Aşura mərasimləri bizə peyğəmbərdən irs qalıb Səfəvilərdən yox!
İmam Hüseynə (ə) ağlamaq, əza saxlamaq hər bir müsəlmanın olduqca təbii haqqıdır. Bu haqqı bizə Quran və sünnə vermişdir. Bu əməlin İslam peyğəmbərinin (s) sünnəsi olması barədə keçən mövzularımızda geniş danışdıq.
İmam Hüseyn (ə) əzadarlığını, peyğəmbər (s) sünnəsi
olmaqdan çıxarıb Səfəvilərə aid etmək istəyənlər də peyda olur ki, onların bu
istəkləri elə istək və arzu olaraq da qalacaqdır. Məgər İslam peyğəmbəri (s)
İmam Hüseyni (ə) əzizləyib oxşayanda Səfəvilər vardı? İslam peyğəmbəri (s) minbərdə
xütbə edərkən onun yıxılmasını görüb, sözünü kəsərək minbərdən aşağı düşdükdə Səfəvilər
harda idi? Bu kimi nümunələr o həzrətin həyatı boyunca dəfələrlə müşahidə
olunduğu və bir sirə (həyat tərzi) forması aldığı halda kim iddia edə bilər ki
bu əməl Səfəvilərdən qalma adətdir? Bu iddianı edənlər tarixi bir vərəqləyib
oxusunlar və nə qədər gülünc bir iddia etdiklərinin şahidi olsunlar.
Tarixi mənbələrin yazdığına görə Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə Aşura mərasimləri qeyd
olunub. (Tarixun-Nihayə səh.132 və 190, İbn Covzi, Təzkirətul-Xəvas, səh. 240)
Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri
tarixi ilə dördüncü əsrin ikinci yarısında etibarən Ali-Buyənin hakimiyyəti
zamanı (352 h.q) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir
“Kamil”də, İbn Kəsir “Əl- bidayə vən-Nihayə”də , İmam Şafei “Miratul-Cinan”da və
digər mənbələrdə bu haqda məlumat verilmişdir.
Məşhur tarixçi ibn Covzi “Əl-Muntəzəmu fi
tarixul-muluk vəl-uməm” adlı kitabında yazır: “352 hicri qəməri ilində
Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura
günü bir yerə yığışaraq, əzadarlıq etməyə icazə verdi. Bazarlar
bağlandı, alış-veriş işləri tətil edildi, qəssablar dükanlarına qıfıl vurdu,...
Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə
başlandı.”
İmam Şafei yazır: “Bu, tarixdə Aşura əzadarlığının
aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.” (Şafei, Miratul-Cinan
c 3,səh.247; Suallar və cavablar, səh. 31)
Əhli sünnə
alimlərinin Aşura mərasimlərini qeyd etməsi.
Əbdülcəlil Razi h.q tarixi ilə 560-cı ildə
“Kitabu nəqz” adlı kitabında yazır: “Hər kəsə məlumdur ki, Hənəfi və Şafei, həmçinin
onun ardıcılları və davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd
edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər
söyləmişlər.”
Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q vəfat)
İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h.q vəfat) Bağdadda, Əmir Əbbadi Qütbuddin (562 h.q vəfat)
Bağdadda, Əbu Mənsur Ümdəddin Şafei -
Nişapurda, Xacə Əşəri Hənəfi –
Nişapurda, Qazi Hənəfi və digərləri də hər il Aşura əzadarlığı üçün mərasim
keçirilən alimlərdəndir. Bu barədə bəzi kitablarda məlumar verilmişdir. O cümlədən;
Silsilətuz-zəhəb”, “Rəşahət”, “Məqamati-Cami”, “Məqtəli- Xarəzmi”, “Tarixi-Təbəri”,
“İthafus-suəda fi mənaqibi seyyiduş-şuhəda”, (Əfiuddin Hənəfi),
“Cövrul-Əşqiya”, (Qadirbəxş Hənəfi), “Məqtəl” (Mahmud ibn Osman Hənəfi), “Məqtəl”
(Əli Ənbər Hənəfi).
İslam peyğəmbərindən (s) ta bu günə kimi bu mərasimlər
daim keçirilmiş və Qiyamətə qədər də davam edəcəkdir. Çünki, bu Allah Rəsulunun
(s) bu ümmətə irs qoyduğu bir sünnədir.
Mahir Şəkərov- İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder