Adəm (ə) məsumdur


Adəm (ə) məsumdur.
Adəm (ə) günah edibmi?
Allahın insanlara göndərdiyi bütün ilahi peyğəmbərlər (ə) insanları o həqiqət nuruna doğru hidayət edirlər. Hər kəs bu ilahi rəhbərlərin (ə) izi ilə getsə o nurun mənbəyinə yetişəcək. Lakin, təkəbbürlük göstərərək, o elçiləri qəbul etməyib və ya o elçilərin şəninə uyğun olmayan sözlər, ifadələr deyərək, bu və ya digər şəkildə onlarla mübarizəyə qalxsa dünya və axirət səadətindən məhrum olaraq bədbəxtlərdən olacaq.
Hz Adəm (ə) –a və digər peyğəmbərlərə (ə) günah nisbət verənlərə elə Quran və təfsirlə bir qədər geniş şəkildə cavab vermək istəyirik.  Gəlin ilk öncə günahın nə olduğunu öyrənək. Görək bu işi Allahın pak bəndələrinə (peyğəmbərlərə) nisbət vermək olar ya yox.
Günah nədir?
Günah yəni;
1.      Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş 
2.      Cəzalanmalı hərəkət; təqsir.
3.      Nöqsan, çatışmazlıq.
Günah yəni, Allaha qarşı çıxmaq. Dinimizdə Allahın qoyduğu qayda qanunları pozmağa, Allahın qoyduğu həddi aşmağa günah deyilir. Günah yəni, Allahın haram buyurduğu işi yerinə yetirmək.
Günahın hələ zahiri tərcüməsinə diqqət etsək görərik ki, günah peyğəmbərlərə (ə) yaraşmayan bir sifətdir. Biz müsəlmanlar belə günahdan qaçıb, onu tərk etməkdə səy və təlaş göstərdiyimiz halda necə ola bilər ki, Allahın peyğəmbərləri (ə) bu işə mürtəkib ola və ya bəziləri onlara bu günahı nisbət verə?
Cənnət nə deməkdir?
Gəlin yenə də ilk öncə Cənnət sözünün mənasını öyrənək.  
" Cənnət " sözün kökü " cənnə " felidir, və mənası : " gizli, örtülü " deməkdir . Bu " cənnı" kökündən bir sıra sözlər yaranıb ki bəzilərinə işarə edək.
1) Cənan - yəni "qəlb" bu da görünməyəndir .
2) Cunnə - “qalxan”  yəni bədəni örtən.
3) Cəniin – “ana bətnində olan uşaq”. O da örtülü, görünməyəndir.
4) Cənnət- “gizli”, “gözə görünməyən bağ.”
5) Cin – “gizli”, “gözə görünməyən”.
6) Məcnun – “cin vurmuş”, “ağlı örtülmüş”.
Cənnət sözünün istilahi mənasına gəlincə isə qısa və çox sadələşdirilmiş şəkildə deyə bilərik ki; Cənnət, Qiyamət günü yaxşı əməl sahiblərinə veriləcək əbədi və sonsuz bir mükafatdır.
Bu məqamda bir məsələni də araşdırmaq yerinə düşərdi. Görəsən Qurani-Kərimdə gələn bütün cənnət sözləri bizim bildiyimiz, axirətdə möminlərin girəcəyi Cənnətdir?
Qurana baxdıqda görəcəyik ki, Cənnət sözü həm də bağ və bağça mənasındadır. Xüsusən dünya üçün işlənən bütün "cənnət" kəlmələri "bağ, bağça" mənasındadır. Nümunə üçün bəzi ayələrə diqqət edək;
Səba 15:   جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ  (Orada) sağdan və soldan iki bağça var idi.
Səba  16:  وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ – Onların iki bağçasını elə iki bağçaya çevirdik.
Kəhf 39:  إِذْ دَخَلْتَ جَنَّتَكَ  -  Bağına girdiyin zaman.
Cənnətə, Cənnət deyilməsinin bir səbəbi də ordakı nemətlərin gözlərimizdən, gizli olmasındadır. Buna dəlil Səcdə sürəsi 17-ci ayədir.
Səcdə 17: Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz.
Axirət Cənnətində günahın baş verməsi Quran baxımından qeyri mümkündür.
Quran ayələrinə nəzər saldıqda görəcəyik ki, axirət Cənnətində günah işin və həmçinin mənasız işlərin baş verməsi mümkün deyildir. Həmin ayələrə diqqət edək;
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا  - Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. (Nəbə 35)
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا - Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. (Vaqiə 25)
لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً - Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. (Ğaşiyə 11)
Bu ayələr dəlildir ki, Hz Adəm (ə) axirətdəki əbədi Cənnətdə ümumiyyətlə olmayıb. Cənnət deyildikdə elə dünya bağçalarından bir bağça olub. Nəinki  bizim bildiyimiz axirət Cənnəti. Araşdırmamızın bu yerində sual meydana çıxır. O şəxslər ki, iddia edirlər Hz Adəm (ə) axirət Cənnətində olub, Quran deyir ki, Cənnətdə günaha bais olan heç bir şey yoxdur.
Hz Adəm (ə) –ın axirət Cənnətində olmamasına  daha bir neçə dəlil.
Hz Adəmin həqiqi-axirət Cənnətində olmamasına daha bir neçə dəlil təqdim edək;
1) Axirət cənnətində qadağan yoxdur. (Mursəlat 43)
2) Orada üsyan və günahdan söhbət belə gedə bilməz. (Ğaşiyə 11, Vaqiə 25, Nəbə 35)
3) Əsl cənnət olsaydı Şeytan ora girə bilməzdi. – Şeytanın həqiqi Cənnətdə nə işi var?
4) Əbədilik yurdudur. Ora girən bir daha ordan çıxarılmaz. – Quranda dəfələrlə Allah buyurur ki; – “Onlar orada əbədi qalacaqlar.”  (Ali-İmran 107 )
5) Adəm yer üzünün xəlifəsi olmaq üçün yaradılmışdır. (Bəqərə 30) –   إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً
“Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”.
6) Hz Adəmdən (ə) danışan bu ayələrdə Allah Hz Adəm mövzusuna başlamadan öncə buyurur;
Əraf 10: Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!
Əraf 11: Sizi yaratdıq, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Ayələrdən gördüyünüz kimi, Allah insanları yer üzündə yaratdığını və Hz Adəmin hadisəsin də yer üzündə baş verdiyini deyir. Qeyd olunan dəlillərə əsasən, kimsə desə ki, Adəm (ə) Cənnətdə günah edib və Cənnətdən qovulub o Qurana əsasən yalan danışmış olur.

Hz Adəm (ə) günah edibmi? – Ayələrin izah və təfsiri.
Hz Adəm (ə)-ma irad tutulan və guya günah etməsinə dəlil olaraq gətirilən ayə, əslində Hz Adəmin məsumluğu üçün dəlildir. Hz Adəmə günah nisbət verənlər Taha 121-ci ayədə olan  وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ  hissəsini dəlil gətirirlər. Ayənin zahiri tərcüməsi belədir: “Adəm Rəbbinə asi oldu və yoldan çıxdı.”  Gəlin bir yerdə ayəni araşdıraq.
Biz dəfələrlə qeyd etdik ki, Quranı təkbaşına, boş zahiri tərcümə ilə anlamaq olmaz. Mütləq gərək hədislərə, təfsirə müraciət edək. Əgər boş tərcümə ilə yola çıxsaq onda yolumuzu azarıq. Quranı təfsir, hədis olmadan başa düşmək olmaz. Bu mövzuda dəlil və sübutları sizə təqdim etdik.
Taha 121-ci ayənin təfsiri – Hz Adəm (ə) asi oldu?
وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ  Təfsir oxuduqda görərik ki; Adəm (ə) günaha yol vermədi, sadəcə "tərki-ovla” etdi. Başqa sözlə, yaxşı bir işdən uzaq düşdü. Həqiqi əhli sünnə mənbələrinə baxsaq görərik ki, “Adəm (ə) günah etdi yox, Adəm “zəllə” etdi” yazılıb. Elə isə  “zəllə” nədir? 
“Zəllə” sözünün mənasını Hənəfi fiqhi  ilə gedən, kəlam və təfsir alimi olan Əbul- Bərəkat Nəsəfi Mədarikut- Tənzil və Həqaiqut- Təvil adlı təfsrinin 4-cü cild səhifə 365 də yazır: “ Zəllə ən fəzilətli bir  əməli tərk edib, fəzilətli bir əməli etməkdir.” (Əbul- Bərəkat Nəsəfi Mədarikut- Tənzil və Həqaiqut- Təvil cild 4, səhifə 365) 
Deməli Adəm (ə) “zəllə” edib, yəni; Ən fəzilətli işi tərk edərək, fəzilətli bir işi edib. Hər bir halda Adəm (ə) yaxşı iş görüb. Çalışmaq lazımdır ki, danışdığımız və dediyimiz sözlərin məna və izahına diqqət edək. Təfsirə, hədisə arxa çevirdikdə, “Quran bizə kifayət edər” dedikdə nəticə bu cür  olur ki, sadə bir məsələni anlamadan Allahın peyğəmbərlərinə günah nisbət verirlər.
Deməli bura qədər aydın oldu ki, Hz Adəmin (ə) günahı,  onun günah etməməsidir. Vəssalam. 
Ayədə keçən “ğəva” yolunu azdı yox, "inkişaf etmədi” mənasını bildirir. Yəni Hz Adəm (ə) ən yaxşı işi görməklə inkişaf edib, təkamül yolunda daha çox irərliyə bilərdi.
وَعَصَىٰ آدَمُ – (Adəm üsyan etdi) bu ayədə  "üsyan” dedikdə müstəhəbb - yaxşı bir işin tərk olunması nəzərdə tutulur. Bu sözü də  Əhli sünnənin ən görkəmli təfsir alimlərindən biri olan Fəxri Razi öz  Təfsiri Kəbirində qeyd edir. ("Təfsire-kəbire-Fəxr Razi” – Taha 121-ci ayənin izahında).
Ayənin izahına baxıb görürük ki, bu ayənin Hz Adəmin günah etməsi ilə heç bir əlaqəsi yoxdur. Bu ayəyə əsasən Hz Adəm (ə) nəinki günah, fəzilətli bir iş görüb. 
 Hz Adəmin (ə) Cənnətdə olmamasına daha bir dəlil isə  Bəqərə sürəsinin 35-ci ayəsindəki  “Bu ağaca yaxınlaşmayın” ifadəsidir. Çünki həqiqi Cənnətdə yuxarıda qeyd etdiyimiz kimi qadağa yoxdur. (Mursəlat 43)
Quranın  “bu ağaca yaxınlaşmayın” ayəsindən məlum olur ki, ora dünyada bir bağça imiş. Belə olduqda qadağanın da mənası başa düşülən olur. Çünki dünyada insanın kamilliyə yetişməsi üçün müəyyən  qadağalar vardır.
Bu ağaca yaxınlaşmayın ayəsinin izahı.
Hz Adəm və Həvva hadisəsində olan ixtilaflı məsələlərdən biri də bu ayədə olan “Bu ağaca yaxınlaşmayın” ifadəsidir:
Bəqərə 35:  “Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə bağçada yerləş və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız".
Bu ağac nə ağacıdır və niyə qadağa qoyuldu və Hz Adəm (ə) bu qadağanı pozdumu?  Əvvəla bunu qeyd edək ki, Quranda olan kəlimələr ancaq bir məna ifadə etmir. Bəzən bir söz, çoxlu mənalar ifadə edə bilir. Bəzən o söz, ərəblər arasında olan bir ifadə tərzinin ədəbiləşmiş forması olur və s. Bu ayədəki ağac sözü də təkcə bizim bildiyimiz adi ağac mənasında deyil. Ağac sözü Quranda bəzən mənəvi mənada işlənmişdir.
وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ
 Sina dağından çıxan bir ağac da yaratdıq. (Muminun 20)
Bu ayədə adi ağac mənasında işlənib.
Digər ayədə isə ağac sözü tam başqa mənada gəlib.
 وَ الشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ
“və Quranda lənətlənmiş ağac.” (İsra 60)
Bu ağacda məqsəd həqiqi ağac deyil. Məqsəd müşriklər, yəhudilər və bir tayfa ilə bağlıdır. Gördüyünüz kimi bu ayədə də mənəvi ağac nəzərdə tutulur.
Hz Adəm (ə) qissəsində yer alan ağac, bəs nə ağacıdır? Bu barədə təfsir və hədislərdə əsasən iki fikir var. Necə ki, Quranda həm maddi və həm mənəvi ağaca işarə olunur. Eləcə də təfsirlərdə də iki cür məna qeyd olunur.
Əgər Bəqərə 35-də, sözügedən ağacı maddi mənada götürsək, bəziləri o ağacın alma, buğda, üzüm və s olduğunu qeyd edir. Əlbəttə bu zahiri və olduqca sadə bir sözdür. Buna dəlilimiz apardığımız araşdırmalar və Hz Adəm (ə) bəhsinin davamında olan ayələrdir. Biz ikinci – mənəvi- mənanın tərəfdarıyıq. Araşdırmamıza əsasən o ağac mənəvi ağac idi. O zaman ki, Allah Adəmi və Həvvanı dünyada bir yerdə yerləşdirdi. Onlar  öz-özlüyündə düşünürdülər ki, görəsən bu varlıq aləmində bizdən üstün bir varlıq olacaqmı? Allah onlara bu məqamda xəbərdarlıq edərək, bəs sizə deməmişdim ki, bu ağaca yaxınlaşmayın?  İzahlı olaraq qeyd etsək, “demədim bu fikrə düşməyin, demədim bu cür təsəvvür etməyin? Yəni, Adəm (ə) nəsihət xarakterli bir sözə əməl etmədi. Ən aydın və  müvafiq məna araşdırmamıza əsasən elə bu mənadır.
“Ayıb yerləri göründü” ayəsi əslində bizə nəyi çatdırır?
Bu məsələdə təfsirə ehtiyacı olan məqamlardan biri də “...ayıb yerləri özlərinə göründü. Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22)  ifadəsdir. Bəziləri bu ayəni izah edərkən qeyd edirlər ki, Hz Adəm və Həvvanın əynində bildiyimiz paltardan var idi. Elə ki, o paltarlar aradan getdi onların ayıb yerləri göründü. Digər bir dəstə isə düşünür ki, onların ümumiyyətlə övrətləri yox idi. Bu hadisədən sonra onların övrətləri zahir oldu. Bu iki fikrin tam mənada isbat və sübutu əlimizdə yoxdur. Ən uyğun məna və izah budur ki, o libas mənəvi libas idi, və ayədə qeyd olunan məna zahiri övrətdən getmir, əksinə onların mənəvi halına işarədir. Əhli sünnənin mötəbər təfsir alimlərindən olan Fəxri Razi bu ayə haqda danışarkən buyurur: “Bu libas, bir libas idi ki, nurdan idi bu libas təqva libası idi. (Fəxrəddin Razi – Məfatihul-Ğeyb c 14, s 223.)
Çox gözəl və qane edici bir izahdır. Bu sürədə Allah geyimdən söz açanda buyurur ki, وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ   -  təqva libası daha yaxşıdır (xeyirlidir). (Əraf 26)  Deməli söhbət yenə də işin mənəvi tərəfindən gedir. Təqva libası yəni, həqiqi şəkildə pəhrizkar olmaq. Ayədə qeyd olunan “ayıb yerləri göründü” ifadəsində ərəb dilində  "بدا یبدی" felindən istifadə olunub. Bu felin Quranda işlənmə yerlərinə baxsaq görərik ki, bu fel bir çox yerlərdə qabağına çıxdı, kimi işlənib. Məsələn Ənam 28-ə baxaq:  بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ   - “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri onların qabağına çıxdı.” (Ənam 28)
Deməli, “ayıb yerləri göründü” ayəsində məqsəd ancaq elə bu deyil ki, övrətləri göründü. Bu zahiri məna Quranın və Hz Adəm (ə)-la bağlı olan mövzudakı ayələrlə tam uzlaşmır. Bu ayədən təfsir və ayələrə əsasən nəticə alaq. Ayıb yerləri göründü yəni, onlar tərki ovla –zəllə etdilər. Bu, onların məqamı baxımından, (Allahla öz aralarında) bunu özlərinə eyib bildilər. Yəni, Allahın verdiyi nemətlər qarşısında hətta yaxşı işi də tərk etmək bu cür şəxsiyyətlər üçün eyib sayılır. Onlar bunu dərk etdiklərində o xüsusi nur onlardan uzaqlaşdı. Ayıb yerləri göründü yəni, “etdikləri qabaqlarına çıxdı.” Bunu Quran ayəsinə əsasən gördük.
 Bu ayənin davamında olan  ...Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22) ifadəsinə də qısa izah verək.  Yuxarıda qeyd etdiyimiz kimi ayənin zahiri tərcüməsi bizə təkbaşına kifayət edən deyil. Mümkündür ayənin zahiri tərcüməsi bir cür, amma təfsiri tam başqa cür olsun. Burda da məqsəd budur ki, elə ki onlar tərki ovla etdilər və eyibləri üzə çıxdı. Onlar tövbə ilə Allah qarşısına qayıtdılar və günahlarının üstünü örtdülər. Buna dəlilimiz mübarək bir hədisdir. Hədisə əsasən Allah həqiqi tövbə edənlərin günahlarının üstünü örtür, hətta o günhahları onu qeyd edən mələklərin də yaddaşından silir. Həmçinin o günaha şahid olan məkan, bədən üzvü və s. də onu unudur. Çünki, Qiyamətdə hər bir şey insan əleyhinə şəhadət verəcək. (Yasin 65)
“Ayıb yerləri göründü” ayəsinə daha bir izah.
Ayələrdə olan “ağac” ifadəsi rəmzi məna daşıyır. Ağac “qadağan” məfhumunun rəmzi mənasıdır. “Bu ağaca yaxınlaşmayın.” (Bəqərə 35) Yəni, sizə qadağan olan işi görməyin. Bu işin də özləri ilə bağlı olan bir fikir olduğunu qeyd etdik.
Əraf sürəsinin 20-ci ayəsinə diqqət edək: “Beləliklə Şeytan bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək etmək üçün o ikisinə vəsvəsə etdi...”
Ayədə olan “onlar üçün gizli olan” sözü ayənin başa düşülməsində bizə yardım edir. Hz Adəm və Həvvaya gizli olan nə idi? Onlar nəyi anladılar?  Onlar, onlara qadağan edilmiş fikrə düşdüklərindən, “ayıb yerləri göründü” yəni, öz zəif cəhətlərini gördülər. Daha yaxşı olardı ki, onlar bu fikrə düşməsinlər. Uca şəxsiyyətlər üçün kiçik məsələlər də Allahla öz aralarında eyib sayılır.Onların gördüyü bu idi. Paltarda məqsəd onların bu məsələni anlamaqda qarşıların alan bir duyğu və hiss idi.  Bu hadisələri bizə çatdıran Quran ayələrindən sonra Allah ən gözəl geyimin təqva olduğunu qeyd edir: “Ən gözəl libas təqva libasıdır.” (Əraf 26)
“Ayıb yerləri göründü” ayəsini belə də anlamaq olar. Onların eyibləri üzə çıxdı və onlar da ağac yarpaqları yəni tövbə etməklə öz eyiblərini örtdülər. Çünki, hədis və ayələrdə də tövbə ilə günahın üzərinin örtüldüyü qeyd olunmaqdadır. Ayə hədislərdə olan ifadələr həmişə biz anladığımız şəkillərdə olmur. Nümunə üçün bir ayənin izahını peyğəmbərin öz dilindən eşidək və zahiri məna ilə əsl mənanın fərqini bir daha müşahidə edək.
Bəqərə 187-ci ayəsində olan bu hissəyə diqqət edək: ... “ağ sap qara sapdan seçilincəyə qədər yeyin için...”
Ayənin zahirinə baxdıqda söhbətin ağ və qara sapdan getdiyi anlaşılır. Amma həqiqətdə “ağ sap və qara sap” tam fərqli mənanı ifadə edir. Əziz İslam peyğəmbərinin bu ayəyə verdiyi təfsirə nəzər salaq.
Ədi ibni Hatəm peyğəmbərin (s) yanına gəlib deyir: “Mən sübhün açıldığını bilmək üçün bir ağ sapla qara sapı götürüb, onlara baxdım.” Allah Rəsulu (s) onun sözlərini eşitdikdə gülümsəyib buyurdu: “Ey Hatəmin oğlu! Ağ sap və qara sap dedikdə üfüqdəki ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.Sübhün ağlığının görünməsi orucun başlanmasını bildirir.” (Məcməul-Bəyan, Bəqərə 187-ci ayənin təfsiri).
Zülm və zalım sözünün izahı.
“...bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız". (Bəqərə 35)
Bu ayədə olan “zalımlardan olarsınız” ifadəsi bəzilərinin də düşündüyü kimi, belə deyil ki, Hz Adəm (ə) guya günah etdi və Allaha qarşı zülm etdi. Nəfsə zülmün bir-birindən fərqli dərəcələri var. Namaz qılmamaq da nəfsə zülmdür, şirk də nəfsə zülmdür. Yalan danışmaq da. Hətta məkruh iş görmək, müstəhhəb əməli tərk etmək də nəfsə zülmdür. Bir nəfər məkruh iş görəndə biz, o günah etdi” demirik, əksinə deyirik: “Yaxşı olardı etməyəydi. Amma edibsə də günahı yoxdur.”
Və ya biri nafilə namaz qılmır. O da nəticə etibari ilə öz nəfsinə zülm edir. Çünki, hər bir yaxşı iş, insanı kamilləşdirir. Bir şəxs bu yaxşı işləri tərk etməklə özünə zülm edir. Amma bu günah sayılmır. Tərki-övla – yəni yaxşı bir işi tərk etmək bunlar nəfsə zülm olsa da, kiçik zülm sayılır. Bu işlər bizim üçün kiçik bir şeydir ki, nafilə qılmırıq, məkruh işləri edirik. Amma, Allah peyğəmbərlər (ə) bu cür edəndə onlara xatırladır ki, siz gərək ən kamil olasınız. Onlar da bu işlərə görə Allaha tərəf qayıdırlar. Yəni tövbə edirlər.
"Zalımlardan olarsınız" sözündən məqsəd yəni, özünüzə zülm edənlərdən olarsınız. Ona görə də savabı əldən verən şəxs barəsində "nəfsinə zülm etdi" deyilə bilər. Necə ki, Allah-Təala Əyyub (ə) –ın dilindən buyurur : "Həqiqətən mən, zalımlardan idim." (Ənbiya 87). Çünki bəyənilən bir işi görməməklə savabı əldən vermişdi.
Zülm ərəb dilində "həddi keçmək və bir şeyi öz yerindən başqa bir yerdə qərar vermək" mənasınadır. ("Lisanul-ərəb", zülm maddəsi)
"Həqiqətən, sən burada acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!  Həmçinin, burada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!" (Taha 118-119).
Bu ayələrədən məlum olur ki, zülmün nəticəsi yalnızca dünya həyatında aclıq, susuzluq kimi məşəqqətlərə düşməkdir. Buna əsasən, onların etdikləri zülm şəriətdəki günah və Allaha qarşı edilən zülm mənasında deyil, öz nəfslərinə qarşı etdikləri zülmdür. Buradan həmçinin aydın olur ki, "ağaca yaxınlaşmayın" ayəsindəki qadağa mükəlləfi öz xeyrinə olacaq işlərə yönləndirmək üçün edilən nəsihət xarakterli qadağadır.Yəni etsən savabdır, etməsən heç bir günahı yoxdur.  Halbuki, əgər qadağa şəriət xarakterli olsaydı, o zaman etdikləri tövbə qəbul olunduğu təqdirdə, həmin qadağanın cəzası ləğv edilməli və onlar təkrar olduqları yerə qayıtmalı idilər. Halbuki, onlar tövbə edib, etdikləri tövbənin də qəbul olunmasına baxmayaraq, bir daha cənnətdəki yerlərinə qayıda bilmədilər. Ona görə də nəsihət xarakterli (irşadi) vəzifəyə müxalifətçiliyin aqibəti yanızca təkvini məşəqqətə - dünya həyatında  giriftar olmaqdır, tövbə olunduğu təqdirdə öz əvvəlki məqamlarına qayıtmalarını gərəkli edən təşrii vəzifə deyil.  Bu qeyd olunan sözlər, bu ayənin təfsir və izahlarından ələ gələn nəticələr idi.
“Cənnətdən enin” ayəsinin izahı.
Biz dedik: "Hamınız oradan çıxın! (Bəqərə 36, Bəqərə 38, Əraf 22, Əraf 24, Taha 123)
 وَقُلْنَا اهْبِطُوا   Bu ayələrdə "çıxın" deyə tərcümə olunan ٱهْبِطُوا۟ (ihbitu) kəlməsi tərcümələrdə "enin" deyə tərcümə olunub, yəni, göydən yerə enmək.  ٱهْبِطُوا۟ (ihbitu) kəlməsi Quranda 8 dəfə keçib və bu kəlmə göydən yerə enmək üçün yox, dünyada hər hansı yerdən başqa yerə keçid üçün işlənib. Məsələn, Allah Bəni israilə əmr edir ki “ihbitu misra” (şəhərə gedin) (Bəqərə 61) ayəsində hər hansı planetdən düşmək üçün yox, hər hansı bir şəhərə girmək, keçmək anlamında işlənib. Və digər bir ayədə Allah Nuha “ihbit bi-sələm” (salamatçılıqla en) deyir (Hud 48). Nuhun (ə) gəmisi hər hansı planetdə və ya səmada  deyildi bu dünyada idi. Və demək ki “ihbitu” kəlməsi başqa planetdən enmək -keçid etmək üçün yox elə bu dünyada hər hansı yerdən başqa yerə keçmək üçün işlənib. Hz Adəm (ə) da bu dünyada idi. Və onlar Allahın onlar üçün dünyada seçib və xüsusi nemətlərlə bəzədiyi yerdən xaric edildilər. Yəni o məkandan, o yerdən başqa bir yerə keçdilər. Bu enmə həm də məqamın enməsinə bir işarədir. Necə ki, insan nafilə namaz, digər müstəhəbb işlərlə daha ali məqama yetişə bilir, və etmədikdə də günah qazanmır, əksinə o ali məqamdan məhrum olur. Hz Adəmin (ə) –in məsəli də elə bu cürdür. Əraf və Bəqərə sürəsindəki ayələrə bəziləri özündən müəyyən sözlər artırır. Hər iki sürədə Allah buyurur: “Bir-birinizə düşmən olaraq enin”  Bu ayəyə bəziləri özündən bəzi sözlər əlavə edir və belə deyir: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yerə) enin”  Cənnət və yer sözün bura əlavə edirlər. Halbuki ayənin ərəbcəsində nə yer və nə də Cənnət sözü mövcud deyil.
Baxın: Əraf 24 – (“Qurani-Kərimin sözbəsöz tərcüməsi” – Qafqaz müsəlmanları idarəsinin 2012 nəşridir)









Baxın: Bəqərə 36 -  (“Qurani-Kərimin sözbəsöz tərcüməsi” – Qafqaz müsəlmanları idarəsinin 2012 nəşridir)
Şeytanın azdırması və vəsvəsə etməsinin izahı.
فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ  -  Şeytan onları azdırıb olduqları yerdən çıxartdı. ( Bəqərə 36)  Bəziləri deyə bilər ki şeytan Adəm (ə) –mı necə azdıra bilər?  Bu ayədə istifadə olunan zəllə sözünün izahını biz yuxarıda verdik. Dedik ki, “zəllə” bəzilərini düşündüyü kimi günah yox, ən fəzilətli bir işi tərk etməkdir.
 فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ   - Şeytan onlara vəsvəsə verdi ki.... 
Gəlin, öncə vəsvəsə sözünün lüğəti mənasını öyrənək.
Vəsvəsə lüğətdə, şübhə və tərəddüd, narahatlıq, iztirab, qorxu, əsli olmadığı halda xəyala gələn şey, qəlbimizdən keçən fikir və təsəvvürlər mənasına gəlir. Vəsvəsəni adi insan da digərinə edə bilər. Yəni bir fikri ona deyərək təlqin edər və sonda istəyinə çatar. İnsanın öz nəfsi də insana vəsvəsə edə bilər.
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik.” (Qaf 16)
Deməli vəsvəsə təkcə şeytan işi deyil. Fikirdir xəyaldır ki, insana təlqin olunur. Bunu ya insan özü, ya digəri, ya da şeytan edir. Şəriətə əsasən zehnə və xəyalına mənfi iş gələn kimsə günahkardır? Əlbəttə xeyr. Amma hətta günahın fikir və xəyalı da insanın mənəviyyatına ziyan vura, onu zədələyə bilər. Şeytan Hz Adəmə nəyi vəsvəsə etdi, yəni nəyi pıçıldadı? Çünki vəsvəsə çox gizli səsə də deyilir. Hətta bir ovçunun ova gedərkən çox sakit şəkildə hərəkət etməsinə də vəsvəsə deyilir. Çünki, o işi də çox gizli, və səssiz, etməyə çalışır. Pıçıltı da danışığın gizli və səssiz formasıdır.
Şeytan vəsvəsə etdi ki ağaca yaxınlaş. Həmin ağacın nə olduğunu yuxarıda qeyd etdik. Qısaca belə deyək; Şeytan hey Hz Adəmin fikrinə salırdı ki, o düşünə ki,  Allah ondan daha üstün bir varlıq yaratmayıb. Bu fikri  (fikir, yəni vəsvəsə)  onlar etdilər yəni ağaca yaxınlaşdılar. Bu ayələrdə vəsvəsə, yəni şeytanın pıçıldağı söz və fikirlər.
Hz Adəm (ə) günah etməyibsə niyə tövbə etdi?
Ənənmizə sadiq qalaraq yenə ilk növbədə öyrənək görək tövbə nə deməkdir? Tövbə sözü lüğətdə; qayıdış, dönmək, Peşman olmaq, Allaha tərəf qayıdış kimi mənalara gəlir. Hz Adəm (ə) nə üçün tövbə etdi? Hz Adəm ən fəzilətli işi tərk etdi. Yəni tərki ovla, və ya belə deyək zəllə etdi. Bu həqiqətdə günah olmasa da peyğəmbər (ə) kimi şəxsiyyət üçün Allahla onun arasında eyib sayılır. Bizim namazımız qəza olduqda narahat olmuruq.  Amma, bir Allah dostunun namazı qəzaya gedəndə ömür boyu onun üçün tövbə edir. Bizim üçün adi görünən əməl onlar üçün çox əhəmiyyətlidir Odur ki, hətta günah olmayan bir əməl üçün də bağışlanma diləyirlər.  Bütün bunlardan əlavə məgər tövbə ancaq günah üçündür ki, bəziləri Hz Adəmin (ə) tövbəsini günahla əlaqələndirir? İnsan hər halda tövbə etməli və Allahdan bağışlanma diləməlidir. Deməli Hz Adəm (ə) –ın tövbəsi də günaha görə deyildi əksinə, yaxşı bir işi tərk etdiyi üçün idi.
Hz Adəm mövzusunun nəticəsi.
1.Hz Adəm (ə) axirət Cənnətində ümumiyyətlə olmayıb. Çünki ora əbədidir. Ora girən oranı əsla tərk etməz.  (Ali-İmran 107 )
2. Hz Adəmin axirət Cənnətində günah etməsi və oradan qovulması Quran baxımından qeyri mümkündür. Çünki, axirət Cənnətində günah yoxdur. (Ğaşiyə 11, Vaqiə 25, Nəbə 35)
3. Hz Adəm (ə) dünyada bir yerdə - bir bağçada idi. Biz həmçinin öyrəndik ki, Quranda Cənnət, ancaq axirətdəki Cənnət mənasında deyil. Bir çox yerlərdə elə bağ və bağça mənasındadır.(Səba 15-16, Kəhf 39)
4. Hz Adəm (ə) qissəsində qadağan olunmuş ağac, biz bildyimiz adi ağac deyildi, əksinə mənəvi bir ağac idi. Və həmin ayənin (Bəqərə 35) təfsirinə əsasən o ağacda məqsəd fikir və təsəvvür idi ki, onlar düşündülər ki “görəsən Allah burada bizdən daha üstün birini yaradıbmı?”
Həmin ağaca yaxınlaşmaqda məqsəd, o fikrə düşmək, o fikri təsəvvürünə gətirmək idi. (Daha ətraflı ayənin təfsirinə bax)
5.  Hz Adəm (ə) qissəsində yer alan  - Oradan enin – (Bəqərə 36)  ifadəsinə gəlincə; Qeyd etdik ki Quranda bu söz göydən yerə enmək üçün yox, bir yerdən başqa bir yerə keçid üçün işlənib. (Bəqərə 61, Hud 48)
6. Öyrəndik ki, zülm təkcə günakar şəxs  barədə işlənmir. Hətta yaxşı bir işi tərk edən şəxs haqqında da “o nəfsinə zülm etdi” ifadəsi Quranda işlənmişdir. (Ənbiya 87)
7. Hz Adəm (ə) barədə Taha 121-də keçən üsyan sözü – Allaha asi olmaq – mənasında deyil. Əhli sünnənin görkəmli təfsir alimi Fəxri Razi deyir: “Üsyan dedikdə müstəhəbb bir işin tərk olunması nəzərdə tutulur.” (Təfsire Fəxri Razi  - Taha 121 təfsirində)
8.Taha 121-də qeyd olunan  فَغَوَىٰ  kəlməsi yolunu azmaq demək deyil, “inkişaf etmədi” deməkdir. Yəni yaxşı bir işi tərk etdi. Zəllə etdi. Zəllə və tərki ovla hər ikisi də eyni mənanı ifadə edir. (Daha ətraflı bax:  (Əbul- Bərəkat Nəsəfi Mədarikut- Tənzil və Həqaiqut- Təvil cild 4, səhifə 365) 
9. “Ayıb yerləri göründü” ayəsində məqsəd əhli sünnənin mötəbər təfsir alimlərindən biri olan Fəxrəddin Razinin dediyi kimi “təqva libası idi, ki fəzilətli bir işi tərk etməklə belə o libas onlardan alındı. (Fəxrəddin Razi – Məfatihul-Ğeyb c 14, s 223.) Və Cənnət yarpaqları ilə bədənlərini örtdülər ifadəsinin də təfsiri – “tövbə ilə o eyibin üstün örtdülər” deməkdir.
10. Tövbə məsələsinə gəlincə; Tövbə günahkarlara xas bir əməl deyil. Tövbəni Allahın əvliyaları da edir. Ümumiyyətlə insan hər halda tövbə edən halda olmalıdır.

Araşdırdı: Mahir Şəkərov – İlahiyyatçı yazar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)