Nuh (ə) 79 il yaşayıb?

Hz Nuh (ə) neçə il yaşayıb? Sözümüzə bu sualla başlamağımız heç də əbəs deyildir. Bu məsələ son günlərdə müzakirə obyektinə çevrildiyindən məsələni araşdırmaq qərarına gəldik.
Hz Nuh (ə) 950 il yaşadı ya 950 il təbliğ etdi?
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ
“Həqiqətən Biz Nuhu öz tayfasına (peyğəmbər) olaraq göndərdik. Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı). Zalım olduqları halda tufan onları yaxaladı.” (Ənkəbut 14)
Bu ayəyə diqqət etsək görərik ki, Quran demir ki, o ümumiyyətlə 950 il yaşadı. Buyurur: Öz qövmünün arasında 950 il yaşadı. Ayəni bir daha diqqətlə təhlil edək.
“Həqiqətən Biz Nuhu öz tayfasına peyğəmbər (ə) olaraq göndərdik.”  – Bu hissəyə diqqət edək. Hz Nuh (ə) ki, peyğəmbər olaraq o tayfaya göndərildi, bəs ondan öncə neçə yaşı vardı? Məlumdur ki,  Hz Nuh (ə) müəyyən yaşdan sonra peyğəmbərliyə seçilib. Dünyaya gələn kimi Allah onu təbliğ etmək üçün qövmünə göndərməyib ki?
Ayənin davamın oxuyaq: “Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı). Zalım olduqları halda tufan onları yaxaladı.” – Ayənin bu hissəsindən də görürük ki, Quran Hz Nuh (ə) ın peyğəmbər kimi qövmünə göndərildikdən ta tufana qədər öz qövmünün arasında olduğu zaman kəsiyini nəzərdə tutur. Onda növbəti sual yaranır. Hz Nuh (ə) tufandan sonra öz qövmünün arasında yaşamadı? Əlbəttə yaşadı. Elə buna görə də bəzi müfəssirlər bu məsələ haqda öz kitablarında yazırlar ki, “Hz Nuh (ə) tufandan sonra da öz qövmünün arasında 300 il yaşadı.”
Bu ayə bizə göstərir ki, Hz Nuh (ə) konkret olaraq 950 il yaşamayıb əkisnə, 950 il onun sadəcə peyğəmbərlik müddətidir. Bu məsələ ilə bağlı Tövratın Təkvin babından dəlil gətirənlər  isə deyəsən unudurlar ki, əlimizdə olan Tövrat təhrif olunmuşdur. Tövratla bağlı Quranda verilən məlumatlardan savayı digər məlumatları dəlil olaraq gətirmək düzgün deyil. Çünki, o məlumatın təhrif olub-olmadığından xəbərsizik.
Siz soruşa bilərsiniz ki, niyə Allah bu məsələni konkret olaraq bəyan etmədi?
Cavabında deməliyik ki, Quranda olan bütün məsələlər bir hikmət üzündəndir. Hz Nuh (ə)  bağlı olan ayədə incə bir mətləb var.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ
“Həqiqətən Biz Nuhu öz tayfasına (peyğəmbər) olaraq göndərdik. Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı). Zalım olduqları halda tufan onları yaxaladı.” (Ənkəbut 14)
Bu ayədə istifadə olunan  سَنَة   və عَام sözləri bizim tərcümələrimizdə hər ikisi elə il olaraq tərcümə olunsa da, bu iki söz arasında məna baxımından fərqlər var.
سَنَة   - sözü Quranda əksər yerlərdə qıtlıq illəri, məhsuldarlığın, inşaf və tərəqqinin az olmasına işarədir.
عَام – isə məhsuldar bir ilə deyilir. Həmin ildə inşafın, tərəqqinin olmasına işarədir. Məsələn Yusuf sürəsi 49-cu ayə.
ثُمَّ يَأْتِي مِن بَعْدِ ذَلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ
“Sonra onun ardınca insanların bol yağış görəcəyi bir il gələcək.”
Gördüyünüz kimi, bu ayədə Allah həmin il məhsuldar və faydalı il olacağı üçün Quran عَام sözün gətirib, سَنَة sözün yox.
Hz Nuh (ə) barədə olan ayəyə bir də diqqət edək.
فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ
“Beləliklə onların arasında min ildən 50 il əskik (950 il qaldı).” (Ənkəbut 14)
Hz Nuh (ə) 950 il təbliğlə məşğul oldu, illərlə gecə-gündüz səy göstərdi. Düzdür az adam iman gətirdi amma Allah nəzərində say mühum deyil, əsas iman edənlərin ixlaslı olmasıdır. Başqa sözlə kəmiyyət yox, keyfiyyət mühümdür. Odur ki, Allah bu illəri faydalı hesab edir.
Quranın Hz Nuh barədə bu cür buyurması təfsirlərə əsasən Hz Nuhun dəvətinin, təbliğinin uzun müddətli olmasına bir işarədir. Ayənin zahirindən də görmək olur ki bu 950 il Hz Nuhun təbliğ müddətidir yaşı yox. Besətdən yəni peyğəmbərliyə seçilməsindən ta tufanın baş verməsinə qədər. Məlumdur ki, o, besətdən öncə və tufandan sonra da bir müddət yaşamışdır. Əhli sünnənin görkəmli təfsir alimlərinin bu məsələ ilə bağlı fikirlərini sizlərə təqdim edirik;
Fəxri Razi: “Hz Nuh yeganə peyğəmbərdir ki Allah onun risalət müddətini Quranda gətirib. Bunun mütləq bir hikmət və səbəbi var. Səbəbi də budur ki, Allah Rəsulu (s) təbliğ zamanı müşrik və kafirlərin İslamla müxalifətçiliyini görüb narahat olurdu, üzülürdü. Allah Hz Nuhun uzunmüddətli təbliğ dövrünü ona bildirməklə  peyğəmbərə belə deyək ürək-dirək verirdi. Mənəvi dəstək olurdu.” (Fəxri razi – Məfatihul Ğeyb, c 25, səh. 36, Beyrut)
Həmçinin Zəməxşəri də  buyurur: “Quranın Hz Nuh haqqındakı bu cür ifadəsi (mil ildən 50 il əskik) həqiqəti bəyan etmək üçündür. Bu cür ifadənin tərki, həqiqətin bəyanı üçün olmazdı. Sadə dillə desək, əgər deyilsəyid ki filankəs 1000 il yaşadı, mümkündür güman ediləydi ki təqribən filan müddət yaşayıb, həqiqətdə yox. Amma əgər deyilsə ki, bir ay əskik, və ya bir il əskik ordakı şübhə aradan qalxır və o miqdar dəqiq şəkildə aydınlaşır.” (Zəməxşəri –Əl Kəşşaf təfsiri c 3, səh 445, Beyrut)
Əhli sünnənin başqa bir tanınmış təfsir alimi Cəlaləddin Suyuti – Ədd-Durrul Mənsur kitabında yazır: “Bu ayənin zahirindən başa düşülür ki, Hz Nuhun peyğəmbərlik müddəti tufana qədər 950 il olmuşdur. Bundan sonra nə qədər yaşadığı məlum deyil. Bəzi rəvayətlərdə deyilir ki Hz Nuhun ömrü 1050 il olmuşdur. 40 il besətdən –peyğəmbərlikdən öncə,  950 il peyğəmbərlikdən ta tufana qədər, və 60 il tufandan sonra ömür sürmüşdür.” (Cəlaləddin Suyuti – Əd-Durrul-Mənsur –Ənkəbut 14 təfsirində)
Hz Nuh (ə) 950 il yaşadı yoxsa 950 ay?
Bu mövzuda ixtilafa səbəb olan məsələlərdən biri də budur ki, bəziləri deyir ki Hz Nuh (ə) 950 il yaşamayıb, 950 ay yaşayıb. Qeyd etdik ki, 950 il Hz Nuhun yaşı yox, peyğəmbərliyindən ta tufana qədər təbliğ müddətidir.
Bu iddianı ednlərin fikrincə Hz Nuh zamanında insanlar bir ayı, bir il olaraq hesab edirlər. Bu baxımdan 950 il yox, 950 ay olur ki, bunu da ilə çevirdikdə 79 il olur. Və beləliklə də deyirlər: “Hz Nuh (ə) 79 il yaşayıb.” Həmçinin bunu arxeoliji qazıntılarla da əlaqələndirirlər. Amma bu qeyd olunan sözün nə elmi, nə tarixi, nə də əqli heç bir dəlili yoxdur. Hətta o şəxslərin hesablamalarnı doğru hesab etsək belə bu iddia yenə də özünü doğrultmur. Belə ki, Hz Nuh (ə) besətdən öncə və tufandan sonra da bir müddət öz qövmünün arasında yaşadığını nəzərə alsaq onda bu rəqəm təbii olaraq dəyişir.
Baslıq - Hz Nuhun bu qədər  uzunömürlü olması mümkündür?
Hz Nuhun bu qədər uzunömürlü olmasının qeyri mümkünlüyünü qeyd edənlər də var. Bu iddia özü də batildir. Çünki, bilirik ki, 4 peyğəmbər ikisi səmada (Hz İdris, Hz İsa), ikisi yerdə olmaqla (Hz Xızır, Hz İlyas) hələ də sağdır və yaşayır. Hz Nuhun yaşına irad tutanların bəs buna cavabları var?
Bu peyğəmbərlərin bu qədər uzunömürlü olması elə Allahın bir hikməti və biz insanlara göstərdiyi möcüzəsidir. Hz Nuhun özünə də  Şeyxul-Ənbiya yəni peyğəmbərlərin ən uzunömürlüsü, qocası, piri deyirlər. Çünki o dünyada yaşayıb və dünyasını dəyişən peyğəmbərlər arasında ən qocası və ən uzunömürlüsüdür.  Bəzi mənbələrdə, hətta bu uzunömürlülüyün onun bir möcüzəsi oldugunu da qeyd edənlər var.
Həmçinin tibb alimləri də qeyd edirlər ki, bir insan təbii yeməklərdən istifdə edərək təbii şəraitdə yaşasa o da uzunömürlü ola bilər. Bunun həyatda nümunəsini də bəzən müşahidə edirik. Deməli 950 il Hz Nuhun yaşı yox, onun peyğəmbərlikdən ta tufana qədər olan təbliğ müddətidir. Hz Nuhun (ə) konkret olaraq nə qədər yaşaması isə dəqiq bilinmir. Odur ki, təfsir və tarixi mənbələrə əsasən 1000, 1450, 1470, 2300, 2500, 2800 və s olaraq qeyd olunur. Heç bir mənbədə deyilmir ki, 950 il və ya bəzilərinin dediyi kimi 950 ay və ya 79 il yaşayıb.
Mahir Şəkərov –İlahiyyatçı yazar

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)