Yalanla bağlı çox şey (Ayə, hədis, tibb, psixologiya).
Yalan mövzusunda sizə ən lazımlı,
vacib olan məlumatları xülasə şəkildə təqdim edirik.
Yalan dil günahlarından biri olub, olduqca çirkin bir iş və adətdir. Yalan insan şəxsiyyəti ilə uzlaşmayan və
getdikcə onu etibardan salan bir əməldir. Yalançılıq uca yaradanla düşmənçilik
və həyat nizamını pozan amil də hesab oluna bilər. Çünki, Allah dünyanı
doğruluq əsasında yaratmışdır. (Ənam 83)
Dünya həqiqətlər toplusudur desək yanılmarıq. Odur ki, hədis və ayələr
dünya və təbiət aləminə baxaraq ibrət götürməyimizi bizə tövsiyə edir. (Fussilət
53)
Qiyamət günü də dadımıza yalnız düzgünlüyümüz çatacaq. (Maidə 119)
İnsan o qədər ali məxluqdur ki, Allah nəinki yalanı, hətta şübhəli
şeyləri belə ona danışmağı rəva görmür: “(Ey insan!) Bilmədiyin bir şeyin
ardınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sorğu sual
olunacaqdır.” (İsra 36)
Biz bəzən yalan mövzusuna çox sadə yanaşırıq və xəbərimiz belə olmadan
çirkin bir günah olan yalan həyatımızın bir parçasına çevrilir. Əsma binti
Umeys belə nəql edir: “ Aişənin zifaf gecəsi mən bir dəstə xanımla peyğəmbərin
(s) hüzuruna gəldik. Allah Rəsulu (s) Aişəyə bir qab süd uzatdı. Aişə
utandığına görə qabı almaq istəmirdi. Mən ona dedim: “Rəsulullahın (s) əlini
geri qaytarma, qabı al.” Çox utancaqlıqla qabı alıb bir az içdi. Sonra peyğəmbər
(s) mənə buyurdu: “Südü səninlə gələn xanımlara da ver içsinlər.” Qadınlar
utandıqlarından, istədikləri halda istəmirik dedilər. Allah Rəsulu (s)
buyurdu: “Aclıqla yalanı bir yerə
yığmayın. (istədiyiniz halda niyə yalan danışırsınız?)”
Əsma deyir, mən peyğəmbərdən (s) soruşdum: “Ey Allahın Rəsulu (s)!
Bir şeyi istəyərkən istəmədiyimizi bildirsək yalan demiş oluruq?”
Buyurdu: “Yalan kiçik olsa belə əməl dəftərinə yazılır.”
Bunu bilməliyik ki, hətta dilin yalana adət etməsi belə ən böyük
günah hesab olunur. Hədis və rəvayətlərə baxdıqda “mömində xəyanət və yalan olmaz”
ifadələrinə çox rast gəlirik. Şəriətə əsasən hər yalan danışana “yalançı” demək
olmaz. Yalançı o şəxsdir ki, o yalanı adət halına sala. Yalan danışmaq onun həyat
tərzinə çevrilə. Hədislərə əsasən yalanın kökündə alçaqlıq və şəxsiyyətsizlik
durur. Allah Rəsulu (s) buyurur: “Yalanın əsas səbəbi alçaqlıq və şəxsiyyətsizlikdən
başqa bir şey deyildir.”
Hədisdə keçən bu səbəbi, əxlaq psixologiyasında “yalanın psixoloji səbəbi” başlığı altında izah olunmuşdur.
Hədisdə keçən bu səbəbi, əxlaq psixologiyasında “yalanın psixoloji səbəbi” başlığı altında izah olunmuşdur.
Qurani-Kərim yalan mövzusunda bir neçə yerdə söz açmış və yalanın acı
aqibətini bizə çatdırmışdır. Həmin ayələrdən ələ gələn nəticəni xülasə şəkildə
qeyd edək;
1. Yalanı Allaha imanı olmayan uydurar. (Nəhl 105)
2. Yalançının imanı yoxdur. (Həcc 30)
3. Yalan mənəvi pozğunçuluqdur. (Bəqərə 197)
4. Yalan insanı Allahın hidayətindən uzaq edir. (Zumər 3)
5. Yalan Allahın təyin etdiyi həddi aşmaqdır. (Mumin 28)
6. Yalançı Allahın rəhmətindən uzaqdır. (Nur 7)
Biz yalanla bağlı hədisləri nəzərdən keçirtsək görərik ki;
1. Yalan Allaha şərik qoşmaqla eyni sırada gəlir.
2. Yalan günahların açardır.
3. Yalan imanın məhv olmasına səbəbdir.
4. Yalan üzüqaralıqdır.
5. Yalan və iman bir qəlbdə qərar tutmaz.
6. Yalançı Allah dərgahından
qovulmağa məhkumdur.
7. Yalançı mələklərin lənətinə
layiqdir.
8. Yalan münafiqlik əlamətidir.
9. Yalan sələmlərin ən
pisidir.
10. Yalan ən pis xəstəlikdir.
11. Yalan insanı gecə namazında məhrum edər.
12. Yalan ruzini azaldar.
13. Yalan huşsuzluq yaradar.
14. Yalan Cəhənnəm əhlinin işidir.
Bu qeyd olunanlar hədislərdən ələ gələn nəticələrdir ki, əziz
oxucuları yormamaq üçün bu üsulla qeyd edildi.
Yalanın izn verildiyi hallar.
1. Zəruri hal və çarəsizlik zamanı – İnsan çarəsiz hallarda, məcburiyyət
üzündən yalan danışması günah sayılmaz. (Nəhl 106)
2. İnsanlar arasında sülh yaratmaq – Bəzən bu məsələ də bir zərurət
olur. Aralarında ədavət və düşmənçilik olan iki dəstənin arasında yaxud iki
küsülünün barışdırmaq naminə deyilən yalan, şəriət baxımından günah deyildir.
3. Döyüşdə hiylə (Döyüş taktikası) – Hiylə sözünü taktika olaraq da
anlaya bilərik. Döyüş zamanı xüsusi taktikalardan istifadə edərək, düşməni daha
tez və rahat üsullarla ələ keçirtmək yaxud hər hansı bir vasitə ilə düşmən cəbhəsinə
psixoloji zərbə endirmək olar. Necə ki, İslamın şanlı tarixində Allah Rəsulu (s)
Uhud, Xəndək və s. döyüşlərdə xüsusi taktikalardan istifadə etmişdir.
4. Ailə daxili məsələdə - Xanıma vədə verərilən zaman – Ailədə qadın
və övladın maddi xərcləri kişiyə aid olduğundan, bu mövzuda öhdəçilik daşıyır.
Əgər ailədə xanımın istədiyi bir şey, onun üçün həyati önəm daşımırsa, və
kişinin maddi xərcləri buna imkan vermirsə həm xanımın ürəyi sınmasın deyə və həm
də istəyi rədd olundu deyə psixoloji auraya girməsin deyə hədislərimiz bu
mövzuda da qadına verilən vədin yalan olmadığını qeyd edirlər. Kişi, xanımın
istəyinin müqabilində “inşallah yaxşı olar”, “Allahın izni ilə”, və bu kimi
sözlərlə, əxlaq alimlərinin sözü ilə desək, “ümid bəxş edən sözlərlə” hazırkı vəziyyəti
ələ alsın. Bunu da bilmək vacibdir ki, hər xırda istək qarşısında bu işə əl
atmaq doğru hesab edilmir. Yuxarıda dediyimiz kimi bu qeyd olunan hallar,
olduqca zəruri hallar üçündür.
Zarafat etmək məqsədi ilə
yalan danışmaq olarmı?
Yalanla bağlı ayə və hədisləri müşahidə etmək, sualın cavabı üçün
kifayət edər. Yalan danışmaq elə mənfi xislətdir ki, hətta fərz edək ki, bu barədə
heç bir ayə, hədis və cəza mövcud deyil. Yenə də yalan danışnaq xoşa gəlməz bir
işdir. Çünki, yalan, insanlar arasında etibarı məhv edir, güvəni sarsıdır.
İnsanlar bir-birləri ilə danışarkən belə, sözün doğruluğu mövzusunda şəkk edirlər.
Bir cəmiyyət üçün bu təhlükəli haldır.
Yalanın insana vurduğu bir zərbə isə onun yaddaşının pozulmasıdır.
Yalan danışan şəxs bir sözü hər dəfə müxtəlif cür çatdırdığı üçün öz dediklərini
yadda saxlaya bilmir. Ya da öz dediklərini hər dəfə xatırlamaq məcburiyyətində
qalır. Bəzən isə xatırlamadıqda və digər söz dedikdə hələ dünyada ikən rüsvay
olur abır və həyası aradan gedir. Odur ki, hədislərdə buyrulur: “Hər halda
doğru danışın ki, danışdıqlarınız yadda saxlamaq kimi bir şeyə ehtiyacınız
qalmasın.”
İnsan zarafat edərkən belə həqiqətləri əks etdirməlidir. Bunun ən gözəl
nümunəsi yenə də Allah Rəsuludur. Bir dəfə bir qoca qarı peyğəmbərə (s): “Mən Cənnətə
girə bilərəmmi” deyə sual etdiyində Allah Rəsulu (s) xeyr cavabını verdi. Qadın
ağlayınca Allah Rəsulu (s) həqiqəti əks etdirən bu sözü buyurdu: “Bütün
insanlar cavan halda Cənnətə girəcəklər”
Allah Rəsulu (s) zarafatla yanaşı, bir həqiqəti də Qiyamətə qədər gələcək
insanlar üçün açıqlamış oldu.
Yalanı zarafat ilə də olsa tərk etmək dinimizin tövsiyələrindəndir.
Zarafatla deyilən yalan, iman nurunu, imanın mənəvi ləzzətini qəlbdən qoparır.
Buna hədislərdə işarə olunmuşdur. Zarafatla yalan danışmaq ona görə qadağan
olunmuşdur ki, bu insanı getdikcə, yalançı edər, insanda vərdiş halına çevrilər.
İnsan etdiyindən “ləzzət” aldıqca o dırnaqarası ləzzətlər, insanı yalana adət
etdirər. İstənilən zaman zarafat vasitəsi ilə olsa belə yalan danışmaq yol
verilməz bir haldır. Bəzi fəqihlər bu mövzuda olduqca ciddi və xüsusi fətvalar
verərək, zarafatla yalanın haramlığını təkidlə vurğulamışlar.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder