Hz Adəm və Həvvanın ayıb yerləri həqiqətən göründümü? - Tərcümələrdə olan səhv izahların Quran və təfsirlə izahı

“Ayıb yerləri göründü” ayəsi əslində bizə nəyi çatdırır?
Bu məsələdə təfsirə ehtiyacı olan məqamlardan biri də “...ayıb yerləri özlərinə göründü. Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22) ifadəsdir. Bəziləri bu ayəni izah edərkən qeyd edirlər ki, Hz Adəm və Həvvanın əynində bildiyimiz paltardan var idi. Elə ki, o paltarlar aradan getdi onların ayıb yerləri göründü. Digər bir dəstə isə düşünür ki, onların ümumiyyətlə övrətləri yox idi. Bu hadisədən sonra onların övrətləri zahir oldu. Bu iki fikrin tam mənada isbat və sübutu əlimizdə yoxdur. Ən uyğun məna və izah budur ki, o libas mənəvi libas idi, və ayədə qeyd olunan məna zahiri övrətdən getmir, əksinə onların mənəvi halına işarədir. Əhli sünnənin mötəbər təfsir alimlərindən olan Fəxri Razi bu ayə haqda danışarkən buyurur: “Bu libas, bir libas idi ki, nurdan idi və bu libas təqva libası idi.” (Fəxrəddin Razi – Məfatihul-Ğeyb c 14, s 223.)
Çox gözəl və qane edici bir izahdır. Bu sürədə Allah geyimdən söz açanda buyurur ki, وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ - “təqva libası daha yaxşıdır (xeyirlidir).” (Əraf 26) Deməli söhbət yenə də işin mənəvi tərəfindən gedir. Təqva libası yəni, həqiqi şəkildə pəhrizkar olmaq. Ayədə qeyd olunan “ayıb yerləri göründü” ifadəsində ərəb dilində "بدا یبدی" felindən istifadə olunub. Bu felin Quranda işlənmə yerlərinə baxsaq görərik ki, bu fel bir çox yerlərdə qabağına çıxdı, kimi işlənib. Məsələn Ənam 28-ə baxaq: بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ - “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri onların qabağına çıxdı.” (Ənam 28)

Deməli, “ayıb yerləri göründü” ayəsində məqsəd ancaq elə bu deyil ki, övrətləri göründü. Bu zahiri məna Quranın və Hz Adəm (ə)-la bağlı olan mövzudakı ayələrlə tam uzlaşmır. Bu ayədən təfsir və ayələrə əsasən nəticə alaq. Ayıb yerləri göründü yəni, onlar tərki ovla –zəllə etdilər. Bu, onların məqamı baxımından, (Allahla öz aralarında) bunu özlərinə eyib bildilər. Yəni, Allahın verdiyi nemətlər qarşısında hətta yaxşı işi də tərk etmək bu cür şəxsiyyətlər üçün eyib sayılır. Onlar bunu dərk etdiklərində o xüsusi nur onlardan uzaqlaşdı. Ayıb yerləri göründü yəni, “etdikləri qabaqlarına çıxdı.” Bunu Quran ayəsinə əsasən gördük.

Bu ayənin davamında olan “...Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22) ifadəsinə də qısa izah verək. Yuxarıda qeyd etdiyimiz kimi ayənin zahiri tərcüməsi bizə təkbaşına kifayət edən deyil. Mümkündür ayənin zahiri tərcüməsi bir cür, amma təfsiri tam başqa cür olsun. Burda da məqsəd budur ki, elə ki onlar tərki ovla etdilər və eyibləri üzə çıxdı. Onlar tövbə ilə Allah qarşısına qayıtdılar və günahlarının üstünü örtdülər. Buna dəlilimiz mübarək bir hədisdir. Hədisə əsasən Allah həqiqi tövbə edənlərin günahlarının üstünü örtür, hətta o günhahları onu qeyd edən mələklərin də yaddaşından silir. Həmçinin o günaha şahid olan məkan, bədən üzvü və s. də onu unudur. Çünki, Qiyamətdə hər bir şey insan əleyhinə şəhadət verəcək. (Yasin 65)

“Ayıb yerləri göründü” ayəsinə daha bir izah.

Ayələrdə olan “ağac” ifadəsi rəmzi məna daşıyır. Ağac “qadağan” məfhumunun rəmzi mənasıdır. “Bu ağaca yaxınlaşmayın.” (Bəqərə 35) Yəni, sizə qadağan olan işi görməyin. Bu işin də özləri ilə bağlı olan bir fikir olduğunu qeyd etdik.

Əraf sürəsinin 20-ci ayəsinə diqqət edək: “Beləliklə Şeytan bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək etmək üçün o ikisinə vəsvəsə etdi...”

Ayədə olan “onlar üçün gizli olan” sözü ayənin başa düşülməsində bizə yardım edir. Hz Adəm və Həvvaya gizli olan nə idi? Onlar nəyi anladılar? Onlar, onlara qadağan edilmiş fikrə düşdüklərindən, “ayıb yerləri göründü” yəni, öz zəif cəhətlərini gördülər. Daha yaxşı olardı ki, onlar bu fikrə düşməsinlər. Uca şəxsiyyətlər üçün kiçik məsələlər də Allahla öz aralarında eyib sayılır.Onların gördüyü bu idi. Paltarda məqsəd onların bu məsələni anlamaqda qarşıların alan bir duyğu və hiss idi. Bu hadisələri bizə çatdıran Quran ayələrindən sonra Allah ən gözəl geyimin təqva olduğunu qeyd edir: “Ən gözəl libas təqva libasıdır.” (Əraf 26)

“Ayıb yerləri göründü” ayəsini belə də anlamaq olar. Onların eyibləri üzə çıxdı və onlar da ağac yarpaqları yəni tövbə etməklə öz eyiblərini örtdülər. Çünki, hədis və ayələrdə də tövbə ilə günahın üzərinin örtüldüyü qeyd olunmaqdadır. Ayə hədislərdə olan ifadələr həmişə biz anladığımız şəkillərdə olmur. Nümunə üçün bir ayənin izahını peyğəmbərin öz dilindən eşidək və zahiri məna ilə əsl mənanın fərqini bir daha müşahidə edək.
Bəqərə 187-ci ayəsində olan bu hissəyə diqqət edək: ... “ağ sap qara sapdan seçilincəyə qədər yeyin için...”
Ayənin zahirinə baxdıqda söhbətin ağ və qara sapdan getdiyi anlaşılır. Amma həqiqətdə “ağ sap və qara sap” tam fərqli mənanı ifadə edir. Əziz İslam peyğəmbərinin bu ayəyə verdiyi təfsirə nəzər salaq.
Ədi ibni Hatəm peyğəmbərin (s) yanına gəlib deyir: “Mən sübhün açıldığını bilmək üçün bir ağ sapla qara sapı götürüb, onlara baxdım.” Allah Rəsulu (s) onun sözlərini eşitdikdə gülümsəyib buyurdu: “Ey Hatəmin oğlu! Ağ sap və qara sap dedikdə üfüqdəki ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.Sübhün ağlığının görünməsi orucun başlanmasını bildirir.” (Məcməul-Bəyan, Bəqərə 187-ci ayənin təfsiri).

"Adəm (ə) məsumdur" araşdırmasından.

Araşdırdı: Mahir Şəkərov - İlahiyyatçı yazar.










Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)