İbrahim (ə) məsumdur
Hz İbrahim ulu-əzm peyğəmbərlərindən olub, Quranda adı hörmətlə yad olunur. 69 dəfə müxtəlif formalarda o həzrətin adı qeyd olunmuş və adına bir mübarək sürə də var ki “İbrahim” adlanır. Hz İbrahim o məqamın sahibidir ki, ona Xəlilullah – Allahın dostu deyilir. Həmçinin “Tövhid bayraqdarı”, “Büt sındıran qəhrəman” adları da ona verilmiş ləqəblərdir. Hz İbrahim (ə) zamanında bütpərəstlik, ulduzpərəstlik geniş yayılmışdı. Onların çoxu Zöhrə ulduzuna, günəş və aya ibadət edirdilər. Dövrünün padşahı zalım Nəmrud idi.
Quranda adı keçən Azər, Hz İbrahimin atasıdır yoxsa?
Ənam sürəsi 74.
﴿ وَإِذْ قَالَ إِبْرَاهِيمُ لأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلاَلٍ مُّبِينٍ ﴾
“(Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) Azərə dedi:...”
Bəziləri Quranda adı keçən Azəri Hz İbrahimin atası olaraq qeyd etməyə çalışır. Amma tarixi vərəqləsələr görəcəklər ki, Azər Hz İbrahimin atası yox, əmisidir. Hz İbrahim ona ata deyə müraciət edirdi. Hz İbrahim Hz Nuhun nəvələrindəndir və nəsil şəcərəsi də bunu təsdiqləyir. Hz İbrahimin nəsil şəcərəsinə diqqət yetirsək görərik ki, atasının adı Azər deyil, Tarixdir.
Bunu bilməliyik ki, heç bir peyğəmbərin ata-anası kafir ola bilməz. Bu bir qaydadır. Quranda Azər haqqında ata deyilməsinin səbəbi onun məhz Hz İbrahimin atası olduğuna gör deyil, əmisi olmasına görə idi. Çünki, ərəb əmiyə də ata deyir. Ümumiyyətlə ata mənasına gələn “əb” sözü həmişə ata mənasında deyil.
Ata kimə deyilir? – Quran, hədis və lüğət.
Ərəb dilindən tərcümədə “Ata” mənasına gələn “əb” sözü (tək və cəm halda) müqəddəs kitabımız Qurani-Kərimdə 117 dəfə işlənmişdir. Ümumi mənası ata olan bu söz heç də həmişə ata olaraq istifadə olunmamışdır. Ümumiyyətlə ata sözü Quran və hədislərdə və həmçinin lüğət kitablarında müxtəlif mənaları əhatə edir.
Ata – İnsanı dünyaya gətirməsində səbəb və vasitə olan, onun islahı habelə tərbiyə işlərində öhdəçilik daşıyan şəxslərə deyilir.
Ərəblər əmiyə də ata deyirlər. (Bax: Məcməul-Bəhrəyn, “əb” maddəsi)
Rağib İsfəhani bu sözü daha geniş şəkildə isitifadə edərək deyir: “Bir işin meydana gəlməsində səbəb olan, birinin islah və tərbiyəsində rolu olan şəxslərə də ata deyilir.” Daha sonra məşhur lüğətin sahibi bu hədisə işarə edir. “Peyğəmbər (s) buyurdu: “Mən və Əli bu ümmətin atasıyıq.” (Mufrədat Ləfzul-Quranil-Kərim, əb sözünün izahı, səh. 17)
Bu hədisdə mənəvi məna ələ alınaraq, islah edicilik baxımından istifadə edilmişdir. Yəni peyğəmbər (s) mənəvi bir ata kimi ümmətin islahına gecə-gündüz çalışmışdır.
Hədis: Allah Rəsulu (s) buyurdu: “Mən və Əli bu ümmətin atasıyıq.” (Mənbələr: Şeyx İbrahim bin Qunduzi Hənəfi, Yənaibul-Məvəddət zəvil qurba c 4, səh. 369. “Biharul-ənvar”, 16-cı cild, səh.95, hədis 29; Uyunur-Əxbarur-Rza (ə), c 2, səh 86; İləluş-şərai c 1, səh. 128; )
Ərəb dilində "əb" və ya "umm" sözü nisbət ilə birgə deyiləndə o şəxsin nisbət verilmişin atası və ya anası olduğunu bildirmək üçündür. Məsələn: Əbu Muhəmməd yəni Muhəmmədin atası, Əbu Davud yəni Davudun atası. Ummul-Bənin yəni Bəninin anası, Ummul-Həna yəni Hənanın anası və s.
Yuxarıda dediyimiz kimi bu kəlimələr həmişə bu mənada istifadə olunmur. Beləki, “əb” və “umm” sözü "sahib, malik və hər hansı bir şeyin əsas və kökü" mənalarında da işlənir. Məsələn: Hz Əliyə (ə) Əbu Turab deyilir. Məlumdur ki onun Turab adlı övladı olmayıb ki, məhz buna görə ona bu ad verilsin. Ummul-qura (yerlərin əsas və kökü), Ummul-fəsad (fəsad mənbəyi) və sair; Məkkə şəhərinə Ummul-qura deyilir, aydındır ki, Məkkənin övladı olmayıb ki, Məkkəyə də Ummul-qura deyilsin. Fəsad bir işin məcrasından mənfi yönə yönəlməsidir. Belə bir işin övladı yoxdur ki ona fəsadın anası deyilə. Bu izahlar bunu açıqlayır ki, “əb” sözü ancaq ata mənasına gəlməz.
Ata sözü bəzi mədəniyyətlərdə yurd quran və ya rifah olmayan bir toplumda rifahı yaradan şəxsə də nisbət verilir.
İslam şəriətində həqiqi atadan əlavə, müəllim və qaynata da “ata” kimi təbir olunmuşdur. Həmçinin bu müqəddəs din, insana uşaqlıqda süd verən dayələrə, uşaqların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlərə, habelə ana hökmündə olan xalaya ana gözü ilə baxır və onlara ehtiram qoyulmasını tövsiyə edir. Peyğəmbər (s) buyurur:
"Ata üçdür:
1- İnsanın təvəllüdünə səbəb olan həqiqi ata;
2- Qızını insana ərə verən qayınata;
3- İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim.”
Valideynlər övladlarının sağlam şəkildə böyütməkdə zəhmət çəkir və bunu özlərinə bir borc bilirlər. Eləcə də müəllim və təlim tərbiyə ilə məşğul olan şəxslər də bu mövzuda cəmiyyətə sağlam ruhlu, sağlam düşüncəli insanlar bəxş etmək üçün səy edir. Odur ki, bu şəxslərə də “ata” deyilir. Çünki, gördükləri işlər cəhətindən bənzərliklər var. Hər ikisi də bu yolda can yandırır.
- Səni maddi həyata bağlayır. 2. Maddi həyatdan sənə növbəti yolu açır. 3.Sənə həqiqətin yollarını açır.
Qurani-Kərim bəzən əmiyə və bəzən babaya ata deyə müraciət edir. Hz Yaqub (ə) övladlarının dilindən gələn ayəyə baxaq;
Bəqərə 133: (“Siz ki, Yaqub öz övladlarına yəhudiliyi tövsiyə etdi” deyirsiniz,) məgər Yaqubun ölümü çatan zaman onun yanında şahid idiniz? (Halbuki Yaqub) öz oğlanlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” deyəndə, “sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona təslim olanlarıq” dedilər.” (Həmçinin bax: Yusuf 38)
Bu ayədə adı keçən Hz İsmail (ə) onların əcdadı yox, əmiləridir. Amma gördüyünüz kimi onlar ona da ata deyərək yad edirlər.
Digər bir ayə isə Zuxruf sürəsi 22-dir. Öncə ayəni oxuyaq;
Zuxruf 22: “Əksinə, onlar dedilər: “Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq.”
Bu ayədə qəsd olunan məna yalnız həqiqi ata deyil. Bura ataları, babaları və hətta onların bu yolda təliminə səbəb olan şəxslər də daxildir. Digər bir ayə ilə bu sözü isbat etmək olar.
Əhzab 33: “Və deyərlər: “Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi düz yoldan azdırdılar.”
İnsanın müəllimləri də, ona təlim verən, onu elm və agahlıq öyrədən şəxslərdə “ata” hesab olunur. Loğman sürəsində buyrulur: “...Mənə və ata-anana şükr et...”
Bu ayə barədə alimlər qeyd edir ki, burada iki atadan söz açılır. 1.İnsanı dünyaya gətirən ata. 2.İnsana elm öyrədən müəllim.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Hz İbrahim (ə) – mın atası ilə bağlı fikir yürüdənlərin bəziləri yuxarıda qeyd etdiklərimizi nəzərə almadan Hz İbrahimin əmisi Azəri, onun atası olaraq qeyd edirlər. Halbuki, Azər onun atası yox əmisidir. Hz İbrahimin atasının adı Tarix idi.
Nəticə.
Əb sözü Quran və hədislərdə, həmçinin ərəb lüğətində aşağıdakı mənalarda işlənir;
1.İnsanı dünyaya gətirməyə səbəb olan şəxs. (Quran və hədis)
2.Bir şeyi icad edən, meydana çıxaran şəxs.(Lüğət)
3.Valideynləri ölmüş kimsəni himayəsinə alan şəxs. (Lüğət)
4.İnsana elm öyrədən şəxs. (Müəllim) (Quran və hədis)
5.İnsanın həyat yoldaşının atası (Qaynata) (hədis)
6.İnsanın əmisinə, babasına da ərəblər ata deyə müraciət edirlər. (Quran və hədis)
7.Azərbaycanın bəzi bölgələrində "yaşlı və hörmətli kişiyə" xitab, müraciət formasıdır. (Lüğət)
Bir qaydanı xatırlayaq və sözümüzə başlayaq. Bu qaydanı Allah Rəsulu (s) özü bizə bəyan edir və bu qayda bütün məzhəblərin kitablarında yer almaqdadır.
Hədis: “Atam və anam heç vaxt zahiri və mənəvi çirikinliklərə bulaşmadılar.Allah məni pak ana və atalar vasitəsi ilə nəsillərdən nəsillərə ötürdü və beləliklə pak bir ata və bir pak ana vasitəsi ilə dünyaya gəldim.” (Səhihi Buxari c 4, səh. 166) Bu mənaya dəlalət edən digər hədislər üçün bax: Sünəni Beyhəqi, Dəlailun-Nubuvvə, c 1, səh. 174; Suyuti- Fəvaidul-Kaminə, səh. 61; Biharul-Ənvar c 15, 117-122.)
Bu qayda bütün peyğəmbərlər üçün keçərlidir.
Heç bir mötəbər tarixi mənbələrdə Hz İbrahimin (ə) atasının adının Azər olması qeyd olunmur. Əksinə, Tarix, Tarux olaraq gəlməsini daha çox müşahidə edirik. Hətta Tövratda da Hz İbrahimin atasının adı Tarix olaraq qeyd olunub. Azərin Hz İbrahimin əmisi və ya anasının atası olması da tarixi mənbələrdə qeyd olunmaqdadır. Bu mövzuda deyilən bəzi sözlər var ki, qəbul edilməzdir. Məsələn: Deyirlər ki; Tarix İbrahim (ə) –ın atasının adı idi, Azər də ləqəbi. Və yaxud deyirlər ki, Azər bir büt adı idi ki, İbrahim (ə) atası ona səcdə edirdi. Amma bu söz də etibarsızdır.
İkinci bir məsələ budur ki, Quran buyurur ki, kafir və müşrik barədə Allahdan bağışlanma diləsən belə qəbul deyil. Tövbə 80-ci ayədə də açıq şəkildə buyrulur: اسْتَغْفِرْ لَهُمْ أَوْ لا تَسْتَغْفِرْ لَهُمْ
“Onlar (münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə;
إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعينَ مَرَّةً -
onlar üçün yetmiş dəfə bağışlanma diləsən də
فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ - Allah onları əsla bağışlamayacaqdır.
Həmçinin Tövbə 113-də Allah buyurur: “Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz.” Bu ayə niyə nazil olub?
Cavab: “Bəzi müsəlmanlar peyğəmbərin (s) yanına gələrək deyirdilər ki, “Ey peyğəmbər (s) cahiliyyət zamanında müşrik olaraq ölən atalarımız üçün dua etməyəcəksiniz?” Bu halda bu ayə nazil olur və bildirir ki, Cəhənnəm əhli olması dəqiqləşən şəxslər barədə dua etmək peyğəmbər (s) və möminlərə yaraşmaz. Çünki, bu iş faydasız və bihudə işdir. Peyğəmbərə və iman gətirənlərə də bihudə iş görmək yaraşmaz. Bur ayədə diqqət olunası məqam budur ki, müşrik və kafirlərə bağışlanma diləməyin qadağanlığı, onların Cəhənnəmlik olması tam olaraq müəyyənləşdiyi zaman aktualdır. Mümkündür biri müşrik ola, amma nə qədər ki həyatdadır onun barədə dua etmək qadağan deyil. Çünki, hidayət olma ehtimalı vardır. Peyğəmbər (s) və möminlər də hər ehtimalı dəyərləndirib, hidayətə çalışırlar. Belə bir halda dua etməyin heç bir eybi yoxdur.
Bir məsələ budur ki, müsəlmanlar bu ayə nazil olduqda, Hz İbrahimin Azər üçün etdiyi dua yadlarına düşür və təkrar peyğəmbərdən (s) soruşurlar ki, “Əgər müşrik üçün dua etmək qadağandırsa bəs niyə Hz İbrahim (ə) bu işi görmüşdür?”
Allah bu sualın cavabını Tövbə 114-də bildirir. “İbrahimin əmisi Azər üçün bağışlanmaq istəməsi yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Atasının Allaha düşmən olması ona aydın olduqda ondan uzaqlaşdı...”
Hz İbrahimin əmisinə dua üçün söz verməsi. (Zuxruf 43)
Bu dua o zaman baş verir ki Azər dünyada idi və Hz İbrahim (ə) onun hidayətinə ümid edirdi. Amma Quran buyurur ki onun Allah düşməni olması aydın olduqda bu işi tərk etdi.
Bu hadisə Hz İbrahimin cavanlığında və Babildə olduğu zamanlarda baş verib. Hz İbrahim (ə) ömrünün sonlarında öz ata-anası üçün dua edərək bağışlanma diləyir.
رَبَّنَا اغْفِرْ لی وَ لِوالِدَیَّ وَ لِلْمُوْمِنینَ یَوْمَ یَقُومُ الْحِساب
İlahi! Hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla. (İbrahim 41)
Diqqət edin, Azərdən söhbət gedən ayələrdə (Ənam 74, Zuxruf 43, Tövbə 114) “əb” gəldiyi halda, Hz İbrahimin (ə) öz doğma ata-anasından söz getdiyi yerdə isə (İbrahim 41) “valid” sözü gəlmişdir. “Əb” sözü birbaşa ata-anaya dəlalət etmir, amma “valid” sözü birbaşa ata-anaya dəlalət edir. Bu cür gözəlliklə ayələrin düzülüşü bir daha isbat edir ki, Azər Hz İbrahimin (ə) atası yox, əmisi idi.
Quranın bu aydın dəlillərindən sonra bir neçə əhli sünnə alimlərinin də fikirlərinə nəzər salaq;
Təbəri: “Azər Hz İbrahimin (ə) atası deyildi.”(Camiul-Bəyan, c 7, səhifə 158)
Alusi: “Azərin Hz İbrahimin (ə) atası olmamasını təkcə şiə əqidəsi hesab edənlər çox güman ki az mütaliə edənlərdir. Halbuki, əksər alimlər deyirlər ki, Azər Hz İbrahimin (ə) əmisinin adı idi.” Təfsiri-Ruhul-Məani, c7, səh 169; )
Cəlaləddin Suyuti Malikul-Hunəfa kitabında Fəxri Razidən, həmçinin Əsrarut-Tənzildə nəql edir ki, peyğəmbərin (ə) əcdadı heç vaxt müşrik olmamışlar. Daha sonra yuxarıda qeyd etdiyimiz hədisə işarə edilir. Sonra Suyuti yazır: “Bu dediklərimizi iki dəlillə isbat edə bilərik.
- Peyğəmbərin əcdadları həmişə öz zəmanəsinin ən pak insanları olublar. Buna dəlil isə Səhihi Buxaridə və Sünəni Beyhəqidə yer alan mötəbər hədisdir. Hədis: “Atam və anam heç vaxt zahiri və mənəvi çirikinliklərə bulaşmadılar.Allah məni pak ana və atalar vasitəsi ilə nəsillərdən nəsillərə ötürdü və beləliklə pak bir ata və bir pak ana vasitəsi ilə dünyaya gəldim.” (Səhihi Buxari c 4, səh. 166) Bu mənaya dəlalət edən digər hədislər üçün bax: Sünəni Beyhəqi, Dəlailun-Nubuvvə, c 1, səh. 174; Suyuti- Fəvaidul-Kaminə, səh. 61; Biharul-Ənvar c 15, 117-122.)
2.Yenə başqa bir hədisdə rəvayət olunur ki, hər əsrdə, hər zamanda Allaha ibadət edən insanlar mövcud olmuşdur.Bu rəvayətlər isbat edir ki peyğəmbərin (s) əcdadı o cümlədən Hz İbrahimin atası Allaha inanan şəxslər olublar.( Malikul-Hunəfa səh. 17; Daha ətraflı Cəlaləddin Suyutinin Fəvaidul-Kaminə kitabına müraciət edin)
Hz İbrahim (ə) ulduza, günəşə və aya “bu mənim Rəbbimdir” deməsi necə izah oluna bilər?

Ənam 75:
﴿ وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ ﴾
“Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.”
“Mələkut” kəlməsi “milk” sözündən alınmışdır və ondakı «vav» və «ta» hərfləri də təkid və mübaliğə üçün artırılmışdır. «Asimanların mələkutu» dedikdə onların həqiqi və mütləq malikiyyəti nəzərdə tutulur.
Bu ayə barədə hədis buyurur ki: “Allah-təala İbrahimin gözlərinə elə bir nur və qüdrət bağışladı ki, asimanların və yerin ənginliklərini müşahidə etdi” (“Nurus-səqəleyn” təfsiri).
Bu yəqinin ən üstün ali dərəcələrindəndir Allah Hz İbrahimə bəxş edir. Sonra ayə davam edir.
Ənam 76:
﴿ فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الآفِلِينَ ﴾
“Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: “Bu mənim Rəbbimdir.” Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: “Mən batanları sevmirəm.”
Ayə “fə” ilə ilə başlayır. Ayənin “fə” hərfi ilə başlaması, ərəb qrammatikasına görə nəticə bildirir. Yəni Hz İbrahim o ilahi yəqinə, ən ali dərəcəsinə artıq yetişib. Və daha sonra bu hadisələr cərəyan edir. Madam bir peyğəmbər Quran özü şahidlik edir ki, yəqinin, imanın ən ali dərəcəsinə çatıb. Kim iddia edə bilər ki, o, peyğəmbər nəuzu billah xəta etdi, yaxud günaha yol verdi. Ayənin fə ilə başlaması həm nəticə və həm də mövzunun davamını bildirir. Hz İbrahimin aya, günəşə “Bu mənim Rəbbimdir” deməsi əgər biri bunu Hz İbrahimin (ə) əqidəsi hesab etsə bu şirk olar. Əgər desə ki, Hz İbrahimin (ə) o zamanacan əqidəsi yox idi buda yalan olar. Quran Hz İbrahimi elə bir əzəmətlə yad edir ki, Hz peyğəmbəri (s) çıxmaq şərti ilə digər heç bir peyğəmbər (s) barədə bu cür danışmır.
Hz İbrahim öz zamanında aya, ulduza və günəşə səcdə edənlərlə qarşı-qarşıya idi. Hz İbrahim (ə)-ın səma cisimlərinə “Rəbbim” deməsi müxtəlif cür izah oluna bilər. Qurana uyğun ən gözəl izah budur ki, Hz İbrahim Allahı insanlara tanıtdırmaq məqsədi ilə bir neçə fərziyyə irəli sürür. Bəzi kitablarda “həzə Rabbi” sözü barədə yalnış məlumatlar verilir. Məsələn deyilir ki, bu cümlə sual cümləsidir. Onda sual yaranır ki, məgər Hz İbrahim (ə) bilmirdi ki ulduz, günəş və ya ay onun Rəbbidir ya yox? Bu çox səhv bir sözdür və peyğəmbəri ittihamdır. Bəziləri bunun xəbər cümləsi olduğunu qeyd edir. Amma yenə də səhvdir. Onda belə çıxır ki, Hz İbrahim adı çəkilən səma cisimlərinin Rəbb olmasının xəbər cümləsi ilə təsdiqləyir?
Yaxşı bəs bu cümlə nə cümləsidir? Müfəssirlər qeyd edirlər ki bu mucaratdır. Başqa bir sözlə inşa cümləsidir. Yəni bir mövzunun isbatı üçün ilk öncə bir fərziyyə ortalığa atılır, və daha sonra o fərziyyə dəlillər əsasında isbat edilir. İnşa cümləsi yəni, “belə təsəvvür edək ki”, yəni “belə deyil, amma fərz edək ki” belədir. Hz İbrahim (ə) belə danışırdı onlarla. Fərz edək ki, siz doğru deyirsiniz ulduz günəş və ay Rəbbdir. Amma daha sonra onların Allah olmamasını dəlillə isbat edir. Necəki, ulduz barədə deyir: “Mən batanları sevmirəm.”
Ayı və günəşi gördükdə də eyni üsuldan istifadə edir.
Eləki, bu proses sona çatır Hz İbrahim sözünü aşikar şəkildə qeyd edir. Quran belə buyurur: “Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.” (Ənam 78)
Ənam 79: “Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm.”
Hz İbrahim ta əvvəldən şirkdən , bütpərəstlikdən uzaq olub. Ənam 74 də buna dəlildir ki onu qeyd etdik. Hz İbrahimin müşriklərlə söhbəti və “bu mənim Rəbbimdir” deməsi onun ürəyindəki əqidəsini bəyan etmir. Hz İbrahim əslində təbliğ üsülunda və haqqı isbat yolunda çox ali bir addım atmasını göstərir. Hz İbrahimin ulduza “bu mənim Rəbbimdir” deməsi müşriklərin əqidəsini rədd etmək üçün özünə zəmin hazırlamasıdır
Hz İbrahimin (ə) 3 yerdə yalan danışıb?
Biz öncəki bəhslərdə də öyrəndik ki, peyğəmbərlər heç bir halda yalan danışmazlar.Yalan haram və günah bir əməldir və heç bir peyğəmbər (ə) bu işi görməz. Hz İbrahimlə bağlı qeyd olunan 3 yalan məsələsinə qısaca aydınlıq gətirək;
1.Birinci məsələ budur ki, bütpərəstlər öz bayramlarını qeyd etmək üçün, bəzi tarixlərə görə bahar bayramını qeyd etmək üçün şəhərdən kənara bir yerə toplanıb baram edir daha sonra geri qayıdırdılar.Amma Hz İbrahim (ə) bu mərasimə getmək fikrində olmur. Ondan səbəbin soruşanlara da “mən xəstəyəm” deyir. Bəziləri bu sözə əsasən deyir ki, Hz İbrahim yalan danışdı. Deyirlər ki, “axı xəstə olmadığı halda niyə belə dedi?”
Hz İbrahimin “mən xəstəyəm” sözünə irad tutanlara qısa suallar;
- Siz haradan bilirsiniz ki, hz İbrahim (ə) xəstə deyildi? Buna 100 % əminsiz? Vacibdir ki, xəstəlik o həddə ola ki, insan yorğan döşəyə düşə və ya taqətdən düşə? Mümkündür gəzir, yeyir içir amma xəstədir.
- Quranda istifadə olunan “səqim” kəlməsinin mənalarına diqqət edibsinizmi? Səqim yəni nə? “Səqim” kəlməsinin izahına baxsaz görəcəksiniz ki səqim budur ki, xəstəliyə işarə ya kinayə ilə ondan söz açmaq. Yaxud gələcəkdə olana və ya keçmişdə olan xəstəliyə, hətta süstlük, bədənin bəzən süstləşməsinə də aid oluna bilər. Bu qədər mənalara durduğu halda niyə siz ancaq işinizə yarıyan mənadan yapışırısınız?
(İbrahim) ulduzlara bir nəzər saldı.
Və (ətrafındakıları özündən uzaqlaşdırmaq məqsədilə) dedi: “Mən xəstəyəm!” Saffat 88-89
Biri, bir sözü qeyd edir əqidəsi də var və o söz həqiqətdə də elə o cürdür. – Bu ən doğru, səhih sözdür.
Biri bir söz deyir, həqiqətdə də o cürdür amma o sözə əqidəsi yoxdur. – Bu yalandır. Münafiqlər kimi. Quran buyurur: “Münafiqlər sənin yanına gəldikdə deyərlər: Şəhadət veririk ki, həqiqətən sən Allahın Rəsulusan. Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şahiddir ki, həqiqətən münafiqlər yalançıdırlar.” (Münafiqun 1)
Və ya biri bir söz deyir, o dediyi sözü özü də qəlbən qəbul edir. Amma sözü elə deyir ki, mümkündür biri həqiqəti anlaya, ya da mümkündür həqiqətdən qeyri bir şey anlaya. – Bu da tövriyyədir- . Bu söz zahirən yalana bənzəsə də həqiqəti var. Məsələn: Biri gəlib, birini öldürmək istəyir. Soruşur ki, filankəs burdadı? Deyirəm yox burda deyil. Amma, axtardığı adam fərz edək digər otaqdadır. Məqsədim budur ki, burda deyil yəni yanımda deyil, nəinki ümumiyyətlə burda yoxdur. Buna deyirlər tövriyyə. Yəni doğru ilə yalanın arası. Tövriyyə — terminalogiyada iki mənalı (həqiqi və qeyri- həqiqi) cümləyə deyilir. Belə ki, hər hansı bir sözü və ya cümləni özünün həqiqi mənasında deməsinə baxmayaraq, dinləyici tam başqa bir məna anlamış olsun. Tövriyyə özü-özlüyündə yalan deyildir. Lakin ondan əldə olunan təsəvvür yalana bənzəyir. Bu səbəbdən də düzünü demək istəmədiyimiz, eyni zamanda yalan danışmaq istəmədikdə də dediklərimizi “tövriyyə” şəklində bəyan edə bilərik.
Biz bir şəraitə, bir vəziyyətə düşdük ki, doğrunu deyə bilmirik, yalan da haramdır. Nə edək? Tövriyyə ən uyğun yoldur. Çünki, tövriyyədə doğruluq var. Məqsəd yalan deyil. Baxmayaraq ki camaat doğru anlamır. Bunun zərurət halında heç bir eyibi yoxdur. Hz İbrahim (ə) - ın dilindən Ənbiya sürəsində aydın şəkildə bütlər barədə həyata keçirəcəyi işləri qeyd edir, aydın şəkildə bütpərəstliklə mübarizəsin qeyd edir. Sadəcə bəlli yerdə tövriyyədən də istifadə edir.
Daha ətraflı Ənbiya sürəsinin 52-ci ayəsindən başlayaraq mütaliə edə bilərsiniz.
İbrahim (ə) –ın mən xəstəyəm sözü təfsirlərdə belə izah olunur ki, “yəni sizin etdiklərinizdən narahatam, nəinki cismim xəstədir.”
2.Camaat şəhərə qayıtdıqda görür ki, bütlər qırılıb. Soruşurlar bunu kim etdi? Yadlarına düşür ki burda ancaq İbrahim qalmışdı. Etsə o edər. Bəziləri belə deyir:
قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ
(Onların bəziləri dedilər:) eşitmişik İbrahim deyilən bir gənc onların adını dilə gətirərək pisləyir. (Bəlkə onun işidir.) (Ənbiya 60)
قَالُوا أَأَنتَ فَعَلْتَ هَذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ
“(Onu gətirəndən sonra) dedilər: Ey İbrahim, bizim tanrılarımız barəsində bunu sən etmisən?”
قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا فَاسْأَلُوهُمْ إِن كَانُوا يَنطِقُونَ
“Dedi: Əksinə, onu bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun.”(Saffat 88-89)
İbrahim (ə) sanki dərs keçir orda. Bütxanda ən böyük büt budur, balta da çiynində. Böyükləri budur ondan soruşun əgər danışarlarsa...
Danışarsa, deməli o qırıb... Büt danışmaz axı. Deməli mən qırmışam. Sözü dolayı yolla çatdırır ta düşünsünlər bu barədə. Tövriyyə yəni sözü iki başlı ifadə etmək. Bəzi kitablarda var ki, Hz İbrahim (ə) bütləri qıran zaman 16 yaşlı cavan bir oğlan idi.
- Keçək Bəqərə 260-cı ayəyə tutulan irada.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَى
“Yada sal o zamanı ki, İbrahim dedi: Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər.”
قَالَ أَوَلَمْ تُؤْمِن
“Dedi: Məgər inanmırsan?”
قَالَ بَلَى وَلَكِن لِّيَطْمَئِنَّ قَلْبِي
“Dedi: Əksinə, lakin qəlbimin rahatlıq tapması üçün istədim.”
Bu ayənin zahiri tərcüməsi.
Bələ (بَلَى) yəni əksinə, tam əksi bu mənalara gələn bu söz, mənfi bir cümlədə isbat mənasını verir.Hz İbrahim artıq bu sözü işlətməklə təsdiq edir ki, xeyr bu məsələ barədə iman və inamım var.
Hz İbrahim (ə) niyə bu sualı verdi? Bu ayənin təfsirində deyilir ki;
1.Hz İbrahim (ə) bir gün gördü ki, yolda bir cəsədi heyvanlar parça-parça edib. Quşlar onun ətindən yeyir, dəniz heyvanları ondan yeyir. Hz İbrahim (ə) buyurur ki, ilahi! mən bilirəm ki, sən bunları yenidən cəm etməyə və yaratmağa qadirsən. Ancaq bu prosesin necəliyini mənə göstər gözlərimlə görəm. (Təbərisi, Məcməul-Bəyan, Fit-təfsirul-Quran, c 2, səh. 643)
2.Mələklər Hz İbrahimə (ə) xəbər vermişdilər ki, Allah onu özünə dost seçib və onun duası ilə Allah ölüləri dirildər. Hz İbrahim (ə) bu cəhətdən bu işi gördü ki, mələklərin verdiyi bu müjdəni əməli şəkildə görə və bu məsələdə tam yəqinə çata. (Təbərisi, Məcməul-Bəyan, Fit-təfsirul-Quran, c 2, səh. 644)
- Nəmrud ki, özünü Allah hesab edirdi və iddia edirdi ki, mən də öldürüb mən də dirildirəm. Hz İbrahim istədi ki, Allah bu işi əyani şəkildə göstərə ta Nəmrud kimilər bunu görə və bilə ki bu iş Allahın qüdrəti ilə baş verir. (Təbərisi, Məcməul-Bəyan, Fit-təfsirul-Quran, c 2, səh. 644)
Burada diqqət ediləcək bir məqam da var. Hz İbrahim soruşur ki, كَيْفَ تُحْيِي الْمَوْتَى
“Ölünü necə dirildəcəyini” göstər. تُحْيِي tuhyil deyir.
Əgər təhyəl olsaydı onda irad ola bilərdi. Onda məna belə olardı ki, ölülər necə diriləcək? Bu olardı şəkk.
Hz İbrahim (ə) soruşmur ki ölülər necə dirilər, soruşur ki o ölülərin necə dirilməsini mənə göstər. O hissələr necə cəm olur bir yerə? Onu göstər mənə ilahi. Quranın özü aydın şəkildə məsələni bəyan edir. Bir peyğəmbər (s) barədə niyə bəziləri tələsir qərar verməyə? Bu sual olduqca təbii bir sualdır və peyğəmbərin peyğəmbərliyinə zərrə qədər xələl gətirməz.
Hz İbrahim (ə) la bağlı bir məsələdə tarixi mənbələrdə gəlib. O, da budur ki, deyirlər Hz İbrahim (ə) öz həyat yoldaşına bacımdır demişdir. Hz İbrahim Misirə daxil olduqda oranın padşahı gözəl xanımları zorla alıb təcavüz edirmiş. Bu barədə iki cür rəy var. Birinci budur ki, hz İbrahim (ə) xanımını bir sandığa saldı ta onu görməsinlər. Sandığı açmağa məcbur qaldıqda, onu qorumaq məqsədi ilə dedi ki, bu bacımdır. Bu mənada ki yaranışda bütün insanlar bacı-qardaşdırlar.
İkinci rəy budur ki, bu sözü heç demədi də. Eləki o padşah Hz İbrahimin xanımını ələ keçirtmək niyyətinə düşür İbrahim (ə) dua edir və onun bir qolu qoruyur sonra söz verir ki, bu əməli daha etməyəcək. İbrahim (ə) duası ilə əli şəfa tapır və İbrahim (ə) mı hörmətlə yola salır.(Təfsire Came, c 2, səh. 328)
Sonda bir ayəni də diqqətinizə çatdıraq. Quran Hz İbrahimi (ə) bizə nümunə və örnək olaraq təqdim edir. Gəlin bu nümunədən dərs alaq və tabe olaq. Bu misilsiz nümunələrdən eyiblər axtarmayaq.
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ
İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. (Mumtəhinə- 4 )
İlahiyyatçı yazar – Mahir Şəkərov.

Yorumlar
Yorum Gönder