Həzrət Adəm (ə) xəta edib deyənlərə Qurandan iki dəlil
Məsumluq mövzusunda Həzrət Adəmi istisna edib, onun xəta edə bilmə ehtimalını irəli sürənlərə cavab.
Məsumluq mövzusunda ən yaxşı dəlillərdən biri də “Qələm” surəsi 4-cü
ayə hesab olunur. Peyğəmbərin (s) günah əhli olmadığına ən aydın dəlillərdən
biri də budur. Bu ayədəki bütün kəlimələrin təkid olduğunu söyləyən bəzi müfəssirlər
də vardır.
Qələm surəsi 4: “Həqiqətən sən ən böyük əxlaq üzərindəsən”
İndi haqlı olaraq sual yaranır ki, Həzrət Adəm (ə) və digər peyğəmbərlər
ən üstün əxlaq sahibi deyil? Ümumiyyətlə peyğəmbərlərin hər biri öz zəmanələrinin
ən üstün əxlaq sahibi deyillərmi? Kim peyğəmbərləri əxlaqsızlıqda ittiham edə
bilər? Əlbəttə heç kim. Elə isə növbəti sualı veririk: Bütün peyğəmbərlər ən
üstün əxlaqa sahib olduqları halda necə ola bilər ki biz birinə “O, üstün əxlaq
sahibidir, məsumdur” deyib, digərinə isə müəyyən xətalar nisbət veririk?
Deməli “Qələm” surəsi 4-cü ayədən çıxış edib digər peyğəmbərlərin də ən
üstün əxlaqa sahib olmalarını görə bilərik.
Ümumiyyətlə kim idia edib ya edə bilər ki digər peyğəmbərlər ən üstün əxlaqa
sahib deyildilər?
Məsələni bir qədər də fərqli təqdim edək. Fərz edək ki, sözügedən ayə
Quranda yoxdur. O ayə olmasaydı məsumluq mövzusu isbat oluna bilməzdimi? Yəni,
məsumluq mövzusunun isbatı üçün mütləq bu ayə gəlməlidir ki biz tam yəqin
tapaq? Sözümün canı budur ki, Adəm (ə) və digər peyğəmbərlər barədə “Qələm” 4-də
gəldiyi kimi ayə gəlməsə bu peyğəmbərləri sual altna aparmaq lazımdır? Axı bu qənaətə
haradan və necə gəlirsiniz?
Peyğəmbərə və məsuma itaətdə
istisna yoxdur.
Quran bizə dəfələrlə əmr edir ki
Peyğəmbərə (s) qeyd şərtsiz itaət edək.( Bax: Nisa, 13-14-69-80, Nur, 54,
Həşr, 7 və s.) Əgər Peyğəmbər (s) günah əhlidirsə niyə Allah heç bir
qeyd və şərt olmadan bizə birbaşa Peyğəmbərə (s) itaət göstərməyi əmr edir?
Hətta itaət etməyənləri alçaldıcı əzabla təhdid edir. (Nisa, 14) Digər ayədə isə
Peyğəmbərə (s) itaəti Allaha itaətə bərabər tutur. (Nisa, 69)
Əgər Peyğəmbərin (s) zərrə qədər günahı olsaydı, Allah
mütləq, bir ayədə istisna halı qeyd edərək “Peyğəmbərə itaət edin, amma filan
halda yox”, yaxud “filan hallar istisna olmaqla” - deyə buyurardı. Əgər
Peyğəmbər (s) günah əhli olsaydı, bu istisnalar mütləq, olmalı idi. Biz buna
bənzər mövzularda istisnaları müşa¬hidə edirik. Məsələn, valideynlər barədə Allah
istisna halları qeyd edir. İnsan valideynə bütün hallarda itaət etməlidir və Allah
dəfələrlə “valideyninizə yaxşılıq edin” - deyə buyurur. Lakin valideyn insanı
Allaha qarşı günaha dəvət edirsə, Allah itaəti qadağan edir.
“Loğman” surəsinin 15-ci ayəsi: “Əgər (atan-anan) bilmədiyin
bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan)
dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf
dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma
qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcə-yəm!”
Biz Peyğəmbərə (s) itaət mövzusunda bu kimi istisnaları
görmürük. Heç bir qeyd və şərt olmadan
Allah itaəti əmr edir. Peyğəmbərin (s) günah etdiyini deyənlər görəsən bu
ayələri necə izah edir?
Məsələ barədə məlumatlı olduqdan sonra bir neçə sual verək:
-
Görəsən digər peyğəmbərlərə də öz
zamanlarında qeyd şərtsiz itaət vacib olub ya yox?
-
Əgər kimsə “yox” deyə cavab verdisə bu
cavab hansı dəlillərə söykənir?
-
Görəsən elə bir zaman olub ki o zamanda
yaşayanlar itaətdə tam sərbəst olsunlar? Lap aydın yazsaq: Belə bir peyğəmbər
nümunəsi varmı ki Allah onun qövmünə peyğəmbərə itaəti şərt qoymasın? Onlar istədikləri
mövzuda ona itaət yaxud üsyan etsinlər?
Bu kimi sualları artıra da bilərik. Bu mövzuda bu iki
məsələyə toxunmaqda məqsəd məsumluq mövzusunu yanlış anlayanlara qısa və yığcan
cavab vermək idi. Quranın digər ayələrinə əsasən də biz Adəmdən (ə) Xatəmə (s)
qədər bütün peyğəmbərlərin birmənalı şəkildə məsum olmalarını müşahidə edə bilərik.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder