“Quran bizə kifayət edər” deyənlərin iradlarına daha bir cavab.
“Quran bizə kifayət edər” deyənlərin istinad etdikləri
dəlillərlə tanış olub cavablandıraq;
“Quran bizə kifayətdir” deyənlərin gətirdikləri dəlil: Ənkəbut 51 – “Onlara oxunan Kitabı sənə nazil
etməyimiz onlar üçün kifayət deyilmi?”
Cavab: Bu ayədəki “kifayət deyilmi” sözünə əsasən iddia
edirlər ki, Quran bu ümmətə təkbaşına kifayət edər. Bu ayənin nazil olma
səbəbin öyrənsək görərik ki, ayənin mövzumuzla heç bir əlaqəsi yoxdur.
Bu ayənin nazil olma səbəbi bundan ibarətdir ki,
müşriklər peyğəmbərdən (s) Qurandan qeyri bir möcüzə istəyirdilər. Quran da
onların cavabında buyurur ki, “məgər bu Quran möcüzə olaraq onlara bəs etmir?”
Yəni, əgər bu Qurana etirazı olan varsa Quran mislində, Quran kimi bir kitab
gətirsinlər. Məgər bu Quran ki, kafir və müşriklərə oxunur, onlar da onu
qulaqları ilə eşidir və hiss edirlər və yəqin bilirlər ki, bu insan sözü deyil
ilahi möcüzədir. Belə olan halda bu Quran möcüzə olaraq onlara bəs etmədi ki,
iman gətirsinlər? Quran onlara kifayət etmədi ki yeni möcüzə istəyirlər? Ayənin
nazil olma səbəbindən aydın olur ki, bu ayənin mövzumuzla əlaqəsi yoxdur.
“Quran bizə kifayətdir” deyənlərin gətirdikləri dəlil: İsra 89 – “Biz bu Quranda
insanlar üçün hər cür məsəli müfəssəl olaraq izah etdik. Lakin insanların
əksəriyyəti yalnız küfrü seçdi.”
Cavab: Bu ayənin zahiri tərcüməsində ümumiyyətlə “müfəssəl”
sözü yoxdur.O şəxslər ki, istəyirlər öz fikirlərini insanlara təlqin etsin,
hətta utanmadan Allahın adı ilə yalan sözlər yayırlar. Heç bir tərcümə
kitabında, bu ayənin tərcüməsində müfəssəl sözü yoxdur.
“Quran bizə kifayətdir” deyənlərin gətirdikləri dəlil:
Nəhl 89 - “O gün hər ümmətə
özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı
sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər,
mərhəmət və müjdə olaraq nazil etdik.”
Cavab: Bu ayədə buyrulan “hər şey” – “hər şey”də məqsəd
budur ki, İslamın kamilliyi üçün nə lazım idisə Allah sizə bu kitabda nazil
edib. Necə ki, başqa ayədə buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim,
sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib
seçdim.” (Maidə 3).
Necə ki, Quran buyurur dini sizə kamil etdim, Nəhl
89-da da buyurur ki, o kamillik üçün hər şey bu Quranda var. Yəni ümumi
hökmlərin məcmuəsi Quranda mövcuddur. Amma incəliklərini bizə kim deməlidir?
Quran bizi peyğəmbərin (s) yanıa göndərir və buyurur: "Peyğəmbər sizə nə verirsə,
onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.." ("Həşr" 7)
İndi peyğəmbərin (s) mübarək vücudu zahirən aramızda yoxdur, nə edək? Kimə müraciət edək? Quran
buyurur: Əgər bilmirsinizsə, Zikr əhlindən (öz əsrinizin din
mütəxəssislərindən) soruşun. (Nəhl 43)
Əgər bilmirsinizsə onda Quran buyuran kimi, təvazö
nümayiş etdirib soruşun.
“Quran bizə kifayətdir” deyənlərin gətirdikləri dəlil: Ənam 38 – “Biz Kitabda heç
bir şeyi nəzərdən qaçırtmadıq.”
Cavab: Diqqət etmək lazımdır ki, Quranda kitab sözü ancaq
Quran üçün istifadə olunmur. Qurana baxdıqda görürük ki, kitab sözü geniş
qavramı olan bir sözdür və yerinə görə, ayəyə görə mənası dəyişir. Quranda
təxminən 262 yerdə və müxtəlif mənalarda işlənib. Bəzən “əməl dəftəri”, bəzən “məktub”,
bəzən “lövhi məhfuz”, bəzən də “kitab” kimi Quranda qeyd olunur. Quranda hər
hansı bir ayədə kitab sözü ilə qarşılaşdıqda, həmin ayənin mövzusunu, təfsirini
bilmədən tez qərar verməyək ki, bu ayədə kitab sözündə məqsəd Qurandır.
Qeyd etdik ki, Quranda kitab sözü müxtəlif mənalarda
işlənmişdir. Bir nümunə qeyd edək; Hz Süleyman (ə) –ın qissəsindən xəbərdar
olanlar bilirlər ki, Hz Süleyman Bilqeysə məktub yazır. Məktub yazılıb hazır
olduqdan sonra Hz Süleyman buyurur ki, “Bu məktubumu apar.” Məktub sözü Quranda
“kitab” olaraq gəlmişdir ki, tərcümədə mövzuya uyğun olaraq məktub olaraq
tərcümə edilmişdir. (Daha ətraflı bax: Nəml sürəsi 28)
Gördüyünüz kimi Quranda kitab sözü yerinə görə, mənası
dəyişilə bilən bir sözdür. Ənam 38-də qeyd olunan “bu kitabda” məqsəd, “lövhi
məhfuz”dur, nəinki Quran. Allah buyurur: “Biz bu kitabda (lövhi məhfuzda) heç
bir şeyi nəzərdən qaçırtmadıq. (Ənam 38)
Nəticə budur ki; Quranda kitab sözü müxtəlif mənaları
əhatə edən bir sözdür. O ayələrdə ki, buyrulur: “Sizə bu kitabda hər şeyi izah
etdik” – Baxmaq lazımdır ki, o kitabda məqsəd nədir. Əgər məqsəd Quran olsa,
hər şeydə məqsəd bütün ilahi hökmlərin incəliyi deyil, ümumi hökmlərdir. Bu
dediklərimizin əksini kim iddia edirsə, onda zəhmət çəkib daha öncə qeyd etdiyimiz
kimi, bütün ilahi hökmlərin incəliyini bizə Qurandan bir-bir ayə ilə
göstərsinlər. Məsələn: Həccin bütün hökmlərini, namazın rükətlərini və s.
Quran o zaman bizə kifayət edər ki, biz ya Allahın yer
üzərində elçisi olaq, peyğəmbər olaq. Ya da elə bir həddə olaq ki, o ilahi elçi
–peyğəmbər (ə) olmayanda onu əvəz edə bilək. Onun kimi bir şəxs olaq. Digər heç
bir halda Quran bizə təkbaşına kifayət deyil.
Mövzumuzla bağlı bir hadisə də diqqət çəkəndir;
Bir gün İmam Şafei Məscidul-Həramda əyləşərək “mənə hər
nə sual versəniz, sizə Allahın kitabı –Quran ilə cavab verərəm” deyir. Bir
nəfər yerindən qalxaraq ona həcc ilə bağlı bir sual verir. İmam Şafei onun
cavabını Quran ilə deyil hədis ilə verdikdə həmin şəxs etiraz edərək deyir:
“Axı sən iddia etdin ki, bizə Quranla cavab verəcəksən?” İmam Şafei ona baxaraq
deyir: “Müsəlman! Bəs sən Quran oxumursan? Quran demir ki, Peyğəmbər sizə nə
versə onu götürün və nəyi qadağan etsə ondan uzaqlaşın?” deyərək Həşr sürəsinin
7-ci ayəsini ona xatırladır və həmin şəxsə başa salır ki, Quran peyğəmbərin (s)
hədisi olmadan, izah və təfsir olmadan təkbaşına bu ümmətə kifayət edən
deyildir.
Yorumlar
Yorum Gönder