Günəş Hz Əliyə (ə) görə geri qayıdıb? – Araşdırma.

Bir çoxlarımızın dəfələrlə eşitdiyi “Günəş Hz Əliyə (ə) görə qayıtdı...” və ya “Hz Süleymana (ə) görə qayıtdı” və bu kimi məzmunda olan rəvayətlər görəsən nə qədər etibarlıdır? Günəş həqiqətən geri qayıdıbmı? Hz Süleyman (ə) bəhsində gördük ki, günəşin Hz Süleymana görə qayıtması iddiası Quran baxımından doğru deyil. Günəşin geri qayıtması məsələsini araşdırdıqda görürük ki, bu hadisə dəfələrlə, daha dəqiq desək 15 dəfə geri qayıdıb. Bunun biri Hz Süleymana aid olmaqla yerdə qalan digər 14-ü Hz Əliyə (ə) nisbət verilməkdədir. Bu rəvayətlərə nəzər saldıqda, həqiqətə və peyğəmbərin (s) şəninə uyğun olmayan məqamlarla rastlaşırıq. Odur ki, məsələ ilə bağlı bu iddianı edənlərə bir neçə sualımız var:
1.Bu hədislərin sənəd baxımından bəzi problemləri var. Buna diqqət edibsinizmi?
2.Deyirsiniz ki, peyğəmbərə (s) vəhy gəlirdi deyə başın Hz Əlinin (ə) dizi üzərinə qoydu. Məgər o gələn vəhy namazdan daha üstün idi? Məgər vəhy bu qədər uzunmüddətli oldu? Peyğəmbərin (s) 23 illik təbliği müddətində bu cür uzunmüddətli bir vəhy göstərə bilərsinizmi? (Zöhr namazından ta məğribəcən)
3.Peyğəmbərin (s) başının Hz Əlinin dizi üzərində olması namazdan daha üstündür?
4.Bilirik ki, hətta bir insan boğulan anda belə namaz vaxtı daxil olsa, namazı gərək olduğu şəraitə əsasən işarə ilə və ya bacardığı bir yolla qıla. Bəs peyğəmbər (s) və Hz Əli (ə) kimi şəxslər nə üçün namazı əldən verdi? Peyğəmbər (s) uzanan yerdə, və Hz Əli (ə) də oturan yerdə namazların qla bilməzdi? Əgər fərz etsək ki namaz qəza olub.
5.Bu cür əzəmətli bir hadisə niyə az bir mənbədə qeyd olunub? Gərək bu hadisə daha çox mənbədə, mütəvatir şəkildə gələydi. Amma biz bunun əksini görürük və bu məzmunda gələn rəvayətlərin bir çoxu bir-biri ilə təzad təşkil etdiy halda, hətta peyğəmbərin (s) də məsumluğunu sual altına aparır.
6.Məgər Hz Əli (ə) peyğəmbərin (s) imaməti ilə camaat namazında iştirak etməmişdi ki, onun namazı qəza oldu?
7.Əgər peyğəmbər (s) yatmışdısa və namaz qəzaya getmişdisə bəs nə üçün, günəş ancaq hz Əliyə (ə) görə qayıdır? Amma rəvayətlərdə peyğəmbərdən (s) heç söz açılmır və nə namazın qəza olması və nə də əda olması qeyd olunmur.
8.Əgər günəş qayıdıbsa, o zamanın camaatı, tarixçiləri, müfəssirləri niyə bunu öz kitablarında qeyd etməyiblər? Belə bir mühüm hadisə niyə tarixə düşməyib? Və tarixə düşən hədisin mətnləri niyə hər biri fərqli cür gəlib? Axı bu cür rəvayətlər hədis elmi baxımından məsələni sual altına aparır.
9.Məgər günəşin qayıtması ilə, zaman da geri qayıdır?
10.Əgər günəş geri qayıdıbsa, onda həmin günün, sübh, günorta və əsr namazları da yenidən vacib olur. Çünki, yeni zaman məfhumu artıq meydana gəlir. Artıq yeni zaman yaranır və həmin 3 namazın üçü də yenidən qılınmalıdır. Hər üç namazı yenidən qıldılar?
11.Günəş qayıtsaydı mütləq qalaktikada nizam-intizam pozulardı.  
12.Necə olur ki, peyğəmbər (s) kimi şəxs namaz vaxtı yatır, özü də Hz Əli (ə) kimi şəxsin dizi üstə və hər ikisinin də namazı qəza olur? Necə olur bu? Bəs məsumluq iddiası harda qaldı?
13.Quranın Nur sürəsinin 37-ci ayəsinə də cavab verin. Qurana əsasən möminləri heç bir şey Allahın zikrindən, namazdan, zəkatdan yayındıra bilməz. Hz Əli (ə) və peyğəmbər (s) mömin deyildi?
14. Rəvayətdə deyilir ki, Hz Əli (ə) zöhr namazından sonra camaatla o qədər söhbət etdi ki, ta namaz qəza oldu. Necə oldu ki, o qədər camaatdan bir nəfər də xatırlamadı ki namaz qəzaya gedir? Namaz əhəmiyyətlidir ya söhbət? Əgər hamının namazı rəvayətə əsasən qəza idisə, niyə günəş ancaq Hz Əliyə (ə) görə qayıdır?
15.Bir rəvayətdə deyilir ki, bu hadisə peyğəmbər (s) zöhr namazını qılandan sonra baş verdi. Onda peyğəmbərin (s) də namazı qəzaya gedib?
16. “Hz Əli (ə) namazı oturan halda qılıb deyə günəş qayıtdı” deyənlər hz Əli niyə oturan halda namaz qıldı? Əgər xəstə və üzrlü hal idisə məgər namazı ikinci dəfə yenidən qılmağa ehtiyac var? Axı namaz şəriətə əsasən doğrudur. Belə bir işə görə günəşi qaytarmaq axı əbəs bir işdir.
17. Hz Əlinin (ə) namazı döyüş meydanlarında olduğu üçün qəza oldu deyənlər axı biz tarixdə bu iddiaların əksini görürük. Görürük ki, Hz Əli (ə) döyüş zamanı belə fikri namazda olur. Məsələn bir nümunə: “Siffeyn müharibəsində İmam Əli (ə) döyüşərkən tez-tez göyə baxırdı. İbn Abbas soruşdu: Ya Əmirəl-möminin nə üçün tez-tez göyə baxırsan? Hz Əli (ə) buyurdu: Baxıram ki, namazın vaxtı daxil olan kimi namaz qılım. İbn Abbas dedi: Ya Əmirəl-möminin müharibənin bu vəziyyətində sən namaz qılmaq istəyirsan?
Hz Əli (ə) buyurdu: İbn Abbas, mən məhz namazın diri qalması üçün vuruşuram.”


Maraqlıdır ki, bu hədisləri Hz Əlinin fəziləti kimi qələmə vermək istəyirlər və hətta bunu möcüzə kimi də qələmə verənlər var. Bəziləri deyir ki, bu iş Allah üçün çox sadədir. Bəli, Allah hər şeyə qadirdir. Bu aydın məsələdir. Amma bunun adını möcüzə qoymaq sadəlövhlük olardı. Çünki, möcüzə peyğəmbərlik iddiasının müqabilində və kafir dəstənin iddiasının batilliyini göstərmək üçün peyğəmbərlərin (ə) nümayiş etdiyi bir əməldir ki, Qiyamətə qədər təkrarlanmaz. Bu işə qarşı tərəf ən yaxşı halda kəramət deyə bilər. Amma biz bu işin nə möcüzə və nə də kəramət olmaması qənaətindəyik.Fikrimizlə razılaşmayanlar yuxarıda qeyd etdiyimiz suallara cavab verib, iddialarını isbat etsinlər.
Mahir Şəkərov – İlahiyyatçı yazar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)