“Quran müqəddəs deyil,” deyənlərə Qurandan müqəddəslik dəlili.
Müqəddəs Qurani-Kərim, quddus olan Allah tərəfindən
insanlığa göndərildi. Göndərildi ki, onlara hidayət yolunu göstərə və yollarını
aydınladan bir nur ola. Çox təəssüf bu ilahi nurun müqabilində gözlərini yuman,
“gözüm qapalıdırsa deməli günəş də yoxdur” deyən bir ümmət peyda oldu. Bəziləri
“Quran müqəddəs deyil, müqəddəs (Quddus) olan yalnız Allahdır” deyə batil
iddialar irəli sürürlər. Məsələni daha gözəl anlamaq üçün
ilk öncə bu sözün mənalarına nəzər salaq.
“Müqəddəs”
sözünün mənaları.
1.Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak.
2. Ehtiram və hörmətə layiq.
3. Çox hörmətli, çox qiymətli.
4. Bərəkətli, mübarək.
Bu qeyd etdiyimiz mənalar lüğət kitablarında ən məşhur
mənalardır ki, qeyd etdik. (Lisanul-ərəb - 6/168- 169).
Bu söz “müqəddəs,” “Quddus,” “quds,” “qudus,” kimi
müxtəlif formalarda işlənsə də məna etibari ilə yuxarıda qeyd etdiyimiz
mənaları ehtiva edir. Müqəddəs sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir.
Quranda müxtəlif qəliblərdə on yerdə gəlmişdir. Bunun üçü Hz Musa (ə) – a, üçü Hz İsa (ə) – a, dördü isə Hz peyğəmbərə
(s) nazil olan məsələlər (Hz Cəbrayıl (ə) və gətirdiyi vəhy) haqdadır.
Deməli, müqəddəs sözü işlənmə yerlərinə görə, mənası; “pak-pakizə,”
“eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və mübarək” mənalarına gəlir.
“Quran müqəddəs deyil” demək, o deməkdir ki; (Bu
sözlərə görə Allaha sığınıram)
1. “Quran pak və pakizə və eyib və nöqsanlardan uzaq
deyil.”
2. “Quran hörmətə layiq deyil.”
3. “Quranın heç bir dəyəri qiyməti yoxdur.”
Bu qeyd olunan mənalar Qurana müxalif olanların
fikirləridir ki, buna görə Allaha sığınırıq. Aydın olur ki, “Quran müqəddəs
deyil” deməklə əslində Allahın kitabına eyib və nöqsan nisbət vermək niyyətindədirlər.
Amma, Quran bu iddianı qəbul etmir və buyurur: “Barəsində heç bir şəkk-şübhə
olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir.” (Bəqərə 2)
Həmçinin buyrulur: “Həqiqətən bu zikri (Quranı) Biz
nazil etdik və şübhəsiz, onu Biz Özümüz qoruyarıq.” (Hicr 9)
İkinci bir məsələ; Necə ola bilər ki, Allah müqəddəs
olduğu (Həşr 23) halda, Allahın vəhyi (sözü) olan Quran müqəddəs olmasın?
Gəlin birgə “Quddus” (Qadəsə) sözünün və bu kökdən gələn sözlərin Quranda işlənmə
yerlərinə nəzər salaq.
1. Allah müqəddəsdir – Quddusdur. – eyib və
nöqsanlardan pakdır. (Həşr 23, Cümə 1)
2. Mələklərin Allahı müqəddəs hesab etməsi – ( Bəqərə
30.)
3. Hz Cəbrayılın (ə) müqəddəs adlandırılması – (Bəqərə
87, 253, Maidə 110, Nəhl 102)
4. Məkanın müqəddəs adlandırılması. (Taha 12, Naziat
16)
5. Torpağın, ərazinin müqəddəs adlandırılması (Maidə
21)
O şəxslər ki, iddia edərək deyirlər ki, “müqəddəs
yalnız Allahdır,” bəs onda bu ayələrə sözünüz nədir?
Buna cavab verilsin əgər hələ də bir deyəcək sözləri varsa...
Yuxarıda qeyd etdiyimiz beş qrup ayədən, Quranın müqəddəsliyinə ən
bariz dəlil 4-5-ci sırada olan ayələrdir. Diqqət edin! Allah Hz Musaya (ə) vəhy
nazil olan əraziləri müqəddəs adlandırır. Nə üçün? Çünki, orada ilahi vəhy
nazil olmuşdur. İlahi
vəhyin nazil olduğu bütün ərazilər müqəddəsdir. O məkan müqəddəsdirsə, o məkanı
müqəddəs edən ilahi kəlam, Quran müqəddəs olmazmı? Niyə düşünmürsünüz? Odur ki,
Quranın xüsusi ilə Maidə 21-ci ayəsi bu məsələlər üçün bir ülgü ola bilər. Bu
ayədən çıxış edib deyə bilərik ki, əziz peyğəmbərimizə (s) vəhy nazil olan Hira
mağarası da müqəddəsdir. Torpaq, daş müqəddəsdirsə o vəhyin nazil olduğu qəlb-ürək və vücud müqəddəs olmazmı?
İndi isə Quddus sözü ilə bağlı bəzi kəlmələrə də diqqət edək;
Təqdis: – Təmizləmə, paklama, müqəddəs qılma mənalarına gəlir. Bu söz təsəvvuf ədəbiyyatında, Allahı hər cür eyib və nöqsandan pak bilməyə də aid edilir. İbni Cərir Təbəri, Təfsiri Təbəridə bu sözlə bağlı buyurur: “Təqdis, elə həmin paklıq və Allahı əzəmətli bilməkdir.” (Təfsiri Təbəri – 1 / 475)
Beytul-Muqəddəs: - Qüds şəhərində yerləşən məscid, ora ibadət məqsədi
ilə gələn insanların günahlardan pak olmasına səbəb olduğu üçün “Beytul-Məqdis”
(pak ev) adlandırılmışdır.
Hədisi-Qudsi: - Mənası
Allah-təalaya, amma forması (söz quruluşu) Həzrət Muhəmməd peyğəmbərə (s) aid
olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki,
bunu Allah peyğəmbərə (s) məna şəklində vəhy edib, amma peyğəmbər (s) onu söz
qəlibinə salaraq insanlara çatdırıb.
Həzirətul-Quds: - İşlənmə yerinə görə bu mənaları verir. (Xüsusi məkan)
Behişt, Şəriət. Bəzi mənbələrdə, Peyğəmbər (s) və əvliyaların ruhlarının
toplandığı yer, kimi də qeyd olunur. Bəhailərin öz ibadət yerlərini də bu cür adlandırmaları,
deyilən fikirlər arasındadır.
Mahir Şəkərov / İlahiyyatçı araşdırmaçı.
Yorumlar
Yorum Gönder