"Fatiməsiz “Fatimə”"
Qeyd:
Bu yazı müəllifin öz düşüncələri əsasında qələmə alınmışdır. Bu mətni gələcəkdə
daha da təkmilləşdirəcəyik inşallah.
Mən
İsamı (s.ə) axtarıram. Məna həyat bəxş edən İsanı. Ölmüş qəlbimə məsh edən məsihimi
axtarıram. Xəyanətkar ümmət əlindən İsa (ə) kimi qeyb olan İsam hardadır? Bəlkə
bu sualı səma cisimlərinə verim? Bəlkə onlar mənə İsamdan (s.ə) bir xəbər verələr...
Bu ümidlə, hər
yerə öz nurunu ələyən günəşə üz tuturam və soruşuram.
-
Ey günəş!
Yer üzünə nur saçan, İsamı (s.ə) gördünmü?
-
Bəli, gördüm.
-
Mənə ondan danış. Onu vəsf et.
-
Onu son günlərində iki dəfə gördüm amma vəsfi
mənə anlaması eşidənlərə çətin olacaq.
-
Danış, ey Günəş danış. Onsuzda qəlblər onun
adını duyar-duymaz parçalanır, dağlanır.
-
Son günlərdə evindən çıxmırdı. Gözlərimi
sübhdən ta qürubacan onun qapısına zilləyirdim ki, onu görə biləm. Amma səs yox
idi o vəhy evindən. Daha kiçik körpələri nəvaziş edən, ana səsini duymurdum. Səma
cisimlərinin söhbətini eşitdim bir gün. Deyirdilər ki, o yaşanan hadisə o ailənin
sevincinə son qoydu.
-
Sən həmin günü mənə vəsf edə bilərsən?
-
Evə tərəf addımlayan nəfərləri gördüm. Nifrət
dolu baxışlarla baxırdılar o qapıya. Əllərini qapıya möhkəm çırparaq, o vəhy
evinin qarşısında səslərini peyğəmbər zamanında olduğu kimi yüksəltdilər. Cəbrayıl
(ə) və mələklər onlara səslənirdi: “Ey nadanlar! Bu evin qarşısında bu nə cürət,
bu nə cəsarət! Bu evə mən izinsiz daxil olmuram amma siz?...”
-
Onlar o səsi duymadılarmı?
-
Onlar ancaq şeytanın onlara pıçıldadıqlarını
duyub eşidirdilər.
-
Sonra tüstü duman bürüdü hər yeri, çox az
şey görə bidim. Orada nə oldu bilmədim, amma bir ana fəryadı, bəlkə də bətnindəki
körpənin son hıçqırığı ilə süküt çökdü o evə. Mən artıq qürub edirdim...
-
Sonra nə oldu?
-
Günlərlə onu görmədim. Səma cisimlərindən
onun xəstə olduğunu eşitdim. Bir gün o mübarək vəhy evinin qapısı açıldı və O,
çox yorğun və xəstə halda çölə çıxdı.
-
Məscidə tərəf getdi?
-
Xeyr. Atasının məzarına. Qürub zamanı olduğu
üçün onu tam eşidə, duya bilmirdim. Başını məzar üstə qoyub göz yaşı tökürdü. “Atacan!
Atacan! Bu ümmət bizə xəyanət etdi” deyirdi. Onu son gördüyüm yer o məzarın
başı oldu. Mən onu tərk etmək istəməsəm də dünya qanunlarına görə qürub etməli
idim. Kaş o gün daha uzun olaydı və hər şeyi sona qədər izlyə bilsəydim.
-
Onu daha görmədin?
-
Onu bir daha görmədim. Və bir gün sübh
açıldıqda bütün səma əhlinin matəmdə olduğunu gördüm...
-
Niyə ağlayırsan?
-
Necə ağlamayım ki, mələklər də ona göz yaşı
tökürdü...
-
Axı o gün o məzar üstə nələr oldu?
-
Sən onu səma çıraqlarından soruş. Mən qürub
edər-etməz səmanı bəzəyən onlardır.Biz öz aramızda onlara səma çıraqları
deyirik. Sizin ulduz dediyiniz səma cismi.
-
Sən özündə ulduz deyilsənmi?
-
Elədir. Amma qürub vaxtı vəzifəmə əməl edib
getməliyəm.
-
Gözlərimi səmaya dikib, ulduzların gəlişini
gözləyirdim... Budur artıq onların parıltısını görürəm və sualıma cavab tapmaq
üçün tez soruşuram.
-
Ey ulduz! O gün nələr oldu? Danış, xəbər
ver.
-
(Ulduz dedi:) Biz o gün səmada nur saçmağa
başlarkən onu bir məzar üstə gördük. Halsız və yorğun idi. Bilirdik onun başına
gələnləri. Nəsə pıçıldayırdı amma duya bilmirdik. Biz öz aramızda həmişə
danışanda deyirik ki, necə ki biz ulduzlar səmanı həm bəzəyir və həm də
insanlara yol göstərərək bir bələdçi funksiyasını yerinə yetiririk. O da elədir.
Səmadan o da yer üzərindəki bir nur parçası kimi görünür. Həm yer üzünə zinət,
bərəkət və həm də insanların hidayətinə çalışan bir varlıq. Biz o gecədən sonra
onu görmədik. Sən onu aydan soruş. O, ən qaranlıq gecələrdə belə parlaqdır və
yer üzünü bizdən daha yaxşı müşahidə edir.
Naçar qalıb, üzümü aya tutub səslənirəm. Ey
ay! Mənə ondan xəbər ver.
-
(Ay dedi:) Mən səmada öz yerimi tutduqda, o
artıq evə tərəf yollanırdı.Evə daxil oldu və birdə onu görmədim. Amma bir dəfə...
-
Yenə atasının məzarına yollandı?
-
Xeyr, bu dəfə özünü məzarlığa aparırdılar.
Yenilməz qəhrəman bu dəfə çox çarəsiz qalmışdı. Tənha idi. Bir cənazə ilə məşğul
idi. Soruşduqda öryəndim ki, Cənnət cavanlarının anası artıq dünya əhlinin
arasından qeybə çəkilmək üzrədir.
-
Danış, onu hara apardılar?
-
Mələklərin müşayiəti ilə onu dəfn üçün
apardılar.
-
Axı hara?
-
Bir neçə qazılmış qəbir gördüm. İzləyirdim
ki görəm bu işin sonu necə bitəcək.
-
Ey ay! Söylə o mübarək bədən hara dəfn
edildi?
-
Təəssüf bulud karvanı önümü kəsdi. Onlar
ötüb keçdikdən sonra artıq hər şey bitmişdi. Evə tərəf yollanan tənha bir aşiqi
görürdüm.
Səma cisimlərindən heç kim dadıma çatmadı.
Çox maraqlıdır, Günəş o qəbri isidir amma ondan xəbərsiz. Ulduz və ay o qəbrə
işıq saçır amma ondan xəbərsiz... Çox
maraqlı təzaddır. Onlar həm Fatiməli, və həm də Fatiməsiz idilər.Odur ki onlara
səslənib dedim, Ey Günəş! Ey ulduz! Ey Ay! Ey bu hadisəyə həm şahid və həm
susqun olanlar! Siz “Fatiməsiz “Fatimə”siz.”
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder