Axund, imam, şeyx və molla sözlərinin izahları.
Axund sözünün
izahı.
“Axund” sözünün etimolojisi barədə xeyli fərqli
fikirlər mövcuddur.Dilçi alimlərin fikrincə axund fars dilində “oxumaq” bildirən
“xandən” felindəndir. Belə ki, oxuya bilən, elm və savada malik olan
şəxslərə axund deyilərmiş. Təsadüfi deyil ki, bu söz müəllimlər barəsində də
istifadə olunmuşdur. Daha sonralar bu söz din müəllimləri, dini
mərasim və ayinləri icra edənlər barədə də istifadə olunmuşdur. Əslində bu söz
Türküstanda da
geniş yayılıb. Kazan tatarları və Çində uyğurlar arasında da işlədilir. Sözün
tam mənşəyi bəlli deyil.
Bəziləri axund sözünün
qazaxcadakı akun/akın (aşıq) sözündən olmasını irəli sürür.
Uyğurcada axund “axun” kimi işlədilir. İlk dəfə “axund” sözünə Əmir Teymurun
zamanında rast gəlinir. Teymurilər dövründə yüksək savad almış şəxslərə
hörmətlə axund deyərdilər. Belə ki, Əmir Əlişir Nəvayi öz ustadına savad və
biliyinə hörmət əlaməti olaraq “axund” deyə müraciət edirdi. Səfəvilər
zamanında da bu sözün hörməti qorunaraq, yüksək elmi səviyyəsi olana axund
adlandırırdılar. Həmçinin axund sözü fəlsəfə elmində sözünü deyən ustadlara da
verilmişdir. Axund molla Sədra və
Molla Nəsrəllah Həmədanini buna nümunə göstərmək olar.
Qacarların zamanında axund sözü molla ilə yanaşı
işləməyə başlayır və sözügedən söz camaat arasında kütləvi şəkildə yayılmağa
başladı. O dövrün ən məşhur fəqihi Kazım Xorasani məhz axund ləqəbi ilə çağrılırdı.
Pəhləvi zamanında da qeyd etdiyimiz proses davam etməkdə idi.
Günümüzdə isə yalnız müəyyən dini atributları həyata keçirənlərə bu ad verilib.
Bir çox şair və alimlərin adlarının qarşısında da bu
sözə rast gəlmək olur: Axund Mоla Abbas Cavanşir, Axund Mirzə Əbu
Turab Axundzadə və s.
Maraqlıdır ki, Azərbaycanda şeyxulislam olmuş 11
nəfərdən səkkizinə də axund ləqəbi verilmişdir:
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə, Şeyxülislam
Axund Əhməd Hüseynzadə, Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə, Şeyxülislam
Axund Əbdüssəlam Axundzadə, Şeyxülislam Axund Məhəmməd Fərculla Pişnamazzadə,
Şeyxülislam Axund Ağa Əlizadə, Şeyxülislam Axund Şeyx Möhsüm Həkimzadə,
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov.
İmam sözünün izahı.
“İmam” sözü özünə tabe olunan, ardınca gedilən, ağa,
rəhbər, başçı və sair mənaları ehtiva edir. İstər o
tabe olunan insan ola və digərləri onun sözünə ya əməlinə tabe ola ya kitab
yaxud bu qəbildən olan hər bir şey olsun və istər o haqq yola dəvət edə istərsə
də batil. Bu sözün dəlili “İsra” sözünün 71-ci ayəsidir:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün bütün insanları öz rəhbəri ilə çağıracağıq.”
Təfsirlərdə بِإِمَامِهِمْ
( bi iməmihim) sözü, بِکِتَابِهِم mənasında izah
olunmuşdur. Yəni, hər qrupu tabe olduğu kitabı ilə birgə çağıracağıq.
İmam (اِمَام)
sözü ərəb dilində “qabağa keçmək, sövq və idarə etmək” mənaları verən “əmm”
kökündən törəyib. Bu söz Quranda “rəhbər, lider, insanları düzgün yola və ya
zəlalətə (pis yol) dəvət edən şəxslər” kimi işlədilir. Həmin ayələr belədir:
“Səbr etdiklərinə və ayələrimizə yəqinliklə
inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən imamlar
(rəhbərlər) təyin etmişdik” (“Səcdə” surəsi 24, “Ənbiya,” surəsi
73; Həmçinin bax: “Qəsəs” surəsi 41)
Yuxarıdakı ayələrdən də məlum olur ki, imam sözü
insanları yaxşılıq və ya pisliyə dəvət edən şəxslər mənasında işlədilir.
Şiə məzhəbində Allahın əmri ilə Peyğəmbərin (s) özündən
sonra ardıcıllıqla ümmətə rəhbər təyin etdiyi 12 nəfər imam sayılır. Amma
“imam” kəlməsi daha geniş və ümumi mənaya malikdir. Belə ki, camaat namazına
rəhbərlik edən şəxsə də “imam” və ya “imam-camaat” deyirlər. Eləcə də, bir
xalqın və ya ümmətin rəhbəri olmuş, hər hansı hərəkata başçılıq etmiş
şəxsiyyətlərə də “imam” ləqəbi ilə müraciət etmək ənənəsi mövcuddur. Məsələn:
İmam Şamil, İmam Qəzzali, İmam Şafii, İmam Malik və sair.
Şeyx sözünün
izahı.
Şeyx sözü lüğətdə qoca və yaşlı mənalarını ehtiva
edir. Bununla belə, elm və savadı yüksək olan, məlumat və biliyi ilə yanaşı
təcrübə sahibi olana da şeyx deyilir. Qocalara da şeyx deyilməsində məqsəd
onların qocaldıqca həyatın eniş və yoxuşlarını görüb təcrübə sahibi olmalarına
görədir. Qurani-Kərimdə sözügedən qoca və yaşlı mənasında istifadə olunmuşdur:
قَالُواْ يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا
“Onun çox qoca bir atası vardır” (“Yusif”, surəsi 78)
وَأَبُونَا شَيْخٌ كَبِيرٌ
“Atamız da çox qocadır”
(“Qəsəs”, 23)
Molla sözünün
izahı.
Bu söz barədə iki məşhur nəzər vardır:
1. Molla sözü ərəbcədən “məmluv” – dolu -
kəlməsindən yaranıb, elmlə dolu olmaq anlamındadır. Savadlı ruhanilərə molla
deyilməsində məqsəd onların dini və dünyəvi elmlərlə dolu olmasına görədir.
Qədim dövrlərdə bir qayda olaraq sərf, nəhv, fiqh, hədis, təfsir, bəlağət,
məntiq, üsul elmlərini bitirən, ərəb fars dillərini bilən şəxslərə molla
deyilirdi.
Molla sözü günümüzdə bəzən mənfi mənada işlənilmiş, hətta
satirik şairlər də şerlərində buna yer ayırmışlar. Necə ki,
M. Ə. Sabir bu barədə yazmışdır:
Boşla ay molla dayı səndə bizi çəkmə zora!
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!
Təbii ki, bunu həqiqi “molla” sözünə qəti aidiyyatı
yoxdur. Keçmişdə savadlı şəxslərin, şair və ədiblərin, nüfuzlu ruhanilərin də
adının əvvəlinə “molla” ləqəbini qoşurdular. Məsələn: Molla Pənah Vaqif, Molla
Vəli Vidadi, Molla Sədra, Molla Cuma, Molla Nəsrəddin, Molla İsmail Qarabaği,
Molla Yusif ibn Məhəmmədcan Qarabaği Məhəmmədşahi, Molla Nəcəf Əli ibn Fəzl Əli
Qarabaği, Molla Həsən ibn Məhəmməd Baqir Qarabaği, Molla Əli Kənni Tehrani,
Molla Məhəmmədşərif ibn Molla Həsənəli Amuli və sair.
2. “Molla” sözü ərəb dilindəki “mövla” kəlməsindən
götürülüb; mənası “ağa, başçı” deməkdir. Adətən,
dini məişət ayinlərini (dəfn mərasimi, kəbin, yas məclisi və s.) icra edən din
xadimlərinə molla deyilir. Keçmişdə mollalar məd¬rəsədə şagirdlərə dini dərs
keçdiklərinə görə, mədrəsələri də “mollaxana” adlandırırdılar.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder