O, peyğəmbər (s) xislətli idi – 2 –ci hissə.

Alim ölməz, alim ölüləri də dirildər…
Bu gün (03.12.2016)  mərhum ustad Ələkbər Həsənzadənin 40 mərasimi idi. Bəli, artıq 40 gün keçdi. Amma hələ də onun yoxluğu ilə barışa bilmir onu sevənlər.  Sanki biz yuxu görürük deyirlər...
Bu gün mərhumun 40 mərasimində iştirak etdim.  Məclis boyu haqqında gözəl sözlər, xatirələr və ustadın gözəl əxlaqından maraqlı məqamlar qeyd edildi.  Eşidib gödüklərimi sizinlə də paylaşmaq istədim.
Bilmirəm niyə, amma məclisdə qəlbimdə, qəribə bir rahatlıq, aramlıq peyda olmuşdu. Məclisdə mərhum ustadın tələbələri, dost və tanışları hətta uzaq məsafələri qət edib gələnlər də var idi. Mərhum ustadın elmə və biliyə verdiyi dəyərdən danışanlar qeyd edirdilər ki, o evini iki hissəyə bölmüşdü. Bir hissədə yaşayışı təmin etmiş, digər hissədə isə kitablarla dolu rəfləri vardı.  Maraqlısı budur ki, kitablara ayırdığı otaq, digərindən daha böyük idi. Özü maddi cəhətdən çətinlik çəkməsinə baxmayaraq, insanlara  təmənnasız xidmət edir və əcrini Allahdan istəyirdi.  Hələ sosial şəbəkələr olmayan bir zamanda o mərhum mail.ru ilə öz təbliğatını aparırdı.  Təbliğ üçün hər şəraiti dəyərləndirirdi...
Mərhumun bir yaxın qohumu ilə həmsöhbət oluram.  Mənə o mərhumdan danışır.  Mərhuma bir nəfər vəsiyyət edibmiş ki, mən ölsəm sən mənim cənazə işlərimlə məşğul ol. Amma iş elə gətirib ki, vəsiyyət edən özü onun cənazə işləri ilə məşğul olmalı olub.  Xəstələndiyi zaman, özünü xalq təbabəti ilə, təbii üsullarla müalicə edirdi.  Fiziologiyası təbii müalicəyə o qədər öyrəşir ki, son günlərdə həkimin yazdığı kimyəvi dərmanları qəbul edərkən, “bu dərmanlar məni narahat edir” deyərmiş. Mərhumun bir nəvəsi də vəfatından 3 gün öncə dünyaya gəlibmiş. Uşağa ad qoymaq üçün onu gözləyiblər ki sağala. Amma kim bilə bilərdi ki, bu uşağa ad qoymaq ona nəsib olmayacaq.  Bu sözləri bir yaxın qohumu danışır mənə. Hərdəm susur, sonra yenə davam edir. Mərhumun dünyada etdikləri işləri indilərdə anlayıram deyirdi. Hərdəm biz öz aramızda deyərdik  ki, niyə bu uşaqlarla, nəvəsi yaşda cavanlarla, sosial şəbəkədə yazışır, danışır və onlara vaxt ayırır?  Bunu biz anlaya bilmirdik.  Bir qədər susur yenə...  İndi anlayırıq səbəbini.  Vəfatından sonra öyrəndik ki, yaxın qohumumuz olan bu kişi kim idi. Cavanlar,  gənclər fəsad və  günaha bulaşmasın deyə onları dərslərinə dəvət edir, gün boyu onların xidmətində olurdu. Xəstə olduğu zamanlarda belə məscidə getməyi tərgitmədi. Camaat namazında qalxıb əyləşərkən görürdük ki, çətinlik çəkir. Amma bununla belə yenə də gedirdi. Tələbələri hər dəfə təəssüflə, “niyə bu qədər arxayın olduq, niyə lazımı qaydada istifadə edə bilmədik” deyə köks ötürürdülər.  Onun barəsində o qədər eşitdim ki, hərdəm mənə elə gəlir ki, bu mərhumu hamıdan çox mən tanıyıram.Sanki, nə vaxtsa həyatımda yeri olub...
Yollanırıq məzarlığa...  Bir şerdən bir misra xatırlayıram məzarı görər-görməz...
Bu dünya olsa da insana düdman,
Soyuq məzara da zinətdir insan.
Məzarı önündə ruhuna dualar oxunur. Gözlər nəmli, ürək dərdli...  Qəlb sözlə dolu olsa da, hamı susmağa üstünlük verir. Sukütun özü bəlli edir hər şeyi. Soyuq külək özünü məzar daşına çırpır. Sanki, torpaq da ağuşuna aldığı qonağı çoxdan gözləyirmiş.   O mərhum, indidə qəbiristan əhli üçün bir rəhmətə çevrilib. Bir çox, ölülər bəlkə də hər gün nə qədər sevinir ki, o mərhum onların olduğu məzarlıq torpağına dəfn olunub. Axı mömin bir bəndəyə hörmət əlaməti olaraq Allah onların da əzabını yüngülləşdirər...
Mərhum ustad, həm dirilər üçün həm də ölülər üçün faydalı oldu. Məhz belələri barədə Allah buyurur: “Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! Məryəm sürəsi 15)
Mahir Şəkərov – İlahiyyatçı-yazar.
img-20161203-wa00071

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)