Təbliğat silahı



Müsəlman cəmiyyətin əməl etmədiyi və beləliklə öz əleyhinə yönəlmiş güclü bir SİLAH – TƏBLİĞAT.
Bu gün əkəsriyyətimizin özümüzə vəzifə bilmədiyi, müsəlmanlar arasında məzluma çevrilən İLAHİ BİR HÖKM – TƏBLİĞAT.
İslam düşmənlərinin müsəlmanların əleyhinə gecə gündüz istifadə etdikləri və təəssüflə qeyd edək ki, bir çox mənada nail olduqları, bir MƏSƏLƏ – TƏBLİĞAT.
Çoxlarımızın mənasını belə bilmədiyimiz bir SÖZ – TƏBLİĞAT
Nədir “Təbliğ” dedikdə görəsən neçə nəfər bu suala düzgün cavab verəcək? İndi fikirləşirsiniz ki, “təbliğ” sözünün mənası nəyisə, kimlərəsə “çatdırmaq”dır? Hələ də belə düşünürük? Çox təəssüf...
Elə bu səhv düşüncəmizin nəticəsidir ki, hər sözü, harda, necə gəldi düşünmədən, olduğumuz şəraiti və məkanı nəzərə almadan, qarşımızdakı şəxsin kimliyinə baxmadan və “təbliğ” sahəsində Quranın və İslamın buyuruqlarına məhəl qoymadan, öz istəklərimiz əsasında “təbliğ” edirik və bu da nəticəsiz qalır. İlahi hədəflərə müvafiq olmayan hər iş kimi bu da müvəffəqiyyət ələyindən keçə bilmir. Zahirdə özümüzü təbliğatçı kimi görsək də, ilahi baxışda bizim etdiklərimiz  ilahi “təbliğat”dan  çox-çox uzaq olur. Yaxşı nədir TƏBLİĞAT?
Təbliğ  sözünün əsl mənası: Təbliğ  hər hansı bir xəbəri münasib və təsirli vasitədən istifadə etməklə çatdırmağa deyilir.
Deməli, təbliğdə təkcə çatdırmaq yox, münasib və təsirli vasitə də mühum rol oynayır.
Təbliğat dini vəzifə olmaqla yanaşı həm də fitri bir məsələdir. Allah bunu bütün canlılların fitrətində qoymuşdur. Süleyman ordusunun gəlişini, qarışqalardan birinin digərinə xəbər verməsi, (Nəml 18)
şanapipiyin Səba xalqının günəşə sitayiş etmələrini Hz Süleymana xəbər verməsi kimi. (Nəml 24)
Bu ilahi vəzifənin tarixçəsi insanların yaranması ilə başlayaraq qiyamətəcən davam edəcək. (Fatir 24)
Ona görə də asanlıqla deyə bilərik ki, yer üzündə yaşayan ilk şəxs, eyni zamanda ilk mübəlliğdir.
Təbliğ silahı zalımların əlində olduqda, ondan ancaq öz nəfsi istəklərinə görə istifadə edirlər. Amma ilahi peyğəmbərlər və ilahi  insanlar isə bu vasitədən ilahi hədəflərin yer üzündə bərqərar olması üçün istifadə edirlər. (Nəhl 36, Ənfal 24)
Müasir zamanda biz müxtəlif təbliğ vasitələrindən istifadə edə bilərik. Bu hər kəsin özünə görə dəyişə bilən bir məsələdir. Dünya məhşurlarının təbliğ barədə dediklərini nəzərdən keçirtdikdə bir neçə cümlə diqqətimi çəkdi.
Napaleon deyir: “Qəzetləri yazan qələmin səsi, məni güllələrin səsindən daha çox qorxudur.”
Amerikanın keçmiş ölkə başçısı Karter deyir: “ Təbliğ üçün xərclənən bir dollar, silaha xərclənən on dollardan daha yaxşıdır.”
Hitlerin təbliğat üzrə naziri deyir: “Qaz vasitəsi ilə yüzlərlə insan zəhərlənir, lakin yalan və şayiə ilə yüz milyon insanı da zəhərləmək olar.”
Bu təbliğ vasitələri siz oxuculara heç də yad deyildir. Müxtəlif virusları yaradan, daha sonra onlara qarşı vaksinləri hazırlayanlar da eyni mənbədir. Bu virus, həm də məlumat sahəsində olur ki, bunun heç vaksinləri də satılmır. KİV-ri bu virusa elə aludə olub ki, gəl görəsən... Bunun vaksini sadəcə düşünmək və ağıldan düzgün istifadə etməkdir.
Biz niyə bu hala düşdük? Niyə fitrətimizdə yatan təbliğat silahımız pas atıb? Niyə oyanmırıq? Və ya niyə oyanmaq istəmirik?
Yəhudilərlə bağlı bir sənədli filmi izləyirdim. Yəhudilərin təbliğ üsullarından danışırdı. O zaman özümə maraqlı gələn iki hissəni qeyd etmişdim. Onları sizinlə də bölüşüm. Stat: “... Biz yəhudilər təbliği özümüzə vəzifə bilirik. Əgər bir yerdə toplu halda yaşasaq içimizdən bir neçə nəfər təbliği özünə vəzifə bilir. Yəni etdiyimiz səhvləri bizə xatırladır və bizə alternativ yollar göstərir... 
Şərhçi: “Yəhudilərin digər təbliğ üsulu isə ikili təbliğ üsuludur. Beləki içlərindən biri bir sahədə müvəffəqdirsə, onda bir nəfəri də özünə həmkar seçərək bahəm fəaliyyət göstərirlər. O araşdırır, digəri isə onu  işlərini cəmiyyətdə təbliğ edir.”
Bu metodlar sizə tanış gəldimi? Yəhudinin dediyi “təbliği özümüzə vəzifə  bilirik,” sözü əslində Allahın bizə əmr etdiyi işdir ki, ondan uzaq düşmüşük.
Buda ayəsi: (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran 104)
Videonu şərh edənin də qeyd etdiyi metod, yenə də Quranın təbliğat üsuludur. Hz Musa və Hz Harunun birgə fəaliyyətini əks etdirən nümunəvi bir metod.  Beləki Hz Musa və Harun təbliğ işlərini aralarında bölürlər. İslami hədislər də bizi bu cür təbliğə səsləyir: “Allah rəhm etsin o bəndəyə ki, başqası ilə birləşib, bizim yolumuzu təbliğ edir.”
Tarix boyu müsəlmanların əzilməsinin və onlara qarşı çox asanlıqla əks təbliğatın aparılmasının başlıca səbəblərindən biri də, bu cür təbliğat təşkilatlarının və birliklərinin olmamasına görədir.
Təbliğatda müvəffəq olmamağımızın bir səbəbi də, ətrafımızda baş verən hadisələrdən xəbərsiz olmağımız və ya baş verənləri düzgün dəyərləndirə bilməməyimizdir.
Allah Rəsulunun (s) həyatında baş verən bir hadisə çox ibrətamizdir.
İslam peyğəmbəri (s) Mədinəyə hicrət edərkən Hz Əlini (ə) öz yatağında yatırtmaq sürəti ilə onu Məkkədə qoyaraq, Mədinəyə tərəf hicrət edir. Sizcə hz Əli (ə) niyə bütün təhlükələr rəğmən o yatağa yatdı? Buna ilk verəcəyimiz cavab, dini kitablardan oxuduğumuz,  çox qısa şəkildə ifadə etsək, “peyğəmbərin rahat Məkkəyə hicrət etməsi üçün.” cavabı zehnimizə gəlir. Bu cavab öz-özlüyündə düzdür. Amma sizcə səbəb təkcə elə bu idi?  Əsla!  Bu təbliğatın üsullarından biridir. Allah Rəsulunun (s) bu addımını sadəcə yuxarıdakı cavabla məhdudlaşdırmaq o həzrətə zülm olardı. İslam peyğəmbəri (s) Hz Əlinin Məkkədə qoyma səbəbləri çoxdur. Mövzumuzla əlaqəsi olan bu hissədir ki, Peyğəmbər (s) özündən sonra Məkkə hadisələrindən xəbərsiz olmaması üçün bu addımı atdı və bu ilahi hədəflərə və həm də özündən öncəki peyğəmbərlərin hədəflərinə tam şəkildə uyğun idi. Bunu Quran bizə deyir. (Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Qəsəs 20)
Bu ayədən də məlum olur ki, Hz Musanın şəhərdə gizli məmurları var idi ki, baş verənlərdən onu xəbərdar etsin. Deməli bir müsəlman üçün sağlam informasiya da təbliğatı və atacağı addım üçün şərtdir. 
Allah Rəsulu hicrətdən öncə  Məsəbi Mədinəyə göndərməklə, hicrətdən sonra Abbası Məkkədə qoymaqla informasiya mübadiləsini qorudu.
Eyni işi Hz Hüseyn (ə) də gördü. Beləki Kərbəladan öncə Məhəmməd Hənəfiyyəni Mədinədə saxladı ki Mədinənin xəbərlərindən onu xəbərdar etsin  və Müslim ibn Əqili Kufəyə göndərdi ki,oranın vəziyyətini öyrənib xəbər versin.
İslam düşmənlərinin buügünkü güclü hiylələri, siyasətləri müqabilində təbliğat, təkcə bir-iki nəfərin işi deyil. Gərək savadlı, elmdə müvəffəq olan şəxslər – gənclər, Allahın ayələrinin digərlərinə çatdırmaqda maraqlı olalar. İslam bayrağı altında, heç bir məzhəb fərqi qoymadan hamıya qucaq aça və ilahi vəhdətin carçısına çevrilə. Gərək elə olmaya ki, bir nəfərin aradan getməsi ilə bütün vəhdət pozula. Camaat namazında olduğu kimi. Əgər imamın başına bir hadisə gələrsə və ya namazdan çıxmağa məcbur olarsa onda digəri onu əvəz edir. Bəs bizdə necə o digərlər varmı? 
Allah Rəsulu nə üçün, Mütə döyüşündə bir neçə sərkərdə təyin etdi?  Allah Rəsulunun (s) bu addımı təsadüfi idi?  Əlbəttə xeyr.O həzrət (s) bununla bizə dərs keçdi. “Bir cəmiyyətdə, bir təşkilat, bir qurum, bir müəssə təsis etsəz, mütləq orda o rəhbəri əvəz edən biri olsun.” mesajını verdi. Amma təəssüf ki, o mesajı oxuya bilməmişik...
Tarixi hadisədən ibrət almayan bizlər, Quranın ayəsini də görmürükmü?
Uhud döyüşündə peyğəmbərin ölüm şayiəsi yayıldı. Bir dəstə müsəlman döyüşü tərk etdi və meydandan qaçdılar. Nazil olan bu ayə, o qaçanların timsalında Qiyamətə qədər bütün insanlığa bir mesaj verdi. “Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz.(dininizdən dönər və ya döyüşdən qaçacaqsınız?”  (Ali-İmran 144)
Ayədən əldə olunan nəticə budur ki, gərək müsəlmanların birlik və təbliğatı elə güclü ola ki, hətta peyğəmbərin (s) də dünyadan getməsi bu birliyi və təbliğatı sarsıtmaya.
Əgər bugün təbliğat silahını bir kənara qoyub, “MƏNƏ NƏ” desək, onda ilahi əzabı gözləyək.
 (Daha ətraflı  Şəms sürəsi, ayə 14, Əraf, 77, Hud 65, Şuəra 157. Qəmər 29- ayələrini təfsirinə müraciət edin.)

Yaxşı işlər görən, “mən Allaha təslim olanlardanam” deyərək insanları Allaha tərəf çağıran kimsədən daha yaxşı danışan kimdir? (Fussilət 33)
Allah Rəsulu (s) bir gün əshabına buyurur: “Sizə bir dəstə insanlardan xəbər verimmi ki, onlar nə peyğəmbərdirlər və nə də şəhid. Amma Qiyamət günü peyğəmbər və şəhidlər onların Allah qatındakı məqamlarına qibtə edəcəklər.Nurdan minbərlər üzərinə oturmuşlar və hamı onları tanıyar.”
Əshab: Onlar kimlərdir ey Allahın Rəsulu! (s)
Allah Rəsulu (s): “Onlar Allah qullarını Allaha sevdirən, və qulları da Allaha sevdirən kimsələrdir.Yer üzündə Allahın dinini yayan, insanlara nəsihət verən və  dini təbliğ edənlər kimsələrdir.”
Dedilər:  “Ey Allahın Rəsulu! (s) Allahı bəndələrinə  sevdirməyi başa düşdük. Bəs Allahın bəndələrini, Allaha sevdirmək necə olur?”
Buyurdu: “İnsanlara Allahın sevdiyi şeyləri əmr edənlər,sevmədiyi şeylərdən də çəkindirərlər. İnsanlar da bunlara əməl edincə Allah da onları sevər.”
Bəli, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək. Zahirdə əhəmiyyət vermədiyimiz, amma atom bombasından daha da güclü bir silahdır təbliğat. Bu cür güclü silaha malik olduğumuz halda, Allah və Rəsulu (s) da bu silahın bütün  texniki taktiki xüsusiyyətləri (TTX) ni bizə hədislərdə dəfələrlə dediyi halda, hətta bu silahdan istifadə qaydasını da bizə praktik olaraq göstərdiyi halda biz hələ də, acizcəsinə oturub əlimizi qoynumuza qoymuşuqsa, düşmənlərin çirkli təbliğat oyunlarından gileyləniriksə, və bu oyunlarda məğlubiyyət sorağımıza gəlirsə, onda kül bizim başımıza...
Nə üçün keçmişdəki müsəlman qardaşlarımızın təbliğat üsullarından istifadə etmirik? Nə üçün başımıza gələn müsibətlərdən ibrət dərsi almırıq? 
Ən azından müqəddəs kitabımıza nəzər salsaq, təbliğ barəsində kifayət qədər ayələrə rast gələcəyik. Bəlkə də o ayələri və zikr edəcəyim hadisələri əzbər bilirik. Amma o ayələr həyatımızı, yaşayışımız dəyişmirsə nə fayda?! Bütün Quranı da əzbər bilsək, heçnə dəyişməz. Odur ki Quran bilənə deyil, bildiyinə əməl edənə alim deyir. Kiçik yaşlarımda aldığım bir dəftərin üzərində Quranın bu məntiqinə söykənən  bir cümlə yazılmışdı; “Alim bilən deyil, bildiyini vicdanında dayandırnadır.”
Deməli bildiklərimizi yaşayışımıza daşımaq kimi bir məsuliyyətimiz var.
İslamı necə təbliğ edək?
Bu suala hər fərdin şəraiti, yaşadığı mühit, qarşısındakı şəxslər, və ən mühum olanı onun elmi biliklərə hansı səviyyədə malik olması və digər şəraitləri nəzərə alınaraq cavab verilməldir. Amma təəssüflə qeyd edək ki, bu suala çox zaman cavab verilərkən bu deyilənlər nəzərə alınmır və acı aqibətini yenə də müsəlmanlar görür. İslam peyğəmbərinin (s) öz həyatına qısa nəzər saldıqda onun 8 növ təbliğdən istifadə etdiyinin müşahidə edirik. Mümkündür bəzi oxucular bu dediklərimizdən daha artıq üsulu o həzrətin həyatından bizə göstərə. Bu mümkündür. Çünki, bu sayacaqlarım sadəcə, o həzrətin həyatından çıxarış edə bildiyim nöqtələrdir.
1.Ən yaxınlarından başlaması. (Şuəra 214)
2. Zaman və məkana riayət etməsi.
3.Qarşısındakı şəxsə uyğun təbliğ metodu seçməsi.
4.Tədriciliyə (azdan çoxa, asan olandan çətinə doğru) diqqət etməsi. (İsra 106)
5.Hər fürsəti dəyərləndirməsi.
6.Asanlaşdırıb çətinləşdirməməsi.  (Bəqərə 185, Həcc 78)
7.Müjdələyib nifrət etdirməməsi. (Səbə 28)
8.İlahi əzaba qarşı xəbərdarlıq etməsi.  (Səbə 28)
Təbliğ, insanın özü ilə başlamalıdır. Əks təqdirdə bünövrə möhkəm olmaz.  “Həqiqətən özünü pak edən nicat tapdı, təkamülə yetişdi...” (Əla sürəsi 14)
 “Qalx qövmünü (Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə! (və ya nəfsini günahlardan pak et) Pis işlərdən uzaqlaş! Bütləri tərk et!” (Muddəssir 2-5)
Ayədə peyğəmbərə (s) olunan xitablar qiyamətəcən bütün təbliğçilərə olunan bir xitabdır. Məlum məsələdir ki, Allah Rəsulu (s) günahdan pak və bütlərdən uzaq  idi.
Təbliğ  etmək istəyən şəxs, bu ayədəki nöqtələrə diqqət etməlidir.
“Qalx qövmünü qorxut!” – Bəzən ictimai varlıq kimi mənəvi xəstələrin sorağına getmək lazımdır.
“Öz Rəbbini uca tut.” – Allahın adı ilə işə başlamalı və ondan yardım istəməliyik.
“Libasını təmizlə! (və ya nəfsini günahlardan pak et) Pis işlərdən uzaqlaş!” – Libasını təmizlə sözünün əslində libasla heç bir əlaqəsi yoxdur. Bu ayədə “libas” nəfsə işarədir. Necə ki, libas insanın bədənini örtür, və bəzən onunla soyuq və isti arasında maniə yaradır. Eləcə də nəfs də, insan da günaha aludə olduqda həqiqətin önünü kəsən bir pərdəyə çevrilir və  beləliklə də özü ilə Allah arasında bir maniə yaranır. 
Quranın bu kimi xitab üslubu, başqa ayələrdə də öz əksini tapır. (Daha ətraflı Muddəssir 2-5, və Taha 12-ci ayələrin təfsirinə bax)

1.Təbliğə yaxınlarımızdan başlayaq.
Deməli əvvəl yolu getməli daha sonra isə bələdçi olmalıyıq.Bu bələdçiliyə də evimizdən başlamalıyıq.  Bu da bir başa Quranın bizə buyuruğudur. “Ey peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de...” (Əhzab 59)
Daha sonra qohumlar: “ Öz yaxın qohumalarını çəkindir.” (Şuəra 214)
Daha sonra yerləşdiyi məntəqə və ətrafı:  “...Ona görə ki, Məkkə əhlini və onun ətrafında olanları çəkindirəsən.” (Ənam 92)
Və nəhayət bütün bəşəriyyət: “Bu Quran bütün bəşəri çəkindirmək üçündür.” (Muddəssir 36)
Bu tədriciliyin bir sıra səbəbləri vardır ki yenə də hikmətli Quran ayələri bunu bizə çatdırır.
Dedilər: Ey Şueyb, biz sənin dediklərinin əksəriyyətini başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daş-qalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur. (Hud 91)
Lut peyğəmbər də öz qövmünün əməlləri qarşısında aciz qaldıqda və ona dəstək olacaq yaxınlarının yoxluğunu  hiss edərək demişdi. “Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınardım. (Hud 80)
Allah Rəsulu (s) bu ayəni ətrafındakılara çatdırdıqdan sonra dedi: “Allah Luta rəhmət eləsin. O çox sağlam və möhkəm yerə (Rəbbinə) sığınırdı. Allah Hz Lutun bu duası hörmətinə ondan sonra gələn bütün peyğəmbərlərə, özünə dəstək verəcək qohum əqraba ehsan etdi.
Bu baxımdandır ki İslam qohum əqrabaya yaxşılığı, ehsanı, infaqı mühum amil hesab edir. Hətta vərəsəlik məsələsində qohum əqrabanın haqqının digərlərindən daha üstün olmasını bizə çatdırır.  “Qohumlar (vərəsəlik məsələsində)  bir-birlərinə Allahın kitabında möminlərdən və mühacirlərdən daha layiqdirlər.” (Əhzab 6)
Təbliğ sahəsində də yaxınlarımıza diqqət etməliyik. Quran buyurur: “Ey iman edənlər! Özünüzü və ailənizi yanacağı insanlardan və daşdan ibarət olan oddan qoruyun. (Təhrim 6)

2. Zaman və məkana riayət etmək.
Əziz peyğəmbərimizin (s) təbliğdə diqqət etdiyi mühüm bir məsələ də zaman və məkanın düzgün seçilməsidir. Əvvəl gərək qarşı tərəfi haqq sözü eşitməyə hazır vəziyyətə gətirək, daha sonra isə ilahi ayələri onlara çatdıraq. Bu Quranın öyrətdiyi təlimdir. Quranın məhz Qədr gecəsi nazil olması, təsadüfi deyildir. Allah, bütü insanlığa qiyamətəcən nur olacaq hidayət kitabını təsirli və mübarək bir zamanda göndərir.
“Həqiqətən də, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik.” (Qədr 1)
İlahi ayələr peyğəmbərə (s) nazil olan kimi peyğəmbər (s) həmin ayələri heç də hər kəsə söyləmir. Çünki, o zaman hamı o ayələri eşitməyə hazır deyildi. Yalnız üç il sonra açıq dəvətə Allah tərəfindən icazə verilir.
“(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər.” (Hicr 94)
Allah Rəsulunun (s) həyatına baxsaq bütün zamanlarda zaman və məkan ünsürünə diqqət etmişdir. Həmçinin Quranın xəbər verdiyi kimi digər peyğəmbərlər də bu xüsusa diqqət etmişlər. Necəki Hz Zəkəriyya və Hz Yaqub (ə) dua məsələsində (Ali-İmran 38, Yusif 97-98),  Hz İbrahim  (ə) Allahı ətrafındakılara sübut etmək üçün gecəni seçməsi (Ənam 76) və Hz Yusifin (ə) yuxu təbirində zamana və məkana diqqət etməsi. (Yusif 40)
 Müasir günümüzdə təbliğ üçün məscidlərin də rolu əvəzsizdir.Amma bəzən məsciddən xaricdə də elmi-ictimai konfranslar təşkil olunmalı və cəmiyyətimizin probleminin həlli yolunu müzakirə edib, fikir mübadiləsi aparıb həlli yolunda çalışılmalıdır. Elə cümə günündə qılınan cümə namazının da əsl fəlsəfəsi budur. Təəssüf ki bundan da çox-çox uzaq düşmüşük.
Bu cür elmi konfransaların təşkilinin bir faydası da məscidə gəlməyən insanların bu şəraitdən faydalanıb, məscidə gələ bilməsi üçün zəmin yaratmaqdır.
3.Qarşımızdakı şəxsə uyğun olaraq təbliğ metodu seçək.
Mübəlliğin qarşısındakını tanıması, eyni ilə həkimin xəstəni tanıması qədər vacibdir. Necəki, həkim xəstəni tanımadan ona düzgün diaqnoz qoya bilməz, eləcə də mənəvi xəstəliyə tutulan şəxsi də tanımadan onun müalicəsinə girişmək faydasızdır. Allah Rəsulunun (s) mübarək həyatına baxdıqda yenə də gözəl nümunələr gözlər önünə sərilir. Qarşısındakı hər bir şəxsin şəraitinə uyğun olaraq, onunla münasib dillə danışması o həzərtin Qurandan aldığı bir dərs idi. Bu dərsin faydası əslində insanın özü üçündür. Quran bunu belə bəyan edir: “Kafirlərin Allah əvəzinə çağırdıqlarını (bütləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər.” (Ənam 108)
Allah Rəsuluna verilən “Əməllərin ən fəzilətlisi hansıdır?” sualına qarşısındakı şəxsə və zamana görə;
-         Allaha iman, Allah yolunda cihad və həcc.
-         Allahı zikr etmək.
-         Namaz
-         Allah üçün sevmək.
-         Ana-ataya xidmət.
-         Hicrət 
şəklində cavablar vermişdir.
Həmçinin “sədəqənin ən fəzilətlsi hansıdır?” deyə soruşan bir kasıba; “Kasıb olanın güc və qüdrəti ilə insanlara kömək etməsidir” buyurarkən, eyni sualı soruşan bir qəbilə başçısına; “Quyu qazdırmaq, su çıxartmaqdır” cavabını vermişdir.
O həzrətin yolunu getdiyini iddia edən bizlər, bu məsələlərə çox da diqqət etmirik və acı nəticələrini də zaman-zaman yaşayırıq.

4.Tədriciliyə (azdan çoxa, asan olandan çətinə doğru) diqqət edək.(İsra 106)
Tədricilik də diqqət edəcəyimiz bir üsuldur. Bu üsulu Uca Rəbbimiz Quranı və Onun hökmlərini bizə nazil etməklə öyrətmişdir.
“Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən nazil etdik.” (Kəhf 106)
Quranın 23 ildə nazil olması da yenə ilahi hikmətdəndir. Mövzumuzla olan əlaqə cəhətindən məsələyə yanaşdıqda  deyə bilərik ki, Rəbbimiz həm də bizə bu yolla, “təbliği də tədrici edin” mesajını verir.Bu tədricilik bir sıra məsələlərdə (içki, qumar, rüşvət və s) özünü göstərmiş, və Allah Rəsulu (s) da ilahi hökmləri tədrici olaraq insanlara çatdırmışdır.
Biz də Quranın və sünnənin bizə öyrətdiyi üslubu izləməli və içində olduğumuz cəmiyyətin şəraitini nəzərə alaraq təbliğimizi kiçik addımlarla başlayıb ilahi hədəfələrə tərəf yol almalıyıq.

5.Hər fürsəti dəyərləndirmək.

“Təbliğ”i  sadəcə bir məkana aid etmək Allah Rəsulunun (s) təbliğ üsuluna ziddir. Mübəlliğ gərək, hər düşdüyü mühitdə təbliğə zərurət yarandığı təqdirdə bunu etməlidir. Bəzən ətrafımızda baş verən hadisələrin fonunda, o hadisəni ilahi baxışla təhlil edib qarşı tərəfə çatdıra bilərik. Fikrimiz daha da aydın olsun deyə aşağıdakı nümunələrə diqqət edək;
Bir gün Allah Rəsulu (s) bir neçə əshabı ilə səfərə çıxmışdı. Yolda yemək üçün tonqal qalamaq istədilər. Səhabələrdən bəziləri dedi: “Ey Allahın Rəsulu! (s) bu səhrada tonqal qalamaq üçün heçnə yoxdur.” Allah Rəsulu (s) buyurdu: “Siz axtarın.” Bəli, bir qədər sonra hər  biri əlində kiçik odun qırıqları ilə döndülər və beləliklə böyük bir tonqal qalandı. Allah Rəsulu (s) bu zamanı fürsət bilib buyurdu: “İnsanın günahları da belədir. Şeytan günahı bəzəyərək, onu insana kiçik  göstərir. Amma kiçik günahlar yığılaraq böyük günahlara çevrilir.”
Yenə Allah Rəsulu (s) kəsdiyi bir qoyunun ətini bölərkən həyat yoldaşlarından biri “ey Allahın Rəsulu! Ətin hamısını böldük. Bizə təkcə budu qaldı” dediyində peyğəmbərimiz bu gözəl fürsəti dəyərləndirib tarixə keçəcək bu sözləri qeyd etdi: “Təkcə budu bizə qalmadı.”
Və ya Salman Farisi kimi ki, həmişə çiynində bir xurcun ilə gəzərdi. Bir gün şəhərə sel gəldiyində hamı mal-mülkünün evin arxasınca qaçdığında Salman Farsi bir təpəyə çıxaraq “ey insanlar! Qiyamətdə belə olacaq. Kimin yükü yüngül olsa o nicat tapacaq” deyərək bu fürsətdən ən yaxşı şəkildə istifadə etdi.
Və ya Hz İsa kimi ki, ölmüş it cəsədinin yanından keçərəkən həvariləri ölmüş it haqqında şikayətləndiklərində Hz İsa “onun nə gözəl dişləri var” deyərək, həvarilərini, bu ələ düşməz fürsətdən istifadə edərək nəsihət etmişdir.

6.Asanlaşdıraq, çətinləşdirməyək. (Bəqərə 185, Həcc 78)
Allah sizə yüngüllük gətirmək istəyir. İnsan zəif və aciz yaradılmışdır. (Nisa 28)
Diqqət edəcəyimiz bir önəmli xüsusda dini məsələləri insanlara asan formada çatdırmaqdır. İnsan fitrəti və psixologiyası rahatlığa meyillidir. Bir şeyə alışdıqdan sonra onu rahat həyata keçirə bilər. Qabağına çıxan ağır məsuliyyətli bir təklif qarşısında digər məsələlərin də inkarına yol aça bilər. Odur ki, şəri qaydalar əsasında insanlar üçün ən asan yolu seçmək, asan olandan çətinə, əsasdan təfərrüata, zahirdən batinə getməliyik. İnsanlar müxtəlif xarakterlərə malikdirlər. Uca Rəbbimiz buyurur: “Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.” (Bəqərə 185)
“... İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb...” (Həc 78)
Şərh sürəsi nazil olduqda Allah Rəsulu (s) Allahın hər çətinliyin müqabilində iki asanlıq buyurmasına sevinmiş və buyurmuşdur: “Bir çətinlik iki asana əsla qalib gələ bilməz. Bəli iki asanlıq, biri çətinliklə yanaşı verilən və biri çətinlikdən sonrakı asanlıq.
“(Bil ki) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!” (Şərh 5-6)
Allah Rəsulu (s) başqa bir hədisdə buyurur: “Biz insanların ağılları ölçüsündə danışmaqla əmr olunduq.”
Bu məsələyə olan əhəmiyyətdəndir ki,  hətta camaat namazında da kiçik sürələrin oxunması tövsiyə olunmuşdur. Çünki camaat namazı ümumidir. O namazda kiçik-böyük, qoca-cavan, qadın ola bilər. Odur ki, dinimiz orta bir yol tutmağımızı əmr edərək, camaat namazında kiçik sürələrin oxunmasını buyurmuşdur.
Bir gecə camaata namaz qıldıran Muaz ibni Cəbəl Bəqərə sürəsini oxumuş və beləliklə də, bəzi müsəlmanların etirazına səbəb olmuşdur. Bunu eşidən Allah Rəsulu (s) buyurdu: “Ey Muaz sən fitnə çıxarmaq istəyirsən? Vəş-şəmsi, Vəl-ləyli oxu.”  Bu hədis geniş olduğundan sadəcə  mövzu ilə əlaqəli olan hissəni yazdım. Mənbəsini, hədisi tədqiq etmək istəyənlər üçün qeyd edirəm . (Muslim, Salat, 178; Buxari, əzan, 60,63, 66)
Deməli, hətta ibadətdə də həddi aşmaq olmaz. Bu məsələyə diqqət etməmək, insanların camaat namazından uzaqlaşmasına səbəb olan amilə çevrilə bilər. Necəki, yuxarıda qeyd etdiyimiz hədisdə qarşı tərəf ağır iş rejimini dəlil gətirərək uzun sürələrin oxunması barədə peyğəmbərə (s) şikayət etmişdi. (həmin mənbə)

7.Müjdələyib nifrət etdirməyək. (Səbə 28)
İnsanlara hər şeyi sadəcə qorxu vasitəsi ilə qəbul etdirmək, nəhayətində nifrətə səbəb olacaq. Bu təkcə dini məsələlərdə deyil digər ictimai işlərdə də belədir. Bu baxımdan psixoluqların da insanlarla, xüsusən uşaqlarla bağlı tövsiyələrini oxuduqda bunu müşahidə etmək olar.
Qurani kərimdə də həm insanlara müjdə və həm də onları Allahın əzabı ilə qorxudan ayələr mövcuddur. Quranın günahkarlara da;
“Ey mənim zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz Allah bütün günahları bağışlayır.Çünki bağışlayan və mehriban Odur.” (Zumər 53)
deyə xitab etməsi məsələnin əhəmiyyətini bizə çatdırır. Bu ilahi ayənin bərəkəti ilə neçə-neçə insanlar İslama üz gətirdilər və həqiqi həyat tapdılar. Qurani-kərim Allah Rəsulunu (s) bizə “müjdə verən” və “qorxudan” kimi tanıtdırır. (Səbə 28)
Allah Rəsulu (s) bu da metoddan istifadə edərək, ilahi təbliğinin ilkin mərhələlərini bu üsulla həyata keçirtmişdir. İnsanlarda olan əxlaqi keyfiyyətləri kəşf edərək, o əxlaqi keyfiyyətin müsbət cəhətlərini onlara çatdırmış və beləliklə də onların hidayət olmasına vəsilə olmuşdur.

8.İlahi əzaba qarşı xəbərdarlıq etmək. (Səbə 28)

Allah Rəsulunun təbliğdə diqqət etdiyi bir xüsusda, insanları ilahi əzabla qorxutmaq idi. Bu səbəblə müjdə ilə hidayət olmayanları ilahi əzab ilə qorxutmuş, Cəhənnəm əzabından söz açan ayələri onlara oxumuş və bu yolla hidayətlərinə çalışmışdır. Bəzən müjdə ilə hidayət olmayanlar, ilahi əzabın qorxusundan İslamı qəbul etmişdilər. Bu iki üslub (müjdə və qorxu) da nəhayətində onları ilahi əzabdan xilas etmək üçün idi. Bir hədisə nümunə üçün baxaq;
“Siz Qiyamət günü yaxşı əməllərinizlə deyil günahlarınızla qarşıma gəlsəniz, mən sizdən üz çevirəcəyəm.” O zaman siz mənə “Ya Muhamməd” deyə çağırarsınız. Mən isə belə edərəm.”
Allah Rəsulu “belə edərəm” buyurarkən üzünü onlardan başqa bir tərəfə çevirdi və bunu iki dəfə təkrar etdi.
Sizə qısa şəkildə peyğəmbərimizin (s) təbliğdə istifadə etdiyi üsulları çatdırdıq.  Əlbəttə ki, sizlər bunları, dini mənbələrdən daha geniş şəkildə oxuyub və araşdıra bilərsiniz. İndi isə daha önəmli bir bölümə keçək.
Peyğəmbərimizin təbliğ və dəvət vasitələri.
1.     Qurani-Kərim.
2.     Möcüzələri.
3.     Əməli ilə.
4.     Yetişdirdiyi müəllim və mübəlliğlər.
5.     Məktub və elçilər.
6.     Gələn heyətlər.
7.     Bəxşiş, hədiyyə, ziyafət və toplantılar.
Bu vasitələrin hər biri haqda mütaliə edib, araşdırmağınızı siz əzizlərin öhdəsinə buraxırıq. Çünki bu vasitələrin təbliğdə mühum rolu var. Bu vasitələri mütaliə edərkən bir sıra əxlaqi məsələləri də öyrənmiş olacaqsınız.  Təbliğ üsulu və təbliğ vasitəsi hər bir kəsə görə dəyişə bilər. Bu təbiidir. Mühum olan məsələ yuxarıda da qeyd etdiyimiz kimi,düzgün şəraiti və düzgün zamanı seçə bilməkdir. 

Təbliğat sahəsində nə qədər deyilsə və yazılsa yenə də azdır. Bugün biz müsəlmanlar təbliğdən sözün əsl mənasından uzaq düşmüşük. Səbəbləri də çox sadədir. Çox sadə sözlərlə özümüzə bəhanə tapıb, məsuliyyəti boynumuzdan atırıq. Amma bizə elə gəlir ki, biz məsuliyyətdən boyun qaçırtdıq. Halbuki bu işdən boyun qaçırtdığımıza görə ilahi məhkəmədə məsuliyyətə cəlb olunarıq.
Təbliğlə bağlı apardığım araşdırma zamanı bir müsəlmanı utandıracaq bəzi faktlarla rastlaşdım. Həqiqətən utanc verici idi. Gecə-gündüz lənətləyib, bəyənəmədiyimiz din düşmənləri təbliğ sahəsində elə işlər görürlər ki...
Ey müsəlman qardaşım! Bəs biz niyə sakit əyləşib haqq olan dinimizi təbliğ etmirik?  Onlar  batil olduqları halda bu qədər əmək və güc sərf etdikləri halda bizə nə olub ki, haqq olduğumuzu bildiyimiz halda bu yolda heçnə etmirik?!
Kilsə İncili 1200 dilə tərcümə edib və həmin İncili radio vasitəsi ilə səsləndirərək bütün dünyaya yayıblar. Hətta Azərbaycanımıza qədər  gəlib çıxıblar. Bəs müqəddəs kitabımız Qurani-Kərim necə? Kifayət qədər tərcümə olunub? Quran sahəsində insanlara faydalı olan hansı addımları atmışıq?  Quranı insanlara kifayət qədər tanıtdıra bilmişik? İncillə bağlı bir məsələ də diqqətimi çəkdi. Xristianlar təhrif olunmuş İncili təkcə tərcüməsi ilə kifayətlənmir. Onlar o  İncili sələndirib gözəl fon musiqisi ilə də tərcüməsini oxuyurlar. Hələ bitmədi. O İncillərin uşaqlar üçün olan variantını da gözəl rəsm əsərləri ilə bəzəyərək, xüsusi rəng çalarlarından istifadə etməklə hazırlayıblar. Bütün bunlar internet və saytlarda da geniş təbliğ olunur. Yaxşı biz nə etmişik? İndiyəcən neçə dini məlumatı xaricə dilə tərcümə edib, müsəlmanların ixtiyarında qoymuşuq?
Başqa bir fakt isə marksizm kimi batil məktəblər öz rəhbərlərinin kitablarını, çıxışlarını, həyat və fəaliyyətini 101 dilə tərcümə edib dünyaya yaydılar. Bəs biz? Öz dəyər və qiymət verdiyimiz din alimlərimizin, rəhbərlərimizin, kitablarını, çıxışlarını, insanalara çatdıra bilirikmi? 101 deyil, heç olmasa bir dilə tərcümə etmişikmi? Niyə biz tez yoruluruq? Niyə biz ilahi təbliği bu qədər əhəmiyyətsiz hesab edirik?
Bəzən bir önəmli məsələ haqqında internetdən məlumat əldə etmək istədikdə ya tapa bilmirik, ya da tapdıqlarmız bizi qane etmir. Çünki, biz də düşünürük ki kimlərsə onu ora qoymalıdır və biz hazır axtarıb tapmalıyıq. Və beləliklə hamı bizim kimi düşünür və nəticə sıfıra bərabər olur. Bu barədə bir maraqlı hekayti sizinlə bölüşüm. Bir məmləkətdə bir şah böyük bir hovuz tikdirir. Hovuzun tikintisi axşam çağı bitir. Şah əmr verir ki, bütün əhali bir qab süd gətirib bu hovuza töksün. Bəli bütün şəhər ora axışır. Bir kişi öz-özünə düşünür ki, mən ora su töksəm bu qaranlıqda heç kim bilməz. Həm də mənim bir qab suyum, o qədər südün içində bilinməz. Bəli elə də edir və süd əvəzinə su tökərək gedir. Səhər açıldıqda hovuza baxan məmurlar hovuzun hamısının su olduğunu görürlər. Məlum olur ki, hamı o kişi kimi düşünüb və nəhayətində hamı hovuza süd yox, su töküb.
Bizim də bugünkü gündə bir çox məsələlərdə halımız bu cürdür.
2012-ci ilin statistik rəqəmlərinə görə Afrikada təxminən 15 min məsihi mübəlliği 16671 ali məktəbdə, 500 dini məktəbdə, 600 xəstəxanada, 120 qaçqın düşərgələrində, 511 poliklinikada fəaliyyət göstərirlər? Halbuki bu qaçqın və müsəlmanların əksəriyyəti müsəlmandırlar.
Kilsə dünyada 36450 ibtidai məktəb, 11154 orta məktəb tikib. Elə təkcə Afrikada 5 milyon müsəlman şagirdi məsihilərin məktəblərində təhsil alır.
Bu rəqəmlər bizə nəsə demir? Bunlara baxıb, müsbət nəticə çıxartmaq lazımdır. Biz müsəlmanlar əgər təbliğ və elm sahəsində keçmişimizdən ibrət alsaq, onda elm sahəsində misli görünməmiş bir yenilik olacaq. Çünki bütün elmlərin əsası İslamdır. Və bu iddia ilə illər öncə bir araşdırma təqdim edərək, müsəlmanaların bütün elm sahələrində olan fəaliyyətlərini bir-bir qeyd etmişik.
Bugün hər bir müsəlman bacardığı bir işlə İslama xidmət etməldir. Hər bir kəsin bir sahədə potensilaı vardır. Gərək onlar üzə çıxa və müsəlmanlar Quran buyuran kimi bir  yerdə ( Ali-İmran 104) ilahi hədəflərin təbliğində çalışalar.
İslami hədislər də bizi bu cür təbliğə səsləyir:  Hədisdə buyurulur: “Allah rəhm etsin o bəndəyə ki, başqası ilə birləşib, bizim yolumuzu təbliğ edir.” 

Mahir Şəkərov – İlahiyyatçı yazar.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)