Peyğəmbərlər (ə) səhv edibmi?
“Quran müqəddəs deyil, adi kağız parçasıdır” iddiasını irəli sürənlər həm də iddia edirlər ki, Allahın insanlara göndərdiyi peyğəmbərlər (ə) də günah əhlidirlər, günahkardırlar. Əlbəttə bu iddiada yanlış və müqəddəs kitabımız olan Qurana ziddir. Çünki, Quran bütün peyğəmbərləri günah və xətadan pak bilir.
Bu cür səhv düşüncə və təfəkkür ona görə
bəzilərini əsir alıb ki, onlar təəssüf ki, hələ də peyğəmbərləri tanımayıblar.
Hər bir peyğəmbərdə olması vacib olan, sifətlər vardır ki, onları aşağıdakı
kimi sıralaya bilərik;
1. Sidq – Doğruluq. Bütün peyğəmbərlər doğru
danışan olublar. Peyğəmbərlər heç bir halda, hətta zarafat halında da yalan
danışmayıblar. Allah Rəsulunun (s) bu mənaya gələn bir hədisi vardır. O həzrət
buyurur: “Mən zarafat edirəm, amma haqq sözdən başqa söz demirəm” (Tirmizi,
Birr – 57).
2. Əmanət – Bütün peyğəmbərlər
əmanətdardırlar. Heç bir halda, hətta düşmənlərinə də xəyanət etməzlər.
3. Fətanət – Bütün peyğəmbərlər ağıl və
idrakda ən kamil olanlardır. Bunun əksi axmaqlıqdır ki, bütün peyğəmbərlər bu
sifətdən çox-çox uzaqdırlar.
4. Təbliğ – Bütün peyğəmbərlər Allahın onlara
nazil etdiklərini ən kamil şəkildə təbliğ edib, insanlara catdırmışlar. Hətta
bu yolda, işgəncələrə məruz qalıb, Allah yolunda şəhid olsalar belə.
5. İsmət- İsmət yəni – peyğəmbərin məsumluğu,
onun günahdan pak olması, günah və xətalardan uzaq olması. Bütün peyğəmbərlər
günahdan və xətalardan uzaqdırlar.
Bütün peyğəmbərlərdə İsmət sifəti olduğu
halda, hələ də kimsə peyğəmbərlərə günah nisbət verirsə, onda o, ya bu İsmət
sifətini dərk edib qavramır, ya da ki, məsələni bilərəkdən təhrif edir.
Biz keçən mövzumuzda qeyd etdik ki;
1. Allah müqəddəsdir. (Həşr 23, Cümə 1)
2. Mələklər Allahı müqəddəs hesab edir.
(Bəqərə 30)
3. Hz Cəbrayılın (ə) müqəddəs adlandırılması
– (Bəqərə 87, 253, Maidə 110, Nəhl 102)
4.Məkanın müqəddəs adlandırılması. (Taha 12,
Naziat 16)
5.Torpağın, ərazinin müqəddəs adlandırılması
(Maidə 21)
Bütün bunlardan məlum olur ki, vəhyin nazil
olduğu ərazi və yerlər ilahi vəhyə xatir müqəddəs olur. Maraqlıdır bəs necə ola
bilə bilər ki, o vəhyin nazil olduğu qəlb, vücud müqəddəs – yəni pak (bütün
xəta və günahlardan) mübarək, bərəkətli olmaya? Allah günaha aludə olmuş bir
vücuda öz pak ayələrini nazil edərmi? Əsla!
Bu cür, çox sadə üsulla da anlamaq olur ki, peyğəmbərlər
günah və xətalardan uzaqdırlar.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder