Onlar dini aradan aparmaq istəyir, Aşura və Hüseyn (ə) bəhanədir...
Bir neçə gündür ki, bəzi nadanlar kütləvi şəkildə öz batinlərindəki çirkinliklərini sözün əsl mənasında biruzə verirlər. Bunlara cavab vermək əvəzinə, bu məsələnin həqiqətini, mahiyyətini qısa olaraq, sizə çatdırmağa qərar verdim.
Əvvəla, tənqid hər zaman qəbul ediləndir. Ağıllı insan sağlam tənqiddən qorxmaz, əksinə ondan nəticə çıxarar. Amma, təhqir yol verilməzdir. İnsan şəxsiyyətini bu və ya digər şəkildə alçatmaq heç bir əxlaqi və hüquqi normalara sığmır. Bütpərəstələrin müqəddəs bildiyi bütü də təhqir etməyə icazə verməyən dinin (Ənam 106), ən üstün şəxsiyyətləri bu gün təqhirə məruz qalır. Onların təhqiri elə İslamın təhqir olunmasıdır. Bu təhqir nədən doğur? Niyə bu proses baş verir? Hansı işlər və səbəblər bu təhqirə zəmin yaradır? Bu məsələni geniş şəkildə buradan oxuya bilərsiniz. Bax: https://mahirshekerov.wordpress.com/2016/10/21/baxisimiz-duz%C9%99lm%C9%99s%C9%99/
Digər bir səbəbi də bura əlavə etmək olar. Cəmiyyətdə olan fəzilətli şəxslərin, üstünlüyünü həzm edə bilməmək. Onların paklığına, dürüstlüyünə dözə bilməmək. Qarşı tərəf görəndə ki, özündə bu uca xislətlər mövcud deyil və o, bu uca fəzilətlərə yetişə bilmir, belə olduqda onlar, həmin uca- fəzilətli insanları öz səviyyələrinə salmağa çalışırlar. Təhqir,eyib və nöqsanları ona nisbət vermək, müxtəlif yersiz iradları ona bildirmək və s. rəzil yollarla onun uca məqamına dil uzadırlar. Səbəbi də paxıllıq, həsəd, kin, onların fəzilətini həzm edə bilməmək...
Məgər Yezid Aşura günü demirdi ki, “Biz bu gün Bədirdəki babalarımızın intiqamını aldıq.” Baxın kin və həsədin batindəki tuğyanına, nəticəsinə. Bədir döyüşündən illər keçsədə o kin qəlblərinin dərinliklərində kök atmışdı. Nəhayət Aşura və Məhərrəm bu kini üzə çıxartdı. Onların əsl xislətini, insandan daha da aşağı olmalarını aydın şəkildə biruzə verdi. Yezidlər bu gün də var. Məhərrəmlər, Aşuralar onları bizə tanıtdırır. Necə ki, Kərbəla səhrasında Aşura hadisəsi ilə xalis möminlər və kafirlər tam və əyani şəkildə hamıya isbat olundu. Yezid qoşununda olan bəziləri, Hz Hüseynə (ə) tərəf gələrkən, Hz Hüseynin (ə) yanında möminlik iddiasında olan bəziləri də, dünyəvi bəhanələrlə ordan uzaqlaşdılar.
Bu gün də Məhərrəmdir. Və bu üstün şəxslərin fəzilətini dərk etməyənlər yenə də, Yezid kimi batinlərindəkini biruzə verirlər. “Hər gün Aşura, hər yer Kərbəla” deyimi əbəs yerə dillər əzbəri olmayıb. Hər gün haqq və batil üz-üzədir. Hər yer Kərbəladır, hər yerdə haqq və batilin mübarizəsi daim davam edir və Qiyamətə qədər də bu proses davam edəcəkdir. Odur ki, bu günlərdə öz daxilindəki kinlərini biruzə verən Yezidləri tanımaq üçün gözəl fürsətdir. Siz bu gün də onlara qarşı çıxmaqla öz mövqeyinizi müəyyən edirsiz ki, “Biz Yezidin yanında yox, Hz Hüseynin (ə) yanındayıq.
Ey münafiq dəstə! Yazın, cızın ta ki, daxilinizdəki nifaq, öz əlinizlə üzə çıxsın.
Mahir Şəkərov – İlahiyyatçı, yazar.

Yorumlar
Yorum Gönder