Hədis toxunulmaz deyil! Hədis də tənqid oluna araşdırıla bilər (Araşdırma)


Quran və hədis Peyğəmbərin (s) İslam ümmətinə miras qoyduğu iki əzəmətli və qiymətli əmanətidir. Quran xalis və barəsində şübhə olmayan pak və müqəddəs kəlamlardır ki Allah Rəsuluna (s) nazil olmuşdur. İkinci əmanət olan hədis isə zamanla təhriflərə məruz qaldı. Tarixin qaranlıq səhifələrinə gömülənlər dünya mənafeylərinə görə müəyyən zamanlarda hədislər qondarmış, yaxud hədisin mətnini bu və ya digər şəkildə dəyişdirmişlər.
Bəzən isə insanların dillərində məşhur kəlama çevrilən kəlamlar təhrif məqsədi olmadan hədis olaraq bilinmişdir. Bəzən isə hədislər el arasında atalar sözü kimi bilinmişdir. Amma həqiqətdə o sözlər ya Quran ayəsi ya da hədis olmuşdur. Belə olduqda bizi bu qarışıqlıqdan elmi şəkildə aydınlığa qovuşduran elm əhlinə, mühəddislərə ehtiyac duyulur. Əks halda insanlar hədislərlə adi kəlamları qarışıq salar ya da bəzi fürsətçilər keçmişdə olduğu kimi hədislər uyduracaqlar. Elə isə hədis araşdırılarkən nələrə diqqət etməliyik?

Hədisləri mətnini araşdırarkən diqqət edəcəyimiz prinsiplər.
1. Hədisin Quranla uzlaşması: Hədislər heç zaman müqəddəs kitabımız Quranla ziddiyyət təşkil etməz. Bu qeyd olunan qaydanı Allah Rəsulu (s) özü müsəlmanlara öyrətmişdir. Bu həmin məşhur hədisdir ki, Allah Rəsulu (s) minbərdə sanki fəryad edərək buyurdu: “Ey insanlar! Məndən hər hansı bir söz ki sizin üçün danışdılar əgər Allahın kitabı ilə müvafiq olsa, onu mən demişəm. Əgər bir söz Allahın kitabına müxalif olsa, o sözü mən deməmişəm.”
Deməli, hədis söyləyən müqəddəslərimiz özləri də bu sözlərlə “hədisi də təftiş etmək olar”, “hətta mən peyğəmbərin də (s) sözünü araşdırma hüququnuz var” mesajını bizlərə vermiş olurlar.
Peyğəmbərin (s) ilk olaraq bizi müqəddəs Qurani-Kərimə yönləndirməsi heç də əbəs deyil. Çünki, yaxşı bilirdi ki, bəsirətli insanlar saxta sözlə xalis sözü ayırd edəcək və yanlışlığa düşməyəcəklər. Elə sizlərin də hüzurunuzda bu prosesi əməli olaraq həyata keçirək. Öncə bir məşhur “hədis”i birgə oxuyaq:

Qurana zidd hədis: “Mən camaatla lə iləhə illəllah deyənədək onlarla döyüşməyə əmr olundum. Elə ki, bu sözü dillərinə gətirdilər onların malları və canları mənə haramdır.”
Bu hədisi peyğəmbərimizin (s) sözünü dinləyərək Quranla tutuşdursaq hədisin saxta olması üzə çıxacaq. Bu ayələrlə tanışlığımız üçün də müqəddəs kitabımızdan xəbərimiz olmalıdır. Uca Allah buyurur:
“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).” (“Yunus surəsi, 99)
Quran ayəsinə diqqət yetirək: “İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!”
Deməli peyğəmbərin (s) dinimizi məcburiyyətlə təbliğ etmək kimi bir vəzifəsi olmamışdır. Çox güman ki, bu növ hədisləri zorakılıqla din “təbliğ edən” radikal təfəkkürlü şəxslər tərəfindən icad eidlimişdir. Maraqlıdır ki, hədis uyduranlar “Dində məcburiyyət (zorakılıq) yoxdur” (“Bəqərə” surəsi, 256) ayəsini belə nəzərdən qaçırmışlar.
Bir ayə də oxuyaq: “De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.” (“Nur” surəsi, 54)
Bu ayə də aydın şəkildə bizə çatdırır ki, peyğəmbərin (s) vəzifəsi yalnızca təbliğdir, hətta ondan üz döndərsələr belə. “Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.”
Bu sadə proseslə hədisi Quran süzgəcindən keçirtdikdə saxta sözlə (uydurma hədislə), xalis söz (Allah və Rəsulunun (s) ) sözləri arasındakı fərqi müşahidə edəcəyik.
Deməli hədislər qarşısında ilk vəzifəmiz onu Quranla uzlaşdırmaqdır.

2. Hədisin sünnə ilə uyğunluğu yaxud hədisin peyğəmbərin (s) digər sözünə zidd olmaması: Ola bilməz ki, Allah Rəsulunun bir sözü digər sözünə köklü şəkildə zidd ola. Bəli, hədisin icra şəkli zamanın keçməsiylə forma dəyişikliyinə məruz qala bilər və bu təbiidir. Lakin, hədisin mahiyyəti heç vaxt digər hədislərin məğzi ilə zidd ola bilməz. Nümunə üçün baxaq:
Saxta hədis: “Peyğəmbər (s) nə zaman o şəxsi (Ummi Məktumu) görsəydi deyərdi: “Onun vasitəsi ilə qınandığım şəxs salam olsun sənə”.

Hədisin əsli: Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, Allah sənə görə heç vaxt məni məzəmmət etməyib.” (“Təfsiri Əl-Burhan” c. 4, səh 428, “Təfsiri Nurus-Səqələyn” c. 5, səh 509, “Məcməul-Bəyan” c. 10, səh. 437)

Saxta hədis: Guya ki peyğəmbər (s) buyurub: “Dünyasını dəyişənlər üçün ağlamayın. Siz ona ağladıqda ona əzab verilər.”
Səhih hədis: Peyğəmbərə (s) dedilər: Siz ağlayırsınız? Məgər siz deyildinizmi bizi ağlamağa qoymayan? Peyğəmbər (s) buyurdu: “Xeyr. Mən iki dəstənin axmaqlarını və səfehlərini ahu -fəğan və fəryad etməkdən çəkindirmişəm.Onlar müsibət gördükdə üzlərini cırır, şeytani nalələr edirlər. (“Tirmizi” c. 4, səh. 226)
Burada Allah Rəsulu (s) birbaşa onun adı ilə deyiləni inkar edir və məsələni bir qədər də aydınlaşdırır. Deməli, bunu da öyrəndik ki, hədis heç vaxt digər hədislərlə köklü şəkildə ziddiyyət təşkil etməz.

3. Hədisin ürfün əqli ilə müvafiqliyi: Uca Yaradan hər birimizə misli bərabəri olmayan batini bir nemət vermişdir ki biz ona əql (ağıl) deyirik. Yaxşı ilə pisi, haqq və batilin bir-birindən ayırd edilməsində əql qüvvəsinin yeri danılmazdır. Müqəddəs kitabımız Quran da bizi daim təfəkkür və düşünməyə dəvət edir. (“Rum” surəsi, 24; “Nəhl” surəsi, 12)
Əlbəttə burada diqqət ediləcək məsələ bundadır ki, söhbət sağlam ağıldan gedir. Biz burada bəzən rastlaşdığımız “mənə belə gəlir”, “fikrimcə belə daha doğrudur” yanaşma tərzindən danışmırıq. Əksinə prosesləri sağlam şəkildə analiz edib həqiqətən də əqli nəticəyə gələn əqldən danışırıq.
Bu baxımdan hədislər insan ağlına zidd ola bilməz. Əgər ziddiyyətli məqamlar varsa hədisdə gələn həmin kəlmələr mütləq təfsir olunmalıdır. Məsələn: Şiə mənbələrində nəql olunur ki, “İmam Cavaddan (ə) doqquz yaşında olarkən, bir məclisdə 30 min sual soruşuldu o da hamısına cavab verdi.”
Bu hədis barədə muhəddislər yazır ki: “Bəli, imam Cavad (ə) bundan daha da çoxuna cavab verməyə qadirdir. Lakin bir məclisdə bu qədər sualın bir şəxs tərəfindən verilməsi ağılla ziddir. Görəsən həmin şəxsin özü bu qədər sualları soruşmaq qüdrəti var idi?”
Nəhayət muhəddislər bu hədislə əlaqəli bu qənaətə gəlmişlər ki, hədisdəki “min” ifadəsi sayı ifadə etmir, həmin şəxsin sualların çoxluğu üçün istifadə edilən ifadə tərzidir.
Əhli sünnə mənbələrində də geniş yayılmış bir hədisə də nəzər salaq və əqli cəhətdən uyğunsuzluğu müşahidə edək:
Saxta hədis: Guya ki peyğəmbər (s) buyurub: “Dünyasını dəyişənlər üçün ağlamayın. Siz ona ağladıqda ona əzab verilər.”

1. Saxta hədisin əqli cəhətdən batilliyi: - Əgər biz qəbul etsək ki peyğəmbər (s) belə bir hədis deyib və dünyasını dəyişənlərə ağlamağı qadağan edib, onda peyğəmbər (s) niyə özü dünyasını dəyişənlərə ağlayıb? Necə olur ki, peyğəmbər (s) bir işi qadağan etdiyi halda digər tərəfdən qadağan etdiyi bu işi özü həyata keçirir? Yaxud belə bir sadə sual verək: “Əgər ağlamaq günahdırsa bu günah niyə diriyə - o əməli edənə deyil, ölüyə - o əməldən xəbərsiz olana yazılır?”
2. Saxta hədisin Quran baxımından batilliyi:
Məgər Quran dəfələrlə buyurmur ki: “Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir)...” (“Zumər” surəsi, 7)

Peyğəmbərin (s) ölülərə ağlamaq olmaz deyənlərin sözünü rədd etməsi.
“Bir nəfər peyğəmbərin (s) yanına gələrək dedi: Eşitdiyimə görə ağlamağı qadağan etmisiniz. Peyğəmbər (s) buyurdu: Xeyr. Mən vəfat edən şəxsə ağlamağı qadağan etməmişəm. Əksinə etiraz dolu ağlamağı üz cırıb, yaxa yırtmağı qadağan etmişəm. Bu rəhmət dolu göz yaşıdır. Gözüm ağlayır, qəlbim qəmlə doludur. Lakin Allahın narazı olduğu heç bir sözü dilimə gətirmərəm.”
Digər bir hədis də bu barədə belədir: Peyğəmbərə (s) dedilər: Siz ağlayırsınız? Məgər siz deyildinizmi bizi ağlamağa qoymayan? Peyğəmbər (s) buyurdu: “Xeyr. Mən iki dəstənin axmaqlarını və səfehlərini ahu -fəğan və fəryad etməkdən çəkindirmişəm.Onlar müsibət gördükdə üzlərini cırır, şeytani nalələr edirlər. (“Tirmizi” c. 4, səh. 226)
Digər bir hədisdə Allah Rəsulu (s) buyurur: “Musibət vaxtı, vay şivən qoparan, paltarını cıran və özünə qarğış edən mənim ümmətim deyil.” (“Buxari,” Cənaiz 36-38-39, “Muslim”, İman 165)
Əbu Hüreyrə deyir: “Bir gün peyğəmbərin yanından ağlaya-ağlaya bir cənazə aparırdılar. Bəziləri ağlayanlara mane olmaq istədi. Peyğəmbər (s) buyurdu: “Onlarla işiniz olmasın, çünki dərdləri təzə, gözləri yaşlı, canları isə musibətə düçar olubdur.” (“Əl-Müstədrək əla əs-səhiheyn,” Kitab əl-cənaiz, c.1, s.381, h.1406; ən-Nəsai, “Sunən əs-suğra, Kitab əl-cənaiz, bab ər-rüxsə fi əl-bukai əla əl-meyyit, c.4, s.19, h.1850,; Əhməd ibn Hənbəl, “əl-Müsnəd,” Bab musnədi Əbu Hüreyrə, c.2, səh. 444, h. 9729; İbn Macə, “Sünən,” Kitab əl-cənaiz, Babu ma caə fi əl-bukai əla əl-meyyit, c.1, səh. 505, h.1587)

4. Hədisin tarixi hadisələrlə uzlaşdırılması: Bu mövzuda tarixi hadisələr də mühüm rol oynayır. Biz tarixi hadisələr baxımından da bir hədisin səhihliyini yoxlaya bilərik. Bir sıra tarixi hadisələri araşdırarkən onun tarix baxımından yanlışlığını müşahidə edirik. Nümunə üçün diqqət edək:

Peyğəmbər (s) cadu olunub deyənlərin sözünün tarix baxımdan yanlışlığı:
Peyğəmbər (s) cadu edilməsi ilə bağlı hədisin Quran, hədis və tarix baxımından yanlışlığını biz digər araşdırmalarımızda geniş izah etmişik. Mövzuya uyğun olaraq biz burada yalnız tarix baxımından yanlışlığını qeyd edəcəyik:

Bu uydurma hadisəni nəql edənlər həm də qeyd edirlər ki, peyğəmbər (s) o cadudan “Fələq” və “Nəs” surələrini oxumaqla xilas oldu. Lakin, sözügedən hadisə qeyd olunan mənbələrə əsasən, hicrətin 7-ci ilində baş verib, lakin “Fələq” və “Nəs” sürələri qeyd olunan hadisədən 10 il öncə Məkkədə nazil olub. Başqa sözlə ”Fələq” və “Nəs” Məkkədə besətin əvvəllərində, uydurma cadu hadisəsi isə peyğəmbərin (s) ömrünün axırlarında baş vermişdir. Bu da məsələnin tarixi baxımdan da yanlışlığını uydurma olduğunu göstərir.

Başqa bir nümunə:

Ğəraniq hadisəsi tarixi baxımdan da özünü doğrultmur.

1. Tarixi mənbələrə baxdıqda görürük ki, Həbəşistana hicrət besətin beşinci ilində (miladi 614) Rəcəb ayında baş vermişdir. Bu hadisədən az sonra Məkkə müşrikləri şayiə yaymağa başlayırlar ki, guya bütün Ərəbistan torpağı müsəman olub. Həbəşistandakılar bu xəbəri eşidib tələsik geri qayıdırlar. Aldandıqlarını görəndə artıq gec olur. Onlar yenə əvvəlki kimi min-bir əziyyətlə Məkkədə yaşamağa davam edirlər. Bir ildən sonra Peyğəmbər (s) müsəlmanları yenə Həbəşistana yollayır.
Burada diqqət olunacaq məqam budur ki, Həbəşistan və Məkkə arasında olan məsafə çoxdur. İndiki kimi məlu-mat mübadiləsi üçün KİV-lər olmamışdır. Bu məlumatın onlara yetişməsi və onların Məkkəyə tərəf gəlmələri də müəyyən zaman tələb edirdi.
2. Bu saxta əfsanəni uyduranlar iddia edirlər ki, guya bu hadisədən sonra Allah “İsra” surəsinin 73-74-75-ci ayələrini nazil edərək Peyğəmbəri (s) qınamışdır. Amma biz həmin ayələrin izahında gördük ki, sözügedən ayələr Peyğəmbərin (s) məzəmməti edilməsinə yox, şəninin ucaldılmasına xidmət edir.
Digər tərəfdən, “İsra” surəsi Merac hadisəsindən sonra enmişdir və Merac hadisəsi də besətin 10-cu ilindən sonra baş vermişdir. Baş verən hadisəyə görə 5-6 il sonra ayə göndərilərək məzəmmət edilmə əql baxımından məqbul sayılmır.
3. “Həcc” surəsinin 52-ci ayəsinin Peyğəmbərə (s) təsəlli olaraq nazil olduğunu qeyd edənlər tarixi baxımdan da yanlışa yol verirlər. Çünki bu ayə hicrətin 1-ci ilində nazil olmuşdur. Uydurulmuş hadisə isə, Həbəşistan hicrəti ilə əlaqəli zamanlara, yəni hicrətin beşinci ilinə təsadüf edir. Digər tərəfdən,“Nəcm” surəsi Məkkədə, “Həcc” surəsi isə Mədinədə nazil olmuşdur. Bura qədər qeyd etdiyi-miz dəlillər bu hadisənin uydurma və əfsanə olmasına ən gözəl və ən aydın dəlillərdir.

4. Hədisin elmə zidd olmaması: Elmi lədunnidən elmi alan Allah Rəsulunun (s) söz və bəyanları heç vaxt elmlə ziddiyyət təşkil etməz. Əgər belə bir nüans varsa deməli həmin hədisdə problem vardır.
5. Hədisin icma nəzəri ilə uzlaşması: Əhli sünnəyə əsasən hədisin doğruluğu üçün onu icmanın nəzərindən də keçirmək lazımdır. Əhli sünnəyə görə icma Quran, sünnə və əqlin yanında müstəqil bir dəlil kimi istifadə olunur. Lakin şiə alimləri icmanı o zaman mötəbər hesab edir ki, deyilən sözlər məsuma yetişsin.


Bura qədər qeyd olunanlar hədisin mətninin səhihliyi üçün olan proses idi. Lakin biz hədisin sənədini araşdırmaq istəsək onda:
- Hədisin hansı yolla nəql araşdırılmasını araşdırmaqla.
- Nəql edən ravilərin etibarlı olub olmadığını araşdırmaqla.
- Məvquf (“durdurulmuş”) və məzmur (yəni, bu hədisdə “buyurdu” sözünün kimə aid olduğu və bu hədisi hansı kimin buyurduğu aydın deyil) hədislərin dəqiqliklə araşdırmaqla.
- Hədisin sənədinin ardıcıllığı (“müttəsil”) və qırılmış olmasına (“münqəti”)
- Müztərib (Ravinin hafizəsinin zəifliyi və ya başqa səbəb üzündən bir neçə fərqli variantlarda rəvayət edilmiş hədislər) hədisləri araşdırmaqla
nəticə ala bilərik. Biz bu araşdırmada hədislərin yalnız mətn baxımından doğruluğunu yoxlamaq üçün izləyəcəyimiz proses idi. Bunu qeyd edək ki, bu proses muhəddislərə və alimlərə görə dəyişə bilir.

Araşdırdı: Mahir Şəkərov-  İlahiyyatçı, araşdırmaçı.














Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir