“Rəsul” və “nəbi” sözü ilə bağlı yanlış fikirlərə aydınlıq – Bütün peyğəmbərlər həm nəbidir, həm rəsul.


Əsas mövzumuza keçməzdən öncə bilməliyik ki, Allah vəhy alan və o vəhyi insanlara çatdıranlara “peyğəmbər” deyil, “nəbi” və “rəsul” olaraq xitab edir. Peyğəmbər sözü fars dilində “pəyam” və “avər” sözlərinin birləşməsindən əmələ gəlmiş, “xəbər gətirən” mənasına gəlməkdədir. “Peyğəmbər” sözü “nəbi” sözünü qismən əhatə etsə də, “rəsul” sözünü tamamilə əhatə etmir və onu izah etməyə qadir deyil. Peyğəmbər sözü ümumi mənada istifadə oluna bilər, lakin konkret elmi əsərlər və araşdırmalarda bu iki məfhum aydın şəkildə yazılmalı və sözün konkret olaraq “nəbi” yaxud “rəsul”dan getdiyi dəqiq şəkildə müəyyənləşməlidir. Əks halda, biz istəməsək də, peyğəmbər sözü “nəbi” və “rəsul” sözlərinin təhrifinə yol açır və bu iki məfhumun əsl həqiqi mənasını və daşıdığı missiyasını aradan aparır. Maraqlıdır ki, Quran tərcümələrində belə “nəbi” və “rəsul” sözü əksər ayələrdə peyğəmbər olaraq məna edilib. Biz bu cür tərcümələri yanlış hesab edirik. Çünki, nəbi və rəsul sözləri gələn hər ayənin özünəməxsus mənası vardır. Rəsul və nəbiyə olan xitablar çox fərqli mənaları ehtiva edir. Allah Rəsulunun (s) məsumluğunun isbatında ən mühüm dəlillərdən biri də məhz elə budur. Necə ki, Təhrim 1-2, Ənfal 67-68 də və bu kimi ayələrdə Allah Rəsuluna (s) tutulan iradları və ona nisbət verilən günahları rədd edərkən gətirilən dəlillərdən biri də peyğəmbərə (s) məhz “nəbi” olaraq xitab edilməsidir. Peyğəmbərin (s) məsumluğunu isbat edərkən “nəbi” kəlməsindən yapışaraq dəlil gətirən bizlər, niyə özgə vaxt bu fərqliliyi gözardı edib, nəbi və rəsula peyğəmbər deyirik?
Bu mövzuya dair iki ayə qeyd edək;
“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi nəbilərin sonuncusudur. Allah hər şeyi bilir.” (“Əhzab” 40)
“Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçinəbi idi.” (“Məryəm” 51)
Əgər bu iki kəlmə eyni mənaya gəlmiş olsaydı o zaman ayədə hər ikisini qeyd etməyin bir mənası olmazdı. Aydındır ki, Quranda həm nəbi, həm də rəsul kəlməsi fərqli mənalarda işlədilib. Belə ayələrə çox rast gəlmək olar. Quranla sabitdir ki, hər bir nəbi eyni zamanda rəsuldur. Rəsulluq elə bir vəzifəsdir ki, vəhy alan nəbi onu təbliğ etməyə məcburdur. Əks halda vəhy almağının bir mənası yoxdur. Rəsulluqla görəvləndirilməyən, lakin vəhy alanların olduğunu da Quranla öyrənirik: Musanın anasının, Məryəmin vəhy alması buna misaldır. Lakin belə vəhy alanlar nəbi olmadıqları üçün eyni zamanda rəsulluq da etməmişlər. Onların aldığı vəhylər sadəcə onlara aiddir və başqalarına təbliğ etmək kimi bir missiyaları yoxdur.
Nəbilik bir məqamdır. Allah birini nəbi olaraq seçər və ona vəhy verdikdən sonra bu vəhyi çatdırması üçün onu elçi təyin edər. Buna görə bütün “peyğəmbərlər” həm nəbidir, həm də elçidirlər.
Bilirik ki, elçi də başqasının mesajını çatdıran biridir. Yəni elçinin öz sözü yoxdur. Biri elçilik edirsə, o başqasına aid olan mesajı çatdırmaqla vəzifələndirilib.
Nəbilik hər peyğəmbərə verilib və bu missiyanı da ölənə qədər davam etdirəcəkdir ki, bu məqam da verildiyi andan ölənə qədər davam etdirilən bir rütbədir. Lakin nəbi, yalnız ona veriləni (kitabı, səhifəni, yaxud yazılı hökmlər) təbliğ etdiyi zaman rəsul olur. Başqa sözlə vəhyi nəbi olaraq alır, rəsul olaraq isə təbliğ edir. Quranın bəzi ayələrindən (“Bəqərə” 213, “Furqan” 31) öyrənirik ki, bəzən nəbi, elə nəbi olaraq da vəhyi (kitabı, ilahi əmr və qadağanları) insanlara çatdırıb. Bir sözlə, nəbi rəsul olmadan da ilahi vəhyi çatıdıra bilər və bu təbiidir də. Bu ümumi məlumatlardan sonra mövzunu bir qədər də aydınlaşdıraq.

“Rəsul” sözü ilə bağlı izahlar.

“Rəsul” sözü lüğətdə Allahın sözünü insanlara çatdıran bir elçi, nümayəndə deməkdir. Ürfdə də elçi, birinin sözünü digərinə çatdırandır. Elə buna görədir ki, deyilir: “Elçiyə zaval olmaz.”
“Rəsul”un vəzifəsi: Qurana görə rəsulun vəzifəsi yalnız ilahi əmrləri çatdırmaqdır.
مَّا عَلَى الرَّسُولِ إِلاَّ الْبَلاَغُ
Rəsulun üzərinə düşən vəzifə yalnız xəbər çatdırmaqdır.” (“Maidə” 99)

Qurani-Kərimdə ilahi əmrin çatdırılmasında adətən “rəsul” kəlməsi istifadə olunmuşdur. Məsələn:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ
“Ey rəsul! Rəbbin tərəfindən sənə nazil ediləni tam çatdır.” (“Maidə” 67)

Maraqlıdır ki, bu ilahi əmri çatdırıb icra etmədikdə, onun rəsulluğu da sual altına gedir. Necə ki, yuxarıdakı ayənin davamında belə oxuyuruq:
وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ
Əgər (bunu) etməsən, Onun (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik vəzifəsini) yerinə yetirməmiş sayılarsan.” (“Maidə” 67)
Məlum olur ki, risalətin-elçiliyin əsl missiyası, ona deyiləni çatdırmaqdır. Elə buna görədir ki, rəsula itaət birbaşa Allaha itaət sayılır. Çünki, rəsul öz sözünü deyil, Allahın sözünü çatdırır və məhz buna görə də ona itaət, elə Allaha itaət sayılır.

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ
Rəsula itaət edən şəxs Allaha itaət etmişdir.” (“Nisa” 80)
الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ
“Onlar Allahın elçisinə, ümmi (təhsil almamış) nəbiyə tabedirlər.” (“Əraf” 157)

Bu ayədə məqsəd, İslam peyğəmbəri (s) olduğundan həm rəsul həm də nəbi ifadəsi gəlmişdir.
Bəzi peyğəmbərlərə Quranda həm nəbi və həm də rəsul olaraq xitab edilib.
وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا
“Bu kitabda İsmaili də xatırla. O, öz vədinə sadiq elçinəbi idi.” (“Məryəm” 54)

Quranda rəsul və nəbinin birgə istifadə olunduğu bu cür ayələr çoxdur. Məlumdur ki, rəsul və nəbi bu ayələrdə iki ayrı-ayrı şəxs yox, bir şəxsdir. Başqa sözlə, bu cür ayələrdə nəbilik və rəsulluq bir şəxsin vəsfidir.
Qurana görə rəsul kəlməsini şəxs mənasında deyil, vəzifə və məsuliyyət kimi də anlaya bilərik. Nümunə üçün baxaq;
وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ
“Onlara Allah qatından, əllərindəkini təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman da (qəbul etmədilər)...” (“Bəqərə” 89)
وَلَمَّا جَاءهُمْ رَسُولٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ
“Allah tərəfindən onlara, əllərindəkini (Tövratı) təsdiq edən bir rəsul gəldiyi zaman,...” (“Bəqərə” 101)

Ayələrə baxdığımızda rəsul kitab sözü bir-birini əvəz edən söz kimi ayədə istifadə olunmuşdur. Bu da, rəsul kəlməsininin şəxsin özü ilə deyil, daşıdığı əmr və hökmlərlə bağlı olmasına görədir ki, buna yuxarıda da işarə etdik.
Bəzi məsələlərdə peyğəmbərə “nəbi” deyə xitab olunması, mövzunun risalətlə bağlı olmadığındandır. (Nümunə üçün bax: “Təhrim” 1, “Ənfal” 67-68)
Allah İslam peyğəmbərini möminlər üçün nemət olduğunu bildirdikdə “rəsul” kəlməsindən istifadə etmişdir.
لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ
“Allah möminlərə lütf etmişdir. Çünki, onlara öz içlərindən bir rəsul göndərdi.” (“Ali-İmran” 164)
Rəsul kəlməsi bəzən peyğəmbər olmayan şəxslər barəsində də istifadə olunur. Nümunə üçün qeyd edək;
Elçi və səfirin rəsul adlandırılması:
وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ فَلَمَّا جَاءهُ الرَّسُولُ قَالَ
“Şah dedi: Onu mənə gətirin. (Şahın göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə, Yusif dedi:...” (“Yusif” 50)
فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ
“Görüm elçilər nə ilə qayıdacaqlar.” (“Nəml” 35)

Mələklərin və insanların rəsul-elçi adlanması:
اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ
“Allah, mələklərdən və insanlardan elçilər seçər.” (“Həcc” 75)

Bir nəbinin kitabını-risalətini təbliğ edən, nəbi olmayan şəxs: (Bax: “Yasin” 13-17)
Bunu da qeyd edək ki, burada “rəsul”da məqsəd lüğət baxımındandır. Bilməliyik ki, “rəsul” sözü istilahda Allah tərəfindən seçilib göndərilən və ilahi əmrləri çatdırandır. Biz sadəcə bunları da oxuculara təqdim etmək üçün qeyd etdik.

“Nəbi” sözü ilə bağlı izahlar.
“Nəbi” sözü “nəbə”dən olub, xəbər mənasında istifadə olunur. Peyğəmbərlərə nəbi deyilməsi onların Allah tərəfindən doğru xəbərləri əldə etməsinə görədir. Hər xəbər əldə edənə nəbi deməzlər.
Bəzi alimlər (və lüğət sahibləri) nəbi kəlməsinin نَبُوّةَ kəlməsindən olduğunu və məqamı yüksək mənasına gəldiyini qeyd edirlər. Bu məna, Quranda da zikr olunmaqdadır. Belə ki, “Məryəm” surəsində bəzi peyğəmbərlərin adı çəkilərək nəbi olmaları vurğulandıqdan sonra buyrulur: “Biz onu yüksək bir məqama ucaltdıq.” (“Məryəm” 57)
Elə nəbi də “dəyəri yüksək olan şəxs” anlamındadır. Nəbilər, vəhy və kitabla Allah qatında məqamları daha da artır.
“De: Mən də sizin kimi bir insanam. (Üstünlüyüm ondadır ki,) mənə vəhy olunur...” (“Kəhf” 110)
Uca Allah “Ənam” 83-cü ayədən etibarən bəzi peyğəmbərlərin adını (həmçinin bax: “Şura” 13) ) çəkərək buyurur:
وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
“Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.” (“Ənam” 87)
Rəvayətlərdə sayları 124 min zikr olunan hər nəbilərin hər biri “Ənam” surəsində adı keçən peyğəmbərlərin ya atalarıdır, ya qardaşları ya da onların nəsillərindəndir. Beləliklə, özünə işarə edilməmiş nəbi qalmamaqdadır. Sonra ardınca buyurur:
أُوْلَئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ
“Onlar kitab, hikmət və peyğəmbərlik verdiyimiz şəxslərdi.” (“Ənam” 89)
Şübhə: Bəziləri bu və bunun kimi digər ayələrə əsasən qeyd edirlər ki, Allah bütün nəbilərə kitab vermişdir. Lakin, bu belə deyildir. Ərəb dilində kitab sözü yazılı olan və bu istiqamətdə olan şeylərə verilən addır. Bu kimi ayələrdə peyğəmbərlərə nisbətdə kitab, şəriət hökmlərinin yazılı olduğu səhifə və lövhələrdir. Onlar o hökmlər vasitəsi ilə insanlar arasında ixtilafı aradan qaldırırlar. (Bax: “Bəqərə” 213)
Qurana görə nəbiyə vəhy olunur: – “Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən).” (“Nisa” 163)

Qurana görə nəbiyə kitab verilib:

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا
“(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) nəbi edib.” (“Məryəm” 30)

Nəbi mövzusuna yanlış olaraq dəlil gətirilən ayələrin ümumi izahı.
Biz yuxarıda qısa olaraq Ənam surəsinin 83-89 ayərinə münasibət bildirdik və qeyd etdik ki, orada nəbilərə kitab verildi ifadəsində məqsəd, səmavi kitab deyil, əksinə şəriət hökmlərinin yazılı olduğu lövhələrdir. Nəbilərə kitab verildi mövzusunda yanlış dəlildən istifadəyə ehtiyac yoxdur. Məryəm 30-cu ayə Hz. İsaya kitab verilməsini zatən konkret olaraq açıqlayır.
Bu cür yanlış dəlillərdən biri də Əhzab 38-39-cu ayədir. Bilməliyik ki, oradakı risalətin təbliği öncəki rəsullarla bağlıdır.
Bəqərə 136, Ali-İmran 84-də kitabda məqsəd yenə də səmavi kitab yox, şəriət və ilahi hökmlərdir.
Quran bir sıra məsələlərdə nəbi və rəsul ayırımı etmir.

Peyğəmbərlərin göndərilməsindən söz açan ayələrdə bəzən nəbi və bəzən rəsul ifadəsi gəlməkdədir:
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ
“İnsanlar tək bir ümmət idi. Və Allah müjdə verən və xəbərdarlıq edən nəbilər göndərdi.” (“Bəqərə” 213)

Bəqərə 213-ə əsasən Allah nəbiləri xəbərdar edən və müjdə verən qərar verib.
Nəbi ancaq vəhy alır, kitab alır, təbliğ etmir deyənlər bu ayəyə cavabları nədir?


وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً
“And olsun ki, hər ümmətə rəsul göndərdik ki,” (“Nəhl” 36)
Nəbi və rəsulun göndərilmə missiyasından söz açan ayələrdə də yenə ortaq cəhəti müşahidə edirik:
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ
“İnsanlar tək bir ümmət idi. Və Allah müjdə verən və xəbərdarlıq edən nəbilər göndərdi.” (“Bəqərə” 213)
رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ
“Müjdə verən və xəbərdarlıq edən rəsullar (göndərdi ki,)” (“Nisa” 165)

İnancla bağlı mövzularda nəbi və rəsul ayırımı edilmir:

وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ
“Ancaq yaxşı əməl o kəsin (etdiyidir ki,) Allaha, axirət gününə, mələklərə kitaba və nəbilərə inanar. (“Bəqərə” 177)
كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ
“(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və rəsullarına iman gətirmişlər.” (“Bəqərə” 285)

Kitab verilmə mövzusu:

كَانَ النَّاسُ اُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّٰهُ النَّبِيّ۪نَ مُبَشِّر۪ينَ وَمُنْذِر۪ينَ وَاَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ
“İnsanlar tək bir ümmət idi. Və Allah müjdə verən və xəbərdarlıq edən nəbilər göndərdi. Və onlara haqq olaraq kitabı nazil etdik ki...” (“Bəqərə” 213)

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ
Rəsullarımızı açıq-aşkar dəlillərlə göndərdik. Onlarla birlikdə kitab və (haqqı batildən ayıran, ədalətli qanunları təyin edən) tərəzini də nazil etdik.” (“Hədid” 25)

Peyğəmbərlərin bir-birindən üstünlüyü mövzusu:
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ
Rəsulların bəzisini, bəzilərindən üstün etdik.” (“Bəqərə” 253)
وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ
“And olsun ki, Biz nəbilərin bəzisini, bəzilərindən üstün etdik.” (“İsra” 55)

“Hər rəsul nəbidir, hər nəbi isə rəsul deyildir” ifadəsinin yanlışlığı.

Uca Allah, yer üzünə bir peyğəmbər göndəribsə o mütləq şəkildə nəbidir. Bunda heç bir ixtilaf yoxdur. Lakin, nəbilərin rəsul olub-olmaması bəzən müzakirə predmetinə çevrilir. Halbuki, mövzu diqqətlə təhlil olunduqda məsələ həllini tapır. Nəbi və rəsul mövzusunda yanlış olaraq istifadə olunan “Hər rəsul nəbidir, hər nəbi isə rəsul deyildir” ifadəsi də bir qədər bu mövzunun doğru anlaşılmasının önünü kəsir. Düşünülmədən deyilən bu ifadə hətta əqaid kitablarına da sirayət etmişdir. Daha qorxulusu isə bu yanlış ifadə, din təbliğçilərinin dilində yersiz şüara çevrilmişdir. Belələrinə bir neçə sual vermək yerinə düşərdi.

1. Nəbi olan şəxs ancaq vəhy alır?
2. Nəbiyə kitab verilmirsə Məryəm 30-da Hz. İsanın dilindən özünü uşaq ikən nəbi adlandıraraq, özünə kitab verilməsini necə anlayaq?
قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا
“(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) nəbi edib.” (“Məryəm” 30)
3. Bir nəbi aldığı vəhyi, heç kimə çatdırmırsa yaxud çatdırmayacaqdısa ona niyə nəbilik məqamı verilir?
4. Nəbi ilə rəsulun fərqini ayıranlar yuxarıda qeyd etdiyimiz ayələrə (nəbi ilə rəsulun ortaq cəhətlərinə) sözləri nədir? Allahın fərq qoyub ayırmadığında sizmi fərq qoymağa çalışırsınız?
5. Bəzi nəbilərə səhifələr (kitab və şəriət hökmlərinin yazılı olduğu lövhələr) verilib. O səhifələrin (kitabların) verilmə məqsədi nə idi? O səhifələri (ordakı hökmləri) insanlara çatdırmayacaqdılarsa niyə onlara verildi? Yəni, siz iddia edirsiniz ki, nəbilər onlara endirilən səhifələri büküb bir kənara qoyublar və təbliğ etməyiblər?
6. Fərz edək ki, bir nəfər, nəbidən sual soruşur o nəbi nə deyər? Deyəcək ki, mən nəbiyəm gedin rəsul sizə cavab versin? Əgər bir nəbi bir ilahi hökmü bir dəfə belə olsa kiməsə çatdırıbsa o artıq rəsul olur. Olmur? Olmursa bəs niyə iddia olunur ki, rəsul çatdırandır. Deməli, sizin nəzərinizdə ilahi hökmü çatdıran rəsuldur. Elə isə nəbi də bu işi görsə olur rəsul. Niyə eyni işi iki şəxs gördükdə birinə rəsul, digərinə nəbi deyirsiz? Bundan əlavə, “Bəqərə” 213, “Furqan” 31-ə əsasən “nəbi” rəsul olmadan da bu işi görə bilər. Bəs bu ayələrə nə deyirsiz?
7. Bəziləri deyir ki, nəbi “xəbər verən” deməkdir. Halbuki, “xəbər verən” zatən rəsul olur. “Nəbi”,  yerinə görə“xəbərdar olan”, “agah olan” kimi tərcümə edilsə daha uyğundur.
8. Fərz edək ki, nəbi “xəbər verən” deməkdir. Yaxşı, bəs “rəsul” nədir? Çatdıran? Onda növbəti sual yaranır. Xəbər vermək və çatdırmaq fərqli-fərqli sözlərdir? Onda belə bir mənzərə yaranır:
Nəbi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur.”
Rəsul: “Allahdan başqa ibadətə layiq məbud yoxdur.”
Diqqət edin, fərz edin ki, nəbi və rəsul eyni cümləni deyib. Qarşı tərəfin nəbi və rəsula verdiyi tərifi əsas götürsək, onda nəbi eyni cümlə ilə xəbər verib və rəsul da eyni cümlə ilə çatdırıb? Yaxşı fərq nə oldu ki?
9. Nəbilik və rəsulluq şəxs deyil, məqamdır. Bir nəbi, risaləti təbliğ etdiyi zaman olur rəsul, eləmi? Deməli nəbi rəsul ola bilər və zatən rəsuldurda. Rəsul da zatən nəbidir. Elə isə problem nədir?
10. Əqaid kitabları yazır ki, rəsul odur ki Allah tərəfindən göndərilib. Sual verirəm - Bəs nəbini insanlara kim göndərib?


“Nəbi və rəsul” mövzusu alimlərin dili ilə.
Bu mövzuda Qurandan kifayət qədər dəlillər mövcuddur. Lakin, mövzunu qəbul etməyib, dəlil kimi bəzi alimlərin adlarını qeyd edənlərə biz də nümunə üçün iki alimin fikrini yazırıq;
Əllamə Təbatəbai:  “Nəbi və rəsul, ilahi hökmləri insanlara çatdırarkən bərabərdirlər. Lakin, rəsul o peyğəmbərdir ki, bir məsuliyyət və vəzifəsi vardır. O vəzifəsinə əməl edib təbliğ etdikdə camaatın bəhanəsi kəsilir. İkinci bir tərəfdən, əgər onlara qarşı çıxsalar ilahi əzaba tuş gələcəklər.”

Əllamə Təbərsi: Məcməul-Bəyan təfsirinin müəllifi, Əllamə Təbərsi “Həcc” surəsinin 52-ci ayəsinin təfsirində yazır: “Nə üçün burada nəbi və rəsul kəlmələri ayı-ayrılıqda istifadə olunub. Rəsul məfhumu yəni, o kəs ki, Allah onu göndərib. Bəs nə üçün nəbi kəlməsi işlənib? Çünki, nəbi o kəsə deyilir ki, rəsul olduğu üçün dərəcə və üstün məqamı vardır. Nəbi bu məqamı mürsəl – rəsul olduğu üçün qazanıb. Necə ki, ayədə bu tərtiblə gəlib.
وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ
“Biz səndən öncə elə bir rəsul və elə bir nəbi göndərmədik ki...”
Qurana görə nəbi o kəsdir ki, uca məqamı vardır. Niyə uca məqamı vardır? Çünki, rəsuldur. Bütün peyğəmbərlər həm nəbidir, həm rəsul. Bu yönlə ki, onların hər biri Allah tərəfindən insanlara göndərilmişdir. Nəbi və rəsul bir-birindən ayrı iki şəxsiyyət deyil. Quran (Ənam 83-86) nəbi və rəsulların adlarını çəkdikdən sonra buyurur: “Biz onların hamısını aləmlərdə üstün tutduq.” (Ənam 86)
Quranda Allah İslam peyğəmbərinə (s) həm nəbi və həm də rəsul deyir. Bunun mənası onun iki şəxs olması demək deyil.” (Əllamə Təbərsi - Məcməul-Bəyan c. 7-8, səh. 91. Həcc 52-ci ayənin təfsir və izahı)

Bütün peyğəmbərlərin həm nəbi və həm rəsul olmasına dair iki ayənin zikri.

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِينَ
“Beləliklə, hər peyğəmbər üçün günahkarlardan bir düşmən qərar verdik.” (“Furqan” 31)
Məlumdur ki, bu düşmənlər onların təbliğinin müqabilində peyda olur. Əgər bir peyğəmbər təbliğ etməsə, ilahi əmr və qadağanları çatdırmasa onun heç bir müxalifi də olmaz. Ən gözəl nümunəsi də Allah Rəsulunun (s) dəvətinin əvvəllərində, Məkkə müşrikləri ona bir sıra təkliflər etmiş və bu təkilfləri qəbul edəcəkləri təqdirdə onunla heç bir işləri olmayacaqlarını bəyan etmişdilər.
Bu ayə bizə çatdırır ki, bütün nəbilər həm də ilahi əmrlərin təbliğçisi olublar.

كَانَ النَّاسُ اُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّٰهُ النَّبِيّ۪نَ مُبَشِّر۪ينَ وَمُنْذِر۪ينَ وَاَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ
“İnsanlar tək bir ümmət idi. Və Allah müjdə verən və xəbərdarlıq edən nəbilər göndərdi. Və onlara haqq olaraq kitabı nazil etdik ki...” (“Bəqərə” 213)

Quranın bu ayəsi ilə məlum olur ki, müjdə verib qorxutmaq təkcə rəsullara xas deyil, nəbilər də bu işi görə bilər. Deməli, nəbi həm də rəsuldur. Nəbidə ilahi əmr və qadağanlarının təbliğçisidir. Buradan başqa bir məqam da var. Nəbiyə müjdə verən və xəbərdarlıq edən sifəti ona bu işi gördükdən sonra verilir. Bir daha məlum olur ki, nəbi rəsulluq etdikdən sonra Allah onu yenə də nəbi sifəti ilə yad edir. Bu yerdə bəzi alimlərin dediyi “Nəbi rəsuldan da üstündür” ifadəsi üzərində düşünməyə dəyər.

Nəbi və rəsul arasında qoyulan iki yanlış fərq.
1. “Rəsul odur ki yeni şəriəti olsun?”
Deyirlər ki, rəsul odur ki, yeni şəriət gətirsin. Yaxşı, fərz edək ki doğru deyirsiz. Onda ziddiyyətli məqam yaranır. Çünki, onlar həm də iddia edirlər ki, beş şəriət var ki, onları da ulu-əzm adalandırılan peyğəmbərlərə aid edirlər. Yaxşı bəs qalan şəriətlər hanı? O məntiqlə götürsək gərək ulul-əzm peyğəmbərlərin sayı da 313 olaydı 5 yox. Fərqindəsinizmi?

2. Rəsul odur ki, vəhy mələyini aşkarda görür, onunla danışır. Lakin nəbi odur ki, yuxuda ona vəhy olur, pərdə arxasından ona məsələlər bildirilir.
Rəsul və nəbi arasında fərq kimi qeyd olunan bu məsələdə yanlışdır. Çünki, mühüm olan vəhyin alınmasıdır, onun aşikar yaxud yuxuda alınması məsələnin mahiyyətini dəyişə bilməz. İstər o vəhy yuxuda, istər oyaq olan zaman, istər mələkdən birbaşa alsın və s. Yalnız və yalnız nəbinin vəhyi yuxuda almasına heç bir dəlil yoxdur. Rəsul, yəni risalət sahibi. İstər bu risalət yuxu vasitəsi ilə ola, istərsə də oyaq olan zaman. Bəzilərinin gətirdiyi “peyğəmbərlərə harada “yə əyyuhən-nəbi xitabı olubsa deməli bu ancaq yuxuda olan vəhyə aiddir” dəlili də əsassızdır. Çünki, nəbi xitabının mıhz bununla əlaqədar olmadığına yuxarıda aydınlıq gətirdik.
Bütün bunlardan əlavə əgər yalnız nəbilər yuxuda vəhy alırsa yaxud ilahi bir əmrə istiqamətləndirilirsə bəs Allah Rəsulunun (s) yuxuda aldığı ilahi vəhyə sözünüz nədir? Düzdür bu iki dəfə və az halda baş verib. Lakin, məsələ bundadır ki, o yuxuları gördükdə artıq o rəsul idi nəbi yox. Deməli, bu baxımdan da bu fərq batil olur.

QEYD: Rəsul və nəbi mövzusunda olan rəvayətlərə müraciət etdikdə, rəvayətin mətnlərində Quranla uyğunsuzluq müşahidə etdiyimizdən o rəvayətləri bir kənara qoyduq. Zatən mövzuya dair Qurandan kifayət qədər dəlillər mövcuddur. Biz bu bəhsi ümumən buradaca yekunlaşdırırıq.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir