Peyğəmbər (s) ümmi deyildi...

Ümmi sözü ərəblər arasında bir neçə məna verir. Ümmi sözü, ummun (ana) sözündən, və ya ümmət sözündən götürüldüyü  barədə fərqli fikirlər mövcuddur.
Ümmi yəni, bir şəxsin anadan olandan,  heç bir müəllim yanına getməməsi, məktəbə getməməsi, bir sözlə bəşərdən elm öyrənməməsi və s.  Əgər biz məsələyə bu baxımdan yanaşsaq və bu cəhətdən peyğəmbərə (s) ümmi desək, bu öz-özlüyündə düzdür. Çünki, peyğəmbər (s) öz elmini bəşərdən deyil, bütün elmlərin sahibi uca yaradandan almışdır. Heç bir tarixi mənbə iddia edə bilmir ki, İslam peyğəmbəri (s) xüsusən risalətdən öncə (risalətdən sonra da bu hal davam edib. Bunun əksi İslami mətnlərlə uyğun gəlmir) yazılı bir şeyi oxumuş ola, və ya nələri isə öz mübarək əli ilə yaza və ya bir müəllimdən (bir bəşərdən) bir kəlmə belə öyrənmiş ola. Ümumiyyətlə o zamanda yazma və oxuma bacaran çox az adam var idi. Onlar o qədər az idi ki, Məkkə əhli onların adlarını bir-bir saya, deyə bilirdi. Elə o səbəbdəndir ki, o dövrdə yazan və oxuyan şəxslərin adları tarixi mənbələrdə adları ilə birgə gəlib.Tarixi mənbələrə baxdıqda aydın olur ki, o zaman biri qadın olmaqla cəmi 17 nəfər yazıb oxumağı bacarırdı. Belə bir şəraitdə, peyğəmbərin (s) yazıb və oxuması bir dəfə də olsun görülsəydi bu hadisə mütləq tarixə həkk olunacaqdı. Məsələ o qədər geniş müzakirə olunub ki, hətta qeyri müsəlman alimləri də bu məsələyə rəy bildirmişlər. Deyilən sözlərin əsas mahiyyəti budur ki; “Peyğəmbər (s)  istər ümmi olsun istər olmasın. O, ən bəsirətli, ən kamil insan, rəhbər və müəllim idi.”
Yenidən  ümmi sözünün mənasına qayıdaq. Biz iddia etsək ki, ümmi ancaq kiçik uşağa nisbət verilir və desək ki, bir uşaq ki, anadan olduqdan sonra heç bir müəllim, heç bir məktəb üzü görməsə ona ümmi deyilir bu söz də hardasa səhv olardı. Çünki, ümmi sözü oxuma və yazma bilməyən böyük insanlara da aid oluna bilər.
Təfsir alimləri qeyd edir ki, ümmi sözü kinayədir və buna işarədir ki, peyğəmbər (s) heç bir zaman məktəbə, dərsə getməyib. Bununla belə ən ali savada malik idi.(Təsnim təfsiri)
Sözümüzün bu yerində bir ayəyə nəzər salaq.
Ənkəbut 48 - وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ
Sən bu Qurandan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda   batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər. (Ənkəbut 48)
Ayələrə diqqət etsək görərik ki, Quran buyurur: “Yazmırdın, oxumurdun.”  Nəinki yaza bilmirdin, və ya oxuya bilmirdin. Bu diqqət olunacaq məqamdır.  Başqa sözlə bu peyğəmbərin (s) yazma və oxuma bilməməsinə dəlil deyil, əksinə yazmaması və oxumamasına dəlildir.  Daha dəqiq ifadə etsək belə deyərik. İslam peyğəmbəri (s) yazmağı da oxumağı da çox gözəl bacarırdı amma bu işi özü etmirdi. Diqqət edin! Özü yazmırdı, özü oxumurdu. Hətta bu işi ən kamil şəkildə bacarsa belə. Görəsən Allah Rəsulu (s) niyə bu işi gördü? Bu işin bizə bəlli olmayan yönləri nə idi? Görəsən yazıb və oxumamaq onun uca məqamına xələl gətirirmi? Bu o həzrət üçün eyibdirmi? Peyğəmbər (s) yazsa və oxusaydı nə baş verəcəkdi?
Bütün bu suallara elə sözügedən ayədən cavab tapmaq olar. Ayənin ikinci hissəsinə diqqət edək; “Əgər belə olmasaydı, onda   batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.” (Ənkəbut 48)
Deməli, Allah Rəsulu (s) ilahi hikmət üzündən bu işi bilərəkdən tərk edir.  Onun peyğəmbərliyinə şəkk etməsinlər deyə, “Quranı özündən yazdı”, “bu onun öz sözüdür” və s kimi ifadələrlə ilahi vəhyi inkar edə bilməsinlər deyə Allah Rəsulu (s) bu işi görür.Ən üstün elmə sahib olsa da, elmi, elmi lədunniyə bağlansa da o, bircə dəfə də olsun yazmır, oxumur.
Gəlin bir məsələyə də diqqət edək; Bəzən bir işi həyata keçirtmək kamillik, üstünlük sayılır bəzən isə o işi tərk etmək daha fəzilətli olur. Məsələn: Ramazan ayında əgər bir müsəlman fiqh kitablarında qeyd edilən heç bir üzrə sahib deyilsə, onun oruc tutması vacibdir və bu onun üçün fəzilətdir. Amma digər biri üzrlü bir səbəb xəstəliyi və ya digər bir səbəbdən dolayı orucu tərk edirsə bu onun üçün fəzilətdir. Əgər biri səfərdə olduğu halda “Mən dözə bilərəm” deyib oruc tutursa nəinki savab qazanmır əksinə vəzifəsini tərk etmiş olur və tutduğu oruc da oruc olaraq qəbul olunmaz və gərək qəzasını yenidən tutsun. Çünki, bu şəxs öz vəzifəsinə əməl etmədi. Səfərdə orucu qadağan edən ilahi hikməti görmədi.  İslam peyğəmbəri (s) də o şəraitdə öz vəzifəsinə ən kamil şəkildə əməl edir. Yazmaq və oxumağı bacardığı halda bir dəfə də olsun yazmır və oxumur. Bəzi fürsətçilər Allah Rəsulunun ümmilik sifətindən sui-istifadə edib elmin şəhəri olan şəxsə “savadsız” sözünü nisbət verirlər. Amma unudurlar ki, savad və elmin mənbəyi alim olan Allahdır. Allah da bunu istədiyi bəndəsinə istədiyi yolla öyrədir, əta edir.
 Peyğəmbər (s) o elmin sahibi idi ki, Quran buyurur:
 1.And olsun batmaqda olan ulduza!
2 - Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır.
3 - O, öz istəyi ilə danışmır.
4 - Bu, ona təlqin edilən bir vəhydir.
5 - Bunu ona çox qüvvətli olan öyrətdi. (Nəcm sürəsi 1-5)
Hz Əli (ə) da Nəhcül-Bəlağədə bu məsələyə toxunaraq deyir: “Peyğəmbər (s) hələ uşaq ikən o mələk ən üstün əxlaqı ona öyrədirdi.” (Nəhcül-Bəlağə 19-cu xütbə)
Ənkəbut 48-də olan kitab sözünü bəziləri belə düşünə bilər ki, bu öncəki kitablar Tovrat və ya İncildir. Amma məqsəd onlar deyil. Kitab sözü yazılı olan bir şey. Quranda da bu söz dəfələrlə işlədilib. Bəzən məktub mənasında, (Nəml 30) bəzən iki nəfər arasında olan müqavilə (Nur 33), bəzən lövhi məhfuz barədə (Ənam 59) və bəzən də öncəki kitabların ardıcıllarına nisbət verilərkən əhləl-kitəb  formasında işlənib.  Yəni ey peyğəmbər (s)  sən yazılı olan heç bir şeyi oxumadın və yazı formasında heçnə yazmadın. Məktub, müqavilə və bu kimi... Bu ayədə kitabda məqsəd, öncəki kitablar olsaydı o kitabları oxumaq bəs edərdi. Lazım deyildi ki, mütləq o dildə də yazı yaza.
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولاً مِنْهُمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلاَلٍ مُبِينٍ
Cümə 2-ci ayə: “Ayələrini onlara oxumaq, onları pak etmək, onlara kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan  bir peyğəmbər (s) seçən Odur.Doğrudan da  onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.”
Bu ayədə ümmi sözü peyğəmbərə (s) yox, onun yaşadığı mühitə şamil olunur. Bu ayə barədə əksər müfəssirlərin sözü budur ki; "Ümmi o kəsdir yazmır və oxumur. Ayədə buyrulan “ümmilərin arasından” ifadəsində məqsəd, ərəb qövmüdür. Allah ərəblərin içərisindən seçdi peyğəmbəri (s)."
Həmçinin əhli sünnə müfəssirləri Fəxri Razi, Təbəri də eyni mənanı ehtiva edən sözləri qeyd edərək deyirlər ki, Cümə 2-ci ayədə ümmi sözündə məqsəd ərəb qövmüdür və onlar nə yazmağı və nə də oxumağı bacarmırdılar. (Fəxri Razi, Məfatihul-Ğeyb c 30, səh. 538)
Həmçinin Fəxri yazır ki, bu peyğəmbərin (s) möcüzələrindəndir ki, Quranın nazil olmasından öncə nə kitab oxumuşdu və nə də yazı  yazmışdır. Amma bununla belə Quran kimi bir kitabı gətirdi. (Fəxri Razi, Məfatihul-Ğeyb c 9, səh. 64)
Peyğəmbərə (s) ümmi deyilməsinin  səbəbi onun Məkkədən olması ilə bağlı olduğunu da deyənlər var.  Çünki, o zaman Məkkə əhlinə “ümmi” deyirdilər.  Və Allah Quranda Məkkəni “ummul-qura” adlandırır. (Ənam 92) Əlbəttə bu bir nəzərdir və bu nəzər Quranın digər ayələri ilə aradan gedir.
Ümmi sözü Quranda bəzən elə kimsələrə şamil olub ki, onlar heç Məkkəli də olmayıblar. Ali-İmran 20:
قُل لِّلَّذِينَ أُوْتُواْ الْكِتَابَ وَالأُمِّيِّينَ أَأَسْلَمْتُمْ
Səmavi kitab verilmiş kəslərə və ümmilərə (yəhudi və nəsranilərə)  de: İslamı qəbul etmisiniz?
Hətta bu ümmi kəliməsi o yəhudilər ki, savadsızdırlar və əllərində olan kitablardan  bixəbərdilər onlara da şamil olunub. (Bəqərə 78)
Bunu deməkdə məqsədimiz bir daha budur ki, o yəhudliər  Məkkədə yaşamırdılar Mədinə və ətrafında yaşayırdılar.Ona görə də “ummul-qura” sözünü ancaq Məkkəyə aid etmək Quran baxımından yanlışdır. Ummul-qura yəni bir kəndin, şəhərin məntəqənin mərkəzi. (Ənam 59)  Şəhərin anası, paytaxat, mərkəz, başkənd.  Bu bir sifətdir ki, Məkkə camaatı o zaman Məkkəyə ummul-qura adını vermişdilər. Orda yaşayanlara da ümmi deyirdilər. Amma bu prizmadan məsələyə yanaşıb demək olmaz ki, Quranda olan ümmi sözü ancaq Məkkədə yaşayanlara aiddir.
Bəziləri ki, iddia edir və deyir ki, ümmi o kəslərə deyilir ki, bir asimani kitabın ardıcılları deyillər. Hətta onlar savadlı olsalar belə. Amma bu fikir doğru deyil. Məkkə müşriklərinə ona görə ümmi deyilmir ki, onlar hansısa asimani kitabın ardıcılı deyil. Əksinə ona görə ümmi deyilirdi ki, onların əksəriyyəti yazıb və oxumaq bilmirdi, savadsız idilər. Bu nəzərin sahiblərinin fikrinə görə ümmi sözü Quranda bəzən cəm halda gəlib və bu Məkkə müşriklərinə aiddir. Onda sual veririk. Bəzən bu sözü tək gəlib və peyğəmbərə (s) aid olunub. Onda məna belə olur ki, peyğəmbər (s) heç bir asimani kitabın ardıcılı deyil?  Heç bir təfsir alimi bu iddianı etməyib.
Quranda cəm halda gələn ummiyyin sözü kitab əhli müqabilində Məkkə müşrikləri üçün istifadə olunub. Buna görə ki,  Məkkə müşriklərinin əksəriyyəti savadsız və cahil idilər və bu sözü məsihi və yəhudilər onları ələ salmaq və məsxərə etmək niyyəti ilə onlara nisbət vermişdilər.
Ümmilik mövzusu  barədə İslam peyğəmbərindən (s) bir hədis var. Buyurur: “Biz bir qövmük ki, nə yazmırıq və nə də oxumuruq.” (Biharul-Ənvar c 16, yeni çap, səh. 119)
Eyni məzmunlu hədis əhli sünnə təfsirlərində (Fəxri Razi) sözügedən ayənin izahında qeyd olunub.
Deməli, Allah Rəsulunun (s) ümmi olması barədə iki əsas nəzər vardı. 1. O Məkkəlidir  və Quran da Məkkəyə ummul-qura müraciət edib. Öyrəndik ki, bu nəzər Quranla uzlaşmır.
2. Peyğəmbərə (s) məhz buna görə ümmi deyildi ki, o ömrü boyu nə yazdı və nə də oxudu. Amma qeyd edək ki, bununla bağlı da fərqli fikirlər mövcuddur.
 İslam tarixində olan əhdnamələr, məktublar, sənəd işləri heç birini peyğəmbər (s) şəxsən özü yazmayıb. Hətta peyğəmbər (s) bir sətir belə Qurandan yazmayıb. Əgər peyğəmbər (s) bir sətir belə yazı yazmış olsaydı o, bizə miras qalsaydı müsəlmanlar onu təbərrük naminə müqəddəs əmanət kimi qoruyub saxlayardılar.
Hüdeybiyyə sülhü və tarixi hadisənin təhrifi.
Tarixə Hüdeybiyyə sülhü, Hüdeybiyyə əhdnaməsi kimi adlarla həkk olunan tarixi bir məsələyə də mövzumuzla əlaqəsi var deyə toxunuruq. Bildiyiniz kimi peyğəmbər (s) Mədinədən Məkkəyə tərəf əshabı ilə yola düşürlər. Məkkənin iki fərsəxliyində müşriklər onlara mane olur və Məkkəyə daxil olmalarına icazə vermirlər. Hər nə qədər müşavirə edilsə də müsbət nəticə əldə edilmir və bir əhdnamə yazırlar. Bu müqaviləni peyğəmbər (s) deyir, Hz Əli isə yazır. Allah Rəsulu (s) buyurur:   “Yaz  بسم الله الرحمن الرحیم .  (Bismilləhir-rahmənir-rəhim – Rəhman və rəhim olan Allahın adı ilə)  Qureyş nümayəndəsi etiraz edirək deyir: Bu söz sizin öz şüarınızdır. Yazın “bismikəllah.” (Allahın adı ilə)  Peyğəmbər (s) Hz Əliyə xitabən: Onların dediklərini yaz.
Peyğəmbər (s) sözünə davam edərək buyurur: Bu müqavilə Muhəmməd Rəsulullah ilə Qureyş arasında bağlanır. Qarşı tərəf yenə etiraz edərək deyir:  Əgər biz səni Allahın Rəsulu bilsəydik səninlə döyüşməzdik, elə yazma. Öz adını və atanın adını yaz. Peyğəmbər (s)  buyurdu:  Sizlər məni Rəsulullah  kimi bilsəz də, bilməsəz də mən Allahın Rəsuluyam.  Sonra buyurdu ya Əli (ə) belə yaz. Bu müqavilə Muhəmməd ibn Abdullah ilə Qureyş arasında bağlanır. Müqavilə bağlanır və müqavilənin şərtləri də müəyyənləşir.
İndi gəlin birgə bu tarixi hadisədə olan təhrifə baxaq. Deyirlər ki, Hz Əli (ə) Rəsulullah kəlməsini yazdıqdan sonra qureyş etiraz etdi. Peyğəmbər (s) Hz Əliyə (ə) Rəsulullah kəlməsini oradan silməsini buyuranda Hz Əli (ə) deyir ki, Ya Rəsulullah (s) mənə çox çətindir ki sənin adını oradan siləm. Peyğəmbər (s) buyurdu: O, hissəni mənə göstər. Hz Əli (ə) onu peyğəmbərə (s) göstərdi. O da öz əli ilə onu sildi. Hətta bəzi mənbələrə əsasən özü  yazdı.
Çoxumuz bu cür eşidib, oxumuşuq. İndi sual verirəm. Müqavilə yazılarkən ilk söz nə oldu?  Bismilləhir-rəhmənir-rəhim.  Amma etiraz etdilər ki, onu yazmayın və Hz Əli (ə) də onu yazmır. Allahın adı ilə sözünü müqaviləyə qeyd edir.  Sual: Allahın rəhim və rəhman adını  Hz Əli (ə) əgər yazmışdısa bəs onu silmək ona ağır gəlmədi?  Allahın adını rahat silir amma Rəsulullah kəlməsinə çatanda deyir ki mən silə bilmərəm. Niyə? Çünki, peyğəmbərin (s) adıdır o.  Allahın adını silmək olar amma peyğəmbərin (s) adını yox?!
Diqqət edin. Müqavilənin yazılma şəraiti belədir ki, peyğəmbər (s) deyir, bu deyiləni Hz Əli (ə) bərabər qureyş də eşidir. Və eşitdikləri fikirlərə də dərhal etiraz edirlər. Bir çox mənbələr o cümlədən Səhihi Buxari qeyd edir ki, müqaviləyə o sözlər hələ yazılmamışdı. (Səhihi Buxari c, 3. səh. 242 - Şurut fil-cihad vəl-məsaleh məəl-əhli hərb babı)
Başqa bir yöndən, axı hər iki məzhəbin kitabları iddialıdır ki, peyğəmbər (s) risalət zamanı yazıb və oxuyub hətta hər iki məzhəbin hədis kitablarında “peyğəmbər (s) oxuyurdu, lakin yazmırdı” ifadəsi də qeyd olunub. Axı bu tarixi hadisə bu hədislərlə uzlaşmır.
Peyğəmbər (s) o qədər oxumaqdan aciz idi ki, “Rəsulullah” kəlməsini oxuya bilmədi və Hz Əlidən (ə) kömək istədi?  O qədər bu işdən anlamadı? Hətta maraqlıdır ki, bu məsələ barədə sosial şəbəkələrdə bəhslər, məqalələr yazılır.  Bir dəstə adam deyir: “Hz Əli (ə) peyğəmbərin (s) sözündən çıxdı onu silmədi.”,  digər dəstə isə bu fikri müdafiə etmək qəsdi ilə deyir: “Yox Hz Əli (ə) ədəb göstərdi.”
Əgər müqavilə əvvəldən o qayda ilə yazılırdısa və (Bismilləhir-rahmənir-rəhim – Rəhman və rəhim olan Allahın adı ilə) yazılmışdısa onda  Hz Əli (ə) Allahın adına ədəb göstərmədi, lakin Rəsulullah kəlməsinə qarşı ədəb göstərdi?
Amma bunu da qeyd edək ki, Səhihi Buxaridə və Müslimdə bu sözün əksi də var. Yəni Hz Əli (ə) göstərdi və peyğəmbər (s) sildi. Hətta bəzi yerlərdə yazılır ki, peyğəmbər (s) öz əli ilə yazdı. Amma bunlar İslami mətnlərlə uyğun gəlmədiyi üçün  qəbul etmirik.  Çünki, bu rəvayətləri gətirənlər ardınca buyururlar ki, peyğəmbər (s) yaza bilmirdi amma orada möcüzə ilə yazdı.  Digər tərəfdən nə üçün müşriklər irad tutmadılar peyğəmbərə (s)? Nə üçün demədilər ki, bu peyğəmbər (s) ümmi ləqəbi ilə məşhurdur indiyəcən yazmırdı,  oxumurdu bəs indi nə oldu ?   Axı orada möcüzəni gərəkdirən heç bir hal yoxdur ki, möcüzə baş verə və bu kimi  digər sual və irad tutmaq olar ki, biz bununla kifayətlənirik.
Usdul-Ğabə kitabında qeyd olunub ki, hələ risalət zamanında belə peyğəmbər (s) nə yazırdı və nə də oxuyurdu.  (Usdul-Ğabə c 1, səh  216)
İbn Xəldun: “Peyğəmbər (s) ümmi idi. Ümmi olması onun üçün kamal-kamillik idi.Çünki o, öz elmini daha uca məqamdan almışdı.Amma bizim ümmi olmağımızı bizim üçün naqislikdir.  Və bu müqayisədə cəhalətə bərabərdir.” (İbn Xəldun – İbrahim Helminin çapı - səh. 494-495)
Bəziləri irad tuturlar ki, peyğəmbər (s) necə ümmi idi ki, Quran buyurur:
رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً
(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir.
Ayəni qısa izah edək. Səhifə yəni vərəq, kağız. O kağız və vərəqlər ki, Quran ayələri onun üzərinə yazılırdı. Növbəti ayədə bunu Quran özü qeyd edir. فِيهَا كُتُبٌ قَيِّمَةٌ
Yəni peyğəmbər (s) pak vərəqlərdə yazılanları Quran ayələrini tilavət edirdi.  Ayədə olan "yətlu" sözü tilavət mənasına tərcümə edilir. Heç bir yerdə yoxdur ki tilavət ancaq üzündən oxumaq olsun. Yəni tilavəti ancaq üzündən oxumağa aid etməzlər. Başqa sözlə hər oxunana tilavət və ya qiraət deməzlər. Quranı oxumaq həm tilavətdir həm qiraət. İstər biri o Quranı əzbər oxusun istərsə də üzündən.  Bir fərqlə ki, tilavət  Quran kimi müqəddəs mətnlərə aiddir. Qiraət isə ümumidir. Hər növ yazını əhatə edir. Tilavət sözü adətən müqəddəs yazılara aid edilsə də, o hər iki oxuyuş tərzini əhatə edir. İstər üzündən istərsə də əzbərdən.
Digər tərəfdən nə ehtiyac var idi ki, peyğəmbər (s) Quranı üzündən oxusun ? Quran, onun mübarək qəlbinə nazil olmuşdu. Peyğəmbərin (s) ətrafında yüzlərlə Quran əzbərləyən var idi. Peyğəmbər (s) qəlbinə nazil olan Quranı əzbər bilmirdi? Allah özü ona əzbərlədib bu Quranı. (Əla sürəsi 6)
Bu ayələrdən istifadə edib deyə bilərik ki, Quranda heç bir yerdə yoxdur ki, peyğəmbər (s) yazıb ya oxuyub.  Peyğəmbərə (s) cadukər, sehrbaz və bu kimi adlar nisbət verdilər amma heç kim iddia edə bilmədi ki, o Quranı özündən yazıb ya onun öz sözüdür. Əgər bir dəfə də olsun bunu kimsə müşahidə etsəydi mütləq bunu peyğəmbərə irad olaraq tutardılar.Çünki onlar adi bir bəhanə üçün gəzirdilər ki, bunu peyğəmbərə (s) nisbət versinlər.
Tarixə nəzər saldıqda  "katiblik" və "mirzəlik" kimi eyni mənaya gələn bir sənəti də müşahidə edirik.  Saraylarda padşahlar adətən hər hansı bir məktubu və ya yazını özləri deyil, yanlarında olan ən mötəbər şəxslərə yazdırarlar. İslam tarixində və eləcə də ondan öncəki zamanlarda "katiblik" və "mirzəlik" cəmiyyətdə bir peşə halına gəlmişdi.  Peyğəmbərin (s) özünün də katibləri olmuşdur ki, məktub, əhdnamə və xüsusən Quranın yazılmasında onların yazı yazma elmindən istifadə edilmişdir. Məsələyə bu yöndən də yanaşdıqda Allah Rəsulunun niyə məktub və əhdnamələri özünün yazmadığını anlamaq olur.

 Allah Rəsulunun (s) son günlərində vəsiyyətnamə yazmaq istəməsi hadisəsini necə anlayaq?
Əvvəla qeyd edək ki, bütün tarixi mənbələrin yazdığına görə, o vəsiyyətnamə yazılmadı, yaxud yazılmasına mane olundu. Digər tərəfdən kim iddia edə bilər ki, əgər vəsiyyətnamə yazılsaydı, peyğəmbəri-əkrəm şəxsən onu özü yazardı? Bu hadisə baş verməyəcəkdi. Çünki, o həzrət bir ömür yazıb v oxumağa bələd olan ən kamil şəxs olduğu halda msələhət üzündən bunu etmədisə, son anda bunu edərək bəzilərinin İslamı, onun risalətini və Quranı sual altna aparardımı? Əsla.
Allah Rəsulunun (s) "sizə elə bir şey yazım ki" sözü birbaşa onun nəyisə öz əli ilə yazmasına dəlil ola bilməz. Allah Rəsulu (s) o vəsiyyətnaməni həmişə olduğu kimi katiblərindən birinə, onu spyləmmək surəti ilə yazdıracaqdı. Deməli bu məsələdə də şübhə edəcək bir durum yoxdur. 

Peyğəmbər (s) oxumaq və yazmağı bacardığı halda niyə Hz Cəbrailə (ə) "mən oxuya bilmirəm" deyir?
Vəhyin mənəvi məsuliyyəti və ağırılığını nəzərə alsaq bu sualı anlamaqda bizə az da olsa yardımı toxunar. Vəhy nazil olarkən Allah Rəsulunun (s) yaşadığı halətləri mütaliə edəndə görürük ki, ilahi vəhyin özünün bir mənəvi məsuliyyəti vardır. İnsan yeni aləmlə, yaxud bir yeni bir məkanla, yaxud tanımadığı şəxslə ilkin tanışlığı zamanı bu bir qədər zaman aparır. İnsanın qəbir evinə qoyulduqdan sonra onu tez tərk etməmək adətinin də kökündə elə səbəb dayanır. Çünki, o artıq yeni aləm, yeni bir məkan və ilk dəfə görəcək varlıqlarla tanış olacaqdır. Ölüyə olunan təlqində "Qorxma" ibarəsinin də olması sözümüzü aydınlaşdırır. Bu deyəcəyimiz sözlərə bir müqəddimədir. Keçək əsas cavaba.
Allah Rəsulu (s) ilk dəfə vəhy alır və yeni bir aləmlə və Hz Cəbrayıl kimi əzəmətli bir mələklə tanışlığı başlayır. Belə bir anda o həzrətin o ifadəni işlətməsi normaldır. Bu hadisə iki dəfə vaş verdikdən sonra Hz Cəbrayılıln onu qucaqlayaraq sıxması, yəni o həzərətin həyəcan dolu ürəyinə aramlıq bəxş etməsindən sonra Allah Rəsulu (s) gələn vəhyi qəbul etməyə maddi və mənəvi tam hazır olur. Hətta, evinə qayıdan Allah Rəsulu bəzi halətlər yaşayır ki, onu tarixi mənbələrdən özünüz də mütaliə edə bilərsiniz. Elə hadisədən sonra Müddəssir sürəsinin ilkin ayələri ona nazil olur və "Ey örtüsünə bürünmüş qalx" deyə müraciət olunur.

Maraqlıdır, necə olur ki, biz peyğəmbərə (s) ən kamil əql sahibi mənasına  “əqle-kull” deyirik və həm də onun yazma və oxuma bacarığı olmaması iddiasındayıq?  Necə olur ki, peyğəmbəri öz hədisinə əsasən, “elmin şəhəri” bilirik, lakin ona elə bir şeyi nisbət veririk ki... “savadsız”, “oxumağı və yazmağı bacarmayan” və s.
Bütün bunlardan sonra kimsə desə ki, peyğəmbər (s) ümmi olub, o mənada ki, yazmaq və oxumağı bacarmayıb onda gərək öz tarix, təfsir və hədis kitablarına göz gəzdirsinlər. Hər iki məzhəbin mənbələrində aydın şəkildə qeyd olunub ki, peyğəmbər yazmağı da oxumağı da bacarırdı. Sizə həmin mənbələri təqdim edirik;
Əhli sünnə mənbələri:  Təfsiri-Qurtubi c 13, səh. 352, Sünən ibn Macə  c 2, səh. 812, Təfsiri Qurtubi c 3, səh 240, Əssirətul-Hələbi c 2, səh. 135, Əd-Durrul-Mənsur – Cəlaləddin Suyuti – c 4, səh 153.
Şiə mənbələri: Biharul-Ənvar Yeni çap, c 16, səh.133, həmçinin səhifə 135; Məcməul-Bəyan-Ənkəbut 48 təfsirində;  Məcmuə Asar c 3, səh. 219;  Burhan təfsiri – Cümə sürəsi 2 təfsirində; Bəsairud-Dərəcat  səh. 63 və s.

Nəticə:
1.Peyğəmbər (s) ümmi idi, bu anlamda ki, o həzrət (s) heç vaxt bəşər elmindən istifadə etməyib. Belə ki hər hansı bir məktəbə getməyib və heç bir müəllim yanında dərs oxumayıb.
2.Peyğəmbər (s) yazmağı və oxumağı ən kamil şəkildə bacarsa belə öz olduğu mühitə uyğun olaraq öz vəzifəsinə ən kamil şəkildə əməl edir. Belə ki, bircə dəfə olsun belə yazmır və oxumur. O həzrəti bu halda heç kəs müşahidə etmədi.

3. Peyğəmbər (s) məktub, əhdnamə və digər işlərdə katiblərdən isitifadə edirdi. (katiblik, mirzəlik)
Mahir Şəkərov – İlahiyyatçı yazar.
13707693_1742065419343904_4121149105070339579_n

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)