Yusif (ə) məsumdur.

Hz Yusif (ə) uşaqlıqdan bir sıra çətinliklərlə üzləşir. Anasını kiçik yaşda itirməsi, atasından uzaq düşməsi, quyuya atılması və nəhayət qardaşları tərəfindən satılması bunun bir hissəsidir. Müxtəlif mərhələləri qət edən kiçik yaşlı Yusif bazarda satılır... İlahi təqdir belə idi ki, onu Misirin əzizi bazardan satın alsın. Misirin əzizi onu satın alır və saraya gətirir.
وَقَالَ الَّذِي اشْتَرَاهُ مِن مِّصْرَ لاِمْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَى أَن يَنفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَكَذَلِكَ مَكَّنِّا لِيُوسُفَ فِي الأَرْضِ وَلِنُعَلِّمَهُ مِن تَأْوِيلِ الأَحَادِيثِ وَاللّهُ غَالِبٌ عَلَى أَمْرِهِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ
“Onun almış misirli şəxs öz zövcəsinə dedi: “Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.” Və beləcə Biz Yusifə həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər məsləhətlər əsasında belə etdik) və (həm də) ona görə ki, hadislərin yozumunu öyrədək. Allah Öz işinə qalibdir lakin insanların çoxu bilmirlər.” (Yusif 21)

وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ
“O cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.” (Yusif 22)

وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَن نَّفْسِهِ وَغَلَّقَتِ الأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ قَالَ مَعَاذَ اللّهِ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ
“Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: “Tez ol, mən sənin üçün hazıram.” Yusif dedi: Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. (Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib.) Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar.” (Yusif 23)

وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّ بِهَا لَوْلا أَن رَّأَى بُرْهَانَ رَبِّهِ كَذَلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاء إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ
“Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusif Öz Rəbbinin dəlilini özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri mümkün idi.) (Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürmək üçün) ona tərəf hərəkət edərdi.) Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşdurduq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi.” (Yusif 24)

وَاسُتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِيصَهُ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ قَالَتْ مَا جَزَاء مَنْ أَرَادَ بِأَهْلِكَ سُوَءًا إِلاَّ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ
“Və onların hər ikisi qapıya tərəf qaçdı və qadın onun köynəyini arxadan cırdı. (Qapı açılanda) hər ikisi qadının ağasını (ərini) qapı ağzında gördülər. Qadın dedi: Sənin ailənə qarşı pis fikrə düşənin cəzası zindana salınmaqdan və ya ağrılı əzab görməkdən başqa nə ola bilər?” (Yusif 25)

قَالَ هِيَ رَاوَدَتْنِي عَن نَّفْسِي وَشَهِدَ شَاهِدٌ مِّنْ أَهْلِهَا إِن كَانَ قَمِيصُهُ قُدَّ مِن قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الكَاذِبِينَ
“(Yusif dedi:) Bu qadın məndən kam almaq istədi. Və qadının ailəsindən olan bir şahid şəhadət verdi (onları əqli dəlilə doğru istiqamətləndirdi və o, köynəyin necə cırılması məsələsidir) ki: Əgər onun köynəyi qabaqdan cırılıbsa, onda qadın düz deyir və ya o yalançılardandır.” ( Yusif 26)

وَإِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِن دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِن الصَّادِقِينَ
“Və əgər onun köynəyi arxadan cırılıbsa, onda qadın yalan deyir və o doğruçulardandır.” (Yusif 27)

فَلَمَّا رَأَى قَمِيصَهُ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُ مِن كَيْدِكُنَّ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ
“Beləliklə, (ağası) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: Bu, siz qadınların məkr və hiyləsindəndir. Doğrudan da sizin (kişilərin ürəklərini cəlb etmək üçün) hiyləniz böyükdür.” (Yusif 28)

يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا وَاسْتَغْفِرِي لِذَنبِكِ إِنَّكِ كُنتِ مِنَ الْخَاطِئِينَ
“Ey Yusif, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.” (Yusif 29)

Yusif və Züleyxa arasında baş verən bu hadisələr Quran baxımından aydın şəkildə qeyd edildiyindən əlavə sözə ehtiyac duymuruq. Sonuncu ayədə olan bir nüansı qısa şəkildə qeyd edək. Ayənin zahiri tərcümələrinə istinad edənlər orada olan bağışlanma sözünün Yusif peyğəmbərə aid etmək istəyirlər. Ayənin ərəbcəsinə diqqət etsək görərik ki, oradakı zəmirlər qadına (Züleyxaya) aiddir.

وَاسْتَغْفِرِي لِذَنبِكِ إِنَّكِ كُنتِ مِنَ الْخَاطِئِينَ
“...və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.” (Yusif 29)
Hz Yusif zindan yoldaşından kömək istədi?
Hz Yusif (ə) –la bağlı digər bir şübhə onun zindan yoldaşından kömək istəməsidir. Ayəni oxuyaq.

وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِّنْهُمَا اذْكُرْنِي عِندَ رَبِّكَ فَأَنسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ
“Və (Yusif) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: “Məni öz ağanın yanında yada sal.” Lakin şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusif bir neçə il (üç ilə doqquz il arasında) zindanda qaldı.” (Yusif 42)

Bu hadisə ilə bağlı zaman-zaman fikir müxtəlifliyi olmuşdur. Gəlin bir neçə yöndən məsələyə toxunaq;
Əvvəla qeyd edək ki, Yusif (ə) Allahın bir peyğəmbəridir və məsumdur. Onun zindan yoldaşından kömək istəməsi nəinki, günah deyil, əksinə o şəraitdə ona bu işi görmək vacib idi. Yusif (ə) –ın zindan yoldaşından kömək istəməsi, başqa sözlə təvəssül etməsi dini ədəbiyyatlarda (kəlam elmində) oxuduğumuz təvəssül deyildi. O təvəssülə, kömək istəməyə “ürfi təvəssül” deyilir ki, insanlar arasında gündəlik həyat və məişətdə hər an müşahidə edilir. İnsanlar gün ərzində dəfələrlə öz işlərində bunu həyata keçirirlər. Məsələn telefon vasitəsi ilə gün ərzində neçə-neçə işlərimiz həyata keçir. Yəni, biz telefona təvəssül edirik, onun vastəsi ilə zəng edir və bir sıra işlərimizi həll edirik. Təvəssül və vəsilə sözlərinin mənasını öyrənsək, Yusif (ə) qissəsindəki bu mövzunu rahatlıqla anlaya bilərik. Xülasə şəkildə bunu deyə bilərik ki;
Təvəssül yəni bir vasitə ilə, bir iş ilə çatmaq istədiyin hədəf uğrunda çalışmaq.
Təvəssül - Vəsilə - “dərəcə,” “məqam,” “yaxınlıq” və bu kimi mənaları əhatə edir. Vəsilə yəni, padşah yanında xüsusi bir məqama sahib olmaq. (İbn Mənzur – Lisanul-ərəb, c 11, səh. 724, Beyrut çapı)
Zindandan xilas olan şəxs də padşaha yaxın olan şəxs idi. Odur ki, Yusif (ə) öz günahsızlığını isbat etmək, üçün zindandan azad olan şəxsə bu sözü söyləyir: “Məni öz ağanın yanında yada sal.” (Yusif 29)
Zəif və məchul hədislərlə Yusif (ə)-ma olunan ittiham.
Yusif (ə)-ın sözündən sonra baş verən hadisələr isə, hədislərdə gəlmişdir. Rəvayətlərdə qeyd olunur ki, Yusif (ə) zindan yoldaşına bu sözü dedikdən sonra, Hz Cəbrail (ə) nazil olaraq buyurdu: “ Ey Yusif! Sənə bütün çətinliklərdə kim nicat verdi? Sənə qaranlıq quyudan kim nicat verdi?
Yusif (ə) buyurdu: Allah.
Allah vəhy etdi: “Elə isə niyə məndən kömək və yardım istəmədin? Bu əməlinə görə 7 il daha zindanda qalacaqsan.”
Bu hədisi araşdırdıqda görürük ki, hədis sənəd baxımından zəifdir. Hədisin ravilərində problemlər var.
Bu mövzuda ikinci bir hədis isə belədir ki, baş verən hadisədən sonra “Yusif (ə) o qədər ağladı ki, hətta zindanın divarları da onun səsinə səs verdi.”
Bu hədis də sənəd baxımından zəif və məchuldur. Fərz edək ki, bu hədis doğrudur. Hədisin növbəti cümlələrində biz görürük ki bu ağlamaq günaha görə yox, Yaqub (ə) dan ayrılığa görədir. Əlbəttə bu bir səbəbidir. Bu mövzuda zəif hədislərin izahı və raviləri barədə daha geniş məlumat əldə etmək istəyənlər Məhəmməd bin Məsud Əyyaşinin “Təfsiri Əyyaşi”sinə müraciət edə bilərlər.

فَأَنسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ – “Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu...” (Yusif 42)
Bu ayə barədə müfəssirlər arasında fikir ayrılığı vardır. Ayədə olan  ه  zəmirinin Yusif (ə) –ma yoxsa zindandan azad olan şəxsə qayıtması müzakirə obyektinə çevrilmişdir. Bu mövzuda iki fikir vardır;

1.     ه  zəmiri Yusif (ə) –ma qayıdır.  Onda ayənin mənası belə olacaqdır. “Şeytan Yusifə Rəbbini unutdurduğu üçün o Allahdan qeyrisindən kömək aldı.
2.     ه” zəmiri zindandan azad olan şəxsə qayıdır. Onda ayənin mənası belə olacaqdır: “Şeytan onu (saqini zindandan xilas olan şəxsi) unutqanlığa vadar etdi və o da Yusifi padşahın yanında ona xatırlada bilmədi.
Bu fikirlərdən ikincisi Quran baxımındna daha məqbuldur. Quran Hz Yusifi ixlaslı bəndə kimi yad edir. (Yusif 24)
Şeytan isə ixlaslı insanları heç vaxt azdıra bilməz.
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
“(İblis) dedi: İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxardacağam.” (Sad 82)

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
“Onların arasında Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.” (Sad 83)

Deməli, şeytan özü də etiraf edir ki, ixlaslı bəndələri azdıra bilməz. Bu bəndə peyğəmbər olduqda məsələ bir qədər də ciddi olur. Təkcə bu ayə Yusif (ə) –ın məsumluğuna kifayət edər. Bu ayədən də başa düşülür ki, Yusif (ə) –ın “Məni öz ağanın yanında yada sal.” (Yusif 29) sözü heç də şeytani və günaha bais olacaq söz və əməl deyildi ki, buna görə Allah onu məzəmmət edə, yaxud o bu sözünə görə ağlayıb tövbə edə. Bu məsələ o qədər aydındır ki, hətta İbn Teymiyyə belə “Lakin şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu.” ayəsinin Hz Yusifə deyil, zindandan azad olan şəxsə aid olmasını geniş şəkildə izah edir. (Bax: Kutub və Rəsail və Fətəvayi İbn Teymiyyə fit-təfsir c 15, səh. 112)
Yusif (ə) –ın zindan yoldaşından kömək istəməsinin təvəkküllə heç bir ziddiyyəti yoxdur. Yəni, Allahdan qeyrisindən kömək istəmək Allaha təvəkkül etməmək mənasına gəlməz. Həkimə xəstəlik səbəbindən edilən müraciət, Allahdan qeyrisindən kömək istəmək anlamında deyil. Elə o müraciətin özü də Allahın sözünə riayət etməkdir.
Fəxri Razi kimi müfəssirlər və Hənbəli fiqh alimlərindən bəziləri və s əhli sünnə alimləri də Yusif (ə)-ın zindan yoldaşından kömək istəməsini normal bir hadisə sayaraq, onun təvəkküllə heç ziddiyyətinin olmamasını qeyd edirlər. (Bax: Əl-Bidaytun- Nihayət c 1, səh 207; Fəxri Razi Təfsiri Kəbir Yusif 42-ci ayənin təfsirində və s.)
Bu mövzuda Əbu Reyhan Əndəlusi Yusif (ə)-ın bu addımını, Misirin padşahını təkallahlığa hidayət etmək istəyi ilə əlaqələndirir. (Əbu Reyhan Əndəlusi Təfsirul-Bəhrul-Muhit c 5, səh. 310;)
Yusif (ə) hədəfi Misir padşahını özünün günahsız yerə həbs olmasını çatdırmaq idi. Zindan yoldaşına dediyi sözü, padşah onu zindandan azad etsin deyə dilinə gətirmədi. Yusif peyğəmbər nə vacibi tərk etmişdir və nə də harama mürtəkib olmamışdır. (Təbərisi, Cəvame Came cild 2, səh. 221)
Maraqlıdır ki eyni oxşar fikirləri də İbn Teymiyyədə bu mövzuda kitabında qeyd etmişdir. (Bax: Məcmuə fətəva c 15, səh 113)
Bura qədər qeyd etdiyimizdən nəticə alaq;
1.Yusif (ə) zindan yoldaşından istədiyi kömək “ürfi kömək” idi.
2.Yusif (ə)-ın zindan yoldaşına dediyi bu sözünə görə ağlaması, göz yaşı tökməsini qeyd edən rəvayətlər sənəd və ravi baxımından zəif və məchuldur.
3.Yusif (ə) heç vaxt Allahı unutmadı. Unutqanlıq zindandan azad olan şəxslə bağlıdır.
4. Bu kömək istəməyin heç bir eyibi yox idi. Çünki, bunun kökündə digər mühum amillər dururdu.
Sual: Yusif (ə) niyə 7 il zindanda qaldı?
Cavab: Yusif (ə)-ən zindanda daha artıq qalması bəzilərinin düşündüyü kimi günahı ucbatından deyildi. Səbəbləri belə sıralamaq olar.
1. Zindan yoldaşının onu unutması. Bu ayədən alacağımız ibrət budur ki, insan firavanlığa çıxdıqda bir sıra şeyləri unudur.
2. Allah belə təqdir etmişdir ki, o daha artıq zindanda qalsın və zindandakıların hidayəti ilə məşğul olsun.
3. Yusif (ə) –mı zindana salanlar onun zindandan belə tezliklə çıxmasının tərəfdar deyildilər.
Bu səbəblərlə yanaşı, Yusif (ə)-ın zindan yoldaşından kömək istəməsinin tərki ovla olmasını və elə məhz bu səbəbdən daha artıq zindanda qaldığını söyləyən müfəssirlərdə vardır. Onlar qeyd edirlər ki, insandan kömək istəmək, adi insanlar üçün bir eyib olmasa da peyğəmbərlər üçün yaxşı hal sayılmır. Daha yaxşı olardı ki, Yusif (ə) səbr edib bu işi Allaha həvalə edəydi.
İnsan zülmdən müdafiə zamanı digərlərindən kömək istəyə bilər. Bu fikirləri qeyd edən mənbələrin bəzisini qeyd edirik. (Əl-Cədid fi təfsiril-Quranil-məcid c 4, səh. 43, Səbzəvari Nəcəfi Muhəmmıd bin Həbibullah; Şeyx Məkarim Şirazi, Əl-əmsəlu fi təfsir Kitabəllahil-munzəl, c 7, səh. 214; Beyzavi, Nasurud-din Əbul-Xeyr Abdullah bin Ömər bin Muhəmməd, Ənvarut-tənzil və Əsrarul-təvil (Təfsiri Beyzavi) c 3, səh. 290 və s)
Yusif (ə) atasına hörmətsizlik etdi?
Yusif (ə) barədə bir şübhədə onun atasına qarşı guya hörmətsizlik etməsidir. Quranın Yusif sürəsi, Hz Yusifin iman, elm, təqva, hikmət, əxlaq və bu kimi xüsusiyyətlərini əks etdirir. “Hz Yusifin atası və İsrail oğulları Misirə daxil olarkən onun atdan düşməməsi və ya bir qədər gec düşməsi səbəbindən Allah onun nəslindən peyğəmbər qərar vermədi” deyə zikr olunan hədislər qəbul edilməzdir. Çünki, bu mövzuda gələn iki hədis mürsəl və mərfudur. Hədis və dirayə elminə əsasən bu kimi hədislər digər dəlillər olmadığı və ya onu təsdiq edən başqa bir mənbə olmadıqda təkbaşına qəbul edilməz və bir mövzuda ondan dəlil kimi istifadə etmək olmaz. Biz Qurana müraciət etdikdə Yusifin öz atasını hörmətlə qarşıladığını görürük.
“Beləliklə, onlar Yusifin hüzuruna daxil olanda, o ata-anasını qucaqladı və onlara öz yanında yer verib dedi: Allahın istəyi ilə əmin-amanlıqla Misirə daxil olun.” (Yusif 99)
Ayədən məlum olduğu kimi, Yusif (ə) atasını çox mehribanlıqla, qucaqlayaraq öz məhəbbətini əməli şəkildə əks etdirmişdir. Başqa bir diqqət olunası məqam budur ki, Yusif (ə) buyurur: “Misirə daxil olun.” (Yusif 99)
Buradan məlum olur ki, Yusif (ə) ata-anasını qarşılamaq üçün şəhərdən xaric olmuşdur. Başqa sözlə, onlara hörmət əlaməti olaraq, özü onların pişvazına getmişdi.
“Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil zaman hamısı) onun qarşısında səcdəyə düşdülər....” (Yusif 100)
Onları öz taxtına çıxartması özü də hörmət əlamətidir.
Yusif (ə) –ın nəslindən peyğəmbərin (ə) olmamasını, onun atasına olan hörmətsizliyi ilə əlaqəli deyil. Məgər bütün peyğəmbərlərin övladları da peyğəmbər olmuş yaxud hər birinin nəslindən peyğəmbər gəlmişdirmi? Əlbəttə xeyr. Onda bu onlara üçün bir eyib və nöqsandırmı? Yenə də cavab xeyr olacaq. Peyğəmbərlik irsi deyil, əksinə Allah insanlar içərisindən peyğəmbərliyə ən layiq şəxsləri seçərək bu məqamı onlara bəxş edir. Bəli, Quran özü bəzi peyğəmbərlərin, bəzilərindən üstünlüyünü qeyd edir. (Bəqərə 253) Lakin, bunu bilək ki, bir peyğəmbərin üstünlüyü digərinin fəzilətdən uzaqlaşdırmaq deyil. Hər biri, bir nur kimi öz dövrlərində şərati nəzərə alaraq ilahi əmrləri icra etmişlər. Daha sadə bir misal, biz əgər gözün önəmindən danışırıqsa, bunun mənası bu deyil ki, dil, qulaq, əl-ayaq önəmsizdir. Hər biri öz yerində gözəl və önəmlidir. Bir peyğəmbərin nəslindən peyğəmbər gəlməsi ilahi hikmət üzündəndirsə, gəlməməsi yenə də ilahi hikmət və məsləhət əsasındadır.

Hz Yusif qissəsindəki, “Həqiqətən siz oğrusunuz ” xitabı kimə şamil edilir?
Beləliklə, elə ki, onları azuqə və səfər vəsaiti ilə təchiz etdi (elə həmin ərzaq ölçüsü olan) su piyaləsini qardaşının yükünün içinə qoydu. Sonra bir carçı var çəkdi ki: Ey karvan əhli, siz doğrudan da oğrusunuz. (Yusif 70)
Yusif sürəsində yer alan إِنَّكُمْ لَسَارِقُونَ – Həqiqətən siz oğrusunuz ayəsini Yusif (ə)-ma nisbət verərək, o həzrətin qardaşlarını ittiham etdiyini qeyd edirlər.
Yusif (ə) qardaşı Bünyamini yanında saxlamaq məqsədi ilə, padşahın su qabını qardaşının razılığı əsasında onun yükünün içərisinə qoyur və bu yolla onu öz yanında saxlamağa müvəffəq olur. Su qabının Bünyaminin yükünün içərisindən çıxdıqda kimsə onlara səslənərək “Həqiqətən siz oğrusunuz” (Yusif 70) deyir.
Bəzi təfsirlərdə o sözü deyənin Hz Yusifin işçilərindən biri olduğu qeyd edilir. Beləliklə;
1. Məlum deyil ki, o sözü deyən kimdir.
2. O, xitabın muxatəbi Bunyamin idi ki, o bunu razılıq əsasında etdi və bu işləri də gözə almşdı. Çünki, yalnız bu plan vasitəsi ilə orada qala bilərdi.
3. Bu söz həqiqətən də onlara töhmət və oğru adlandırmaqdan ötrü deyildi, əksinə hazırkı mənzərənin vəsfi idi.
4. “Həqiqətən siz oğrusunuz” (Yusif 70) sözü zahirdə itən əşyaya aid edilsə də, həqiqətdə onların Yusifi (ə) atalarından oğurlanmasına da aid edilə bilər.

Araşdırdı: Mahir Şəkərov - İlahiyyatçı yazar.








Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)