Kəbə faciəsində şəhid olmuş bir atanın hekayəsi... “Darıxma əziz balam gələcəyəm”...
Həcc mövsümüdür. Müsəlmanlar dünyanın dörd bir tərəfindən ilahi çağırışa itaət edərək axın-axın bu ilahi və müqəddəs evə tərəf axışırlar. Amma onlar, onları gözləyən faciədən xəbərsizdirlər. Evlərindən, evlərinə dönmək ümidi ilə ayrılırlar. Bəziləri öz yaxınlarını sonuncu dəfə görür. Daha onları görməyəcəkdir.
Kiçik bir körpə ağlayır atasının arxasınca... Sanki nəsə demək istəyir. Ağlayır, göz yaşı tökür. Atası, “əziz balam! Darıxma, gələcəyəm” deyir. Amma körpənin ağlamağı daha da şiddətlənir. Görəsən bu məsum körpə niyə göz yaşı tökür? O pak qəlbinə bir şeymi danmışdı? Baş verəcək faciələrdən xəbərdardırmı?
Atası körpənin göz yaşlarını silib, o kiçik əllərini öpür və göz yaşları içərisində qərq olan o kiçik gözlərinə baxır. Anası, balasını qucağına alaraq, “gəl əziz balam! Atan gecikər” deyir. Körpə o kiçik əllərini anasının çiyninə çırparaq yaralı quş kimi çabalayır. Axı o yetim qalacaq... O kiçik körpənin hıçqırıqlarını atası müqəddəs Məkkə şəhərində şəhid olarkən anlayacaq...
Və yola düşür... Amma qulağından getmir o hıçqırıqlar. Xəyala dalır. Ailəsini, evini, əziz balasını düşünür...
Artıq Allah evinin qonaqları müqəddəs şəhərdədirlər. Gözlərini Kəbə evinə dikiblər. Sevinc və həsrət göz yaşları bir-birinə qarışıb.
Kəbə, gözəl Kəbə! Öz mövlasına qucaq açan Kəbə. Ey Kəbə! Səndə o qədər acılı və şirinli xatirələr var ki... Dəhvul-ərzdə yaranan, zaman keçdikcə aradan gedən Kəbə. Mələklərin Hz Adəmin yaranışına etirazından sonra ərşdə mələklərin tövbəgahına çevrilən Kəbə. Hz Adəmin xilqətindən iki min il öncə, mələklərin səcdəgahı olan Kəbə. Quran və hədislərə əsasən yer üzündə ilk tikili olan Kəbə. Hz Adəmin ilk dəfə tikib, ucaltdığı Kəbə. Adəmdən sonra Şis (ə)-ın yenidən təmir etdiyi Kəbə. Nuh (ə) –ın tufanından sonra zədələnmiş, Allahın əmri ilə, İbrahim (ə) tərəfindən təmir edilən Kəbə.
Və beləliklə günümüzəcən dəfələrlə təmir olunan Kəbə.
Kəbə yenə qəmlidir. Ətrafına pərvanə kimi dolanan zəvvarlarına baxır. “Ləbbeyk, Allahummə ləbbeyk” sədaları yeri- göyü doldurub. Və birdən bu zikirlər hay-küy, qışqırıq sədaları ilə əvəz olunur. Kəbədə qan töküldü. Amma nə qılıncla nə xəncərlə və nə də silahla. Üstlərinə düşən bir kranın vasitəsi ilə. Mən düşənmi dedim? Yox! Yox! Üstlərinə bomba kimi atılan bir kran. Çox incə dəqiqliklə, lazım olan vaxtda, lazım olan yerə düşən kran. Neçə müddətdir, düşməsini saniyə bə saniyə gözləyən bir kran. Kəbədə qan töküldü. Kəbəyə hörmətsizlik olundu. Kəbəni möminlərin zikr və dua sədaları bürüməli ikən, onların vay-şivən səsləri oranı bürüdü. Tökülən qanları Kəbəni suladı. Cəsədləri ətrafını bəzədi. Bu dəfə Kəbə öz qonaqlarının başına dolanırdı. Bu dəfə Kəbə öz qonaqlarına göz yaşı tökürdü. Amma korlar bunu görmədi. Onların gördükləri sadəcə zahir oldu və ağızlarını açıb gözlərini yumdular.Səslərini o qədər yüksəltdilər ki, az qala fitrətlərinin, vicdanlarının da səsini də boğacaqdılar. Amma boğa bilmədilər. Çünki o ilahi bir sədadır, o ilahi bir şahiddir, o hakimdir,o ilahi bir nurdur.
Mədinədə ağlayan bir göz var. Mübarək bir göz. Allah evinin qonaqlarının başına gətirilən müsibətlərə ağlayır. Yanan çadırlardan ucalan səslər Bəqiyə də yetişir. Birazdan yenə bir hadisə olacaq. Planlaşdırılmış bir hadisə. Birazdan yüzlərlə zəvvar dünyasını dəyişəcək. Zalım kralın oğlunun maşın karvanının gəlişi və yolların bağlanması və beləliklə də insan sıxlığı nəticəsində yüzlərlə insan bu müqəddəs torpaqlarda canını Allaha tapşırdı. Bu zalımların törətdiklərini, görməməzlikdən gəlib, onları müdafiə edib haqq qazandıranlar, vicdanını və şərəfini itirmişlərdən başqa kim ola bilər?!
Hər an şəhid olan zəvvarların sayı artır. Və birdən kiçik balası ilə vidalaşan atanı xatırlayıram. Görəsən o hardadır? Ayaqlar altda o qədər cənazə var ki, hərəkət etmək mümkün deyil. Amma gözlərim o atanı axtarır. Və axtardığımı tapıram.Cənazələr içərisində gözləri yaşarmış bir ata var. Kiçik körpəsini xatırlayır. O kiçik körpənin hıçqırıqlarını indi anlayır, indi başa düşür. Kəbəyə tərəf baxır yaşarmış gözləri ilə. Və bir təbəsüm qonur üzünə. Bu təbəssüm ilə sona çatır hər şey. Artıq o göylərə ucalır. Yuxarıdan seyr edir ruhsuz bədənini. Ucalır, ucaldıqca kiçilir hər şey və dünyada son bir mənzərəni görür, Kəbəni. Artıq o da getdikcə gözdən itir. Və birdən bir səs eşidir. “Həccin mübarək olsun!” “Şəhadətin mübarək olsun!” “Xoş gəldin ey şəhid!”
Və beləliklə zəvvar olan atanın hekayəsi də bu sonluqla bitir. İndi bildinizmi o “şəhid ata” kimdir?
İlahiyyatçı, yazar.
Yorumlar
Yorum Gönder