O (s.ə) mənim ikinci İsamdır, O (s.ə) mənim “məsihim”dir.
QEYD: Bu məqalə Quran,
təfsir, hədis, hədisi-qudsi və tarixi mənbələrə istinad edilərək qələmə
alınmışdır. Məqalə iki mənəvi dəyərin üzbə-üz qoyulması kimi anlaşılmasın. Bu
məqalə sadəcə bəzi həqiqətlərin dolayı yollarla ifadəsidir. Səhv və naqislik
varsa bu bizdəndir. Müvəffəqiyyət varsa şübhəsiz ki, bu Allahdandır.
“Hz İsanın qəbri hardadır?” deyə soruşsam deyəcəksiniz
ki, məgər Hz İsa (ə) ölüb ki, qəbri də ola?
İsa (ə) həqiqətin yer üzərindəki, təcəssümü idi. Mən
İsa (ə)-ın qəbrini yox, onun kimi ölmüş qəlbləri dirildənin qəbrinin
axtarışındayam... Hidayətimə vəsilə olan məzarın axtarışındayam...
İsa (ə) dünyaya möcüzə ilə gəldi dedilər, məgər O
(s.ə) ilahi möcüzə ilə dünyaya gəlmədimi? Hz Xədicənin o mübarək xanıma necə
hamilə qalması heçmi rastınıza çıxmadı?
İsa (ə) bir üfürülmə (və ya “ol” kəliməsi ilə) vücuda
gəldisə, Onun (s.ə) vücuda gəlməsi Cənnət azuqəsinin nəticəsi olmadımı?
İsa (ə) –ın dünyaya gəlməsi - أَمْرًا
مَقْضِيًّا – (təqdir olunmuş hökm) idi dedi Hz Məryəmə Cəbrayıl (ə). O,
sözü Cəbrail (ə) Allah Rəsuluna söyləmədimi Onun (s.ə) barəsində? Allah Rəsulu
(s) Cənnət nemətlərini yedikdən sonra Hz Xədicənin görüşünə - dünyaya gələcək
növbəti İsanı (s.ə) – gətirmək üçün getmədimi?
Hz Məryəm İsa (ə) onun bətnində vücuda gəlməsini o an
hiss etdi deyirlər, məgər Hz Xədicədə bu hal baş vermədimi? Hz Xədicə
buyurmadımı ki; “And olsun Allaha, Allah Rəsulu (s) o gecə məni tənha qoymadı,
çünki, gələcək körpənin artıq ağırlığını vücudumda hiss edirdim...”
İsanın anası ona hamilə olduqda camaat Hz Məyrəmə
olmazın sözlər deyib ittiham etdilər. Onun (s.ə) da anası Allah Rəsulu (s) ilə
evləndi deyə Qureyş onunla əlaqəsini kəsmədimi?
İsa (ə) anası məbədə, Onun (s.ə) da anası, beləliklə evə
məhkum olub öz qədərlərinə boyun əymədilərmi?
İsanı (ə) anasına Cəbrail (ə) müjdə verdisə, Onun
(s.ə) gəlişini Allah Özü peyğəmbərə (s) meracda müjdə vermədimi?
İsanın adını Allah qoydu deyirlər, məgər Onun (s.ə)
adını Allahdan qeyrisimi qoydu?
İsa (ə) beşikdə danışaraq anasının haqlılığını isbat
etdi. Lakin, O (s.ə) hər nə dəlil gətirdisə zalım qövm rədd etmədimi?
İsa (ə) beşikdə anasını müdafiə etmək üçün danışdısa,
O (s.ə) hələ ana bətnində ikən anasının qəm yükünü azaltmaq və ona aramlıq
vermək üçün onunla həmsöhbət olmadımı?
Cəbrail (ə) buyurdu: “Ey Məryəm! İsa (ə) sənə və
möminlər üçün bir rəhmət olacaq.”
Cəbrail (ə) buyurdu: “Ey Muhəmməd (s)! O, (s.ə) sənə və möminlərə bir
rəhmət, dini öndərlərinin anasıdır.”
İsa (ə) –mı beşikdə danışdıran Allah, Onu (s.ə) ana bətnində
danışdırmadımı? Allahı, orada, təsbeh və təqdis etmədimi?
İsa (ə), dünyaya gəldikdən sonra, qövmünün müşküllərini aradan aparan bir
nəbi oldu. Amma, O (s.ə) dünyaya gəlməmiş belə bütün bəşərin təvəssül qaynağı
deyildimi?
İsa (ə) anası Cənnət meyvələri yeyirdi deyirlər, məgər Cənnətin “Tuba”
ağacı və azuqələri Onun ixtiyarında deyildimi?
İsa (ə) göylərdən gələn bir nurdur deyirlər, məgər O, Cənnətdən yer üzünə
enən bir huri deyildimi? Məgər O, Cənnətin Özü deyildimi? Məgər Allah Rəsulu
(s) buyurmadımı “Onu (s.ə) qoxlayanda sanki Tuba ağacın qoxusun alıram. Hər
vaxt Cənnətə müştaq oluramsa, Onu (s.ə) qoxlayıram. O (s.ə) Cənnət hurisidir
ki, dünyada insan kimi zühur etmişdir.”
İsa (ə) Hz Məryəmin aramlıq səbəbi və ürəyinin bir parçası idi deyirlər,
məgər O, xütbəsində buyurmadımı ki, Mən Allah Rəsulunun (s) qəlbinin aramlıq
səbəbi və onun bir parçasıyam?
İsa (ə) buyurdu: - وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا
Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən mərum
etməyib. (Məryəm 32)
Məgər O (s.ə) özünün ədəb və kamalı ilə Allah Rəsulunun (s) “atasının anası”
sözünün muxatəbi olmadımı?
İsa (ə) dünyaya gələrkən Hz Məryəm tənha idi. Məgər O dünyaya gələrkən
Cənnət xanımları hətta Məryəmin özü də ona xidmət etmək üçün ilahi göstərişlə
Cənnətdən gəlmədilərmi?
İsa (ə) dünyaya gəldi deyə anası (ona olacaq ittihamlardan qorxaraq)
qəmlənərkən, O dünyaya gələrkən, anası bütün dərd və qəmi unutmadımı?
İsa (ə) dünyaya gəlişindən sonra “Allahın bəndəsi olduğunu iqrar etdi,”
deyirlər, məgər O(s.ə) da kəliməyi tövhid və şəhadətin körpə ikən dilinə
gətirmədimi?
İsa (ə) sürətlə böyüdü deyirlər məgər Onun (s.ə) da böyüyüb boya başa
çatması belə deyildimi?
İsa (ə) ın evlənməməsi ilahi məsləhət üzündən idi. Onun (s.ə) da, özünə
layiq bir Nurla (ə) evlənməsi və dünyanı hidayət edən ulduzlarla bəzəməsi bir
ilahi təqdir deyildimi?
İsa (ə) evlənmədi deyə nadanlar onda qüsur axatarmağa başladılar, lakin O
(s.ə) evləndi deyə, yenə nadanlar peyğəmbərə (s) dedilər: “Niyə sən onu əlində
bir şey olmayan kasıb birinə verdin?” Peyğəmbər (s) buyurdu: “Allaha and olsun
ki, bu izdivac Allah tərəfindəndir.”
İsa (ə) –a dedilər: Nə üçün evlənmirsən?
Dedi: Evlənməyin nəticəsi nədir?
Dedilər: Övlad sahibi olmaq.
Dedi: Əgər sağ qalsa insanın imtahan, yox ölsə qəm-qüssə səbəbidir.
O (s.ə) evləndi. Gözəl reyhanlar bəxş etdi həyata. Amma...
Amma son reyhanını bətnində dəfn etmədimi?
İsa (ə) atasız idi deyirlər. Ona da elə acılar yaşatdılar ki, atasızlığını
yetim uşaqdan daha çox hiss etdi. Onun “Atacan” fəryadı bütün aləmi
çalxalamadımı?
İsa “xilaskar”, “nicat verən” deməkdir. Məgər onun mübarək adı da məhz bu
xüsusiyyətinə görə o cür adlandırılmadımı? İsa (ə) yalnız bir müddət bu
“xilaskarlıq” vəzifəsinə əməl edə bildi. Amma o, Qiyamətdə belə, ona məhəbbəti
olanları o atəşdən xilas edəcək... Mən atəşmi dedim... Niyə atəşin adı gələndə
qəlbim hey sızlayır? Niyə hər yanan atəş səni xatırladır? Niyə yanan ev və
binalar bizə “yanan vəhy evini” xatırladır?
İsa (ə) su üzərində gəzir dedi peyğəmbər (s) səhabələri və təəccüb etdilər
lakin, atəşlər içərisində Onu (s.ə) tənha buraxmadılarmı?
İsa (ə) İncili var idi dedilər, Onun (s.ə) mushəfi yox idimi?
İsaya “Ruhullah” dedilər. Amma unutdular ki, o müqəddəs ruh Onun (s.ə)
münisi idi.
İsaya mehribanlıq səbəbindən “saleh və mehriban peyğəmbər” dedilər. Məgər O
(s.ə) belə deyildimi?
İsa (ə) ölüləri dirildir dedilər, məgər O (s.ə) ölmüş qəlblərin İsası
deyildimi?
İsaya məsih dedilər müxtəlif səbəblərdən. Onun (s.ə) da qəbri “məsih”
torpaqla eyni səviyyədə, saf olmadımı?
İsa (ə) “Mən mübarəkəm” dedi. Məgər O (s.ə) “Mübarəkə” deyildimi.
İsa (ə) pakdır, təmizdir dedilər, Məgər O (s.ə) “Tahirə” (pak, təmiz) deyildimi?
Məgər O (s.ə) da, İsa (ə) kimi “Zəkiyyə” deyildimi?
İsa (ə) barədə söz çoxdur bitməz dedilər. Məgər O (s.ə) özü də tükənməz bir
xəzinə deyilmi?
İsa (ə) həqiqəti söylədi deyə edamına fərman verdilər. Məgər haqqı dediyi
üçün O (s.ə) da evində ən ağır bəla yandırılmaqla üzbə-üz olmadımı?
İsa (ə) –mı edam etmək istəyənlərin niyyətləri hasil olmadı. Amma O (s.ə)
...
Amma O (s.ə) az müddət kəsiyində zalımların mənfur, nifrət dolu planlarının
qurbanı olmadımı?
İsa (ə) həm ruh və həm cismi ilə Rəbbinə (təvəffi) vəfa etdi, qovuşdu.
Lakin O (s.ə) cismini (qəbrini) bir hidayət mənbəyi olsun deyə bizim üçün irs
qoyub göylərə ucalmadımı?
İsa (ə) ölməyib diridir dedilər. Niyə unutdular ki, O (s.ə) da şəhiddir və
diridir.
İsa (ə) dan sonra bəziləri onun axtarışına çıxdı. Məgər biz əsrlərdir Onun
(s.ə) axtarışında deyilikmi?
İsa (s.ə) qəbri yoxdur bildik, bəs Onun (s.ə) qəbri?
İsa (ə) gözlərdən qeybə çəkildiyi kimi o mübarək qəbir də qeybəmi çəkildi?
Kim bilir bəlkə bu ikisi arasında belə, gizli bir bağ vardır...
İsa (ə) zühur edər dedilər, Məgər məlum olan gündə o mübarək qəbir aşikar
olmayacaqmı?
İsa (ə) gəlişi ilə bir sıra ixtilaflara son qoyular dedilər, Onun (s.ə)
məzarı da eyni missiyanı həyata keçirtməyəcəkmi?
İsa (ə) – mı sevənlər onun yoxluğuna “Əhməd” adlı xilaskarın vasitəsi ilə
təsəlli tapdılar. Amma bizi sevindirəcək, təsəlli verəcək “Xilaskar”ımız da
hələ İsa (ə) kimi Rəbbinin “zuhur” əmrinin intizarındadır.
İsa (ə), Xilaskar (ə.f) və O (s.ə)... Yer üzündə ən gözəl üçlük bu olsa
gərək.
Üçü də xilaskar, ədalət carçısı və zühur intizarın çəkən deyilmi? Məgər hər
üçü seçilmiş, pak, haqqın və ədalətin carçıları deyillərmi? Məgər hər üçü məzlum
deyilmi?
İlahi! Məni o mübərək qəbrin axtarışı ilə hidayət etdiyin kimi, sonacan o
hidayət anasından ayrı salma. Mənə ölüləri dirildən İsanı (ə) yox, ölmüş
qəlbləri dirildən İsanı (s.ə) bəxş et. O (s.ə) mənim ikinci İsamdır. Onun
mübarək məzarın görməklə qoy gözlərim şəfa tapsın. Ona ağlayan gözlərim həqiqət
üçün coşub-çağlasın. Ora yürüyən ayaqlarım, haqq üçün yürüsün. O məzar mənim
“məsihim”dir. İsa (ə) xəstələrə əl çəkib cisimlərini sağaldırdı. Sən ruhuma əl
çək... Ruhuma əl çək ki, qoy ruhum təzələnsin. Qoy ölmüş ruhum dirilsin ey
mənim məsihim (s.ə). O məzar mənim “məsihim”dir. Ona sürülən əl, qoy həqiqət
üçün çalışsın. O məzara qoyulan üz, qoy daim ağ olsun. O məzarın üzərinə
qoyulan baş, mənfi düşüncələrin əsiri olmasın. Doymuram onu vəsf etməkdən. Amma
bitməlidir bu məqaləm. Elə hey bu sözü təkrarlamaq istəyirəm: “O məzar mənim
“məsihim”dir. Mənim məsihim (s.ə) hardadır? Mənim İsam (s.ə) hardadır? Mənə
İsamı (s.ə) göstərin. O (s.ə) mənim ikinci İsamdır. O (s.ə) mənim “məsihim”dir.
İlahiyyatçı, yazar – Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder