İnsan necə ölür?



İnsanın ölümü.

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ
“Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!” (“Ənkəbut” surəsi, 57)

İnsanoğlunun dünya həyatının sona çatması dilimizdə bir neçə cür ifadə olunur. “Ölüm”, “dünyasını dəyişmək”, “vəfat etmək” və sair. Bu ifadələrin içində ən uyğunları “dünyasını dəyişmək” və “vəfat etmək”dir.
Əl-Məvt – “Ölüm”. Quranda ölüm mənasında istifadə edilmişdir.
“Beləcə onun (Süleymanın) ölümünə qərar verdiyimiz zaman, ölümünü onlara əsasını yeməkdə olan bir ağac qurdundan başqası xəbər vermədi...” (“Səba” surəsi, 14; Bax: “Bəqərə” surəsi, 133, “Ali-İmran” surəsi, 144,“Məryəm” surəsi 15, 23 və sairə).
Vəfat etmək - Vəfat sözü (təvəffi) ərəb kəlməsidir, bir şeyi tamamilə götürmək anlamındadır. Vəfat sözü, vəfa kəlməsi ilə eyni kökə malikdir. Əhdi tamamilə yerinə yetirməyə vəfa deyilir. İnsan ölümü ilə Allaha tərəf getdiyi və sanki əhdinə vəfa etdiyi üçün bu cür adlandırılmışdır. (Bax: “Maidə” surəsi 117 və sairə)
Bəli, insan vəfat edərək Rəbbinə qovuşur.
Ölüm haqqında 3 fərqli nəzər vardır ki, bunlardan ikisi batil, biri isə doğrudur.
1. Ölümü fanilik hesab edənlər: Bəziləri ölümü fanilik kimi qavrayır və hansı vasitə ilə olursa olsun insanın yaşamasının vacibliyini vurğulayırlar.
2. İkinci qrup insan həyatnı yaşayışı dərd-məşəqqət adlandırır. Bu qrup insanlar öncəkilərdən fərqli olaraq yaşamağa deyil, ölümə meyillidirlər. Onların fikrincə insan hansı yolla olursa olsun bu dünyadan (dünyanın əzab-əziyyətindən) yaxa qurtarmalıdır. Bu fikrin daşıyıcıları bu vasitələrin içərisində intiharı da qeyd edirlər.
3. Lakin bu iki nəzərin fövqündə dayanan məntiqli və ağıllı bir yol daha vardır. İslamın ölümü keçid etmək üçün istifadə edilən bir körpüyə bənzədir.
Bəli, bu yerdə “insan düyasını dəyişir” ifadəsi də anlaşılan olur. İnsanlar bu aləmdən ölüm vasitəsilə digər aləmə köçürlər. Necə ki ana bətni onların bu dünyaya gəlməsi üçün vasitə olmuşdur.

İnsan necə ölür?
Əcəl - Əcəl sözü lüğətdə mənası “əvvəlcədən təyin edilmiş zaman” deməkdir. İnsan üçün biçilən ömür payı sona yetişdikdə insan dünya həyatından köç edir. Əcəli insan həyatının sonu kimi də anlaya bilərik. İnsanların fərqli səbəblərdən dolayı ölməsi səbəbindən əcəlin növləri də müxtəlif olur.
Əcəlin növləri.
Qurani-Kərim insan üçün iki növ əcəl qeyd etmişdir: “Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli “məhv və isbat” lövhəsində yazıb, qəti əcəl isə “Lövhi-Məhfuz”dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz?” (“Ənam” surəsi, 2)
1. Musəmma – Təbii əcəl, qəti əcəl. İnsanların çox az hissəsi təbii əcəl ilə dünyadan köçür.
2. Muəlləq – Hər hansı bir hadisəyə bağlı olan ölüm. Ölümü tezləşdirən səbəblər.
Hədis: “Günahları səbəbindən ölənlərin sayı əcəl səbəbindən ölənlərin sayından çoxdur. Ehsan səbəbi ilə uzun yaşayanların sayı təbii ömür yaşayanların sayından artıqdır.”
Hədis: “Allaha pənah aparıram o günahlardan ki, ölümü yaxınlaşdırır, evləri viran qoyur.”
Hadisələrlə bağlı olaraq baş verən ölümlər özü də müxtəlif cür ola bilər. Lakin ən yaxşısı və şərəflisi “qırmızı ölüm” adlanan şəhidlikdir.

“Vaxtsız ölüm” ifadəsi Allaha asilikdir?
Əcəlin növlərində öyrəndik ki muəlləq – hadisələrə bağlı olan - qeyri təbii ölüm musəmma – Allah tərəfindən təyin olunmuş təbii əcəli qabaqlasa onda bu ölüm insanın ya öz günahı yaxud özündən asılı olmayan bir hadisənin baş verməsi səbəbindən baş vermişdir. Qeyri təbii ölüm hadisələrinə “vaxtsız ölüm” desək heç yanılmarıq. Çünki, bu cür ölümlər Allahın təyin etdiyi musəmma – ölümü qabaqlamışdır.
Bəzən bir cavanın qeyri təbii yollarla (təbiət hadisələri, qəzalar, ölümcül xəstəlik və sairə) vəfat etməsi onu itirənlərə acı verir və kimsə onun vaxtsız dünyadan getdiyini dilinə gətirirsə burada Allaha asi olacaq bir əməl yoxdur. Çünki o, həqiqəti demişdir. 

Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.





Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)