“Hz. İsa öldü" deyənlərə Quranın cavabı: “Hz. İsa yaşayır.”


Quran Hz. İsanın ölməsini təsdiqləmir.
Bu mövzuda bir neçə ayəni sizlərə təqdim edirik.
Ali İmran 55:
إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
“(Yada sal) o zaman(ı) ki, Allah dedi: Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldırcaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərin­dən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları kafir­lərdən üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.”
Quran Hz. İsanın hal-hazırda da həyatda olduğunu, yaşadığını ifadə edir.  Bu ayədə Allah “təvəffə” sözündən istifadə etmişdir. “Təvəffə” sözünün mənası “götürmək”, “almaq” deməkdir. Ölən adama “vəfat” etdi deyilməsinin səbəbi onun canının alınması ilə bağlıdır. Əlbəttə, bu ayədə “təvəffə” sözünün “öldürdü” mənası nəzərdə tutulmamışdır. “Təvəffə” deməklə Allah insanlara çatdırmaq istəyir ki, Hz. İsanı (ə) yəhudilərin arasından götürdü, yəhudilərin əlindən xilas etdi. (“Nümunə” təfsiri, c. 2, s. 568; “Əl-Mizan”, c. 3, s. 264)
Nisa 157:
وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا
Tərcümə: “Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq və eləcə də “biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki, onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlarla belə göründü. Amma iş onlarla belə göründü. Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu ba­rə­də şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və güma­na tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər.”
İzah: Quranın bu ayəsi də Hz. İsanın (ə) çamıxa çəkilməsini və qətlə yetirilməsi inancını qətyyətlə rədd edir. Müxtəlif tarixi sübutlar da İsanın (ə) xaça çəkilməsinin və öldürülməsinin əsassız olduğunu sübut edir. Xristianların öz yazılarında səhvə yol verilməsi ehtimalının  yüksək olduğu qeyd edilir.  Dəlil və sübutların bəzisinə nəzər salaq;
 1. İsanın (ə) çarmıxa çəkildiyini qeyd edən dörd İncil İsadan (ə) illər sonra onun şagirdləri və ya şagirdlərinin şagirdləri tərəfindın yazılmışdır. Bunu xristian tarixçiləri özləri etiraf etmişlər.
2. İncillərdə yazılana görə,  düşmənlər İsaya hücum çəkərkən şagirdləri qaçmışlar. Deməli, onlar İsanın (ə) çarmıxa çəkilməsi qənaətinə camaat arasında gəzən şayiələr əsasında gəliblər.
3. İsanın başqa bir adamla səhv salınması faktını təsdiq edən  amillərdən biri də budur ki, İsanı (ə) tutmaq üçün şəhər kənarındakı Cestmani bağına  gedənlər ordu dəstələrində xidməti vəzifə yetirən Roma əsgərləri idilər. Bu qrup nə yəhudiləri tanıyırdı, nə onların adət-ənənələrindən xəbərdar idi, nə də isanı (ə) öz şagirdlərindən fərqləndirə bilirdi. Qeyd olunanlardan əlavə, onların səhvə yol verdiyini təsdiq edən başqa dəlil və sübutlar da var. İslam hədislərində Allahın başqa bir şəxsi İsanın (ə) şəklində onlara göstərdiyi, bu səbəbdən də məhz həmin şəxsin tutularaq qətlə yetirildiyi qeyd edilmişdir. Hər halda Qurana  və İslam hədislərinə görə İsa (ə) ölməmiş, Allah onu görlərəqaldırmışdır. Lakin bu qaldırılmanın forması və onun hansı həyat tərzinə malik olması bizə məlum deyil. (“Nümunə” təfsiri, c. 4, s. 201; “Əl-Mizan”, c. 5, s. 134)
“Təfsiri Təbəri” də Hz. İsanın ölmədiyini qətiyyətlə qeyd edir: “Onlar Hz. İsanı öldürmədilər. Çünki, onun ölümü barədə şəkk və şübhə içərisində idilər. Onlar öldürmək istədikləri şəxsin Hz. İsa olacağı qənaətində idilər.” (“Təfsiri Təbəri” c. 1, s. 428)
Qurtubi: “Ayənin (Nisa 157) təfsiri belədir: “Mən səni öldürmədən Özümə tərəf yüksəldərəm, səmadan endikdən sonra səni öldürəcəyəm.” (Qurtubi, “əl-Camili Əhkamil Quran”, Qahirə, 1967, c. 4, s. 99)
Bəzi, müasir əhli sünnə alimləri də Hz. İsanın diri olmasını kitablarında           qeyd edir. Məsələn: Həsənəyn Muhəmməd Məxluf , (Həsənəyn Muhəmməd Məxluf , “Fətəva Şəriyyə və Buhusun İslamiyyə, Qahirə, 1971, c 1. s. 92-93) Zahid Kevsəri (Zahid Kevseri, “Nəzrətun Abirə”, s. 33) Elmalı Hamdi Yazır, “Hak din Quran dili”, c 3, s. 1516-1519)
بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا
 “Əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.” (Nisa 158)
Əhli sünnənin görkəmli təfsir alimi Fəxrəddin Razi Hz. İsanın göyə yüksəlməsinin bu ayə ilə sabit olduğunu qeyd edir. (Fəxrəddin Razi, “Məfatihul-Ğeyb”, c. 11, s. 102-103)
İbn Teymiyyə: “Allah onu Özünə tərəf apardı ayəsinin izahı, Hz. İsanın ruh və bədənlə Allah qatına yüksəldiyini bildirir.” (İbn Teymiyyə, “Məcməu Fətəva, c 4, s. 323)
Bunu da bilməliyik ki, Qurani-Kərimdə “yüksəlmə” həm maddi (“Bəqərə” 63, 93, 127,  “Rəd” 2, “Yusif” 100, Rəhman 7 və s. ) həm də mənəvi (“Bəqərə” 253,“Ənam” 83, “Mücadilə” 11 və s. ) olaraq gəlmişdir.
Nisa 159:
وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
Tərcümə: “Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur.) (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.”
İzah: Bu ayə ilə bağlı müxtəlif izahlar verilmişdir. Hz. İsanın (ə) həyatda olduğunu və yenidən dünyaya qayıdacağını bizə çatdıran ayələrdən biri də budur. Bütün kitab əhli isa (ə) vəfat etməzdən əvvəl ona iman gətirəcək, amma yerə enməzdən əvvəl əcəli çatmış və gözləri önündən dünyanın maddi pərdələri qalxmış bütün şəxslər həqiqəti dərk edəcəklər. Peyğəmbərliyini inkar edənlər ona iman gətirəcək, Allah hesab edənlər səhvlərini başa düşəcəklər. Əlbəttə, qeyd etməliyik ki, bu qaçılmaz imanın heç bir faydası yoxdur. İsanın (ə) yer üzünə qayıdacağı zaman həyatda olan insanlar ona iman gətirəcəklər. Həmin vaxt iman gətirməyənlər ölərkən qeyri-ixtiyari iman gətirəcəklər. Allah bu ayə ilə bildirir ki, İsa (ə) diridir və o, kitab əhli hamılıqla ona iman gətirdikdən sonra vəfat edəcək. Bu şəkildə İsanın çarmıxa çəkilməsi və qətlə yetirilməsi rədd edilir. (“Əl-Mizan”, c. 5, s. 136)
Məryəm 15 -33:
Hz. İsanın (ə) ikinci dəfə gəlişinə işarə edən ayələrdən biri də “Məryəm” surəsinin 15-ci ayəsidir. Bu ayədə bildirilən “öləcəyi gün” ifadəsi ilə çox vacib bir məlumat verilir. Ayədə belə bildirilir:
“Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm 33)

Bu ayədə “öləcəyi gün” ifadəsindəki sözün ərəbcə tərcüməsi “yəmutu”dur və bu sözün kökü Quranın digər ayələrində ölüm mənasında işlənən məvt sözüdür. Hz. İsa (ə) ilə bağlı olan digər ayələrdə isə Hz. İsanın (ə) vəfatından bəhs edilərkən “məvt” sözü deyil, “təvəffi” sözü istifadə edilir. “Təvəffi” sözü bioloji mənada ölüm deyil. “Məvt” sözü isə bildiyimiz ölümü ifadə edən bir sözdür və Quranın bir çox ayəsində bu mənada işlənir. Buna görə də bu ayədə digər ayələrdən fərqli olaraq “məvt” sözünün istifadə şəkli diqqət çəkicidir. Bu ifadə Hz. İsanın (ə) ikinci dəfə dünyaya gəldikdən sonra öləcəyinə işarə edir. Hz. İsa (ə) yer üzünə ikinci dəfə gələcək və bir müddət yaşadıqdan sonra dünyasını dəyişəcək.
Canın alınması təkcə insanın ölümü ilə əlaqəli deyildir. İnsanın yuxuda olması da bəzən ölümə bənzədilmişdir. “Zumər” 42-ci ayədə buna işarə edilir: “Allah ruhları ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi şəxslərin canını saxlayır, digərlərini (yaşamasını istədiyi şəxslərin ruhlarını) isə müəyyən olunmuş vaxtadək qaytarır. Bunda düşünənlər üçün nişanələr vardır.”
Bu ayəyə əsaslanaraq əksər müfəssirlər Hz. İsanın həyatda olduğunu qeyd etmişlər.
(İbn Kəsir, “Təfsirul Quranil Əzim”, c. 1, s. 573-576; Zahid Kevsəri, “Nəzrətun Abirə” fi Məzaimi mən Yunkiru Nuzulə İsa qəbləl-axirə, Misir, 1980, s. 34-37; Maturidi, “Təvilatul Quranil Mətaun”, Beyrut, s. 67; Təfsiri Təbəri, c. 3, s. 290; Mehmed Vehbi, “Xulasətul-Bəyan fit-Təfsiril-Quran”,İstanbul, 1979, c 2, sə. 613; İbn Teymiyyə, “Məcməu-Fətəva”, Əbdurrəhman b. Muhəmməd b. Qasım əl-Asim ən-Nəcdi, Riad, 1991, c. 4, s. 322-323; Elmalı Hamdi Yazır, “Haq din Quran dili”, c. 2, s.1112,1113)
Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti yazır: “Hz. İsa ölmədi, görə çıxarıldı və Qiyamətdən öncə gələcəkdir.” (Suyuti, “Əd-Durrul-Mənsur”, c. 2, s. 225)
Allah Rəsulunun (s) məşhur duası da sözümüzün doğruluğuna dəlildir. Peyğəmbər (s) yuxudan qalxdığı zaman “Bizi yenidən dirildən Allaha həmd olsun” deyərək dua edərdi. (“Səhih Buxari”, Kitəbud-Dəavat 6312)
Zuxruf 61:
وَإِنَّهُ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
“O, (İsa) Qiyamət gününün bilinmə səbəbidir. (İsanın enişi Qiyamətin yaxınlaşmasından xəbər verir). Ona əsla şəkk etməyin və Mənə tabe olun ki, düz yol budur.”
Quranın bu ayəsinə əsasən Hz. İsa (ə) Qiyamət günü üçün bir əlamət və nişanədir.

Mövzu ilə əlaqəli əhli sünnə mənbələrindən bir neçə hədis.
Əbu Hüreyrənin rəvayətinə görə peyğəmbər (s) buyurdu: “Hər yüz ildə ümmətin dinini bidətdən xilas edən elm sahibi bir şəxsi göndərəcək. (“Sünəni Əbu Davud” 5/100)
Allah Rəsulu (s): “Canım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır.” (“Buxari”, Ənbiya 49, “Muslim”, İman 242,
Peyğəmbər (s): “Allaha and olsun ki, şübhəsiz Məryəm oğlu İsa həm ədalətli bir hakim, həm də ədalətli bir hökmdar olaraq enəcək.” (“Səhihi Muslim bi şərhin-Nəvəvi”, c. 2, s. 192; Kitəbul-iman, Babu Nuzuli isa İbni Məryəm)
Peyğəmbər (s): “Dəccalın ortalığa çıxıb fitnə yaradarkən, Allah Məryəm oğlu İsanı göndərər. Hz. İsa Dəccalı məhv edər.” ( “Səhihi Muslim”, Fitən, 9, No:2897, 4/2221; )
Nəticə: “Hz. İsa (ə) ölüb” deyənlərin iddiası gördüyünüz kimi Quran baxımından batildir. Quran, Hz. İsanın hal-hazırda həyatda olduğunu qeyd edir. Hz. İsa həm də yer üzünə enməsi ilə Qiyamətin yaxınlaşdığını bildirən bir nişanə olacaqdır.

Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.


Начало формы

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)