Nuh (ə) məsumdur

İnsanlığın ikinci atası olaraq tanınan Hz Nuh (ə)- ın adı Quranda 43 dəfə keçməkdədir. Uzunömürlülyünə görə Hz Nuha (ə) Ənbiyaların şeyxi – qocası – da deyirlər. Tarixi mənbələrdə əsl adının Əbdul-Ğəffar, Əbdul-Əli, Əbdul-Məlik olmasına rast gəlinir. Onun qövmü ilə olan dastanı bir neçə sürədə (Əraf, Muminun, Nuh, Hud, Şuəra, Qəmər) təfsilatı ilə gəlmişdir. Hz Nuhun qəbri Nəcəfdə (İraqda) Hz Əlinin (ə) zərihinin daxilindədir. Paltarı yundan, yeməyi isə göy-göyərtidən olan bu peyğəmbərin (ə) 460 yaşına qədər övladı olmadığı da tarixi mənbələrdə əksini tapıb. Hz Nuh (ə) ilk peyğəmbərdir ki insanlara buyurdu: “Ən mühüm işlərinizi “Bismillah” ilə başlayın.”
Hz Nuh (ə) –ın yaşı da mənbələrə görə 1000, 1450, 1470, 2300, 2500, 2800 olaraq dəyişir.Fərqli rəqəmlər tarixi məbələrdə ixtilafa səbəb olmuşdur. Belə ki, Hz Nuh (ə) 950 il ya 950 ay yaşaması da sözügedən ixtilafın bir parçasıdır.

Hz Nuh (ə) ma tutulan iradların cavablarına keçməmişdən öncə, bunu deməliyik ki, bütün peyğəmbərlər kimi Hz Nuh (ə) da günah və xətalardan pak və uzaqdır.
Bildiyiniz kimi Hz Nuh (ə) da Allah tərəfindən insanlara göndərilmiş ilahi peyğəmbərlərdən biridir. Hz Nuh (ə) öz zamanında insanları illərlə dinə dəvət etsə də çox az sayda insan bu dəvəti qəbul edir. Hətta öz ailəsindən olan oğlu və xanımı da ona iman gətirmir. Allah Hz Nuha vəhy edirək qövmünün halından onu xəbərdar edir: “Və Nuha vəhy olundu ki: “Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.” (Hud 36).  Allah Hz Nuhdan bir gəmi hazırlanmasını istəyir. (Hud 37)
Hz Nuh (ə) ilahi göstərişlə gəmi hazırlayır. Ona iman gətirən hər kəs gəmiyə minir və artıq Allahın vədə verdiyi zaman da yaxınlaşır. Hz Nuh (ə) oğlunun gəmiyə minmədiyini görüb narahat olur və deyir:  
Hud 45: “Nuh Rəbbinə səsləndi və dedi: Ey Rəbbim! Həqiqətən oğlum mənim ailəmdəndir. Şübhəsiz sənin vədin haqdır. Və sən hakimlərin hakimisən.”
Hud 46: “Allah buyurdu: Ey Nuh, o sənin ailəndən deyildir. Çünki o, (onun etdiyi) pis işdir. Buna görə də məndən bilmədiyin şeyi istəmə. mən sənə nadanlardan olmayasan deyə sənə öyüd verirəm.”
Hud 47: “(Nuh) dedi: Ey Rəbbim! Mən bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olaram.”
Bəzi zahirpərəstlər bu ayələrə əsasən qeyd edirlər ki, Hz Nuh (ə) səhvə və xətaya yol verib. Gəlin məsələni Quran, hədis və təfsir işığında aydınlaşdıraq.
Nuh (ə) illərlə insanları dinə dəvət etsə də onların hidayətə meyilli olmadığını görür. Odur ki dua edir. Quran belə buyurur:
Nuh sürəsi 26: “Nuh dedi: Ey Rəbbim! Yer üzərində kafirlərdən bir nəfəri də buraxma.”
Nuh 27: “Şübhəsiz sən onları buraxsan sənin qullarını azdıracaq, ancaq günahkar kafir (uşaqlar) törədəcəklər.”
Əhli sünnənin təfsir alimi Zəməxşəri bu ayə ilə bağlı buyurur: “Hz Nuh 950 il öz qövmünün arasında yaşadı. Onların əməl və davranışlarından onların küfrdən əl çəkməyəcəklərinə qəti şəkildə əmin oldu. İş o yerə çatdı ki, kafirlər öz uşaqlarının əllərində tutaraq Nuh (ə) yanına gətirib və deyirdilər: “Bu şəxsə iman gətiməyin.” Allah da Hz Nuha (ə) ona iman gətirənlərdən savayı heç kimin ona iman gətiməyəcəyini vəhy edir. (Zəməxşəri – Əl-Kəşşaf təfsiri, Nuh 26-27 təfsirində)
Bu deyilən sözün isbatı həmçinin Hud 36-da ola bilər. “Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.” (Hud 36)
Bu məsələni yaxşı anlamaq üçün 6 əsas nöqtəyə diqqət etməliyik;
1. Niyə məsələyə ancaq belə yanaşırıq ki, Hz Nuh (ə) öz oğlu üçün nicat istədi? Nəticədə o bir insan idi ya yox? Peyğəmbərlərin (ə) vəzifəsi insanlığa nicat verməkdir.
2.  إِنِّي أَعِظُكَ أَنْ تَكُونَ مِنَ الْجَاهِلِين

“...Mən sənə cahillərdən olmayasan deyə sənə öyüd verirəm.” (Hud 46)
Bu ayə Hz Nuha buyrulmuş nəsihət xarakterli bir ayədir. Nəsihət xarakterli bir əmrin də tərki Qurana əsasən günah və xəta sayılmır.
3. Hz Nuh (ə) elə bilirdi ki, oğlu da ona iman gətirənlərdəndir. Allah da iman gətirənlərə vədə vermişdi. Nuh (ə) xanımının küfründən xəbərdar idi. Amma oğlunun zahirdə ona iman gətirib amma əslində münafiqlik etdiyindən xəbərsiz idi. Odur ki, zahirə əsasən Allahdan ona nicat istəyir.
4. Hz Nuhun oğlu zahirdə özünü müsəlman kimi göstərirdi. Açıq aşkar kafirlər kimi müxalifətçilik etmirdi. Yəni, zahirdə müsəlman idi. Bunu əhli sünnənin bir çox təfsirləri, həmçinin Təbəri – Məcməul-Bəyanda 7-ci cild, səh 44, də yazır “Hz Nuhun oğlu zahirdə iman gətirmişdi.”
Hz Nuh da onu gəminin yanında görür və buyurur:

يَا بُنَيَّ ارْكَب مَّعَنَا وَلاَ تَكُن مَّعَ الْكَافِرِين Hud 42:
 “Ey oğlum. Bizimlə birgə gəmiyə min və kafirlərdən olma.”

Hz Nuhun bu müraciəti bir möminə olan müraciətdir və kafirlə əlaqəsi yoxdur. O, özünü zahirdə müsəlman kimi aparır. Peyğəmbərlərin (ə) vəzifəsi də budur ki, zahirə görə davransınlar. Dəlil bu ayədir: “Onları (münafiqləri) gördükdə cüssələri səni heyrətləndirir və danışdıqları zaman sözlərinə qulaq asırsan.” (Munafiqun 4)
Hz Nuh (ə) da oğlunu müsəlman bilirdi. Odur ki, oğlu (onu iman gətirənlərdən bildiyi) üçün narahat olur, onu gəmiyə dəvət edir. Bu məqamda Allah Hz Nuha xəbərdarlıq edir ki; “Mən sənə cahillərdən olmayasan deyə sənə öyüd verirəm.” (Hud 46)
Hz Nuh (ə) Allahın bu xəbərdarlığı ilə anlayır ki, oğlu da həlak olacaq şəxslərin içərisindədir. Belə olduqda buyurur:
قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْم-  47Hud  
(Nuh) dedi: Ey Rəbbim! Mən bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olaram. (Hud 47)

مَا لَيْسَ لِي بِهِ عِلْمٌ - Bilmədiyim bir şeyi… (Hud 47)

Allah bir qism məsələləri öz peyğəmbərlərinə öyrədir və onları xəbərdar edir.Digər məsələlərdə isə ixtiyarı onların özlərinə buraxır. Yəni, onlar bir məsələni bilmək istəsələr, buna iradə etsələr bilə bilərlər. Əks halda o məsələdən xəbərsiz olacaqlar. Necə ki, Hz Nuh (ə) oğlunun həqiqətdə müsəlman və ya münafiq olmasından bixəbər idi. Bu ayədə də Hz Nuh (ə) “Bilmədiyim bir şeyi” deməkdə məqsədi övladının zahirdə müsəlman, amma əslində münafiq olmasıdır. O, bu sözü ilə Allaha buyurur: “İlahi! Onun batini küfründən xəbərdar deyildim, onun zahirdə müsəlman bilib, və müsəlmanlığına görə səndən istədim ki, ona nicat verəsən. Və ardınca buyurur:
وَإِلاَّ تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ Hud 47
“Əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olaram.”

5. Hz Nuh (ə) konkret olaraq oğlu üçün müraciət etməyib. Başqa sözlə onun müraciəti oğlunun zahirdə müsəlman olmasına görədir. Çünki, Allah iman gətirənlərin nicat tapmasına vədə vermişdi. (Hud 45) Allah Hz Nuha məsələnin əsil həqiqətini bəyan edərək buyurur: “Ey Nuh (ə) o sənin əhlindən – iman gətirənlərdən deyil. Çünki onun əməli pisdir. (Hud 46)

Hud 45: “Nuh Rəbbinə səsləndi və dedi: Ey Rəbbim! Həqiqətən oğlum mənim ailəmdəndir. Şübhəsiz sənin vədin haqdır. Və sən hakimlərin hakimisən.”

Ayədə olan bu hissəyə də diqqət edək; وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ
Sənin vədin haqdır. Yəni, sən ki söz vermişdin ki iman gətirənlər nicat tapar. Və oğlum da (onu zahirən müsəlman bilirdi) müsəlmandır.

وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ
Sən hakimlərin – “Hökm edənlərin ən yaxşısıan.” Hz Nuh bu sözü ilə buyurur: “İlahi Sən hakimlərin ən yaxşısısan. Sən zülm etməzsən,sənin etdiyin hər bir işdə səbəb var, hikmət var. Sən hikmətsiz, bihudə is görməzsən. Hər şeyi tam həqiqəti ilə sən bilirsən. Elə isə məni də oğlumun halından agah elə. Axı o müsəlmandır. Elə isə niyə həlak olacaq şəxslərin arasındadır? Niyə gəmiyə minənlərin arasında deyil?”  Hz Nuh (ə) artıq bu sözləri ilə oğluna nicat diləməyə hazırlaşırdı ki, Allah ona xüsusi inayət edərək məsələni – oğlunun münafiq olmasını - ona bildirir.
Hud 46: “Allah buyurdu: Ey Nuh o sənin ailəndən deyildir. Çünki o (onun etdiyi) pis işdir...”
6. Hz Nuh (ə) oğlunun zahirən müsəlman olmasından zərrə qədər xəbəri olsaydı o heç vaxt Allaha bu məsələ ilə bağlı müraciət etməzdi. Bunun ən sadə dəlili isə, xanımı üçün nicat istəməməsidir. Çünki, xanımının kafir olduğunu bilirdi. Digər tərəfdən, məgər Hz Nuh (ə) kafirlərin məhv olmasını özü Allahdan istəmədi? (Nuh 26)
Məgər Allah buyurmamışdı ki, tufan baş verdikdə zülm edənlər barədə mənə müraciət etmə? (Hud 37)
Quran ayələrinə nəzər saldıqda görürük ki, Hz Nuh oğlunun zahiri imanına görə Allaha müraciət etmək istəyir. Amma, Allah son anda öz peyğəmbərinə (ə) xüsusi inayət edir və beləliklə də kafirlər barədə müraciət həyata keçmir. Deməli Hz Nuh (ə) ümumiyyətlə Allaha oğlu üçün müraciət etməyib.

Hz Nuh qissəsindəki bu hissə ilə bağlı bir məsələni də qeyd edək; Bəziləri iddia edirlər ki, Hz Nuh (ə) oğlu üçün Allaha müraciəti onun öz hissləri ilə bağlı olub. Başqa sözlə, bu müraciəti o həzrətin atalıq duyğuları ilə bağlayırlar. Apardığımız araşdırmaya əsasən Hz Nuh qissəsində bu duyğu və hissdən söz belə gedə bilməz. Diqqət edin, Hz Nuhun müraciəti nəyə görə idi? Ancaq oğluna görə? Əgər məsələ belə olsaydı o zaman məsələyə bu aspektən yanaşa bilərdik. Lakin, biz bunun bu cür olmadığını, Hz Nuhun (ə) oğlunun iman əhli bilməsi və yalnız bu səbəbdən (öz əhlinə -iman gətirənlərə) nicat istəməsini və bunun da olduqca təbii hal olduğunu Qurana əsasən gördük.

Məsələyə başqa cür yanaşaq; Hz Nuh əgər ailəsi üçün nigaran oldusa və əvvəlcədən bilirdisə oğlu da kafirdir bəs Allaha dua edib buyurduqda “kafirlərin birin də yer üzündə saxlama” düşünmürdü ki oğlu da onların içindədir və həlak olacaq? Əgər bilirdisə oğlu kafirdir, Allah axı öncədən xəbərdarlıq etmişdi ki, zülm edənlər barədə mənə muraciət etmə. Niyə etdi?
Əgər Hz Nuh (ə) öz hisslərinə qapılıb oğlu üçün müraciət etdisə, bəs xanımı üçün niyə istəmədi? Məgər xanımı da onun ailəsi deyildi? Ona məhəbbəti yox idi? Onun övladlarının anası deyildi? O şəxslər ki iddia edir Hz Nuh (ə) bu işi öz hisslərinə qapılıb edib onda bu suallara cavab versinlər.

Hz Nuh (ə) mövzusunun nəticəsi.

Hz Nuh (ə) ilahi peyğəmbərlərdən biri idi. O gecə gündüz öz qövmünü hidayəti üçün çalışdı. Ancaq, çox az sayda insan ona iman gətirdi. Allah Nuh (ə) vəhy edərək daha heç bir kəsin ona iman gətirməyəcəyini bildirir. Hz Nuh ilahi göstərişlə və Allahın nəzarəti altında gəmi hazırlayır. Vəd verilən zaman yaxınlaşdıqda Hz Nuh (ə) tərəfdarlarını gəmiyə mindirir, amma oğlu gəmiyə minmir. Hz Nuh (ə) -ın oğlu özünü zahirdə müsəlman kimi göstərsə də əslində münafiq idi. Amma Hz Nuh (ə) bundan xəbərsiz idi. Odur ki, onu gəmidən kənarda gördükdə onu iman əhlindən biri bilib Allaha müraciət etmək istəyir. Amma Allah ona oğlunun əsil həqiqətdə iman əhli olmadığını bəyan etdikdən sonra o məsələdən hali olub müraciət etmir. Hz Nuhun, bu müraciət etmək istəyinin onun duyğuları üzündən olması iddiası da gördüyünüz kimi doğru deyildi. Hz Nuhun tövbəsi də digər peyğəmbərlər kimi günahına görə deyildir.
Allah buyurur: “Sənə cahillərdən olmamağı tövsiyə edirəm.” Bu ayə nəsihət xarakterli bir əmrdir. Bu cür əmrin tərki də Qurana əsasən günaha səbəb olmur.
Hz Nuh (ə) buyurur: “Bilmədiyim bir şeyi” - Mənası budur ki: oğlumun zahirdə müsəlman, batində kafir olmasından xəbərsizdim.
Hz Nuh (ə) buyurur: “Əgər mənə rəhm etməsən, məni bağışlamasan ziyana məruz qalanlardan olaram” deməsi də onun günahına görə yox, əksinə onun nə qədər əzəmətli, təvazökar olmasına bir dəlildir.

Hz Nuh (ə) kafirləri məsxərə edib?

Hz Nuh (ə) la bağlı növbəti bir şübhə budur ki;
 Şübhə: Elə ki, Hz Nuh (ə) gəmi hazırlığına başlayır, kafirlər Hz Nuhu məsxərə edir. Hz Nuh (ə) da onlara buyurur: “Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə məsxərə edəcəyik.”
“Məsxərə etmək mənfi bir iş olduğu halda Hz Nuh (ə) niyə deyir ki biz də sizi məsxərə edərik? Bu peyğəmbərə yaraşan işdirmi?”
Cavab: Əvvəla qeyd edək ki, bu qeyd olunan məsələ Hud sürəsi 37-38 –39 da qeyd olunur.
Gəlin ilk öncə bu istehza və məsxərənin nə olduğunu öyrənək daha sonra görək məsələ nə yerdədir.
İstehza və məsxərə hər iki söz də eyni mənaya gəlir və Quranda hər iki söz yerinə görə istifadə olunmuşdur. Quranda əsasən iki cür istifadə olunur:
1. Təhqir – hər hansı bir vasitə ilə olursa olsun – İstər işarə istərsə də əməl ilə.
2. Bəzi zamanlarda isə Quranda başqa məqsədlər üçün də istifadə olunub. Məsələn: “Öz ruhiyyəni qaldırmaq və düşmənin ruhiyyəsini aşağı salmaq,” “bir insanda olan əskikləri aradan qaldrmaq,” “bir şəxsi və ya cəmiyyəti ədəbləndirmək və tərbiyə etmək” üçün də istifadə olunur. Bəzi ayələrdə hətta bu məsxərə və istehza Allaha nisbət verilərək işlənib. Nümunə üçün bu ayələrə nəzər salaq.


فَیَسْخَرُونَ مِنْهُمْ سَخِرَ اللهُ مِنْهُمْ
“Onlara məsxərə edənləri Allah məsxərə edir.” (Tövbə 79)


اللهُ یَسْتَهْزِئُ بِهِمْ – Bəqərə 15
“Allah onları istehza edəcək - ələ salacaq.”


Ali –İmran 54 - وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ
“Və onlar hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır.”

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ - Nisa 142
“Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edir, halbuki Allah onları aldadır.”

Bu ayələrdə olan “Allah istehza edir,” “Allah məsxərə edir,” “Allah ələ salır” ifadələri Allahdan çox-çox uzaqdır. O kəslər ki deyir: “Biz Ancaq Quranla gedirik” buyursunlar bizə desinlər görək bu ayələrin mənaları nədir? Allah (bu sözlərə görə Allaha sığınırıq) kimisə ələ salır məsxərə edir? Hədis və təfsir olmadan bu ayələri izah etmək olmaz. Hədis buyurur: “Məsxərə etmək, ələ salmaq, aldatmaq və hiylə etmək kimi sifətlər Allahdan uzaqdır. Ayələrin mənası yalnız budur ki, Allah-təala onların yalan, hiylə məsxərə kimi əməllərinin cəzasını verəcək. Həqiqətən də Allah-təala zalımların dediklərindən çox uzaqdır.”
Bildiyiniz kimi Hz Nuh (ə) gəmi hazırlayarkən onu çox incidib ələ salırlar. Tarixi mənbələrdə yer alan həmin hissədən bir parçanı sizə təqdim edirik;
Nuh (ə) gəmini düzəldirdi. Ona iman gətirən şəxslər taxtalar gətirir, onların bəzisi taxtaları mıxlayır və bəzisi qırlayırdılar. Bütpərəstlər isə onları ələ salıb, deyirdilər:
-         Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər.
Onlardan biri dedi:
-         Nuh (ə) qocaldıqdan sonra ağlını itirmişdir.
Başqa birisi dilləndi:
- O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyif ki, dəlidir.
- O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.
Bütpərəst bir kişi qışqırdı:
-         Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bəziləri qışqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu:
-         Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.

Məsxərə edəcəyik sözünü burada iki cür anlaya bilərik. 1. Ey kafirlər sizlər tufan nəticəsində ilahi əzaba tuş gələcəksiniz. Necə ki, gəldilər və Hz Nuhun gəmisində olanlar da bunu müşahidə etdilər.
2. Bu hal Qurana əsasən Qiyamət gününə də şamil oluna bilər. Qiyamət günü Cənnət əhli Cəhənnəm əhlinə gülüb, onları məsxərə edəcəklər.
Mutaffifin 34 - فَالْيَوْمَ الَّذِينَ آمَنُواْ مِنَ الْكُفَّارِ يَضْحَكُونَ
“Bu gün isə iman gətirənlər kafirlərə gülərlər.”
Bu ayəyə əsasən deyə bilərik ki, məsxərə və istehza əsasən mömin və ehtiramı olan şəxslər barədə olduqda mənfi bir haldır. Lakin, bu din düşmənləri, kafir və müşriklər haqqında və Quran çərçivəsində olduqda bəyənilən bir işdir.
“Biz də sizi msəxərə edəcəyik” sözünü qısa olaraq belə də anlaya bilərik: “Etdiklərinizin cəzasını tezliklə çəkəcəksiniz.”
Deməli, bu irad deyil, əslində Hz Nuhun ilahi qaydalara necə dəqiq riayət etməsini göstərən aydın bir nümunədir.

Hz Nuh barədə daha önəmli bir mövzunun araşdırılması.

Hz Nuh 79 il yaşayıb?
Hz Nuh (ə) neçə il yaşayıb? Sözümüzə bu sualla başlamağımız heç də əbəs deyildir. Bu məsələnin mühümlüyünü nəzərə alıb, araşdırmaq qərarına gəldik.
Hz Nuh (ə) 950 il yaşadı ya 950 il təbliğ etdi?
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ 

“Həqiqətən Biz Nuhu öz tayfasına (peyğəmbər) olaraq göndərdik. Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı). Zalım olduqları halda tufan onları yaxaladı.” (Ənkəbut 14) 
Bu ayəyə diqqət etsək görərik ki, Quran demir ki, o ümumiyyətlə 950 il yaşadı. Buyurur: “Öz qövmünün arasında 950 il yaşadı.” Ayəni bir daha diqqətlə təhlil edək.
“Həqiqətən Biz Nuhu öz tayfasına peyğəmbər (ə) olaraq göndərdik.”  – Bu hissəyə diqqət edək. Hz Nuh (ə) ki, peyğəmbər olaraq o tayfaya göndərildi, bəs ondan öncə neçə yaşı vardı? Məlumdur ki,  Hz Nuh (ə) müəyyən yaşdan sonra peyğəmbərliyə seçilib. Dünyaya gələn kimi Allah onu təbliğ etmək üçün qövmünə göndərmədiyi məlum məsələdir.
Ayənin davamın oxuyaq: “Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı). Zalım olduqları halda tufan onları yaxaladı.” – Ayənin bu hissəsindən də görürük ki, Quran Hz Nuh (ə) ın peyğəmbər kimi qövmünə göndərildikdən ta tufana qədər öz qövmünün arasında olduğu zaman kəsiyini nəzərdə tutur. Onda növbəti sual yaranır. Hz Nuh (ə) tufandan sonra öz qövmünün arasında yaşamadı? Əlbəttə yaşadı. Elə buna görə də bəzi müfəssirlər bu məsələ haqda öz kitablarında yazırlar ki, “Hz Nuh (ə) tufandan sonra da öz qövmünün arasında 300 il yaşadı.”
 Bu ayə bizə göstərir ki, Hz Nuh (ə) konkret olaraq 950 il yaşamayıb əkisnə, 950 il onun sadəcə peyğəmbərlik müddətidir. Bu məsələ ilə bağlı Tövratın Təkvin babından dəlil gətirənlər  isə deyəsən unudurlar ki, əlimizdə olan Tövrat təhrif olunmuşdur. Tövratla bağlı Quranda verilən məlumatlardan savayı digər məlumatları dəlil olaraq gətirmək düzgün deyil. Çünki, o məlumatın təhrif olub-olmadığından xəbərsizik.
Siz soruşa bilərsiniz ki, niyə Allah bu məsələni konkret olaraq bəyan etmədi?
Cavabında deməliyik ki, Quranda olan bütün məsələlər bir hikmət üzündəndir. Hz Nuh (ə)  bağlı olan ayədə incə bir mətləb var.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ 
“Həqiqətən Biz Nuhu öz tayfasına (peyğəmbər) olaraq göndərdik. Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı). Zalım olduqları halda tufan onları yaxaladı.” (Ənkəbut 14)
Bu ayədə istifadə olunan  سَنَة   عَام sözləri bizim tərcümələrimizdə hər ikisi elə il olaraq tərcümə olunsa da, bu iki söz arasında məna baxımından fərqlər var.
سَنَة   - sözü Quranda əksər yerlərdə qıtlıq illəri, məhsuldarlığın, inşaf və tərəqqinin az olmasına işarədir.
عَام – isə məhsuldar bir ilə deyilir. Həmin ildə inşafın, tərəqqinin olmasına işarədir. Məsələn Yusif sürəsi 49-cu ayə.
ثُمَّ يَأْتِي مِن بَعْدِ ذَلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ
“Sonra onun ardınca insanların bol yağış görəcəyi bir il gələcək.”
Gördüyünüz kimi, bu ayədə Allah həmin il məhsuldar və faydalı il olacağı üçün Quran عَام sözün gətirib, سَنَة sözün yox.
Hz Nuh (ə) barədə olan ayəyə bir də diqqət edək.
فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ
“Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı).” (Ənkəbut 14)
Hz Nuh (ə) 950 il təbliğlə məşğul oldu, illərlə gecə-gündüz səy göstərdi. Düzdür az adam iman gətirdi, amma Allah nəzərində say mühum deyil, əsas iman edənlərin ixlaslı olmasıdır. Başqa sözlə kəmiyyət yox, keyfiyyət mühümdür. Odur ki, Allah bu illəri faydalı hesab edir.
Quranın Hz Nuh barədə bu cür buyurması təfsirlərə əsasən Hz Nuhun dəvətinin, təbliğinin uzun müddətli olmasına bir işarədir. Ayənin zahirindən də görmək olur ki, bu 950 il Hz Nuhun təbliğ müddətidir yaşı yox. Besətdən yəni peyğəmbərliyə seçilməsindən ta tufanın baş verməsinə qədər. Məlumdur ki, o, besətdən öncə və tufandan sonra da bir müddət yaşamışdır. Əhli sünnənin görkəmli təfsir alimlərinin bu məsələ ilə bağlı fikirlərini sizlərə təqdim edirik;
Fəxri Razi: “Hz Nuh yeganə peyğəmbərdir ki Allah onun risalət müddətini Quranda gətirib. Bunun mütləq bir hikmət və səbəbi var. Səbəbi də budur ki, Allah Rəsulu (s) təbliğ zamanı müşrik və kafirlərin İslamla müxalifətçiliyini görüb narahat olurdu, üzülürdü. Allah Hz Nuhun uzunmüddətli təbliğ dövrünü ona bildirməklə  peyğəmbərə (s) ürək-dirək verirdi. Mənəvi dəstək olurdu.” (Fəxri razi – Məfatihul Ğeyb, c 25, səh. 36, Beyrut)
Həmçinin Zəməxşəri də  buyurur: “Quranın Hz Nuh haqqındakı bu cür ifadəsi (mil ildən 50 il əskik) həqiqəti bəyan etmək üçündür. Bu cür ifadənin tərki, həqiqətin bəyanı üçün olmazdı. Sadə dillə desək, əgər deyilsəydi ki filankəs 1000 il yaşadı, mümkündür güman ediləydi ki təqribən filan müddət yaşayıb, həqiqətdə yox. Amma əgər deyilsə ki, bir ay əskik, və ya bir il əskik ordakı şübhə aradan qalxır və o miqdar dəqiq şəkildə aydınlaşır.” (Zəməxşəri –Əl Kəşşaf təfsiri c 3, səh 445, Beyrut)
Əhli sünnənin başqa bir tanınmış təfsir alimi Cəlaləddin Suyuti – Ədd-Durrul Mənsur kitabında yazır: “Bu ayənin zahirindən başa düşülür ki, Hz Nuhun peyğəmbərlik müddəti tufana qədər 950 il olmuşdur. Bundan sonra nə qədər yaşadığı məlum deyil. Bəzi rəvayətlərdə deyilir ki, Hz Nuhun ömrü 1050 il olmuşdur. 40 il besətdən –peyğəmbərlikdən öncə,  950 il peyğəmbərlikdən ta tufana qədər, və 60 il tufandan sonra ömür sürmüşdür.” (Cəlaləddin Suyuti – Əd-Durrul-Mənsur –Ənkəbut 14 təfsirində)
Hz Nuh (ə) 950 il yaşadı yoxsa 950 ay?
Bu mövzuda ixtilafa səbəb olan məsələlərdən biri də budur ki, bəziləri deyir ki Hz Nuh (ə) 950 il yaşamayıb, 950 ay yaşayıb. Qeyd etdik ki, 950 il Hz Nuhun yaşı yox, peyğəmbərliyindən ta tufana qədər təbliğ müddətidir.
Bu iddianı ednlərin fikrincə Hz Nuh zamanında insanlar bir ayı, bir il olaraq hesab edirlər. Bu baxımdan 950 il yox, 950 ay olur ki, bunu da ilə çevirdikdə 79 il olur. Və beləliklə də deyirlər: “Hz Nuh (ə) 79 il yaşayıb.” Həmçinin bunu arxeoliji qazıntılarla da əlaqələndirirlər. Amma bu qeyd olunan sözün nə elmi, nə tarixi, nə də əqli heç bir dəlili yoxdur. Hətta o şəxslərin hesablamalarnı doğru hesab etsək belə bu iddia yenə də özünü doğrultmur. Belə ki, Hz Nuh (ə) besətdən öncə və tufandan sonra da bir müddət öz qövmünün arasında yaşadığını nəzərə alsaq onda bu rəqəm təbii olaraq dəyişir.
Hz Nuhun bu qədər  uzunömürlü olması mümkündür?
Hz Nuhun bu qədər uzunömürlü olmasının qeyri mümkünlüyünü qeyd edənlər də var. Bu iddia özü də batildir. Çünki, bilirik ki, 4 peyğəmbər ikisi səmada (Hz İdris, Hz İsa), ikisi yerdə olmaqla (Hz Xızır, Hz İlyas) hələ də sağdır və yaşayır. Hz Nuhun yaşına irad tutanların bəs buna cavabları var?
Bu peyğəmbərlərin bu qədər uzunömürlü olması elə Allahın bir hikməti və biz insanlara göstərdiyi möcüzəsidir. Hz Nuhun özünə də  Şeyxul-Ənbiya yəni peyğəmbərlərin ən uzunömürlüsü, qocası, piri deyirlər. Çünki o dünyada yaşayıb və dünyasını dəyişən peyğəmbərlər arasında ən qocası və ən uzunömürlüsüdür.  Bəzi mənbələrdə, hətta bu uzunömürlülüyün onun bir möcüzəsi oldugunu da qeyd edənlər var. 
Həmçinin tibb alimləri də qeyd edirlər ki, bir insan təbii yeməklərdən istifdə edərək təbii şəraitdə yaşasa o da uzunömürlü ola bilər. Bunun həyatda nümunəsini də bəzən müşahidə edirik. Deməli 950 il Hz Nuhun yaşı yox, onun peyğəmbərlikdən ta tufana qədər olan təbliğ müddətidir. Hz Nuhun (ə) konkret olaraq nə qədər yaşaması isə dəqiq bilinmir. Odur ki, təfsir və tarixi mənbələrə əsasən 1000, 1450, 1470, 2300, 2500, 2800 və s olaraq qeyd olunur. Heç bir mənbədə deyilmir ki, 950 il və ya bəzilərinin dediyi kimi 950 ay və ya 79 il yaşayıb.

Araşdırdı: Mahir Şəkərov.





Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)