Həzrəti Muhəmmədin (s) qatili kimdir? (Quran, hədis, tarix)
Allah Rəsulu təbii əcəl ilə dünyadan köçdü yoxsa şəhid oldu?
Bu mövzunu bir neçə yöndən araşdırmaq olar:
1. Peyğəmbərin (s) şəhidliyini Quranla isbat etmək olarmı?
2. Əhli sünnənin peyğəmbərin (s) şəhidliyi barədə nəzəri.
3. Əhli sünnə alimlərinin peyğəmbərin (s) Xeybər
qəzvəsində şəhid edilməsi barədə nəzəri.
4. Şiə alimləri peyğəmbərin (s) Xeybərdə şəhid olması
barədə nə deyir?
5. Şiə alimlərinin peyğəmbərin (s) şəhadəti
barədə nəzərləri.
6. Peyğəmbərin (s) qatili yaxud qatilləri kimlərdir?
7. Nəticə.
Birinci hissə - Peyğəmbərin
(s) şəhidliyinin Quranla isbatı.
وَمَا مُحَمَّدٌ إِلَّا
رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ
انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ
يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
“Muhəmməd (səlləllahu
əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də)
peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz
keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə
qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri
mükafatlandıracaqdır.” (“Ali-İmran” surəsi, 144)
Həzrət peyğəmbərin (s) şəhadəti mövzusunda təfsir və
rəvayətlərdə istifadə olunan ən mühüm dəlillərdən biri də bu ayədir.
Ayənin nazil olma səbəbi müsəlmanların Uhud
müharibəsində məğlub olması ilə əlaqədardır. Uhud müharibəsində şayiə yayıldı
ki, peyğəmbər öldürüldü. Bu şayiə müsəlmanların döyüşdə süstləşməsinə,
imanlarında şəkkə düşmələri və döyüşdən geri çəkilmələrinə səbəb oldu. Allah bu
ayəni göndərməklə həmin şəxsləri məzəmmət edir.
Şiə və sünni
alimlərinin ayə barədə nəzərləri.
Əbdussəməd bin Bişr İmam Sadiqdən (ə) belə rəvayət etmişdir: “Bilirsinizmi
Allah Rəsulu (s) təbii əcəllə dünyadan köçdü ya öldürüldü? Allah özü buyurur: “Muhəmməd
ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o,
ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz?...”
(“Ali-İmran” surəsi, 144) Peyğəmbər (s) ölümündən öncə zəhərləndi. O iki qadın
onu zəhərlədilər. (“Səhih Buxari” c. 7, səh. 17; c. 8, səh. 20; “Səhih Müslim”
c. 7, səh. 19-24; “Tarixi Təbəri” c. 2, səh. 437)
Bəzi mənbələrdə isə aydın şəkildə o iki nəfərin adları
çəkilir. (“Təfsiri Əyyaşi” c. 1, səh. 200; “Biharul-Ənvar” c. 22, səh. 516 və c.
27, səh. 21)
İmam Sadiqdən “...Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz
keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?!...” (“Ali-İmran” 144) ayəsi
barədə soruşuldu: “Peyğəmbər (s) təbii əcəllə dünyadan köçdü ya şəhid oldu?
Buyurdu: “Onu şəhid etdilər.” Bəzi mənbələrdə isə:
“Onunla nə etdisə əshabı-yaxınları etdi” ifadəsi gəlməkdədir. (“Təfsiri
Əyyaşi”, Muhəmməd bin Əyyaş, c.1, səh. 200; “Əl-Burhan” təfsiri, c. 5, səh.
419; “Əssafi” c. 5, səh. 194; “Nurus-Səqələyn” c. 5, səh. 367, hədis: 3 və
sair)
Bəzi təfsirlər “Təhrim” surəsinin nazil olma səbəbini peyğəmbərin (s)
xanımlarından bəhs etdiyini ələ alaraq zəhərlənmə olayının onlarla
əlaqələndirir. (Bax: “Təfsire Qummi” Əli ibn İbrahim, c. 2, səh. 376)
İkinci hissə - Əhli
sünnənin peyğəmbərin (s) şəhidliyi barədə nəzəri.
İbn Məsud yazır: “Əgər mənə desələr ki and iç ki, Muhəmməd (s)
öldürülmüşdür. Mən deyərəm, nəinki bir dəfə 9 dəfə rahatlıqla and içərəm ki Muhəmməd (s)
qətl edilmişdir. Ancaq mənə deyilsə ki, Muhəmmədin təbii əcəli ilə ölməsi haqda
and iç, mən bir dəfə belə olsa and içmərəm.” (“Əz-Zəhəbi”, Siyəri-Ələm c. 27,
səh. 437)
“Həzrət Əli (ə) və Üsamə peyğəmbərin (s) qəbrinə daxil
oldular. Ənsardan bir kişi dedi: “Siz bilirsiniz ki, mən bütün şəhidlərin
qəbrinə daxil olmuşam. Allah Rəsulu (s) ən fəzilətli şəhiddir. Sonra onlarla
birgə peyğəmbərin (s) qəbrinə daxil oldu.” (“Ənsabul-Əşraf” c. 1, səh. 576)
Davud bin Yezid deyir ki, İbn Şəbi deyirdi: “Allaha
and olsun ki, Allah Rəsulu (s) zəhərlə qətlə yetirildi.” (Hakim Nişaburi – “Əl-Mustədrəkus-Səhihəyn”
c. 3, səh. 61. Hədis: 4395. Çap: Darul-Kutubul-Elmiyyə - Beyrut)
Hakim Nişaburi, Əbu Abdullah Muhəmməd bin Abdullah
özünün “Əl-Mustədrək ələs-Səhihəyn” əsərində bu hədisi nəql edir: “Allaha and
olsun ki, Allah Rəsulu (s) və Əbubəkir zəhərlə öldürüldü. Həzrəti Əli Ömər və
Osman qılıncla qətlə yetirildi. İmam Həsən (ə) zəhərlə imam Hüseyn (ə) isə
qılıncla şəhid edildi. (“Mustədrək Ələs-Səhihəyn” – Hakim Nişaburi c. 3, səh.
61. Tədqiq: Mustafa Əbdul-Qadir Əta. Çap: Darul-Kutubul-elmiyyə, Beyrut)
Hakim Nişaburi yenə yazır: “Bu alçaq dünyadan nə
istəyim olacaq ki... Bir halda ki Allah Rəsulu (s) və Əbubəkir zəhərləndilər.
Həzrəti Əli, Ömər bin Xəttab və Osman bin Əfvan öldürüldürlər. İmam Həsəni
zəhərlədilər və Hüseyni (ə) şəhid etdilər.” (“Mustədrək Ələs-Səhihəyn” – Hakim
Nişaburi c. 3, səh. 67. Tədqiq: Mustafa Əbdul-Qadir Əta. Çap:
Darul-Kutubul-elmiyyə, Beyrut)
Peyğəmbərin (s) zəhərlənərək dünyadan köçməsi hər iki
məzhəbdə birmənalı olaraq qəbul edilir. Sual yaranır ki, görəsən əhli sünnə
nəzərində Allah Rəsulu (s) hansı zəhərlə dünyadan köçdü?
Üçüncü hissə - Əhli sünnə
alimlərinin peyğəmbərin (s) Xeybər qəzvəsində şəhid edilməsi barədə nəzərləri.
Əksər əhli sünnə mənbələri bu əqidədədirlər ki,
peyğəmbər (s) Xeybər qəzvəsində yəhudi qadının vasitəsilə zəhərlənmişdir.
Məhəmməd bin İsmail Buxari öz “Səhih” əsərində yazır:
Aişə demişdir ki, Rəsulullah (s) son xəstəliyində buyurdu: İndiyə kimi Xeybərdə
yediyim yeməyin təsirini hiss edirəm. İndi hiss edirəm ki, qəlb damarlarım –
şah damarlarım (red: Məqsəd arteriyalar damarlardır ki, qanı vücuda paylayır)
onun təsirindən parçalanır.” (“Səhih Buxari” c. 4, səh. 1611. Hədis: 4165. Bab:
Mərəzə nəbiyy (s) və vəfətihi – Çap: Beyrut)
Əhməd ibn Hənbəlin “Müsnəd” əsərində də yəhudi qadının
yeməyi zəhərləməsindən ötrü peyğəmbərin şəhid olması qeyd edilir. Həmin
rəvayəti oxuyaq: “Ümmü Mubəşşir kimi tanınan bir qadın (Xeybərdə zəhərlə ölən
şəxsin anası) peyğəmbərin (s) xəstəliyi zamanı yanına gələrək dedi: Mən ehtimal
verirəm ki, sizin xəstəliyiniz həmin zəhərli yeməkdir ki, oğlum da ona görə
öldü. Allah Rəsulu (s) cavabında dedi: “Mən də xəstəliyimi o zəhərli yeməkdən
savayı bir şeydə görmürəm. Yaxında məni də əldən salıb öldürəcək.” (“Müsnəd” –
Əhməd bin Hənbəl, c. 6, səh. 18. Çap: Dar Sader. Beyrut)
Bu rəvayətlər bir neçə yöndən mötəbər qəbul edilmir:
1. Xeybər qəzvəsi hicrətin 7-ci ilində baş vermişdir. Allah Rəsulu (s) isə bu hadisədən dörd il sonra
vəfat etmişdir. Əgər peyğəmbər (s) yəhudi qadının verdiyi zəhərin vasitəsilə
dünyadan köçdüsə bəs necə olur ki, bu zəhər öz təsirin bu dörd ildə bu və ya
digər şəkildə göstərmədi? Bildiyiniz kimi, Allahın elçisi ondan sonra da bir
sıra ictimai önəm daşıyan məsələlərdə o cümlədən Məkkənin fəthində yaxında
iştirak etmiş və o həzrətdə xəstəliyə dair heç bir nişanə özünü göstərməmişdir.
2. Əhli sünnə mənbələrində gələn bəzi rəvayətlərdə gəlmişdir ki, Allah
Rəsulu o yeməkdən ümumiyyətlə yemədi. Allah vəhy vasitəsilə onu ətin zəhərli
olmasında xəbərdar etdi və o da əshabına bu barədə xəbər verdi. Bəzi
rəvayətlərdə isə ətin nitqə gəlməsindən söz açılır. Hər halda peyğəmbər (s) o
işdən agah oldu.
Bəzi mənbələrin yazdığına görə, Xeybər qəzvəsindən sonra yəhudi Səllam bin
Mişkəmin həyat yoldaşı və Harisin qızı Zeynəb zəhərli xörək hazırlayıb Həzrət
Rəsulullaha (s) gətirdi. Peyğəmbər (s) yeməkdən bir loxma götürdükdən sonra
onun zəhərli olmasını anlayır. Tarixin yazdığına görə bunu iki yolla anladı:
1. Vəhy yolu ilə. (Bu da iki cür qeyd olunur. A) Həzrət Cəbrayıl (ə)
vasitəsilə. B) Həmin yeməyin danışması ilə)
2. Süfrədə əyləşən bir nəfərin də o yeməkdən (qoyun əti yaxud digər bir
yemək növü) yeyib zəhərlənməsi və ölməsi ilə.
Peyğəmbər (s) bunu anlayan kimi ağzındakı yeməyi udmayıb yerə tökdü. Amma
yeməyi udan Bişr (bəzi mənbələrdə Mubəşşir) adlı səhabə zəhərin təsirindən
dərhal ölür. Allah Rəsulu (s) loxmanı udmasa da, zəhər ağız suyu vasitəsilə
onun bədəninə yayıldı. Peyğəmbər (s) xəstəliyi zamanlarında bu ağrı və acıların
o zəhərin təsirindən olmasını dilə gətirmişdir. Eyni hadisəyə şiə mənbələrində
də rast gəlinir. (Bax: Kuleyni, Mahmud bin Yəqub, Kafi c. 6, səh. 315. hədis.
3. Darul-Kutubul-İslamiyyə, Tehran. Şəmsi 1365.)
“Səhihi Buxaridə İbn Məsuddan nəql olunmuşdur. O deyir: Allah Rəsulu (s)
yeməkdən yemək istədiyi vaxt biz Rəsulullahın (s) qarşısındakı ətin təsbehini
eşidirdik. Ət peyğəmbərin (s) əlində onunla danışdı və zəhərli olmasını xəbər
verdi.” (İbn Kəsir Dəməşqi, “Əl-Bidayətu vən-Nihayə” c. 6, səh. 286. Çap:
Məktəbətul Məarif – Beyrut)
Əbu Davud, Beyhəqi və Xətib Əbu Hüreryədən nəql edir: Xeybər qəzvəsində yəhudi
qadını peyğəmbərə (s) qoyun əti hədiyyə gətirdi. Peyğəmbər (s) səhabələrinə
buyurdu: “Əl saxlayın, bu ət zəhərlidir. Sonra o qadından soruşdu: Bu işi niyə
gördün? Qadın dedi: Sizi sınamaq istədim. Görüm siz həqiqətən peyğəmbərsinizmi?
Belə olsay Allah sizə həqiqəti xəbər verər. Yox əgər peyğəmbərlik iddianız
yalan olsa onda camaatın canı da rahat olar.” Ravi deyir: Peyğəmbər (s) ona
etiraz etmədi. (“Əs-Sirətun-Nəbəviyyə”, İbn Kəsir, c. 3, səh. 396)
Buxari və Darəmi Əbu Hüreyrədən nəql edir: “Elə ki Xeybər fəth olundu
peyğəmbərə (s) qızardılmış qoyun hədiyyə gətirdilər. Peyğəmbər (s) buyurdu:
Burada olan Yəhudiləri toplayın deyə buyurdu. Dərhal onları bir yerə
topladılar. Peyğəmbər: Sizdən bir şey soruşsam doğrumu cavab verəcəksiniz? deyə
buyurdu. Onlar: Bəli deyə cavab verdilər. Peyğəmbər (s): Atanız kimdir? deyə
buyurdu. Onlar: Filankəsdir dedilər. Peyğəmbər (s): Yalan söylədiniz. Atanız
filankəsdir deyə buyurdu. Onlar: Doğru söylədin dedilər. Peyğəməbər (s): Mənə
doğru söyləyəcəksinizmi? deyə buyurdu. Onlar: Bəli, əgər biz sənə yalan
söyləsək sən bunu biləcəksən necə ki, atamız kimdir sualını bildiyin kimi -
dedilər. Peyğəmbər (s): Cəhənnəm əhli kimdir? deyə buyurdu. Onlar: Biz orada az
qalacağıq. Orada bizə siz xələf olacaqsınız! dedilər. Peyğəmbər (s): Vallahi
biz əbədiyyən sizə Cəhənnəmdə xələf olmayacağıq deyə buyurdu. Sonra: Bu qoyuna
zəhər qatmışdınız, yoxsa yox?. Onlar: Bəli, qatmışdıq dedilər. Peyğəmbər (s):
Nəyə görə belə etdiniz? deyə buyurdu. Onlar: Yalançı (bir peyğəmbər)
olub-olmadığını yoxlamaq üçün. Əgər yalançı olsaydın bu zəhər sənə təsir
edəcəkdi, yox əgər həqiqi bir peyğəmbərsənsə bu zəhər əsla sənə zərər verməz
dedilər.” (Buxari c. 4, səh. 66; “Sunəni Darəmi” c. 1, səh. 33)
Bu kimi rəvayətlət isbat edir ki, Allah Rəsulu (s) o yeməkdən ümumiyyətlə
yemədi. Yuxarıda qeyd etdiyimiz kimi peyğəmbər (s) onu zəhərləməyə çalışan
qadına etiraz etmədi. Bir mənbənn yazdığına görə hətta ona gülümsədi:
“Peyğəmbər (s) ona gülümsədi və ondan uzaqlaşdı.” (“Təhzibul-Asar”, Təbəri, c.
6, səh. 381)
Bəzi mənbələr yazır: “O qadın İslamı qəbul etdi və peyğəmbər (s) onu
buraxdı.” (“Musənnəf”, Sənani, c. 11, səh. 28; “Sirəyi İbn Kəsir” c. 3, səh.
398; “Əl-İsabə fi təmyizis-səhabə”, İbn Həcər Əsqəlani c.8, səh. 155)
Səhih Buxari və Müslimdəki rəvayət sözümüzü təsdiq edir: “Peyğəmbərdən (s)
soruşuldu: Onu (yəhudu qadını – Zeynəbi) öldürəkmi? Buyurdu: Xeyr.” (“Səhih
Buxari, c. səh.3, 141; “Səhihi Müslim” c. 7, səh. 15)
Bütün bu rəvyətləri qeyd etməkdə məqsədimiz budur ki, o qadın peyğəmbərə
(s) qarşı cinayət işlətməmişdir ki, ona cəza verilsin. Deməli, Allah Rəsulu (s)
o yeməkdən yeməyib ki, ondan zəhərlənə.
3. Əgər biz peyğəmbərin (s) o yeməkdən yediyini qəbul etsək,onda
peyğəmbərin (s) şəninə və nübuvvət məqamına eyib olan nüanslar ortaya çıxacaq.
Rəvayətdə qeyd edilən bu hissəni bir daha oxuyaq: Bu qoyuna zəhər qatmışdınız,
yoxsa yox?. Onlar: Bəli, qatmışdıq dedilər. Peyğəmbər: Nəyə görə belə etdiniz?
deyə buyurdu. Onlar: Yalançı (bir peyğəmbər) olub-olmadığını yoxlamaq üçün.
Əgər yalançı olsaydın bu zəhər sənə təsir edəcəkdi, yox əgər həqiqi bir
Peyğəmbərsənsə bu zəhər əsla sənə zərər verməz dedilər”
Əgər peyğəmbərin (s) həmin yeməklə zəhərləndiyini qəbul etsək, deməli
yəhudilərin fikri doğru çıxmış və Allah öz peyğəmbərini ətin zəhərli olmasından
xəbərdar etməmişdir və beləliklə dolayı yolla nübuvvət məqamı sual altına
gedir. Əgər peyğəmbər (s) bir loxma belə o zəhərli yeməkdən yesəydi bu məsələ
həmin yəhudilr tərəfindən peyğəmbər (s) əleyhinə dəlil kimi istifadə olunar və
bu yolla onu təkzib edərdilər. Allahın öz peyğəmbərini belə bir halda köməksiz
qoyması Allahın hikmətindən uzaq iş olardı. Əgər Allah Rəsulu (s) yeməkdən bir
qədər yedikdən sonra ona vəhy olsaydı yenə bu həmin yəhudilər tərəfindən
nübuvvətin təsdiqi kimi hesab olunmazdı. Onlar bəhanə edib deyə bilərdilər ki,
o zəhərin təsirin (acılığın) hiss etdi deyə yeməyi tərk etdi.
4. Peyğəmbərin (s) Xeybərdəki yəhudi qadının zəhəri ilə şəhid olma
hadisəsini nəql edən yeganə şəxs Aişədir. Onun etdiyi rəvayət bir neçə yöndən
qəbul edilməzdir:
a) Baxmayaraq ki peyğəmbərin (s) şəhid olma hadisəsin Xeybər hadisəsi ilə
əlaqələndirir digər yöndən Aişə peyğmbərin “zatul-cənb” (diafraqmanın şişməsi
nəticəsində təngnəfəslik və çoxlu öskürəyin yaranması) xəstəliyindən ölməsini
nəql etməkdədir. (“Mustədrək” Hakim Nişaburi, c. 4, səh. 405)
Çox təəccüblüdür ki, yenə Aişədən bu xəstəliyin şeytandan olması da nəql
edilir: “...Qorxdum ki, Allah Rəsulu (s) zatul-cənb xəstəliyinə tutulub.
Peyğəmbər (s) buyurdu: “Bu xəstəlik şeytandadır və Allah şeytanı mənə müsəllət
etməz.”
Məlumat üçün qeyd edək ki, bəzi mənbələrdə Yezidin də zatul-cənbdən öldüyü
gəlməkdədir.
Deməli, peyğəmbərin (s) Xeybərdə zəhərlənməsi bu baxımdan qəbul edilməzdir.
Dördüncü hissə - Şiə alimləri
peyğəmbərin (s) Xeybərdə şəhid olması barədə nə deyir?
Xeybər qəzvəsində baş vermiş hadisə İmam Həsən Əskəriyə nisbət verilən
təfsirdə müfəssəl şəkildə izah edilir ki ordan bir parçanı sizinlə paylaşaq:
“...Peyğəmbər üçün qızardılmış qoyun gətirdilər. Peyğəmbərin (s) yanında
Həzrət Əli (ə) və Bəra adlı bir şəxs də vardı. Peyğəmbər (s) buyurdu: Çörək
gətirin. Bəra süfrəyə əl uzatdı və bir loxma yeməkdən ağzına qoydu. Həzrət Əli
(ə) buyurdu: Ey Bəra. Peyğəmbərdən (s) qabaq yeməyə başlama.
Bəra dedi: Ey Əli! Sən Allah Rəsulunu (s) paxıl bilirsən? Həzrət Əli (ə)
buyurdu: “Mən Allah Rəsulunu paxıl hesab etmirəm, onu böyük bilirəm və ona
hörmət göstərirəm. Nə mənim, nə sənin və də heç bir məxluqun haqqı yoxdur ki,
ondan qabağa düşə.”
Bəra yenə dedi: “Mən Allah Rəsulunu (s) paxıl bilmirəm.”
Həzrət Əli (ə) buyurdu: “Bəra mən buna görə deyirəm ki bu yeməyi yəhudi
qadını gətirib və biz bilmirik ki, o necə birisidir.”
Həzrət Əli (ə) bu sözləri deyərkən Bəra da ağzındakı loxmanı çeynəyirdi.
Elə bu vaxt ət nitqə gəlib zəhərli olmasın xəbər verdi və Bəra yerə yıxıldı.
Onu qaldırdıqda gördük ki, ölüb.
Peyğəmbər (s) buyurdu: “O qadını bura gətirin.” Qadın gəldikdə peyğəmbər
soruşdu: “Nə üçün bu işi gördün?” Qadın dedi: “Mənə çox böyük zülm etdin.
Atamı, qardaşımı, ərimi və oğlumu öldürdün. Mən də intiqam almaq istədim.
Öz-özümə dedim: Əgər zalım bir padşah olsa yeməyi yeyib öləcək. Yox əgər dediyi
kimi peyğəmbər olsa yemək ona zərər verməz. Peyğəmbər (s) dedi: Ey qadın doğru
dedin. Sonra peyğəmbər (s) bir neçə səhabəni (Salman, Miqdar və Həzrət Əli (ə)
kimi ) çağırıb yeməyin ətrafına topladı... Yeməyə əl çəkib buyurdu: Allahın adı
ilə başlayın. Sonra yeməkdən yeməyə başladılar. Daha sonra qadını həbs etdilər.
İkinci gün qadını peyğəmbərin (s) yanına gətirdilər. Peyğəmbər (s) buyurdu:
“Məgər onlar sənin gözünün qarşısında yeməkdən yemədilər? Bəs necə Allah öz
peyğəmbərindən və əshabından şərri uzaq etdi?” Qadın dedi: “Ey Allahın Rəsulu
(s): İndiyə kimi sənin peyğəmbərliyinə şübhə edirdim amma indi yəqin etdim ki,
sən Allahın elçisisən.” Sonra qadın İslamı qəbul etdi.” ( “Təfsire İmam Həsən
Əskəri (ə)” səh. 177)
Bu rəvayətdə də müəyyən problemlər var. Bu rəvayətdən məlum olur ki,
peyğəmbər (s) yeməyin zəhərli olmasından xəbər tutur və daha sonra səhabələrlə
birgə yeməkdən yeyir. Əgər peyğəmbərin (s) vəfatı bu hadisə ilə bağlı idisə
necə olur ki, zəhər ancaq ona təsir göstərir və digərlərinə heç bir təsir
qoymur? Digər tərəfdən rəvayətdə gəldiyi kimi peyğəmbərin (s) yeməyə əl çəkməsi
ilə zəhər mövzusu artıq aktuallığını da itirmiş olur.
Peyğəmbərin (s) Xeybərdə zəhərləndiyini söyləyən şiə ailməri və mənbələri
də kifayət qədərdir.
Əllamə Məclisi deyir: “Ehtimal var ki, hər iki zəhər peyğəmbərin (s)
ölümündə təsiri olmuşdur.” (“Biharul-Ənvar” c. 22, səh. 5)
Ayətullah Subhani yazır: “Məşhur rəy budur ki, vəfat öncəsi xəstəliyi
zamanı demişdir: “Bu xəstəlik, həmin yəhudi qadının zəhərli yeməyinin
təsiridir.” (“Furuğ Əbədiyyət” c. 1-2, səh. 265-266; Həmçinin bax: Kuleyni,
Mahmud bin Yəqub, Kafi c. 6, səh. 315. hədis. 3. Darul-Kutubul-İslamiyyə,
Tehran. Şəmsi 1365.)
Peyğəmbərin (s) Xeybərdə zəhərləndiyini iddia edənlərin qeyd etdiyi
rəvayətlərdə bir neçə məsələ vardır:
1. Maraqlıdır ki, bu rəvayət bəzi mötəbər kitablarda ümumiyyətlə yer
almayıb.
2. Bəzi mənbələrdə Xeybərin fəthinə işarə olunmadığı kimi, bəz mənbələrdə
də zəhərləyənin kimliyi naməlum olaraq qalır. Nümunə üçün baxaq: İbn Səd deyir:
“Peyğəmbər (s) zəhərlənmiş halda və 63 yaşında dünyadan köçdü.”
Yaxud İbn İshaq deyir: “Peyğəmbər (s) öz xəstəliyi ərəfəsində dedi: “O
zaman yediyim zəhərli yemək ürək damarlarımı parçalayır.”
3. Xeybər qəzvəsi hicrətin 7-ci ilində baş vermişdisə peyğəmbərin (s)
dünyadan köçməsi isə hicrətin 11-ci ilinə təsadüf edir. Əgər zəhər güclü
olsaydı onun suyu bədəninə yayılsa belə tədricən az müddətdə onu öldürməli idi.
Əgər zəhərin təsiri zəif idisə onda niyə Bişr yaxud Bəra adlı səhabə dərhal
ölür? Əgər zəhər zəif dozada idisə niyə onun bədən və daxili orqanlarına
xəsarət yetirmədi?
4. Peyğəmbərin (s) döyüşdən sonra düşmənindən yemək alması və yeməsi də
başqa bir müəmmadır. Xüsusən, Xeybər qəzvəsi zamanı ki, o zaman Allah Rəsulu
(s) düşmən hiyləsinə görə çox narahat idi. Bu qədər həssas olan mövzuya necə
biganə və məsuliyyətsiz yanaşıla bilərdi?
5. Rəvayətlərdə gəlmişdir ki, Allah Rəsulu (s) yeməyi (ya əti) yeməmişdən
öncə vəhy vasitəsilə yeməyin zəhərli olmasından xəbərdar olmuşdur. Yaxud digər
nəzərə görə ət özü nitqə gəlib zəhərli olmasın xəbər vermişdir. Bu hədisə
yuxarıda işarə etdik. Əgər biz bu rəvayəti qəbul etsək, onda bir çox
ziddiyyətli məqamlar ortaya çıxır və bu da rəvayəti etibardan salır.
Elə isə Allah Rəsulu necə şəhid oldu?
Beşinci hissə - Şiə alimlərin
Peyğəmbərin (s) şəhadəti barədə nəzərləri.
Bütün şiə alimləri peyğəmbərin (s) zəhərlənərək şəhid olunduğu
qənaətindədirlər.
Mərhum Şeyx Tusi “Təhzibul-Əhkam” kitabında yazır: “Muhəmməd bin Abdullah
Səfər ayının 28-də zəhərlənmiş halda dünyadan köçdü.” (Tusi, Şeyx Əbu Cəfər,
Muhəmməd bin Həsən bin Əli Həsən. “Təhzibul-Əhkam” c. 6, səh. 2. Tədqiq: Seyyid
Həsən Musəvi Xorasan. Çap: Darul-Kutubul-İslamiyyə - Tehran. Şəmsi 1365)
Əllamə Hilli də eyni məsələni “Təhrirul-Əhkam”da yazır. (“Təhrirul-Əhkam”
c. 2, səh. 118)
Şeyx Müfid də Allah Rəsulunun dünyadan zəhərlənərək köçdüyünü qeyd edir.
(Şeyx Müfid, Əl-Muqnə, səh. 456. Çap: Darul-Kutubul-İslamiyyə - Tehran)
Mərhum Muhəmməd Əli Ərdəbili: “Muhəmməd (s) Mədinədə zəhərlənərək şəhid
oldu.” (“Came Revayət” – Muhəmməd Ərdəbili c.2, səh. 463)
Bu mövzuda dəlil kimi aşağıdakı hədisi də gətirirlər;
Həzrəti Muhəmməd (s): “Bizdən olan elə şəxs yoxdur ki ya zəhərlənərək ya
qətlə yetirilərək şəhid olmasın.” (“Mən la Yəhzərul-Fəqih” c. 4, səh. 17;
“Vəsailuş-şiə” c. 14, səh. 2)
Eyni rəvayət İmam Həsəndən (ə), İmam Sadiq və imam Rzadan (ə) gəlmişdir.
Həzrəti Muhəmməd (s): “Elə bir peyğəmbər (s) və vəsisi yoxdur ki, şəhid
olmasın.” (“Bəsairud-Dərəcat”, Muhəmməd bin Hüseyn Səffar, səh. 148;
“Biharul-Ənvar”, Əllamə Məclisi c. 17, səh. 405, c. 40, səh. 139)
Suleym bin Qeys Hilali Abdullah bin Cəfərdən nəql edir ki, Allah Rəsulu (s)
xütbə edərkən buyurdu: “Ey insanlar! Mən şəhid olduqda Əli (ə) sizə öz
canlarınızdan daha üstündür. Əli şəhid olduqda oğlum Həsən möminlərə öz
canlarından daha üstündür. Oğlum Həsən şəhid olduqda oğlum Hüseyn möminlərə öz
canlarından daha üstündür. Oğlum Hüseyn şəhid olduqda onun oğlu Əli möminlərə
öz canlarından daha üstündür. Onların Əli ibn Hüseyndən başqa bir əmiri
yoxdur”. Sonra üzünü Əliyə tutub dedi: “Ya Əli! Sən onu görəcəksən. Məndən ona
salam çatdır. Sonra o şəhid olduqda oğlu Muhəmməd möminlərə öz canlarından daha
üstündür. Sən onu görəcəksən, Hüseyn! Gördükdə məndən ona salamımı çatdır.
Sonra Muhəmmədin nəslindən bir-birinin ardınca imamlar olacaq və möminlər üçün
onlardan başqa bir əmr yoxdur”. Bunları üç dəfə təkrarladı və dedi: “Onların
hamısı möminlərə öz canlarından daha üstündürlər və onlarla bərabər möminlərin
heç bir əmiri yoxdur. Hamısı hidayət olmuş və hidayət edəndirlər. Bunlar
Hüseynin nəslindən gələcək doqquz nəfərdirlər”.
Əli ibn Əbu Talib (ə) ağlayaraq ayağa qalxdı və dedi: “Atam və anam sənə
fəda olsun, ya Peyğəmbər! Səni öldürəcəklər?” Peyğəmbər (s) buyurdu: “Bəli. Mən
zəhərlənib şəhid olaraq öləcəyəm. Sən qılıncla öldürüləcəksən və saqqalın
başının qanına boyanacaq. Oğlum Həsən zəhər ilə öldürüləcək. Oğlum Hüseyn isə
qılıncla öldürüləcək. Onu zalım oğlu zalım, zinazadə oğlu zinazadə və münafiq
oğlu münafiq öldürəcək”. (“Ali-Muhəmmədin (s) sirləri” səh. 196-197; Həmçinin
bax: “Biahrul-Ənvar” c. 33, səh. 266)
İmam Sadiq (ə) atalarından rəvayət edir: “İmam Həsən (ə) öz əhli-beytinə
buyurdu: “Məni zəhərlə öldürəcəklər necə ki Allahın Rəsulu (s) zəhərlə şəhid
oldu. (“İsbatul-Huda”, Şeyx Hurr Amili, c. 2, səh. 558, “Biharul-Ənvar” c. 43,
səh. 327, Əllamə Məclisi)
Bura qədər öyrəndik ki, peyğəmbər (s) zaəhərlə şəhid edilib. Əlbəttə, qeyd
olunmalıdır ki, bu zəhər Xeybərdəki zəhər deyil. Elə isə sünni və şiə mənbələri
hansı zəhərdən söz açır? Başqa bir sual isə budur ki, bu zəhəri Allah Rəsuluna
(s) kim yaxud kimlər verdi? Daha açıq sualla ifadə etsək, Allah Rəsulunun (s)
qatili yaxud qatilləri kimlərdir?
Altıncı hissə - Peyğəmbərin
(s) qatili yaxud qatilləri kimlərdir? (Sünni və şiə mənbələrinə əsasən)
Peyğəmbərin (s) xəstəliyi
zamanı xanımı tərəfindən zorla boğazına dərman tökülməsi. “Səhih Buxari”nin
peyğəmbər (s) xanımlarını ittiham etməsi.
Əhli sünnənin mötəbər kitabı “Səhih Buxari”də belə oxuyuruq: “Aişə dedi:
“Peyğəmbər (s) xəstələnərkən biz onun ağzına dərman qoyduq, lakin o, (başı ilə)
bizə işarə edib dərman istəmədiyini bildirdi. Biz dedik: “(Bu ona görədir ki,)
heç bir xəstə dərman xoşlamır.” Peyğəmbər (s) ayıldıqdan sonra dedi: “Məgər mən
sizə işarə edib ağzıma dərman qoymağı qadağan etmədimmi?” Biz dedik: “(Elə
bildik ki,) heç bir xəstə dərman xoşlamadığı kimi (sən də xoşlamırsan).”
Peyğəmbər (s) dedi: “Qoy evin içində olan hər kəsə gözümün qabağında dərman
verilsin. Yalnız Abbasdan başqa. Çünki o sizi görməmişdir” (Səhih Buxari, c. 4,
səh. 1618. Hədis. 4189. Kitabul-Məğazi. Bab: Mərəzə nəbiyy (s) və vəfətihi;
Səhih Buxari, c. 5, səh. 2159. Hədis. 5382. Kitabut tibb; Səhih Buxari, c. 6,
səh. 2524. Hədis. 6492. Kitabud-diyət, Babul-qisas bəynər-ricəli vən-Nisəi
fil-cirahət; Səhih Buxari, c. 6, səh. 2527. Hədis. 6501. – Çap: Dar ibni Kəsir,
Yəmamə -Beyrut; “Səhihi Müslim” c. 4, səh. 1733, hədis: 2213. Kitabus-səlam,
bab: Kərahəti-tədaviyyi bil-lədud. Çap: Dar İhyait-Turas. – Beyrut)
Maraqlı və diqqət çəkən məqam budur ki, Buxari bu hədisi “Qanbahası
kitabında” və “Qisas” babında, Muslim isə “Lədud” bölümündə qeyd etmişdir.
“Lədud” – Xəstənin istəmədiyi və ixtiyarı özündə olmadığı halda ağzının bir
tərəfindən axıdılan və ya barmaqla sürtülüb ovuşdurulan dərman deməkdir.
İbn Covz bu mövzuda belə yazır: “Ona (peyğəmbərə (s) ) dərman içirdilər,
bihuş oldu. Elə ki özünə gəldi buyurdu: “Kim mənimlə bu cür etdi? Bu iş həmin
qadınların işidir ki, oradan gəliblər və mübarək əli ilə Həbəşistana işarə
elədi. Səhih rəvayətlərdə gəlmişdir ki, Aişə və Həfsə həbəş idilər...”
(“Tibbun-Nəbəvi” – İbn Covzi səh. 67)
Bəzi rəvayətlərədə Allah Rəsulunun (s) xəstəliyi zamanı oruc olması və ona
bu halda zəhər verilməsi də qeyd olunur: “...Peyğəmbərə (s) dərman içirdilər,
halbuki o, oruc idi.” (“Təbəqatul-Kubra” c. 2, səh. 235)
Bu kimi rəvayətlər Allah Rəsulunun (s) xanımlarına etirazının səbəbini az
da olsa aydınlaşdırmaqda bizə yardımçı olur.
İbn Səd yazır: “Ona bazar günü dərman içirildi və bazar ertəsi dünyasını
dəyişdi. Halının psiləşdiyini eşidib gələn Üsamə bin Zeyd daha sonra deyir:
“Mənə baxırdı amma danışa bilmirdi.” (İbn Səd Təbəqat – Üsamə bin Zeyd
səriyyəsi c. 2, səh. 345)
İbn Məsud yazır: “Əgər mənə desələr ki and iç ki, Muhəmməd (s)
öldürülmüşdür. Mən deyərəm, nəinki bir dəfə 9 dəfə rahatlıqla and içərəm ki
Muhəmməd (s) qətl edilmişdir. Ancaq mənə deyilsə ki, Muhəmmədin təbii əcəli ilə
ölməsi haqda and iç, mən bir dəfə belə olsa and içmərəm.” (“Əz-Zəhəbi”,
Siyəri-Ələm c. 27, səh. 437; “Əs-Sirətun-Nəbəviyyə”, İbn Kəsir Dəməşqi, c. 4,
səh. 449; “Müsnəd”, Əhməd bin Hənbəl – c. 1, səh. 408; “Əl-Mucəmul-Kəbir”,
Təbərani, c. 10, səh. 109; “Musənnəf”, Sənani, c. 5, səh. 268)
Zəhərlənmə hadisəsində
təqsirli bilinən qadınların illər öncə peyğəmbərə (s) qarşı etdikləri
ədəbsizlik və Quran tərəfindən sirlərinin ifşa edilməsi.
“Təhrim” surəsinin birinci ayəsinin nazilolma səbəbi ilə bağlı qeyd edilmiş
versiyalar arasında ən məşhuru budur ki, Allah Rəsulu (s) (Cəhşin qızı) Zeynəb
adlı həyat yoldaşının yanına gedəndə Zeynəb əvvəlcədən hazırladığı balı o
həzrətə verərmiş. Buxari “Səhih” əsərində (c. 11, səh. 293) belə yazır: “Aişə
rəvayət edir ki, Peyğəmbər (s) Zeynəb bint Cəhşin evində oturub bal yeyirdi.
Mən Həfsə ilə məsləhətləşib belə qərara gəldik ki, o, hansımızın yanına gəlsə,
ona: “Səndən məğafir ( Hicazda bitən ürfüt adlı ağacdan çıxan və xoşagəlməz iyi
olan mayedir (şirədir).– “Lisanul Ərəb” c. 1 səh. 574.) iyi gəlir, ondan
yemisən?” – deyək. Həzrət Peyğəmbər (s) daim ətirli olar, ondan xoşagəlməz iy
gəlməməsinə çalışardı. Bu söz Peyğəmbərə (s) deyildik-də o həzrət (s) narahat
olur və deyir: “Mən məğafir yeməmişəm; Zeynəbin evində bal yemişəm. And içirəm
ki, bir daha o baldan yeməyəcəyəm. Amma bu sözü bir kəsə demə! (Camaatın
qulağına çatar və “nə üçün Peyğəmbər halal bir şeyi özünə haram etmişdir?”
deyərlər, yaxud Peyğəmbərin (s) bu və buna oxşar hallardakı işinə tabe olarlar,
yaxud da Zeynəbin qulağına çatar və ürəyi sınar.) Lakin ailə daxilində baş
verən bu hadisə ətrafa yayılır. Bu hədisi Buxari “Səhih” əsərində (c. 14, səh.
385), Muslim “Səhih” əsərində (c. 10 səh. 75) Əbu Davud “Sünən” əsərində (c. 3,
səh. 386), Nəsai “Sünən” əsərində (c. 6 cild, səh. 123; c. 17 cild, səh. 13), Əbu
Nueym “Hilyə” əsərində (c. 3, səh. 276) və ibn Səd “Təbəqat” əsərində (c. 8,
səh. 76) rəvayət etmişlər. Həmçinin, Nəsai “Sünən” əsərində (c. 2, səh. 242)
demişdir: “Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbərin Mariya adlı bir kənizi
var idi. Aişə və Həfsə onun bu kənizlə yaşamasından narazı idilər. Odur ki,
belə bir plan qurdular. Allah Rəsulu (s) baş verən bu hadisələrdən narahat oldu
və onlardan uzaqlaşdı.
Bu məsələ o qədər mühümləşir ki, Allah ayə nazil edərək vəziyyəti
aydınlaşdırır:
يَا أَيُّهَا النَّبِيُّ
لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ
وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
“Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə
yaxınlıq etməyi and içməklə) özünə haram edirsən? Bununla (yerinə yetirilməsi
daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan? Allah
bağışlayan və rəhm edəndir.” (“Təhrim” surəsi, 1)
Bu ayədə Peyğəmbərin (s) məzəmmət edilməməsi ayənin öz kontekstindən də
bəllidir.
“Təhrim” surəsinin növbəti ayələrində Allah hadisənin davamını və bu sirri
ifşa edən xanımları tövbəyə dəvət edir. Həmin ayələrin tərcüməsinə nəzər salaq:
“Təhrim” 2: “Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri
götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə
verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır
(haminizdir) və O, (hər şeyi) biləndir və hikmət sahibidir.”
“Təhrim” 3: “Və (yada salın), bir zaman
peyğəmbər zövcələrindən birinə (bir neçə məsələyə aid olan) bir sözü gizlində
demişdi. O (qadın) onu (o sözü peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə
Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş
etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisini isə etmədi. Ona
(zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: Bunu sənə kim xəbər verdi?
(Peyğəmbər) dedi: O (hər şeyi) bilən və (hər şey¬dən) xəbərdar olan (Allah)
mənə xəbər verdi.”
“Təhrim” 4: Əgər siz ikiniz (sirri faş
edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki,
qəlbləriniz haqdan dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək
olsanız, belə isə (bilin ki,) şübhəsiz Allah Özü, Cəbrail və möminlərin əməli
salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.”
“Təhrim” 5: “Əgər o sizə təlaq versə, ola
bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr - Allaha təslim
olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə
(qızlar) versin.” (Mövzu ilə bağlı daha ətraflı bax: “Bütün peyğəmbərlər
məsumdur – Şübhə və iradlara cavab” – Mahir Şəkərov)
Bu hadisəni qeyd etməkdə məqsəd zəhərlənmə məcarasında yer alan qadınların
Allah Rəsuluna (s) qarşı etdiklərini bir nümunə ilə xatırlatmaq idi.
Rəvayəti müdafiə edənlərdən
bir neçə söz.
1. Peyğəmbərin (s) ona dərman verməsini qadağan etdiyi halda nə üçün Aişə
ona zorla dərman içirdi? Məgər Quran buyurmur ki: “Peyğəmbər (s) sizə nəyi
verirsə götürün və nəyi qadağan edirsə əl çəkin.” (“Həşr” surəsi, 7)
2. Görəsən niyə Aişə Allahın peyğəmbərini (s) digər xəstələrlə müqayisə
etdi? Məgər Quran buyurmur ki: “O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri
yalnız, vəhydir. (“Nəcm” surəsi,3-4)
Görəsən tibb sahəsində kifayət qədər hədislər söyləyən peyğəmbər (s) özünə
hansı dərmanın faydalı ya zərərli olacağını bilmirdi?
4. “Peyğəməbərin (s) ona verilən maddədən orada olanların hamısına
içirtməsinə göstəriş verməsi buna görə idi ki peyğəmbər (s) onun dərman yox
zəhər olmasını bilirdi. Peyğəmbərin (s) məqsədi bu idi ki, əgər dərmandırsa
ondan yeyin. Amma onlar onun dərman olmadığını bildiklərindən ondan yemədilər.”
5. Allah Rəsulunun (s) zorla ona yedirilən dərmana bu qədər sərt reaksiya
verməsi şübhə doğurur. Əgər bu ona faydalı bir dərman olsaydı özünə gəldikdən
sonra bu qədər sərt etiraz etməzdi.
6. Tarixçilərin yazdığına görə Allah Rəsulunun (s) oruc olmasının bir
səbəbi də qadınların hiyləsindən xəbərdar olmasına görə idi. Amma görürük ki,
onun oruclu olmasına baxmayaraq yenə də ona dərman içirildi.
7. Səhih Buxari və Müslimdə hadisə haqda təzadlı rəvayətlər var. Bəziləri
zəhərlənmənin yəhudi qadını tərəfindən bəziləri də dərman vasitəsilə olduğunu
qeyd edir. Hətta bəzi rəvayətlərdə peyğəmbərin (s) təbii yolla dünyadan köçdüyü
gəlməkdədir. Bu da hadisəni şübhə altına aparır.
8. Bu rəvayətdə başqa bir maraqlı cəhət isə rəvayətin sonunun olmaması
yaxud məqsədli şəkildə kitablardan yığışdırlmasıdır. Diqqət edin. Peyğəmbər (s)
sözügedən rəvayətin sonunda buyurur: “Qoy evin içində olan hər kəsə gözümün
qabağında dərman verilsin.”
Amma əlimizdə olan rəvayətlərin heç birində Allah Rəsulunun bu sözünün
icrası göstərilmir. Bizə bəlli olmur ki, o dərman (zəhər) ev əhlinə içirildi ya
yox? Əgər bu iş icra edildisə bunu kim icra etdi? Rəvayətlərdən məlum olur ki,
peyğəmbərin (s) əmisi Abbas da hadisədən sonra evə daxil olub. Diqqət edin
peyğəmbər (s) buyurur: “Qoy evin içində olan hər kəsə gözümün qabağında dərman
verilsin. Yalnız Abbasdan başqa. Çünki o sizi görməmişdir”
Həzrət Abbasın oraya daha sonra gəlməsi barədə başqa dəlil də var ki, zəif
və mütəvatir olmadığından qeyd etmirik.
Saxta “Lədud” hədisinin
araşdırılması.
Bu hədisi araşdırdıqda məlum olur ki, hədis saxtadır və siyasi məqsədlər
üçün qondarılıb:
1. Rəvayətlərdə Həzrət Abbasın tutduğu mövqe də birmənalı deyildir. Diqqət
edək.
Tirmizinin yazdığına görə həzrət Peyğəmbərin (s) əmisi oğlu Abbas,
Peyğəmbərin ağzına dərman tökənlərdən biri idi. (“Sunəni-Termizi”, c.3
“Əbvabut-tələb”, 12-ci bölüm, “Ma caə fil-hicab”, 235-ci xütbə, səh. 265, Faiq,
Zəməxşəri, c. 3, səh. 313.)
Lakin İbn Əbil Hədidin Aişədən nəql etdiyi hədisə görə “Abbasın məclisdə
olmasına baxmayaraq o, Peyğəmbərə dərman verməkdən çəkindirirdi. Lakin yenə
ziddiyyətli məqam var. Çünki, yuxarıda qeyd etdiyimiz kimi rəvayətin mətnindən
də görünür ki, Abbas daha sonra məclisə gəlmişdir.
2. Bu rəvayətin saxta olmasına dair bir fakt da peyğəmbərin (s) ona verilən
dərmanın (ya zəhərin) acılığını hiss etdiyi zamanla bağlıdır. Bəzi rəvayətlərdə
dərman içilən vaxt bunu bilib işarə etməsi, digərlərində isə huşu özünə
gəldiyində bunu bilməsidir.
3. Rəvayətin axır hissəsində deyilir: Elə ki onun halı yaxşılaşdı buyurdu:
“Məgər mən sizi mənə dərman içirməyi qadağan etmədim? Sonra buyurdu: “Qoy evin
içində olan hər kəsə gözümün qabağında dərman verilsin.”
Peyğəmbər (s) niyə ona dərman içirən bir nəfər olduğu halda hamıya dərman
içirir? Axı bu Quranın ayələrinə ziddir. Allah buyurur: “Heç kim başqasının
günahını daşıyan deyildir.” (“Ənam” surəsi, 164, “İsra” surəsi, 15, “Fatir”
surəsi, 18, “Zumər” surəsi, 7)
Rəvayətin bu hissəsi də diqqət çəkir. Əhməd İbn Hənbəlin nəqlinə görə,
səhabələrin bir dəstəsi o məclisdə idilər. Növbə Peyğəmbərin (s) xanımlarına
çatana qədər onların hər birinə dərman verildi. (“Musnədi-Əhməd”, 6-cı cild,
Aişənin hədisi, səh. 118.)
Lakin yenə Əhməd İbn Hənbəlin nəql etdiyi başqa bir hədisinin məzmununa
əsasən, həzrət Peyğəmbərin (s) həyat yoldaşlarından başqa orada heç kəsin
iştirak etmədiyi və dərmanın da təkcə onlara verildiyi bildirilir.
(“Musnədi-Əhməd”, c. 1, “Abbas ibn Əbdul-Müttəlibin hədisi”, səh. 209.)
Məclisdə kimlərin olmasından asılı olmayaraq günahkardan savayı digərlərinə
cəza vermək Allah Rəsulunun cəza metodu deyildir. Hərçənd ki, o özünə zülm edən
neçə-neçə insanı belə əfv etmişdir.
4. Bəzi rəvayətlərdə Abbasın da orada olmağı qeyd olunarkən bəs hədisdə
olan istisna (“Qoy evin içində olan hər kəsə gözümün qabağında dərman verilsin.
Abbasdan başqa...”) nəyə görədir? O məclisdə Abbasdan savayı peyğəmbərin (s)
qızı, Həzrət Əli (ə) və digər hörmətli səhabələr vardı. Niyə Abbas hamısından
üstün tutulur? Olmaya xilafətə gəlmək istəyən Abbasilər öz nəsilləri üçün
fəzilət düzəltmək və beləliklə Abbasın adından istifadə etmək fikrinə
düşmüşdülər?!
5. Bu hədisi düzəltməklə əslində peyğəmbəri (s) ittiham etmək niyyətinə
düşmüşlər. Sanki peyğəmbər (s) heçnə bilmir anlamır və onun sözü digərləri
tərəfindən saya alınmır. Və beləliklə “peyğəmbər də səhv edə bilər”, “peyğəmbər
sayıqlayır”, peyğəmbər də günah edə, səhv edə bilər” sözlərinə zəmin yaradılır.
6. Bəzi rəvayətlərdə mövzu ilə bağlı çox eybəcər bir səhnə yer alır.
Peyğəmbərin (s) hamı dərmandan içsin deyə təkidindən sonra guya ev əhli hamı
dərman içmiş və onun həyat yoldaşı olan Məymunə isə oruc olduğunu söyləyərək
dərmandan imtina etmişdir. Rəvayətin bu hissəsində də iki ziddiyyətli məqam
var:
1. Əgər hamı o dərmandan ya zəhərdən içdisə və o zəhər idisə necə oldu heç
kim ölmədi? Əgər zəhər deyildisə adi dərman idisə onda bu saxta rəvayət nədir?
2. Qeyd olunur peyğəmbər (s) xanımı Məymunə oruc olduğu halda ona zorla
dərman içirildi. Belə şey necə mümkün ola bilər? Məgər Allahın peyğəmbəri (s)
belə bir işə əmr edərmi? Oruc olan şəxslə bu cür davranmaq? Peyğəmbərin (s)
həyat yoldaşına qarşı hamının gözü qarşısında bu cür ədəbsizlik necə mümkündür?
Nəqib Əbu Cəfərin hədislə
bağlı sözü.
Əhli-sünnə alimlərindən və təhqiqatçılarından təkcə bir nəfər “Lədud”
hədisinin qondarma və uydurma olduğunu bildirmişdir. O, İbn Əbil Hədidin ustadı
Nəqib Əbu Cəfərdir. İbn Əbil Hədidin bu qondarma hədisi qəbul edib və ustadının
nəzəriyyəsinə müxalif olmasına baxmayaraq, belə söyləyir: “Mən, ustadım Əbu
Cəfər Nəqibin məclisində “Lədud” hədisini açıqladım və onun nəzərini bilmək
istədim ki, görəsən həmin hadisədə Əli ibn Əbi Talibin (ə) də ağzına dərman
tökdülərmi?! O cavabımda belə dedi: “Məazəllah! Əgər belə bir şey baş versəydi
Aişə bunu söyləyərdi. Çünki o, həmişə Əlidə (ə) zəif bir nöqtəni tapıb onu ifşa
etmək istəyirdi.” Əbu Cəfər sonra belə dedi: “Bəli, şübhəsiz ki o həssas
anlarda və saatlarda nəinki Əli (ə) və Həzrət Zəhra (səlamullahi ələyha) hətta
Həsən və Hüseyn (ələyhumas-səlam) da Peyğəmbərin (s) çarpayısının kənarında
idilər. Görəsən ehtimal etmək olarmı ki, həmin acı dərmandan onların da ağzına
tökülmüşdür ya yox? Allah and olsun ki, belə bir şey olmamışdır.” İbn Əbil
Hədid deyir: “Əbu Cəfər sözlərini bu cümlələrlə tamamladı: “Lədud” dastanı
kökündən batil, yalan və qondarmadır. Bu yalanı sırf yüksək vəzifə sahiblərinə
yaxın olmaq üçün qondarmışdır.” (“Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c.
13, səh. 32; 235-ci xütbə.)
Yeddinci hissə - Nəticə.
Həzrət peyğəmbərin (s) zəhərlə dünyadan köçməsi birmənalıdır. Heç bir
məzhəbdə bu mövzuda ixtilaf yoxdur. Lakin onun necə zəhərlənməsi müzarikə
predmeti olmuşdur. Şiə və sünni mənbələrinin bir qismi bu hadisəni Xeybər
qəzvəsi günü yəhudi qadını ilə əlaqələndirsə də ziddiyətli rəvayətlər,
rəvayətlərdə gələn uyğunsuzluqlar onu səhih məlumat olmadığını aydın şəkildə
bizə göstərir.
Peyğəmbərin şəhid olması mövzusunda digər versiya kimi onun xanımlarının
olmasını çatdırır. Başda “Səhih Buxari” olmaqla sünni və şiənin mötəbər mənbələri
bu mövzuda kifayət qədər rəvayətlər qeyd edirlər. Səhih Buxari Aişə və Həfsəni
ittiham ediyi halda şiə mənbələri bu ikiliyə onların atalarını yəni Ömər və
Əbubəkiri də əlavə edirlər. Lakin biz bu mövzuda olan hədisləri də araşdırdıqda
tam yəqinə yetişə bilmədik. Çünki, ən məşhur rəvayət olan və Buxarinin “Səhih”
əsərində qeyd olan rəvayətin saxta və qondarma olduğu üzə çıxdı. Buna etiraz
edib “Buxaridə saxta zəif hədis yoxdur” deyənlərə sadəcə bu sualı veririk:
“Əgər hədis zəif, saxta deyilsə onda Aişə peyğəmbərin (s) qatilidirmi? Seçim
sizindir! Ya hədisə zəif deyəcəksiniz ya da Aişəyə qatil!
Quran ayələrinin təfsirlərində gələn təfsirlərdə də yenə qatil
xanımların olduğuna işarə edir. Səhihi Buxari ad çəkməsə də, şiə təfsirləri “o
iki qadın” deyərək işarə etmişlər. Maraqlıdır ki, bəzi şiə mənbələri bu
deyilənləri qəbul etmir və zəif adlandırır. Mövzu çox uzun və yorucu olmasın
deyə həmin hissəni oxuculara təqdim etmədik.
Son Nəticə: Bir daha qeyd edək ki, peyğəmbər (s) zəhərlə
şəhid oldu. Lakin Allah Rəsulunun (s) kim tərəfindən və necə şəhid olması haqda
konkret və birmənalı olaraq tam səhih bir mənbə əlimizə yetişmədi. Ancaq bu
qədərini əziz oxuculara deyə bilərik ki, onu şəhid edən onun öz yaxınlarından
biri olmuşdur bu mütləqdir. İmam Həsənin öz əhli-beytinə söylədiyi kəlam nəzər
salaq: “Məni zəhərlə öldürəcəklər necə ki Allahın Rəsulu (s) zəhərlə şəhid
oldu.”
Bildiyiniz kimi İmam Həsən (ə) öz xanımı tərəfindən və zəhərlə şəhid
edilmişdir. Amma bu araşdırmamızın nəticəsi olaraq qeyd edək ki, bu qədər
mənbələrə baxmayaraq biz tam yəqinlə Allah Rəsulunun (s) qatil yaxud
qatillərinin kimlər olmasına tam qənaət gətirə bilmədik. Kim bilir bəlkə də
məqsədli şəkildə bu saxta və qondarma rəvayətləri səhih adı ilə əsrlərlə dini
kitablarda qeyd etmişlə və beləliklə əsl həqiqətə pərdə çəkmişlər. Allah
Rəsulunun (s) məzlumiyyətinə bu kifayət edər ki, onun müəmmalı ölümü hələ kim
bilir nə qədər daha davam müəmmalı qalacaq.
Bu yöndə araşdırmamızı davam etdirəcəyik.
Araşdırdı: Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.
Yorumlar
Yorum Gönder