“Bütün peyğəmbərlər məsumdurmu?” yazısına cavab – Bütün peyğəmbərlər birmənalı olaraq məsumdurlar.


 Sosial şəbəkədə Təbriz Qasımov adlı bir qardaşın məsumluq mövzusunda yazdığı yazı da bəzi mövzular məsumluq mövzusuna dair ziddiyyət təşkil etdiyindən, mövzu ilə bağlı fikilərimizi bildirməyi lazım bildik.

Məsumluğu isbat etsəz nə dəyişəcək?

Bəzi əzizlər elə düşünürlər ki, cəmiyyətdə baş qaldıran şübhə və iradlara cavab verilməsə də olar. Bu ifadə birbaşa deyilməsə də dolayı yolla ifadə edilir. Sual verilir ki, məsumluq mövzusu nə qədər aktualdır?
Məsumluq mövzusunun aktuallığı: Mövzunun aktuallığı haqda müəllif özü də danışır və buna toxunur. Qısa şəkildə desək: “Bu mövzu əsrlər boyu daim aktual olmuş və mövzu ilə bağlı hər iki ənənəvi məzhəbin nümayəndələri əsərlər yazmışlar. “Peyğəmbərlərin məsumluğu” mövzusunda ərəb və fars dillərində, şiə və sünni alimlərinin qələmə aldığı dəyərli və qiymətli əsərlər mövcuddur. Ayətullah Cəfər Subhaninin “İsmətul-Ənbiya”, Seyyid Murtəzanın “Tənzihul ənbiya vəl-əimmə”, Murtəza Əskərinin “İsmətul-ənbiya vər-Rəsul” və əhli-sünnə alimi Fəxrəddin Razinin “İsmətul-Ənbiya” əsərlərini buna nümunə göstərmək olar. Bu dəyərli əsərlər dilimizə tərcümə olunmasa da bu yöndə araşdırma aparan tədqiqatçıların daim müraciət etdikləri bir mənbələr olmuşdur. Zaman-zaman yazılan bu əsərlər mövzunun aktuallığına əqli dəlildir. Yaşadığımız zamanda belə mövzuya dair şübhə və iradlar meydana çıxır.
Müəllif soruşur ki, bu mövzuları araşdırıb ortaya qoysaq “bununla hansı problemə son qoyacağıq? Dəyişən nə olacaq?”
Cavab: Çox təəccüblüdür ki, müəfəssirlər Quranın “Furqan” surəsinin 52-ci ayəsinə əsasən müasir zamanda şübhə və iradlara cavab verməyin ən üstün cihad olduğunu yazarkən qarşı tərəf hələ “bununla hansı problemə son qoyacağıq? Dəyişən nə olacaq?” sualını da verir. Bu mövzuda kifayət qədər elmdə sözünü demiş elm əhlinin mülahizə və dəlillər əsasında deyilmiş fikirlərini qeyd etmək elə də çətin və əlçatmaz deyil.
Peyğəmbərlərin ismət sifətini sual altına aparan dəstə müqabilində heç bir şey etməyib susmaq yaxşıdır yoxsa bu şübhə və iradlara cavab vermək və mövzuları aydınlaşdırmaq?

Digər peyğəmbərlərin məsumluğunu araşdırmaq yersizdir?
Bəziləri elə düşünür ki, “Məsumluq mövzusunda digər peyğəmbərlərin məsumluğunu araşdırmaq indiki zamanda o qədər də önəmli deyil. Çünki hazırda bütün müsəlmanlar sonuncu peyğəmbərin (s) şəriətinə əməl edirlər. Bu baxımdan digər peyğəmbərlərin məsumluğu heç bir əhəmiyyət daşımır. Çünki keçmiş peyğəmbərlərin təbliğ etdikləri şəriətlər aradan getdiyi (nəsx olunduğu) üçün dolayısıyla keçmiş peyğəmbərlərin məsum olmaları da əməli baxımdan öz əhəmiyyətini itirmişdir.”
Bu cür iddia və fikirlər İslami mətnlərlə uyğun deyil. Guya bizim Musaya (ə) qarşı əqidəmizin, onu günahkar bilib-bilməməyimiz heç nəyi dəyişdirməyəcəkdir. Bu düşüncəyə malik olanlar peyğəmbərləri öz düşüncələrinə görə bir-birindən fərqləndirir və ayırırlar. Halbuki Quran bu mövzuda buyurur: Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.” (“Bəqərə” surəsi, 285)
Bundan əlavə Allah bizə Həzrət İbrahimidə (ə) nümunə göstərir.
“İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir.” (“Mumtəhinə” surəsi, 4)
Bu mövzunu əməli və düşüncəyə bölmək özü də doğru deyildir. Çünki insanın düşüncə və əqidəsi onun əməllərini təşkil edir. Bir insanın əməli elə onun düşüncə və əqidəsinin məhsulu deyilmi?
Digər yöndən əgər o peyğəmbərlərin qissələri bizim üçün önəmli deyildisə niyə son kamil və müqəddəs kitabımızda buna yer yerilib? Olmaya o ayələr də hökmünü itirib? Axı Quran hər bir peyğəmbəri bizə nümunə təqdim edir. İbrahim (ə) və Allah Rəsulunun (s) simasında bunu müşahidə etdik. Allah hər birinin adlarını tək-tək çəkməlidir ki bu yanlış düşüncəyə son verilsin?

Şeyx Tusiyə məsumluq barədə irad tuanlara Quran və tarixdən xatırlatma

Öncə Şeyx Tusinin dəlilini görək:
Şeyx Tusi özünün “Təcridul-Etiqad” əsərində yazır: “İnsanlar arasında etibar qazanması üçün peyğəmbərdə ismət xüsusiyyətinin olması vacibdir. Əgər peyğəmbərin davranışlarında qərəz olduğu duyulsa, həm (peyğəmbər olduğu üçün) ona tabe olmaq, həm də (pis xüsusiyyətlərinə görə) onun əleyhinə çıxmaq vacib olar. Bu isə artıq peyğəmbərin peyğəmbərliyini inkar etmək deməkdir. Əgər Allah günahkar bir insanı peyğəmbərliyə seçsəydi, insan¬lar onun dediklərini qəbul etməzdilər.”
Şeyx Tusi: “Peyğəmbərin dedikərinə etimad yaranması və peyğəmbərliyin məqsədinin həyata keçməsi üçün, onun ismət məqamına malik olması lazım və vacibdir”. (Nəsirəddin Tusi, “Təcridul-Etiqad”)
İndi isə Şeyx Tusinin bu fikrinə olan iradı oxuyaq: Peyğəmbərin günah edə biləcəyi fərzini qəbul etsək belə bu hal heç də onu adi insanların səviyyəsinə endirmək kimi anlaşılmamalıdır. Biz, elə təsəvvür edirik ki, sanki peyğəmbərin günah edəcəyi fərzini qəbul etsək deməli o da adi insanlar kimi addım başı günah edəcək. Әgər belə olmuş olsaydı o zaman onlar heç vaxt peyğəmbərlik məqamına yüksələ bilməzdilər. Peyğəmbərlərin günah etdiklərini qəbul edənlər belə bu kimi halların nadir hallarda baş verdiyini söyləyirlər. Nadir hallarda, bilməyərəkdən insanın günah etməsi heç zaman ona olan etimadı aradan aparmaz.”
Cavab: Qurana nəzər salsaq bu iradın asanlıqla batil edə bilərik. Qarşı tərəfin iddiasına əsasən peyğəmbərlər günah etsə belə bu onun adi insan olması demək olmaz. Diqqət edin söhbət günahdan gedir. Daha sonra maraqlı bir cümlə də işlədilir: “Nadir hallarda bilməyərəkdən insanın günah etməsi heç zaman ona olan etimadı aradan aparmaz.”
Bu cümlənin batilliyini elə yaşadığımız həyatda da müşahidə etmək çətin deyil. Bəzən kimlərsə bir  günahı edir və onu ittiham edənlərə də “bilmirdim belə olacaq”, “Nə biləydim belə olar”, “Belə olacağını bilsəydim etməzdim” desə də insanlar ona daha ciddi mövzularda etimad etmir. Qarşı tərəf deyəsən peyğəmbərin (s) “Muməmmədul-Əmin” olmasına baxmayaraq yenə ona qarşı çıxanları unudub? İndi siz fərz edin peyğəmbərdə (s) zərrə eyib və nöqsan müşahidə edilsəydi ona qarşı necə bir anti təbliğat kompaniyası baş qaldırardı. Bu gün müxtəlif din düşmənləri peyğəmbər (s) əleyhinə təbliğatlar aparır. Əgər nəinki günah bir eyib belə bilsəydilər bunu əllərində şüar edib dünyaya car çəkərdilər. Odur ki, bu və bu kimi yüzlərlə dəlil qarşı tərəfin olduqca ciddi xətaya yol verdiyini göstərir. Bunu birdəfəllik anlamaq lazımdır ki, peyğəmbərlər nəinki günah, xəta və və səhv belə etməyiblər. Şeyx Tusiyə irad tutmazdan öncə Quran və tarixi hadisələrə nəzər salsaq məsələ həllini tapacaqdır.

Peyğəmbərlərlə alimlərin müqayisəsi – Uğursuz müqayisə yoxsa Əbdul-Vəhhabın fikrinə həyat verilməsi?

İslam alimlərini, məqamları nə qədər uca olursa olsun peyğəmbərlərlə müqayisəsi uğursuz müqayisədir. Bir alimin günaha yol verməsi ilə peyğəmbərin (s) günaha yol verməsi tamamilə fərqlidir. Çünki heç kim alimlərin məsumluğunu iddia etməyib. Elə buna görə də alimin səhvə və xətaya yol verməsi heç kimə təəccüblü gəlmir. Amma peyğəmbərlərin məsumluğunu isə Quran özü bizə təlim verib. Bu iradı gördükdə Əbdul-Vəhhabın sözü yadıma düşdü. O deyirdi: “Mənim əsam peyğəmbərdən (s) daha xeyirlidi. Çünki, mən əsadan istifadə edir və onunla ilan öldürürəm. Amma, Muhəmməd artıq ölüb və heç kimə faydası toxunmur. (Sələfiyyətul-vəhhabiyyə səh. 42)

Sözün təsirli olması üçün məsumluq prinsipi şərtdirmi?
Bəziləri elə düşünür ki, peyğəmbərin (s) sözünün insanlara təsirli olması üçün məsumluq sifəti şərt deyil. Bunu da “əmr be məruf və nəhy əz munkər”lə müqayisə edirlər. Olduqca yanlış müqayisədir. Bilirik ki, bir çox peyğəmbərlər insanları haqqa dəvət etdikləri halda onlardan üz döndərənlər, onlara olmazın sözü deyənlər də tapılırdı. Həzrət Muhəmməd (s) də bura daxildir. Yaxşı indi sual yaranır:

- İnsanlar peyğəmbərlərdən üz döndərirdisə problem peyğəmbərlərdə idimi?
- Sözləri təsir etmirdi deyə məsum olmalarına bir iradmı tutmalıyıq?
- Söz kiməsə təsir qoymursa məsumun nə günahı?

Sadə bir misal. Fərz edək ki, eyni mövzu barədə bir neçə sadə vətəndaş və tanınmış və nüfüzlu alim mövqe bildirir. Əlbəttə ki insanlara təsir qoyan söz həmin nüfuzlu və tanınmış şəxsin sözü olacaq. Başqa bir misal. Eyni mövzu barədə bir neçə alimin sözü və digər tərəfdə bir məsumun sözü olsa nə edəcəyik? Sözsüz ki, insanlar məsumun sözünə daha çox etibar edəcəklər. Çünki, onların məsumluğu insanlara aramlıq bəxş edir və sözlərini rahatlıqla qəbul edirlər. Deməli məsumluq sözün təsir etməsində və qarşı tərəfin onu qəbul etməsində əvəzsiz rola malikdir.
Digər tərəfdən günah edən bir şəxs bu gün kiməsə nəsihət və tövsiyə verdikdə insanlar onun sözlərini bir o qədər də ciddiyyətə almırlar. Məlumdur ki, günah edən bir peyğəmbər obrazı da insanlar arasında rəvac tapsa onun sözləri təsirdən düşər və insanlar ona etibar etməz. Bu mənaya işarə edən mübarək bir hədisdə “əgər insanlar sizin günah etdiyinizi bilsə onda sizi dinləməz və sözlərinizə əhəmiyyət verməzlər. Yox əgər günah etdiyinizi bilməsələr, onda dedikləriniz onlar da təsir qoymayacaq.”
Qarşı tərəf burda da məsələləri ciddi şəkildə qarışıq salmışdır. Alimləri peyğəmbərlərlə müqayisə etmək kimi bir yanlışlıqdan sonra bu cür yanlış addımın atılması heç də təəccüblü deyil. Qarşı tərəf həm də unudur ki məsumun təbliği ilə adi insanların təbliği çox fərqlidir. Çünki məsum zaman və şəraiti nəzərə alaraq hər kəsə ona o zaman lazım olan ən gözəl cavabı verir. Bəs biz?

Peyğəmbərə (s) itaəti əba və qəba geyinməkdə görən gülünc baxış tərzi

Qarşı tərəf soruşur ki, məsuma birbaşa itaəti vacib edən ayələrdən istisnasız olaraq itaəti hardan çıxardınız? Eyni sualı biz də veririk ki, yaxşı istisnasız itaətin olmadığını siz hardan çıxartdınız?
Biz qarşı tərəfin sualına Quranla cavab verməyə hazırıq. Lakin məqalə müəllifi öz subyektiv fikirləri ilə danışıb dəlil təqdim etmədiyindən biz də dəlil göstərmirik. Biz bu mövzuya “Bütün peyğəmbərlər məsumdur” kitabında dəlillər gətirmişik.
Qarşı tərəfin etdiyi ciddi səhvlərdən biri də öz sözünə dəlil kimi gətirdiyi gülünc iddiadır. Müəllif yazır ki, əgər peyğəmbərə (s) istisnasız itaət ediriksə onda gərək əba və qəbada gəzək. Bu nə avam və gülünc iddiadır. Yəni din adı ilə yazı yazan adam bu qədərini anlamır ki, hər bir millətin özünün mənsub olduğu coğrafiyaya, həyat tərzinə uyğun geyimi olmuşdur? Bunu anlamaq belə çətindir? Peyğəmbər (s) zamanında peyğəmbərin (s) istifadə etdiyi bəzi geyimlərdən cahil və nadanlar, müşriklər də istifadə etmişlər. Digər yöndən bu gün kimsə əba və qəba geyinmirsə onda o peyğəmbərə (s) itaət etmir? Bunu hansı məsum sizə təlim edib? Kimsə isbat edə bilərmi ki əba geyinməyən müsəlman Allah Rəsuluna (s) itaətsizlik edib? Əsla! Əksinə sözü deyən şəxs özünü gülünc hala salmış olacaqdır, necə ki buna şahid olduq.
Peyğəmbərlər bilərəkdən xətaya və səhvə düçar olarmı?
Bu mövzuda başqa bir problem isə qarşı tərəfin peyğəmbərləri iki seçim arasında qoymaları və onları etdiklərini bilməyərəkdən edilən xətalar sırasına daxil etmələridir. Amma müəlliif yenə də səhvə yol verir.
Bilirik ki, heç bir peyğəmbər bilərəkdən günaha, xətaya səhvə yol verməz. Bu birmənalıdır və bunda ixtilaf yoxdur. İkinci iddaya gəlincə:
- Peyğəmbərlərin bilməyərəkdən xəta etməsini isbat edən fakt varmı?
- Əgər peyğəmbər (s) nadir hallarda belə günaha yol versəydi onda Allah onlara itaətdə istisnanı şərt qoyardı. Lakin Quranda buna işarə edən heç bir hal yoxdur.
- Biz bilirik ki, xəta, səhv adətən qəflətdən baş verir. Peyğəmbərlər qəflətə düçar olarmı?
- “Qələm” surəsinin 4-cü ayəsini məsumluğa dəlil gətirən müəllif necə olur ki, Adəmi (ə) istidna edir və onu xəta edə bilmə ehtimalını verir? Məgər bütün peyğəmbərlər öz zamanlarında “ən üstün əxlaq sahibi” deyildilərmi?
- Görəsən hansısa peyğəmbər (s) bilərək Allahın qanunlarını tapdalamışdır? Biz belə peyğəmbər nümunəsi tanımırıq.
- Müəllifdən soruşuruq hansı peyğəmbər hansı dəlilə əsasən bilməyərəkdən günah edib?
- “Xəta günah deyil” deyib peyğəmbərlərə xəta nisbət vermək hansı məntiqi nəticənin məhsuludur.
- Günah olmayan hər sözü peyğəmbərlərə nisbət vermək olar deyə bir qanun, bir məntiq varmı?
- Lüğət kitablarında bu sözün mənası izah edilərkən bu versiya da irəli sürülür ki, xəta günah qəsdi olmadan edilən işlərdir. Burda yenə sual yaranır. Peyğəmbərlərin bu cür işləri həyata keçirtdiyini təsdiq edən hansı faktlar var? Peyğəmbərlər yanlışlığa düçar ola bilərlərmi?
- Maraqlı bir cümlə isə budur: Hz Adəm istisna olmaqla bütün peyğəmbərlərin mütləq şəkildə günahsız olmaları sabit olacaqdır.
Bu cümləyə əsasən Adəm (ə) mütləq şəkildə günahsız deyil?

Həzrət Adəm (ə) heç bir meyvəni yeməmişdir – Məsələnin zahirinə aldananlar.

Həzrət Adəmin (ə) qissəsində maraqlı olan məqamlardan biri də onun hansı meyvəni yeməsidir. Bu mövzuda kifayət qədər fikir ayrılığı mövcuddur. Lakin məsələ həqiqətdə elə deyildir. Mövzu ilə bağlı məsumluq mövzusunda qələmə aldığımız “Bütün peyğəmbərlər məsumdur” kitabında geniş yer ayırdıq. Maraqlananlar müraciər edə bilər.
Müəllif yazır ki Adəm (ə) qadağan olunmuş meyvəni bilərəkdən yediyindən ona mütləq şəkildə məsum demək yanlışdır. Görünür müəllif Həzrət Musanı (ə), Həzrət Yunusu (ə) gözdən qaçırıb.
Maraqlıdır ki müəllif Adəmin (ə) məsumluğunun isbatını önfərz olaraq təqdim edir. Bu da növbəti bir problemdir. Müəllifin sözügedən mövzuda mütaliə əhli olmadığı yaxud mənbələrdə kifayət qədər maraqlanmadığı aydınca görünür. Əgər diqqət edirsinizsə biz hələ müəllifə konkret olaraq nə Qurandan, nə də digər mənbələrdən dəlil göstərmirik. Çünki bir sıra fikirlər onun öz subyektib fikridir. Əlbəttə Quran, hədis və səhih tarixi mənbələr həmin fikirləri batil edir.
Nəticə olaraq qeyd edirik ki, “Bütün peyğəmbərlər birmənalı olaraq məsumdurlar. Həzrət Adəmdən Xatəmə (s) qədər bütün peyğəmbərlər nəinki günah, xəta və səhvdən də məsumdurlar.”

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir