Yasin 70 –ci ayə ölüyə Quran oxumağı qadağan etmir – Ayəni təhrif edənlərə cavab



 
لِيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
 Qəlblər diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun. (Yasin 70)

Yasin sürəsinin bu ayəsini oxuyaraq səhv nəticəyə gəlinməsi dəfələrlə müşahidə edildiyindən bu mövzuya toxunmağı lazım bildik.

Quranın məntiqində ölü və diri olmağın meyarı, həyat və ölüm yox, İMAN və KÜFR olaraq təyin edilir.
Çox təəssüf ki, ölü və diriliyin mahiyyətini anlamdan, bu məsələlər barədə fikri yürüdüb insanları da çaş-baş salırlar. Quranın məntiqində ölü və diri olmağın meyarı həyat və ölüm yox, iman və və küfr olaraq təyin edilir. Çox qəribədir ki, “ölüyə Quran oxumaq olmaz” deyənlər “ölü” deyəndə dünyasını dəyişənləri, diri deyəndə isə, bunun əksini (ölü olmayanları) nəzərdə tutur. Bu düşüncə tərzi İslamla tam ziddir. Quranın məntiqində ölü və diri tam ayrı-ayrı mənalarda işlənmişdir. Quran ölü deyəndə, əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə tutur. Və Quran diri deyəndə qəlbi dirilmiş (iman əhli) şəxsləri nəzərdə tutur. Bu barədə Quranda kifayət qədər ayə var. Nümunə üçün birini qeyd edirəm. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?!...” (Ənam 122)
Quran hətta bəzi yerlərdə ölüləri diri adlandırır. Uca Allah buyurur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.” (Ali-İmran 169)
Ölü və diri kimdir? – sualına ən gözəl cavabı elə Quran özü vermiş oldu. Yasin sürəsində qeyd olunan mətləb də elə budur. Quran mənəvi cəhətdən diri olanlar üçündür. O, dirilər ki, onların qəlbi Allah nuru ilə hidayət tapmış, və onlar bu hidayətin sayəsində, xəlq olunmalarının əsl mahiyyətini anlayıb, Qurana əməl edirlər. Quranı bir həyat kitabı halına gətirərək, oxuyub əməl edirlər. Yoxsa ki, həyatını Quran üzrə yaşamayan, dinindən, Quranından xəbərsiz olaraq yaşayan bir şəxs, İslamın nəzərində ölü kimidir. Uca Allah bu həqiqəti belə bəyan edir: “Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! (Fatir 21)
Quranın digər ayələri də dediyimiz məsələni başa düşməkdə bizə kömək edir. İsra sürəsində də Allah Quranın yalnız möminlər üçün faydalı olduğunu qeyd edir.
İsra 82: “Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.”
Bu məsələləri göz ardı edərək öz batil düşüncəsinə don geyindirmək istəyənlər, insanları dolayı yollarla aldatmağa cəhd edirlər.
Yasin sürəsindən dəlil gətirdikləri “həyy” “həyat-diri” sözünün Quranda əhatə etdiyi yerlərə birgə nəzər salaq.
Quranda həyy – həyat sözü əsasən üç formada işlənmişdir.
1. Bitkilərin həyatı. (Qaf 11, Hədid və s.)
2. Heyvanların həyatı. (Fussilət 39 və s.)
3. İnsanların mənəvi həyatı. (Ənam 122 və s.)
4. Əbədi həyat. Bu həyat özü iki yerə ayrılır. Əbədi Cənnət və əbədi Cəhənnəm həyatı. Bu mövzuda da kifayət qədər ayələr mövcuddur.
Bütün bu deyilənləri nəzərə alıb deməliyik ki, Yasin sürəsinin 70-ci ayəsini “ölüyə Quran oxumaq olmaz” fikrinin isbatı üçün dəlil gətirmək yanlışdır. Çünki, ayədə ölüb dünyasını dəyişənlər deyil, mənəvi cəhətdən imandan uzaq olan şəxslər nəzərdə tutulur. Ayənin mənası ya bilərəkdən ya bilgisizlik ucbatından təhrif etmək yol verilməzdir. Quran ilahi kəlamdır. Dünya həyatımızda bizi hidayət etdiyi, ruhumuza şəfa olduğu kimi, dünyamızı dəyişdikdən sonra da o nurani ayələr bizə faydalı olacaqdır.

“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri;
1. Səhihi Müslim c 5, səh 73-78
2.Nəvəvi - Riyazus-Salihin səh 293.
3. Səhihi Müslim c 3, səh 202.
4. Səhihi Müslim c 1, səh 61.
5.Tirmizi c 8, səh 306.
6.Nəsai c 6, səh 117.
7.Qunduzi Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8.Tirmizi c 5, səh 306.
9.Əhməd ibni Hənbəl c 1, səh 95.
10.Səhihi Muslim c 2, səh 360.
11.Cəlaləddin Suyuti – Tarixul-Xuləfa səh 190.
12. Büyük Şafii İlmihali səh 198, türkçə
13.Şərhul-Səhihi Muslim c 3, səh 202.
14.Müsnədi Əhməd c 5, səh 26.

Mahir Şəkərov – İlahiyyatçı yazar.





Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)