Ənfal sürəsində məzəmmət olunan peyğəmbər (s) deyil

مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُ أَسْرَى حَتَّى يُثْخِنَ فِي الأَرْضِ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللّهُ يُرِيدُ الآخِرَةَ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ

Heç bir peyğəmbər yer üzündə (küfrün belini qırmayınca, kafir) öldürməyincə əsirləri özünə mal etmək (onları öldürməyib fidyə qarşılığında azad etmək yaraşmaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi və hikmət sahibidir. (Ənfal 67)
لَّوْلاَ كِتَابٌ مِّنَ اللّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ

Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı (lövhi məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı). (Ənfal 68)

فَكُلُواْ مِمَّا غَنِمْتُمْ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Ənfal 69)
Bu ayələr Bədir döyüşləri zamanı müşriklərin bir qismini əsir edən, sonra peyğəmbərimizə (s) bunları öldürməyib iqtisadi vəziyyətlərinin yaxşılaşması və beləcə din düşmənlərinin müqabilində daha güclü bir mövqeyə gəlmələri üçün əsirlərdən azadlıqları qarşılığında fidyə almağı təklif edən Bədirdə olan bəzilərini şiddətli tənqid edir və danlayır.
Ümumi izahdan sonra bəzi kəlimələrin mənasını öyrənməyimiz mövzunu analamaqda bizə faydalı olacaqdır.

أَسْرَى – Lüğət kitablarında bir şeyi bağlamaq mənasına gəlir. Ərəblər dəvənin ayağının bağlanmasında da bu sözdən istifadə edirlər. Ənfal 67-də olan mənası təfsirlərə əsasən “döyüşdə birini yaxaladıqdan sonra qaçmaması üçün onu bağlamaqdır.” Əsir sözünün cəmidir.

يُثْخِنَ – Qüvvət, qüdrət və möhkəmlik mənalarında işlənmişdir. Mübaliğə kimi, düşməni zəiflətmək, üzərində hakim olmaq mənasındadır. (Bax: Muhəmməd 4).

Təfsiri Təbəri və Qurtubi kimi alimlər bu ifadəni “onlara tam müsəllət olmayınca” şəklində izah etmişlər. Bəzi tərcümə və təfsirlərdə bu sözü şiddət və çox qan tökmək kimi izah etmişlər ki, biz bu mənalarla razı deyilik. Dinin məqsədi insanları qırmaq, onlara qarşı şiddət uyğulamaq deyil əksinə yer üzündə ədaləti bərqar etməkdir. Necə ki, Hz Əli (ə) buyurur: “Ədalət şücaətdən daha üstündür. Əgər insanlar bir-birlərinə qarşı ədalətli olsaydılar, şücaət göstərməyə ehtiyac olmazdı.”

Bu ayədə əsl məna insanları öldürmək yox, döyüş məntəqəsində hakimliyi tam şəkildə ələ keçirtməkdir. Döyüş bitməmiş əsir almaq fikrinə düşənlərə bir xəbərdarlıqdır. Çünki, o zaman bəziləri döyüşə ya qənimət üçün, yaxud düşmən əsir alıb müəyyən bir pul (fidyə) qarşılığında azad buraxmaq məqsədi ilə gedirdilər. Bu ruhiyyə ilə döyüşə gedən əsgər zatən bu işlərlə məşğul olar və döyüşün gedişatına mənfi təsir göstərəcəkdir. Birini əsir alıb, əl-qolunu bağlamaq, bir yerə yerləşdirmək və s kimi işlər vaxt aparan və insanı döyüşdən yayındıran hallardır. Bu fikrə düşənlərə Allah elə həmin ayədə buyurur: “(Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir...” (Ənfal 67)

Ayədə olan عَرَضَ – (ərəzə) – “qısa zamanda puç olub aradan gedən” - sözü də bunu çatdırır.

يُثْخِنَ – (yusxinə) ( إِثْخان ) – (isxan) məsdərindəndir. “İsxan” bir şeyin zirvəsi, bir şeyin sıx yaşandığı nöqtə kimi mənaları da əhatə edir.

Bildiyimiz kimi, Bədir döyüşü kafir və müşriklərlə bi döyüş idi və artıq əsirlər alınmışdır. Halbuki, ayədə “əsir almaq peyğəmbərə yaraşmaz” ifadəsi gəlməkdədir. Elə buna görə də bəzi müfəssirlər bu ayənin qənimətlərlə bağlı olduğunu qeyd etməkdədir. Onda məna belə olacaqdır: “Qənimətlərə hücum çəkib, onun yanındakı müdafiəsiz insanları öldürmək bir peyğəmbərə yaraşmaz.”

Bu sürənin adı (Ənfal “Qənimət” sürəsi) də deyilən iddiaya bir dəlil kimi qeyd edilir. Ümumiyyətlə bu sürə döyüş qaydaları, əxlaqı və həmçinin döyüş zamanı və sonrası baş verən hadisələrdən bəhs edir.

Bu ayələr peyğəmbəri (s) məzəmmət edir?

Bəzi təfsirlərdə bu ayələrdə peyğəmbərin (s) danlandığını qyed edərək, Allah Rəsulunun (s) günah işlədiyini dolayı yollarla qəsd edirlər. Halbuki belə deyildir, ona görə ki;

1.Müsəlmanların əsirləri fidyə qarşılığında azad etmələri bu ayələrin nazil olmasından sonra başlamışdır. Elə isə, bu səbəbdən dolayı kiminsə danlanması şəriətlə ziddiyyət təşkil edir.

2.Necə ola bilər ki, hər işi vəhyin əsasında görən Allah Rəsulu (s) burada heç bir ilahi hökm olmadan ciddi bir məsələdə qərar verə. Bir halalı haram ,yaxud əksini həyata keçirə?

3. Necə mümkündür ki, Allahın peyğəmbəri (s) işləmədiyi bir günaha (işə) görə məzəmmət oluna? Halbuki şiddətli əzablar “böyük günah” işləmiş şəxslərə şamil olunur. Halbuki, peyğəmbərlər heç zaman günah işləməzlər.

Peyğəmbərimizdən (s) öncəki, peyğəmbərlər döyüş zamanı kafirləri tamamilə öldürürdülər ki, sonrakılar bu işdən ibrət alsınlar. Quran da bu ayə ilə keçmiş ümmətlərə də işarə etmiş olur.

İkinci ayədə “aldığınız müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı). “(Ənfal 68)

Bu ayə nazil olduqda müsəlmanlar əsir almış, lakin fidyə almamışdılar.Ayədəki ifadə bəzilərinin düşündüyü kimi, fidyəni mübah etməklə yaxud almaqla bağlı deyildir.

Ayədə “Nəbi” kəliməsi istifadə olunur “Rəsul” yox. (مَا كَانَ لِنَبِيٍّ )

Quranda Allah peyğəmbərə (s) bir neçə formada xitab edir. Bəzən əbd, bəzən nəbi və bəzən də rəsul. Quranda hər xitabın özünə məxsus istifadə yeri vardır. “Rəsul” xitabı adətən risalət və hökmlərlə bağlı gəlir. Ənfal sürəsində sürəsində sözügedən ayədə “nəbi” gəlməsi bir daha bunu çatdırır ki, bu məsələ şəri və risalət mövzusu ilə əlaqəli deyildi. Əgər həqiqətən də peyğəmbər bəzilərinin düşündüyü kimi səhv iş tutsaydı Allah ona nəbi deyil, rəsul olaraq xitab etməli idi. Amma biz bunun əksini müşahidə edirik.

Həmçinin ötən bəhslərimizdə qeyd etdik ki, bu kimi məsələlərdə zahirən peyğəmbərin (s) adı gəlsə də işin nəticəsi və tərbiyəvi yönü müsəlmanlara aiddir. Bu ayədən müsəlman mücahidlər və xüsusən komandirlər üçün bir xəbərdarlıqdır.

Bu sürənin əvvəlki ayələrinə də nəzər saldıqda bu kimi şübhələrin aradan getməsinə faydalı zəmin yaradır.

Ənfal 69 –da “Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin...” ayəsi “fə”ədat ıilə başlaması, öncəki ayədəki mətləbin davamı olduğunu göstərdiyi üçün, qənimətdən məqsədin, fidyəni də əhatə edən geniş bir məna olduğunu göstərməkdədir.

Müsəlmanlar, peyğəmbərimizə (s) döyüşdə əsir aldıqları müşrikləri öldürməmək, onların sərbəst buraxılmaları qarşılığında fidyə almağı təklif etmişlər. Eynilə döyüş qənimətləri haqqında ona sual soruşmaları və ya onları özlərinə verməsini istəmələri kimi. Bunu sürənin ilkin ayələrindən müşahidə edə bilirik. Peyğəmbərimizdən (s) qənimətləri istədikləri halda, ondan fidyə almasını istəməmiş olmaları düşünülə bilərmi ?! Necə ki, rəvayətlərdə ifadə edildiyinə görə, alınan fidyə təxminən iki yüz səksən min dirhəm məbləğində idi.

Bəli, müsəlmanlar, peyğəmbərimizdən (s) qənimətləri özlərinə verməsini və döyüş əsirlərinin sərbəst buraxılmaları qarşılığında özləri üçün onlardan fidyə almasını istədilər. Uca Allah da, əsir almalarından dolayı onları danladı. Lakin, sonra əsir almaq surətiylə əldə etmək istədikləri fidyəni özlərinə mübah etdi. Peyğəmbərimiz (s) fidyə almağı mübah qılmaqda onlara qatıldığı, fidyə alma və ya əsirləri öldürmə barəsində onlarla müşavirə etdiyi üçün onlar məzəmmət edilməmişlər ki, peyğəmbərimiz (s) də onlara olunan məzəmmətdə ortaq olmuş olsun. Müsəlmanlara yönəldilən danlağın peyğəmbərimizi (s) əhatə etmədiyinə bağlı olaraq ayənin ifadəsindən bir dəlil axtarmaq istəsək, görərik ki, ayənin ehtiva etdiyi danlaq, əsir almaqla əlaqəlidir. Ayədə peyğəmbərimizin (s) bu barədə onlarla müşavirə etdiyinə və ya bu davranışlarını təsdiqlədiyinə dair bir işarə yoxdur.

Rəvayətlərdə də peyğəmbərimizin (s) onlara müşrikləri əsir almalarını tövsiyə etdiyinə bağlı bir məlumat keçməmişdir. Buna razı olduğunu eyham edən bir söz də deməyib. Əksinə, mühacirlər və ənsar həmişə döyüşlərdə bir qayda olaraq buna özbaşına qərar vermişdilər. Ərəblərin ənənəsində düşmən məğlub edildiyi zaman əsirlər alınırdı. Bu əsirlər ya qul kimi istifadə olunur ya da azad qalmaları üçün ailələrindən fidyə alınırdı. Rəvayətlərdə müsəlmanların həddindən artıq dərəcədə əsir almaları göstərilir. Halbuki, insanlar aldıqları əsirlərə başqaları tərəfindən bir zərər toxunmasın deyə böyük bir həssaslıq göstərirdilər. Lakin Hz. Əli (ə) xaric. O, bir çox müşriki öldürdü və heç kimsəni əsir almadı.

Ayədə bu şəkildə ümumi olaraq çoxluq xitab tərzinin istifadə edilmiş olmasının səbəbi, böyük bir əksəriyyətin belə bir hərəkətə cəhd etməsi və peyğəmbərə (s) belə bir təklif etmələridir. Quranın buyurduğu “(Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir.” (Ənfal 67) ayəsi bir daha sözümüzə dəlildir.

“Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı (lövhi məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı).” (Ənfal 68)

Bu ayənin özüdə qarşı tərəfin yox, bizim sözümüzün dəlilidir. Çünki, böyük və şiddətli əzablar böyük günahların qarşılığında olur. Allah Rəsuluna (s) bu cür ittihamları irəli sürməkdən Allaha sığınırıq.


Mahir Şəkərov – İlahiyyatçı yazar.




Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)