Ölümdən sonrakı hökmlər, hikmət və fəlsəfəsi




1. Vəfat xəbərinin qonşulara bildirilməsi: Ölən insanın yuyulması, kəfənlənməsi, qəbrinin qazılması və bu kimi işlərin yerinə yetirilməsi üçün qohum-əqrəbaya, dostlara mərhumun (yaxud mərhumənin) ölüm xəbəri verilmələri təkid edilmiş sünnətdir. Hədisdə gəlmişdir ki: “Ölünün cənazə mərasimində iştirak etmələri, ona cənazə namazı qılmaları, onun üçün Allahdan bağışlanma diləmələri məqsədilə ölən kimsənin yaxınları, ölüm xəbərini onun yaxın dost – tanışlarına xəbər verməlidirlər. Beləliklə də onlar üçün savab yazıldığı kimi mərhum üçün də məğfirət yazılar.” (“Furu-ul Kafi”, c. 3, səh. 166)
Peyğəmbər (s) zamanında peyğəmbərin (s) məscidinin təmizliyini edən səhabə (yaxud bir qadın) gecə vəfat etdi və eyni gecədə dəfn edildi. Səhəri gün hadisəni eşidən Allah Rəsulu (s) “Onun ölümünü niyə mənə xəbər vermədiniz?” – deyə buyurdu. Səhabələr dedi: “Biz ona o qədər də önəm vermədik. Peyğəmbər (s) buyurdu: “Onun qəbrini mənə göstərin.” Peyğəmbər (s) onun qəbrinə gələrək onun qəbrinə cənazə namazı qıldı.” (“Səhih Buxari”, Cənaiz, 67; Salat, 72-74; “Müslim” Cənaiz 71; “Büyük Şafii ilmihali” Halil Günenç səh. 202)
Bu hədis ölüm xəbərinin digərlərinə çatdırmaq mövzusunda həssaslığı bəyan edir.
2. Ölüyə qüsl verilməsinin və kəfənləməsinin gecikdirilməməsi: Ölən şəxs əgər gündüz vəfat edibsə, onu gecikdirmədən yuyulub kəfənləmək lazımdır. Allah Rəsulu (s) buyurmuşdur: “Ey insanlar! Sizdən hər hansı bir şəxs gündüz vəfat edən yaxının cənazəsinin kəfənlənməsinin gecəyə, gecə ölənin də kəfənlənməsi işini səhərə saxlamasın. Ölülərinizin kəfənlənməsi üçün günəşin doğmasını və ya batmasını gözləməyin. Onları istirahət yerlərinə çatdırmaqda tələsin.” (“Furu-ul Kafi”, c. 3, səh. 137; “Mən lə yəhzərul-Fəqih” c. 1, səh. 85)
Həzrət peyğəmbərdən gələn bir rəvayətdə buyrulur: “Günün birinci yarısında vəfat edən kimsənin kəfənlənməsi işini günortaya qədər tamamlayın.” (“Furu-ul Kafi”, c. 3, səh. 138)
Yenə bir rəvayətdə “birisi öldükdə dərhal onun kəfənlənməsi işinə başla və bu işi tez yerinə yetir” deyə buyrulmaqdadır. (“Əl-Vəsail” c.2, səh. 676)
Həzrət Əli (ə) buyurmuşdur: “Kəfənlənmə işini tez yerinə yetirin ki, səhər tezdən vəfat edəniniz günortasını, axşama doğru öləniniz də gecəsini məzarda keçirsin.” (“Biharul-Ənvar” c. 81, səh. 254)
Qeyd olunan məsələləri bəzən gecikdirmək də olar. Bəzi insanların ölümü dəqiqləşməyibsə bu qeyd olunan mərasimləri gecikdirmək olar. Hətta bəzi rəvayətlərdə gəlmişdir ki, bu kimi hallarda cənazə mərasimini üç günə qədər gecikdirilə biləcəyi qeyd olunur. (“Furu-ul Kafi”, c. 3, səh. 209; “Əl-Vəsail” c. 2, bölmə 48; “Biharul-Ənvar” c. 81 səh. 248, 249, 254)

Ölüyə qüsl verilməsinin fəlsəfəsi.
Ölüyə qüsl verilməsinin səbəbi bəzilərinin düşündüyü kimi təkcə zahiri təmizliyə görə deyildir. Bu qüsl həm fiziki (zahiri) həm də mənəvi (batini) paklığa görədir. Necə ki, dəstnamaz mənəvi paklıq üçün, qüsl isə həm fiziki həm də mənəvi paklıq üçündür. Meyyitə qüsl verilməsinin əsl hikməti rəvayətlərdə gəlmişdir. Rəvayətlərə əsasən qüslün əsl səbəbi vəfat edən şəxsin ölüm anında yaşadığı halətlə bağlıdır. Rəvayətdə deyilir: “Ölən insana qüsl vermənin səbəbi, onu xəstəlik dövrü məruz qaldığı napaklıqdan təmizləməkdir. Çünki o öldükdən sonra mələklər və axirət əhli ilə qarşılacaqdır. Daha doğrusu Allah dərgahına qayıtdıqda təmizlik əhli olan mələkləri ilə görüşəcək və onların buna, bunun da onlara toxunduğunda pak və təmiz olması daha yaxşıdır. Beləliklə, pak olaraq Allaha yönələcək və Onun rizasını və şəfaətini diləyə biləcəkdir. Digər bir səbəb də, ölən insandan ölərkən özünün yaradıldığı məni (sprema) xaric olar və həmin şəxs cünub olmuş sayılar Buna görə də ona qüsl verilər.” (“Əl-Vəsail” c. 2, səh. 679; “Biharul-Ənvar” c. 81, səh. 297)
Abdullah, Qəzvindən rəvayət edir: Əhli-beytdən olan İmam Muhəmməd Baqirdən “Ölüyə qüsl verilməsinin səbəbini və ölünü yuyanın qüsl almasını vacib olması ilə əlaqədar soruşdum. O belə cavab verdi: “Ölüyə, ölərkən cünub olduğundan mələklərlə görüşdüyü zaman pak olsun deyə qüsl verilir. Ölü yuyanın da möminlərlə görüşdüyü üçün qüsl alması lazımdır.” (“Biharul-Ənvar” c. 81, səh. 285. hədis: 2)
Bəzi rəvayətlərdə də insanın yaşından və cinsindən asılı olmayaraq bu hal ilə rastlaşdığı qeyd olunur. Ölüyə qüsl verilmə şəkli forma etibari ilə cənabət qüslu kimdir və bu şəriət kitablarında təfərrüatı ilə qeyd olunmuşdur.

Ölünün kəfənlənməsinin fəlsəfəsi.
Fəzl ibn Şazanın nəql etdiyi hədisdə ölünün kəfənlənməsinin fəlsəfəsi belə izah edilir: “Cənazəni kəfənlənmənin ona görə əmr edildi ki, ölən kimsə Rəbbinin qarşısına təmiz bir cəsədlə çıxsın və məhrəm yerləri onu dəfn etməyə aparanlara görsənmsin. İnsanlar onun bəzi çirkin görüntülərinə şahid olmasınlar. Qəlblər belə şeyləri görməklə bərkiməsin. Dirilərin gözündə daha sevimli və təmiz olsun, dostunun iyrənməsinə, nifrət duymasına vasitə olmasın. Əks təqdirdə onun sevgisini unudar, mirasına yiyə çıxmaz və vəsiyyəti yerinə yetirməz.” (“Əl-Vəsail” c. 2, “Əbvabut-təqfin”, bölmə: 1, hədis: 1; “Biharul-Ənvar” c. 81, səh. 324)
Kəfənin ağ rəngdə, pambıq və keyfiyyətli parçadan olması sünnədir. Bu məzmunda qeyd olunan hədisdə Allah Rəsulu (s) buyurur: “Ağ rəngli paltar geyinin. Çünki, o gözəl daha gözəl, daha təmizdir. Ölülərinizi də ağ rəngli parça ilə kəfənləyin.” (“Əl-Vəsail” c. 2, “Əbvabut-təqfin”, bölmə: 19, hədis: 1; “Təhzibul-Əhkam” c.1, səh. 434)
Peyğəmbər (s) başqa bir hədisdə belə buyurmuşdur: “Ən xeyirli paltarlarınız ağ rəngdə olanlardır. Elə isə diriləriniz ağ rəngli paltar geyinsin. Ölülərinizi də ağ rəngli parça ilə kəfənləyin.” (“Tirmizi”, Cənaiz, 18; “Biharul-Ənvar” c. 81, səh. 329; “Əbu Davud”, “Tibb”, 14)
Başqa bir rəvayətdə isə “Kətan İsrail oğullarına aiddir. Onlar cənazələrini onunla kəfənləyərlər. Pambıq isə Muhəmməd (s) ümmətinə aid olan parçadır.” (“Əl-Vəsail” c. 2, “Əbvabut-təqfin”, bölmə: 20, hədis: 1-2; “Təhzibul-Əhkam” c.1, səh. 432)
İslam dini diriyə qoyduğu hörməti ölüyə də qoyur. Qüsl, kəfən və dəfn insanın məqamına hörmət əlaməti sayılır.
3. Cənazə namazı: Cənazə namazının qılınma şəkli və forması və hökmlər ilə bağlı fiqh kitablarında təfərrüatı ilə söz açılmışdır. Cənazə namazı ölü üçün edilən duadır. Cənazə namazına qatılanların sayının çoxluğu vəfat edən üçün savab baxımından faydalıdır. Nadir hallarda meyyitə cənazə namazı qılınmır ki, bu da şəriət kitablarında gəlmişdir. Böyük günah sahiblərinə belə cənazə namazı qılınır. Hədis və rəvayətlərdə intihar etmiş şəxsə də cənazə namazı qılınmasına göstəriş verilmişdir. Onlardan bəzisinə nəzər salaq:
Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimdən daşlanaraq öldürülənə, öz canına qıyana (intihar edənə) belə cənazə namazı qılın və heç bir kəsi namazsız dəfn etməyin.” (“Mən lə yəhzərul-fəqih, c. 1, səh. 103; “Əl-İstibsar” c. 1, səh. 469; “Əl-Vəsail” c. 3, səh. 816)
Bir rəvayətdə isə: “Qiblə əhli olan hər kəsə cənazə namazı qılın. Bunun hesabı isə Allaha aiddir.” (“Əl-İstibsar” c. 1, səh. 468)
Başqa rəvayətdə şərab içənə, zina edənə, oğurluq edənə də cənazə namazı qılınmağı barədə göstərişlər vardır.
4. Cənazənin dəfni: Cənazə yuyulub, kəfənlənib, namazı qılındıqdan sonra onu dəfn etmək müsəlmanların borcudur. Dəfndə iştirak etmək, cənazənin aparılmasında yardım etmək və bu qəbildən olan işlər dinimiz tərəfindən bizə tövsiyə edilmişdir. Hədis və rəvayətlərdə bu iş üçün fövqəlada savab qeyd edilmişdir. Nümunə üçün bəzisinə nəzər salaq:
Həzrət Əli (ə) buyurmuşdur: “Kim bir cənazənin daşınmasında iştirak edərsə, Allah ona dörd savab yazar: birincisi, cənazənin aparılmasında kömək etdiyi üçün, ikincisi cənazə namazı qldığı üçün, üçüncüsü dəfn edilənə qədər gözlədiyi üçün, dördüncüsü də mərhumun sahiblərinə baş sağlığı verdiyi üçün.” (“Furu-ul Kafi”, c. 3, səh. 173; “Əl-Vəsail” c. 2, səh. 822. bölmə 48; “Biharul-Ənvar” c. 81 səh. 268)
Başqa bir rəvayətdə deyilir: “Kim bir müsəlman cənazəsinin daşınmasında iştirak edərsə, onu Qiyamət günü dörd şəfaət haqqı verilər və bu əsnada mərhum üçün nə dua edərsə, bir mələk də bu eynilə sənin üçün də olsun deyə onun haqqında dua edər.” (“Furu-ul Kafi”, c. 3, səh. 173; “Əl-Vəsail” c. 2, səh. 821; “Biharul-Ənvar” c. 81 səh. 257)
Bəzi rəvayətlərdə isə: “Cənazəni dəfn etmək üçün aparıldığı əsnada, onun arxasınca getmək yanında getməkdən daha fəzilətlidir.” (“Furu-ul Kafi”, c. 3, səh. 169; “Mən lə yəhzurul-Fəqih” c. 1, səh. səh. 100)
Bu kimi rəvayətlər cənazə dəfnində iştirak etməyin fəzilər və savabını bizə bəyan edir.
5. Təlqin etmək: Allah Rəsulunun (s) adəti beləydi ki, bir kimsəni dəfn edikdən sonra dərhal geri dönməzdi. Onun bu əməli şəriətə sünnə olaraq daxil olub. Həzrət Peyğəmbər (s) bir cənazəni dəfn etdikdən sonra qəbrinin başı üzərində durur və “Uca Allahdan qardaşınız üçün bağışlanma diləyin. Çünki o, hal-hazırda sorğu-suala çəkilir” deyə buyurardı. (“Əbu Davud”, Cənaiz, 67-69, 73)
Təlqin vəfat edənin mələklərə cavab verməsinə cavab verməyə kömək edən bir əməldir. Sələfi-vəhhabilər bu işə bidət adını versələr belə, bu əməlin sünnət olmasını təsdiqləyə kifayət qədər rəvayət əhli sünnə mənbələrində yer almışdır. Bundan əlavə təlqin, əhli sünnə nəzərində sünnət və savab əməllərdən biridir. Belə ki, ölüyə səslənərək ey fiankəsin oğlu filan. Təlqində meyyitə anasına adı ilə xitab edilir. Anasının adı bilinməzsə “ey Həvvanın oğlu yaxud qızı” deyilməli və ya da “Abdullah” (Allahın bəndəsi) deyə müraciət olunur. Təlqinə bidət deyənlərə əhli sünnə mənbələrindən bəzi dəlilləri göstərmək istəyirik:
Təbərani və Əbduləziz əl-Hənbəli rəvayət olunur ki belə demişdir: “Mən öldüyüm zaman mənə peyğəmbərin (s) ölülərinizə etmənizi əmr etdiyi kimi edin. Rəsulullah (s) bizə əmr etdi və belə dedi: Qardaşlarınızdan biri ölüb, qəbrini torpaq ilə örtdüyünüzdə sizdən biriniz onun qəbri başında dursun və belə desin: Ey filan oğlu filan. Sonra ona Allahdan başqa ilah olmadığına Muhəmmədin onun elçisi olduğunu, kitabının Quran olduğunu ona xatırlatsın.” (“Ət-Təlhis” səh. 242-243, İmam ən-Nəvəvi Əl-Məcmu 243, Təbərani də bunu “Əl-Mucəmul- Kəbir” əsərində nəql etmişdir; Heysəmi “Məcməuz-Zəvaid” (4248) )
Hafiz ibn Həcər Əsqəlani bu hədisə səhih demişdir.
Əhli sünnənin bir sıra səhih kitablarında dünyasını dəyişənlərə “Lə iləhə illəllah”ı təlqin etmək tövsiyə edilir: “Ölülərinizə “Lə iləhə illəllah”ı təlqin edin.” (Müslim, 916, Əbu Davud 3117 Tirmizi, Cənazi 7 və sair)
Əmr ibn As öz ailəsinə belə demişdir: “Məni dəfn etdiyinizdə qəbrimin yanında bir dəvəni kəsilib ətinin paylaşana qədər durun ta ki mən sizinlə ünsiyyət kurayım və Rəbbimin elçilərinə nə söyləyəcəğimə baxım. (Müslim 121)
İbnul-Ərəbi öz “Məsalik” əsərində yazır: Ölü qəbrinə qoyulduğunda ona təlqin verilməsi müstəhəbdir, gözəl sayılmışdır. Bu Mədinə əhlinin xeyirli salehlərin etmiş olduğu bir şeydir. Bu söz Allahın kitabındakı “Öyüd ver, çünki öyüd möminlərə fayda verər” (“Zariyat” surəsi, 55 ayəsinə müvafiqdir.
İmam Nəvəvi demişdir: Dəfndən sonra ölünün təlqininə gəlincə bizim əshabımızdan bir çoxları bunun müstəhəb olduğuna hökm etmişdir. (“Əl-Əzkar” səh. 123)
İmam Malik: “Ölülərinizə “Lə iləhə illəllah”ı təlqin edin.” (“Muslim” Cənaiz, c. 1, səh. 631)
Bu mövzu tabeinlərin zamanında da sünnə olaraq davam etməkdə idi. Belə ki tabeinlərdən Zamra bin Həbib və Səid bin Mənsur belə rəvayət etmişlər: “Ölünün qəbri torpaqla örtülüb düzəldiyi və insanlar qəbirin ətrafından dağılmağa başladığı zaman qəbrinin yanında durub belə demələri səhabələr müstəhəb görmüşdülər: “Ey filan “Lə iləhə illəllah de”. Bunu üç dəfə təkrar edər. Sonra yenə ölüyə xitabən: Ey filan, Rəbbim Alah, dinim İslam, peyğəmbərim Muhəmməddir (s). (Muhəmməd b. İsmail. S. Səlim, c. 1, səh. 203; Seyyid Sabiq, c. 1, səh. 547)
Bunu da qeyd edək ki, təlqin üç məqamda müstəhəbdir;
1. Canvermə əsnasında.
2. Meyyit qəbirə qoyulduqdan sonra.
3. Qəbir torpaqla doldurulduqdan və dəfn mərasimində iştirak edənlər dağılışdıqdan sonra.
Vəfat edəni tez tərk etməmək Allah Rəsulunun (s) sünnəsidir. Bunun hikməti meyyitin qəbir həyatına tədricən öyrəşməsi üçündür. Dörd məzhəb imamından bir olan imam Şafei deyir: “Qəbrin başında Qurandan ayə və sürələr oxumaq müstəhəbdir. Quranı xətm etmək daha gözəldir.” (Nəvəvi – “Riyazus-Salihin” səh. 293)
6. Vəhşət namazı: Ölünün dəfn edildiyi ilk gecə onun qəbir əzabından amanda qalması, qəbrin yalnızlıq və qorxusunda amanda olması üçün qılınan iki rükətlik namazdır. Əhli sünnə fiqh kitablarında bu namazla bağlı söz açılmamışdır. Lakin bəzi əhli sünnə mənbələrində “qəbir” yaxud “Nur” adı ilə qeyd olunan namaz adlarına rast gəlinir. Bu namazı qılanın qəbrinə nur olacağından ona “Nur” və qəbirlə balı olduğundan “Qəbir” adı verilmişdir. Adları fərqli olsa da mahiyyət baxımında eynilik daşıyır. Nəticə etibarilə namazın adı yox, daşıdığı mahiyyət önəmlidir və hansı niyyətlə edilməsi mühümdür.
Şiə fiqh kitablarında vəhşət namazının təfərrüatına, qılınma şəklinə işarə edilmişdir.
Allah Rəsulu (s) ölünün dəfn edildiyi ilk gecə qılınan namaz barədə demişdir: “Ölən kimsə üçün dəfn edildiyi gecənin ilk saatından daha qorxulu bir an yoxdur. Elə isə ölən yaxınınız üçün sədəqə verərək ona rəhmət qazanın. Buna imkanınız çatmırsa, sizdən birisi onun üçün iki rükət namaz qılsın və savabını onun ruhuna hədiyyə etsin.”
7. Ölüyə toxunduqda qüsl almaq: Yaşından, cinsindən və müsəlman olub-olmamağından asılı olmayaraq, ölən insanın bədəninə soyuduqdan sonra qüsl verilmədən öncə toxunularsa, bunun üçün qüsl almaq lazımdır.
Bu mövzuda qeyd olunan bir rəvayətdə belə gəlməkdədir: “Ölən kimsəyə qüsl verən şəxsin özü də qüsl almalıdır. Həmçinin cənazənin bədəni isti ikən onu kim öpərsə, ona qüsl almaq vacib deyil. Lakin cənazə soyuq olduğu halda ona kim toxunar və ya öpərsə, həmin şəxs üçün qüsl almalıdır.” (“Furu-ul Kafi”, c. 3, səh. 160; “Əl-Vəsail” c. 2, səh. 930; “Təhzibul-Əhkam”, c. 1, səh. 429)
Əbu Hüreryədən gələn bir hədisdə Allah Rəsulu (s) belə buyurmaqdadır: “Kim bir ölünü yuyarsa qüsl etsin” (“Tirmizi”, Cənaiz 16; “İbn Macə”, Cənaiz 8)

Ölüyə toxunanın qüsl almasının səbəb və fəlsəfəsi.
Rəvayətlərdə ölüyə toxunan yaxud qüsl verən kimsənin qüsl almasının hikmti belə izah edilmişdir: “Cənazəyə qüsl verənə və ona toxunana, təmizlənməsi üçün qüsl alması əmr edilmişdir. Çünki ruh bədəndən çıxdıqda, bir çox xəstəliklər cəsəddə qalır. Buna görə də, həm cənazəyə qüsl verilməsi və həm onu yuyanın qüsl alması əmr edilmişdir.” ( “Əl-Vəsail” c. 2, səh. 929)
8. Ölü üçün ehsan vermək: Ehsan sözü cəmiyyətdə ancaq insanlara müəyyən günlərdə verilən yeməyə verilən bir ada çevrilib. Halbuki bu söz daha geniş mənaya malikdir. Ehsan sözü ərəb mənşəli olub, gözəllik deməkdir. İnsan hansı vasitə ilə bu gözəlliyi yarada bilərsə buna səy göstərməlidir. İnsanın özünə yaxud cəmiyyətin islahı uğrunda atdığı hər addım ehsandır. Bir gülümsəmə belə ehsandır. İnsanlarla yaxşı rəftar, dərdlərinə şərik olmaq, Allaha itaət (namaz, oruc və digər ibadi məsələlər) Bilməliyik ki, ehsan ümumi mənaya malik olan bir sözdür və bir çox məsələlər buraya daxil olur. Vəfat edən üçün bir neçə yolla ehsan edə bilərik:
Maddi ehsan (yemək, pul və sair): Dinimizin tövsiyə etdiyi və şəriətə sünnət kimi daxil olan budur ki, vəfat edənin qonşuları üç gün boyunca yemək bişirib ölən kimsənin evinə aparsınlar. Zaman keçdikcə bu ehsan forması özünü fərqli şəkildə göstərməyə çalışdı. Belə ki, yemək əvəzinə insanlar gücləri yetdiyi miqdarda pul köməkliyi göstərməyə çalışdılar. Bu adət ənənə bu günə qədər davam etməkdədir. Vəfat edənin yaxınları da öləni unutmamalı adına ehsan, sədəqə verib, ruhuna Quran oxumalı, bağışlanması üçün dualar etməlidir. Çünki, qəbr evinə ilk dəfə sakin olan mərhum (yaxud mərhumə) bu kimi xeyir əməllərə çox möhtacdır. Allahın peyğəmbəri (s) bir mübarək hədisində buyurur: “Ata-ananız üçün həm həyatda ikən, həm də dünyadan köçəndən sonra ehsan verməyinizə mane olan nədir? Hər bir şəxs ata-anası tərəfindən sədəqə verə, (xeyir işlər görə) bilər. Beləliklə onun bu etdiklərinin savabı onlara yazılar. Ayrıca olaraq, bunu etdiyi üçün Allah həmin şəxs üçün daha artıq savab yazır.” (“Biharul-Ənvar” c. 82, səh. 62)
Sünnəyə görə ölənin yaxınları və qonşuları onları doyuzdurmaq üçün yemək hazırlamalıdırlar. Abdullah ibn Cəfər deyir: “Cəfər ölən zaman bəd xəbər gəldikdə peyğəmbər (s) dedi: Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir.” (“Səhih əl-Cami əs-Səğir” hədis: 1015; “Əbu Davud” c. 8 səh. 406; “Tirmizi” c. 2, səh. 234; “İbn Macə” c. 1, səh. 514)
Onlar üçün bağışlanma diləmək: Peyğəmbər (s) buyurmuşdur: “Hər hansı bir kimsə ata-anasına qarşı həyatda ikən gözəl davrandığı halda, ölümlərindən sonra Allahdan onlar üçün bağışlanma diləmədiyi üçün, ata-anasına pislik edən olaraq yazılır. Lakin valideynlərinə qarşı həyatda ikən pis davranan olsa belə, ölümlərindən sonra Allahdan onlar üçün əfv dilədiyinə görə ata-anasına yaxşılıq edən övlad kimi yazılır.” (“Biharul-Ənvar” c. 82, səh. 65)
Borclarını ödəmək, nəzirlərini vermək və onlara küfr edilməyə vasitə olacaq hər hansı pis iş etməmək: Peyğəmbərdən (s) rəvayət edilən başqa hədisdə isə: “Övladın valideyni üzərindəki haqlarından biri də, onların borclarını verməsi, nəzirlərini verməsi və onlara küfr edilməyə vasitə olacaq hər hansı pis iş etməməsidir. Bunları etdiyi təqdirdə, onlara qarşı pis rəftar edən olsa belə, valideynlərinə qarşı pis rəftar edən olsa belə, valideynlərinə yaxşılıq edənlərdən sayılır. Lakin onların borclarını ödəməz, nəzirlərini verməz və onlara küfr edilməsinə vasitə olacaq hər hansı pis iş edərsə, həyatda ikən onlara qarşı yaxşılıq edənlərdən olsa belə valideynlərinə qarşı pislik edən övlad sayılır.” (“Biharul-Ənvar” c. 82, səh. 65)
Səd ibn Übadə deyir: “Mən peyğəmbərə dedim: Anam ölüb amma boynunda nəzir qalıb, nə edim?
Peyğəmbər (s) buyurdu: “Onun əvəzinə sən ödə.” (“Tirmizi” c. 3, səh. 51)
Vəfat edənə ölümündən sonra fayda verən üç əməl: Allah Rəsulu (s) belə buyurmuşdur: “İnsan öləndə artıq əməl işləməklə savab qazana bilmir, ancaq əməl dəftərinə üç şeydən: sədəqeyi-cariyədən, öyrətdiyi faydalı elmdən və ona dua edən yaxşı övladdan savab yazılır.” (“Müslim”, Vəsiyyət, 14; “Əbu Davud”, Vəsayə, 14)
Allah Rəsulu (s) buyurdu: “İnsanın ən gözəl yeməyi onun öz qazancıdır. Həqiqətən övladı da onun qazancındandır.” (“Tirmizi” c. 2, səh. 406; “İbn Macə” c. 2, səh. 723 və sair)
Hədisdən bunu anlayırıq ki, övladın valideyni barədə etdiyi bütün növ ehsanlar Allah yanında qəbuldur və şəriətlə heç bir ziddiyyəti yoxdur. Bir insan öz qazancından özü Allah yolunda sərf edərkən necə gözəl bir iş görmüş olurdusa valideyni haqqında da etdiyi ehsanlar bu qəbildəndir.
Həzrət Peyğəmbər (s) yenə buyurur: “Möminə ölümündən sonra sağlığında etdiyi bu xeyirli əməl və yaxşılıqlara görə savab qazanacaq: öyrədib yaydığı elm, saleh övladdan, miras qoyduğu mushəf (Qurani-Kərim), tikdiyi məscid, yolçu üçün tikdiyi ev, çəkdiyi su və sağlığında verdiyi sədəqə.” (“İbn Macə”, Müqəddimə, 20)
Bu kimi yüzlərlə hədis və rəvayətlər dünyasını dəyişən barədə verilən müxtəlif növ ehsanların Allah yanında məqbul olmasına əsasdır.
Onlar üçün dua etmək: Dünyasını dəyişənlərə ardınca edilən dualar da Allah yanında qəbuldur və vəfat edənə faydası vardır. Bunu peyğəmbərin (s) sözü və əməli təsdiq edir: “Cənazə namazı qılarkən ona ürəkdən dua edin.” (“Əbu Davud”, Cənaiz, 59)
Daha sonra Rəsulullah (s) bunu əməli şəkildə nümayiş etdirmiş və belə dua etmişdir: “Allahım, onu qəbir fitnəsindən və cəhənnəm əzabından qoru, onu bağışla, ona mərhəmət et!” (“Əbu Davud”, Cənaiz, 56)
Dünyasını dəyişənlərə edilən dualar onun məqamının yüksəlməsinə səbəb olan amillərdən biridir. Buna işarə edən hədisi-şərifdə buyrulur: “Allah əmlisaleh bəndəsinin Cənnətdəki dərəcəsini yüksəldər. Həmin bəndə, “Ey Rəbbi! Hansı səbəblə dərəcəm yüksəldi”? deyə soruşduqda, uca Allah “Oğlunun səin üçün dilədiyi bağışlanma sayəsində” buyurar.” (“İbn Macə”, Ədəb 1)
Onlar üçün sədəqə vermək: “Bir nəfər Rəsulullahın (s) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam qəflətən dünyasını dəyişdi, heç nə deyə bilmədi. Əgər danışsaydı öz sədəqə verməyimi istəyərdi. Mən onun adından sədəqə verə bilərəm?”, – deyə soruşdu. Rəsulullah (s) “Bəli”, – dedi” (“Müsnəd”, Əhməd ibn Hənbəl, c. 2, səh. 372)
Əbu Hüreyrə nəql edir ki, “atası vəfat edən bir nəfər atasının çoxlu malı olduğunu və vəsiyyət eləmədiyindən onun adına sədəqə verə biləcəyini soruşduqda Rəsulullah (s) buna icazə vermişdir.” (“Müsnəd”, Əhməd ibn Hənbəl, c. 2, səh. 372)
İbn Abbasın nəql elədiyi başqa bir hədis isə belədir: “Bir nəfər Rəsulullahın (s) yanına gələrək, “Ey Allahın Rəsulu (s)! Anam vəfat elədi. Onun üçün sədəqə versəm ona faydası toxunar?” deyə soruşdu. Peyğəmbərimiz (s), “Bəli”, dedikdə həmin şəxs, “Bir meyvə bağm var. Hamı şahid olsun ki, onun anamın adından bağışlayıram” dedi”. (Buxari, Vəsayə, 15, 20)
Səd ibn Ubadə: “Ya Rəsulallah! Anam vəfat etdi, onun üçün nə etsəm, daha xeyirli olar?” – deyə soruşur. Allah Rəsulu (s) buyurdu: “Su” (“Əbu Davud”, Zəkat 42)
Vəfat edən şəxsin qəza oruc və namazının qılınması: Bir qadın bir aylıq nəzir orucunu tutmadan vəfat edir. Övladı Peyğəmbərimizin hüzuruna gələrək: “Onun yerinə oruc tuta bilərəm?” – deyə soruşur. Rəsulullah da ona: “Ananın borcu olsaydı, qaytarardın?” – deyə soruşur. Qadının “bəli” cavabından sonra: “Allaha olan borc qaytarılmağa daha layiqdir, varisi onun əvəzinə oruc tutsun”,- buyurur. (“Buxari”, Savm, 42; “Müslim”, Siyam, 27; “Əbu Davud”, Savm 41)
Onların adından həccə getmək: Peyğəmbər (s) zamanında bir qadın sağlığında həccə getməyən anasının adına həccə edib-etməyəcəyini soruşduqda, peyğəmbər (s) buna icazə vermiş və “onun yerinə həccə get” buyurmuşdur. (“Müslim”, Siyam, 27)
Onların adından qurban kəsmək: Hz. Əli (ə) iki qoç kəsmişdi. “Biri özüm üçün, digəri Rəsulullah (s) üçün”. Buyurdu: “Rəsulullah (s) belə vəsiyyət etdi. Ömrüm boyu bunu edəcəyəm” (“Əbu Davud” Ədahi, 1; Halim Müstədrək c. 4 səh. 255)
Həzrət peyğəmbərin də (s) sünnəsi belə idi. O hər dəfə iki Qurban kəsərkən bir qurabını da ümmətinin kasıbları adından kəsərdi. (“Heysəmi, Məcməuz-Zəvaid” c. 4, səh. 23; Təbərani, Mucəmul-Kəbir, c. 3, səh. 182)
Dünyasını dəyişənlər üçün bu kimi çoxlu xeyir əməllər görə bilərik ki, hər biri öz-özlüyündə ehsan sayılır.
9. Dünyasını dəyişənlərə Quran oxumaq: Qurandan bir ayə, bir surə hətta bir Quran da oxuyub savabını ölənlərimizə hədiyyə edə bilərik. Allah Rəsulunun (s) “Ölənlərinizə Yasin oxuyun” hədisi bu məsələyə dəlildir.

“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri:
1. Səhihi Müslim c. 5, səh 73-78
2. Nəvəvi - Riyazus-Salihin səh 293.
3. Səhihi Müslim c. 3, səh 202.
4. Səhihi Müslim c 1, səh 61.
5.Tirmizi c. 8, səh 306.
6. Nəsai c. 6, səh 117.
7. Qunduzi Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8. Tirmizi c. 5, səh 306.
9. Əhməd ibni Hənbəl c. 1, səh 95.
10. Səhihi Muslim c. 2, səh 360.
11. Cəlaləddin Suyuti – Tarixul-Xuləfa səh 190.
12. Büyük Şafii İlmihali səh 198, türkçə
13. Şərhul-Səhihi Muslim c. 3, səh 202.
14. Müsnədi Əhməd c. 5, səh 26.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.




Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir