“Əbu Ləhəbin əlləri qurusun” ayəsində əslində məqsəd nədir? – Tərcümədə yol verilən yanlışlıqlar.
Qurani-Kərimin “Məsəd” surəsinin birinci ayəsinin tərcüməsində yol verilən yanlış tərcümə zaman-zaman haqlı iradlara səbəb olur. Bu surəyə “Təbbət” də deyilir ki, bu da həmin surənin ilk kəliməsindən götürülmüşdür.
Bəzi tərcümələrdə “təbbət” (تَبَّتْ) sözü “qurusun” deyə tərcümə olunsada bu dediyimiz kimi yanlışdır. Elə isə gəlin ilk öncə “təbbət” sözünün mənasını öyrənək.
Təbbət (تَبَّتْ) sözü lüğətdə: Rağib İsfəhani bu sözü “davamlı ziyan” mənasında olduğunu qeyd edərkən, Şeyx Təbərisi isə bu sözün “sonu insanı həlaka aparacaq ziyan” kimi məna etmişdir. Hər halda iki məna da bir-birinə yaxın mənalardır.
Qurani-Kərimin üslublarından biri də ad çəkməməsidir. İstər tərif, istərsə də tənqid edərkən adətən bu üsluba riayət olunub. Lakin, iki yerdə bu üsluba əməl olunmur. Biri Əhzab 37 də Zeyd ilə Zeynəb binti Cəhşin evliliyi mövzusunda, digəri isə haqqında danışdığımız “Məsəd” sürəsində. Buna da səbəb onun peyğəmbərə (s) qarşı həddindən artıq çirkin mövqe, düşmənçilik mövqe etməsidir.
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ - (Təbbət yədə, Əbi Ləhəbin vətəbb) Yəni, Əbu “Ləhəbin dini aradan aparmaq üçün çəkdiyi zəhmətlər hədər oldu, ona fayda vermədi. Onun səy və təlaşı, onun dünya və axirətdə ziyanına və həlakına səbəb oldu.”
İlk olaraq, bu sürənin nazil olma səbəbini öyrənək; Tarixi mənbələrdə qeyd edilir ki, “Yaxın qohumlarını qorxut” (Şuəra 214) ayəsi nazil olduqdan və peyğəmbərə (s) yaxın qohumlarını qorxutmaq və İslama dəvət etmək əmri verildikdən sonra o, Səfa dağına çıxıb camaatı səslədi. Camaat dağın ətəyinə toplaşdıqdan sonra buyurdu: “Mənə deyin görüm, siə xəbər versəm ki, düşmən süvariləri səhər tezdən sizə hücum çəkəcək, mənə inanarsınızmı?” Onlar “Biz səndən heç vaxt yalan eşitməmişik.” – deyə cavab verdilər. O dedi: “Mən sizi Allahın şiddətli əzabından xəbərdar edirəm.” Əbu Ləhəb bu sözü eşidən kimi dedi: “Ölüm olsun sənə! Bizi elə bunun üçün toplamısan?” Bu surə elə həmin vaxt nazil oldu.
Əbu Ləhəbin əsl adı “Əbdul-Uzza”, yəni “Uzzanın qulu”dur. Müşrik və kafirlər bütləri özlərinə ilah saydıqlarından özlərini bütlərin qulu adlandırırdılar. “Ləhəb” onun künyəsidir. Onun övladı olmamışdır ki, o həmin adla adlandırıla. Ona “Ləhəb” deyilməsinin səbəbini tarixi mənbələr üzünün atəş şölələri kimi qırmızı olması ilə əlaqələndrirlər. Elə “Ləhəb” sözü də “atəş şölələri” mənasına gəlir. Təfsir alimləri qeyd edirlər ki, bu künyənin ona verilmə səbəbi onun bu künyə ilə camaat arasında tanınmasına görə idi. Əbu Ləhəb peyğəmbərin (s) əmisi idi, lakin İslam dinin qatı düşmənlərindən idi. Bu ümumi məlumatlardan sonra əsas mövzumusa keçid alaq.
Allah Rəsulu (s) insanları İslama dəvət edərkən Əbu Ləhəb həmin toplantıda üzünü peyğəmbərə (s) tutaraq “Lənət olsun sənə”, “Məhv olasan”, “Ölüm olsun sənə” mənalarına gələn (تَبًّا لَکَ) “Təbbən ləkə” sözünü istifadə etdi. Allah da elə o sözü onun barəsində istifadə edərək, sürəyə o sözlə başlayır. Bu cür nümunələr Quranda vardır. Məsələn: Peyğəmbərə (s) əbtər -sonsuz - deyənlərə Quran da əbtər – sonsuz deyir. (Bax: Kövsər sürəsi.) Yaxud, müsəlmanlara səfeh deyənlərə, Allah da eyni kəlmə ilə cavab verib, səfeh adlandırır. (Bax: “Bəqərə” 13)
Surədə “əl” də məqsəd “qüdrət”dir. Yəni, Əbu-Ləhəbin qüdrəti aradan getsin. İslama ziyan verən, yığdığı mal-dövlət aradan getsin. Bəzi təfsir alimləri qeyd edirlər ki, burada “əl” ifadəsinin gəlməsi insanın qazanc və işlərinin adətən əl ilə görüldüyünə görədir.
Heç bir tarixi mənbədə Əbu Ləhəbin əllərinin quruması göstərilmir. Dediyimiz kimi “əl”də məqsəd bədən üzvü olan əl deyildir. “Məsəd” surəsinin təfsiri haqda məşhur “Əl-Mizan” təfsirinin müəllifi yazır: “Bu ayədə “əl” də məqsəd insanoğlunun qüdrətidir. “Əl” ifadəsi burada kinayədir. Çünki, insanlar əksər işlərini əlləri vasitəsi ilə həyata keçirirlər. “Əlləri kəsilsin” yəni, onun İslam əleyhinə gördüyü işlər “nəticəsiz” olsun, “fayda verməsin,”
Qurani-Kərimdə də bəzən “əl” sözü Allaha nisbət verilir. Məsələn: “Allahın əlləri açıqdır” (Maidə, 64) ayəsi Allahın səxavətinə, “Allahın əli onların əllərinin üstündədir”. (“Fəth”, 10) ayəsi isə Allahın qüdrətinə işarədir.
Bütün bunları qısa şəkildə bildikdən sonra, “Məsəd” surəsinin ilk ayəsini belə tərcümə edib anlamaq daha məqsədə uyğun olar;
“Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona.” (“Məsəd” 1)
Surənin təfsirində və nazil olma səbəblərində yer almayan bir tarixi hadisəni də oxucuların diqqətinə çatdıraq. Məkkənin cahiliyyət dövründən bəhs edən, bəzi mənbələrin yazdığına görə o zaman Məkkədə bir oğurluq hadisəsində Əbu Ləhəb də iştirak etmiş və Məkkənin varlılarından olduğu və yüksək mövqe sahibi olduğundan əl kəsilmə cəzasından boyun qaçırtmışdır. Bu barədə tarixi mənbələrdə geniş söhbət açılmış hətta kitab belə yazılmışdır. Biz burada ona işarə etməklə kifayətlənirik.
Bu surədən əxlaqi mövzular da yer alır ki, maraqlananlar daha ətraflı özləri surənin təfsir və izahlarına müraciət edə bilərlər.
“Məsəd” surəsinin izahlı tərcüməsi.
“Təbbət” surəsinin kəlmələri:
تبت – ziyana uğradı, fayda vermədi, kəsildi.
يدا- يدان - iki əl - bütün qüdrət, bütün nemət - tamam nüfuz.
ما - o şey- o şey ki- nə.
اغنى - ehtiyyacsız etdi-xeyir verdi.
ه - o, özü. (əvəzlik).
عن - dan,dən (şəkilçi).
عنه – ondan.
ماله - onun malı, onun sərvəti və mülkü.
كسب - kəsb edibdir, qazanıbdır, ələ keçirib.
سي- سوف - tezliklə, tez.
يصلى - çəkir-atır.
نار – od.
ذى – ذو – ذا- ذات - sahib, malik.
لهب - odun şöləsi, qızarmış, alovlanmış.
امراة - (o) qadın, arvad, həyat yoldaşı, onun arvadı.
حمالة - yük daşıyan qadın, sənəti yük daşımaq olan qadın.
حطب – odun.
حمالة حطب - odun daşıyan qadın, çox söz gəzdirən qadın.
فى - da, də (şəkilçi).
جد – boyun.
حبل – ip.
من - dan, dən (şəkilçi).
مسد - xurma lifi, döyülmüş, bərk.
Tərcümə.
1. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona.
2. Əsla onun mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də) ondan uzaqlaşdıra bilməz.
3. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.
4. Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).
5. Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır.
“Təbbət” surəsi iki hissədən təşkil
olunmuşdur. Birinci hissəsi (Əbu Ləhəbin)
özünün, ikinci hissəsi isə arvadının pisliyi barədədir.
İlkin dəvət vaxtı Hz. peyğəmbər (s)
insanları tövhidə dəvət edirdi. Onun birinci düşmənlərindən olan əmisi Əbu
Ləhəb peyğəmbərin (s) ardınca gəzib onun ayaqlarının arxasını o qədər
daşla vurmuşdu ki, qanı axırdı, arvadı isə tikanları yığıb iplə bağlayaraq
boynunda gətirib peyğəmbərin yoluna tökürdü ki, ayaqlarına batsın.
Mahir Şəkərov – İlahiyyatç,
araşdırmaçı.
Yorumlar
Yorum Gönder