Quranda Allahın möhtəşəm idarə etmə sistemi


Uca Rəbbimizin mübarək adlarından bir də Əl-Qəyyumdur. Allahın bu mübarək ismi bütün varlıq aləmində özünü mütləq şəkildə göstərir. Əgər Allahın bu mübarək ismi varlıq aləmində təcəlli etməsə varlıq aləmi bir an belə olsun var ola bilməz və həyat məhv olacaq. Bütün varlıq aləmini  ayaqda tutan və bütün işləri nizama salan, idarə edən Qəyyumdur.
Əl-Qəyyum – Allahın bütün feli sifətlərini əhatə edir. Hər şey Onun izni və dəstəyi ilə ayaqda durur.Allah heç kimsəyə möhtac olmadan Qaim, digər varlıqlar da Onun Qəyyum isminin təcəllisi ilə qaim olanlardır.Çünki yeganə və mütləq Qəyyum-Qaim olan Allahdır. Allah yaratdıqlarını qoruyan, və işlərini nizama salandır.
Qəyyum – Mükəmməl idarə edici - bizə öz adının təcəllisi olaraq yeganə Qəyyim olan İslam dinini seçib.
 “…Bu möhkəm və (qəyyim) - əbədi olan bir dindir…” (Tövbə 36, Yusuf 40)
Nədir Qəyyim din? – İnsana və işlərinə doğru şəkildə yön verən, yönləndirən din. Allah bu dinlə insana başa salır ki, necə ki, Mən Qəyyumam – (işləri idarə edən, ayaqda saxlayan və yön verən), dinim qəyyimdir (əbədi var olan),
Ey insan! Elə sən də bu dinlə həyatını yönləndir ki, Allahın Əl-Qəyyum adı bütün həyatında təcəlli etsin. İslam insanın həyatına yön verən onu həyatın bütün sahələrində idarə edən ən gözəl dindir.
Qurani-Kərim də, insanlara özünü idarə etməyi, öyrədən bir dindir. Bir neçə nümunə qeyd edək;
1.    Quranın ilk nazil olan ayəsi Ələq sürəsi 1-ci ayə. Bu ayə “Oxu” əmri ilə başlayır. İnsana elmini, marağını və ağlını idarə etməyi öyrədir.
2.    “Ey örtüsünə bürünmüş. Gecə - az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt.” (Müzəmmil 1-3)
Nə üçün Allah gecənin bir vaxtı ən sevimli bəndəsini yuxudan qaldırır?  Bu ayədən əldə edəcəyimiz nəticə: “Yuxunu idarə et.” Gecə həyatına yön verə bilməyənlər, gündüz həyatını heç idarə edə  bilməz.
3.    “Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş Qalx və (ins və cin mükəlləflərini) qorxut.” (Müddəssir 1-2)
Qəyyum olan Allah əziz peyğəmbərini (s) oyadır. Niyə? Həyatı idarə etsin deyə. Necə? Ayənin davamını oxuyaq;
Ø  “Öz Rəbbinə “təkbir” de və (sözlə və əməllə) Onu uca tut.” (Müdəssir 3)
Nəticə: Təsəvvür və fikrini idarə et. Allahın əzəmət və böyüklüyünü dərk et.
Ø  “Və libaslarını pak et.” (Müddəssir 4)
Nəticə: Görünüşünü, imicini  idarə et. Başqaları sənə imic öyrətməsin, Özün-özünü idarə et.
Ø  “Və pisliklərdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.” (Müddəssir 5)
Nəticə: Əlaqələrini idarə et.
Ø  “Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!” (Müddəssir 6)
Nəticə: Yaxşılıq etməyi qazanc əldə etmə vasitəsinə çevirmə. Yəni duyğularını idarə et. Yaxşılıq etməyin özü bir nemətdir. Hər etdiyin üçün qarşılıq gözləmə.
4.    Allahla insan əlaqələrinin necə idarə olunmasını öyrədən ayələrə nəzər saldıqda Fatihə sürəsindəki ayələr diqqəti cəlb edir. Üç incə mətləb və üç suala cavab tapırıq.
1.     Allaha necə yaxınlaşaq?  2. Allahdan nə istəyək?       3. Allahdan necə istəyək?
O ayələri oxuyaq;  1. “Yalnız sənə ibadət edir və yalnız səndən kömək istəyirik. (Fatihə 5)
2.Bizi doğru yola yönəlt. (Fatihə 6)
3.Nemət verdiyin kəslərin yoluna, azmışların və qəzəbə düçar olmuşların yoluna yox! (Fatihə 7)

Nəticə: 1. Duanı idarə et. 2. Tələbini idarə et. 3.İstəyini idarə et.

5.    “Bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutalacaqdır.” (İsra 36)
Bu mübarək ayədə də üç idarə etmə qüvvəsini gördük. Ayədə zikr edilən “…qulaq, göz və ürək…”
Nəticə: Qulağını idarə et. Gözünü idarə et. Qəlbini idarə et.
6.    “…Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə…” (isra 37)
Nəticə: Ayaqlarını idarə et.
7.    “Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacında asılmaq yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır…” (Maidə 33)
Nəticə: Əllərini idarə et.
8.    “Və o kəslər ki, öz şəhvət  qüvvələrini cilovlayarlar.” (Muminun 5)
Nəticə: Şəhvət və nəfsani istəklərini idarə et.

Allahın bütün əmr və qadağanlarında Allahın Əl-Qəyyum isminin bir təcəllisi vardır. Bir neçə nümunə qeyd edək;
·         Namaz – Zamanı idarə et. Müsəlman namaz qılmaqla zamana məhkum olmur, əksinə zamana hakim olur. Namazdan uzaq olanlar zamanı idarə edə bilməzlər.
·         Gecə namazı – Yuxunu idarə et.
·         Oruc – Özünü, hislərini idarə et.
·         Zəkat – sərvəti idarə etməkdir. Allah “zəkat ver” deməklə təkcə malın bir hissəsini verməyimizi istəməklə yanaşı həm də o mal və sərvəti idarə etməyi də bizə öyrədir.
·         Həcc – Ümmətin idarə olunması. Hansı güc o qədər insanı bir yerə, heç bir dəvət olmadan cəm edə bilər? Həcc bir toplantıdır ki gərək bütün ümmət orada cəm ola bir-birlərinin problem və dərdlərindən agah olub həlli yolunda çalışalar. Budur həccin əsl qayə və məqsədi. Əməl olunurmu?
·         Nur sürəsi 30-31-ci ayələrdə mömin qadın və kişilərə əmr olunur ki, gözlərini Allahın haram buyurduqları və naməhrəm müqabilində örtsünlər – baxmasınlar.
Nəticə: Ey İnsan” Gözlərini idarə et.
·         Qeybət etmək – Qeybət etməyi haram qılan ayə əslində bizə dilimizi idarə etməyi öyrədən ayədir. Danışarkən diqqətli ol, dilini idarə et.
·         “Sözlərə qulaq asıb, onların ən yaxşısına tabe olan kəslərə! (Zumər 18)
Nəticə: Qulağını idarə et.
·         Quranda insanları düşüncə və təfəkkürə dəvət edən ayələr, əslində ağlımızı idarə etməyi bizə öyrədən ayələrdir.
·         Xatırlatma (təzəkkur) ilə bağlı olan ayələr keçmişdə baş verən hadisələrlə bağlı olan biliyimizi idarə etməkdir.
·         Tədəbbur (“Tədəbbür” “dubr” kökündən olub bir şeyin arxası və sonu-aqibəti mənasında işlənir.)  – Gələcəyə dair biliyimizi idarə etməkdir.
·         Təfəqquh (Dərrakəni işə salmaq) – Hazırda olan biliyimizi idarə etməkdir.
·         Təəqqul (Əqli işlətmək) – Biliklərimizi əlaqələndirərək idarə etməkdir.
Nəticədə insan düşünməklə bütün bədən üzvlərini düzgün idarəsini əldə edir. Çünki yalnız doğru əqidə, doğru məlumat, insanı doğru istiqamətə yönləndirə bilər.
İdarə etmə sistemi peyğəmbərlərin (ə) həyatında.
Bir neçə nümunə;
1.Bəzən günah insanı idarə edir, bəzən isə insan günahı. İnsan səhv və günahlara mürtəkib ola bilər. Amma ondan tövbə etməsi ilə günahını idarə edir. Əgər tövbə edə bilmirsə deməli günahı onu idarə edir. Hz Adəmlə şeytanın misalı da bu cürdür. Adəm (ə) xətasını (əmri irşadini tərk etməsi) tövbə ilə idarə etdi, şeytan isə günahında israr etdi. Günahı onu idarə etdi.
2.Nuh (ə) –ın gəmi hazırlama prosesi. – İnsanın güvənini idarə edir.- Əks halda quru səhrada gəmi hazırlamazdı.
3.Hz İbrahimin (ə) başına gələn hadisələr – Başına gələn İmtahanı idarə et.
4. Hz Yusif (ə) əhvalatı – Çıxılmaz vəziyyətə düşəndə özünü idarə etməyi bacar.
5. Hz Davud və Süleyman (ə) –ın həyatı – İqtidarı idarə et. Qüdrətli olduqda, bu gücü və qüdrəti idarə etməyi öyrən.
6.Hz Əyyubun (ə) həyatı – Acını, başına gələn bəlanı və xəstəliyini idarə et.

Bütün müsəlmanların gözlədiyi sonuncu xilaskar Hz Mehdi (ə) – ın ləqəblərindən biri də Allahın Əl-Qəyyum ismi ilə əlaqəsi olan Əl-Qaimdir. Necə ki Allah Qəyyumdur – İdarə etmə gücünə sahibdir. Eləcə də o xilaskar da o ismin təcəllisi olaraq yer üzündə misilsiz bir idarə etmə sistemi quracaq. Dünyanı ədalətlə dolduracaq, və məzlumları Allahın Əl-Qəyyum isminin təcəllisi ilə ayağa qaldıracaq.
Deməli Allah Qəyyumdur  (işləri idarə edən, ayaqda saxlayan və yön verən), İslam dini qəyyimdir (əbədi var olan), Quran qəyyumdur (İnsana idarə etməyi öyrədən sistem), Peyğəmbər (s) bu  Qəyyum isiminin müxatəbi və ona ən yaxın şəxsdir. (İdarə etmə üzrə təcrübəli və ən ali müəllim) Allahın bütün əmr (namaz, oruc  vəs ) və yasaqları (qeybət, yalan və s) insanın bədən üzvlərini idarə etməsi üçün qoyulan bir qanundur. Hətta insanlara nümunə olaraq göndərilən peyğəmbərlərin (ə) hər biri və onların qissələri də bizə bu idarə etmədə yön verən, bir həyat təcrübəsidir. (Hz Əyyub, Hz Nuh və s)
Və nəhayət Allahın son höccəti də o mübarək ismin təcəllisi ilə Əl-Qaim olaraq bütün insanlığı həqiqi məqamına yüksəldəcək. 


İlahiyyatçı yazar / Mahir Şəkərov.






Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir