Meyyiti niyə dəfndən öncə iki üç dəfə yerə qoyurlar?


Bu məsələ bəzən adət kimi görünsə də əslində özünəməxsus fəlsəfəsi vardır. Lakin bu məsələ məzhəblər baxımından fərqli şəkildə təqdim edilir. Ona görə də məsələni şiə və sünni məzəhəbi baxımından təhlil etmək məcburiyyətindəyik.
Mövzu haqda ümumi fikirlərimiz.
Bir insan dünya həyatı ilə vidalaşlasa da növbəti bir həyata qədəm qoymaqdadır. Artıq dünya mənzillərindən son, axirət mənzillərindən isə ilkinə qədəm qoyur. Onun yeni bir həyata və xüsusən qəbir həyatına ilk girişi insana qəribə anlar yaşadır. Əhli sünnə məzhəbi meyyitin dəfnindən sonra bir müddət gözləməyi və bu yolla onu qəbir həyatına öyrəşdirməyin tərəfdarı olsa da şiə məzhəbi isə həm öncə həm də sonra meyyiti tək qoymamaq tərəfdarıdırlar.
Meyyitin qəbir həyatına öyrəşidilməsi əhli sünnə mənbələrində.
Osman bin Əfvan rəvayət edir: “Peyğəmbər (s) meyyiti dəfn etdikdən sonra qəbirin yanında dayanar və deyərdi: Allahdan qardaşınızın bağışlanmasını və sabitqədəm olmasını diləyin. Həqiqətən o, hal-hazırda sorğu-sual olunur.” (“Əbu Davud” Cənaiz kitabı 69)
Səhabədən olan Əmr bin As deyir: “Məni qəbrimə dəfn etdiyiniz zaman, bir dəvə kəsib  ətini doğrayacaq qədər qəbrimin başında gözləyin ki, sizin varlığınızla yeni həyatıma uyğunlaşım və Rəbbimin elçilərinə verəcəyim cavaba hazırlaşım.” (Müslim, İman, 192)
Əhli sünnənin dörd məzhəb imamından bir olan İmam Şafei deyir: “Qəbrin başında Qurandan ayə və sürələr oxumaq müstəhəbdir. Quranı xətm eləmək isə daha gözəldir.” (“Əşşafei- “Əl-Mənaqib” kitabı, səh. 204; Nəvəvi – “Riyazus-Salihin” səh. 293)
Meyyitin qəbir həyatına öyrəşidilməsi şiə mənbələrində.
İmam Sadiq (ə) buyurur: “Qardaşını qəbrə yaxınlaşdırdığınızda onu qəfil qəbrə daxil etməyin. Onu qəbrə bir neçə zira qalmış yerə qoyun ta o bu vasitə ilə (qəbrə) hazırlaşa. (Muhəmməd ibn Əli ibn Babeveyh, “İləluş-Şəraye” Dərəcatul-Lisəqafə c. 1, səh. 306)
Zira – yəni, dirsəkdən barmaqların ucuna qədər olan məsafə.
Digər rəvayətdə gəlmişdir ki, meyyiti qəbrə tərəf apardıqda onu dərhal qəbrə daxil etməyin. Çünki, qəbrdə qorxular vardır. Gərək o qorxulardan Allaha pənah apara və ruhi rahatlıq tapa. Onu qəbrin yaxınlığında yerə qoyun və biraz səbr et. Sonra onu yavaşca və tədricən qabağa apar və yenə biraz səbr et. Beləcə o ruhi aramlıq tapa. Sonra onu qəbrə tərəf apar. (eyni mənbə)
İmam Xomeyni “Təhrirul-Vəsilə” kitabında yazır: “...Meyyiti tələsərək və dərhal qəbrə qoymasınlar. Əksinə onu fasilələrlə iki ya üç zira qalmış yerə qoysunlar və azca səbr etsinlər. Bir qədər qabağa aparıb biraz səbr etsinlər. Sonra onu qəbrin kənarına gətirsinlər. Ta qəbir sorğu sualına hazır ola. Çünki qəbr böyük qorxularla doludur və ondan Allaha pənah aparırıq.” (“Təhrirul-Vəsilə”, İmam Xomeyni, c. 1, səh. 159. Çap: Məktəbətul-İtimad)
Eyni mətləbə Şahidi Sani də “Şərhe Lümə” əsərində qeyd etmişdir. (Şəhidi Sani “Şərhe Lümə”, c. 1 səh. 68)
Mərhum Əllamə Muhəmmədtəqi Məclisi yazır: “Bir qədər səbr edin ki meyyit qəbrə  daxil olma qabiliyyətinə malik olsun. Çünki, çox olub ki, bir nəfəri qəhhar olan hakimin qarşısına aparalar o da qorxudan lal ola, dili tutula. Əgər bir qədər səbrlə və az-az onu qəbrə tərəf aparın...” (“Ləvame” Məclisi, c. 2, səh. 400)
Hər iki məzhəbin kitabından bu cür rəvayətləri mövzuya artırmaq olar. Lakin məsələ nəticə etibari ilə eyni olduğundan bu qədəri ilə kifayətlənirik.  Hər iki ənənəvi məzhəbin gətirdiyi dəlillərə əsaslanıb deyə bilərik ki, bu əməl yuxarıda qeyd etdiyimiz kimi meyyiti qəbir həyatına uyğunlaşdırmaq, qorxulu qəbir evinə öyrəşdirmək və orada sabitqədəm olması üçündür. 


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.









Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)