirbəxş Hənəfi), “Məqtəl” (Mahmud ibn Osman Hənəfi), “Məqtəl” (Əli Ənbər Hənəfi).

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.




Yorumlar

  1. Bəs özünü döymək başına vurmaq haqında niye yazmamısız ?

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir