Can verən şəxs ilə bağlı 3 məsələ



1. Can verən şəxsi üzünü qibləyə çevirmək:  Can verən kimsənin üzü qibləyə duracaq şəkildə arxası üstə yatırılması onun yaxınlarının üzərinə düşən vəzifədir. Bu mövzuya hədis və rəvayətlərdə işarə olunmuşdur.
Həzrət Əli (ə) buyurmuşdur: “Can verən kimsənin üzünü qibləyə çevirmək İslami vəzifələrdəndir” (“Biharul-Ənvar” c. 81, səh. 243. hədis: 29)
Digər rəvayətdə buyurur:  “Peyğəmbər (s) can verən Əbdul Muttəlib  oğullarından birini yanına getdi.  Onun üzü qibləyə tərəf çevrilməmişdi. Bunu görən peyğəmbər (s) belə buyurdu: Onun üzünü qibləyə doğru çevirin, belə olduqda Allah və mələklər üzünü ona tərəf çevirər (mərhəmətini ona  tərəf yönəldərlər). Bu vəziyyət can bədəndən çıxana qədər davam edər. (“Mən lə yəhzərul-fəqih”, c. 1, səh. 79 və sair)
Başqa bir rəvayətdə isə buyrulur:  “Can verən kimsəni digərlərinin etdiyi kimi arxası qibləyə tərəf olacaq şəkildə deyil, ayaqlarının altı qibləyə duracaq şəkildə arxası üstə yatırın.” (“Furu ul-Kafi”, c. 3. səh. 126; (“Mən lə yəhzərul-fəqih”, c. 1, səh. 79)
2. Can verməkdə olan kimsəyə - Kəliməyi şəhadət, Lə iləhə illəllahı təlqin etmək.
Hədis: “Can verən hər hansı bir kimsənin yanında olduqda, ona Allahın birliyini, şəriki olmadığını, Muhəmmədin onun qulu elçisi olduğun təlqin et.” (“Furu ul-Kafi”, c. 3. səh. 126)
Yenə hədisdə buyrulur: “İblis öz dostlarına can verən hər bir  insanı küfr etməyə və dinində şübhəyə salmaq üçün əmr verir. Lakin onlar mömin olan kəsləri aldada bilməzlər. Belə oluqda can verməkdə olan yaxınlarınızın yanına gəldikdə, o ölənə qədər ona Allahın birliyini və Muhəmmədin onun elçisi olduğunu təlqin edin.” (“Furu ul-Kafi”, c. 3. səh. 123)
Hədis: Ölüm mələyi də mömin kimsəyə anında Allahın birliyinə və Muhəmmədin onun elçisi olduğuna şəhadət gətirməyi təlqin edir.” (“Əl-Vəsail”, c. 2,  “Əbvabul-İhtizar” bölmə 36. hədis: 5)
Hədis və rəvayətlərdə kəliməyi tövhid – Lə iləhə illəllah xilas kəlməsi olaraq gətirilmişdir. Çünki, insan o kəlimələrlə imanını, dinini xilas edir. Allah Rəsulu buyurur: “Ölüm üzrə olan yaxınlarınıza Lə iləhə illəllah ifadəsini təlqin edin. Çünki kimin son sözü Lə iləhə illəllah olarsa Cənnətə girər.” (“Mən lə yəhzərul-fəqih”, c. 1, səh. 78)
Hədis: Ölüm yatağında olanlarınıza Lə iləhə illəllah ifadəsini təlqin edin. Çünki bu söz bütün günahları silib aparır. Bu vaxt kimsə soruşdu: Ey Allahın Rəsulu (s)! bu sözləri sağlığında desə necə?
Peyğəmbər (s) buyurdu: Bu günahları daha da çox silər – deyə buyurdu.
Allah Rəsulu (s) sözünə davam edərək buyurdu: “Bilin ki, lə iləhə illəllah ifadəsi hər bir mömin kimsənin həyatında, həm ölüm yatağında və həm də Qiyamət günü təkrar dirildiyində onun qorxuluğunu canından çıxarır. Cəbrail (ə) buyurdu ki, Ey Muhəmməd (s)! Qiyamət günü dirilənlərin üzlərinə nəzər salsın, bəzisi üzü ağ ayağa qalxıb lə iləhə illəlah deyə səslənərkən, bəzisi də üzüqara şəkildə qalxıb, “vay mənim halıma” deyəcəkdir.” (“Əl-Vəsail”, c. 2,  “Əbvabul-İhtizar” bölmə 36. hədis: 10)
3. Ölüm yatağında olan kimsənin başı üzərində “Yasin” və “Saffat” surələrinin oxunması.
Can verən şəxsin yanında Qurandan surələr oxumaq xüsusən “Yasin” və “Saffat” surələrinin oxunması çox faydalı və savab və can verən şəxsin canının tapşırmasına kömək edir. Bu mövzuda kifayət qədər hədislər vardır ki bəzisini sizə təqdim edirik:
Hədis: “Yasin Quranın qəlbidir. Kim Allaha görə Yasin oxusa günahları bağışlanar.” (“Əhməd ibn Hənbəl” c. 5, səh. 26)
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Ey Əli (ə)! Can verən hər hansı bir kimsənin yanında Yasin surəsi oxunarsa, Allah ölümü onun üçün yüngülləşdirər.” (“Biharul-Ənvar” c. 81, səh. 240)
Hədislərdə gəlmişdir ki, xəstə yanında Quran oxunarsa Allah hər bir hərfinə bir mələk yaradaraq onun dua edəcəklərini, əgər həmin xəstə vəfat edərsə mələklər onun cənazə namazında iştirak edəcəyini və qəbrəcən onunla gedəcəyini qeyd etmişdir.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.






Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)