Musiqi haram deyil, haram olan musiqi var
İstəyirik qısa şəkildə musiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirək. Bir çox musiqilər İslam şəriətinə əsasən
haram sayılır. Həm onu ifa etmək, həm onu dinləmək və həm də o növ məclislərdə
iştirak etmək haram sayılır. Musiqi barədə əsasən,
iki mövqenin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini
terminlə desək, “ğina” və “haram” olduğunu söyləyir və hər cür musiqini ifa etməyi,
dinləməyi günah sayır. Digər bir dəstə bəzi müsiqilərin halal, bəzilərinin isə
haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini
vurğulayır. Etdiyimiz mütaliə və araşdırmaya əsasən, biz də musiqinin tamamən
haram olmasını dəstəkləmirik. Biz demirik ki, musiqi tamamilə haramdır, biz əksinə
deyirik ki; Haram olan musiqilər var. Başqa sözlə deyirik ki, o musiqilərdə ki,
“ğina” var, onlar haramdır. Elə isə ilk öncə öyrənək görək, ğina nədir?
Ğina nədir?
Ğinanın nədən
ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətlərdə
bu sözə verilən mənalarla tanış olmaq lazımdır.
Lüğətlərə müraciət etdikdə “ğina” sözünün əsasən
bir-birinə yaxın mənalar verdiyinin şahidi oluruq. Bütün mənaları nəzərdən
keçirib bunu demək olar ki, “ğina” boğazda
qaynadılan (zəngulə edilən) və insanı coşduran, səsi uzadılan, insanı yerindən
oynadan, lori dildə desək sümüyünə düşən səsdir.” (Daha ətraflı bu lüğət və
kitablara müraciət edə bilərsiniz: “Fəyyumi. “Əl-Misbahül-munir”, səh. 173,
Firuzabadi də “əl-Qamusül-mühit” səh. 1319, İbn əl-Əsir “ən-Nihayə fi ğəribil-hədisi
vəl-əsər” c. 3 səh. 391, Cövhəri “əs-Sihah” lüğəti c. 6. səh. 2449, Türeyhi - Məcməül-bəhreyn
lüğəti c. 1, səh. 321)
Odur ki ğina sayılacaq musiqilər
istisna olmaqla digər musiqilərdə xüsusi bir əngəl yoxdur. Musiqini tamamilə
haram hesab edənlər unudurlar ki müqəddəs Qurani-Kərimin özü də bir avaz və
musiqi üzərindədir. Gündə bir neçə dəfə müsəlmanları namaza çağıran əzan səsi və
sair.
Musiqinin filmlərdə aldığı yer də əvəzsizdir.
Bir səhnənin tamaşaçıya lazımı formada çatdırmaqda musiqi bəzən əvəzsiz rola
malik olur. Heç bir sözlə ifadə olunmayacaq hisləri musiqi çatdırır, izah edir.
Bu mövzuda bəzilərinin ifrat və təfritə
yol verməsi zaman-zaman cəmiyyətdə problemlərə səbəb olur. Bu da cəmiyyətin
tutumunu, inkişafının bir göstəricisi ola bilər. Necə ki bəzi alimlər musiqi haramdır sualına fərqli
cavab verərək qarşısındakılara daha önəmli məsələlərlə məşğul olmağı anlatmağa
çalışıb.
Böyük din alimlərindən olan Şeyx
Hadi Nəcm Abadidən soruşdular: “İslamda haram musiqi var?”
Şeyx belə cavab verdi: “Varlı qonşunun evindəki plov qazanının dibinə sürtülən kəfgirdən çıxan və kasıb qonşunun ac uşaqlarının qulağına çatan səs haram musiqidir.”
Şeyx belə cavab verdi: “Varlı qonşunun evindəki plov qazanının dibinə sürtülən kəfgirdən çıxan və kasıb qonşunun ac uşaqlarının qulağına çatan səs haram musiqidir.”
Şeyxin bu cavabı ilə öz həyatımıza
ayna tutaq və haram olan daha vacib haram musiqiləri həyatımızdan çıxaraq.
İlahiyyatçı, araşdırmaçı - Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder