Əhli sünnənin dörd məzhəb alimi və digər alimlərinin dili ilə Elşad Mirinin “Nə İsa peyğəmbər gələcək, nə də İmam Mehdi!” iddiasının dəlillərlə puç edilməsi. (İsa da gələcək, Mehdi də!)



Şübhə 1:  Hz. İsa (ə) və Hz. Mehdi yer üzünə gəlməyəcəkdir.
Şübhə 2:  Hz. İsa (ə) Hz. Mehdinin arxasında namaz qılmaz.
Şübhə 3:  Hz. İsa yaxud Hz. Mehdi gəldikdə namazı hansı məzhəbə uyğun qılacaqlar?
Cavablar:
Məhdəviyyət inancını hansısa məzhəbin, firqənin inancı kimi təqdim edənlər, çox güman ki, az mütaliə edənlərdir. Məhdəviyyət inancı ümumbəşər bir ideologiyadır. Hz.Mehdinin gəlişini zaman-zaman hər hansı bir məzhəbə aid etmək, bəzən daha da irəli gedərək onun gəlişini tamamilə inkar etmək, heç şübhəsiz İslam düşmənlərinin əsas vəzifələrindən biridir. Zamanın keçməsi ilə Hz. Mehdiyə əqidəsi sabit İslami əqidələrdən biri olmuşdur. Sünni alimləri və ümumxalq kütlələr bu əqidədə o qədər həmahəng və müvafiq idilər ki, əgər bir nəfər müxalif tapılsaydı və onu inkar etsəydi, yaxud bu barədə şəkk-şübhə yaratsaydı, alimlər və tədqiqatçılar onunla müxalifətə qalxıb lazımı cavab verirdilər. Çünki, o şəxs həqiqətdə İslamın danılmaz əqidələrindən birini – rəvayətlərdə peyğəmbərdən (s) təvatür həddində nəql olunduğu halda – şəkk-şübhə yaratmış olurdu.
Bu əqidədə şübhə yaradan və cavabı sünni alimləri tərəfindən verilənlərdən bəzisinə nəzər salaq;
1. 8-ci hicri əsrinin alimlərindən olan və məşhur “Tarix” kitabının müəllifi İbni Xəldun (“Daru ehyait-turasil-ərəbiyy” çapı, s. 311) öz kitabının müqəddiməsində deyir: “Bil ki, bütün müsəlmanların arasında belə bir məşhur bir əqidə vardır: hökmən axirəz-zamanda əhli-beytdən olan bir kişi zühur edəcək, dinə kömək edib ədaləti yayacaq, müsəlmanlar da ona itaət edəcəklər, o, bütün İslam ölkələrinə hakim olacaq. Onun adı Mehdi olacaqdır. Dəccalın gəlişi və ondan sonra baş verəcək hadisələr də Qiyamətin danılmaz əlamətləri olduğu halda, onun zühurundan sonra baş verəcəkdir. İsa (ə) ondan sonra yer üzünə nazil olaraq Dəccalı qətlə yetirəcək, yaxud Mehdinin zühuru ilə eyni zamanda nazil olacaq, Dəccalı öldürməkdə ona kömək edəcək və namazda Mehdiyə iqtida edəcəkdir.” (“İbni Xəldunun müqəddiməsi” səh. 311)
Görkəmli əhli sünnə alimi daha sonra Hz. Mehdinin barəsində nəql olunan 27 hədisi araşdırır, bəzi raviləri tənqid edir və öz münaqişələrinin sonunda deyir: “Mehdi və onun axirəz-zamanda zühur etməsi ilə əlaqədar rəvayətlərin hamısı bunlardan ibarətdir. Gördüyünüz kimi, azacıq miqdar istisna olmaqla, yerdə qalanlar barədə tənqid və mülahizələrə yer vardır.” (“İbni Xəldunun müqəddiməsi” səh. 322)
Bundan sonra sufilərin Mehdi barəsindəki bəzi nəzərlərini tənqid etmiş, axırda sözünü onlara cavabla yekunlaşdırmışdır.

2. Əhli sünnənin digər bir alimi Əli Kurani “Zühur əsri” kitabında yazır: “Mən əvvəllər, “Əqidətu əhli sunnə vəl-əsər fil-Məhdil-muntəzər” ünvanlı bir tədqiqat da yazmışdım. Bu məqalə Mədinədə nəşr edilən, “Əl-Camiətul-İslamiyyə” jurnalının 1388-ci ilin Zilqədə ayındakı 3-cü nömrəsində çap edilmişdi. Həmin məqalə aşağıdakı on hissədən ibarətdir:
1. Peyğəmbərdən (s) Hz. Mehdi ilə əlaqədar rəvayətləri nəql edən səhabələrin adları.
2. Hz. Mehdi barəsindəki rəvayətləri öz kitablarında bir yerə yığan sünni alimlərinin adları.
3. Hz. Mehdi barəsində ayrılıqda kitab yazan sünni alimlərinin adları.
4. Hz. Mehdi barəsindəki hədislərin təvatür həddində olmasına hökm edən alimlər.
5. “Səhihi Buxari” və “Səhihi Müslim”də Hz. Mehdi barəsindəki bəzi rəvayətlərin bəyanı.
6. Qeyd olunan bu iki kitabdan başqa sair kitablarda Hz. Mehdi barəsində gələn rəvayətlərin – sənədlərini zikr etməkdə - bəyanı.
7. Hz. Mehdi ilə əlaqədar rəvayətlərə etiraz edən alimlərin adları.
8. Hz. Mehdi ilə əlaqədar rəvayətləri inkar edən, yaxud onda şəkk-şübhə yaradanların adları ki, onların sözləri də müxtəsər şəkildə bəyan olunur.
9. Hz. Mehdi ilə əlaqədar rəvayətlərin arasında ziddiyyətin varlığı təsəvvür olunan mətləblərin bəyanı və onların cavabı.
10. Hz. Mehdinin axirəz-zamanda zühur etməsinə etiqadın elə qeybə etiqad olması, eləcə də əhli-sünnənin Hz. Mehdiyə etiqadının şiəlikdəki etiqaddan təsirlənməməsi və bunların arasında heç bir əlaqənin olmaması barəsində yekun sözümüz. (Əli-Kurani “Zühur əsri” s. 329-330)

3. İbn Qeyyim Cövzi (əhli sünnə alimi): Bu alim də Hz. Mehdi barədə rəvayətlərdən söz açmış və İbn Macənin “Sünən” kitabında Abdullah ibn Məsuddan nəql olunan hədisi qeyd edir: “Biz peyğəmbərin (s) yanında idik ki, Bəni Haşimdən olan cavanlar ora gəldilər. Peyğəmbər (s) onları görən kimi gözlərindən yaş axmağa başladı və rəngi dəyişildi. Soruşduq: “Biz sizdə elə bir haləti müşahidə edirik ki, narahat oluruq. Peyğəmbər (s) buyurdu: Allah biz əhli-beyt üçün axirəti dünyadan üstün etmişdir. Əlbəttə tezliklə bəla, müsibət və sərgərdanlığa düçar olacaqlar, nəhayət məşriqdən qara bayraqlara malik olan bir qövm gələrək haqqı tələb edəcəklər, lakin haqları onlara verilməyəcək. Sonra mübarizəyə qalxaraq qələbə çalacaqlar. Bu zaman onların istəkləri həyata keçəcəkdir, lakin bu dəfə özləri qəbul etməyəcək nəhayət bayraqlarını mənim xanədanımdan bir kişiyə həvalə edəcəklər. O, yer üzünü əvvəllər zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Belə isə, hər kəs o zamanı görsə, hətta qarın üzərində sürünməklə olsa belə, onların yanına tələsməlidir.” (Həmçinin bax: Sünəni-Əbu Davud, c. 14, s. 402)
Bu alimlərdən savayı, əhli sünnənin təfsir alimi Cəlaləddin Suyuti, İbn Həcər Heysəmi, Əbu Fida İbni Kəsir, İbni Əbil Hədid Mötəzili, Əl-Əzhər universitetinin müəllimi Şeyx Məhəmməd Xızr Hüseyn, Şeyx Nasirəddin Əlbani, Ədvi Misri, Səduddin Təftəzani, Qirmani Dəməşqi, Muhyiddin Ərəbi, Şərif Bərzənki, Səmhudi, Əllamə Xeyruddin Alusi, Əllamə Mənavi, Maliki məzhəbi alimi Kəttani Maliki kimi görkəmli əhli sünnə alimləri və daha neçə-neçə alimlər Qiyamətdən öncə Hz. İsanın və Mehdinin gələcəyini dəlillərlə qeyd edirlər. Bundan əlavə əhli sünnənin dörd məzhəb alimləri də Hz. İsanın və Mehdinin gələcəyini öz kitablarında təsdiq etmişlər. Çünki, Hz. İsanın nazil olması və Hz. Mehdinin zühuru əhli sünnə etiqadında inkaredilməz bir həqiqətdir.
“Səhihi-Buxari”, “Səhih-Muslim”, “İbn Macə” və s. hədis kitabları başdan-başa bu mövzuda hədislərlə doludur. Nümunə üçün birin zikr edək: “Dünyanın ömrünə təkcə bir gün qalsa da, Allah mənim əhli-beytimdən bir nəfər göndərəcək. O , (daha əvvəl) zülmlə dolduğu kimi dünyanı ədalətlə dolduracaq.” (“Sünəni-Əbu Davud”, c. 14, s. 402)

Bir neçə əhli sünnə aliminin bu barədə sözləri.
Hafiz Əskalani “ət-Təhzib” cild 9, səh. 144-də yazır: “Hz. Mehdi və onun Əhli-beytdən olduğu yeddi il hökumət edəcəyi, yer üzünü ədalətlə dolduracağı, Hz. İsanın onunla birlikdə zühur edəcəyi, dəccalı (fikirlə) öldürəcəyi, ümmətə imamət edəcəyi və İsanın onun arxasında namaz qılacağına dair peyğəmbərdən (s) nəql olunan hədislər, ravilərinin sayının çoxluğundan mütəvatir və məşhurdur.”
Bunu Suyuti də “əl-Havi lil-Fətava” kitabında eyni ilə nəql edir.
İbni-Həcəri-Heysəmi, “Əs-Savaiq”, səh. 165-də (Misir çapı) deyir: Əbu Hüseyni-Acuri belə deyir: Hz. Mehdinin zühuru, əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı, İsa (ə) ilə birlikdə zühur edəcəyi və Fələstin torpaqlarındakı “Babı-Led” də dəccalı öldürmək üçün ona kömək edəcəyi, ümmətə imamət edəcəyi və İsanın (ə) da onun arxasında namaz qılacağına dair peyğəmbərdən (s) nəql olunan hədislər, ravilərinin sayının çoxluğundan mütəvatir və məşhurdur.”
Şəblənci “Nur-ul Əbsar”, səh. 171-də (Misir Şa’biyye çapı.) yazır: “Hz. Mehdinin Əhli-beytdən olduğu və yer üzünü ədalətlə dolduracağına dair peyğəmbər dən (s) nəql olunan rəvayətlər mütəvatirdir və dəccalı öldürmək üçün İsaya kömək edəcəyini bildirən hədislər də mütəvatirdir.”
Misirli Şeyx Məhəmmədi-Hənəfi “İthafu Əhl-əl-İslam” (əl yazma) adlı kitabında yazır: “Hz. Mehdinin zühur edəcəyinə dair peyğəmbərdən (s) nəql olunan hədislər mütəvatirdir.”
Tədqiqatçı Məhəmməd ibn Rəsul Bərzənci “əl-İşaatu li Əşrat-is Sae” (s. 87, Misir çapı.) adlı kitabında deyir: “Məhəmməd ibn Həsən Əsfəvi “Mənaqib-Şafii ” adlı kitabında belə yazır: Hz. Mehdi və onun Peyğəmbərin Əhli-beytindən olduğuna dair Rəsulullahdan (s) nəql olunan rəvayətlər mütəvatirdir.”
Şeyx Məhəmməd Sabban “İsafur Rağibin səh.140-da (Misir çapı.) deyir: “Hz. Mehdinin zühuru, əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı və Fələstindəki “Babı-Led” də dəccalı öldürmək üçün İsaya kömək edəcəyi, ümmətə imam olub İsanın onun arxasında namaz qılacağına dair peyğəmbərdən (s) gəlib çatan hədislər mütəvatirdir.”
Süveydi “Səbaiquz-Zəhəb” səh.78-də (Misir çapı.) yazır: “Alimlərin üzərində ittifaq etdikləri şey budur ki, Hz. Mehdi axırzamanda qiyam edəcək və yer üzünü ədalətlə dolduracaq.”
Peyğəmbərimizin (s) Hz. Mehdi müjdəsi Hənəfi, Hənbəli, Şafii və Maliki məzhəblərində əhli-sünnə inancı kimi dəyişməzdir.




Hənəfi məzhəbində Hz. Mehdi (ə) inancı.
Yaşadığı illərdə bir neçə səhabəni görən, Əbu Hənifə Hz. İsanın (ə) nüzulunu və Hz. Mehdinin zühurunu müjdələyən məzhəb imamlarındandır. Birbaşa səhabələrdən elm və hədis öyrəndiyinə görə, Əbu Hənifə Hz. Mehdinin zühurunun inkaredilməz olduğunu bildirmişdir.
İslam aləmində əqaid məsələləri (İslam dinində fərz olan xüsuslar, imanın əsasları, dinin əsas qayda və hökmləri) haqqında İmam Əbu Hənifənin yazdığı “Fiqhul-əkbər” və “Vəsiyyət” adlı risalələri çox önəmli əhli-sünnə mənbələrindəndir. Əbu Hənifənin “Fiqhul-əkbər” adlı əsəri əhli-sünnə inancının əsasını təşkil edir. Hənəfi imamı İmami-əzəm Əbu Hənifə Hz. İsanın (ə) nüzulunu və Hz. Mehdinin gəlişini inkaredilməz mövzu kimi risaləsində belə bildirir: “Dəccalın və Yəcucun çıxması, Günəşin qərbdən doğması, Hz. İsanın (ə) göydən enməsi və səhih xəbərlərdəki digər Qiyamət əlamətləri haqdır və olacaqdır. Qiyamətin böyük əlamətlərindən başqaları da var. Məsələn, Mehdinin gəlməsi kimi. Bütün bu hadisələr səhih xəbərlərin məlumat verdiyi kimi haqdır və baş verəcəkdir”. (Fiqhul-əkbər tərcüməsi, İmami-əzəm Əbu Hənifə, hazırlayan Əli Rıza Kaşəli, səh. 99)
Yenə yazır: “Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, Hz. İsanın və digər qiyamət əlamətləri səhih xəbərlərdə varid olduğu vəchlə (etibarlı xəbərlərdən bizə çatdığı şəklilə) haqdır, olacaqdır.” (Əbu Hənifə, Numan bin Sabit (150/767), Fiqhul-əkbər, tərcümə edən: H. Basri Çantay, Ankara, 1982)
Qiyamət qopacağı zaman Hz. İsa (ə) yer üzünə enəcək. Hz. İsa (ə) gəlməzdən əvvəl Hz. Mehdi Məkkə və Mədinə hərəmlərindəki müqəddəs yerdə ortaya çıxacaq, sonra Qüdsə gələcək. Ondan sonra dəccal gələcək, İsa (ə) da Dəməşqdə şərqin minarəsindən enərək dəccalı təsirsiz hala salacaq və dəccal orada bir zərbə ilə zərərsizləşdiriləcək. İsa (ə) yer üzünə endikdə duzun suda əridiyi kimi, dəccal da əriyəcək . Bundan sonra İsa (ə) Hz. Mehdi ilə görüşəcək. Birlikdə namaz qılınacaq. Mehdi (ə) namazı qıldırması üçün Hz. İsaya işarə edəcək, lakin İsa (ə): “Sən bu namazı qıldırmağa məndən daha çox layiqsən” deyəcək. Hz. İsa Allah Rəsulunun (s) (s) şəriətinə tabe olduğu üzə çıxsın deyə Hz. Mehdiyə tabe olacaq. Beləliklə, birlikdə namaz qılacaqlar. (İmami-əzəm, Fiqhul-əkbər, Əliyyul-Qari şərhi, tərcümə, Yunus Vəhbi Yavuz, əlavəli 3-cü nəşr, Çağrı nəşriyyatı, səh. 284)

Şafii məzhəbində Hz. Mehdi (ə) inancı
Hicri 150-ci ildə Qəzzada anadan olan İmam Şafiinin Əbu Hənifənin vəfat etdiyi il doğulması İslam alimləri tərəfindən əhəmiyyətli hesab olunur. İmam Şafii Məkkəyə gələrək hədis təhsili almış, kiçik yaşda Quranı əzbərləmiş və İmam Malikin yanına gələrək fiqhi məsələləri mükəmməl öyrənmişdir. Quran və hədis bilgisi mükəmməl olan İmam Şafii də Əbu Hənifə kimi Hz. Mehdinin (ə) zühurunu müjdələmişdir.
O yazır: “Qiyamətə yaxın zamanda Hz. Mehdi adlanan müsəlman sərkərdə çıxacaq və müsəlmanların imanlarını yeniləyib, yer üzündə geniş yayılmış zülm və təcavüzləri aradan qaldırıb yerinə haqq və ədaləti yerləşdirəcək. Bir çox hədis və əqidə kitablarında açıq şəkildə ifadə edildiyi kimi, Hz. Mehdinin çıxışının ardınca dəccal adlanan bir sərkərdə çıxacaq, rəhbərliyi altında yetmiş döyüşçü ilə islami fəaliyyəti dayandırmaq üçün hərəkətə keçəcək və nəticədə müsəlmanlarla vuruşacaq, əvvəlcə, nə qədər qələbə çalsa da, sonda məğlub olacaq. Hz. İsa (ə) Allahın əmri ilə görə qalxdığı kimi, Qiyamətə yaxın zamanda yenə Allahın əmri ilə yer üzünə enəcək və İslam ədalətini tətbiq edəcək. İmanı zəif olan bunu qeyri-mümkün hesab edə bilər. Lakin Allahın qüdrətinə isnad etdikdə, bu, çox asandır. (Böyük Şafii ilmihalı, Halil Günenç, əlavəli 2-ci nəşr, səh. 23)

Maliki məzhəbində Hz. Mehdi (ə) inancı
Maliki məzhəbində də Hz. İsanın (ə) gəlişi əsas inanclardandır. İmam Malikin “Əl-Muvəttə” əsərində Hz. İsanın (ə) ikinci dəfə yer üzünə gəlməsinə və Hz. Mehdinin (ə) zühuruna diqqət çəkilmişdir. (Əl-Muvəttə, İmam Malik, 2-ci cild)


Hənbəli məzhəbində Hz. Mehdi (ə) inancı
Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl əsərlərində Hz. İsanın (ə) gəlişini, dəccalı öldürəcəyini qəbul edir. Axırzaman əlamətləri ilə bağlı çox maraqlı məlumatlar verir. Əhməd ibn Hənbəl dəccalın şərindən iztiazə ilə (Allaha sığınaraq) hədisləri nəql edərək axırzamanda zühur edəcəyini və Hz. İsa (ə) tərəfindən öldürüləcəyini qəbul edir. (İslam əqaidinin üç şəxsiyyəti, Dr. Yusuf Şevki Yavuz, səh. 49)
Peyğəmbərimiz (s) Hz. Mehdinin (ə) bütün məzhəbləri aradan qaldıraraq dini, əslində, əvvəlki vəziyyətinə qaytaracağını bildirmişdir
Hz. Mehdinin (ə.s.) mühüm xüsusiyyətləri arasında ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün tələbinə görə öyrədən böyük İslam alimi) və ən böyük müctəhid (ehtiyac olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi) vəsfləri də var. Bu vəsfə malik böyük şəxslər İslam topluluqlarına nümunə olmuş, yol göstərmiş, zamanın mənəvi lideri olmuş öndərlərdir. Bu öndərlərdən bəziləri ictihad etmə (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma) və hökm vermə vəsflərinə görə məzhəb öndərləri olmuş, müsəlmanlar da onlara tabe olmuşdur. Bu müctəhid və mücəddidlərdən ən böyükləri isə Hz. Mehdi olacaq. Bu da Hz. Mehdinin ictihad edən (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma) və hökm verən səlahiyyətli şəxs kimi bütün məzhəbləri aradan qaldıracağını göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə, digər bütün məzhəbləri ləğv etməlidir. Dövründə hər kəsin ona tabe olacağını bildirilməsi də bunu təsdiq edir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Futuhatul-Məkkiyyə” adlı əsərində bu barədə belə məlumat verir: “Hz. Mehdi dini peyğəmbərin zamanında olduğu kimi eyni ilə tətbiq edəcək. Yer üzündəki, məzhəbləri aradan qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.” (Muhəmməd bin Rəsul əl-Hüseyn əl-Bərzənci, Qiyamət əlamətləri, səh. 186-187)
Dəyərli İslam alimi Hüseyn Hilmi İşıq da “Səadəti-əbədiyyə” adlı əsərində Hz. Mehdinin bu xüsusiyyətini belə xəbər vermişdir: “Hz. Mehdi axır zamanda dünyaya gələcək.O, Rəsulullahın (s) nəslindən olacaq. O, İsa (ə) ilə görüşəcək. Məzhəbləri aradan qaldıracaq, sadəcə onun məzhəbi qalacaq. (H. Hilmi İşık, Saadeti-Ebediye, səh. 35)


Nəticə: Hz. İsa və Hz. Mehdi hər ikisi təkrar yer üzünə gələrək ədaləti bərqərar edəcəklər. Hz. İsa (ə), namazda Hz. Mehdiyə iqtida edəcəkdir. Hz. Mehdi hədislərə əsasən peyğəmbərdən sonra yaranmış bütün məzhəbləri aradan aparacaq və əsl xalis İslamı yer üzərində yenidən bərpa edəcəkdir. Namazı da məhz Hz. peyğəmbərin (s) bizə öyrətdiyi kimi qılacaqdır.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.








Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)