Səfər ayı niyə ağır ay hesab olunur?
Səfər ayı hicri-qəməri təqviminin ikinci ayıdır. El arasında Səfər ayına “ağır ay” da deyilir.
Niyə bu ay
“Səfər” adlandırılıb?
Bu ayın Səfər adlanması barədə əsasən iki versiya önə
sürülür:
Birinci səbəb kimi bu göstərilir ki, Səfər kəlməsi
ərəbcə olan صُفْرَة “Sufrəh” kəlməsindən
götürülüb ki, mənası “sarı” deməkdir. Və bu ayın adının qoyulmasının vaxtı
payız fəsli olub və ağacların yarpaqları sarı olmuşdur. Qeyd olunan bu məna çox
zəif versiyadır.
İkinci səbəb kimi isə o göstərilir ki, Səfər kəlməsi صِفْر “Sifr” kəlməsindən götürülüb ki, mənası
“boş” deməkdir. Bu ayı ona görə səfər adlandırıblar ki, bu ay Məhərrəm ayından
sonra gəlir. Cahiliyyət dövründə insanlar Məhərrəm ayında haram ay olduğu üçün
müharibə etməzdilər. Səfər ayı gələndə isə müharibəyə yollanardılar və evləri
boş qalardı. Ona görə də bu aya”boş ay” deyərdilər.
Bəzi fikirlərə görə bu ay nəhs bir ay kimi qələmə
verilir. Lakin bunun dini əsası yoxdur əksinə həmin günlərdə sədəqə vermək,
insanlara əl tutmaq bəyənilir. Allah Rəsulu (s) buyurur: “Bu (Səfər) ayda sən
qardaşınla üzləşəndə gülərüz olsan, bu sənin üçün sədəqə sayılar. Bu ayda
kimisə pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsən, bu da sədəqədir.
Azmışlara yol göstərmək, yol təmizləmək də sədəqə sayılır.”
Böyük təfsirçi və filosof Əllamə Təbatəbai yazır:
“Əqli cəhətdən filan günün, filan vaxtın nəhs və ya səadətli olduğunu sübut
edən dəlil yoxdur. Qurana baxdıqda görürük ki, gün öz-özlüyündə nəhs deyil,
hadisələr və biz insanların əməlləri bu mövzünun əsl amilidir.”
Şəhid Mütəhhəri də bu mövzunu tənqid edərək deyir:
“Təəssüflər olsun ki, bəzi böyük alimlərimiz günlərə aid bəzi yazılar
yazmışlar. Bu yazıları nəzərdən keçirib gördük ki, onlar da öz fikirlərincə,
camaatı münəccimlərdən döndəriblər; quyudan çıxardıb çalaya salıblar, bəzi
sənədsiz sözlər nəql ediblər . Amma bizim bu barədə çox mötəbər olan
məlumatlarımızda: “Belə sözlərin arxasınca heç vaxt getməyin” yazılıb.
(“Xurafat,” - Seyyid İsmayıl, Şakir Ərdəkani, səh. 65-68)
Səfər ayı niyə ağır ay hesab olunur?
1-ci izah: Əvvəla
bunu qeyd edək ki, Allah Rəsulu (s) Səfər ayında haqqa qovuşmuşdur. Səfər
ayının ağırlığı deyildikdə nəzərdə tutulan mənəvi ağırlıqdır. Məlumdur ki, ayın
ağırı və yüngülü olmaz. Biz özümüz də bu mənadan istifadə edirik. Məsələn,
filankəs ağır adamdır, filankəs yüngül adamdır. Əlbəttə nəzərdə tutulan ağırlıq
və yüngüllükdə məqsəd şəxsin mənəvi aləmi (əxlaqı, rəftarı) ilə əlaqədardır.
Qiyamət günü ilə əlaqədar hədislərə müraciət etdikdə əməllərin çəkiləcəyi
tərəzidən söz açıldığının şahidi oluruq. Tərəzisi yüngül - yəni savabı az
olanın Cəhənnəmə, tərəzisi ağır gələnin – yəni savabı çox olanın Cənnətə
gedəcəyi qeyd olunur. Görəsən həqiqətən, həqiqəti nur olan əməllərimizi –
namazı, orucu və sairə maddi tərəzi ilə çəkilə bilərmi? Bu ayrı bir mövzunun
müzakirəsidir. Ancaq bu qədərini bilək ki, tərəzisi yüngül olanlar elə dünyada
ikən ilahi əmr və qadağanlara yüngül yanaşanlardır. Daha açıq ifadə ilə qeyd
etmək istəsək belə deyə bilərik: “Həmin adamın özü yüngül adamdır.” Diqqət
edin, söhbət yenə mənəvi yüngüllükdən gedir. Qiyamətdə tərəzisi ən ağır şəxs
kim olacaq? Yəni, ilahi əmrlərə kim daha çox diqqət edib, daha çox riyaət edib?
Cavab bəllidir. Ən şərəfli varlıq Muhəmmədul-Mustafa (s). Deməli ən ağır insan
da onun özüdür.
2-ci izah: Allah
Rəsulu buyurur: “Mən və Əli bu ümmətin atasıyıq.” (Mənbələr: Şeyx İbrahim bin
Qunduzi Hənəfi, “Yənaibul-Məvəddət zəvil qurba” c. 4, səh. 369.
“Biharul-ənvar”, c. 16, səh. 95, hədis 29; “Uyunur-Əxbarur-Rza (ə),” c. 2, səh
86; “İləluş-şəraye” c. 1, səh. 128)
Hədisə əsasən, Allah Rəsulu (s) bu ümmətin mənəvi
atası hesab olunur.
Bir insana baş
verən ən ağır itki valideyn itkisidir. Valideynin ölümü hər insana ağır gəlir.
“Filankəsə ağır itki üz verdi” deyiləndə məqsəd yenə ona üz vermiş mənəvi
itkidir.
Qurana əsasən
peyğəmbər (s) bizə, bizim özümüzdən daha çox ixtiyar sahibidir. (Bax: “Əhzab”
surəsi, 6)
İnsanın öz
valideyni dünyasını dəyişəndə insan necə kədərlənirsə və bu ayrılıq ona necə
ağır gəlirsə, peyğəmbərin (s) vəfatı və ayrılığı da bu qəbildəndir. Bu ümmət ən
yaxşı atanı Allah Rəsulunu (s) məhz Səfər ayında əldən verib. Yuxarıda qeyd
etdiyimiz izahda deyildiyi kimi ən ağır şəxs cismən bu ayda bizdən ayrılıb.
Ümməti üçün sözün əsl mənasında atalıq edən bu uca şəxsiyyəti əldən vermək hər
bi müsəlmana çox ağırdır.
“Sizin özünüzdən
sizə bir peyğəmbər göndərdik ki, əziyyətə düşməyiniz ona çox ağır gəlir. Sizə
çox (hidayət olmağınız üçün) hərisdir möminlərlə şəfqətli və mehribandır.”
(“Tövbə” surəsi, 128)
Deməli, məlum
oldu ki, Səfər ayının ağırlığı deyildikdə bu ayda ümmətə üz vermiş ən böyük
müsibətə görədir. Peyğəmbərini (s) əldən verən bir ümmət ona üzülüb
kədərlənirsə və bu günlərdə öz şadlıq məclislərindən imtina edirsə bu onların
ən təbii haqqıdır.
Məkkə camaatının
Peyğəmbərin (s) vəfatından sonra əzadarlıq etməsi.
Səid ibn
Müsəyyibin dediyinə görə, Peyğəmbər (s) vəfat edən zaman Məkkə şəhəri camaatın
ağlamaq və ah-nalə səslərindən lərzəyə gəlirdi.
“Peyğəmbərin (s)
vəfatı zamanı Məkkə şəhəri bütünlüklə ah-nalə səsinə bürünmüşdü.” (Muhəmməd
əl-Fakihi əl-Məkki, Əxbaru Məkkə, c.3, səh.80)
Peyğəmbərin (s)
əzasında Aişənin və digər Mədinə qadınlarının əzadarlıq etmələri.
Aişə deyir:
“(Peyğəmbərin (s) vəfatından sonra) ayağa qalxdım, gedib qadınlarla birlikdə
sinəmə və üzümə vurmağa başladım.” (İbn Hişam, əs-Sirə ən-Nəbəviyyə, c.4,
səh.305)
Səfər ayında bir
çox mühüm hadisələr olmuşdur ki bəzilərinə işarə edirik:
Səfər ayının
1-i: Siffeyn döyüşünün başlaması.
Səfər ayının
1-i: İmam Hüseynin (ə) Əhli-beytinin(ə) əsir kimi Şama daxil olması.
Səfər ayının
8-i: Peyğəmbərimizin(s) məşhur səhabəsi Səlman Farsının vəfatı.
Səfər ayının
9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.
Səfər ayının
17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.
Səfər ayının
20-si: İmam Hüseynin(ə) şəhadətinin “Ərbəin”(40 mərasimi) günü.
Səfər ayının
28-i: Peyğəmbəri-Əkrəmin (s) vəfatı, İmam Həsənin (ə) şəhadəti.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder