“Peyğəmbər (s) adi bəşərdir” deyənlərə Qurandan suallar və cavablar
Tarix boyu həmişə peyğəmbərləri, dini
rəhbərləri gözdən salmağa cəhd ediblər. Nəticədə həmişə özləri xar olub və
alçalıblar. Tarixin qara səhifələrinə gömülən İslam düşmənlərindən ibrət
almayan ardıcıllarını da eyni aqibət gözləyir. Peyğəmbərə (s) adi bəşər
deyənlərin əsl məkirli niyyətləri əslində o Həzrəti (s) adi şəxs kimi qələmə
verib, daha sonra ona istədikləri əməl və sözləri asanlıqla nisbət verməkdir.
Necə ki, bu iddianı edənlərin alim kimi qələmə verdikləri din düşməni
Əbdülvəhhab deyirdi: “Mənim əsam peyğəmbərdən (s) daha xeyirlidir. Çünki ona
söykənir və onunla ilan öldürürəm. Amma Muhəmməd (s) artıq ölüb heç kimə
faydası yoxdur.” (Sələfiyyətul-Vəhhabiyyə səh 42)
Allah Rəsulu (s) haqda bu cür ədəbsizcəsinə
danışanlara və bu fikri dəstəkləyənlərə nə cavab verəsən?!
İslam peyğəmbəri (s) haqda danışarkən “o da
bir bəşərdir”, “o da adi insandır” deyənlərə və onların timsalında bütün bu
əqidə və fikir daşıyıcılarına bir neçə sual ünvanlamaq istəyirdik. Buyursunlar
elmi şəkildə, dəlillərlə cavab cavab versinlər.
Sual 1: Kim iddia edir ki, peyğəmbər (s)
bəşər deyil? Bu iddia harada və hansı alim tərəfindən qeyd edilib ki siz bu cür
təşvişə düşübsünüz?
Sual 2: Peyğəmbərin (s) bəşər olması yox onun
bəşər olmaması qeyri adi olmalıydı. Qurandan dəlil gətirən sizlər, Quranın bu
barədə buyuruğunu görməmisiniz? (Bax: Ənam 9, İsra 95, Furqan 20 və s)
Sual 3: Kəhf sürəsinin 110 –cu ayəsinin niyə
ancaq birinci tərəfini keşmiş rəhbərləriniz kimi nizəyə taxıb bayraq edirsiniz?
Nə üçün “Mən də sizin kimi bir bəşərəm” ifadəsindən sonrakı mətləbi demirsiniz?
Çünki yaxşı bilirsiniz ki ayəni tam şəkildə desəniz etdiyiniz iddia batil və
puç olacaq. Elə deyilmi?!
Kəhf 110: “De mən də sizin kimi yalnız bir
bəşərəm. (lakin) mənə vəhy olunur...”
Gördüyünüz kimi peyğəmbərə (s) Quran buyuran
kimi bəşərdə olsa ona vəhy olunur. Adi bəşərə də peyğəmbər (s) kimi vəhy
olunurmu?
Sual 4: Quran peyğəmbərin (s) gözlərinə
zəmanət verir. (Nəcm 17) Peyğəmbərdən (s) savayı hansı bəşərdə bu üstünlük var?
Sual 5: Quran peyğəmbərin (s) səadət yolunda
olmasına və haqq əqidədə olmasına zəmanət verir. (Nəcm 2) Peyğəmbərdən (s)
savayı hansı bəşərə bu zəmanət verilib?
Sual 6: Quran peyğəmbərin (s) sözlərinə
zəmanət verir. (Nəcm 3-4 ) Peyğəmbərdən (s) qeyri kimin sözünə Quran bu cür
zəmanət verib?
Sual 7: Hansı bəşərin Hz Cəbrayıl (ə) kimi
münisi yoldaşı, müəllimi olub? (Nəcm 5)
Sual 8: Hansı bəşər peyğəmbər (s) kimi Hz
Cəbraili (ə) öz sürətində görüb? (Nəcm 6)
Sual 9: Hansı bəşər Allah Rəsulunun (s)
ucaldığı ən üstün məqama ucaldı? (Nəcm 9)
Sual: Quran peyğəmbərin (s) qəlbinə zəmanət
verir. Peyğəmbərdən (s) savayı hansı bəşərə bu zəmanət verilib? (Nəcm 11)
Sual 10: Peyğəmbərdən savayı kimsə varmı ki,
Allah onun canına –ömrünə and içsin? (Hicr 72)
Sual 11: Peyğəmbərdən (s) savayı bir bəşər
varmı ki, Allah onun haqqında “ən üstün əxlaq sahibi sənsən” ifadəsini
işlətsin? (Qələm 4)
Sual 12: Elə bəşər varmı ki, Allah mələkləri
ona salam və salavat göndərsin? Allah və mələkləri peyğəmbərə (s) salam və
salavat göndərdiyi halda (Əhzab 56) sizə nə gəlib ki, onun adından sonra
salavat sözünü əks etdirən “S” hərfini belə yazmaqdan imtina edirsiniz?! Bu
ədəbsizlik niyə?
Sual 13: Məgər sizin də etiqad bəslədiyiniz
kitablarda yazılmayıb ki Xalid ibn Vəlid Yərmük müharibəsində dəbilqəsini
itirir. Əmr verir ki, tez dəbilqəni tapsınlar. Dəbilqəni gətirdikdə Xalid ibn
Vəlid deyir: Bu dəbilqədə Allah Rəsulunun (s) saçı var. Bu saçın vasitəsi ilə
elə bir döyüş olmayıb ki, qələbə çalmayım. (Hakim Mustədrək c 3, səh 299)
Əhli sünnə kitabları bu cür nümünələrlə dolu
olduğu halda hansı əqidədən çıxış edib bu cür iddia edirsiniz?
Quranın məntiqinə əsasən peyğəmbərə (s) adi
bəşər sözünü nisbət verənlərin əsl niyyətləri o həzrətin fəzilət və məqamını
qəbul etməmək üçün gətirdikləri cılız bir bəhanədir. Həmin ayələri sizlərə
təqdim edirik.
Hud sürəsi 27-ci ayə: “(Nuh) tayfasının kafir
əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk
baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.)
sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün
olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”
Muminun sürəsi 33-cü ayə: “Tayfasının kafir
olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın
hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada nemət verdiyimiz
əyan-əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir
insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola
bilər?)
İsra sürəsi 94 – cü ayə: “(Ya Rəsulum!) De:
“Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı
(yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk
peyğəmbər göndərərdik!”
Furqan sürəsi 7-ci ayə: “(Müşriklər) dedilər:
“Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü
ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər
olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?”
Zuxruf sürəsi 31-ci ayə: “Onlar dedilər:
“Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya
Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?”
İsra sürəsi 93-96-cı ayələr: “Və ya qızıldan
bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik).
Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla
inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah
gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!)
Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir
peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
(Qüreyş müşrikləri kimi) insanlara doğru yolu
göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız
onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” – demələridir. (Müşriklərin
fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
(Ya Rəsulum!) De: “Əgər yer üzündə (siz
insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi
mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər
göndərərdik!”
De: “Mənimlə sizin aranızda təkcə Allahın
(peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O,
bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların gizlində
və aşkarda nələr etdiyini) görəndir!”
İlahiyyatçı yazar / Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder