Qəbir üzərinə niyə su səpilir?



Meyyit dəfn edildikdən sonra məzarının üzərinə su səpmək müstəhəbb hesab olunur. Bəziləri bunu şaman inancından qaynaqlandığını söyləsə də bu deyilənlər həqiqəti əks etdirmir.
Meyyit qəbrə qoyulduqdan sonra üzərinə su tökmək əslində Allah Rəsulunun (s) həyata keçitdiyi bir əməldir.
“Əl-Məvsulatul-Fiqhiyyə” kitabının qeyd etdiyinə görə Hənəfilər, Şafeilər və Hənbəlilər, ölü dəfn edildikdən sonra qəbrin üzərinə su səpməyi sünnət bilirlər. Çünki Allah Rəsulu (s) Sad bin Muazın qəbrinə su səpmiş və Osman bin Mazunun da qəbrinə su səpməsini əmr etmişdir.
Şafeilər və Hənbəlilər ayrıca bunu da əlavə etmişlər: “Qəbrin üzərinə kiçik çınqıl daşları da qoyulmalıdır. Çünki, Muhəmməd bin Cəfər, atasından belə rəvayət etmişdir: “Peyğəmbər (s) oğlu İbrahimin qəbrinin üzərinə su səpdi və üzərinə çınqıl daşları qoydu.”
(“Əl-Məvsuatul-Fiqhiyyə” c. 32, s. 250. Daha ətraflı bax: “Təbyinul-Həqaiq”, c. 1, səh. 246; “Əsnal-Mətalib”, c. 1, səh. 328; “Kəşful-Qina”, c. 2, səh. 138)
Allah Rəsulu (s) oğlu İbrahimin və digər səhabələrin də qəbrinin üzərinə də su səpmişdir. Biz burada nümunə üçün bəzisin qeyd etdik.
Qəbrin üzərinə su səpmək əsasən qumlu və səhra tipli ərazilər üçün xarakterikdir. Belə ki, qəbrin torpağının külək vasitəsilə aradan getməməsi, torpağın su vasitəsilə möhkəmlənməsi və beləliklə vəhşi heyvanların qəbri aça bilməməsi kimi səbəblərdən dolayı bu proses olduqca münasibdir. Qəbrin üzərinə daşların qoyulması da qəbrin möhkəm olması və qəbrin aradan getməməsi üçün münasibdir.
Bundan əlavə Səhihi Buxari və Müslimdə yer alan məşhur bir hədisdə bu mövzuya dəlil kimi istifadə olunur.
Allah Rəsulunun (s) bir qəbiristanlıqdan keçərkən iki qəbirdə yatanların bəzi kiçik qüsurlardan ötrü qəbirlərində əzab çəkdiklərini görmüşdü. Biri sözgəzdirənlik etmək, digəri də ayaqyolunda təmizliyə riayət etməmək üzündən bu sıxıntıya düşmüşdülər. Yerdən yaş bir ağac budağı götürərək iki yerə böldü və qəbirlərin başına basdırdı. Səbəbini soruşan səhabələrə: “Bu iki budaq qurumadığı müddətcə onların çəkdikləri əzabın yüngülləşməsi ümid olunur” - buyurdu. (“Buxari”, Cənaiz, 82, 89; “Müslim”, İman, 34; “Əbu Davud”, Təharət, 26.)
Qəbirlərin üzərinə yaşıl bitkilərin, yaxud qəbrin yaxınlığında həmişəyaşıl ağac və kolların əkilməsi adəti də məhz bu hədisə istinad edilir.
Bəzi mənbələrdə qəbirlərə su səpmək də eyni ilə yaş ağac hökmündə olduğu, torpaq rütübətli olduğu zamana qədər qəbir əhlindən əzabın götürüldüyü də qeyd olunmaqdadır.
İmam Nəvəvi deyir: “Peyğəmbər (s) qəbrə yaş ağac basdırıb deyirsəə ki, bu ölüyə xeyirdir. Onda heç şübhə yoxdur ki, Quran da ölüyə faydalıdır.” (“Səhihi Müslim” c. 3, səh. 61)
Müsəlmanın dirisi və ölüsü çox möhtərəmdir. Fiqh kitablarında rast gəldiyimiz bir sıra şəri məsələlər buna görə qeyd olunub. Məsələn: Qəbrin ətrafını zibilləməmək, qəbrin üzərinə nəcasət bulaşdırmamaq, qəbri tapdalamamaq, üzərinə oturmamaq və sairə. Hətta qəbiri açılarkən belə ölünün sümüklərini hörmətsizcəsinə ora-bura atmaq, sındırmaq şəriətdə qadağan edilmişdir. Allah Rəsulu (s) buyurmuşdur: “Mömin ölü ikən onun sümüyün sındırmaq diri ikən sındırmağa bərabərdir.” (“İbn Macə” c. 1, səh. 516)
Odur ki, qəbri təmiz saxlamaq, üzərini su ilə təmizləmək, ətrafına, üzərinə yaşıllıq əkmək bəyənilən işdir.

Mahir Şəkərov – İlahiyyatçı, araşdımaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)