O, peyğəmbər (s) xislətli idi - 1-ci hissə
(Bu yazı ömrünü gənclərin maariflənməsinə yönəldən, illərlə təmənnasız təbliğ və tədrsi edən, könüllərdə minbər quran mərhum ruhani Əli Əkbər Həsənzadəyə həsr olunur.)
Alim ölməz, alim ölüləri də dirildər...
Dünən sosial şəbəkədə edilən paylaşımlar diqqətimi çəkdi. Hər kəs bir qoca, nurani bir kişinin şəklini paylaşır, haqqında xoş sözlər yazırdı. Diqqətimi çəkdi. Axı bu insan kimdir ki, bu qədər insan onun barəsində səmimi və gözəl sözlər paylaşır. Əlimdəki işləri bir yana buraxıb bu ağsaqqal barədə maraqlandım. Öyrəndim ki, artıq dünyasını dəyişib və həmişə keçirtdiyim təəssüf hissini yenə də keçirtdim və öz-özümə dedim: “Daha bir dəyərli və fəzilətli şəxsi də ölümündən sonra tanıdıq.”
Adı Əli Əkbər Həsənzadə idi bu mərhumun, Bakının Pirşağı qəsəbəsində yaşayırdı. Barəsində yazılan sözlərə baxıram. Məlum olur ki, bu kişi sovet dönəmində din üçün həqiqətən də qeyrət çəkən kişilərdən olub. İllərlə təmannasız olaraq dini təbliğ və tədris edib. Peyğəmbər (s) kimi insanları bir-bir axtararaq bu ilahi dəvəti hər kəsin anlayacağı dil ilə onlara sadələşdirib çatdırıbmış. Haqqında yazılanları oxuduqca insan daha çox tanıyır o nurani şəxsi. O, təvazökar idi. O, yetimləri çox sevərdi. Atasız gənclərə gülümsəyərək; “Narahat olmayın, sizin üçün elçiliyə özüm gedərəm” deyərdi. Ərəb, fars, rus dillərini mükəmməl bilirdi. İngilis dilini isə qismən bilir, bilmədiyini isə nəvəsi yaşda olan gənclərdən utanmadan, çəkinmədən soruşardı. Bu özü böyüklük nümunəsi deyilmi? Evinin qapısı hamınım üzünə açıq idi. Daha doğrusu o, hamını öz evinə dəvət edirdi. İnsanların fikrinə, düşüncəsinə çox önəm verərdi, zahiri qiyafələrinə yox! Gözəl düşüncə tərzinə malik olanlarla şəxsən özü münasibət saxlayar və öz dərslərinə dəvət edərdi və “mən sizin düşüncənizə valehəm” deyərdi. Onun dərslərinə gedən biri deyir: “Biz onun dərsindən çox onun özünü görməyə gedirdik.”
Ehtiyaclı şəxslərə əl tutar, dini kitab almağa imkanı olmayanlara isə yaxından yardım edərdi. O, səmimi idi. Onun görüşünə yolu uzaqdır deyə gedə bilməyənlərə “mən özüm sizin yanınıza gələrəm” deyərdi. Bu yay Gəncəyə səfəri də varmış mərhumun. Dostluq etdiyi şəxslə həqiqətən də sadiqanə bir dost idi. Hətta tanıdığı, qohumu belə olmayan şəxsin hərbiyə yola düşdüyünü eşitdikdə onun yanına gedib halını əhvalını soruşur. Hərbi hissədə hamı elə bilir ki, əsgərin yaxın bir qohumudur bu. Həmin şəxs deyir: “Mən hərbi hissədəkilərə anlada bilmədim ki, o mənim qohumum deyil, dostumdur. Halımı öyrənməyə gəlib.”
Biri xəstələndimi, o mütləq yanına getməli, ziyarət etməli idi. O, bir romanda “Dilavər müəllim” obrazının həqiqəti idi. O bir çox dini ilahilərin klipində çəkilmiş və öz nuraniyyəti ilə tamaşıçıları cəlb etmişdi. Haqqında bura qədər yazdıqlarımız, onun həyat tərzinin bir parçasına çevrilmişdi. O deyərdi: “Hamının ürəyinə məhəbbətimi salmayınca dünyadan köçmərəm” Dediyini də etdi. İndi hamı onun sevgi və məhəbbət dolu şəxs olmasından yazır. Siz elə bilməyin ki, bu kişini çox yaxından tanıyıram və illərdir dostluq edirəm. Əsla. Bircə dəfə də olsun nə real həyatda və nə də virtual aləmdə münasibətimiz olmayıb. Mən də bir çoxları kimi, vəfatından sonra sosial şəbəkədə haqqında yayılan məlumatlardan sonra bunları öyrəndim. Amma, onun şəxsiyyətini tanıdıqdan sonra təəssüf etdim ki, niyə öz dəyərlərimizi itirdikdən sonra öyrənirik? Odur ki, öz dəyərli şəxslərimizin dəyərini bilək və cəmiyyətimizə tanıdaq. Məhz bu səbəbdən bunları yazıram. Yazdıqlarımın heç ədəbi quruluşuna da fikir vermirəm. Ürəyimdən gələn kimi, buraya köçürtdüm bu sözləri... Onun haqqında yazılan sözlər, o əməllər idi ki, Allah Rəsulu (s) da bunu edirdi. Təvazö, səmimiyyət, yetimləri sevmək, gənclərə dəyər vermək, xəstə ziyarətinə getmək, bir təbib kimi qapı-qapı gəzmək və ehtiyaclı insanlara əl tutması. Bütün bunlar İslam peyğəmbərinin (s) gözəl xüsusiyyətlərindən deyildimi? Odur ki, mən bir cümlə ilə belə deyərdim: “O peyğəmbər (s) xislətli biri idi.”
Bu şəxs haqqında deyilən sözləri eyni ilə şəhid Mahir barədə də eşitmişdik. Hamı, o şəhidimizin mehribançılığı və səmimiyyətindən yazırdı. Daha sonra məlum olur ki, o şəhid Mahir kimi gənclərin ustadı imiş... Belə bir şəxsin ancaq şəhidliyə layiq olan tələbələri və o tələbənin də belə ustadı olar. Mərhum ustadın şəhid Mahir kimi cəmiyyətimizə bəxş etdiyi insanlar çoxdur. Bu kimi nurani ağsaqqların bərəkətindəndir ki, Allah bir çox bəlanı cəmiyyətimizdən də uzaq edir. Hədisi qüdsidə buyrulur: “...Əgər beli bükülmüş qocalarınız olasaydı, başınıza bəla yağardı bəla.”
Allah rəhmət eləsin.
Mahir Şəkəov - İlahiyyatçı yazar

Yorumlar
Yorum Gönder